Müqəddəs Kitabda nüvə müharibəsi haqda nə deyilir?
Dünyada nüvə müharibəsi təhlükəsi getdikcə artır, çünki dünya qüdrətləri öz nüvə silahı ehtiyatlarını artırmağa davam edir. İnsanlar başa düşürlər ki, nüvə silahlarının sayının çoxalması nüvə müharibəsinin başlaması ehtimalını artırır və bu onları narahat edir. Həmçinin belə bir təhlükə var ki, əgər hər hansı ölkə bir ədəd kiçikmiqyaslı nüvə silahını işə salsa, bu, dünyanı viran qoyacaq genişmiqyaslı nüvə müharibəsinin başlamasına səbəb olacaq. Bir nəşrdə deyildiyi kimi biz «daima nüvə müharibəsi təhlükəsi ilə üz-üzəyik» («Bulletin of the Atomic Scientists»).
Nüvə müharibəsi başlaya bilər? Əgər başlayarsa, Yer planeti məhv olacaq? Nüvə müharibəsinin başlaması ehtimalının yaratdığı narahatlıqla necə mübarizə apara bilərik? Müqəddəs Kitabda bunlar barədə nə deyilir?
Bu məqalədə
Nüvə müharibəsi təhlükəsinin yaratdığı narahatlığın öhdəsindən necə gələ bilərik?
Müqəddəs Kitabda Armageddonun nüvə müharibəsi olacağı yazılıb?
Müqəddəs Kitabın «Vəhy» bölməsində nüvə müharibəsi barədə nə isə yazılıb?
Müqəddəs Kitabda nüvə müharibəsinin olacağı barədə yazılıb?
Müqəddəs Kitabda nüvə müharibəsinin olacağı barədə konkret heç nə yazılmayıb. Bununla belə, orada nüvə müharibəsi təhlükəsinə səbəb ola biləcək əlamətlər yazılıb.
Gəlin aşağıdakı ayələri dünyada baş verən hadisələrlə tutuşduraq:
Müqəddəs Kitab ayələri. İsanın şagirdləri soruşmuşdular: «Sənin hüzuruna və o dövrün yekununa əlamət nə olacaq?» İsa cavabında demişdi: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq» (Mətta 24:3, 7).
Dünyada baş verən hadisələr. Ölkələr, xüsusilə də, nüvə silahı və ya nüvə ehtiyatları olanlar tez-tez silahlı münaqişələrə qoşulurlar.
«Son illərdə dünyada zorakılığın sayı daha da artır, daha çox müharibələr baş verir» («The Armed Conflict Location & Event Data Project»).
Müqəddəs Kitab ayəsi: «Axırzamanda cənub padşahı [şimal padşahı ilə] çəkişəcək» (Dənyal 11:40).
Dünyada baş verən hadisələr. Müqəddəs Kitabda əvvəlcədən yazıldığı kimi rəqib xalqlar və onların müttəfiqləri hakimiyyət uğrunda mübarizə aparırlar. Bu gün çoxlu miqdarda nüvə silahına sahib olan dövlətlər birbaşa münaqişələrə girməsələr də, nüvə silahı ehtiyatlarını artırmağa davam edirlər.
«Son illərdə dövlətlər arasındakı münaqişələrin sayı artıb. Güclü dövlətlər tez-tez münaqişə aparan bu və ya digər ölkənin tərəfini tuturlar» («The Uppsala Conflict Data Program»).
Müqəddəs Kitab ayələri: «Bunu bil ki, axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar... barışmaz, böhtançı, özünə hakim olmayan, zalım... olacaqlar» (2 Timutiyə 3:1—4).
Dünyada baş verən hadisələr. Bir çox insanlar kimi dünya liderləri də öz aralarında razılığa gələ bilmirlər. Aralarındakı narazılıqları sülh yolu ilə həll etmək əvəzinə, bir-birilərini təhdid etməklə, zor tətbiq etməklə həll etməyə çalışırlar. Bu cür yanaşma nüvə müharibəsi təhlükəsini artırır.
«İnsanlar yaxşı əməkdaşlıq etməyin üsullarını tapmağa çalışmasalar, dağıdıcı müharibələrin sayı çoxalacaq» (S. Saran və C. Harman, «World Economic Forum»).
Allah nüvə müharibəsinin başlamasına yol verəcək?
Müqəddəs Kitabda bu barədə heç nə yazılmayıb. Amma orada yazılıb ki, bizim günlərdə insanlar «dəhşətli mənzərələrin» və ya hadisələrin şahidi olacaqlar (Luka 21:11). Bu cür dəhşətli hadisələrdən biri İkinci Dünya müharibəsi zamanı atılmış atom bombalarıdır. Müqəddəs Kitabda Allahın müharibələrə nəyə görə yol verdiyi izah olunur. Bu haqda daha çox öyrənmək üçün «Nə üçün Allah zülmə son qoymur?» adlı videoya baxın.
