Uorvik (Nyu-York) Baş idarə
Ötən ilin mühüm hadisələri
YAŞADIĞIMIZ zəmanədə Şeytan dünyasının başına ard-arda fəlakətlər gəlir. Buna baxmayaraq, Yehovanın xidmətçiləri «Rəbbin işində» çalışmağa davam edirlər (1 Kor. 15:58). Builki hesabat bütün dünyadakı Yehovanın Şahidlərinin Allaha necə güvəndiklərini, yaxşılıq etdiklərini və sədaqətlə addımladıqlarını göstərir (Zəb. 37:3).
Baş idarənin və filialın yeri dəyişir
2016-cı il fevralın 1-i Uolkilldə (Nyu-York) filial binalarının genişləndirilməsi ilə əlaqədar gedən tikinti işləri yekunlaşdı. Beləcə, ABŞ-ın filial komitəsinin, xidmət şöbəsinin və ABŞ-ın digər şöbələrinin bura köçürülməsi mümkün oldu. Uorvikdəki yeni baş idarənin işləri də artıq yekunlaşmaq üzrədir. Bruklindəki Beytel ailəsi şəhərdən kənara — Nyu-Yorkdan Uorvikə köçmək kimi çətin bir işi görməyə başlayıb.
2017-ci il aprelin 3-ü Uorvikdəki baş idarə ziyarət üçün açıq elan ediləcək. Qonaqlar üç sərgini ziyarət edə biləcək və onlara bələdçinin müşayiətilə ekskursiya keçiriləcək.
«Müqəddəs Kitab və Allahın adı» sərgisi nadir Müqəddəs Kitab nüsxələrini və Allahın adının Müqəddəs Kitaba əsaslandığını nümayiş etdirir.
«Yehovanın adını daşıyan xalq» sərgisi Yehovanın Şahidlərinin tarixini əks etdirir. Sərgidə Yehovanın Öz xidmətçilərinə illər ərzində necə rəhbərlik və təlim verdiyi, həmçinin onları bir xalq kimi necə təşkil etdiyi nümayiş olunur.
«Baş idarə. Əməldə görünən iman» sərgisində Allahın xalqının birgə toplaşması, şagird hazırlaması, ilahi bilikləri başa düşməsi və qardaşlıq məhəbbəti təzahür etdirməsi üçün Rəhbərlik Şurasının komitələrinin gördüyü işlər nümayiş olunur.
Bu sərgilər həftə içi 5 gün, bazar ertəsindən cümə gününə qədər saat 08:00-dan 16:00-dək açıq olacaq. Ziyarətçilər həmçinin bələdçinin müşayiətilə 20 dəqiqəlik ekskursiya keçə biləcək. Ekskursiya zamanı ofislər və xidmət binasının bəzi şöbələri və Beytel ərazisi haqda danışılacaq. Bələdçinin müşayiətilə keçirilən ekskursiya həftə içi 5 gün, bazar ertəsindən cümə gününə qədər saat 08:00-dan 11:00-dək və 13:00-dan 16:00-dək olacaq.
Gəlməzdən öncə, zəhmət olmasa, jw.org saytındakı HAQQIMIZDA > FİLİALLAR VƏ EKSKURSİYA > Birləşmiş Ştatlar bölməsinə daxil olun.