BÖLMƏ 1
Allah bizim qayğımıza qalır?
BU GÜN dünya problemlər içində boğulur. Müharibələr, təbii fəlakətlər, xəstəliklər, yoxsulluq, rüşvətxorluq və bir çox digər bədbəxtliklər milyonlarla insanın həyatını alt-üst edir. Ola bilsin, bəzi problemlər sizə də rahatlıq vermir. Bəs kim bizə kömək edə bilər? Ümumiyyətlə, qayğımıza qalan var?
Allahın bizə məhəbbəti ananın körpəsinə duyduğu məhəbbətdən qat-qat üstündür
Əmin ola bilərik ki, Allah, həqiqətən də, bizim qayğımıza qalır. Çünki O Öz Kəlamında deyir: «Heç ana südəmər körpəsini unudar? Məgər bətnində daşıdığı balasına yazığı gəlməz? Ana uşağını unutsa belə, Mən səni heç vaxt unutmaram»a.
Bunu bilmək insana qəlb rahatlığı gətir, elə deyil? Allahın məhəbbəti insana xas olan ən güclü hissdən — ananın övladına duyduğu məhəbbətdən qat-qat güclüdür. Allah bizi heç vaxt atmayacaq! Əslində, O bizə artıq kömək əlini uzadıb. Necə? Həyatda xoşbəxtliyə nail olmağın sirrini açmaqla: bu, həqiqi imandır.
Əsl iman sizə xoşbəxtlik bəxş edəcək. Belə iman qarşılaşdığınız bir çox problemlərdən qaçmağa və onların öhdəsindən müvəffəqiyyətlə gəlməyə kömək edəcək. Həmçinin bu sizi Allaha yaxınlaşdıracaq, düşüncənizə və ürəyinizə rahatlıq verəcək. Eyni zamanda həqiqi iman gözəl gələcəyə — Cənnətdə əbədi həyata yol açır!
Bəs həqiqi iman nədir? Ona necə sahib olmaq olar?
a Müqəddəs Kitabın Əşiya 49:15 ayəsinə baxın.