Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bt fəs. 1 s. 6—12
  • «Gedin və... şagird hazırlayın»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Gedin və... şagird hazırlayın»
  • Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Başlıqlar
  • Oxşar material
  • Genişmiqyaslı tapşırıq
  • «Həvarilərin işləri» kitabı ilə tanışlıq
  • Müqəddəs Kitabı öyrənməyə kömək edən vəsait
  • «Yerin ucqarlarınadək»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • «Həvarilərin işləri» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2008
  • Bulus «ətraflı şəhadət» verirdi
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • «Siz qüvvə alacaqsınız» (Həvarilərin işləri 1:8)
    Müqəddəs Kitab ayələrinin izahı
Əlavə
Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
bt fəs. 1 s. 6—12

FƏSİL 1

«Gedin və... şagird hazırlayın»

«Həvarilərin işləri» kitabı ilə tanışlıq və onun bizim günlərə aidiyyəti

1—6. Yehovanın Şahidlərinin müxtəlif vəziyyətlərdə təbliğ etdiklərini göstərən nümunə çək.

QANADA yaşayan Ribeka adlı Yehovanın gənc Şahidi oxuduğu məktəbə öz təbliğ sahəsi kimi baxırdı. O, həmişə məktəbə Müqəddəs Kitaba əsaslanmış nəşrlər aparır və tənəffüs vaxtı fürsətdən istifadə edərək sinif yoldaşlarına təbliğ edirdi. Ribeka bir neçə sinif yoldaşı ilə Müqəddəs Kitab dərsinə başladı.

2 Afrikanın şərqində yerləşən Madaqaskar adasında iki öncül müntəzəm olaraq ucqar kəndə çatmaq üçün qızmar istidə 25 kilometr məsafəni qət edirdi. Onlar orada maraqlanan adamlarla Müqəddəs Kitab dərsi keçirdilər.

3 Paraqvay və Parana çayları boyunca yaşayan insanlara baş çəkmək üçün paraqvaylı Yehovanın Şahidləri digər ölkələrdən olan 15 könüllü ilə birgə qayıq düzəltmişdilər. Çəkisi 45 ton olan bu qayıqda 12 nəfər rahat yaşaya bilər. Qayığın sayəsində Padşahlığın çalışqan təbliğçiləri xoş xəbəri ucqar ərazilərə yaydılar. Başqa cür bunu etmək mümkün olmazdı.

4 Uzaq şimalda, Alyaskada yaşayan Yehovanın Şahidləri yay mövsümündə yaranan nadir imkandan istifadə edib turistlərə təbliğ edirdi. Havalar istiləşəndə müxtəlif millətlərdən olan sərnişinlə dolu səyahət gəmiləri ora gəlirdi. Yerli Yehovanın Şahidləri limanda müxtəlif dillərdə Müqəddəs Kitaba əsaslanmış nəşrlər sərgiləyərək qonaqları qarşılayırdı. Həmin bölgədəki ucqar kəndlərə getmək üçün təyyarənin rolu misilsizdir, belə ki, onun sayəsində xoş xəbər aleut, atabask, simşian və tlinkit kimi icmalara çatdırılır.

5 ABŞ-nin Texas ştatında yaşayan Larinin xüsusi bir sahəsi var idi. Bu, onun yaşadığı qocalar evidir. Qəza nəticəsində əlil arabasına məhkum olmasına baxmayaraq, Lari əllərini yanına salıb oturmurdu. O, Padşahlıq xəbərini, eləcə də Müqəddəs Kitaba əsaslanan ümidini başqaları ilə bölüşürdü. Bu ümidə Padşahlığın rəhbərlik edəcəyi vaxtda yenidən ayağa qalxacağı daxildir (Əşy. 35:5, 6).

6 Şimali Myanmada keçirilən bir toplantıda iştirak etmək üçün bir qrup Yehovanın Şahidi Mandalaydan gəmi ilə üç gün yol getmişdi. Xoş xəbəri təbliğ etmək arzusu ilə onlar özləri ilə Müqəddəs Kitaba əsaslanan ədəbiyyat götürmüş və sərnişinlərə təklif etmişdilər. Hər dəfə gəmi hansısa şəhərə və ya kəndə çatanda bu çalışqan təbliğçilər gəmidən enir və cəld həmin ərazidə yaşayan insanlara ədəbiyyat verirdilər. Bu arada gəmiyə yeni sərnişinlər minir və geri qayıdan təbliğçilər onlara təbliğ edirdilər.

7. Allahın Padşahlığı haqqında təbliğ edərkən Yehovanın Şahidləri hansı üsullardan istifadə edirlər və onların məqsədi nədir?

7 Bu bacı-qardaşların nümunəsindən göründüyü kimi, Yehovanın çalışqan xidmətçiləri dünyanın hər yerində «Allahın Padşahlığı haqqında ətraflı şəhadət» verirlər (Həv. 28:23). Onlar ev-ev gedir, küçədə insanlara yaxınlaşır, məktub yazır və ya onlarla telefon vasitəsilə danışırlar. Yehovanın Şahidləri istər avtobusda gedərkən, istər parkda gəzərkən, istərsə də iş yerində fasilə vaxtı Allahın Padşahlığı haqqında şəhadət etmək üçün hər fürsətdən istifadə edirlər. Təbliğ üsulları müxtəlif olsa da, məqsəd bir olaraq qalır: xoş xəbəri insanların olduğu istənilən yerdə təbliğ etmək (Mət. 10:11).

8, 9. a) Padşahlıq işinin geniş vüsət alması nəyə görə əsl möcüzədir? b) Ortaya hansı maraqlı sual çıxır və bu suala cavab vermək üçün nə etməliyik?

8 Bəs sən, əziz oxucu, hal-hazırda 235-dən çox ölkə və ərazidə fəal surətdə təbliğ edən Padşahlığın çoxsaylı təbliğçiləri sırasındasanmı? Əgər belədirsə, onda Padşahlığın təbliği kimi möhtəşəm işin irəliləməsində sənin də payın var! Qısa müddət ərzində bu işlə bağlı bütün dünyada bu qədər nailiyyətin əldə edilməsi əsl möcüzədir! Ciddi maneələrə və çətinliklərə, hətta dövlət tərəfindən qoyulan qadağalara və güclü təqiblərə baxmayaraq, Yehovanın Şahidləri bütün millətlərdən olan insanlara ətraflı şəhadət verir.

9 Bu yerdə maraqlı sual meydana çıxır: Görəsən, nəyə görə heç bir maneə, hətta amansız təqiblər belə, Padşahlıq işinin irəliləməsinin qarşısını ala bilməyib? Bu suala cavab vermək üçün b. e. I əsrinə qayıtmaq lazımdır. Axı müasir Yehovanın Şahidləri olan bizlər həmin vaxt təməli qoyulan işi davam etdiririk.

Genişmiqyaslı tapşırıq

10. İsa özünü nəyə həsr etmişdi və bu işlə bağlı ona nə məlum idi?

10 Məsihi yığıncağının Banisi İsa Məsih özünü Allahın Padşahlığı haqqındakı xoş xəbərin təbliği işinə həsr etmişdi. Bu onun həyat amalı idi. O, bir dəfə demişdi: «Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:43). İsa bilirdi ki, başladığı işi özü tamamlaya bilməyəcək. Ölümündən bir qədər əvvəl o, Padşahlıq xəbərinin «bütün xalqların arasında» təbliğ olunacağını söyləmişdi (Mark 13:10). Bəs bu iş necə və kim tərəfindən həyata keçiriləcəkdi?

İsa şagirdlərindən ibarət izdihamla danışır.

