Oxucularımız soruşur...
Yehovanın Şahidləri tibbi müalicə qəbul edirlərmi?
▪ İsa peyğəmbər demişdi ki, «sağlam adamların həkimə ehtiyacı olmur, həkimə xəstələr möhtacdır» (Matta 9:12). Onun sözlərindən aydın olur ki, Müqəddəs Yazılar peşəkar tibbi müalicəni qəbul etməyi qadağan etmir. Buna görə də Yehovanın Şahidləri dərman qəbul etməyə və tibbi müalicəyə normal yanaşırlar. Onlar sağlamlıqlarının qayğısına qalır və mümkün qədər çox yaşamaq istəyirlər. Birinci əsrdə yaşayan Allahın xidmətçisi Luka kimi, Yehovanın Şahidlərinin arasında da həkim olanı var (Koloslulara 4:14).
Ancaq Yehovanın Şahidləri Müqəddəs Kitab prinsiplərinə zidd olan müalicə üsullarını qəbul etmirlər. Məsələn, onlar qanköçürmədən imtina edirlər, çünki Müqəddəs Kitab qanın bədənə köçürülməsini qadağan edir (Yaradılış 9:4; Levililər 17:1—14; Həvarilərin işləri 15:28, 29). Həmçinin Allahın Kəlamında spiritizmlə və ya sehrbazlıqla bağlı olan müalicə üsulları və ya proseduralar mühakimə olunur (Yeşaya 1:13; Qalatiyalılara 5:19—21).
Bir çox peşəkar tibb işçiləri Müqəddəs Kitaba zidd getməyən müalicə üsullarını tətbiq edirlər. Çox vaxt Yehovanın Şahidləri tərəfindən seçilən bu cür müalicə üsulları Allahın tələblərinə uyğun olmayan müalicə üsullarından daha keyfiyyətli olur.
Əlbəttə, müalicə növlərinə dair çoxlu fikirlər mövcuddur. Ancaq birinə xeyri dəyən müalicə üsulunun digərinə faydası olmaya bilər. Buna görə də dəqiq diaqnoz qoyulmasını və ən yaxşı üsulla müalicə olunmağı istəyənlər bir neçə mütəxəssislə məsləhətləşmək qərarına gələ bilərlər (Süleymanın məsəlləri 14:15).
Yehovanın Şahidlərinin hamısı müalicə məsələsində eyni cür qərar qəbul etmir. Müqəddəs Kitabda deyilir ki, əgər Allahın qanunu pozulmursa, Allahın xidmətçisi öz vicdanına uyğun davrana bilər (Romalılara 14:2—4). Hər bir sadiq xidmətçi təqdim olunan müalicə üsulunu diqqətlə götür-qoy etməli və əmin olmalıdır ki, bu, onun Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına zidd deyil (Qalatiyalılara 6:5; İbranilərə 5:14).
Yehovanın Şahidi hər bir qərarın qəbul olunmasına elə yanaşmalıdır ki, sanki, o, gediş-gəlişli və dörd yolayrıcına yaxınlaşmaqda olan sürücüdür. Əgər o, sürəti azaltmadan sadəcə qarşısındakı avtomobilin arxasınca getsə, ciddi qəzaya uğraya bilər. Uzaqgörən sürücü isə yolu keçməzdən öncə, sürəti azaldacaq və ətrafına göz gəzdirəcək. Buna bənzər tərzdə, Yehovanın Şahidləri tibbi müalicə metodu seçərkən tələsmir və kor-koranə geniş yayılmış müalicə üsuluna əl atmırlar. Əksinə, onlar qərar qəbul etməzdən əvvəl, bütün variantları götür-qoy edir və Müqəddəs Kitab prinsiplərini araşdırırlar.
Yehovanın Şahidləri tibb işçilərinin ağır zəhmətini və fədakarlığını yüksək qiymətləndirirlər. Onlar həmçinin insanlara köməklik göstərdiklərinə və xəstəlikləri yüngülləşdirməyə çalışdıqlarına görə həkimlərə ürəkdən minnətdardırlar.