SƏKKİZİNCİ FƏSİL
Ailənizi pis tə’sirlərdən qoruyun
1—3. a) Ailə üçün təhlükə yaradan pis tə’sir haradan gəlir? b) Öz ailələrini qorumaq üçün valideynlər nədə tarazlaşmış olmalıdırlar?
BALACA oğlunuzu məktəbə yola salmalısınız, küçədə isə şiddətli yağış yağır. Belə vəziyyətdə nə edəcəksiniz? Yağışdan qorunmaq üçün ona heç bir şey vermədən, küçəyə çıxmasına icazə verərsinizmi? Yoxsa, hərəkət etməsinə mane olacaq dərəcədə çox paltarmı geyindirəcəksiniz? Əlbəttə ki, siz bunlardan heç birini etməyəcəksiniz. Siz oğlunuzun islanmaması üçün ona yalnız lazımi şeyləri verəcəksiniz.
2 Buna bənzər şəkildə, valideynlər də öz uşaqlarını, onların mə’ruz qaldıqları pis tə’sirlərdən qorumaq üçün, tarazlaşmış üsul tapmalıdırlar; bu pis tə’sirlər, bir çox əyləncə növləri, kütləvi informasiya vasitələri, həmyaşıdlar, bə’zən isə, hətta məktəb tərəfindən ola bilər. Bə’zi valideynlər öz ailələrini müdafiə etmək üçün tamamilə az və yaxud heç bir tədbir görmürlər. Digərləri isə, kənardan olan hər bir tə’siri zərərli sanaraq, uşaqların qarşısına o qədər məhdudiyyət qoyurlar ki, onları sarsıdırlar. Bu işdə tarazlığı qorumaq mümkündürmü?
3 Bəli, mümkündür. Həddindən artıq ifratçılığa qapılmaq faydasızdır və fəlakətə gətirib çıxara bilər (Vaiz 7:16, 17). Bəs məsihçi valideynlər öz ailələrini qorumaq üçün lazımi tarazlığı necə tapa bilərlər? Gəlin həyatın üç sahəsinə — təhsil, ünsiyyət və əyləncəyə nəzər salaq.
UŞAQLARINIZA KİM TƏ’LİM VERƏCƏK?
4. Məsihçi valideynlər təhsilə necə münasibət bəsləməlidirlər?
4 Məsihçi valideynlər təhsili yüksək qiymətləndirirlər. Onlar başa düşürlər ki, oxumağı, yazmağı, başqaları ilə ünsiyyət qurmağı və problemləri həll etməyi uşaqlar məktəbdə öyrənirlər. Məktəbdə, oxumağın nə olduğunu da öyrənəcəklər. Uşaqların məktəbdə əldə etdikləri vərdişlər, müasir dünyadakı çətinliklərə baxmayaraq, sağlam həyat tərzi sürməkdə kömək edə bilər. Bundan əlavə, yaxşı təhsil, uşaqların nəticədə bacarıqlı işçi olmalarına yardım edə bilər (Süleymanın məsəlləri 22:29).
5, 6. Uşaqlar məktəbdə cinsi həyat haqqında təhrif olunmuş mə’lumatları necə ala bilərlər?
5 Lakin uşaqlar məktəbdə bir çoxunun nöqteyi–nəzərləri təhrif olunmuş həmyaşıdları ilə də ünsiyyətdə olurlar. Məsələn, onların cinsi həyat və əxlaq məsələsinə necə münasibət göstərdiklərinə diqqət yetirək. Nigeriyadakı orta məktəblərdən birində, pozğun bir qız öz sinif yoldaşlarına cinsi məsələlərə dair məsləhətlər verirdi. Həmin qızın cinsi əlaqə haqqındakı təsəvvürləri pornoqrafik ədəbiyyatlardan toplanmış boş cəfəngiyat olsa da, sinif yoldaşları onun sözlərinə həvəslə qulaq asırdılar. Qızlardan bə’ziləri onun məsləhətlərinə əməl etdilər. Bu onunla nəticələndi ki, onlardan biri nikahda olmadan hamilə qaldı və sün’i abort edərək həyatını itirdi.
6 Bu haqda danışmaq kədərlidir, lakin məktəbdə cinsi əlaqə barədə bə’zi yanlış mə’lumatların mənbəyi uşaqlar yox, müəllimlər olur. Məktəbdə uşaqlara, əxlaq normaları və məs’uliyyət haqqında heç bir mə’lumat təqdim etmədən, cinsi məsələlər barədə bilik veriləndə valideynlərin çoxu təşvişə düşürlər. 12 yaşlı bir qızın anası deyir: “Çox dindar və mühafizəkar nəzərlər olan ərazidə yaşamağımıza baxmayaraq, yerli məktəbdə uşaqlara prezervativlər paylanır!” Həmin qadınla əri, qızlarına sinif yoldaşları tərəfindən cinsi əlaqəyə girməyi təklif etdiklərini eşidəndə, çox narahat oldular. Valideynlər öz uşaqlarını belə bir təhlükəli tə’sirlərdən necə qoruya bilərlər?
7. Cinsi həyat barədə yanlış mə’lumata daha yaxşı necə qarşı durmaq olar?
7 Uşağı ümumiyyətlə cinsi məsələlər haqqındakı hər bir söhbətlərdən qorumaq daha yaxşı deyilmi? Xeyr! Uşaqlarınıza bu haqda mə’lumatı sizin özünüzün verməniz daha düzgün olacaqdır (Süleymanın məsəlləri 5:1). Düzdür, Avropanın bə’zi yerlərində və Şimali Amerikada valideynlər bu mövzuda söhbət etməkdən boyun qaçırırlar. Afrikanın bə’zi ölkələrində də valideynlər öz uşaqları ilə cinsi həyat haqqında sualları nadir hallarda müzakirə edirlər. Syerra–Leonedən olan bir ata deyir: “Afrikanın mədəniyyətində belə söhbətlərə yer yoxdur”. Bə’zən valideynlər elə düşünürlər ki, uşaqlara cinsi məsələlər haqqında bilik versələr, onlarda əxlaqsızlığa gətirib çıxaracaq fikirlər yaranacaqdır! Bəs buna dair Allahın nöqteyi–nəzəri necədir?
ALLAHIN CİNSİ MƏSƏLƏLƏRƏ DAİR NÖQTEYİ–NƏZƏRİ
8, 9. Cinsi məsələlərə dair Müqəddəs Kitabda hansı aydın mə’lumatlar verilir?
8 Müqəddəs Kitabda aydın surətdə göstərilir ki, münasib vaxtlarda cinsi məsələ haqda söhbət etməkdə utanılası bir şey yoxdur. İsraildə Allahın xalqına, o cümlədən uşaqlara, Musanın qanunu ucadan oxunan zaman qulaq asmaq üçün bir yerə toplaşmaq tapşırılmışdır (Təsniyə 31:10–12; Yeşu 8:35). Qanunda aybaşı, sperma axıtma, zina, əxlaqsızlıq, homoseksualizm, yaxın qohumlar arasında cinsi əlaqə və heyvanla cinsi əlaqə kimi cinsi həyatla bağlı bir sıra məsələlər xatırlanırdı (Levililər 15:16, 19; 18:6, 22, 23; Təsniyə 22:22). Bu cür qiraətlərdən sonra, şübhəsiz ki, valideynlər hər şeyi bilmək istəyən uşaqlarına çox şeyi izah etməli olurdular.
9 “Süleymanın məsəlləri” kitabının beşinci, altıncı və yeddinci fəsillərində, cinsi əxlaqsızlığın özünə daxil etdiyi təhlükələrə aid məhəbbət dolu valideyn məsləhətləri olan ayələr var. Bu ayələr göstərir ki, əxlaqsızlıq hərdən şirnikdirici ola bilər (Süleymanın məsəlləri 5:3; 6:24, 25; 7:14–21). Lakin bu ayələr, əxlaqsız hərəkətlərin düzgün olmadığını və fəlakətli nəticələrə gətirib çıxardığını öyrədir. Həmçinin gənclərə əxlaqsız işlərdən necə çəkinməyi də məsləhət edir (Süleymanın məsəlləri 5:1–14, 21–23; 6:27–35; 7:22–27). Bundan əlavə, cinsi istəkləri layiqli tərzdə, yə’ni nikahda tə’min etmək, əxlaqsızlıqla bir–birinə qarşı qoyulur (Süleymanın məsəlləri 5:15–20). Uşaqlara tə’lim verməkdə necə də gözəl nümunədir!
