Bu, dürüstlük olardımı?
«Qəzanı bir az başqa cür təsvir edin, hər şey qaydasında olacaq».
«Vergilər idarəsi hər şeyi bilməsə də olar».
«Əsas odur, ələ düşməyəsən».
«Havayı almaq mümkündürsə, niyə pul verəsən?»
MALİYYƏ işləri ilə bağlı kimdənsə məsləhət almaq istəyəndə, yəqin, bu kimi cavablar eşitmisiniz. Hərdən adama elə gəlir ki, bəzi insanlar hər vəziyyətdən məharətlə «çıxış yolu» tapırlar. Bəs buna dürüstlük demək olarmı?
Bu gün dünyada nadürüstlük geniş vüsət aldığından insanlar cəzadan qaçmaq, pul qazanmaq və hər hansı sahədə uğur əldə etmək üçün yalana, fırıldaqçılığa və oğurluğa bəraət qazandırırlar. Cəmiyyətin tanınmış simaları çox vaxt dürüstlüyə dair heç də yaxşı nümunə qoymurlar. Məsələn, bir Avropa ölkəsində 2005-ci ildən 2006-cı ilə qədər fırıldaqçılıq və başqalarının mülkünü mənimsəmək halları 85 faizdən çox artmışdır, hələ bura çoxlarının «cüzi səhv» adlandırdığı xırda-para nadürüstlüklər daxil deyil. Buna görə də, həmin ölkənin məşhur biznesmenlərinin və siyasətçilərinin karyeralarında irəliləmək məqsədilə saxta diplomlardan istifadə etdikləri üçün qalmaqala düşmələri çoxlarını təəccübləndirmədi.
Dünyada nadürüstlüyün geniş yayılmasına baxmayaraq, düzgün davranmaq istəyənlər də çoxdur. Çox ehtimal ki, siz də onlardan birisiniz və Allahı sevən bir insan kimi, Onun gözündə doğru olanı etmək istəyirsiniz (1 Yəhya 5:3). Yəqin, Allahın bir xidmətçisinin sözləri ilə siz də razılaşacaqsınız: «Vicdanımızın təmiz olduğuna əminik, axı hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18). Bu səbəbdən, biz sizi hansısa insanın «hər sahədə dürüst olmaq» istəyinin olub-olmadığını üzə çıxaran vəziyyətləri nəzərdən keçirməyə dəvət edirik. Biz həmçinin belə hallarda hansı Müqəddəs Kitab prinsiplərinin köməyimizə çatacağını nəzərdən keçirəcəyik.
Qəzadan sonra zərəri kim ödəməlidir?
Lizaa adlı gənc qadın sükan arxasında olarkən səhvə yol verir və başqa maşınla toqquşur. Heç kim xəsarət almasa da, maşınların təmirə ehtiyacı var. Onun yaşadığı ölkədə yeni sürücülər daha çox sığorta haqqı ödəyirlər və hər qəzadan sonra bu məbləğ artır. Qəza baş verən zaman qohumu Qreqor Lizanın yanında olduğu üçün onların dostu təklif edir ki, sənədlərdə qəza zamanı sükan arxasında Qreqorun oturduğunu qeyd etsinlər. Bununla da Liza yüksək məbləğ ödəməkdən yaxa qurtara bilərdi. Deyəsən, çıxış yolu tapılmışdı. Bəs o necə davranacaqdı?
Sığortalanmış avtomobillərin sığortasını ödəmək lazım gələndə şirkətlər avtomobil sahiblərinin pullarından istifadə edirlər. Buna görə də, Liza dostunun sözü ilə hərəkət etməklə qəza ilə bağlı məsrəfləri başqa avtomobil sahiblərinin hesabına ödəmiş olacaqdı, çünki şirkətlər sığorta haqqını qaldırmaq məcburiyyətində qalacaqdılar. O, bununla təkcə qəza haqqında yanlış məlumat verməyəcəkdi, həm də başqalarını soymuş olacaqdı. Eyni şeyi sığorta pulu almaq məqsədilə doldurulan saxta sənədlərə də aid etmək olar.
İnsanları bu cür nadürüst hərəkətlərdən cəzalandırılmaq qorxusu çəkindirə bilər. Ancaq nadürüstlükdən uzaq olmağın ən vacib səbəbi Müqəddəs Kitabda gətirilir. Allahın verdiyi On əmrdən biri belə səslənir: «Oğurluq etmə» (Çıxış 20:15). Həvari Pavel bu əmri təkrar edərək demişdir: «Oğurluq edən daha oğurluq etməsin» (Efeslilərə 4:28). Bu kimi məsələlərdə Allahın Kəlamında deyilənlərə əməl etməklə Onun mühakimə etdiyi şeylərdən qaçmış olacaqsınız. Həmçinin Allahın qanunlarına və yaxınlarınıza məhəbbət və hörmət göstərəcəksiniz (Məzmur 119:97).
«Padşaha məxsus şeyləri padşaha»
Peter biznesmendir. Onun mühasibi təklif edir ki, bahalı kompüter avadanlığı «aldığını» göstərərək vergi çıxılmalarından istifadə etsin. Bu cür avadanlıqlar almaq Peterin məşğul olduğu biznesdə adi haldır. O, kompüter almasa da, çox ehtimal ki, bu, dövlət tərəfindən yoxlanılmayacaq, bununla da Peter xeyli məbləğdə pula qənaət etmiş olacaqdı. Bəs o, necə davranacaq? Qərar qəbul edərkən nəyi əldə rəhbər tuta bilər?
Həvari Pavel həmimanlılarına demişdi: «Qoy hər kəs hökumətə tabe olsun... Beləcə, hər kəsə öz haqqını verin: vergidirsə — vergini, bacdırsa — bacı» (Romalılara 13:1, 7). Allaha məqbul olmaq istəyənlər dövlət tərəfindən yığılan bütün vergiləri ödəyirlər. Eyni zamanda, əgər ölkənin qanununda ayrı-ayrı şəxslər və ya müəssələr üçün vergi normasına dair güzəştlər nəzərdə tutulubsa və bizim buna haqqımız çatırsa, onlardan yararlanmaqda səhv bir şey yoxdur.
Vergi ilə bağlı daha bir nümunəyə baxaq. Davudun öz mağazası var. Dostları və qohumları ona malların bir qismini kassaya vurmamağı və nəticə etibarilə, vergi ödəməməyi məsləhət görürlər, bunun sayəsində o, malları artıq qiymətə sata bilər. Çoxları bunu normal hesab edir, çünki nəticədə heç kim uduzmur. Bəs Allahı razı salmaq istəyən Davud bu yolla əldə edilən gəlirə necə yanaşmalıdır?
Belə olan halda, insan ələ keçməsə də, o, dövlətin haqqını ödəməkdən boyun qaçırır. İsa peyğəmbər əmr etmişdi: «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin» (Matta 22:17—21). İsa bunları onu dinləyən insanların vergiləri ödəməyə dair düşüncə tərzini dəyişmək məqsədilə demişdi. Hakimiyyət dairələri hesab edirlər ki, vergilərin yığılması onların haqqıdır. Buna görə də İsa peyğəmbərin davamçıları bütün vergilərin ödənilməsinə Müqəddəs Kitab tələbi kimi baxırlar.
İmtahan zamanı köçürmək
Yuxarı sinif şagirdi Marta buraxılış imtahanlarına hazırlaşır. Onun gələcəkdə özünü yaxşı işlə təmin edə bilməsi alacağı yüksək qiymətdən asılı olduğu üçün saatlarla oxuyur. Martanın bəzi sinif yoldaşları da «hazırlaşıb», amma başqa cür. Yüksək qiymət almaq üçün onlar mobil telefonlardan və başqa elektron cihazlardan istifadə etmək fikrindədirlər. Yaxşı qiymət almağa can atan Marta da hamı kimi davranmalıdırmı?
Bu gün imtahanlarda yalan baş alıb getdiyindən çoxları bunda pis bir şey görmürlər. Onlar belə düşünürlər: «Əsas odur, ələ düşməyəsən». Ancaq bu cür düşüncə tərzi Allahın həqiqi xidmətçiləri üçün məqbul deyil. Müəllim bunu görməyə bilər, ancaq hər şeyi görən var. Yehova Allah etdiyimiz hər şeyi bilir və hərəkətlərimizə görə biz Onun qarşısında cavab verəcəyik. Allahın xidmətçisi Pavel yazırdı: «Onun gözündən kənarda qalan məxluq yoxdur, hər şey apaçıq Onun gözü önündədir. Biz Ona cavab verəcəyik» (İbranilərə 4:13). Allahın bizi gördüyünü və hərəkətlərimizin düzgün və ya səhv olmasının Onun üçün əhəmiyyətsiz olmadığını bilmək bizi imtahan vaxtı düzgün olanı etməyə təşviq etməlidir.
Siz necə davranacaqsınız?
Liza, Qreqor, Peter, Davud və Marta düşdükləri vəziyyətin nə qədər ciddi olduğunu anlayırdılar. Onlar dürüst davranmaq, bununla da təmiz vicdanlarını və yüksək əxlaqlı insan kimi qazandıqları adlarını qorumaq qərarına gəldilər. Bu kimi vəziyyətlərlə üzləşəndə siz necə davranacaqsınız?
Ola bilsin, qonşularınız, iş və sinif yoldaşlarınız yalan danışmağı, köçürməyi və ya oğurluq etməyi qəbahət saymırlar. Onlar sizi əla salaraq belə davranmağa sövq etməyə çalışa bilərlər. Nadürüst davranmağımız üçün başqalarının göstərdikləri təzyiqlərə baxmayaraq, düzgün qərar qəbul etməkdə sizə nə kömək edə bilər?
Unutmayın ki, Allahın istəyinə uyğun yaşasanız, təmiz vicdana sahib olacaq və Onun razılığını və xeyir-duasını alacaqsınız. Padşah Davud yazırdı: «Ya Rəbb, çadırında kim qalır? Müqəddəs dağında kim məskən salır? Kamillik yolu ilə gedən, əməlisaleh olan, ürəkdən həqiqəti söyləyən... Əsla sarsılmaz belə həyat sürən insan!» (Məzmur 15:1—5). Təmiz vicdan və göylərin Allahı ilə dostcasına münasibət nadürüst yolla qazanılan istənilən maddi şeylərdən qat-qat üstündür.
[Haşiyə]
a Bəzi adlar dəyişdirilib.
[28-ci səhifədəki yazı]
«Oğurluq edən daha oğurluq etməsin».
Allahın qanunlarına hörmət və yaxınlarımıza məhəbbət bizi sığorta məsələlərində dürüst olmağa təşviq edir
[28-ci səhifədəki yazı]
«Beləcə, hər kəsə öz haqqını verin: vergidirsə — vergini». Allaha məqbul olmaq istədiyimiz üçün dövlət tərəfindən yığılan bütün vergiləri ödəyirik
[29-cu səhifədəki yazı]
«Hər şey apaçıq Onun gözü önündədir. Biz Ona cavab verəcəyik». Müəllimlər köçürdüyümüzü görməsələr də, biz Allah qarşısında dürüst olmaq istəyirik
[30-cu səhifədəki çərçivə/şəkillər]
İntellektual mülkiyyət oğurluğu
Dostunuz kompüter proqramının son versiyasını alıb, siz də ondan istəyirsiniz. O təklif edir ki, pulunuza qənaət edib proqramı ondan köçürəsiniz. Sizcə, bu dürüstlük olardımı?
Yeni proqram alanda kompüter istifadəçiləri həmin proqramın lisenziyanın şərtlərinə əməl etməyə boyun olurlar. Lisenziyanın belə bir şərti ola bilər ki, istifadəçi bu proqramı yalnız bir kompüterə yazıb istifadə edə bilər. Proqramın başqa bir kompüterə yazılması lisenziyanın şərtlərini pozur, bu da öz növbəsində qanun pozuntusu deməkdir (Romalılara 13:4). Belə etmək oğurluğa bərabərdir, çünki müəlliflik hüququna malik olan şəxsi halal gəlirindən məhrum edir (Efeslilərə 4:28).
Ola bilsin, bəziləri düşünür ki, bundan heç kimin xəbəri olmayacaq. Belə olsa da, İsanın sözlərini yadda saxlamalıyıq: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla eləcə rəftar edin» (Matta 7:12). Hamıya xoşdur ki, gördüyü işə görə haqqını alsın, eləcə də başqaları onun əmlakına hörmətlə yanaşsın. Buna görə də biz başqalarına eyni münasibəti bəsləməliyik. Biz hər cür oğurluqdan, o cümlədən intellektual mülkiyyətb oğurluğundan uzaq dururuq (Çıxış 22:7—9).
[Haşiyə]
b İntellektual mülkiyyətə çap olunmuş və ya elektron variantda musiqi, kitablar və kompüter proqramları aiddir. Üstəlik, bura əmtəə nişanları, patentlər, istehsalat sirləri və yaymaq hüququ daxildir.