Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bt fəs. 8 s. 60—67
  • «Yığıncaq üçün əmin-amanlıq dövrü başlandı»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Yığıncaq üçün əmin-amanlıq dövrü başlandı»
  • Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Başlıqlar
  • Oxşar material
  • «Məni niyə təqib edirsən?» (Həvarilərin işləri 9:1—5)
  • «Şaul, qardaş,.. Ağamız İsa məni sənin yanına göndərdi» (Həvarilərin işləri 9:6—17)
  • O, «İsa haqqında... təbliğ etməyə başladı» (Həvarilərin işləri 9:18—30)
  • «Xeyli adam... iman gətirdi» (Həvarilərin işləri 9:31—43)
  • İsa Məsih Şaulu həvari seçir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Dəməşqə gedən yolda
    Müqəddəs Kitab hekayələri
  • Pislik edənlər dəyişə bilərlər?
    Böyük Müəllimdən öyrən
  • «İtaət etmək qurbandan... daha yaxşıdır»
    Gözətçi qülləsi 2011
Əlavə
Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
bt fəs. 8 s. 60—67

FƏSİL 8

«Yığıncaq üçün əmin-amanlıq dövrü başlandı»

Amansız təqibçi Şaul çalışqan təbliğçi olur

Həvarilərin işləri 9:1—43

1, 2. Şaul Dəməşqdə nə etmək niyyətində idi?

ÜZLƏRİNDƏN qəzəb yağan yolçular Dəməşqə yaxınlaşır. Orada onlar qəddar bir planı həyata keçirmək istəyirlər. Onlar İsanın camaatın nifrətinə tuş gəlmiş şagirdlərini evlərindən çıxaracaq, əl-qollarını bağlayıb alçaldacaq və Sinedrion tərəfindən cəzalandırılmaları üçün Yerusəlimə aparacaqlar.

2 Bu dəstəyə əli qana bulaşmış Şaul adlı bir nəfər başçılıq edira. Bu yaxınlarda o, dini fanatiklərin İsanın sadiq şagirdi Stefanı daşlayıb öldürdüklərini məmnunluqla müşahidə etmişdi (Həv. 7:57—8:1). İsanın Yerusəlimdə yaşayan davamçılarını təqib etməklə kifayətlənməyib Şaul təqib alovunu başqa yerlərə də yaymağa hazırlaşır. O, «Yol» kimi tanınan bu təhlükəli təriqətin kökünü kəsmək istəyir. (Həv. 9:1, 2; «Şaulun Dəməşqlə bağlı aldığı səlahiyyət» adlı çərçivəyə bax.)

3, 4. a) Şaulun başına nə gəldi? b) Bu fəsildə hansı sualları müzakirə edəcəyik?

3 Qəflətən gur işıq Şaulun ətrafını işıqlandırdı. Onun yanındakılar işığı görəndə heyrətdən donub qaldılar. Şaulun gözləri tutuldu və o, yerə yıxıldı. Göydən bir səs gəldi: «Şaul, Şaul, məni niyə təqib edirsən?» Duruxub qalan Şaul soruşdu: «Ağa, sən kimsən?» Yəqin aldığı cavab Şaulun ürəyinə xəncər kimi batdı: «Mən sənin təqib etdiyin İsayam» (Həv. 9:3—5; 22:9).

4 İsanın Şaula dediyi ilk sözlərdən nə məlum olur? Şaulun məsihiliyi qəbul etdiyi ərəfədə baş verən hadisələri araşdırmağın bizə hansı faydası dəyə bilər? Şaulun məsihi olmasından sonra yaranan əmin-amanlıq dövründə yığıncağın necə davranmasından özümüzə hansı dərsi götürə bilərik?

ŞAULUN DƏMƏŞQLƏ BAĞLI ALDIĞI SƏLAHİYYƏT

Şaul hansı ixtiyarla başqa ölkənin şəhərində məsihiləri həbs edə bilərdi? Sinedrionun və baş kahinin istənilən yerdə yaşayan bütün yəhudilərə səlahiyyəti çatırdı. Baş kahin, həmçinin başqa ölkənin cinayətkarı qaytarmasını tələb etmək iqtidarında idi. Beləliklə, baş kahindən olan məktublar Dəməşq şəhərindəki sinaqoqların ağsaqqallarını əməkdaşlıq etməyə vadar edəcəkdi (Həv. 9:1, 2).