Yer planeti məhv olacaq?
Xeyr. Hətta insanlar yenidən atom bombaları atsalar belə, Allah yol verməyəcək ki, planetimiz məhv olsun. Müqəddəs Kitabda deyilir ki, planetimiz heç vaxt məhv olmayacaq və insanlar yer üzündə əbədi yaşayacaqlar.
Bəzi insanlar düşünür ki, gələcəkdə nüvə müharibəsi ucbatından çirklənmiş yer üzündə çox az sayda insan yaşayacaq. Amma Müqəddəs Kitabda deyilir ki, müharibələr nəticəsində Yer planetinə dəyən ziyan tamamilə aradan qaldırılacaq.
Allah istəyir ki, biz gözəl yer üzündə xoşbəxt yaşayaq
Yaradanımız planetimizi özünübərpa bacarığı ilə yaradıb. Həmçinin bilirik ki, Allah Öz gücü sayəsində Yer kürəsini bərpa edəcək və insanların əbədi yaşayacağı gözəl evə çevirəcək (Zəbur 37:11, 29; Vəhy 21:5).
Nüvə müharibəsi təhlükəsinin yaratdığı narahatlığın öhdəsindən necə gələ bilərik?
Bəziləri nüvə müharibəsi və onun gətirəcəyi nəticələrə görə güclü narahatlıq keçirirlər. Müqəddəs Kitabdakı vədlər və məsləhətlər bu cür insanlara narahatlığın öhdəsindən gəlməyə və qorxularını azaltmağa kömək edə bilər. Necə?
Müqəddəs Kitabda yer planeti və onun üzərində əbədi yaşayacaq insanlarla bağlı gözəl ümid var. Bu ümid «bizim üçün sarsılmaz gəmi lövbəri kimidir» və narahatlığımızı azaltmağa kömək edir (İbranilərə 6:19). Bugünkü günlə yaşasaq və gələcəkdə baş verəcəklər haqqında çox düşünməsək, narahatlığımızı azalda bilərik. İsa demişdi: «Hər günün dərdi özünə bəsdir» (Mətta 6:34).
Əslində, hər birimiz əqli və emosional sağlamlığımızın qayğısına qalmalıyıq. Bunun yollarından biri nüvə istehsalının inkişafı haqqında xəbərləri oxumamaq, eləcə də bu cür xəbərlərə qulaq asmamaq və baxmamaqdır. Bu o demək deyil ki, biz reallıqdan qaçırıq. Əksinə, bizdən asılı olmayan və heç vaxt baş verməyəcək hadisələrə görə narahat olmamaq üçün əlimizdən gələni edirik.
Özünə pis xəbərlərdən fasilə ver və diqqətini həyatdakı müsbət şeylərə cəmlə.
Müqəddəs Kitabda yazılanlar gözəl gələcəyə dair ümid verir
Allahın vədləri haqqında daha çox öyrənsəniz, həyatınız ümid, sevinc və sülhlə dolacaq.
Müqəddəs Kitabda Armageddonun nüvə müharibəsi olacağı yazılıb?
Bəziləri düşünür ki, Armageddon ümumdünya nüvə müharibəsidir. Şübhəsiz, onlar bu müharibənin dəhşətli dərəcədə dağıdıcı olacağını təsəvvür edirlər.
Amma Müqəddəs Kitabda Armageddon deyiləndə «yer üzünün [padşahları]», yəni insan hökumətləri ilə Allah arasında olacaq müharibə nəzərdə tutulura (Vəhy 16:14, 16). Nüvə bombası atılanda təsadüfi ölənlər və dağıntılar olur. Amma Armageddon müharibəsində belə olmayacaq. Əksinə, Armageddonda Allah yalnız pis insanları məhv edəcək, əsl sülh və təhlükəsizlik yaradacaq (Zəbur 37:9, 10; Əşiya 32:17, 18; Mətta 6:10).
Müqəddəs Kitabda müharibələrin həlli barədə nə yazılıb?
Yehovab öz gücünü göstərərək müharibə edən xalqların münaqişəsinə son qoyacaq və onların silahlarını məhv edəcək. O bunu yer üzünü idarə edəcək Padşahlığı, səmavi hökuməti vasitəsilə edəcək (Dənyal 2:44).
Allahın Padşahlığı insanlara sülh və birlik içində yaşamağı öyrədəcək. Bütün yer üzünü bir hökumət idarə edəcək, ona görə də dövlətlərarası münaqişələr olmayacaq. İnsanlar artıq müharibə etməyi öyrənməyəcəklər! (Mikə 4:1—3). Bəs nəticədə nə olacaq? «Hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq, Onları qorxudan olmayacaq» (Mikə 4:4).
a «Armageddon müharibəsi nədir?» adlı məqaləni oxuyun
b «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.