Dərs 5. İbranicə Müqəddəs Yazıların mətni
İbranicə Müqəddəs Yazıların mətni Allahdan ilham almış Kəlamın bir hissəsi kimi: onun tarixi, köçürülməsi və bizim günlərə qədər ötürülməsi; mətnin dəyişilməz olaraq saxlanılması.
YEHOVANIN yazılı sözünü ilhamlanmış sənədlərin təəccüblü «hövzəsinə» toplanan həqiqət suları ilə müqayisə etmək olar. Yehovanın vəhy verdiyi zaman bu «suların» bir yerə toplaşıb, həyatımızın asılı olduğu tükənməz informasiya mənbəyinin yaranmasına nəzarət etdiyi üçün necə də minnətdarıq! Padşah tacları, nəsildən-nəslə keçən miraslar və heykəllər kimi başqa qədim xəzinələr vaxt ötdükcə qaralır, köhnəlir və çürüyürdü, lakin dəyərli olan «Allahımızın sözü əbədi qalar» (Yeşaya 40:8). Amma belə bir sual yaranır: bu «həqiqət suları» bir «hövzəyə» toplandıqdan sonra xarab olmayıb ki? Onlar əzəli təmizliklərini qoruyub saxlayıblarmı? Orijinalın mətnləri nə qədər dəqiq köçürülürdü? Bu gün dünyanın bütün dillərində oxunan Müqəddəs Yazıların mətni doğrudurmu? Bu «hövzənin» birinci hissəsini — İbranicə Müqəddəs Yazıların mətnini tədqiq etmək bizim üçün maraqlı olacaq. Onun dəyişilməz olaraq qorunub saxlanılması üçün nə qədər əmək sərf edildiyini, onun hansı yollarla yayıldığını və tərcümə edildiyini, bütün millətlərdən olan insanların onu öz ana dillərində nəyin sayəsində oxuya bildiklərini öyrənəcəyik.
2 Qədim ibrani və arami dillərindəki orijinalın mətni b. e. ə. 1513-cü ildə Musa Müqəddəs Kitabın ilk sözlərini yazmağa başlayarkən, b. e. ə. 443-cü ildə başa çatana qədər Allaha xidmət edən və mirzə işini yerinə yetirən insanlar tərəfindən yazılmışdır. Əldə olan mə’lumatlara görə bu əlyazmalardan heç biri bizim günlərə qədər qorunub saxlanılmamışdır. Lakin ilhamlanmış yazıları və onların siyahılarını qoruyub saxlamaq üçün lap başlanğıcdan böyük qüvvə sərf edilmişdir. Eramızdan əvvəl təxminən 642-ci ildə, Yoşiya padşahın günlərində «Rəbbin mə’bədində» Musanın «Qanun kitabını» tapdılar. Çox ehtimal ki, bu, orijinal idi. Həmin vaxt üçün onu 871 il ərzində sədaqətlə qorumuşdular. Yeremya bu tapıntını o qədər əhəmiyyətli hesab edirdi ki, bu barədə 2 Padşahlar 22:8-10 ayələrində yazmışdır. Bizim eradan əvvəl 460-cı ildə və ya bu tarixə yaxın vaxtlarda isə bu hadisə barədə Ezra da xatırladır (2 Saln. 34:14-18). «İsrailin Allahı Rəbbin Musaya verdiyi Qanunu yaxşı bilən ilahiyyatçı» kimi Ezra buna e’tinasız yanaşa bilməzdi (Ezra 7:6). Şübhəsiz ki, Ezranın həmin vaxt üçün yazılmış İbranicə Müqəddəs Yazıların digər tumarlarına da əli çatırdı. Onların arasında, ehtimal ki, Allahdan ilham almış bə’zi yazıların orijinalları da mövcud idi. Görünür ki, Ezra Müqəddəs Yazıların qorunmasına cavabdeh idi (Neh. 8:1, 2).
KÖÇÜRÜCÜLƏRİN ERASI
3 Vaxt ötdükcə İbranicə Müqəddəs Yazıların surətinə olan tələbat artırdı. Eramızdan əvvəl 537-ci ildə Yerusəlimin bərpası başlananda və sonrakı illər ərzində yəhudilərin hamısı vətənə qayıtmadılar. Minlərlə yəhudi Babildə qaldı, qalanları isə ticarətlə məşğul olmaq və ya başqa məqsədlərlə hərə bir yana dağıldı. Onları qədim dünyanın iri ticarət şəhərlərinin çoxunda görmək olardı. Yəhudilərin çoxu hər il Yerusəlimə müxtəlif dini bayramlara gedir və qədim ibrani dilində keçirilən dini ayinlərdə iştirak edirdilər. Ezranın günlərində uzaq torpaqlarda yaşayan yəhudilər yerli sinaqoqlardaa toplaşır və İbranicə Müqəddəs Yazıları oxuyub müzakirə edirdilər. Bu cür sinaqoqlar çox olduğu üçün köçürücülər daima yeni surətlərin üzərində işləməli olurdular.