Bundan başqa romalılar yəhudilərə öz məhkəmə işlərini idarə etməyə səlahiyyət vermişdi. Bu, yəhudilərin hansı ixtiyarla həvari Bulusa beş dəfə «qırxdan biri əskik olmaqla kötək» vurduqlarını başa düşməyə kömək edir (2 Kor. 11:24). Həmçinin 1 Makkaveylər kitabında Roma konsulunun eramızdan əvvəl 138-ci ildə Misirə, VIII Ptolomeyə yazdığı məktub xatırlanır. Orada deyilirdi: «Əgər təhlükəli adamlar öz ölkələrindən [Yəhudiyyədən] sənin ölkənə qaçıblarsa, onları baş kahin Şimona təhvil ver ki, onları öz qanunlarına uyğun olaraq cəzalandırsın» (1 Mak. 15:21). Eramızdan əvvəl 47-ci ildə Yuli Sezar özündən əvvəl baş kahinə verilən səlahiyyəti təsdiq etdi, üstəlik, ona yəhudi adət-ənənələri ətrafında qalxan mübahisəli məsələləri həll etmək ixtiyarı da verdi.

«Məni niyə təqib edirsən?» (Həvarilərin işləri 9:1—5)

5, 6. İsanın Şaula dediyi sözlərdən nə öyrənirik?

5 Dəməşqə gedən yolda Şaulu dayandıranda İsa ona: «Mənim şagirdlərimi niyə təqib edirsən?» — demədi. Əksinə, yuxarıda qeyd edildiyi kimi, «Məni niyə təqib edirsən?» — deyə soruşdu (Həv. 9:4). Bəli, İsa davamçılarının yaşadığı çətinliklərə öz çətinliyi kimi baxır (Mət. 25:34—40, 45).

6 Əgər Məsihə iman etdiyin üçün təqib olunursansa, əmin ol ki, həm Yehova, həm də İsa sənin nələr çəkdiyindən xəbərdardır (Mət. 10:22, 28—31). Yehova hal-hazırda sınağı aradan qaldırmaya bilər. Unutma, İsa Stefanın ölümündə Şaulun iştirak etdiyini, həmçinin onun Yerusəlimdəki sadiq şagirdləri evlərindən sürüyüb çıxardığını görürdü (Həv. 8:3). Lakin həmin vaxt o müdaxilə etmədi. Buna baxmayaraq, Yehova Məsih vasitəsilə Stefana və digər şagirdlərə sadiq qalmaları üçün güc verdi.

7. Təqiblərin qarşısında sınmamaq üçün nə etmək lazımdır?

7 Növbəti addımları atsan, sən də təqiblər qarşısında əyilməyəcəksən: 1) nə olursa-olsun, sadiq qalmağa qəti qərarlı ol; 2) Yehovadan kömək istə (Filip. 4:6, 7); 3) Qisası Yehovanın öhdəsinə burax (Rom. 12:17—21); 4) Əmin ol ki, Yehova sınağı aradan qaldırmağı lazım bilənəcən sənə kifayət qədər güc verəcək (Filip. 4:12, 13).

«Şaul, qardaş,.. Ağamız İsa məni sənin yanına göndərdi» (Həvarilərin işləri 9:6—17)

8, 9. Hənənya aldığı tapşırığın nədən ibarət olduğunu biləndə hansı hissləri keçirmişdi?

8 Şaulun: «Ağa, sən kimsən?» sualına cavab verdikdən sonra İsa ona dedi: «Dur, şəhərə get, nə etmək lazım olduğu orada sənə deyiləcək» (Həv. 9:6). Gözləri tutulan Şaulu Dəməşqə apardılar, orada o, üç gün oruc tutub dua etdi. Bu arada İsa Dəməşqdə yaşayan «bütün yəhudilərin rəğbətini qazanmış» Hənənya adlı şagirdə Şaul haqqında danışdı (Həv. 22:12).

9 Yəqin Hənənyanın hissləri bir-birinə qarışmışdı. Yığıncağın Başı olan dirilmiş İsa Məsih onunla şəxsən danışıb məhz ona xüsusi tapşırıq verdi. Hənənyaya böyük şərəf göstərilmişdi. Amma tapşırıq şərəfli olduğu qədər də çətin idi! İsa Hənənyaya Şaulla danışmağı tapşıranda o dedi: «Ağa, mən çoxlarından eşitmişəm ki, o, sənin Yerusəlimdəki müqəddəs xidmətçilərinə zülmlər edib. Burada da sənin adını çağıran hər kəsi həbs etmək üçün böyük kahinlərdən ixtiyar alıb» (Həv. 9:13, 14).

10. Hənənya ilə rəftarından İsa haqqında nə öyrənirik?

10 İsa hisslərini dilinə gətirdiyinə görə Hənənyanı məzəmmət etmədi. Amma nə etməli olduğunu ona aydın şəkildə bildirdi. Üstəlik, bu çətin tapşırığı nə üçün icra etməli olduğunu söyləyərək onun ləyaqətinə hörmətlə yanaşdı. İsa Şaul haqqında Hənənyaya dedi: «Bu adam adımı xalqlara, o cümlədən hökmdarlara və İsrail oğullarına bildirmək üçün seçdiyim alətdir. Adım uğrunda nələr çəkəcəyini ona göstərəcəyəm» (Həv. 9:15, 16). Hənənya dərhal İsanın sözünü yerinə yetirdi. Təqibçi Şaulu tapıb ona dedi: «Şaul, qardaş, bura gələrkən yolda sənə görünən Ağamız İsa məni sənin yanına göndərdi ki, gözlərin açılsın və sən müqəddəs ruhla dolasan» (Həv. 9:17).

11, 12. Şaulun məsihiliyi qəbul etməsi ilə bağlı hadisələrdən nə öyrənirik?

11 Şaulun məsihiliyi qəbul etməsi ilə əlaqədar baş verən hadisələr bir neçə faktı üzə çıxarır. Məsələn, İsa söz verdiyi kimi, təbliğ işinə fəal surətdə rəhbərlik edir (Mət. 28:20). Düzdür, o, bu gün heç bir insanla bilavasitə danışmır. Amma evindəki qulluqçuları üzərinə qoyduğu sadiq və ağıllı nökərin vasitəsilə təbliğ işinə rəhbərlik edir (Mət. 24:45—47). Rəhbərlik Şurasının göstərişi ilə təbliğçilər və öncüllər Məsih haqda daha çox öyrənmək istəyən insanları tapmaq üçün göndərilirlər. Ötən fəsildə qeyd olunduğu kimi, bu insanların çoxu Allahdan rəhbərlik istəmiş, sonra isə Yehovanın Şahidləri onlara baş çəkmişlər (Həv. 9:11).

12 Hənənya itaətkarlıq göstərərək tapşırığı yerinə yetirdi və nemətlər aldı. Bəs sən, hətta qorxsan belə, ətraflı şəhadət vermək əmrinə tabe olursan? Bəziləri ev-ev təbliğ etməyə və tanımadıqları adamlarla söhbət etməyə çəkinirlər. Başqaları üçün isə iş yerində, küçədə, yaxud telefon və ya məktub vasitəsilə təbliğ etmək çətindir. Hənənya ürəyindəki qorxunu dəf etdi, bunun da sayəsində Şaulun müqəddəs ruhu almasına kömək etmək kimi şərəfli işi yerinə yetirdib. Hənənya İsaya etibar etdiyi və Şaula qardaş gözü ilə baxdığı üçün tapşırığının öhdəsindən müvəffəqiyyətlə gəldi. Hənənya kimi biz də İsanın təbliğ işinə rəhbərlik etdiyini yadda saxlasaq, insanlara qarşı şəfqətli olsaq və hətta ən amansız adamlara da gələcək bacı-qardaşlarımız kimi baxsaq, ürəyimizdəki qorxu hissinə qalib gələ bilərik (Mət. 9:36).

O, «İsa haqqında... təbliğ etməyə başladı» (Həvarilərin işləri 9:18—30)

13, 14. Əgər Müqəddəs Kitabı öyrənir, amma hələ vəftiz olmamısansa, Şaulun nümunəsindən nə öyrənə bilərsən?

13 Şaul dərhal öyrəndiklərinə uyğun davrandı. Şəfa tapan kimi vəftiz oldu və Dəməşqdəki şagirdlərlə sıx ünsiyyət etməyə başladı. Amma bu hələ harasıdır? O, «vaxt itirmədən sinaqoqlarda İsa haqqında şəhadət verərək onun Allahın Oğlu olduğunu təbliğ etməyə başladı» (Həv. 9:20).

14 Əgər sən Müqəddəs Kitabı öyrənir, amma hələ vəftiz olmamısansa, Şaul kimi öyrəndiklərinə uyğun olaraq, qəti addımlar atacaqsanmı? Düzdür, Şaul Məsihin möcüzəsini öz üzərində hiss etmişdi və şübhəsiz, bu, onu hərəkətə təşviq etmişdi. Ancaq başqaları da İsanın etdiyi möcüzələrin şahidi olmuşdular. Məsələn, bəzi fərisilər İsanın əli qurumuş adama şəfa verməsini görmüşdü, eləcə də bir çox yəhudilər onun İlazəri ölülərdən diriltməsini eşitmişdi. Bununla belə, onların çoxu buna etinasız yanaşırdı, hətta bəziləri İsaya düşmən kəsilmişdi (Mark 3:1—6; Yəh. 12:9, 10). Amma onlardan fərqli olaraq, Şaul dəyişdi. Nə üçün o, xoş xəbərə hay verdi? Çünki Şaul insandan çox Allahdan qorxurdu və Məsihin ona göstərdiyi mərhəməti yüksək qiymətləndirirdi (Filip. 3:8). Eyni əhval-ruhiyyədə olsan, təbliğ etməyə və vəftiz olmağa sənə də heç nə mane olmayacaq.

15, 16. Şaul sinaqoqlarda nə edirdi və Dəməşqdəki yəhudilər onun çatdırdığı xəbərə necə hay verdilər?

15 Təsəvvür edə bilərsən, Şaul sinaqoqlarda İsa haqqında təbliğ etməyə başlayanda camaat arasında necə çaşqınlıq, təəccüb və hiddət baş qaldırdı? Onlar bir-birinə deyirdilər: «Məgər bu adam Yerusəlimdə İsanın adını çağıranlara göz verib, işıq verməyən adam deyil?» (Həv. 9:21). Şaul nəyə görə fikrini dəyişdiyini izah edərkən «İsanın Məsih olduğunu məntiqli surətdə sübut» edirdi (Həv. 9:22). Amma məntiq hər şeyi həll etmir. Adət-ənənə buxovunda olan hər zehni, qürurla zəncirlənən hər ürəyi tək məntiqlə azad etmək mümkün deyil. Lakin Bulus ümidini üzmürdü.

16 Üç il keçdikdən sonra Dəməşqdəki yəhudilər hələ də Şaula qarşı çıxırdılar. Axırda onu öldürmək qərarına gəldilər (Həv. 9:23; 2 Kor. 11:32, 33; Qal. 1:13—18). Onların sui-qəsd hazırladıqlarının üstü açılanda Şaul ehtiyatla davranıb şəhərdən çıxdı. Onu zənbildə şəhər divarındakı pəncərədən aşağı salladılar. Luka yazır ki, həmin gecə Şaula qaçmağa kömək edən adamlar «Şaulun şagirdləri» idi (Həv. 9:25). Bu sözlərdən belə nəticəyə gəlmək olar ki, Şaulu Dəməşqdə dinləyənlərdən heç olmasa bəziləri xoş xəbərə hay vermiş və Məsihin davamçısı olmuşdu.

17. a) İnsanlar Müqəddəs Kitab həqiqətlərinə necə hay verirlər? b) Biz bundan sonra da nə etməliyik və nə üçün?

17 İlk dəfə ailənə, dostlarına və başqalarına öyrəndiyin yaxşı şeylər haqqında danışanda yəqin ümid edirdin ki, Müqəddəs Kitabdakı məntiq danılmaz olduğu üçün hər kəs onu qəbul edəcək. Ola bilsin, bəziləri belə də davranmışdı, çoxları isə əksinə, onu rədd etmişdi. Bəlkə də ailənin bəzi üzvləri səninlə düşmən kimi rəftar etməyə başlamışlar (Mət. 10:32—38). Lakin Müqəddəs Kitabdan dəlillər gətirərək nəzakətlə söhbət etməyə çalışsan və özünü həmişə əsl məsihi kimi aparsan, hətta sənə qarşı çıxanların belə fikri dəyişə bilər (Həv. 17:2; 1 But. 2:12; 3:1, 2, 7).

18, 19. a) Barnəba nə zaman Şaula zamin durdu və bunun sayəsində nə mümkün oldu? b) Barnəba və Şauldan necə nümunə götürə bilərik?

18 Şaul Yerusəlimə gələndə məlum səbəblərə görə şagirdlər onun məsihiliyi qəbul etdiyinə inanmadılar. Amma Barnəba zamin duranda həvarilər onu qəbul etdilər, o da bir müddət onlarla qaldı (Həv. 9:26—28). Şaul ehtiyatlı idi, amma xoş xəbərdən utanmırdı (Rom. 1:16). O, bir zamanlar İsa Məsihin şagirdlərini amansızcasına təqib etdiyi Yerusəlimdə cəsarətlə təbliğ edirdi. Yerusəlimdəki yəhudilər tərəfdarlarının düşmən mövqeyə keçdiyini başa düşəndə dəhşətə gəldilər və onu öldürmək üçün fürsət axtarmağa başladılar. Müqəddəs Kitabda deyilir: «Qardaşlar bundan xəbər tutanda onu [Şaulu] Qeysəriyyəyə gətirib oradan Tarsa yola saldılar» (Həv. 9:30). Şaul İsanın yığıncaq vasitəsilə verdiyi göstərişi yerinə yetirdi. Bu həm Şaulun, həm də yığıncağın xeyrinə oldu.

19 Diqqət yetir ki, Şaula kömək etmək üçün Barnəba özü təşəbbüs göstərdi. Sözsüz ki, bu xeyirxah addım Yehovanın iki çalışqan xidmətçisi arasında möhkəm dostluğun təməlini qoydu. Sən də Barnəba kimi yığıncağın yeni üzvlərinə canla-başla kömək edir, onlarla təbliğə çıxır və ruhani cəhətdən inkişaf etmələrinə yardım göstərirsənmi? Əgər belədirsə, onda bol-bol nemətlər alacaqsan. Bəs əgər təzəcə təbliğçi olmusansa, Şauldan nümunə götürərək təklif olunan köməyi qəbul edirsənmi? Təcrübəli təbliğçilərlə əməkdaşlıq etməklə sən təbliğ etmək bacarığını yaxşılaşdıracaq, sevinc əldə edəcək və ömürlük dostlar tapacaqsan.

«Xeyli adam... iman gətirdi» (Həvarilərin işləri 9:31—43)

20, 21. Allahın xidmətçiləri keçmişdə əmin-amanlıq dövründən maksimum necə istifadə edirdilər və müasir dövrdə necə istifadə edirlər?

20 Şaulun məsihiliyi qəbul etməsindən və sağ-salamat Yerusəlimdən yola salınmasından sonra «bütün Yəhudiyyə, Cəlilə və Səməriyyədəki yığıncaq üçün əmin-amanlıq dövrü başlandı» (Həv. 9:31). Şagirdlər yaranan bu əlverişli vaxtdan necə istifadə etdilər? (2 Tim. 4:2). Müqəddəs Kitabda deyilir ki, onlar möhkəmlənirdi. Həvarilər və digər məsul qardaşlar şagirdlərin imanını möhkəmləndirir və «Yehova Allahın qorxusu və müqəddəs ruhun təsəllisi ilə» yaşayan yığıncağa rəhbərlik edirdilər. Məsələn, Butrus fürsətdən istifadə edib Şaron düzündə yerləşən Lidda şəhərindəki şagirdləri ruhlandırırdı. Onun səyi nəticəsində həmin ərazidə yaşayan bir çoxları «Ağaya iman gətirdi» (Həv. 9:32—35). Şagirdlərin fikri başqa şeylərə yayınmırdı, əksinə, onlar bir-birilərinin qayğısına qalır və xoş xəbəri təbliğ edirdilər. Bunun sayəsində yığıncaq böyüyürdü.

21 İyirminci əsrin sonlarına yaxın bir çox ölkələrdə Yehovanın Şahidləri üçün «əmin-amanlıq dövrü» başlandı. Allahın xalqını sıxışdıran siyasi quruluşlar bir göz qırpımında dağıldı və qadağalar qismən və ya tamamilə aradan qaldırıldı. On minlərlə Yehovanın Şahidi fürsətdən istifadə edib açıq surətdə təbliğ etməyə başladı və bu, çox gözəl nəticələr gətirdi.

22. Malik olduğun azadlıqdan maksimum dərəcədə necə istifadə edə bilərsən?

22 Sən də malik olduğun azadlıqdan tam şəkildə istifadə edirsənmi? Əgər yaşadığın ölkədə din azaddırsa, o zaman Şeytan səni Padşahlığın maraqlarını bir kənara qoyub var-dövlət dalınca qaçmağa təhrik etmək istəyəcək (Mət. 13:22). Qoyma diqqətin başqa şeylərə yayınsın. Malik olduğun nisbətən əmin-amanlıq dövründən səmərəli istifadə et. Buna şahidlik etmək və yığıncağı möhkəmləndirmək üçün bir fürsət kimi bax. Unutma, vəziyyət gözlənilmədən dəyişə bilər.

23, 24. a) Tabitənin hadisəsindən nə öyrənirik? b) Nəyə qəti qərarlı olmalıyıq?

23 Gəl Tabitə, yaxud Dorka adlı bir şagirdlə baş verənlərə nəzər salaq. O, Liddanın yaxınlığında yerləşən Yaffa şəhərində yaşayırdı. Bu sadiq bacı vaxtından və əmlakından düzgün istifadə edirdi, o, «çox xeyirxah idi və kasıblara həmişə əl tuturdu». Bir dəfə o, qəfildən xəstələndi və öldüc. Yaffadakı şagirdlər, xüsusi ilə də Tabitənin yaxşılıq etdiyi dul qadınlar onun ölümünü böyük kədərlə qarşıladılar. Butrus onun cəsədinin dəfn üçün hazırlandığı evə gələndə, İsa Məsihin həvariləri arasında o vaxtadək görünməmiş bir möcüzə göstərdi. O dua edib Tabitəni diriltdi! Butrus dul qadınları və digər şagirdləri otağa çağırıb dirilmiş Tabitəni göstərəndə onların necə sevindiyini təsəvvür edə bilərsənmi? Yəqin bütün baş verənlər qarşıdakı sınaqlara tab gətirmək üçün onları çox möhkəmləndirdi. Təbii ki, möcüzə haqda «xəbər bütün Yaffaya yayıldı və xeyli adam Ağaya iman gətirdi» (Həv. 9:36—42).

Bir bacı yaşlı və xəstə bacıya gül verir.

Tabitədən necə nümunə götürə bilərsən?

24 Tabitənin başına gələn bu hadisədən iki vacib şeyi öyrənirik. 1) İnsan bu gün var, sabah yoxdur. Buna görə də əlimizdə imkan var ikən Allahın yanında yaxşı ad qazanmaq necə də vacibdir! (Vaiz 7:1). 2) Dirilmə ümidi xəyal deyil. Tabitənin etdiyi çoxlu xeyirxah işlər Yehovanın nəzərindən qaçmırdı, buna görə də Yehova onu mükafatlandırdı. O bizim də əməyimizi unutmayacaq və əgər Armageddondan əvvəl gözlərimizi həyata yumsaq, bizi dirildəcək (İbr. 6:10). Beləliklə, «əlverişli» və ya «çətin vaxtda» yaşamağımızdan asılı olmayaraq, gəl mətanətlə Məsih haqqında əsaslı surətdə şahidlik edək (2 Tim. 4:2).

