Yanlış tərzdə təqdim olunmuş kitab
“Yerin öz oxu və Günəş ətrafında ikiqat dövr etməsi nəzəriyyəsi yalandır və Müqəddəs Yazılara tamamilə ziddir”. Roma-katolik kilsəsi İndeksinin Konqreqasiyası bu sözləri 1616-cı ilin fərmanında bəyan etdi 1. Müqəddəs Kitab həqiqətən də elmi faktlara zidd gedirmi? Bəlkə bu kitab təhrif edilib?
QALİLEO QALİLEY 1609-1610-cu illərin qışında, yeni qurduğu teleskopunu göyə yönəltdi və Yupiter planetinin ətrafında fırlanan dörd peyki kəşf etdi. Onun gördükləri, geniş yayılmış fikri — bütün göy cisimlərinin Yer ətrafında dövr etməsi haqqındakı fikri sarsıtdı. Bundan əvvəl, 1543-cü ildə polyak astronomu Nikolay Kopernik bütün planetlərin Günəş ətrafında fırlanması nəzəriyyəsini irəli sürmüşdü. Qalileo bunun elmi həqiqət olduğunu təsdiq etdi.
Lakin Katolik ilahiyyatçıları bu fikri küfr sayırdılar. Uzun müddət idi ki, kilsə üzvləri Yeri Kainatın mərkəzi hesab edirdilər 2. Bu nöqteyi-nəzər, Yerin təməlləri üzərində qurulduğunu, əbədiyyən sarsılmayacağını təsvir edən Müqəddəs Kitab ayələrinin hərfi şərhinə əsaslanırdı (Məzmur 104:5). Qalileo Romaya çağırıldı və orada inkvizisiya qarşısında durdu. Ağır sorğu-suala mə’ruz qalan Qalileo, öz kəşflərindən imtina etməli oldu və ömrünün qalan hissəsini ev dustağı kimi keçirdi.
Qalileonun ölümündən təxminən 350 il sonra, 1992-ci ildə Katolik kilsəsi nəhayət e’tiraf etdi ki, hər halda Qalileo haqlı imiş 3. Əgər Qalileo haqlı idisə, bəs onda Müqəddəs Kitabmı səhv idi?
Müqəddəs Kitab parçalarının əsl mə’nasının müəyyən edilməsi
Qalileo, Müqəddəs Kitabın doğru olduğuna inanırdı. Onun elmi kəşfləri, Müqəddəs Kitabın müəyyən ayələrinin geniş yayılmış şərhinə zidd olan zaman isə, belə nəticəyə gəldi ki, ilahiyyatçılar bu parçaların əsl mə’nasını başa düşmürlər. O, hətta yazmışdı ki, “iki həqiqət heç zaman bir-birinə zidd gedə bilməz”4. Qalileo, dəqiq elmi terminlərin Müqəddəs Kitabdakı sadə sözlərə zidd olmadığını deyirdi. Ancaq ilahiyyatçılar bunu e’tiraf etmək istəmirdilər. Onlar israr edirdilər ki, Müqəddəs Kitabın Yer haqqında olan bütün ifadələrini hərfi mə’nada başa düşmək lazımdır. Bu ona gətirib çıxartdı ki, ilahiyyatçılar Qalileonun kəşflərini inkar etməklə yanaşı, Müqəddəs Kitabın həmin ifadələrinin əsl mə’nasını da anlamadılar.
Əslində sağlam düşüncəmiz bizi agah etməlidir ki, Müqəddəs Kitabda “yerin dörd guşəsi” haqqında yazılırsa, bu onu göstərmir ki, Müqəddəs Kitabı yazan şəxslər Yerin hərfi mə’nada kvadrat olduğunu düşünürdülər (Vəhy 7:1). Müqəddəs Kitab sadə adamların dili ilə yazılıb, orada çox vaxt məcazi mə’nada işlənən ifadələr istifadə olunur. Buna görə də Müqəddəs Kitab Yerin “dörd guşəsi”, möhkəm “təməlləri” və “guşə daşları” haqqında söz edərkən, Yeri elmi cəhətdən təsvir etmir; aydındır ki, biz gündəlik danışığımızda istifadə etdiyimiz kimi, bu ifadələr də məcazi mə’nada təsvir olunura (İşaya 51:13; Eyub 38:6).