4 Sinaqoqlarda adətən geniz adlanan xüsusi anbarlar olurdu. Əlyazmalar köhnələndə və ya cırılanda, onları genizlərə yığır və yeniləri ilə əvəz edirdilər. Hərdənbir genizdə saxlanılan əlyazmaları təntənəli surətdə torpağa basdırırdılar ki, Yehovanın müqəddəs adı olan mətnlər hansısa tərzdə murdarlanmasın. Beləliklə İbranicə Müqəddəs Yazılardan ibarət minlərlə qədim əlyazmalar izsiz olaraq itib-batmışdır. Lakin Köhnə Qahirənin sinaqoqundakı geniz bu aqibətdən qaça bilmiş və yaxşı vəziyyətdə qalmışdır, ehtimal ki, bu, oraya girişin bağlanmasının və oranın XIX əsrin ortalarına qədər unudulmasının sayəsində baş vermişdir. 1890-cı ildə sinaqoqun tə’miri zamanı genizin içindəkilər yenidən nəzərdən keçirilmiş, orada olan xəzinələr isə tədricən satılmış və ya ianə edilmişdir. Bu genizdən olan, demək olar ki, bütöv əlyazmalar və minlərlə ayrı-ayrı fraqmentlər (onlardan bə’ziləri eramızın VI əsrinə aid edilir) indi Kembric universitetinin kitabxanasında və Avropanın, eləcə də Amerikanın digər kitabxanalarında saxlanılır.
5 Bu gün bütün dünyanın kitabxanalarında İbranicə Müqəddəs Yazıların və ya onun ayrı-ayrı hissələrinin mətnindən ibarət 6 000 əlyazma vardır. Bu yaxınlaradək eramızın X əsrindən qabaq yazılmış (bir neçə fraqmenti istisna etməklə) əlyazma tapılmamışdır. Lakin 1947-ci ildə Ölü dəniz ərazisində «Yeşaya» kitabının tumarı tapılmışdı. Sonrakı illər ərzində, təxminən 1 900 il Ölü dəniz mağaralarında saxlanan başqa qiymətli əlyazmalar da işıq üzü gördü. Bə’zi əlyazmaların yazılma tarixini alimlər eramızdan əvvəlki dövrün son yüzilliklərinə aid edirlər. İbranicə Müqəddəs Yazıların təxminən 6 000 əlyazmasının müqayisəli analizi, İbranicə Müqəddəs Yazıların mətnini dəqiq müəyyən etməyə imkan yaradır və onun əsrlər ərzində dəqiq ötürüldüyünə şahidlik edir.
İBRANİ DİLİ
6 Bugünkü ibrani dilinin orijinal forması Adəmin Eden bağında danışdığı dil olmuşdur, buna görə də onu bütün bəşər nəslinin dili adlandırmaq olar. Geniş lüğət tərkibinə malik olan bu dildə Nuhun günlərində də danışırdılar. Bu dil daha inkişaf etmiş formada, Babil qülləsinin tikintisi zamanı Yehovanın dilləri qarışdırmasından sonra qorunub saxlanılan əsas dil oldu (Yar. 11:1, 7-9). İbrani dili semit dilləri qrupunun əsasını təşkil edir. Görünür İbrahimin dövründə Kən’an torpağında kən’anlıların müxtəlif ləhcələrini əmələ gətirən qohum dildə danışırdılar. Yeşaya 19:18 ayəsində bu dil «Kən’an dili» adlanır. Musa yalnız misirlilərin müdrikliyini deyil, həmçinin ulu babalarının danışdığı qədim ibrani dilini öyrənən bir alim idi. Bu səbəbdən, Musa əlinə düşən qədim sənədləri oxuya bilirdi, bunlar isə «Yaradılış» kitabının bə’zi hissələrinin yazılması üçün təməl kimi xidmət etmişdi.
7 Bir müddət sonra, yəhudi padşahlarının vaxtında, qədim ibrani dilini «Yəhudi dili» adlandırmağa başladılar (2 Pad. 18:26, 28). İsanın vaxtında qədim ibrani dilinin yenilənmiş, yə’ni genişlənmiş forması istifadə olunurdu və həmən dil sonradan ravvin ivrit dilinin əsasını təşkil etdi. Lakin qeyd etmək lazımdır ki, Yunanca Müqəddəs Yazılarda bu dil arami dili deyil, əvvəlki kimi «ibrani dili» adlanır (Yəh. 5:2; 19:13, 17; Həv. iş. 22:2; Vəhy 9:11). Qədim vaxtlardan Müqəddəs Kitabın yazıldığı ibrani dili Yehovanın bütün xidmətçilərini birləşdirmişdi: bu dili Yehovanın həm məsihçilikdən əvvəlki şahidlərinin əksəriyyəti, həm də I əsrin məsihçiləri başa düşürdü.
8 İbranicə Müqəddəs Yazılar başlanğıcını Allahdan götürmüş və Onun müqəddəs ruhunun rəhbərliyi altında bir yerə toplanmış həqiqətin büllurtək təmiz suları üçün «hövzə» kimi xidmət edirdi. Lakin həqiqətin müqəddəs sularını birbaşa bu «hövzədən» ancaq qədim ibrani dilində oxumağı bacaranlar çıxara bilirdi. Bəs Allahın rəhbərliyinə riayət etmək və canlarına rahatlıq tapmaq üçün çoxdilli xalqlardan olan insanlar həqiqət sularından necə ləzzət ala bilərdilər? (Vəhy 22:17). Yeganə üsul qədim ibrani dilindən başqa dillərə tərcümə etmək idi ki, bunun da nəticəsində Allahın həqiqətlərinin suları genişlənər və yer üzündə bütün insanlara çatardı. Biz həqiqətən də Yehova Allaha minnətdarıq ki, Müqəddəs Kitab eramızdan əvvəl təxminən IV-III əsrdən başlayaraq bizim günlərə kimi bütünlüklə və ya qismən 2 300-dən artıq dilə tərcümə olunub. Həqiqətin dəyərli sularından əsl mə’nada məmnunluq duyan saleh insanlar üçün bu necə də böyük xeyir-dua oldu! (Məz. 1:2; 37:3, 4).
