-
Nəşrlərimizin hazırlanmasıYehova Allahın müasir xalqı
-
-
DƏRS 23
Nəşrlərimizin hazırlanması
ABŞ, Yazı şöbəsi
Cənubi Koreya
Filippin
Burundi
Şri-Lanka
Allahın Kəlamındakı müjdə «hər xalqa, tayfaya, dilə və ümmətə» bəyan edilməlidir. Elə bu məqsədlə biz 750-dən çox dildə nəşrlər dərc edirik (Vəhy 14:6). Sözsüz ki, bu iş asan başa gəlmir. Bu işə müxtəlif ölkələrdən olan yazıçılar və tərcüməçilər əmək qoyur. Onların hamısı Yehovanın Şahididir.
Mətn ingilis dilində yazılır. Rəhbərlik Şurası baş idarədə yerləşən Yazı şöbəsinin fəaliyyətinə nəzarət edir. Bu şöbə isə baş idarədə və bəzi filiallarda xidmət edən yazıçıların işini idarə edir. Yazıçıların başqa-başqa mənşələrdən olması sayəsində nəşrlərimizdə müxtəlif xalqların mədəniyyətinə aid mövzular dərc edilir. Bununla da nəşrlərimiz hamı üçün maraqlı olur.
Mətn tərcüməçilərə göndərilir. Hazır mətn redaktə edildikdən və Rəhbərlik Şurası tərəfindən təsdiq olunduqdan sonra elektron formatda bütün tərcümə qruplarına göndərilir. Tərcüməçilər mətni tərcümə edirlər. Bu mərhələdə tərcümə olunmuş mətnin dəqiqliyi və təbiiliyi də yoxlanılır. Tərcüməçilər ingilis mətnindəki fikirləri tam dolğunluğu ilə ana dillərində verməkdən ötrü «həqiqət sözlərini düzgün» yazmağa çalışırlar (Vaiz 12:10).
Kompüterlərin faydası. Düzdür, kompüter yazıçıları və tərcüməçiləri əvəz edə bilməz, amma onun faydasını da danmaq olmaz. Elektron lüğətlər, axtarış proqramları və başqa vəsaitlər işin sürətini xeyli artırır. Yehovanın Şahidləri tərəfindən yaradılan çoxdilli elektron nəşriyyat sistemi (MEPS) sayəsində mətn yüzlərlə dil qrafikasında yazılır, şəkillərlə bərabər yığılır və çapa hazırlanır.
Bəli, biz bu işdən ötrü güc-qüvvəmizi əsirgəmirik. Çalışırıq ki, nəşrlərimiz hətta bir neçə min adamın danışdığı dildə də dərc olunsun. Çünki Yehova Allah istəyir ki, «hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Timutiyə 2:3, 4).
Nəşrlərimizin yazılması barədə nə demək olar?
Nəyə görə nəşrlərimiz çoxlu dillərə tərcümə olunur?
-
-
Təşkilatın fəaliyyəti necə maliyyələşir?Yehova Allahın müasir xalqı
-
-
DƏRS 24
Təşkilatın fəaliyyəti necə maliyyələşir?
Nepal
Toqo
Böyük Britaniya
«Yehovanın Şahidləri» təşkilatı hər il yüz milyonlarla Müqəddəs Kitab və başqa nəşrlər dərc edib paylayır. Bu nəşrlər satış üçün nəzərdə tutulmur. Təşkilat həmçinin ibadət evləri, filiallar tikir və onlara texniki xidmət göstərir. Bundan əlavə, beytellilərə, xüsusi təyinatlı müjdəçilərə maddi dəstək olur və fəlakət baş verən ərazilərə yardım göndərir. Yəqin sizə maraqlıdır bütün bunlar necə maliyyələşir.
Pul yığılmır. Müjdəçilik işini həyata keçirmək üçün çoxlu pul lazım olsa da, biz heç kimdən pul tələb etmirik. XIX əsrdə «Gözətçi qülləsi» jurnalının ikinci buraxılışında yazılırdı ki, bizim arxamızda Yehova Allah durur, odur ki, təşkilatımız «kömək üçün heç vaxt heç kimə ağız açmayacaq». Bu günə kimi belə də olub! (Mətta 10:8).
Fəaliyyətimiz ianələr hesabına maliyyələşir. Müqəddəs Kitab üzrə maarifləndirmə işimizi çox adam qiymətləndirir və bu işə könüllü ianə verir. Yehovanın Şahidlərinin özləri də bütün dünyada Allahın işini icra etmək üçün vaxtlarını, güclərini və vəsaitlərini sərf edirlər (1 Salnamələr 29:9). Bu işin irəliləməsinə yardım etmək istəyənlər ibadət evlərində və toplantı zallarında olan qutulara ianə ata bilərlər. Həmçinin ianələri jw.org saytı vasitəsilə də göndərmək olar. İanənin çox hissəsini orta imkanlı adamlar verir. Onlar məbədin xəzinə qabına iki xırda pul salan və İsa peyğəmbərin təriflədiyi kasıb dul qadın kimi səxavət göstərirlər (Luka 21:1—4). Beləliklə, könlü istəyən hər kəs ürəyində qət etdiyi kimi müəyyən miqdarda pul ayırıb ianə edə bilər (1 Korinflilərə 16:2; 2 Korinflilərə 9:7).
Müjdəçilik işini dəstəkləmək istəyən insanlar həmişə olub və olacaq. Biz əminik ki, Yehova Allah bundan sonra da belə insanların vasitəsilə Öz işini irəli aparacaq (Məsəllər 3:9).
Təşkilatımız necə maliyyələşir?
Könüllü ianələr nəyə xərclənir?
-
-
İbadət evləri. Onların inşası və məqsədiYehova Allahın müasir xalqı
-
-
DƏRS 25
İbadət evləri. Onların inşası və məqsədi
Boliviya
Nigeriya, əvvəl və sonra
Taiti
Yehovanın Şahidlərinin birgə yığışdıqları məkan ibadət evi adlanır. Burada Müqəddəs Kitabın və İsa peyğəmbərin təbliğinin əsas mövzusu olan Allahın Padşahlığı haqqında təlim verilir (Luka 8:1).
Saf ibadət məkanı. Allahın Padşahlığı haqqında müjdəçilik işi məhz buradan həyata keçirilir (Mətta 24:14). İbadət evlərinin ölçüsü və quruluşu müxtəlif olur. Bununla belə, onların hamısı sadə tikilidir və çoxunda bir neçə yığıncaq görüş keçirir. Yığıncaqlar artdıqca ibadət evlərinə də tələbat artır. Bu səbəbdən son illərdə Yehovanın Şahidləri on minlərlə yeni ibadət evləri (orta hesabla günə beş bina) tikmişlər. Bu, necə mümkündür? (Mətta 19:26).
Ümumi fonda edilən ianələr hesabına tikilir. Yığılan bu ianələr filiala göndərilir. Filial da bu pulu ibadət binalarının tikilməsinə, ya da hazır binaların təmiri və bərpasına xərcləyir.
Könüllülər tərəfindən tikilir. Bir çox ölkələrdə İbadət evlərinin tikinti briqadaları təşkil olunmuşdur. Tikinti briqadası və başqa könüllülər ölkə daxilində bir yerdən başqa yerə gedərək tikinti layihələrinin həyata keçirilməsinə başçılıq edir və yerli Şahidlərə bu iş üçün lazımi bacarıqlar öyrədirlər. Başqa ölkələrdə müəyyən bölgə daxilində ibadət evlərinin tikinti və bərpa işlərinə nəzarət etmək üçün bu sahədə təcrübəsi olan Yehovanın Şahidləri təyin olunur. Hər layihədə digər ərazilərdən gələn peşəkar könüllülər çalışsa da, əsas işçi qüvvəsini yerli yığıncağın üzvləri təşkil edir. Onlar könüllü və can-dildən bu işdə iştirak edirlər. Bütün bunlar yalnız Yehovanın ruhunun və Onun xalqının fədakar əməyi sayəsində mümkün olur (Zəbur 127:1; Koloslulara 3:23).
İbadət evləri hansı məqsədlə tikilir?
Bütün dünyada ibadət evlərinin tikilməsi nəyin sayəsində mümkün olur?
-