-
Allah səni Özü ilə dost olmağa çağırırSən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 1
Allah səni özü ilə dost olmağa çağırır
Allah istəyir ki, sən Onun dostu olasan. Kainatda ən böyük Şəxsiyyətin dostu olmaq barəsində heç düşünmüsən? Qədimdə yaşamış İbrahimə Allahın dostu deyilirdi (Yaqub 2:23). Müqəddəs Kitabda Allahla dostluq etmiş və bolluca xeyir-dua almış başqa adamlardan da danışılır. Bu gün dünyanın hər yerində insanlar Allahla dostlaşırlar. Sən də Allahın dostu ola bilərsən.
Allahla dostluq, hər hansı bir adamla dostluqdan qat-qat yaxşıdır. Allah heç vaxt vəfalı dostlarının ürəyini sındırmır (Zəbur 18:25). Allahın dostu olmaq dövlətli olmaqdan qat-qat yaxşıdır. Varlı adam öləndə onun var-dövləti başqalarına qalır. Amma Allahla dostluq elə bir sərvətdir ki, onu heç kim əlimizdən ala bilməz (Mətta 6:19).
Bəzi adamlar Allah haqqında öyrənməyinə mane olmağa çalışacaqlar. Onların arasında hətta qohumların və yaxın dostların ola bilər (Mətta 10:36, 37). Kimsə sənə lağ edəndə və ya hədə-qorxu gələndə özündən soruş: mən kimi razı salmaq istəyirəm — Allahı, yoxsa insanları? Bir düşün: əgər kimsə sənə «yemək yemə» desə, ona qulaq asardın? Sözsüz ki, yox! Yaşamaq üçün sənə qida lazımdır. Allah isə sənə əbədi həyat verə bilər! Buna görə də Allahla dostlaşmağına kimsənin mane olmasına yol vermə (Yəhya 17:3).
-
-
Allah ən yaxşı dostdurSən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 2
Allah ən yaxşı dostdur
Dünyada Allahla dostluqdan yaxşı şey yoxdur. Allah sənə xoşbəxt və dinc yaşamağı öyrədəcək. Səni yanlış inanclardan və zərərli adətlərdən xilas edəcək. O sənin dualarını dinləyəcək. Sənə daxili rahatlıq və arxayınlıq tapmağa kömək edəcək (Zəbur 71:5; 73:28). Çətinliyə düşəndə Allah sənə dayaq olacaq (Zəbur 18:18). Bunlardan əlavə, Allah sənə əbədi yaşamağı təklif edir (Romalılara 6:23).
Allaha yaxınlaşdıqca Onun dostları ilə də yaxından tanış olacaqsan. Onlar səninlə də dost olacaqlar. Əslində bu adamlar sənə bacı və qardaş kimi olacaqlar. Onlar məmnuniyyətlə sənə Allah haqqında danışacaq, kömək edəcək və dayaq olacaqlar.
Biz Allaha tən deyilik. Allahla dost olmaq üçün bir həqiqəti başa düşmək vacibdir. Allahla dostluq bir-birinə tay şəxslərin dostluğu deyil. Allah bizdən olduqca böyük, müdrik və çox-çox güclüdür. O bizim qanuni Hökmdarımızdır. Buna görə də Allahın dostu olmaq istəyiriksə, Ona qulaq asmalı və Onun dediklərinə əməl etməliyik. Bu həmişə bizim xeyrimizədir (Əşiya 48:18).
-
-
Allah haqqında öyrənmək lazımdırSən Allahın dostu ola bilərsən!
-
-
DƏRS 3
Allah haqqında öyrənmək lazımdır
Allahın dostu olmaq üçün sənə Onun haqqında bilik almaq lazımdır. Dostların sənin adını bilirlər? Onlar səni adınla çağırırlar? Əlbəttə. Allah da istəyir ki, sən Onun adını bilib, Onu adı ilə çağırasan. Allahın adı Yehovadır (Zəbur 83:18; Mətta 6:9). Sən Onun nəyi xoşlayıb-xoşlamadığını bilməlisən. Həm də Onun dostlarını və düşmənlərini tanımalısan. Bir şəxsi tanımaq üçün vaxt lazımdır. Müqəddəs Kitabda deyilir ki, Allahla tanış olmaq üçün vaxt ayırmaq ağıllı işdir (Efeslilərə 5:15, 16).
Allahın dostları Onun xoşladığı işləri görürlər. Dostlarını yadına sal. Əgər onlarla pis davransan və ya onların xoşlamadığı bir işi görsən səninlə dostluq edəcəklər? Əlbəttə ki, yox! Əgər Allahın dostu olmaq istəyirsənsə, Onun xoşladığı işləri görməlisən (Yəhya 4:24).
Bütün dinlər Allahla dostluğa aparmır. Allahın ən yaxın dostu olan İsa iki cür yoldan danışmışdı. Bunlardan biri geniş yoldur və orada çoxlu adam var. Bu yol məhvə aparır. Digəri isə ensiz yoldur və həmin yolla az adam gedir. Dar yol əbədi həyat yoludur. Bu o deməkdir ki, əgər Allahın dostu olmaq istəyirsənsə, Ona düzgün ibadət etməyi öyrənməlisən (Mətta 7:13, 14).
-