9 Bəs Müqəddəs Kitabın özü onun mətnini başqa dillərə tərcümə etməyi qadağan etmirmi? Əlbəttə ki, yox! Axı «ey millətlər, Onun xalqı ilə bərabər sevinin!» kimi ilhamlanmış sözlər, həmçinin İsa Məsihin «Səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» peyğəmbərliyi yerinə yetməlidir. Müqəddəs Yazıların tərcüməsi olmasa, bu mümkün deyil. Müqəddəs Kitabın 24 əsrlik tərcümə tarixi Yehovanın bu fəaliyyətə xeyir-dua verdiyinə aydın şahidlik edir. Bundan əlavə, Müqəddəs Kitabın əlyazma halında qorunub saxlanılan qədim tərcümələri də İbranicə Müqəddəs Yazıların mətninin doğru olduğunu sübut edir (Qanun. 32:43; Mat. 24:14).
ERKƏN TƏRCÜMƏLƏR
10 Samariya Tövratı. Bu tərcümə qədim vaxtlardan mə’lumdur. Həmin kitaba İbranicə Müqəddəs Yazıların ancaq birinci beş kitabı daxildir. Əslində Samariya Tövratı — qədim ibrani mətninin qədim ibrani əlifbasından əmələ gələn samariya hərfləri ilə transliterasiyasıdır, buna da görə bu tərcümə həmin dövrün qədim ibrani mətnini müəyyən etməyə kömək edir. Transliterasiyanı samariyalılar — eramızdan əvvəl 740-cı ildə İsrailin onqəbiləli padşahlığının əsir götürülməsindən sonra Samariyada qalanların və aşşurluların oraya gətirdiyi xalqların nəsilləri etmişlər. Dinləri İsrail və bütpərəst ən’ənələrin qarışığından ibarət olan samariyalılar Tövratı qəbul edirdilər. Ehtimal edilir ki, Samariya Tövratı eramızdan əvvəl IV əsrdə meydana gəlib, bə’zi alimlər isə onun bir qədər sonradan, eramızdan əvvəl II əsrdə meydana gəldiyini bildirirlər. Samariyalılar öz mətnlərini oxuyanda, əslində sözləri qədim ibrani dilində tələffüz edirdilər. Samariya Tövratında qədim ibrani mətni ilə 6 000-ə yaxın variant var, lakin bu fərqlər çox da əhəmiyyətli deyildir. Bu tərcümənin bizə gəlib çatan bir neçə əlyazması eramızın XIII əsrinə qədər yazılıb. «Qeydlərlə Yeni Dünya Tərcüməsi»ndə (ing.) Samariya Tövratına istinad edilirb.
11 Arami tarqumları. Arami sözü olan tarqum tərcümədə «izah etmək» və ya «öz sözləri ilə demək» mə’nasını daşıyır. Nehemyanın günlərində arami dili Fars dövlətinin ərazisində yaşayan yəhudilər üçün ana dili olmuşdur, buna görə də İbranicə Müqəddəs Yazıların oxunması arami dilinə tərcümə ilə müşayiət olunmalı idi. Ehtimal ki, arami mətnlərinin tərcümələri tam formasını b. e. təxminən 5-ci əsrində almışdır. Tarqumlar qədim ibrani mətnlərinin dəqiq tərcüməsini deyil, sərbəst tələffüz formasını təqdim etsə də, İbranicə Müqəddəs Yazıların məzmunu haqqında olduqca geniş təsəvvür verir və bə’zi mübahisəli parçaları müəyyən etməyə kömək edir. «Müqəddəs Yazıların qeydlərlə Yeni Dünya Tərcüməsi»nin (ing.) haşiyələrində çox vaxt tarqumlardan sitat gətirilirc.
12 Yunanca Septuaqinta. İbranicə Müqəddəs Yazıların erkən tərcümələrindən ən qiymətlisi «yetmiş» mə’nasını daşıyan yunanca Septuaqintadır. Bu, qədim ibrani dilindən edilən tamamlanmış ilk yazılı tərcümədir. Hesab edilir ki, eramızdan əvvəl təxminən 280-ci ildə bu tərcümənin üzərində İsgəndəriyyəli (Misir) 72 yəhudi alimi işləməyə başlamışdır. Bir müddət keçdikdən sonra hansısa səbəbdən 70 rəqəmini xatırlatmağa başladılar, beləliklə də tərcümə «Septuaqinta» adlandı. Çox ehtimal ki, bu tərcümə eramızdan əvvəl II əsrdə başa çatdırılmışdır. Septuaqinta yunan dilində danışan yəhudilər üçün Müqəddəs Yazılar idi və ondan İsa Məsihin və onun həvarilərinin dövrünə qədər istifadə edirdilər. Yunanca Müqəddəs Yazılarda İbranicə Müqəddəs Yazılardan gətirilən 320 sitatın əksəriyyəti və təxminən 890 parça və onlara verilən haşiyələr Septuaqintaya əsaslanır.