FƏRİSİ ŞAUL

«Həvarilərin işləri» kitabında Stefanı daşlayarkən peyda olan Şaul adlı cavan Tarsdan idi. Tars Romanın Kilikiya əyalətinin paytaxtı idi. O, hal-hazırda Türkiyənin cənubunda yerləşir (Həv. 7:58). Həmin şəhərdə böyük yəhudi icması var idi. Öz yazılarına əsasən, Şaul «səkkizinci gündə sünnət [edilmiş],.. İsrail xalqından, Binyamin qəbiləsindən, ibrani valideynlərdən dünyaya gəlmiş bir [ibrani],.. Qanuna gəldikdə fərisi» idi. Belə nəsil şəcərəsinə aid olmaq yəhudilər arasında böyük şərəf hesab olunurdu (Filip. 3:5).

Fərisi Şaul.

Şaulun evi böyük, yunan mədəniyyətinin mərkəzi olan ticarət şəhərində yerləşirdi. Tarsda böyüyüb boya-başa çatan Şaul yunan dilini bilirdi. Ehtimal ki, o, ilk təhsilini yəhudi məktəbində almışdı. Şaul öz ərazisinə xas olan çadır düzəltmək peşəsinə də yiyələnmişdi. Çox güman ki, bu sənəti hələ gənc ikən atasından öyrənmişdi (Həv. 18:2, 3).

Həmçinin «Həvarilərin işləri» kitabından öyrənirik ki, Şaul Roma vətəndaşı olub (Həv. 22:25—28). Bu o deməkdir ki, onun nəslindən kimsə vaxtilə Roma vətəndaşlığını əldə edib. Şaulun ailəsinin hansı yolla bu vətəndaşlığı alması məlum deyil. Hər necə olsa da, bu üstünlüyə malik olmaqla onun ailəsi cəmiyyətin kübar təbəqəsinə daxil olmuşdu. Öz mənşəyi və təhsili sayəsində Şaul üç müxtəlif mədəniyyətlə — yəhudi, yunan və Roma mədəniyyəti ilə yaxşı tanış idi.

Ehtimal ki, təxminən 13 yaşı olanda o, təhsilini davam etdirmək üçün evlərindən 840 kilometr aralıda yerləşən Yerusəlimə köçdü. Həmin şəhərdə Şaul fərisi təlimlərini öyrədən böyük hörmət sahibi Qəmlailin yanında təhsil almışdı (Həv. 22:3).

Müasir universitet təhsilinə bərabər olan bu əlavə təhsil özünə həm Müqəddəs Yazıları, həm də yəhudilərin şifahi qanununu əzbərləməyi daxil edirdi. Qəmlailin bacarıqlı tələbəsinin qarşısında gözəl imkanlar açılırdı və görünür, Şaul məhz belə tələbə olmuşdu. Çünki sonralar o yazmışdı: «Mən əcdadlarımızın adətlərinin qızğın təəssübkeşi idim, yəhudi məzhəbində soydaşlarım arasında bir çox həmyaşıdımdan xeyli qabağa getmişdim» (Qal. 1:14). Əlbəttə, yəhudi adətlərinin qızğın təəssübkeşi olması Şaulun yeni yaranan məsihi yığıncağını amansızcasına təqib etməsinə səbəb oldu.

TABİTƏ ÇOX XEYİRXAH İDİ

Tabitə ondan imdad diləyən kəsə hədiyyə verir.

Tabitə liman şəhəri Yaffadakı məsihi yığıncağının üzvü idi. «Bu qadın çox xeyirxah idi və kasıblara həmişə əl tuturdu». Ona görə də dindaşları onu çox sevirdi (Həv. 9:36). Yəhudi və qeyri-yəhudilərin qarışıq yaşadığı ərazilərdəki bir çox yəhudilər kimi, Tabitənin də iki adı var idi: biri yəhudi və ya arami, digəri yunan, yaxud latın. Onun yunan adı Dorka, arami adı Tabitə idi. Hər iki adın mənası «ceyran» deməkdir.

Günlərin bir günü Tabitə xəstələndi və gözlənilmədən öldü. Adət üzrə onu yuyub dəfnə hazırladılar. Cəsədi, ehtimal ki, onun öz evinin üst mərtəbəsində bir otağa qoydular. Orta şərqdə havalar isti keçdiyindən ölünü ya ölən günü, ya da səhəri günü dəfn edirdilər. Yaffadakı məsihilər həvari Butrusun yaxınlıqdakı Lidda şəhərində olduğundan xəbər tutmuşdular. Tabitə dəfn olunana kimi Butrusun özünü Yaffaya çatdırması üçün kifayət qədər vaxt var idi. Belə ki, bu şəhərlərin arasındakı məsafə cəmi 18 kilometr, piyada təxminən dörd saatlıq yol idi. Buna görə də yığıncaq Butrusun dalınca iki nəfər göndərib ondan yubanmadan gəlməyi xahiş etdi (Həv. 9:37, 38). Buna dair bir alim demişdi: «Erkən İudaizmdə qasidləri iki-iki göndərmək adi hal idi. Səbəblərdən biri o idi ki, biri digərinin sözünü təsdiq etsin».

Butrus gəlib çıxanda nə oldu? Müqəddəs Kitabda deyilir: «Onu üst mərtəbədəki otağa apardılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Butrusun yanına gəldilər, Tabitənin sağlığında tikdiyi pal-paltarları ona göstərdilər» (Həv. 9:39). Tabitəni yığıncağın üzvlərinə sevdirən səbəblərdən biri o idi ki, bu xeyirxah bacı həmişə onlar üçün paltar tikirdi. O, çılpaq bədənə geyilən tunika və onun üstündən geyilən bürüncək və ya xalat tikirdi. Müqəddəs Kitabda deyilmir ki, parçanı da Tabitənin özü alırdı, yoxsa yalnız tikirdi. Hər necə olursa olsun, xeyirxahlığına və kasıblara həmişə əl tutduğuna görə onu sevirdilər.

Ehtimal ki, üst mərtəbədə gördükləri Butrusun ürəyini riqqətə gətirdi. Alim Riçard Lenskinin sözlərinə görə, «buradakı ağlaşma Yairin evindəki pulla tutulmuş şivən salan, ağı deyən qadınların və ney çalanların qurduğu ağlaşmaya bənzəmirdi. Bu ağlaşma oradakı kimi süni deyildi» (Mət. 9:23). Onlar ürəkləri yandığından ağlayırdılar. Müqəddəs Kitabda Tabitənin əri haqda heç nə deyilmədiyi üçün çoxları belə qənaətə gəlir ki, o, subay idi.

İsa həvarilərinə tapşırıq verəndə onlara ölüləri diriltmək üçün güc də vermişdi (Mət. 10:8). Butrus İsanın bu cür möcüzələr etdiyini, məsələn, Yairin qızını diriltdiyini görmüşdü, lakin Müqəddəs Kitabda bu hadisəyə qədər hansısa həvarinin kimisə diriltdiyi haqda heç bir məlumat yoxdur (Mark 5:21—24, 35—43). Butrus camaatı otaqdan çıxarıb ürəkdən dua etdi. Bundan sonra Tabitə gözlərini açıb oturdu. Butrus hamının sevimli bacısı olan Tabitəni dirildib dul qadınlara və qardaşlara göstərəndə, yəqin ki, yaffalı məsihilərin sevinci yerə-göyə sığmırdı! (Həv. 9:40—42).

a «Fərisi Şaul» adlı çərçivəyə bax.

b Adətən, müqəddəs ruhun ənamları həvarilər vasitəsilə verilirdi. Bu dəfə isə həmişəkindən fərqli olaraq, görünür, İsa Şaula ənamlar ötürmək üçün Hənənyaya səlahiyyət vermişdi. Məsihi olandan sonra Şaul xeyli vaxt 12 həvari ilə təmasda olmadı. Buna baxmayaraq, həmin müddət ərzində, çox güman ki, o, məsihi işlərilə məşğul olurdu. Beləliklə, görünür, İsa qayğı göstərdi ki, təbliğ işini yerinə yetirmək üçün Şaulun kifayət qədər gücü olsun.

c «Tabitə çox xeyirxah idi» adlı çərçivəyə bax.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş