Fəsil 7
Ölən əzizlərimiz üçün həqiqi ümid
Ölənlərin diriləcəyini haradan bilirik?
Yehova dirilməyə necə yanaşır?
Kimlər dirildiləcək?
1-3. Bizi hansı düşmən tə’qib edir, bəs Müqəddəs Kitab hansı təsəllini verir?
QORXULU bir düşməndən qaçdığınızı təsəvvür edin. O, sizdən çox güclü və cəlddir. Siz onun amansız olduğunu bilirsiniz, çünki gözünüzün qabağında bir neçə dostunuzu öldürüb. Nə qədər qaçmağa çalışsanız da, o, sizi addımbaaddım izləyərək get-gedə yaxınlaşır. Sizə elə gələ bilər ki, artıq heç bir ümid yoxdur. Gözlənilmədən hardansa xilaskar peyda olur. O, bu düşməndən qat-qat güclüdür və sizə kömək edəcəyinə söz verir. Artıq rahat nəfəs almaq olar!
2 Müəyyən mə’nada siz həqiqətən də belə bir düşmən tərəfindən tə’qib olunursunuz. O hər birimizin dalınca düşüb. Əvvəlki fəsildən öyrəndiyimiz kimi, Müqəddəs Kitab ölümü düşmən adlandırır. Heç kim ölümün pəncəsindən yaxa qurtarmağa və ya ona qalib gəlməyə qadir deyil. Bu düşmən əksəriyyətimizin əzizlərini əlindən alıb. Ancaq Yehova ölümdən qat-qat güclüdür. O, əsl Xilaskardır və bu amansız düşmənin öhdəsindən gəlməyə qadir olduğunu da artıq sübut edib. Üstəlik, ölümü həmişəlik yox edəcəyini də və’d edir. Müqəddəs Kitabda deyilir: «Yox ediləcək axırıncı düşmən ölümdür» (1 Korinflilərə 15:26). Necə də gözəl və’ddir!
3 Gəlin əvvəlcə əzizlərimizdən kimisə itirən zaman hansı hissləri keçirdiyimizin üzərində düşünək. Bu, təsəlli verən gözəl ümidi qiymətləndirməyimizə kömək edəcək. Axı Yehova ölənlərin yenidən yaşayacaqlarını və’d edir (Yeşaya 26:19). Onlar həyata qayıdacaqlar. Bütün bunlar dirilmənin sayəsində baş verəcək.
ƏZİZLƏRİMİZDƏN KİM İSƏ ÖLƏNDƏ
4. a) Nəyə görə İsanın öz dostunun ölümünə görə keçirdiyi hisslər, Yehovanın hisslərini başa düşməyimizə kömək edir? b) İsanın yaxın dostları kimlər idi?
4 Əzizlərinizdən kimisə itirmisinizmi? Ölümün gətirdiyi qəm-qüssə, kədər və acizlik hissi bə’zən dözülməz ola bilər. Belə anlarda Allahın Kəlamından təsəlli əldə etməyimiz vacibdir (2 Korinflilərə 1:3, 4). Müqəddəs Kitab Yehovanın və İsanın ölümlə əlaqədar hansı hissləri keçirdiklərini öyrənməyimizə kömək edir. Atasını mükəmməl surətdə təqlid edən İsa, əziz adamın ölümünün necə kədərli olduğunu yaxşı bilirdi (Yəhya 14:9). İsa Yerusəlimə gələndə, qonşuluqdakı Beytanya kəndində yaşayan Lazarın və onun bacıları Məryəmlə Martanın evində dəfələrlə qonaq qalmışdı. Onlar yaxın dost olmuşdular. Müqəddəs Kitabda deyilir: «İsa Martanı, onun bacısını və Lazarı sevirdi» (Yəhya 11:5). Ancaq bu kitabın əvvəlki fəslindən öyrəndiyimiz kimi, Lazar öldü.
5, 6. a) Lazarın dostlarının və qohumlarının kədəri İsaya necə tə’sir etdi? b) İsanın kədərlənməsi bizə nəyə görə təsəlli verir?
5 İsa əziz dostunu itirəndə hansı hissləri keçirdi? Müqəddəs Kitabda deyilir ki, o, Lazarın kədər içində olan qohumlarına və dostlarına təsəlli verməyə gəldi. İsa onların göz yaşlarını və qəm-qüssə içində olduqlarını görüb, «ruhən acıdı, ürəyi çox sıxıldı». O, hətta ağladı (Yəhya 11:33, 35). Bəs bu, onun heç bir ümidi olmadığınımı göstərirdi? Xeyr, çünki İsa mö’cüzə baş verəcəyini bilirdi (Yəhya 11:3, 4). Bununla belə, o, ölümün gətirdiyi ağrı-acını hiss edirdi.
6 İsanın kədərlənməsi bizə təsəlli verir. Bu onu göstərir ki, İsa və onun Atası Yehova ölümə nifrət edirlər. Lakin Yehova Allah bu amansız düşmənin öhdəsindən gəlməyə qadirdir! Gəlin, Onun İsaya hansı səlahiyyəti verdiyini nəzərdən keçirək.
«LAZAR, ÇÖLƏ ÇIX!»
7, 8. Lazarın vəziyyəti nəyə görə ümidsiz görünə bilərdi, ancaq İsa nə etdi?
7 Lazarın cəsədi mağaraya qoyulduğu üçün, İsa girişdəki daşın götürülməsini xahiş etdi. Lakin Marta e’tiraz etdi, çünki Lazarın öldüyü vaxtdan artıq dörd gün keçmişdi və onun cəsədi, çox güman ki, çürüməyə başlamışdı (Yəhya 11:39). Bəs ölən adama kömək etmək olarmı?
Lazarın dirildilməsi böyük sevinc gətirdi (Yəhya 11:38-44)
8 Daşı qaldırdıqda İsa yüksək səslə çağırdı: «Lazar, çölə çıx!» Bu zaman nə baş verdi? «Ölü... çıxdı» (Yəhya 11:43, 44). İnsanların sevincini təsəvvür edin! Lazarın bacıları, qohumları, dostları və qonşuları artıq onu qaytarmağın mümkün olmadığını düşünürdülər. Və budur, onların əzizi yenə də onlarladır, sağ-salamatdır. Bu, inanılmaz bir hadisədir! Yəqin ki, insanlar sevinc içində Lazarı bağırlarına basmağa tələsirdilər. Bu dirilmə ölüm üzərində əsl qələbədir!
İlyas dul qadının oğlunu diriltdi (1 Padşahlar 17:17-24)
9, 10. a) İsaya Lazarı diriltmək gücünü kim vermişdi və biz bunu haradan bilirik? b) Müqəddəs Kitabda dirilmə haqqında yazılan mə’lumatlar bizə necə təsəlli verir və onlar nəyi təsdiq edir?
9 İsa bu heyranedici mö’cüzəni öz gücü sayəsində edəcəyini iddia etmədi. İsa Lazarı çağırmazdan əvvəl duada aydın şəkildə göstərdi ki, ona diriltmə gücünü verən Yehovadır (Yəhya 11:41, 42). Lakin bu, Yehovanın Öz gücünü belə bir tərzdə göstərdiyi yeganə hadisə deyil. Lazarın dirilməsi Allahın Kəlamında təsvir edilən 9 dirilmə hadisəsindən yalnız biridira. Müqəddəs Kitabdakı bu mə’lumatları oxumaq və tədqiq etmək necə də təsəllivericidir! Belə hadisələr Allahın ayrı-seçkilik etmədiyini öyrədir. Çünki Onun diriltdikləri arasında gənc və yaşlı, kişi və qadın, yəhudi və qeyri-yəhudi də vardı. Bu hadisələrdə böyük sevinc hissləri təsvir olunur! Məsələn, Müqəddəs Kitabda deyilir ki, İsa balaca qızı diriltdikdə onun valideynləri «çox heyrətləndilər» (Mark 5:42). Həmin insanlar Yehovanın onlar üçün etdiyini unuda bilməzdilər.
Həvari Peter Tabita adlı məsihçi qadını diriltdi (Həvarilərin işləri 9:36-42)
10 Əlbəttə, İsanın diriltdiyi insanlar müəyyən vaxtdan sonra yenidən öldülər. Bu, onları diriltməyin mə’nasız olduğunumu göstərir? Sözsüz ki, yox. Müqəddəs Kitabdakı bu mə’lumatlar vacib həqiqətləri təsdiq edir və bizə ümid verir.
DİRİLMƏ HAQQINDAKI HADİSƏLƏRDƏN NƏ ÖYRƏNİRİK?
11. Lazar haqqındakı mə’lumat Vaiz 9:5 ayəsində yazılanları necə təsdiq edir?
11 Müqəddəs Kitab öyrədir ki, «ölülər heç nə bilmir». Onlar şüursuz vəziyyətdədirlər. Lazar haqqındakı mə’lumat təsdiq edir ki, ölülər başqa aləmə getmirlər. Gəlin növbəti sualların üzərində düşünək: Lazar həyata qayıdanda, insanlara göylərdə cənnətin nə qədər gözəl olduğu haqda danışdımı? Yaxud, cəhənnəm odundan bəhs edərək, onları qorxutdumu? Yox, Müqəddəs Kitabda bu haqda heç nə deyilmir. O, dörd gün idi ki, ölmüşdü, şüursuz bir vəziyyətdə «heç nə bilmir»di (Vaiz 9:5). Lazar sadəcə ölüm yuxusuna getmişdi (Yəhya 11:11).
12. Nəyə görə əmin ola bilərik ki, Lazar haqqındakı mə’lumat uydurma deyil?
12 Lazar haqqındakı mə’lumat, həmçinin bizə dirilmənin uydurma deyil, həqiqət olduğunu öyrədir. İsa Lazarı izdihamın gözü qabağında həyata qaytardı. Hətta İsaya nifrət edən din rəhbərləri belə bu mö’cüzəni danmırdılar. Əksinə, onlar deyirdilər: «Nə edək? Bu Adam [İsa] bir çox mö’cüzələr göstərir» (Yəhya 11:47). Çoxları dirildilmiş Lazara baxmağa gəlirdilər. Onlardan bir çoxu İsaya iman etdilər. Onlar Lazarı gördükdə, İsanın Allah tərəfindən göndərildiyinə əmin olurdular. Bu dəlil o dərəcədə inkaredilməz idi ki, hətta bə’zi yəhudi din rəhbərləri İsanı və Lazarı öldürmək istəyirdilər (Yəhya 11:53; 12:9-11).
13. Yehovanın ölüləri diriltməyə qadir olduğunu haradan bilirik?
13 Bəs dirilməyə inanmaq məntiqəuyğundurmu? Əlbəttə, çünki İsa «qəbirlərdə olanların hamısı»nın bir vaxt dirildiləcəyini öyrədirdi (Yəhya 5:28). Yehova — bütün canlıların Yaradanıdır. Məgər Öz yaratdıqlarını yenidən həyata qaytarmaq Onun üçün çətindirmi? Çox şey Onun yaddaşından asılı olacaq. O, bizim ölən əzizlərimizi xatırlaya bilərmi? Kainatda saysız-hesabsız ulduzlar var, ancaq Allah onların hər birini adı ilə çağırır! (Yeşaya 40:26). Buna görə də, Yehova ölən əzizlərimizə xas olan bütün xüsusiyyətləri xatırlamağa və onları həyata qaytarmağa qadirdir.
14, 15. Əyyubun sözlərinə görə, Yehova dirilməyə necə yanaşır?
14 Bəs Yehova ölənləri diriltmək istəyəcəkmi? Əlbəttə, Müqəddəs Kitab məhz bu haqda öyrədir. Allaha sadiq olan Əyyub bir dəfə soruşmuşdu: «İnsan ölsə, dirilərmi?» O, Allahın onu xatırlayacağı vaxta qədər məzarda gözləyəcəyini deyirdi. Daha sonra Əyyub Yehovaya dedi: «Sən çağıranda cavab verəcəyəm, əllərinin... işinin həsrətini çəkəcəksən» (Əyyub 14:13-15).
15 Bir anlığa düşünün! Yehova ölənləri həyata qaytarmağın ‘həsrətini çəkir’, yə’ni səbirsizliklə gözləyir. Bu necə də təsəllivericidir! Bəs kimlər dirildiləcək və onlar harada yaşayacaqlar?
«QƏBİRLƏRDƏ OLANLARIN HAMISI»
16. Dirilənlər hansı şəraitdə yaşayacaq?
16 Dirilmə haqqında Müqəddəs Kitabda yazılan hadisələr gələcəkdə dirilmənin necə olacağını başa düşməyə kömək edir. Keçmişdə dirilən insanlar yer üzündə həyata qaytarılmış və öz əzizlərinə qovuşmuşdular. Gələcəkdə də buna bənzər hadisə baş verəcək, ancaq bu, daha böyük miqyasda olacaq. Bu kitabın 3-cü fəslindən öyrəndiyimiz kimi, Allah bütün yer üzünün Cənnət olmasını istəyir. Buna görə də, dirilənlər artıq müharibələrin, cinayətkarlığın və xəstəliklərin olmayacağı bir dünyada yaşayacaqlar. Onlar xoşbəxtliyə nail olacaq və yer üzündə gözəl şəraitdə əbədi yaşayacaqlar.
17. Kimlər dirildiləcək?
17 Kimlər dirildiləcək? İsa demişdi: «Qəbirlərdə olanların hamısı Onun [İsanın] səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar» (Yəhya 5:28). Buna bənzər sözlər Vəhy 20:13 ayəsində də yazılmışdır: «Dəniz, özündə olan ölüləri təslim etdi; ölüm və ölülər aləmi [yun. hades] də özlərində olan ölüləri təslim etdilər». Hades — bəşəriyyətin ümumi məzarıdır. («Əlavələr» bölməsində, 212, 213-cü səhifələrə baxın.) Bu ümumi məzar boşaldılacaq. Orada ölüm yuxusunda olanların hamısı yenidən həyata qayıdacaq. Həvari Pavel demişdir: «Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15). Bu nə deməkdir?
Ölənlər Cənnətdə dirildiləcək və əzizlərinə qovuşacaqlar
18. Dirildiləcək ‘salehlərə’ kimlər daxildir və dirilməyə olan ümid sizə necə tə’sir edir?
18 ‘Salehlərin’ sırasına, İsanın yer üzünə gəlməsindən əvvəl yaşamış və Müqəddəs Kitabda xatırlanan çoxsaylı insanlar daxildir. Ola bilsin, siz Nuh, İbrahim, Sara, Musa, Rut, Ester və bir çox başqa sadiq kişi və qadınları xatırladınız. Onlardan bə’ziləri haqda «İbranilərə məktub»un 11-ci fəslində yazılmışdır. ‘Salehlərin’ sırasına Yehovanın müasir dövrdə ölən xidmətçiləri də daxildir. Doğrudan da, dirilməyə olan ümid bizi ölüm qorxusundan azad edir (İbranilərə 2:15).
19. «Saleh olmayan»lar kimlərdir və Yehova onlara hansı imkanı verəcək?
19 Yehova haqqında heç nə bilməyən və Ona xidmət etməyənlərlə nə baş verəcək? Milyardlarla «saleh olmayan» bu insanlar unudulmayacaq, onlar da dirildiləcəklər. Allah haqqında həqiqəti bilmək və Ona xidmət etmək üçün, onlara vaxt veriləcək. Ölənlər min il ərzində yer üzündə yaşamaq üçün dirildiləcək və artıq Yehovaya sədaqətlə xidmət edənlərə qoşula biləcəklər. Həmin dövr necə də gözəl olacaq! Bu dövr Müqəddəs Kitabda Hökm günü adlanırb.
20. Gehenna nədir və ora kimlər düşür?
20 Bəs bu o deməkdirmi ki, bütün insanlar dirildiləcək? Xeyr. Müqəddəs Kitabda deyilir ki, ölənlərin bə’ziləri ‘cəhənnəmdədir [yun. gehenna]’ (Luka 12:5). Gehenna, qədim Yerusəlimdən kənarda zibillik idi. Orada cəsədləri və müxtəlif zibilləri yandırırdılar. Yəhudilər, cəsədləri ora atılan insanları basdırılmağa və dirilməyə layiq hesab etmirdilər. Buna görə də, Gehenna əbədi məhvin müvafiq simvoludur. Dirilərə və ölülərə İsanın hökm edəcəyinə baxmayaraq, Baş Hakim Yehovadır (Həvarilərin işləri 10:42). O, pis və itaətsiz hesab etdiyi kəsləri heç vaxt diriltməyəcək.
GÖYLƏR HƏYATINA DİRİLMƏ
21, 22. a) Müqəddəs Kitabda başqa hansı dirilmədən danışılır? b) Ruhani həyata dirildilənlərdən birincisi kim olmuşdur?
21 Müqəddəs Kitabda başqa bir dirilmədən, yə’ni göylər həyatına dirilmədən də danışılır. Orada belə dirilməyə dair yalnız bir nümunə gətirilir, bu da İsa Məsihdir.
22 İsa öldürüldükdən sonra, Yehova sadiq Oğlunun qəbirdə qalmasına yol vermədi (Məzmur 16:10; Həvarilərin işləri 13:34, 35). Allah onu diriltdi, ancaq İsa fiziki bədəndə dirilmədi. Həvari Peter izah edir ki, Məsih «cismən öldürülmüş, amma ruhən Ona həyat verilmişdir» (1 Peter 3:18). Bu, görünməmiş bir mö’cüzə idi! İsa yenidən qüdrətli ruhani varlıq kimi həyata qaytarıldı (1 Korinflilərə 15:3-6). O, bu cür şərəfə layiq görülənlərdən birincisi idi (Yəhya 3:13). Lakin İsa ruhani həyata dirildilən yeganə şəxs olmadı.
23, 24. İsanın «kiçik sürü» adlandırdığı qrupa kimlər daxildir və onların sayı nə qədərdir?
23 Tezliklə göyə qayıdacağını bilərək, İsa öz sadiq davamçılarına onlar üçün «yer hazırlamağa» getdiyini dedi (Yəhya 14:2). İsa göyə gedəcək insanları «kiçik sürü» adlandırdı (Luka 12:32). Sadiq məsihçilərin nisbətən kiçik olan bu qrupuna nə qədər adam daxildir? Vəhy 14:1 ayəsində həvari Yəhya demişdir: «Baxıb gördüm ki, Quzu [İsa Məsih], Sion dağında durub, yanında da alınlarında Onun və Atasının adı yazılmış yüz qırx dörd min adam durubdur».
24 Həvarilərin də daxil olduğu İsanın bu 144 000 sadiq davamçısı göylər həyatına dirildiləcək. Bu dirilmə nə zaman başlayacaqdı? Həvari Pavel dirilmənin Məsihin iştirakı zamanı baş verəcəyini yazmışdı (1 Korinflilərə 15:23). 9-cu fəsildən öyrənəcəyimiz kimi, biz artıq həmin dövrdə yaşayırıq. Buna görə də, bizim günlərdə 144 000-in qalığı ölən kimi göylər həyatına dirildilir (1 Korinflilərə 15:51-55). Lakin bəşəriyyətin əksəriyyəti gələcəkdə yerüzü Cənnətdə yaşamaq üçün dirildiləcək.
25. Növbəti fəsildə nəyi müzakirə edəcəyik?
25 Bəli, Yehova amansız düşmənimiz olan ölümə qalib gələrək, onu əbədiyyən məhv edəcək! (Yeşaya 25:8). Bə’zi insanların nə üçün göylər həyatına dirildildiklərini bilmək, yəqin, sizin üçün maraqlıdır. Onlar ədalətli göylər hökumətinin tərkibinə daxil olacaqlar. Bu hökumət haqqında növbəti fəsildən öyrənəcəyik.
a Dirilmə haqqındakı digər hadisələri 1 Padşahlar 17:17-24; 2 Padşahlar 4:32-37; 13:20, 21; Matta 28:5-7; Luka 7:11-17; 8:40-56; Həvarilərin işləri 9:36-42 və 20:7-12 ayələrində oxuya bilərsiniz.
b Hökm günü və hökmün nəyin əsasında çıxarılacağı haqda «Əlavələr» bölməsindən, 213-215-ci səhifələrdən daha çox öyrənmək olar.