Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Bu, həqiqətən baş verib?
    Gözətçi qülləsi (kütləvi) 2016 | № 2
    • İsa Məsihin cəsədi işgəncə dirəyindən aşağı endirilir; şagirdlər bunu uzaqdan seyr edir

      ÜZ QABIĞINDAKI MÖVZU

      Bu, həqiqətən baş verib?

      Eramızın 33-cü ilinin yazında nəsrani İsa edam edildi. Onu qiyam qaldırmaqda şərlədilər, vəhşicəsinə döyərək dirəyə mıxladılar. O, işgəncə çəkərək öldü. Ancaq Allah onu yenidən həyata qaytardı və 40 gündən sonra Öz dərgahına qaldırdı.

      Bu tükürpədici hadisə İncildə qələmə alınıb. Bəs bütün bunlar həqiqətən baş verib? Bu, olduqca vacib və ciddi sualdır. Əgər bütün bunlar baş verməyibsə, deməli, məsihi imanı boşdur, Cənnətdə əbədi yaşamaq ümidi isə xülyadır (1 Korinflilərə 15:14). Digər tərəfdən, bütün bunlar baş veribsə, onda bəşəriyyəti parlaq gələcək gözləyir. Bu, sizə də nəsib ola bilər. Bəs İncildə yazılan hadisələr həqiqətdir, yoxsa uydurma?

      DƏLİLLƏR NƏYİ GÖSTƏRİR?

      Uydurulmuş əfsanələrdən fərqli olaraq, İncildə yazılan hadisələr son dərəcə dəqiq və təfsilatı ilə qeydə alınıb. Məsələn, orada bu gün də ziyarət edə biləcəyimiz çoxlu yer adları var. Həmçinin İncildə real şəxslərdən söhbət açılır. Bu şəxslərin, həqiqətən də, yaşadığını tarixçilərin özləri təsdiq edir (Luka 3:1, 2, 23).

      Götürək elə İsa peyğəmbərin özünü. Onun haqda birinci və ikinci əsrdə yaşamış yazıçılar da yazmışdıa. Müjdələrdə onun edamı ilə bağlı yazılanlar həmin dövrün Roma cəza üsulları ilə üst-üstə düşür. Üstəlik, hadisələr olduğu kimi və açıq şəkildə qələmə alınıb, hətta bəzi şagirdlərin etdiyi səhvlər də yazılıb (Mətta 26:56; Luka 22:24—26; Yəhya 18:10, 11). Bütün bu amillər təsdiq edir ki, İncili yazanlar İsanın həyatını dürüst və dəqiq şəkildə yazıblar.

      BƏS İSA MƏSİH DİRİLİB?

      Demək olar ki, hamı İsa peyğəmbərin yaşadığını və öldüyünü qəbul edir. Amma onun dirildiyinə hər adam inanmır. Hətta həvarilər müəllimlərinin dirildiyini eşidəndə əvvəl-əvvəl inanmamışdılar (Luka 24:11). Ancaq onlar və digər şagirdlər dirilmiş Məsihi ayrı-ayrı yerlərdə görəndə bütün şübhələri aradan qalxdı. Bir dəfə isə onu 500 nəfərdən çox adam görmüşdü (1 Korinflilərə 15:6).

      Həbs və ölüm təhlükəsi altında belə, şagirdlər İsa Məsihin dirildiyini hamıya cəsarətlə bəyan edirdilər. Hətta bu barədə Onu edam edənlərə də danışmışdılar (Həvarilərin işləri 4:1—3, 10, 19, 20; 5:27—32). Bu qədər şagird buna əmin olmasaydı, öz həyatını təhlükəyə atıb Məsihin dirilməsini aləmə car çəkərdi? Əslində, o vaxt və indi məsihiliyin bütün dünyaya göstərdiyi təsirin arxasında duran qüvvə İsanın dirilməsinin gerçək olmasıdır.

      İncildə Məsihin ölümü və dirilməsi ilə bağlı yazılanlar mötəbər və tarixi mənbələrə xas xüsusiyyətləri özündə daşıyır. Bu hadisələri diqqətlə oxusanız, bunların, həqiqətən də, baş verdiyinə əmin olacaqsınız. Amma İsa Məsihin nəyin naminə öldüyünü biləndə əminliyiniz birə-beş artacaq. Növbəti məqalədə bunun səbəbi izah olunur.

      a Eramızın 55-ci ilində anadan olmuş Tasit bununla bağlı yazmışdı: «Tiberinin hakimiyyəti dövründə Məsih, bu ad [məsihilər] onun adından yaranmışdır, prokuratorlarımızdan biri olan Ponti Pilatın əlindən olmazın əzablar çəkmişdi». Hətta Roma tarixçisi Svetoni (I əsr), yəhudi tarixçi İosif (I əsr) və Bitiniyanın valisi Kiçik Plini (II əsrin əvvəlləri) İsa Məsihdən bəhs etmişdilər.

      Nə üçün dünyəvi mənbələrə ehtiyac yoxdur?

      İsa peyğəmbərin dünyaya göstərdiyi təsiri nəzərə alsaq, onun yaşadığına və dirildiyinə dair sübutları Müqəddəs Kitabdan savayı, hansısa başqa mənbədə axtarmağa ehtiyac var? Xeyr! Səbəblərdən biri odur ki, İncil təxminən 2000 il bundan öncə yazılıb. O dövrə aid çox az sayda dünyəvi mənbə bu günə gəlib çıxıb (1 Butrus 1:24, 25). Üstəlik, İsa Məsihin düşmənləri çətin ki, onun lehinə nəsə yazsınlar.

      Həvari Butrus Məsihin dirilməsi ilə bağlı yazır: «Allah onu üçüncü gündə diriltdi və insanlara görünməsinə izin verdi, amma hər kəsə yox, Özünün qabaqcadan təyin etdiyi şahidlərə, diriləndən sonra onunla çörək kəsən bizlərə görünməsinə izin verdi» (Həvarilərin işləri 10:40, 41). Bəs nə üçün hər kəsə yox? «Məttanın müjdəsi»ndə yazılanlara əsasən, İsa Məsihin əleyhdarları onun dirilməsindən xəbər tutanda əllərindən gələni etdilər ki, bu xəbər heç kimin qulağına çatmasın (Mətta 28:11—15).

      Bu o demək idimi ki, İsa Məsih dirilməsinin gizlin qalmasını istəyirdi? Xeyr! Çünki Butrus yuxarıdakı sözlərin ardınca demişdi: «İsa əmr etdi ki, biz xalqa təbliğ edib Allahın onu dirilərin və ölülərin hakimi təyin etdiyi barədə ətraflı şəhadət verək». Allahın mömin bəndələri bu əmrə əməl edib, bundan sonra da əməl edəcəklər (Həvarilərin işləri 10:42).

  • Məsih nəyin naminə iztirab çəkib öldü?
    Gözətçi qülləsi (kütləvi) 2016 | № 2
    • Müxtəlif irqlərdən olan insanlar Cənnətdə yaşayırlar

      ÜZ QABIĞINDAKI MÖVZU

      Məsih nəyin naminə iztirab çəkib öldü?

      Günah bir adam [Adəm] vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi (Romalılara 5:12).

      Adəmlə Həvva qadağan olunmuş meyvəyə baxır; Adəmlə Həvva qoca yaşlarında; insanlar tabutu qəbiristanlığa aparır

      «Əbədi yaşamaq istəyərdiniz?» Əgər sizə bu sualı versəydilər, cavabınız nə olardı? Çoxları əbədi yaşamaq istədiyini desə də, bunun mümkün olmadığını düşünür. Onların fikrincə, ölüm haqdır, yəni bir gün yaranan, bir gün ölməlidir.

      Bəs əgər sual başqa cür qoyulsa və sizdən: «Ölmək istəyərdiniz?» — deyə soruşsalar, onda necə cavab verərdiniz? Normal şəraitdə, əksəriyyət «yox» deyərdi. Deməli, üzləşdiyimiz problemlərə, çətinliklərə rəğmən, biz yenə də yaşamaq istəyirik. Müqəddəs Kitabın təbirincə desək, Allah bəşəriyyəti yaşamaq eşqi ilə yaradıb. Orada deyilir ki, Yaradan «insanların ürəyinə əbədiyyət qoydu» (Vaiz 3:11).

      Reallıq isə bundan ibarətdir ki, heç kim əbədi yaşamır. Bəs nə baş verdi? Allah bu vəziyyəti düzəltmək üçün hansısa tədbir görüb? Müqəddəs Yazıların bu suallara verdiyi cavablar İsa Məsihin iztirab çəkib ölməsinin səbəbi ilə bağlıdır. Öyrəndikləriniz sizi sevindirəcək!

      NƏ BAŞ VERDİ?

      Müqəddəs Kitabın Yaradılış bölməsinin ilk üç fəslində deyilir ki, Allah Adəmlə Həvvaya əbədi yaşamaq imkanı vermiş və bunu əldə etməyin yolunu izah etmişdi. Həmçinin orada onların Allaha necə itaətsizlik etdikləri və beləcə, bu imkanı əldən verdikləri qələmə alınıb. Bu əhvalat o dərəcədə sadə nəql edilib ki, çoxları bunu nağıl hesab edir. Ancaq İncil kimi, Yaradılış bölməsinin də dəqiq və tarixi mənbə olduğuna yetərincə dəlil vara.

      Bəs Adəmin itaətsizliyi nə ilə nəticələndi? Allahın Kəlamı belə cavab verir: «Beləliklə, günah bir adam [Adəm] vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12). Allahın sözündən çıxmaqla Adəm günah işlədi. Buna görə də o, əbədi yaşamaq imkanını itirdi və nəticədə öldü. Onun nəsli olduğumuz üçün günah bizə keçib. Bu səbəbdən biz xəstələnir, qocalır və ölürük. Ölməyimizin səbəbi ilə bağlı bu izahat xüsusiyyətlərin irsən keçməsi faktı ilə üst-üstə düşür. Allah bu vəziyyəti düzəltmək üçün hansısa tədbir görüb?

      GÖRÜLƏN TƏDBİR

      Allah-Taala Adəmin öz nəsli üçün itirdiyi mirası, yəni əbədi həyatı geri almaq üçün fidyə tədbiri gördü. Bəs bu fidyə necə ödənildi?

      Kəlamda deyilir: «Günahın ödədiyi haqq ölümdür» (Romalılara 6:23). Bu o deməkdir ki, günahın nəticəsi ölümdür. Adəm günah işlədiyi üçün öldü. Eyniylə, biz də günah edirik və buna görə də günahın nəticəsi olan ölümə mübtəlayıq. Bu məsələdə bizim səhvimiz olmasa da, biz günahlı doğuluruq. Buna görə Allah İsa Məsihi yer üzünə göndərdi ki, bizim üçün günahın bədəlini ödəsin. Bu iş necə oldu?

      Müxtəlif irqlərdən olan insanlar Cənnətdə yaşayırlar

      İsa Məsihin ölümü sayəsində insanların əbədiyyət boyu xoşbəxt yaşamaq imkanı var

      Kamil insan olan Adəm itaətsizliyi ucbatından bizə günah və ölümü ötürdüyünə görə digər kamil bir insan bu günahın pəncəsindən bizi qurtarmaq üçün son nəfəsinə qədər sadiq qalmalı idi. Müqəddəs Kitabda bu, belə izah olunur: «Bir nəfərin itaətsizliyi çoxlu insanı günahlı etdiyi kimi, bir şəxsin itaəti də çoxlu insanı saleh edəcək» (Romalılara 5:19). Həmin o, «bir şəxs» İsa Məsihdir. O, göydən kamil insanb kimi yer üzünə gəldi və həyatını uğrumuzda qurban verdi. Bu qurban sayəsində, biz Uca Allahın qarşısında saleh sayıla və əbədi həyatı qazana bilərik.

      MƏSİH NƏYİN NAMİNƏ İZTİRAB ÇƏKİB ÖLDÜ?

      Bəs İsa Məsihin ölməsi şərt idi? Məgər qadir Allah fərman verə bilməzdi ki, Adəmin nəsli əbədi yaşasın? Əlbəttə, verə bilərdi və buna ixtiyarı da çatırdı. Ancaq bunu etməklə Allah Özünün qoyduğu «günahın ödədiyi haqq ölümdür» qanununa zidd davranmış olacaqdı. Bu, elə-belə qanun deyil ki, istədiyin vaxt üstündən keçə və ya istədiyin vaxt dəyişə bilərsən. Bu qanun ədalətin bünövrəsidir (Zəbur 37:28).

      Əgər Allah bu məsələdə ədaləti bir kənara qoysaydı, onda insanlar Allahın başqa məsələlərdə ədalətli davranacağına necə inanardılar? Məsələn, Allah Adəmin nəsli arasından kimə əbədi həyatı bəxş edəcəyinə qərar verəndə ədalətli davranacaqdı? Verdiyi vədləri yerinə yetirmək məsələsində Ona etibar etmək olardı? Ancaq Allahın bizim xilasımızla bağlı gördüyü tədbirdə ədalətlə davranması bizi əmin edir ki, Allah həmişə düzgün davranır.

      İsa Məsihin fidyə qurbanlığı sayəsində Allah-Taala yerüzü Cənnətdə əbədi yaşamağımıza imkan yaratdı. Məsihin sözlərinə diqqət yetirin: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16). Məsihin ölümü yalnız Allahın sarsılmaz ədalətinin bir ifadəsi deyildi, əsas etibarilə, Onun insanlara duyduğu böyük məhəbbətin təcəssümü idi.

      Bəs onda nə üçün İsa Məsih, İncildə təsvir olunduğu kimi, iztirab çəkərək ölməli idi? Çünki İblis iddia edir ki, insanlar sınaqlar qarşısında Allaha sadiq qalmayacaq (Əyyub 2:4, 5). Amma İsa Məsih şiddətli sınaqlardan başıuca çıxmaqla İblisin yalançı olduğunu birdəfəlik isbat etdi. Şeytan kamil insan olan Adəmi günaha təhrik edəndən sonra onun bu iddiası əsaslı görünə bilərdi. Ancaq Adəm kimi kamil olan İsa Məsih, çəkdiyi iztirablara rəğmən, Allaha sadiq qaldı (1 Korinflilərə 15:45). Bununla o sübut etdi ki, istəsəydi, Adəm də Allaha sadiq qalardı. Sınaqlara tab gətirməklə İsa Məsih bizə nümunə qoydu (1 Butrus 2:21). Allah İsa Məsihin itaətkarlığını qiymətləndirərək onu Öz dərgahına qaldırıb ölməzliyi bəxş etdi.

      SİZƏ FAYDASI

      Bəli, İsa Məsih, həqiqətən də, həyatını qurban verdi. Hal-hazırda hər kəsin əbədi yaşamaq imkanı var. Bəs siz necə, əbədi yaşamaq istəyərsiniz? Bunun üçün sizdən nə tələb olunur? İsa Məsih demişdi: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).

      Bu jurnalın naşirləri sizi tək gerçək Allah Yehova və İsa Məsih haqda daha çox öyrənməyə dəvət edir. Ərazinizdə yaşayan Yehovanın Şahidləri sizə bu sahədə məmnuniyyətlə kömək edərlər. Həmçinin www.jw.org/az-latn saytına daxil olub istədiyiniz məlumatı tapa bilərsiniz.

      a Yehovanın Şahidləri tərəfindən dərc olunan «Gözətçi qülləsi»nin 2011-ci il 1 yanvar sayının 4-cü səhifəsinə baxın.

      b Yaradan Allah İsa Məsihin həyatını göydən Məryəmin bətninə köçürdü və beləcə, Məryəm hamilə qaldı. Külli-İxtiyar Allahın müqəddəs ruhu, yəni gücü sayəsində Məryəmin qeyri-kamilliyi İsaya keçmədi (Luka 1:31, 35).

      Anma mərasimində mayasız çörək ötürülür

      «Bunu həmişə edin»

      Həzrəti İsa ölümündən bir gecə əvvəl sadiq həvarilərini başına toplayıb anma mərasimini təsis etdi. O, həvarilərinə belə buyurdu: «Xatirəmi yad etmək üçün bunu həmişə edin» (Luka 22:19). Peyğəmbərin bu əmrinə tabe olan Yehovanın Şahidləri bütün dünyada hər il İsa Məsihin ölümünü anırlar. Keçən il anma mərasiminə gələnlərin sayı 19 862 783 nəfər idi.

      Bu il İsa Məsihin ölümünü anma mərasimi çərşənbə günü martın 23-nə düşür. Mərasim gün batandan sonra keçiriləcək. Sizi, ailənizi və dostlarınızı bu mərasimə və Müqəddəs Kitaba əsaslanan məruzəni dinləməyə dəvət edirik. Bu məruzədə İsa Məsihin ölümünün hansı məna kəsb etdiyi və bizə faydası açıqlanacaq. İştirak etmək üçün pul yığılmır. Mərasimin keçirilmə vaxtını və yerini ərazinizdə yaşayan Yehovanın Şahidlərindən və ya www.jw.org/az-latn saytından öyrənə bilərsiniz.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş