Şənbə, 30 avqust
[Allahdan] aldığımız təsəlli ilə müxtəlif cür dərdi olanlara təsəlli [verək] (2 Kor. 1:4).
Yehova da sınaqlarla üzləşənlərə məhz bu cür təravət, təsəlli verir. Bəs biz Yehovadan örnək götürüb necə şəfqətli ola bilərik və başqalarına necə təsəlli verə bilərik? Bunun bir yolu özümüzdə başqalarına təsəlli verməyə kömək edəcək xüsusiyyətlər yetişdirməkdir. Məsələn, hansı xüsusiyyətlər? Dindaşlarınıza hər gün məhəbbət göstərməyə və «daima bir-birinizə təsəlli» verməyə sizə nə kömək edəcək? (1 Salon. 4:18). Bunun üçün bir-birinizin dərdinə şərik, qardaşsevən və xeyirxah olmalısınız (Kol. 3:12; 1 But. 3:8). Nəyə görə bu keyfiyyətlərə yiyələnmək lazımdır? Şəfqət xüsusiyyəti və bununla bağlı digər xüsusiyyətlər sizin şəxsiyyətinizin bir hissəsinə çevriləndə əzab çəkən insana təsəlli vermək daxilinizdən gələcək. İsanın da dediyi kimi «insan ürəyində aşıb-daşan fikirləri dilə gətirir. Yaxşı adam özünün yaxşı xəzinəsindən yaxşı şeylər çıxarır» (Mət. 12:34, 35). Bəli, darda olan bacı-qardaşlarımıza təsəlli vermək onlara sevgimizi ifadə etməyin mühüm yollarından biridir. w23.11 s. 10, abz. 10, 11
Bazar, 31 avqust
Ağıllı adamlarsa dərk edəcək (Dən. 12:10).
Peyğəmbərlikləri başa düşmək üçün köməyə ehtiyacımız var. Belə bir nümunəyə baxaq: Tutaq ki, siz heç vaxt olmadığınız bir yerə getmisiniz. Amma yanınızdakı dostunuz həmin əraziləri yaxşı tanıyır. O bilir ki, siz indi haradasınız və hansı yol hara aparır. Yəqin, onunla yola çıxdığınıza görə sevinərsiniz. Yehova da belə bir dostdur. O, hansı zaman kəsiyində yaşadığımızı və qarşıda bizi nələrin gözlədiyini yaxşı bilir. Buna görə də peyğəmbərlikləri başa düşmək üçün Ondan kömək istəməliyik (Dən. 2:28; 2 But. 1:19, 20). Hər bir valideyn istəyər ki, uşaqlarının gözəl gələcəyi olsun. Yehova da bunu istəyir (Ərm. 29:11). Amma insanlardan fərqli olaraq, Yehova gələcəyimizin necə olacağını dəqiqliklə deyə bilər. Baş verəcək vacib hadisələri bizim də bilməyimiz üçün Yehova Kəlamına peyğəmbərliklər yazdırıb (Əşy. 46:10). w23.08 s. 8—9, abz. 3, 4
Bazar ertəsi, 1 sentyabr
Göydən gələn şəfəq üzərimizə nur saçacaq (Luka 1:78).
Yehova İsaya bəşəriyyətin bütün problemlərini həll etmək ixtiyarı verib. Möcüzələri vasitəsilə İsa göstərmişdi ki, qarşısında aciz olduğumuz problemləri aradan qaldırmağa qadirdir. Məsələn, o bizi bəşəriyyətin problemlərinin kökündə duran günahdan və onun nəticəsi olan xəstəlik və ölümdən qurtarmaq iqtidarındadır (Mət. 9:1—6; Rom. 5:12, 18, 19). Göstərdiyi möcüzələr sübut edir ki, o, «hər cür» xəstəni sağalda bilir, hətta ölüləri dirildə bilir (Mət. 4:23; Yəh. 11:43, 44). Həmçinin İsanın şiddətli fırtınanı ram etmək və insanları şər ruhi qüvvələrdən azad etmək səlahiyyəti var (Mark 4:37—39; Luka 8:2). Yaxşı ki, Yehova İsaya bu qədər ixtiyar verib! Əmin ola bilərik ki, Allahın Padşahlığının hakimiyyəti altında gözəl nemətlər alacağıq. İsanın yer üzündə göstərdiyi möcüzələrdən öyrənirik ki, o, Allahın Padşahlığının Padşahı kimi tezliklə bundan da böyük işlər görəcək. w23.04 s. 3—4, abz. 5—7