Bioqraf L. Heymonat özünün “Qalileo Qaliley” kitabında qeyd etmişdir: “Müqəddəs Kitab haqqında malik olduqları fikirləri əsasında elmi məhdudlaşdırmaq istəyən dardüşüncəli ilahiyyatçılar, əslində Müqəddəs Kitabı nüfuzdan salırdılar” 5. Bu həqiqətən də belə oldu. Əslində elmi düşüncəsiz tərzdə məhdudlaşdıran Müqəddəs Kitabda deyilənlər yox, ilahiyyatçıların bu kitabla bağlı verdikləri izahatları idi.
Buna bənzər şəkildə, bugünkü dini fundamentalistlər də Yerin altı sutka ərzində yaradıldığını iddia edərkən, Müqəddəs Kitabı təhrif etmiş olurlar (Təkvin 1:3-31). Belə bir fikir nə elmə, nə də Müqəddəs Kitaba uyğun gəlir. Gündəlik danışıqda olduğu kimi, Müqəddəs Kitabda da “gün” sözü, müxtəlif uzunluqda zaman bildirən geniş mə’nalı ifadədir. Təkvin 2:4 ayəsində altı yaradıcılıq gününün hamısı, özünə çox şeyi daxil edən bir “gün” kimi qeyd edilir. Müqəddəs Kitabda “gün” kimi tərcümə edilən ibrani sözü, sadəcə “uzun müddət” mə’nasını verə bilər 6. Buna görə də, hər yaradıcılıq gününün 24 saata bərabər olduğunu iddia etmək üçün Müqəddəs Kitaba əsaslanan səbəb yoxdur. Fundamentalistlər bunun əksini öyrədərək, Müqəddəs Kitabı yanlış tərzdə təqdim edirlər. (Həmçinin 2 Peter 3:8 ayəsinə baxın.)
İlahiyyatçılar tarix boyu Müqəddəs Kitabı tez-tez təhrif etmişlər. Gəlin görək, Xristian dünyasına mənsub olan dinlər, Müqəddəs Kitabda deyilənləri daha necə yanlış tərzdə təqdim edirlər.
Din tərəfindən yanlış tərzdə təqdim edilmişdir
Müqəddəs Kitaba riayət etdiklərini söyləyənlərin hərəkətləri, hörmət bəslədiklərini iddia etdikləri kitabı çox vaxt nüfuzdan salır. Özlərini İsanın davamçıları adlandıran kəslər, Allah naminə bir-birlərinin qanını tökürlər. Lakin Müqəddəs Kitab Məsihin davamçılarını bir-birlərini sevməyə təşviq edir (Yəhya 13:34, 35; Matta 26:52).
Kilsəyə gələnlərdən ağır zəhmətlə qazandıqları pulları qoparıb alaraq, soyğunçuluqla məşğul olan bə’zi keşişlər, Müqəddəs Kitabın: “Müftə aldınız, müftə verin” göstərişinə uyğun davranmırlar (Matta 10:8; 1 Peter 5:2, 3).
Aydındır ki, Müqəddəs Kitab haqqında, ondan sitat gətirənlərin və ya ona müvafiq yaşadıqlarını iddia edənlərin sözlərinə və davranışlarına əsasən mühakimə yürütmək olmaz. Ola bilsin ki, elə bu səbəbdən, yanlış rəy’lərə əsaslanmayan şəxs, Müqəddəs Kitabın nədən bəhs etdiyini və onun nə üçün son dərəcə diqqətəlayiq kitab olduğunu özü öyrənmək istəyəcək.
[Haşiyələr]
a Məsələn, hətta pedant astronomlar belə, bu gün Günəşin, ulduzların və bürclərin “doğması” və “batmasından” bəhs edirlər, halbuki əslində Yer fırlandığı üçün onlar hərəkət edir kimi görünürlər.
[4-cü səhifədə olan şəkil]
Qalileonun iki teleskopu.
[5-ci səhifədə olan şəkil]
Qalileo inkvizitorlar qarşısında.