Haşiyə
a Qarınqululuq insanın düşüncə tərzi ilə bağlıdır və beləsi tamahkardır və ya həddini bilmir. Bu, insanın bədən ölçüləri ilə yox, onun yeməyə münasibəti ilə müəyyən edilir. Ola bilsin, insan çəkidə normal və hətta arıqdır, lakin qarınqulu ola bilər. Başqa tərəfdən, artıq çəki xəstəlik və ya irsi amillərin nəticəsində yarana bilər. İnsanın qarınqulu olduğunun əsas göstəricisi, çəkisindən asılı olmayaraq, onun yeməyə qarşı acgöz, tamahkar münasibətidir. («Gözətçi Qülləsi»nin 2004-cü ilin 1 noyabr sayındakı «Oxucuların sualları»na baxın, rus.)
Narahatçılığın sizi boğmasına yol verməyin
15. İnsanlar nəyə meyllidirlər və İsa hansı məsləhəti verdi?
15 Dünyanın ruhuna müqavimət göstərməkdə digər vacib üsul narahatçılıqları dəf etməkdir. İsa bilirdi ki, qeyri-kamil insanlar olan bizlər gündəlik tələbatlara görə narahat olmağa meylliyik. O, şagirdlərinə məsləhət verdi: «Qayğı çəkməyin» (Mat. 6:25, İ–93). Aydındır ki, biz Allahı razı salmaq, məsihçi məsuliyyətlərini yerinə yetirmək və ailə tələbatlarını ödəmək kimi zəruri şeylərə görə narahat oluruq (1 Kor. 7:32-34). Belə isə İsanın xəbərdarlığından nə öyrənə bilərik?
16. Dünyanın ruhu bir çox insanlara necə təsir göstərir?
16 Bir çox insanlar var-dövlətlə öyünməkdə özünü büruzə verən dünyanın ruhuna yoluxduqlarına görə həddindən artıq narahatçılığa qapılırlar. Onlar istəyirlər ki, biz pulun təhlükəsizliyi təmin etdiyinə və insanın dəyərinin ruhani keyfiyyətlərlə yox, əmlakının kəmiyyəti və keyfiyyəti ilə ölçüldüyünə inanaq. Bu təbliğata uyanlar var-dövlət qazanmağın quluna çevrilirlər və ən təzə, ən böyük və ən qabaqcıl malları almaq istəyi daima onları narahat edir (Sül. məs. 18:11). Maddi əşyalara dair təhrif olunmuş belə nöqteyi-nəzər insanda narahatçılıq doğurur ki, bu da onun ruhani inkişafına mane olur. (Matta 13:18, 22 ayələrini oxu.)
17. Nə edə bilərik ki, narahatçılıqlar bizi boğmasın?
17 İsanın «əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın» göstərişinə əməl etsək, narahatçılıqlardan azad ola bilərik. İsa əmin etdi ki, onun dediyi kimi davransaq, doğrudan da ehtiyac duyduğumuz şeylər bizə əlavə olaraq veriləcəkdir (Mat. 6:33). Bu vədə inandığımızı necə göstərə bilərik? Bunun bir yolu, maliyyə məsələlərində Allahın normalarına riayət edərək əvvəlcə Allahın salehliyini axtarmaqdır. Məsələn, vergi bəyannaməsini saxtalaşdırmayacağıq və ya işlərimizdə hətta «kiçik» yalan söyləməyəcəyik. Əlimizdən gələni edəcəyik ki, maliyyə öhdəliklərimizi yerinə yetirək, yəni borclarımızı qaytarmaq məsələsinə gəldikdə, ‘bəlimiz, bəli olacaq’ (Mat. 5:37; Məz. 37:21). Belə düz davranış insanı varlı etmir, lakin belə insan Allah tərəfindən bəyənilir, vicdanı təmiz olur və narahatçılıqları xeyli azalır.
18. İsa bizim üçün hansı gözəl nümunəni qoyub və onu təqlid etmək bizə hansı faydanı gətirir?
18 Əvvəlcə Padşahlığı axtarmaq həyatımızda ən vacib şeyin nə olduğunu dərk etmək deməkdir. İsanın nümunəsinə baxaq. Onun paltarı arasında yüksəkkeyfiyyətlisi də vardı (Yəh. 19:23). Yaxşı dostların əhatəsində yeməkdən və şərabdan həzz alırdı (Mat. 11:18, 19). Lakin əşyalar və əyləncə onun həyatında xörəyin özü yox, ona qatılan ədviyyat kimi idi. İsanın yeməyi Yehovanın iradəsini yerinə yetirməkdən ibarət idi (Yəh. 4:34-36). İsanın nümunəsini təqlid edəndə həyatımız necə də məmnunedici olur! Məyusluğa qapılan insanlara Müqəddəs Yazılardan təsəlli verməkdən sevinc duyuruq. Həmimanlılarımız bizi sevir və dəstəkləyir. Və Yehovanın ürəyini sevindiririk. Həyatımızda nəyin daha vacib olduğunu dərk edəndə əmlak və əyləncə artıq bizə ağalıq etmir. Əksinə, onlar Yehovaya ibadətdə bizə kömək edən qul və ya alət olur. Allahın Padşahlığını dəstəkləmək üçün nə qədər çox fəaliyyət göstərsək, dünyanın ruhunun təsiri altına düşmək ehtimalı da bir o qədər az olacaq.
‘Ruhani şeyləri düşünməyə’ davam edin
19-21. Ruhani şeyləri necə düşünə bilərik və nəyə görə bunu etməliyik?
19 Fikirlər hərəkətlərdən öncə gəlir. Çoxlarının düşünülməmiş hərəkətlər adlandırdığı şeylər çox vaxt cismani düşüncə tərzindən irəli gəlir. Buna görə, həvari Pavel düşüncəmizi qorumağın vacib olduğunu bizə xatırladır: «Cismani təbiətə görə yaşayanlar, cismani şeyləri düşünürlər, Ruha görə yaşayanlar, ruhani şeyləri düşünürlər» (Rom. 8:5, İ–93).
20 Düşüncəmizə, eləcə də hərəkətlərimizə dünyanın ruhunun təsir etməsinə yol verməmək üçün nə etməliyik? Beynimizi mümkün qədər dünyanın təbliğatından qoruyaraq nə haqda düşündüyümüzə nəzarət etməliyik. Məsələn, özümüzə əyləncə seçəndə ehtiyatlı olmalıyıq ki, əxlaqsızlığa və zorakılığa təşviq edən verilişlər beynimizi ləkələməsin. Başa düşürük ki, Allah Özünün müqəddəs, pak ruhunu beynini natəmiz fikirlərlə dolduran insanlara verməyəcək (Məz. 11:5; 2 Kor. 6:15-18). Bundan əlavə, müntəzəm olaraq Müqəddəs Kitabı oxumaqla, dua etməklə, düşünməklə və yığıncaq görüşlərinə getməklə göstəririk ki, Allahın ruhunu almaq istəyirik. Təbliğ xidmətində müntəzəm iştirak etməklə ruhla əməkdaşlıq edirik.
21 Əlbəttə, dünyanın ruhuna və onun bəhrəsi olan cismani arzulara müqavimət göstərməliyik. Bunu etmək üçün səy göstərməyimizə dəyər, çünki həvari Pavel demişdir ki, «cismani təbiətə uyan düşüncə — ölüm, Ruha uyan düşüncə isə — həyat və sülhdür» (Rom. 8:6).