«Gedin və bütün xalqların içində şagird hazırlayın» (Mətta 28:19)

11. İsa şagirdlərinə hansı vacib tapşırığı verdi və bu işi yerinə yetirmək üçün onlar hansı köməyi alacaqdılar?

11 Ölümündən və dirilməsindən sonra İsa şagirdlərinə göründü və onlara mühüm tapşırıq verdi: «Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mət. 28:19, 20). «Sizinləyəm» sözü göstərirdi ki, İsa Məsih təbliğ etmək və şagird hazırlamaq işində davamçılarına dayaq olacaq. Şagirdlərin belə köməyə ehtiyacı olacaqdı, çünki İsa demişdi ki, «bütün xalqlar [onlara] nifrət edəcək» (Mət. 24:9). Onlar həmçinin başqa bir kömək də alacaqdılar. İsa göyə qalxmazdan əvvəl onlara demişdi ki, «yerin ucqarlarınadək» onun şahidi olmaları üçün onlara müqəddəs ruh veriləcək (Həv. 1:8).

12. Hansı mühüm suallar yaranır və onlara cavab tapmaq nə üçün vacibdir?

12 Bu yerdə bir neçə vacib sual yaranır: İsanın həvariləri və birinci əsrdəki digər şagirdlər bu tapşırığa ciddi yanaşırdılarmı? Məsihi kişi və qadınlardan ibarət nisbətən kiçik olan bu qrup amansız təqiblər qarşısında belə, Allahın Padşahlığı haqqında ətraflı şəhadət verməyə davam edirdimi? Həqiqətənmi şagird hazırlamaq işində onlar səmavi kömək alırdılar və Yehovanın müqəddəs ruhu onlara dayaq olurdu? Bu və digər suallara Müqəddəs Kitaba daxil olan «Həvarilərin işləri» bölməsi cavab verir. Bu suallara cavab tapmağımız olduqca vacibdir. Nəyə görə? İsa vəd etmişdi ki, onun tapşırdığı iş «bu dövrün yekununa» kimi davam edəcək. Deməli, bu tapşırıq axır günlərdə yaşayan bizlər də daxil olmaqla, bütün həqiqi məsihilərə aiddir. Bu səbəbdən, özünə tarixi məlumatları daxil edən «Həvarilərin işləri» kitabı bizim üçün böyük əhəmiyyət kəsb edir.

«Həvarilərin işləri» kitabı ilə tanışlıq

13, 14. a) «Həvarilərin işləri» kitabını kim yazıb və yazar kitaba daxil etdiyi məlumatları haradan toplayıb? b) «Həvarilərin işləri» kitabında nə haqda danışılır?

13 «Həvarilərin işləri» kitabını kim yazıb? Kitabın heç bir yerində onu yazanın adı çəkilmir, lakin giriş sözlərindən aydın görünür ki, «Həvarilərin işləri» kitabını yazan elə «Lukanın yazdığı müjdə»ni qələmə alan şəxsdir (Luka 1:1—4; Həv. 1:1, 2). Beləliklə, lap başlanğıcdan «sevimli həkim» və diqqətcil tarixçi Luka «Həvarilərin işləri» kitabının yazıçısı hesab olunub (Kol. 4:14). Kitab b. e. 33-cü ilində İsanın göyə qalxmasından eramızın təxminən 61-ci ilinə, həvari Bulusun Romada məhbusluğunun sonuna qədər olan 28 ili əhatə edir. Kitab boyunca Lukanın gah «onlar», gah da «biz» deməsindən belə qənaətə gəlmək olar ki, o təsvir etdiyi hadisələrin əksəriyyətinin canlı şahidi olmuşdu (Həv. 16:8—10; 20:5; 27:1). Diqqətli tədqiqatçı Luka, şübhəsiz ki, bu məlumatları bilavasitə kitabda adları çəkilən Bulusdan, Barnəbadan, Filipdən və başqalarından almışdı.

14 «Həvarilərin işləri» kitabında nədən bəhs olunur? Bir qədər əvvəl yazdığı «Müjdə»də Luka İsa Məsihin dediklərini və etdiklərini qələmə almışdı. «Həvarilərin işləri» kitabında isə o, İsanın şagirdlərinin danışdıqlarından və etdiklərindən söhbət açır. «Həvarilərin işləri» kitabında kənardan «savadsız, sadə adam»lar kimi görünən, lakin möhtəşəm işi həyata keçirən insanlardan bəhs edilir (Həv. 4:13). Bir sözlə desək, Allahdan ilham almış bu kitabda məsihi yığıncağının necə təşkil olunduğu və necə inkişaf etdiyi haqda danışılır. Kitabda birinci əsrdəki məsihilərin necə təbliğ etdiyindən, yəni onların təbliğ üsulları və bu işə münasibətlərindən söhbət açılır (Həv. 4:31; 5:42). Orada xoş xəbərin yayılmasında müqəddəs ruhun hansı rolu oynadığı təsvir olunur (Həv. 8:29, 39, 40; 13:1—3; 16:6; 18:24, 25). Həmçinin orada Müqəddəs Kitabın əsas mövzusundan, Məsihin rəhbərlik etdiyi Allahın Padşahlığı vasitəsilə Allahın adının müqəddəs tutulmasından bəhs edilir və güclü müqavimətlərə baxmayaraq, Padşahlıq xəbərinin geniş yayıldığı göstərilir (Həv. 8:12; 19:8; 28:30, 31).

15. «Həvarilərin işləri» kitabını araşdırmağın bizə hansı faydası olacaq?

15 «Həvarilərin işləri» kitabını araşdırmaq, həqiqətən də, insanı heyran edir və imanını möhkəmləndirir! Məsihin birinci əsrdəki davamçılarının cəsarət və çalışqanlıq nümunələri üzərində düşünmək ürəyimizi riqqətə gətirəcək, bizi onların imanını təqlid etməyə təşviq edəcək. Bununla da «gedin... şagird hazırlayın» tapşırığını daha müvəffəqiyyətlə yerinə yetirəcəyik. Əlindəki nəşr «Həvarilərin işləri» kitabını diqqətlə öyrənməyinə kömək etmək üçün nəzərdə tutulub.

Müqəddəs Kitabı öyrənməyə kömək edən vəsait

16. Bu nəşr hansı üç məqsədə xidmət edir?

16 Bu nəşrin əsas məqsədi nədir? Kitab üç məqsədə: 1) Yehovanın Öz müqəddəs ruhu vasitəsilə Padşahlığın təbliği və şagird hazırlamaq işini dəstəklədiyinə əminliyimizi möhkəmləndirmək, 2) Məsihin birinci əsrdə yaşayan davamçılarının nümunəsini araşdırmaqla bizi xidmətdə daha səyli olmağa təşviq etmək və 3) Yehovanın təşkilatına, həmçinin təbliğ işində və yığıncaqlara nəzarət etməkdə rəhbərliyi üzərinə götürən kəslərə hörmətimizi artırmaq məqsədinə xidmət edir.

17, 18. Bu nəşr necə tərtib edilib və hansı xüsusiyyətləri Müqəddəs Kitabın fərdi mütaliəsində faydalı olacaq?

17 Bu nəşr necə tərtib edilib? Əgər diqqət yetirdinsə, kitab hər biri «Həvarilərin işləri» kitabının müəyyən hissəsini əhatə edən səkkiz bölməyə ayrılıb. Məqsəd «Həvarilərin işləri» kitabını ayəbəayə araşdırmaq yox, orada yazılan hadisələrdən dərs götürməkdə və öyrəndiklərimizi şəxsən necə tətbiq edə biləcəyimizi anlamaqda bizə kömək etməkdir. Hər fəslin əvvəlində həmin fəslin əsas mövzusu vurğulanır və «Həvarilərin işləri» kitabının hansı hissəsinin araşdırılacağı göstərilir.

18 Bu nəşrin Müqəddəs Kitabın fərdi mütaliəsi zamanı faydalı olacaq digər xüsusiyyətləri də var. «Həvarilərin işləri» kitabındakı həyəcanlandırıcı hadisələri təsvir edən gözəl şəkillər sənə oxuduqlarını xəyalında canlandırmağa kömək edəcək. Bir çox fəsillərdə çərçivələr yerləşir ki, onlarda da faydalı əlavə məlumat verilir. Bəzi çərçivələrdə imanları örnək götürüləsi Müqəddəs Kitab personajları haqqında qısa məlumat yazılıb. Digərləri isə «Həvarilərin işləri» kitabında xatırlanan yerlər, hadisələr, yaxud başqa personajlar haqqındakı təfsilatları özünə daxil edir.

Qardaş bir ər-arvadı təyin olunmuş ərazidə xidmət etməyə göndərir.

Sahədə təbliğ edərkən vaxtın azaldığını unutma

19. Vaxtaşırı özümüzə hansı sualları verməliyik?

19 Bu nəşr özünü yoxlamaqda sənə kömək edəcək. Padşahlığın təbliğçisi kimi neçə müddət xidmət etməyindən asılı olmayaraq, vaxtaşırı ayaq saxlayıb həyatda nəyə üstünlük verdiyini və məsihi xidmətinə münasibətini yoxlamaq yaxşı olardı (2 Kor. 13:5). Özündən soruş: «Xidmətin təxirəsalınmaz iş olduğunu dərk edirəmmi? (1 Kor. 7:29—31). Xoş xəbəri əminliklə və səylə təbliğ edirəmmi? (1 Salon. 1:5, 6). Təbliğ və şagird hazırlamaq işində əlimdən gəldiyi qədər iştirak edirəmmi?» (Kol. 3:23).

20, 21. Nəyə görə tapşırığımız bu qədər vacibdir və nə etməyə qətiyyətli olmalıyıq?

20 Gəl heç vaxt unutmayaq ki, bizə vacib iş — təbliğ və şagird hazırlamaq işi həvalə olunub. Hər ötən gün bu işin vacibliyini daha da artırır. Bu sistemin sonu sürətlə yaxınlaşır. Hələ heç vaxt bu qədər insanın həyatı təhlükə altında olmayıb. Biz bilmirik, əbədi həyata aparan yolda yeriməyə meyli olan nə qədər insan xoş xəbərə hay verəcək (Həv. 13:48). Buna baxmayaraq, nə qədər ki gec deyil, biz belə insanlara kömək etməliyik (1 Tim. 4:16).

21 Beləliklə, Padşahlığın birinci əsrdə yaşayan çalışqan təbliğçilərinin nümunəsini izləmək son dərəcə vacibdir. Arzu edirik ki, bu nəşr səni daha səylə və cəsarətlə təbliğ etməyə təşviq etsin, həmçinin bundan sonra da «Allahın Padşahlığı haqqında ətraflı şəhadət» vermək qətiyyətini möhkəmləndirsin (Həv. 28:23).

ERAMIZIN BİRİNCİ ƏSRİNDƏ MƏSİHİLİYİN İNKİŞAFINDA MÜHÜM TARİXLƏR

  1. 33

    İsa dirilir

    İsa davamçılarına şagird hazırlamağı tapşırır

    Əllinci gün bayramında müqəddəs ruh verilir

    Məsihi yığıncağının təməli qoyulur

  2. təx. 33, 34

    Stefan öldürülür

    Həbəşistanlı məmur vəftiz olunur

  3. təx. 34

    Tarslı Şaul məsihi olur

  4. təx. 34—36

    Şaul Dəməşqdə təbliğ edir

  5. təx. 36

    Bulus Məsihin davamçısı kimi ilk dəfə Yerusəlimə gəlir

    Bulus Yerusəlimdə Butrusun yanına gəlir (Qal. 1:18)

  6. 36

    Kornili məsihiliyi qəbul edir

    İlk qeyri-yəhudilər məsihi olurlar

  7. təx. 41

    Mətta «Müjdə»ni yazır

    Bulus görüntüdə «göyə» aparıldığını görür (2 Kor. 12:2)

  8. təx. 44

    Ağab qıtlıq olacağını peyğəmbərlik edir

    Yaqub (Zəbədinin oğlu) öldürülür

    Butrus həbsə alınır və möcüzəli şəkildə azad olunur

  9. 44

    I Hirod Aqrippa ölür

  10. təx. 46

    Peyğəmbərlik olunmuş qıtlıq başlayır

    Bulus qardaşların verdiyi maddi yardımı Yerusəlimə gətirir

  11. təx. 47, 48

    Bulusun birinci təbliğ səyahəti

  12. təx. 49

    Antakyada sünnət məsələsi qalxır

    Yerusəlimdə müşavirə keçirilir

    Bulus Butrusun təqsirini üzünə deyir (Qal. 2:11—14)

  13. təx. 49—52

    Bulusun ikinci təbliğ səyahəti

    Barnəba və Mark Kiprdə təbliğ edir

  14. təx. 49, 50

    Klavdi yəhudiləri Romadan qovur

  15. təx. 50

    Luka Troasda Bulusa qoşulur

    Bulus görüntüdə makedoniyalını görür

    Bulus Filippiyə gəlir

    Filippidə yığıncağın təməli qoyulur

    Salonikidə yığıncağın təməli qoyulur

    Bulus Afinaya gəlir

  16. təx. 50—52

    Bulus Korinfə gəlir

    Bulus salonikililərə 1-ci məktubunu yazır

    Bulus qalatiyalılara məktub yazır

  17. təx. 51

    Bulus salonikililərə 2-ci məktubunu yazır

  18. təx. 52—56

    Bulusun üçüncü təbliğ səyahəti

  19. təx. 52—55

    Bulus Efesə gəlir

  20. təx. 55

    Bulus korinflilərə 1-ci məktubunu yazır

    Titus Korinfə göndərilir

    Bulus korinflilərə 2-ci məktubunu yazır

  21. təx. 56

    Bulus romalılara məktub yazır

    Bulus Troasda Eftiki dirildir

    Bulus və Luka Filiplə birlikdə Qeysəriyyədə qalır

    Bulus Yerusəlimdə həbsə alınır

  22. təx. 56—58

    Bulus Qeysəriyyədə nəzarət altında saxlanılır

    Luka «Müjdə»ni yazır

  23. təx. 58

    Fest Feliksin yerinə gəlir

  24. 58

    II Hirod Aqrippa Bulusu dinləyir

  25. təx. 59—61

    Bulusun Romada ilk həbsi

  26. təx. 60, 61

    Bulus koloslulara məktub yazır

    Bulus efeslilərə məktub yazır

    Bulus Filimona məktub yazır

    Bulus filippililərə məktub yazır

  27. təx. 60—65

    Mark «Müjdə»ni yazır

  28. təx. 61

    Luka «Həvarilərin işləri»ni yazır

    Bulus ibranilərə məktub yazır

  29. təx. 61—64

    Bulus Timutiyə 1-ci məktubunu yazır

    Titus Kritdə qalır (Tit. 1:5)

    Bulus Titusa məktub yazır

  30. 62-ci ildən əvvəl

    Yaqub məktub yazır

  31. təx. 62—64

    Butrus 1-ci məktubunu yazır

  32. təx. 64

    Butrus 2-ci məktubunu yazır

  33. təx. 65

    Bulusun Romada ikinci həbsi

    Bulus Timutiyə 2-ci məktubunu yazır

    Titus Dalmatiyaya gedir (2 Tim. 4:10)

    Bulus edam olunur

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş