Oxunması lazım olan kitab
“Müqəddəs Kitabı ciddi qəbul etmək lazım deyil”. Bu sözləri, gənc qadınla söhbətində universitet professoru söylədi.
Qadın soruşdu: “Siz Müqəddəs Kitabı nə vaxtsa oxumusunuzmu?”
Pərt olan professor, oxumadığını e’tiraf etməli oldu.
“Ömrünüzdə oxumadığınız bir kitab haqqında bu cür qəti fikri necə söyləyirsiniz?”
Qadın haqlı idi. Professor Müqəddəs Kitabı oxuduqdan sonra, onun haqqında mülahizə yürütmək qərarına gəldi.
ALTMIŞ altı hissədən ibarət olan Müqəddəs Kitab, “ehtimal edildiyinə görə, bəşər tarixində ən böyük tə’sirə malik olan kitablar külliyyatı” hesab edilir 1. Həqiqətən də, dünyanın ən böyük təsviri incəsənət, ədəbiyyat və musiqi şah əsərlərindən bə’ziləri onun tə’siri altında yaranmışdır. Bu kitab, hüquq elminə də əhəmiyyətli tə’sir göstərmişdir. Müqəddəs Kitab ədəbi üslubuna görə tə’riflərə layiq görülmüş və bir çox ziyalılar tərəfindən yüksək qiymətləndirilmişdir. O, cəmiyyətdə tutduqları mövqedən asılı olmayaraq, insanların həyatına xüsusilə güclü tə’sir göstərmişdir. Bir çox oxucularda təəccüb doğuran sədaqət hissi oyatmışdır. Bə’ziləri onu sadəcə olaraq oxumaq üçün, hətta həyatlarını təhlükə altına qoymuşlar.
Bununla yanaşı, Müqəddəs Kitaba qarşı skeptik münasibətlər də mövcuddur. Müqəddəs Kitabı heç zaman oxumadıqları bir halda, onun haqqında müəyyən fikrə sahib olan insanlar da var. Onlar Müqəddəs Kitabın ədəbi və tarixi dəyərini e’tiraf edərək, ola bilsin ki, özlərinə bu cür suallar verirlər: Məgər min illər bundan əvvəl yazılmış bir kitab müasir dünyada faydalı ola bilərmi? Biz “informasiya dövründə” yaşayırıq. Gündəlik hadisələr və müasir texnologiya haqqında yeni mə’lumatlar əlimizin altındadır. Demək olar ki, müasir həyatın bütün problemlərinə dair “mütəxəssislərin” verdikləri məsləhətləri asanlıqla əldə edə bilirik. Müqəddəs Kitabda, müasir dövr üçün həqiqətən də yararlı mə’lumat ola bilərmi?
Bu broşüra bu cür suallara cavab verməyə çalışır. Broşüranın məqsədi, sizə dini e’tiqadları və ya tə’limləri zorla qəbul etdirmək yox, tarixə tə’siri olmuş Müqəddəs Kitabın — diqqətinizə layiq bir kitab olduğunu göstərməkdir. 1994-cü ildə dərc olunmuş bir hesabatda qeyd edilirdi: Maarif sahəsinin bə’zi xadimləri, Müqəddəs Kitabın Qərb mədəniyyətində dərin kök saldığına əmindirlər; belə ki, onların fikrinə görə, “dindar olan və ya olmayan, Müqəddəs Kitabın tə’lim və mə’lumatlarını bilməyən hər bir adam mədəniyyət baxımından cahildir” 2.
Bu broşüranı oxuduqdan sonra, ola bilsin, siz razılaşacaqsınız ki, insanın dindar olub-olmamasından asılı olmayaraq, Müqəddəs Kitab hər bir kəs üçün oxunması lazım olan kitabdır.
[3-cü səhifədə olan səkil]
“Ruhani anlayışıma görə, oxuduğum yalnız bir kitaba borcluyam. Kitaba? Bəli, qədimi, sadə bir kitaba, təbiət kimi sakit və təbii bir kitaba... [bu kitab] belə də adlanır: “Müqəddəs Kitab” (Henrix Heyne, XIX əsrin alman yazıçısı) 3.