13 Bizim günlərdə alimlərin ixtiyarında Septuaqintanın fraqmentlərindən ibarət çoxlu papiruslar var. Bu papiruslar erkən məsihçilərin vaxtına aid olduğu üçün çox yüksək qiymətləndirilir və məzmunlarının çox vaxt bir neçə ayə və fəsillərlə məhdudlaşmasına baxmayaraq, Septuaqintanın mətnini müəyyən etməyə kömək edir. Misirdə tapılan Fuad 266 papirusunu eramızdan əvvəl I əsrə aid edirlər. O özünə «Yaradılış» və «Qanunun təkrarı» kitablarını daxil edir. «Yaradılış» kitabının qorunub saxlanılan fraqmentlərində Allahın adına rast olunmur. Lakin «Qanunun təkrarı» kitabında kvadrat İbrani hərfləri ilə yazılan bu ad bir neçə yerdə xatırlanırd. Digər papiruslar eramızdan əvvəl təxminən VI əsrə aiddir. Bu vaxt artıq yazı üçün daha möhkəm materiallardan — yaxşı-yaxşı hazırlanmış buzov, keçi və ya qoyun dərisindən olan perqamentdən istifadə edirdilər.
14 Diqqətə layiq olan odur ki, Allahın adı tetraqrammaton formasında həm də Origenin Heksapla kimi tanınmış altı sütunlu Septuaqintasında rast olunur. Origen bu tərcüməni eramızın təxminən 245-ci ilində başa çatdırmışdır. Origen Septuaqintada Məzmur 2:2 ayəsinə şərh verərək qeyd etmişdir: «Ən dəqiq əlyazmalarda AD ibrani hərfləri ilə yazılmışdır, lakin bugünkü ibrani [hərfləri] ilə deyil, ən qədim ibrani hərfləri ilə»e. Dəlillər sübut edir ki, Septuaqintanın mətnində dəyişiklik edilmiş və tetraqrammatonun yerinə Kirios (Rəbb) və Teos (Allah) sözləri yazılmışdır. Erkən məsihçilər Allahın adının yazıldığı əlyazmalardan istifadə etdiklərinə görə, onların ibadət zamanı «ADI» çəkməmək kimi yəhudi ən’ənəsinə riayət etdiklərini ehtimal etməyə heç bir əsas yoxdur. Onlar çox güman ki, yunanca Septuaqintaya istinad edərək Yehovanın adı barədə şahidlik edirdilər.
15 Yunanca Septuaqintanın mətninə malik olan yüzlərlə perqament bizim günlərə qədər gəlib çatmışdır. Onlardan eramızın IV əsrindən IX əsrinə qədərki dövrə aid olan bə’ziləri İbranicə Müqəddəs Yazıların əksər hissəsinə malik olduqları üçün çox dəyərlidirlər. Onları unsial adlandırırlar, belə ki, onların bütün mətni ayrıca iri yazılmış baş hərflərlə yazılırdı. Qalan perqamentlər minuskul adını daşıyır, çünki onlar kiçik hərflərlə yazılmışdır. Minuskul şəklində olan məktubu IX əsrin əvvəlindən başlayaraq kitab çapının yaranmasına qədər geniş istifadə etmişlər. Eramızın IV-V əsrlərinin unsial əlyazmalarından ən tanınmışı Vatikan kodeksi 1209, Sinay kodeksi və İsgəndəriyyə kodeksidir. Onların hamısı özünə cüz’i dəyişiklikləri olan yunanca Septuaqintanı daxil edir. «Qeydlərlə Yeni Dünya Tərcüməsi»ndə (ing.) tez-tez Septuaqintaya istinad edilirf.
16 Latınca Vulqata. Bu tərcümə, onu qərbdəki xristian ölkələrinin bir çox dillərinə çevirən çoxsaylı katolik tərcüməçiləri üçün əsas mətn kimi xidmət edirdi. Vulqata necə meydana gəlmişdir? Latın sözü olan vulqatus «adi, hamı tərəfindən qəbul edilən» mə’nasını daşıyır. Lap başlanğıcdan Vulqata hamı tərəfindən qəbul edilən, yə’ni xalqın istifadə etdiyi latın dilində yazılmışdır, buna görə də Roma imperiyasının qərb tərəfində onu hətta adi insanlar belə başa düşürdü. Bu iş, əvvəllər «Zəbur» kitabının köhnə latın tərcüməsini yunanca Septuaqintadakı «Zəbur» ilə müqayisə edərək iki dəfə nəzərdən keçirən alim Yeronimə məxsusdur. Lakin o, Vulqatanın tərcüməsini birbaşa qədim ibrani və qədim yunan dillərində olan orijinalın mətnindən tərcümə etmiş, bununla da canını iki dəfə tərcümə etməkdən qurtarmışdı. Yeronim qədim ibrani dilindən latın dilinə tərcümənin üzərində eramızın 390-cı ilindən 405-ci ilinə qədər çalışmışdır. Vulqataya həmin vaxt üçün Septuaqintanın bir hissəsi olan apokriflər daxil olsa da, Yeronim onlarla kanonik kitablar arasında aydın fərq qoymuşdur. «Qeydlərlə Yeni Dünya Tərcüməsi»nin (ing.) haşiyələrində dəfələrlə Yeronimin Vulqatasına istinad edilirg.
İBRANİCƏ MƏTNLƏR
17 Soferimlər. Ezranın günlərindən başlayaraq İsa Məsihin günlərinə qədər İbranicə Müqəddəs Yazıların köçürülməsi ilə məşğul olan kişiləri din alimləri, yə’ni soferimlər adlandırırdılar ki, bu da mirzə mə’nasını daşıyırdı. Vaxt ötdükcə onlar özlərini çox sərbəst aparmağa və mətnə dəyişikliklər daxil etməyə başladılar. Məsihin özü, hüquqları olmadıqları halda hakimiyyəti əllərinə aldıqları üçün Qanunun bu riyakar mühafizəçilərini açıq şəkildə mühakimə edirdi (Mat. 23:2, 13).
