Böyük Babil nədir?
Müqəddəs Yazıların cavabı
«Vəhy» kitabında «böyük fahişə» olan «bir qadın» təsvir olunur. «Qadının alnına sirli bir ad [yazılıb]: “Böyük Babil”» (Vəhy 17:1, 3, 5). Bu qadın «Allahın həqiqətlərini yalana» dəyişmiş bütün yalan dinləri təmsil edira (Romalılara 1:25). Həmin dinlər bir-birindən fərqlənsə də, onların hamısı insanları həqiqi Allah Yehovadan uzaqlaşdırır (Qanunun təkrarı 4:35).
Böyük Babili necə müəyyən etmək olar?
Böyük Babil rəmzi məna daşıyır. «Vəhy» kitabı rəmzlərlə yazıldığı üçün Böyük Babilin də rəmzi məna daşıması qənaətinə gəlmək düzgündür (Vəhy 1:1). Həmin qadın «ümmətləri, kütlələri, xalqları və dilləri» təmsil edən «çoxlu sular üzərində» oturub (Vəhy 17:1, 15). Qadın bunu hərfi mənada edə bilməz.
Böyük Babil beynəlxalq səviyyədə fəaliyyət göstərir. Böyük Babil «yerin padşahları üzərində hökmranlıq edən böyük şəhər» adlanır (Vəhy 17:18). Buna görə də onun təsiri bütün dünyaya yayılıb.
Böyük Babil siyasəti və ya ticarəti yox, məhz dini təmsil edir. Qədim Babil ovsun və cadugərliyin geniş yayıldığı dini şəhər idi (Əşiya 47:1, 12, 13; Ərəmya 50:1, 2, 38). Şəhər əhalisi Yehovaya qarşı çıxaraq yalan dinə ibadət edirdi (Yaradılış 10:8, 9; 11:2—4, 8). Babilin rəhbərləri özlərini Yehova Allahdan uca tuturdular (Əşiya 14:4, 13, 14; Dənyal 5:2—4, 23). Böyük Babil də öz cindarlığı ilə tanınır. Bu da onun dini təmsil etdiyini sübut edir (Vəhy 18:23).
Böyük Babil siyasəti təmsil edə bilməz, çünki o məhv olunanda «dünya padşahları» ona görə ağlayırlar (Vəhy 17:1, 2; 18:9). Böyük Babil ticarəti də təmsil edə bilməz, çünki Allahın Kəlamı onu dünyanın tacirlərindən fərqləndirir (Vəhy 18:11, 15).
Photograph taken by courtesy of the British Museum
Babil padşahı Nabonidin məzar abidəsi. Abidənin üzərində Sin, İştar və Şamaş adlı üç allahın rəmzləri var
Böyük Babil adı yalan dinə tam uyğun gəlir. Həqiqi Allaha yaxınlaşmağa kömək etmək əvəzinə, yalan din insanları başqa allahlara ibadətə sürükləyir. Müqəddəs Kitab isə bunu dini zina adlandırır (Lavililər 20:6; Çıxış 34:15, 16). Yalan dinlərin çoxu kökü qədim Babil şəhəri olan üç üqnum və ölməz ruh kimi təlimləri, eləcə də ibadətdə surətlərdən istifadəni təlqin etməyə davam edir. Bu dinlər dünya ilə dostluğu ibadətləri ilə birləşdirir. Allahın Kəlamında onlar sədaqətsizliklərinə görə ruhani zinakarlar adlandırılır (Yaqub 4:4).
Yalan dinlərin öz var-dövlətini nümayiş etdirməsi Böyük Babilin Müqəddəs Kitabdakı təsviri ilə üst-üstə düşür. Orada deyilir ki, Böyük Babil «bənövşəyi və al-qırmızı libasa bürünmüş, qızıl, daş-qaş və mirvari ilə bəzənmişdi» (Vəhy 17:4). Böyük Babil «dünyadakı murdarlığın», başqa sözlə desək, Allahın adına ləkə gətirən təlimlərin və əməllərin mənbəyidir (Vəhy 17:5). Yalan dinin üzvləri Böyük Babili dəstəkləyən ümmətlər, kütlələr, xalqlar və dillərdir (Vəhy 17:15).
«Yer üzündə qətlə yetirilmişlərin hamısının» ölümünün səbəbkarı Böyük Babildir (Vəhy 18:24). Tarix boyu yalan din həm müharibələrin və terrorizmin arxasında durub, həm də məhəbbət Allahı Yehova haqda həqiqəti insanlardan gizlədib (1 Yəhya 4:8). Bu da, öz növbəsində, çoxlu qanın tökülməsinə gətirib çıxarıb.
Allah Böyük Babil haqqında nə düşünür?
Allahın gözündə Böyük Babilin «günahları qalaqlanıb göyə çatıb» (Vəhy 18:4, 5). Allah yalan dinə qəzəblidir, çünki o, Allah haqda həqiqətləri təhrif edir və öz davamçıları ilə pis rəftar edir.
Böyük Babilin aqibəti necə olacaq?
Müqəddəs Kitabda deyilir ki, Allah Böyük Babilə hökm kəsib (Vəhy 18:20). Orada simvolik dillə Allahın bütün yalan dinləri məhv edəcəyi qeyd olunub (Vəhy 18:8). Allah böyük siyasi qüvvələri təmsil edən al-qırmızı rəngli vəhşi heyvanı yalan dinə qarşı qaldıracaq və onu tamamilə məhv edəcək (Vəhy 17:16, 17). «Böyük şəhər Babil... sürətlə yıxılacaq və daha heç vaxt tapılmayacaq» (Vəhy 18:21). Bu səbəbdən Allahı razı salmaq istəyənlər yalan dindən çıxmalı və onunla bütün əlaqələrini kəsməlidirlər (2 Korinflilərə 6:14—17).
a «Həqiqi dini necə tapa bilərəm?» adlı məqaləni oxuyun.