ƏLAVƏLƏR
Məsihin ölümünün Xatirə gecəsi — Allaha izzət gətirən hadisə
MƏSİHÇİLƏRƏ Məsihin ölümünün Xatirə Gecəsini qeyd etmək tapşırılmışdır. Bu xatirə mərasimi həm də «Rəbbin axşam yeməyi» adlanır (1 Korinflilərə 11:20, İ–93). Bu hadisə nəyə görə vacibdir? Onu necə və nə vaxt qeyd etmək lazımdır?
İsa Məsih bu bayramı b. e. 33-cü ilində, ibranilər Pasxa bayramını qeyd etdikləri zaman tə’sis etmişdi. Pasxa bayramı ildə bir dəfə, ibrani təqviminə əsasən 14 nisanda keçirilirdi. Bu tarixi müəyyən etmək üçün ibranilər, ehtimal ki, yaz gecə-gündüz bərabərliyini gözləyirdilər. Bu zaman gecə və gündüz eyni uzunluqda olur, yə’ni hər ikisi 12 saat davam edir. Bu gündən sonra Ayın çıxdığı ilk gün ibranilərdə nisan ayının birinci günü hesab edilirdi. Ayın 14-cü günündə günəş batdıqdan sonra Pasxa bayramı qeyd edilirdi.
İsa həvariləri ilə Pasxanı qeyd etdikdən sonra, Yəhuda İskaryotu yolladı və sonra Rəbbin Xatirə Gecəsini tə’sis etdi. Bu mərasim ibrani Pasxasını əvəz etdiyi üçün, onu da ildə bir dəfə qeyd etmək lazımdır.
«Mattanın Müjdəsi»ndə deyilir: «İsa çörək götürdü, şükran duası edib, onu parçaladı və şagirdlərə verib, dedi: “Alın, yeyin! Bu Mənim bədənimdir”. Bir kasa da götürüb şükür etdi və onlara verərək dedi: “Bundan hamınız için! Çünki bu, Mənim qanım, günahların bağışlanması üçün bir çoxları uğrunda tökülən Əhdi-Cədidin qanıdır”» (Matta 26:26-28).
Bə’ziləri inanırlar ki, İsa çörək yerinə canını, şərab yerinə isə öz qanını təklif etmişdi. Ancaq çörəyi ötürdükdən sonra onun bədəninə heç bir zərər dəyməmişdi. Həqiqətənmi İsanın həvariləri həqiqi mə’nada onun ətini yeyib, qanını içə bilərdilər? Xeyr, çünki bu, vəhşilik sayılar və Allahın qanununa zidd olardı (Yaradılış 9:3, 4; Levililər 17:10). Luka 22:20 ayəsinə əsasən, İsa demişdir: «Bu kasa Mənim sizin üçün tökülən qanımla gerçəklənən Əhdi-Cədiddir». Həmin kasa həqiqi mə’nada ‘Əhdi-Cədidə’, yə’ni «yeni əhdə» çevrildimi? Xeyr, çünki əhd — maddi bir şey deyil, sadəcə bir sazişdir.
Beləliklə, çörək və şərab sadəcə bir simvoldur. Çörək Məsihin kamil bədənini təmsil edir. Həmin gecə İsa şagirdlərinə Pasxa yeməyindən qalmış çörəyi təklif etdi. Bu çörək mayasız bişirilirdi (Çıxış 12:8). Müqəddəs Kitabda maya günahın və xarab olmanın simvoludur. Mayasız çörək İsanın qurban verdiyi kamil bədəninin simvoludur. Onun bədəni günahsız idi (Matta 16:11, 12; 1 Korinflilərə 5:6, 7; 1 Peter 2:22; 1 Yəhya 2:1, 2).
Qırmızı şərab İsanın qanını təmsil edir. Yeni əhd Məsihin qanının tökülməsi sayəsində qüvvəyə minir. İsa bildirdi ki, qanı «günahların bağışlanması üçün» töküləcək. Bu, insanların Allahın gözündə təmiz olmalarına və Onunla yeni əhd bağlamalarına imkan yaradır (İbranilərə 9:14; 10:16, 17). Bu əhd, yə’ni saziş 144 000 sadiq məsihçiyə göylərdə yaşamaq üçün imkan açır. Onlar bütün bəşəriyyətin rifahına xidmət edən padşah və kahinlər olacaqlar (Yaradılış 22:18; Yeremya 31:31-33; 1 Peter 2:9; Vəhy 5:9, 10; 14:1-3).
Xatirə Gecəsi qeyd edilən zaman bu simvollardan kimlər qəbul edə bilər? Şübhəsiz ki, bu simvollardan yalnız yeni əhdə daxil olanlar, yə’ni göydə yaşamaq ümidinə malik olanlar qəbul edə bilər. Allahın müqəddəs ruhu bu insanları göydə padşah olmaq üçün seçildiklərinə əmin edir (Romalılara 8:16). Bundan başqa, İsa onlarla Padşahlıq əhdi bağlamışdır (Luka 22:29).
Bəs yerüzü Cənnətdə əbədi yaşamağa ümid edənlər barədə nə demək olar? Bu insanlar İsanın əmrinə qulaq asaraq, Məsihin ölümünün Xatirə Gecəsinə gəlirlər. Onlar bu hadisəyə hörmətlə yanaşırlar, ancaq simvollardan qəbul etmirlər. Yehovanın Şahidləri Xatirə Gecəsini ildə bir dəfə, 14 nisanda, gün batandan sonra qeyd edirlər. Hal-hazırda dünyada göylər ümidinə malik olanlardan yalnız bir neçə min qalmasına baxmayaraq, bu xatirə mərasimini bütün məsihçilər qiymətləndirir. Xatirə Gecəsi zamanı hər birimiz Yehova Allahın və İsa Məsihin misilsiz məhəbbəti üzərində düşünə bilərik (Yəhya 3:16).