18 Masora dəyişiklikləri aşkar edir. Məsihin dövründən yüzilliklər keçdikdən sonra soferimləri masoretlər kimi tanınan mirzələr əvəz etdi. Onlar soferimlər tərəfindən edilmiş əlavələri kitabın ağ yerlərində və ya İbranicə Müqəddəs Yazıların mətninin sonuna köçürməklə xüsusi tərzdə qeyd edirdilər. Kitabın ağ hissəsindəki bu cür qeydlər masora adlanmağa başlandı. Masorada əlavə nöqtəyə rast olunan 15 yerin siyahısı verilir; qədim ibrani mətnində soferimlər tərəfindən əlavə edilmiş 15 söz və ya ifadə nöqtə, yaxud da defislə işarə olunub. Bu işarələrdən bə’ziləri mətnin tərcüməsinə və ya başa düşülməsinə heç cür tə’sir göstərmir, digərləri isə vacib əhəmiyyət kəsb edir və onlardan çox şey asılıdırh. Yehovanın adını ucadan çəkməyə dair mövhumi qorxu ucbatından soferimlər mətnin 134 fraqmentində Onun adını Adonáy (Rəbb), bə’zi yerlərdə isə — Elohím (Allah) sözlərinə dəyişiblər. Bu dəyişikliklər masorada öz əksini tapıbi. Həmin masoraya əsasən, soferimlər və erkən mirzələr mətnə daxil edilmiş ən azı 18 düzəliş üçün də cavabdehdirlər, baxmayaraq ki, faktların sübut etdiyinə görə bu dəyişikliklər daha çox olubj. Onlar bu düzəlişləri, çox ehtimal ki, yaxşı niyyətlərlə etmişlər, çünki onların fikrinə görə, dəyişilmiş hissələrdən ibarət olan ilk mətnin tərkibində ya Allahın Özünə, ya da Onun yerdəki təmsilçilərinə qarşı hörmətsiz fikirlər vardı.
19 Samitlərdən ibarət olan mətn. İbrani əlifbasına 22 samit hərf daxildir, orada sait səslər yoxdur. İlk əvvəldən oxucu dil haqqındakı biliyindən irəli gələrək müstəqil surətdə sait səslər artırmalı olurdu. Demək olar ki, qədim ibrani mətnləri yalnız ixtisarlardan ibarətdir. Hətta müasir Azərbaycan dilində yalnız samit hərflərdən ibarət bir sıra standart ixtisarlar var, məsələn, «km» ixtisarının mə’nası kilometr deməkdir. Buna bənzər tərzdə qədim ibrani mətnində bütün sözlər ancaq samit hərflərdən ibarətdir. Buna görə də qədim ibrani mətnini «samitlərdən ibarət olan mətn» adlandırırlar. Qədim ibrani dilində olan əlyazmaların samitlərdən ibarət mətni eramızın I və II əsrləri arasında bütünlüklə formalaşmışdır, lakin bir müddət müxtəlif variantlardan ibarət olan əlyazmalar hələ də əldən-ələ gəzməyə davam edirdi. Soferimlərin dövründən fərqli olaraq, bu vaxt mətnə heç bir dəyişiklik daxil edilməmişdir.
20 Masoret mətni. Eramızın birinci minilliyinin ikinci yarısında masoretlər (qədim ibranicə baalé hammasorá, «ən’ənəni qoruyanlar» deməkdir) saitlənmə və tələffüz işarələrinin sistemini işləyib hazırladılar. Sait səslərin tələffüzü və oxunması zamanı bu qeydləri əldə rəhbər tuturdular və artıq əvvəllər olduğu kimi, düzgün tələffüz barədəki biliyi şifahi ən’ənə vasitəsilə çatdırmaq lazım gəlmirdi. Masoretlərin köçürdükləri mətnə heç bir dəyişiklik daxil etməyə ixtiyarları yox idi, lakin tələb olunan yerdə kitabın ağ yerlərində masorada qeydlər edirdilər. Onlar mətni dəyişməz olaraq saxlamaq üçün olduqca böyük sə’y göstərirdilər. Bundan əlavə, bu qədim mirzələr mübahisəli yerləri masorada xüsusi tərzdə qeyd edir və lazım bildikləri yerdə oxunuşun düzgün variantını göstərirdilər.
21 Samitlərdən ibarət mətn üçün saitlənmənin və tələffüz işarələri sisteminin hazırlanması ilə masoretlərin üç məktəbi məşğul olurdu: Babil, Fələstin və Tiberiya məktəbləri. Qədim ibrani mətninin müasir tənqidi nəşrlərində dərc olunan İbranicə Müqəddəs Yazıların mətni masoret mətni adlanır və onda Tiberiya məktəbinin sistemi istifadə olunur. Bu sistem Qalileya dənizinin qərb sahilində yerləşən Tiberiya şəhərinin masoretləri tərəfindən işlənib hazırlanmışdır. «Qeydlərlə Yeni Dünya Tərcüməsi»nin (ing.) haşiyələrində masoret mətnlərinə («M» işarəsi) və ağ yerlərdə masoret qeydlərinə, masora («Mmargin» işarəsi) çoxlu istinadlar edilirk.
22 Fələstin məktəbinin masoretləri saitlənmə işarələrini samitlərin üzərində yerləşdirirdilər. Bu cür saitlənmədən ibarət əlyazmaların yalnız kiçik sayı bizə gəlib çatmışdır. Bu onu göstərir ki, həmin sistemdə bir sıra nöqsanlar vardı. Babil sistemində də sətirüstü saitlənmədən istifadə edirdilər. Bu cür saitlənmənin istifadəsi ilə olan əlyazmanın nümunəsi Rusiyanın milli kitabxanasında (Sankt-Peterburq) saxlanan eramızın 916-cı ilinə aid edilən peyğəmbərlərin Peterburq kodeksidir. Bu kodeksə Yeşaya, Yeremya, Yezekel və sətirlərdə qeydləri olan «kiçik» peyğəmbərliklər, daha doğrusu, masora daxildir. Alimlər həmin əlyazmanı diqqətlə öyrənmiş və Tiberiya mətni ilə müqayisə etmişlər. Orada saitlənmənin sətirüstü işarələrindən istifadə olunmasına baxmayaraq, samitlərdən ibarət olan mətnə gəldikdə isə saitlənmə işarələri və masora Tiberiya mətnindən fərqlənmir. Britaniya muzeyində Tövratın Babil mətninin bir nüsxəsi saxlanılır, bu mətn isə Tiberiya mətni ilə oxşardır.
23 Ölü dəniz əlyazmaları. 1947-ci ildə qədim ibrani əlyazmaları tarixində yeni bir səhifə açıldı. Vadi Kumran (Nahal Kumran) ərazisində, Ölü dənizin yaxınlığında, Yeşayanın birinci əlyazması, həmçinin Müqəddəs Kitaba aid olan və olmayan digər əlyazmalar tapılmışdır. Bundan tezliklə sonra alimlər üçün Yeşayanın yaxşı qorunub saxlanmış əlyazmasının (1QIsa) bütöv fotosür’əti dərc edildi. Hesab edirlər ki, bu əlyazma b. e. ə. II əsrə aiddir. Bəli, həqiqətən də ağla gəlməyən bir tapıntıdır: bu, Yeşayanın bizə qədər gəlib çatmış hamı tərəfindən qəbul olunan ən qədim masoret mətnlərindən təxminən min il böyük olan qədim ibrani əlyazmasıdır!l Kumrandakı digər mağaralarda, özünə «Ester» kitabından başqa İbranicə Müqəddəs Yazıların bütün kitablarından parçalar daxil edən 170-dən artıq əlyazma gizlədilmişdir. Bu əlyazmalar bu günə qədər tədqiq edilir.
24 Bir alim xəbər verir ki, Ölü dəniz əlyazmalarına daxil olan ən vacib əlyazmalardan biri, Məzmurlar Əlyazmasından (11QPsa) ən uzunu olan 119-cu məzmurun tədqiqi sayəsində belə bir nəticəyə gəlib ki, bu məzmurun mətni sözbəsöz masoret mətninin sözlərinə uyğun gəlir. Məzmurlar Əlyazmasına dair professor J. A. Sanders qeyd etmişdir: «[Variantların] çoxu orfoqrafiya ilə bağlıdır və ancaq qədim ibrani dilinin fonetikası və buna bənzər digər məsələlərlə maraqlanan alimlər üçün maraq doğurur»a. Bu əhəmiyyətli kolleksiyadan olan qalan qədim əlyazmalarda elə ciddi fikir ayrılığı yoxdur. Yeşayanın əlyazmasına gəlincə isə, orada orfoqrafiyada və qrammatik quruluşda bə’zi fərqlərə rast gəlmək olar, lakin tə’limlərdə ziddiyyətlər yoxdur. «Yeni Dünya Tərcüməsi» hazırlanan zaman Yeşayanın dərc olunmuş əlyazmasının müxtəlif variantları tədqiq edilmiş və «Qeydlərlə Müqəddəs Kitab»da (ing.) həmin sənədə istinad edilirb.
25 Biz İbranicə Müqəddəs Yazıların — Samariya Tövratının, Arami Tarqumlarının, Yunanca Septuaqintanın, İbranicə Müqəddəs Yazıların Tiberiya, Fələstin və Babil mətnlərinin, həmçinin Ölü dəniz əlyazmalarının mətninin ötürülməsinə dair əsas üsullarını nəzərdən keçirdik. Həmin mətnlərin müqayisəli analizi bizim günlərə qədər gəlib çatmış İbranicə Müqəddəs Yazıların ilk əvvəldən Allahın ilhamı altında yazılan formasını qoruyub saxladığını təsdiq etməyə imkan verir.
İBRANİCƏ MÜQƏDDƏS YAZILARIN DÜZƏLDİLMİŞ MƏTNİ
26 Yakov ben Kaimin 1524-1525-ci illərdə çıxmış «Ravvin Müqəddəs Kitabı»nın 2-ci nəşri XIX əsrə qədər Müqəddəs Kitabın yəhudi dilində çap edilmiş standart nəşri hesab olunurdu. XVIII əsrə qədər alimlər İbranicə Müqəddəs Yazıların mətninin üzərində tənqidi tədqiqatlar aparmırdılar. 1776-1780-ci illərdə Oksforddan olan Bencamin Kennikott qədim ibrani əlyazmalarının 600-dən artıq variantlarını dərc etmişdir. Sonra, 1784-1798-ci illərdə Parmadan olan italyan alimi J. B. de Rossi tərəfindən hazırlanan daha 731 əlyazmanın müxtəlif variantları dərc olundu. Orijinalın mətni həm də alman gebraisti S. Ber tərəfindən dərc etdirmişdir. Dövrümüzə yaxın C. D. Ginsburq illər boyu davam edən tədqiqatlar nəticəsində İbranicə Müqəddəs Yazıların orijinal mətninə dair tənqidi nəşr hazırladı. Bu nəşr ilk dəfə 1894-cü ildə, yenidən baxılmış sonuncu nəşr isə 1926-cı ildə işıq üzü gördüc. Cosef Roterqam 1902-ci ildə çap olunan ingilis dilinə çevirdiyi Müqəddəs Kitab («The Emphasised Bible») üçün, Ginsburqun 1894-cü ildə dərc olunmuş mətnindən istifadə etmişdir. 1917-ci ildə İbranicə Müqəddəs Yazıları tərcümə edən Maks Marqolis və onun həmkarları həm Ginsburqun, həm də Berin mətnlərinə müraciət edirdilər.