10. Nəyə görə cinsi həyat haqqında Allahın normalarına müvafiq olan bilik, uşaqları əxlaqsız davranışa yönəltmir?
10 Bu cür tə’lim uşaqları əxlaqsızlığa yönəldirmi? Əksinə, Müqəddəs Kitab öyrədir: “Salehlər bilgi ilə qurtarılır” (Süleymanın məsəlləri 11:9). Məgər uşaqlarınızı bu dünyanın tə’sirlərindən qorumaq istəmirsinizmi? Bir ata söylədi: “Uşaqlarımız hələ kiçik yaşlarında ikən, onlarla cinsi məsələlərə dair söhbətlərdə tam açıq olmağa çalışmışıq. Buna görə də başqa uşaqların bu haqda söhbət etdiklərini gördükdə, onlarda heç bir maraq oyanmır. Burada böyük sirr yoxdur”.
11. İntim məsələlər haqqında olan biliyi uşaqlara tədricən necə vermək olar?
11 Artıq əvvəlki fəsillərdə xatırlandığı kimi, cinsi tərbiyəyə erkən yaşlarından başlamaq lazımdır. Uşaqlara, bədən üzvlərinin necə adlandığını öyrədərkən, eyibli bir şey kimi cinsiyyət orqanları barədə susmağa çalışmayın. Onlara, bu orqanların düzgün şəkildə necə adlandığını öyrədin. Vaxt keçdikcə uşaqlara müəyyən ədəb qaydalarını aşılamaq vacibdir. Yaxşı olardı ki, ata və ana uşaqlarına başa salsınlar ki, cinsiyyət orqanları bədənin xüsusi hissələridir və başqaları bu orqanlara toxunmamalı, yaxud baxmamalıdır, o cümlədən bu orqanlar barədə qətiyyən pis danışılmamalıdır. Uşaqlar böyüdükcə, onlara, kişi ilə qadının birləşməsi nəticəsində uşağın ana bətninə necə düşdüyünü söyləmək lazımdır. Uşaqların, cinsi yetişkənliyin başlanğıcında, orqanizmlərində baş verəcək dəyişikliklər barədə artıq yaxşı mə’lumatları olmalıdır. Bu kitabın 5–ci fəslində deyildiyi kimi, bu cür tərbiyə, uşaqları başqaları tərəfindən pis yola çəkilmələrindən qoruya bilər (Süleymanın məsəlləri 2:10–14).
VALİDEYNLƏR ÜÇÜN EV TAPŞIRIĞI
12. Məktəbdə çox vaxt hansı təhrif olunmuş nöqteyi–nəzərlər öyrədilir?
12 Valideynlər, məktəbdə öyrədilən başqa yanlış baxışlara da — təkamül nəzəriyyəsi, milliyyətçilik və ya mütləq həqiqətin mövcud olmaması ideyası kimi dünyəvi fəlsəfələrə qarşı durmağa hazır olmalıdırlar. (1 Korinflilərə 3:19; həmçinin Təkvin 1:27; Levililər 26:1; Yəhya 4:24; 17:17 ilə müqayisə edin.) Bir çox məktəb işçiləri, ən yaxşı niyyətlərdən irəli gələrək, əlavə təhsilə həddindən artıq əhəmiyyət verirlər. Əlavə təhsil məsələsi insanın şəxsi işi olsa da, bə’zi müəllimlər hesab edirlər ki, həyatda müvəffəqiyyət qazanmağın yeganə yolu budura (Məzmur 146:3–6).
