Uşaqlara Allah haqqında həqiqəti necə öyrətməli? Ən yaxşı üsullar hansılardır?
«Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış» (QANUNUN TƏKRARI 6:6, 7).
BƏZƏN uşaqların tərbiyəsi valideynlərə çox çətin gəlir. Onlar bu məsələyə dair məsləhət axtarmağa çalışanda məsləhət çoxluğundan daha da çaş-baş qalırlar. Qohumlar və dostlar məsləhət verməyə həmişə hazırdırlar. Valideynlər kitablar, jurnallar və İnternet vasitəsilə bəzən bir-birinə zidd olan məlumat selinə məruz qalırlar.
Ancaq valideynlər Müqəddəs Kitabdan uşaqlarına nə öyrətməyə dair etibarlı məsləhətlərlə yanaşı, necə öyrətməyə dair praktiki rəhbərlik də tapa bilərlər. Yuxarıda gətirilən Müqəddəs Kitab parçasından göründüyü kimi, valideynlər hər gün imkan tapıb uşaqlarına Allah haqqında danışmalıdırlar. Aşağıda Müqəddəs Kitaba əsaslanan və uşaqlara Allah haqqında öyrətməyə kömək edən dörd məsləhət müzakirə olunur.
1. Allahın yaratdıqlarından özünüzə dərs götürün. Allahın sadiq xidmətçisi Pavel yazır: «[Allahın] gözəgörünməz keyfiyyətləri: əbədi qüdrəti və ilahiliyi dünya yaranandan bəri aydın görünür və yaradılmış şeylər vasitəsilə dərk edilir. Buna görə də onlara haqq qazandırmaq olmur» (Romalılara 1:20). Valideynlər övladlarına Allahı tanımağa kömək etmək üçün Onun yaratdıqları və onlar vasitəsilə təzahür olunan xüsusiyyətləri barədə danışmalıdırlar.
İsa peyğəmbər öz şagirdlərini öyrədərkən bu üsuldan istifadə edirdi. Misal üçün, o demişdi: «Göy quşlarına fikir verin. Onlar nə əkir, nə biçir, nə də anbara məhsul toplayırlar. Bununla belə, sizin səmavi Atanız onları yedizdirir. Məgər siz onlardan qat-qat qiymətli deyilsiniz?» (Matta 6:26). Bununla İsa peyğəmbər şagirdlərinin diqqətini Yehova Allahın məhəbbət və şəfqət kimi xüsusiyyətlərinə yönəltdi. Həm də Allahın bu keyfiyyətləri Öz övladlarına qarşı necə təzahür etdirdiyi üzərində düşünməyə kömək etdi.
Müdrik Süleyman padşah Allahın qarışqaya verdiyi instinktiv müdrikliyə işarə edərək vacib bir ibrət dərsi vermişdir: «Ey tənbəl, qarışqalara diqqət yetir, onların həyatından ibrət götür. Onların nə başçıları var, nə nəzarətçiləri, nə də hökmdarları. Yayda azuqələrini yığar, biçin vaxtı özlərinə yem toplayarlar» (Süleymanın məsəlləri 6:6—8). İnsana zəhmətkeş olmağın, qarşısına, həqiqətən də, dəyərli məqsədlər qoymağın, sonra da onlara nail olmağa can atmağın vacibliyini başa salmaq üçün çox gözəl təlim üsuludur, elə deyilmi?!
Valideynlər 1) uşaqlarından hansı bitkini və ya heyvanı xoşladıqlarını soruşmaqla, 2) həmin bitkilər və heyvanlar haqqında daha çox məlumat toplamaqla, 3) onların köməyilə Allah haqqında nə öyrənə biləcəklərini izah etməklə İsa peyğəmbəri və Süleyman padşahı təqlid etmiş olurlar.
2. İsa Məsihi təqlid edin və öyrətdiyiniz insanlara onun kimi yanaşın. Heç kim insanlara İsanın çatdırdığı qədər vacib xəbər çatdıra bilməzdi. Onun təlim metodunun çox hissəsini suallar təşkil edirdi. O, öyrətdiyi insanların fikirlərinə və hisslərinə səmimi maraq göstərirdi (Matta 17:24, 25; Mark 8:27—29). Eynilə, valideynlər də uşaqlarına bir çox şeylər öyrətməlidirlər. Ancaq buna nail olmaq üçün onlar İsanı təqlid edərək uşaqlarını hisslərini bölüşməyə təşviq etməlidirlər.
Əgər uşaqlar sözə qulaq asmır və ya hansısa vacib bir şeyi çətin qavrayırsa, onda necə? Gəlin İsa peyğəmbərin öz şagirdləri ilə necə rəftar etdiyinə nəzər salaq. Hərdən şagirdlərin arasında qızğın mübahisə düşürdü və onlar təvazökar olmağı heç cür öyrənə bilmirdilər. Bununla belə, İsa onlara səbir göstərir və həlimliyin nə üçün zəruri olduğunu dəfələrlə təkrarlayırdı (Mark 9:33, 34; Luka 9:46—48; 22:24, 25). İsa Məsihi təqlid edən valideynlər də uşaqlarına qarşı səbirli olacaq, onlar hansısa öyüd-nəsihətin vacibliyini tam başa düşənə qədər təkrarlayacaqlara.
3. Nümunə olun. Valideynlər Allahın xidmətçisi Pavelin Romada yaşayan həmimanlılarına verdiyi məsləhətə riayət etməlidirlər. O yazırdı: «Başqalarını öyrədə-öyrədə nə üçün özünü öyrətmirsən? “Oğurlama” deyə təbliğ edib niyə özün oğurluq edirsən?» (Romalılara 2:21).
Bu məsləhət yerində olan bir məsləhətdir, çünki uşaqlar valideynlərinin sözlərindən çox əməllərinə fikir verirlər. Valideynlərin dedikləri ilə hərəkətləri üst-üstə düşəndə uşaqlar onların verdiyi öyüdə daha həvəslə qulaq asırlar.
4. Uşağı körpəlikdən öyrədin. Həvari Pavellə Allaha xidmət edən Timotey cəmiyyətdə yaxşı ad qazanmışdı (Həvarilərin işləri 16:1, 2). Bunun səbəblərindən biri onun «Müqəddəs Yazıları körpəlikdən» bilməsi idi. Görünür, Timoteyin anası və nənəsi ona Müqəddəs Yazıları oxumaqla kifayətlənmirdilər, həm də orada yazılanların üzərində düşünməyə kömək edirdilər (2 Timoteyə 1:5; 3:14, 15).
Köməyi haradan tapa bilərsiniz?
Yehovanın Şahidləri valideynlərin uşaqlarına Allah haqqında həqiqəti öyrətmələrinə kömək etmək məqsədilə çoxlu ədəbiyyatlar nəşr etmişlər. Onlardan bəziləri sırf körpə uşaqlar üçün yazılıb. Digərləri isə, valideynlərlə yeniyetmələr arasında açıq ünsiyyət saxlamağa kömək edə bilərb.
Əlbəttə, övladlarına Allah haqqında öyrətməmişdən qabaq, valideynlər uşaqların verə biləcəkləri bəzi çətin sualların cavabını özləri axtarıb tapmalıdırlar. Misal üçün, siz növbəti suallara necə cavab verərdiniz: Allah nə üçün əzablara yol verir? Allahın yer üzünə dair niyyəti nədən ibarətdir? Ölənlər haradadırlar? Bu və digər suallara cavab tapmaq üçün Yehovanın Şahidləri sizə böyük məmnuniyyətlə kömək edə bilərlər. Bu, sizə və ailə üzvlərinizə Allaha yaxınlaşmağa kömək edəcək (Yaqub 4:8).
[Haşiyə]
a Qanunun təkrarı 6:7 ayəsində istifadə olunan «yerit» sözü nəyisə tez-tez təkrarlamağı bildirir.
b Azyaşlı uşaqlar üçün valideynlər İsa peyğəmbərin təlimlərindən bəhs edən «Böyük Müəllimdən öyrən» kitabını və Müqəddəs Yazılardakı vacib hadisələrin sadə dildə yazıldığı «Müqəddəs Kitab hekayələri» kitabından istifadə edə bilərlər. Yeniyetmələr üçün isə «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının I və II cildindən istifadə etmək olar.