27 1906-cı ildə gebraist Rudolf Kittel Almaniyada «Biblia Hebraica», yə’ni «Yəhudi Bibliyası» adlandırdığı İbranicə Müqəddəs Yazıların düzəldilmiş mətninin ilk nəşrini (sonradan isə ikinci nəşri də) çap etdirdi. Kittel o zamanlar mə’lum olan masoret mətninin bir çox qədim İbrani əlyazmalarının müqayisəsini tədqiq etmək üçün, öz əsərində təfsilatlı haşiyələrdə geniş material təqdim etmişdir. Kittel Yacov ben Kaimin qəbul olunmuş mətnini əsas mətn kimi götürmüşdür. Ben Aşerin eramızın təxminən X əsrində toplanan daha qədim və daha bütöv masoret əlyazmaları nəşr ediləndə, Kittel «Biblia Hebraica»nın üçüncü, tamamilə yeni nəşri üzərində işləməyə başladı. Bu əsər Kittelin ölümündən sonra onun həmkarları tərəfindən başa çatdırıldı.
28 İngilis dilində «Yeni Dünya Tərcüməsi»nin İbranicə Müqəddəs Yazıları üçün əsas mətn Kittelin «Biblia Hebraica»sının 7, 8 və 9-cu nəşrləri (1951-1955) olmuşdur. 1984-cü ildə buraxılan «Qeydlərlə Yeni Dünya Tərcüməsi»ndə (ing.) haşiyələrdə gətirilən mə’lumatlar 1977-ci ildə «Biblia Hebraica Stuttgartensia» adı altında dərc olunan İbranicə Müqəddəs Yazıların yeni mətninə əsasən təzələnmişdir.
29 Kittelin məsihçilikdən əvvəlki mirzələrin etdikləri çoxlu dəyişikliklərin əks olunduğu masorası sayəsində «Yeni Dünya Tərcüməsi» həm dəqiqliyi ilə, həm də Allahın Yehova adının bərpa edilməsi ilə fərqlənir. Bu tərcümədə Müqəddəs Kitab alimlərinin müasir elmi açılışları nəzərə alınır.
30 Bu dərsdə «Yeni Dünya Tərcüməsi»nin hazırlanması zamanı istifadə olunmuş İbranicə Müqəddəs Yazıların mətninin adlarını əks edən sxem göstərilir. Sxemdə əsas mənbə kimi götürülən Kittelin «Biblia Hebraica» əsərinin hazırlanmasına qədər İbranicə Müqəddəs Yazıların tarixi qısaca olaraq göstərilir. Tərcümə zamanı nəzərə alınan əlavə mənbələr ağ qırıq xətlərlə göstərilir. Onların arasında latınca Vulqata və yunanca Septuaqinta kimi tərcümələr göstərilir, lakin bu o demək deyil ki, tərcüməçilər onların orijinalına müraciət etmişlər. İlhamlanmış qədim yəhudi əlyazmaları kimi, bu tərcümələrin də orijinalları bizim günlərə gəlib çatmamışdır. Onların mətninin e’tibara layiq olan nəşrləri, həmçinin qədim doğru tərcümələr və tənqidi şərhlər mənbə kimi xidmət etmişdir. Belə çoxsaylı mənbələrə müraciət edərək «Yeni Dünya Tərcüməsi»nin Komitəsi Allahdan ilham almış İbranicə Müqəddəs Yazıların mətninin dəqiq və olduqca e’tibarlı tərcüməsini hazırlaya bilmişdir. Bu mənbələrin hamısı «Qeydlərlə Müqəddəs Kitab»ın (ing.) haşiyələrində göstərilir.
31 Beləliklə, İbranicə Müqəddəs Yazıların «Yeni Dünya Tərcüməsi» — Müqəddəs Kitabın çox illər ərzində tədqiq edilməsinin bəhrəsidir. Onlar, nəsildən-nəslə dürüstlüklə ötürən sadiq köçürücülərin sayəsində yüksək dəqiqliyi ilə fərqlənən mətndən tərcümə edilib. Bu tərcümə, Müqəddəs Kitabı dərindən tədqiq etmək üçün gözəl material təqdim edir: dəqiq və düzgün olmasıyla yanaşı təkrarolunmaz üsluba və rəvanlığa malikdir. Kəlamının bizim günlərdə də canlı və tə’sirli olduğu üçün Yehovaya necə də minnətdarıq! (İbr. 4:12). Qoy bütün səmimi insanlar imanlarını Allahın qiymətli Kəlamının üzərində qursunlar və belə gözəl bir vaxtda Yehovanın iradəsini yerinə yetirmək həvəsi ilə alışsınlar (2 Pet. 1:12, 13).