13. Məktəbə gedən uşaqları yanlış nöqteyi–nəzərlərdən necə müdafiə etmək olar?
13 Yanlış və ya təhrif olunmuş nəzəriyyələrə qarşı durmaq üçün, valideynlər, uşaqlarına nə cür tə’lim verildiyini dəqiq bilməlidirlər. Beləliklə unutmayın ki, siz valideynlərin də ev tapşırığı var! Uşaqlarınızın təhsili ilə səmimi qəlbdən maraqlanın. Məktəbdən sonra onlarla söhbət edin. Nə öyrəndiklərini, hansı fənni daha çox sevdiklərini, nədə çətinlik çəkdiklərini soruşun. Ev tapşırıqlarını, qeydlərini və yoxlama yazılarının nəticəsini nəzərdən keçirin. Müəllimləri ilə tanış olmağa çalışın. Qoy müəllimlər bilsinlər ki, siz onların zəhmətini qiymətləndirir və imkan daxilində onlara kömək etmək istəyirsiniz.
UŞAQLARINIZIN DOSTLARI
14. Allahdan qorxan uşaqların yaxşı dostlar seçmələri nəyə görə vacibdir?
14 “Bunu kimdən öyrənmisən?” Kim bilir nə qədər valideyn, uşaqlarından gözləmədikləri söz və ya davranışdan dəhşətə gələrək bu sualı vermişdir? Və çox vaxt məktəbdəki və ya qonşuluqdakı hansısa yeni dostunun bu cür davrandığını eşidirlər. Bəli, gənc və ya yaşlı olmağımızdan asılı olmayaraq, dostlarımız bizə güclü tə’sir göstərirlər. Həvari Pavel xəbərdarlıq edirdi: “Aldanmayın: pis dostluq yaxşı əxlaqı pozar” (1 Korinflilərə 15:33; Süleymanın məsəlləri 13:20). Xüsusilə də yeniyetmələr həmyaşıdlarının tə’siri altına düşürlər. Bir qayda olaraq, yeniyetmələr özlərinə əmin deyillər və bə’zən dostlarını razı salmaq və onlara tə’sir bağışlamaq həvəsinə düşürlər. Buna görə də, onların yaxşı dostlar seçmələri çox vacibdir!
15. Yaxşı dostlar seçməkdə valideynlər öz uşaqlarına necə kömək edə bilərlər?
15 Valideynlərin hamısı bilir ki, uşaqlar hər zaman yaxşı seçim etmirlər; onların bə’zi göstərişlərə ehtiyacları var. Bu o demək deyil ki, valideynlər uşaqları üçün dostlar seçməlidirlər. Bunun əvəzinə, uşaqlar böyüdükcə, onlara seçmək qabiliyyətini öyrədin və dostlarında hansı xüsusiyyətləri qiymətləndirməli olduqlarını anlamaqda kömək edin. Ən əsas xüsusiyyət, Yehovanı sevmək və Onun gözündə doğru olanı etməkdir (Mark 12:28–30). Uşaqlara vicdanlı, xeyirxah, alicənab və çalışqan insanları sevməyi və onlara hörmət etməyi öyrədin. Ailəvi öyrənmə zamanı uşaqlara bu cür xüsusiyyətləri Müqəddəs Kitab personajlarında görmələrinə və sonra da həmin xüsusiyyətləri yığıncaqdakı insanlarda axtarıb–tapmalarına kömək edin. Özünüzə dost seçən zaman bu prinsiplərdən istifadə edərək, uşaqlarınıza nümunə olun.
16. Valideynlər uşaqlarının dostlar seçməsinə necə nəzarət edə bilərlər?
16 Uşaqlarınızın kimlərlə dostluq etdiyini bilirsinizmi? Uşaqlarınızın dostlarını daha yaxşı tanımaq üçün, nəyə görə onları evə də’vət etmələrinə icazə verməyəsiniz? Uşaqlarınızdan, onların dostlarına başqa uşaqların necə münasibət bəslədikləri haqda da soruşa bilərsiniz. Onlar düzlük tərəfdarlarıdır, yoxsa ikili həyat tərzi sürməklə tanınırlar? Əgər ikincisi doğrudursa, belə ünsiyyətin necə zərərli ola biləcəyini anlamaqda uşaqlarınıza kömək edin (Məzmur 26:4, 5, 9–12). Əgər uşağınızın hərəkətində, geyimində, düşüncəsində və ya söhbətlərində xoşagəlməz dəyişiklik hiss edirsinizsə, ola bilsin, onunla dostları barədə söhbət etmək lazım gəlsin. Bəlkə də, uşağınız, ona pis tə’sir göstərən dostu ilə vaxt keçirir. (Təkvin 34:1, 2 ilə müqayisə edin.)
