Şənbə, 6 sentyabr
Sürüyə nümunə olun (1 But. 5:3).
Öncül xidməti gənc qardaşlara müxtəlif insanlarla əməkdaşlıq etməyi öyrədir. Həmçinin bu xidmət onlara puldan ağılla istifadə etməyə və yersiz xərclər etməməyə kömək edir (Filip. 4:11—13). Köməkçi öncül xidməti tamvaxtlı xidmətə açılan qapıdır. Bu onları öncül xidmətinə hazırlayır. Öncül xidməti isə tamvaxtlı xidmətin digər növlərinə qapı aça bilər. Məsələn, tikintidə və ya Beyteldə xidmət etməyə. Məsihi qardaşlar yığıncaqda dindaşlarına ağsaqqal kimi xidmət etmək üçün lazımi tələblərə cavab verməyə çalışmalıdırlar. Müqəddəs Kitabda deyilir ki, bu məsuliyyətə can atan qardaş «yaxşı şey arzulayır» (1 Tim. 3:1). Qardaş ilk növbədə yığıncaq xidmətçisi olmaq üçün tələblərə cavab verməlidir. Yığıncaq xidmətçiləri bir çox işlərdə ağsaqqallara kömək edirlər. Həm ağsaqqallar, həm də yığıncaq xidmətçiləri bacı-qardaşlarına təvazökarlıqla xidmət edirlər və təbliğ işində şövqlə çalışırlar. w23.12 s. 28, abz. 14—16
Bazar, 7 sentyabr
Hələ uşaq ikən o, əcdadı Davudun Allahına ibadət etməyə... başladı (2 Saln. 34:3).
Yuşiyyə padşah yeniyetmə yaşlarında Yehovanı axtarmağa başladı. O, Yehovanı tanımaq, Onun iradəsini yerinə yetirmək istəyirdi. Bununla belə, bu gənc padşahın həyatı heç də asan deyildi. Həmin vaxt əksəriyyət saxta allahlara ibadət edirdi, buna görə də Yehovanın tərəfini tutmaq üçün Yuşiyyəyə böyük cəsarət lazım idi. O, belə də etdi! Heç 20 yaşı yox idi ki Yuşiyyə ölkədən saxta ibadəti təmizləməyə başladı (2 Saln. 34:1, 2). Siz də çox gənc olsanız da, Yuşiyyədən örnək alaraq Yehovanı axtarmağa, Onun xüsusiyyətləri barədə öyrənməyə can ata bilərsiniz. Bu cür davam etsəniz, özünüzü Ona həsr etmək istəyəcəksiniz. Bəs həsr olunmağınızın həyatınıza hansı təsiri olacaq? 14 yaşında vəftiz olunan Luka deyir: «İndən belə mən Yehovaya xidməti həyatımda hər şeydən üstün tutacağam və Onun qəlbini sevindirməyə çalışacağam» (Mark 12:30). Əgər sizin də ürəyinizdə belə bir istək varsa, nə xoş sizə! w23.09 s. 11, abz. 12, 13
Bazar ertəsi, 8 sentyabr
Sizdən rica edirik ki, aranızda zəhmət çəkənlərə, Ağanın işində sizə rəhbərlik edənlərə... hörmət göstərəsiniz (1 Salon. 5:12).
Həvari Bulus Saloniki yığıncağına ilk məktubunu yazanda yığıncaq heç bir il yox idi ki yaranmışdı. Yəqin, təyin olunmuş qardaşlar təcrübəsiz idi və ola bilsin, səhvlərə yol verirdi. Amma onlar yenə də hörmətə layiq idilər. Böyük müsibət yaxınlaşdıqca, ola bilsin, biz göstəriş almaq üçün ağsaqqallardan indikindən də çox asılı olacağıq. Ola bilər, həmin vaxt baş idarə və filialla əlaqəmizi itirək. Ona görə də indidən ağsaqqalları sevib onlara hörmət etmək vacibdir. Nə olursa olsun, gəlin ayıq-sayıqlığımızı qoruyaq, diqqətimizi ağsaqqalların səhvlərinə yox, Yehovanın İsa Məsih vasitəsilə onları istiqamətləndirdiyinə yönəldək. Həmçinin ümidimizi möhkəm saxlamalıyıq, o bizə sakit və sabit qalmağa kömək edir. Dəbilqə əsgərin başını qoruduğu kimi xilasa olan ümidimiz də bizim düşüncələrimizi qoruyur. Biz bu dünyanın etdiyi təkliflərin puç olduğunu başa düşürük (Filip. 3:8). w23.06 s. 11—12, abz. 11, 12