[16-cı səhifədə olan cədvəl]
«Yeni Dünya Tərcüməsi»nin əsas mənbələri. İbranicə Müqəddəs Yazılar
Qədim ibrani mətnləri və onların erkən tərcümələri
Ölü dəniz əlyazmaları
Arami tarqumları
Samariya Tövratı
Yunanca Septuaqinta
Samitsiz qədim ibrani mətnləri
Latınca Vulqata
Yunanca tərcümələr — Akila, Feodotion Simmax
Suriya Peşittası
Köhnə Latın tərcüməsi
Kopt, həbəş, erməni tərcümələri
Masoret mətni
Ginsburqun qədim ibrani mətni
Qahirə kodeksi
Leninqrad kodeksi B 19A
Hələb kodeksi
Peyğəmbərlərin Peterburq kodeksi
Biblia Hebraica (BHK), Biblia Hebraica Stuttgartensia (BHS)
«Yeni Dünya Tərcüməsi» İngilis dilində İbranicə Müqəddəs Yazılar; ingilis dilindən bir çox müasir dillərə edilən tərcümələr
[17-ci səhifədə olan cədvəl]
«Yeni Dünya Tərcüməsi»nin əsas mənbələri. Yunanca Müqəddəs Yazılar
Qədim yunan mətnləri və onların erkən tərcümələri
Köhnə latın tərcüməsi
Latınca Vulqata
Sikstinin və Klimentinin düzəldilmiş Latın mətnləri
Kopt tərcümələri
Suriya tərcümələri — Kürton əlyazması, Filokseniya, Herakliy, Fələstin, Sinay, Peşitta
Erməni tərcüməsi
Yunanca minuskul əlyazmalar
Rotterdamlı Erazmın mətni
Stefanın mətni
Textus Reseptus (hamı tərəfindən qəbul olunmuş mətn)
Grisbaxın yunan mətni
«Emfetik Dayaqlott»
Qədim yunan unsial əlyazmaları — Vatikan kodeksi 1209 (B), Sinay kodeksi (א), İsgəndəriyyə kodeksi (A), Efremin kodeksi (C), Beza kodeksi (D)
Papiruslar — (məsələn, Çester Bittinin P45, P46, P47; Bodmerin P66, P74, P75)
Vestkottun və Xortun yunanca mətni
Boverin yunanca mətni
Merkin yunanca mətni
Nestle-Alandın yunanca mətni
Birləşmiş Müqəddəs Kitab Təşkilatının yunanca mətni
Ya yunan, ya da Latınca Vulqatanın mətnindən Allahın adının Tetraqrammaton şəklində istifadə edilməsi ilə yerinə yetirilən 23 ibrani tərcüməsi (XIV-XX əsrlər)
«Yeni Dünya Tərcüməsi» İngilis dilində Yunanca Müqəddəs Yazılar; ingilis dilindən bir çox başqa müasir dillərə edilmiş tərcümələr
[20-ci səhifədə olan cədvəl]
ƏN ƏHƏMİYYƏTLİ PAPİRUSLAR
(Nəşrin özündə baxın)
[21-ci səhifədə olan cədvəl]
ƏN ƏHƏMİYYƏTLİ PERQAMENTLƏR
(Nəşrin özündə baxın)
[Haşiyələr]
a İlk sinaqoqların məhz nə vaxt yarandığı dəqiq mə’lum deyil. Ehtimal edirlər ki, bu, Babildəki 70 illik sürgün zamanı mə’bədin olmadığı vaxtda, ya da ki, Ezranın günlərində, əsirlikdən qayıtdıqdan tez sonra olub.
b Yaradılış 4:8; Çıxış 6:2; 7:9; 8:15 və 12:40 ayələrinə verilmiş haşiyələrdə «Sam» göstəricisinə baxın. Bu haşiyələrdən sonuncusu Qalatiyalılara 3:17 ayəsinin mə’nasını açıqlayır.
c Saylar 24:17; Qanunun təkrarı 33:13 və Məzmur 100:3 ayələrinin haşiyələrindəki «T» göstəricisinə baxın.
d «Yunanca Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ndə (rus.) «Allahın adının Yunanca Müqəddəs Yazılara köçürülməsi» adlı 1 saylı əlavəyə, həmçinin «Qeydlərlə Müqəddəs Yazılar»da (ing.) «Allahın adı qədim yunan tərcümələrində» adlı 1C əlavəsinə baxın.
e «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 9, (ing.).
f «Qeydlərlə Yeni Dünya Tərcüməsi»ndə LXXא — Sinay kodeksinin, LXXA — İsgəndəriyyə kodeksinin, LXXB isə, Vatikan kodeksinin işarəsidir. 1 Padşahlar 14:2 və 1 Salnamələr 7:34; 12:19 ayələrinə verilən haşiyələrə baxın.
g Çıxış 37:6 ayəsinə verilən haşiyədə «Vg» göstəricisinə baxın.
h «Qeydlərlə Müqəddəs Yazılar» (ing.), 2A əlavəsi, «Əlavə nöqtələr».
i «Qeydlərlə Müqəddəs Yazılar» (ing.), 1B əlavəsi, «Allahın adına dair mirzələr tərəfindən daxil edilmiş dəyişikliklər».
j «Qeydlərlə Müqəddəs Yazılar» (ing.), 2B əlavəsi, «Soferimlərin etdikləri düzəlişlər».
k Məzmur 60:5; 71:20; 100:3 və 119:79 ayələrinə verilən haşiyələrə baxın.
l «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 322, (ing.).
a The Dead Sea Psalms Scroll, 1967, J. A. Sanders, s. 15.
b Yeşaya 7:1; 14:4 ayələrinə verilən haşiyədə «1QIsa» göstəricisinə baxın.
c «Qeydlərlə Müqəddəs Kitab»da (ing.) Levililər 11:42 ayəsinə verilən haşiyədəki «Gins» işarəsinə baxın.