17, 18. Valideynlər, pis dostlardan uzaq olmağı öyrətməkdən başqa, hansı praktiki köməyi verə bilərlər?
17 Uşaqlarınıza sadəcə olaraq pis dostlardan uzaqlaşmağı öyrətmək azdır. Onlara, yaxşı dostlar tapmaqda kömək edin. Bir ata deyir: “Biz həmişə, bir şeyi əvəz edəcək başqa bir şey tapmağa çalışırıq. Məsələn, məktəbdə oğlumuza futbol komandasına yazılmaq təklif ediləndə, həyat yoldaşım, mən və o oturub, həmin komandada yeni dostlarla tanış olacağına görə bu təklifin bir o qədər də yaxşı olmadığını düşündük. Sonra biz ona, yığıncaqdan bir neçə uşaq də’vət edib, birlikdə parka futbol oynamağa getməsini təklif etdik. Bununla da məsələ həll olundu”.
18 Müdrik valideynlər, yaxşı dostlar tapmaqda və onlarla faydalı vaxt keçirməkdə uşaqlarına kömək edirlər. Lakin bir çox valideynlər üçün əyləncə məsələsi artıq öz–özlüyündə çətindir.
FAYDALI ƏYLƏNCƏ NƏDİR?
19. Müqəddəs Kitabın hansı nümunələri göstərir ki, ailədə şənlənmək günah deyil?
19 Müqəddəs Kitab şən vaxt keçirməyi mühakimə edirmi? Əlbəttə ki, yox! Müqəddəs Kitabda deyilir ki, “gülməyin... və oynamağın vaxtı var”b (Vaiz 3:4). Qədim İsraildə Allahın xalqı musiqi və rəqslərdən, oyun və tapmacalardan həzz alırdı. İsa Məsih toy məclisində və Matta Levinin düzəltdiyi “böyük bir ziyafət”də iştirak etmişdi (Luka 5:29; Yəhya 2:1, 2). Aydındır ki, İsa, başqalarının kefini pozan insan deyildi. Qoy gülüş və sevinc sizin evinizdə heç vaxt günah hesab edilməsin!
20. Ailəvi əyləncələrin qeydinə qalarkən, valideynlər nəyi yadda saxlamalıdırlar?
20 Yehova “mübarək [“bəxtiyar”, YD] Allahdır” (1 Timoteyə 1:11). Buna görə, Yehovaya ibadət etmək insanı sevincdən məhrum etməli deyil, ona məmnunluq gətirməlidir. (Təsniyə 16:15 ilə müqayisə edin.) Uşaqlar təbiətcə şən və tam enerjilidirlər; bu enerjini oyun və əyləncələrdə sərf edirlər. Yaxşı planlaşdırılmış əyləncə sadəcə şənlənməkdən daha artıq mə’na daşıyır. Əyləncənin köməkliyilə uşaq öyrənir və inkişaf edir. Ailənin başçısı, ailəsini bütün lazımi şeylərlə, o cümlədən istirahətlə də tə’min etmək məs’uliyyətini daşıyır. Lakin tarazlığı qorumaq gərəkdir.
21. Müasir əyləncələrin arxasında hansı hiylələr gizlənir?
21 Müqəddəs Kitabda əvvəlcədən xəbər verildiyi kimi, bu həyəcanlı “axır günlərdə” insan cəmiyyəti, “zövqü Allahdan çox sevən” adamlarla doludur (2 Timoteyə 3:1–5). Bir çoxlarının həyatında əyləncə ən vacib yeri tutur. O qədər çox əyləncə növləri vardır ki, onlar daha vacib olan şeyləri asanlıqla sıxışdırıb aradan çıxara bilirlər. Bundan başqa, müasir əyləncələrdə əxlaqsızlığa, qəddarlığa, narkotik maddələrdən istifadə etməyə və digər hədsiz dərəcədə zərərli olan işlərə daha çox diqqət yetirilir (Süleymanın məsəlləri 3:31). Uşaqları belə zərərli əyləncələrdən qorumaq üçün nə etmək olar?
22. Əyləncə seçərkən müdrik qərarlar qəbul etməyi valideynlər uşaqlarına necə öyrədə bilərlər?
22 Valideynlər sərhəd və məhdudiyyətlər tə’yin etməlidirlər. Ən vacibi isə, uşaqlara zərərli əyləncəni faydalıdan ayırd etməyi və həmçinin əyləncənin həddini bilməyi öyrətmək lazımdır. Bu cür tə’lim üçün vaxt və sə’y göstərmək gərəkdir. Bir nümunəni nəzərdən keçirək. İki oğlu olan bir ata, böyük oğlunun yeni radiostansiya proqramlarına olduqca tez–tez qulaq asdığına fikir verdi. Buna görə də, bir gün yük maşınında işə gedərkən həmin kanalı tutdu. O, arabir maşını saxlayaraq, bə’zi mahnıların sözlərini yazdı. Bir qədər sonra, eşitdiyi sözləri oğulları ilə müzakirə etdi. Onlara: “Siz necə fikirləşirsiniz?” sözləri ilə başlayan və onların nöqteyi–nəzərlərini başa düşməyə kömək edən suallar verdi, sonra isə onların verdikləri cavabları diqqətlə dinlədi. Bu məsələni Müqəddəs Kitabın köməyi ilə müzakirə edərək, uşaqlar həmin kanala qulaq asmamaq qərarına gəldilər.
23. Valideynlər uşaqlarını zərərli əyləncələrdən necə qoruya bilərlər?
23 Müdrik məsihçi valideynlər uşaqlarının maraqlandığı musiqiyə, televiziya proqramlarına, video filmlərə, komik kitabçalarına, video oyunlarına və kinofilmlərə nəzarət edirlər. Belə valideynlər, kitabların cildinə, mahnıların sözlərinə və bağlamalara diqqət yetirir, qəzetlərin icmalını oxuyur və filmlərdən parçalara baxırlar. Bu gün uşaqlara təqdim edilən bə’zi “əyləncələr” bir çoxlarını dəhşətə gətirir. Uşaqlarını pis tə’sirlərdən qorumaq istəyənlər, bu və ya digər əyləncənin nəyə görə təhlükəli olduğunu ailəliklə müzakirə edirlər; bu zaman onlar Müqəddəs Kitabdan və Müqəddəs Kitaba əsaslanan “Gənclərin sualları. Praktiki məsləhətlər” kitabından, “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarında olan məqalələrdən istifadə edirlərc. Valideynlər ardıcıllıqla və müdrikliklə dəqiq məhdudiyyətlər qoyanda, adətən bu yaxşı nəticələr verir (Matta 5:37; Filipililərə 4:5).
24, 25. Ailəvi istirahətin faydalı növlərindən bə’ziləri hansılardır?
24 Əlbəttə, zərərli əyləncələrə məhdudiyyət qoymaq, hələ işin yarısıdır. Xeyirxahlıq pisliyə qarşı qoyulmalıdır, əks təqdirdə, uşaqlar yanlış istiqamət ala bilərlər. Bir çox məsihçi ailələri, birgə keçirdikləri gəzintilər, səfərlər, oyunlar, idman məşğələləri, qohum və ya dostların evinə qonaq getmək kimi xoş və sevinc dolu xatirələrə malikdirlər. Bə’zi ailələr birlikdə qiraətlə məşğul olaraq yaxşı istirahət etməyin mümkün olduğunu və bunun böyük məmnunluq gətirdiyini müəyyən etmişlər. Digərləri məzəli və maraqlı əhvalatlar söyləməyi xoşlayırlar. Daha başqalarının isə, birlikdə ağacdan müxtəlif əşyalar düzəltmək və başqa əl işləri, həmçinin musiqi alətlərində çalmaq, şəkil çəkmək və ya Allahın yaratdıqlarını tədqiq etmək kimi sevimli məşğuliyyətləri var. Bu cür məşğuliyyətləri sevməyi öyrənən uşaqlar bir çox zərərli əyləncə növlərindən müdafiə olunur və xoş vaxt keçirmək üçün sadəcə oturub, başqalarının səni necə əyləndirdiklərinə baxmaqdan daha maraqlı istirahət növlərinin olduğunu dərk edirlər. Bir işdə iştirak etmək, müşahidəçi olmaqdan daha xoşdur.
25 Dostlarla keçirilən görüşlər də faydalı istirahət ola bilər. Əgər bu cür görüşlərdə yaxşı rəhbərlik varsa, orada həddindən artıq qonaq yoxdursa və olduqca çox davam etmirsə, onda bu cür görüşlər uşaqlarınıza sadəcə şənlənməkdən başqa daha çox şey verə bilər. Bu, məsihçi cəmiyyətindəki məhəbbət tellərini möhkəmləndirə bilər. (Luka 14:13, 14; Yəhuda 12 ilə müqayisə edin.)
AİLƏNİZ DÜNYAYA QALİB GƏLƏ BİLƏR
26. Ailəni pis tə’sirlərdən qorumaq məsələsində ən vacib xüsusiyyət hansıdır?
26 Şübhəsiz ki, ailəni dünyanın fəlakətli tə’sirindən qorumaq üçün daha çox sə’ylə çalışmaq lazımdır. Lakin müvəffəqiyyət əldə etmək üçün daha çox kömək edən bir xüsusiyyət var. Bu, məhəbbətdir! Məhəbbət dolu yaxın ailə münasibətləri evinizi təhlükəsiz bir limana çevirəcək, həmçinin pis tə’sirlərdən ən yaxşı müdafiə kimi xidmət edən bir ünsiyyət inkişaf etdirəcəkdir. Bundan əlavə, məhəbbətin başqa bir növünü, yə’ni Yehovaya məhəbbəti də inkişaf etdirmək çox vacibdir. Ailədə hamı bu xüsusiyyətə malikdirsə, uşaqlar, dünyanın tə’siri altına düşərək, Allahı kədərləndirmək fikrinə belə nifrət edərək böyüyəcəklər. Yehovanı səmimi qəlbdən sevən valideynlər isə, Ondan məhəbbət, müdriklik və təmkinlilik nümunəsi alacaqlar (Efeslilərə 5:1; Yaqub 3:17). Valideynlər belə davranarlarsa, uşaqların səbəbləri olmayacaq ki, Yehovaya olan ibadətə qadağalar siyahısı və ya sevinc və təbəssümdən məhrum edən, tezcə yaxa qurtarmaq istədikləri həyat yolu kimi baxsınlar. Bunun əvəzində onlar, Allaha ibadət etməyin ən xoşbəxt və daha çox məmnunedici həyat yolu olduğunu dərk edəcəklər.
27. Ailə bu dünyaya necə qalib gələ bilər?
27 Yehovanı, Ona edilən xoşbəxt və tarazlaşmış xidmətdə birləşən və bu dünyanın pozucu tə’sirindən uzaqlaşaraq “nöqsansız, ləkəsiz” qalmaq üçün səmimi qəlbdən çalışan ailələr sevindirir (2 Peter 3:14; Süleymanın məsəlləri 27:11). Belə ailələr, Şeytanın onu aldatmaq üçün etdiyi bütün cəhdlərinə qarşı duran İsa Məsihdən nümunə götürürlər. İnsan həyatının sonunda İsa belə sözlər deyə bildi: “Mən dünyaya qalib gəldim” (Yəhya 16:33). Qoy sizin ailəniz də bu dünyaya qalib gəlsin və əbədi həyatdan həzz alsın!
a Əlavə təhsil haqqındakı suallar, “Yehovanın Şahidləri və təhsil” broşürasının 4–7–ci səhifələrində müzakirə edilir. Broşüra Yehovanın Şahidləri tərəşindən nəşr olunur.
b Burada “gülmək” kimi tərcümə edilən ibrani sözünün başqa formasını “oynamaq”, “hər hansı əyləncə növü təklif etmək”, “bayram etmək” və “şənlənmək” sözləri ilə təsvir etmək olar.
c Yehovanın Şahidləri tərəfindən nəşr edilir.