«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
MART
*** w95-E 15/2 s. 27, abz. 5, 6 ***
Problemləri həll etmək üçün ibrət dərsi
5 Onların bütün məsləhətləri yanlış fərziyyəyə əsaslanmışdı. Onlar zənn edirdilər ki, əzab-əziyyət yalnız günah edən kəslərin qabağına çıxır. Əlifəz birinci nitqində dedi: «Hansı təqsirsiz insan məhv olub? Harada görünüb ki, əməlisaleh həlak olsun? Mən görmüşəm ki, fitnə-fəsad əkənlər, bədbəxtlik toxumu səpənlər əkdiyini biçir» (Əyyub 4:7, 8). Əlifəzin zənnincə, günahsız insanlar xata-baladan uzaq olurlar. O fikirləşirdi ki, əgər Əyyubun başına müsibət gəlibsə, deməli, o, Allaha qarşı günah edib*. Bildad və Söfər də təkidlə Əyyuba günahlarına görə tövbə etməyi deyirdilər (Əyyub 8:5, 6; 11:13—15).
[Haşiyə]
Müqəddəs Kitabda deyilir: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7). Ancaq bu, o demək deyil ki, insan əzab çəkirsə, deməli, Allah onu cəzalandırıb. Şeytanın at oynatdığı bu dünyada saleh insanlar daha çox problemlə üzləşirlər, nəinki pis insanlar (1 Yəhya 5:19). İsa öz şagirdlərinə demişdi: «Mənim adıma görə hamı sizə nifrət edəcək» (Mətta 10:22). Xəstəlik və digər bəlalar Allahın hər bir sadiq xidmətçisinin başına gələ bilər (Zəbur 41:3; 73:3—5; Filippililərə 2:25—27).
6 Əyyubun üç dostu ilahi hikməti bir kənara qoyub öz fikirlərini deyir, Əyyubun ürəyini lap üzürdülər. İş o yerə çatdı ki, Əlifəz Yehovanın Öz qulluqçularına etibar etmədiyini, Əyyubun saleh olub-olmamağının Onu maraqlandırmadığını dedi (Əyyub 4:18; 22:2, 3). Bu sözlərdən sonra insan sarsılmasın, neyləsin?! Həm də ki, Allahın ünvanına bu boyda yalan demək lap ağ idi! Təəccüblü deyil ki, Yehova Əlifəzi və onun yoldaşlarını bu cür küfr sözlərə görə danlayıb demişdi: «Siz... Mənim barəmdə həqiqəti danışmadınız» (Əyyub 42:7). Ancaq ən betəri hələ qabaqda idi.
*** w15-E 1/7 s. 12, abz. 2 ***
Biz Allahı razı sala bilərik?
Əyyubun başına dalbadal müsibətlər gəlmişdi. Ona elə gəlirdi ki, o, ədalətsizliyin qurbanıdır. Əyyub yanlış olaraq belə bir nəticəyə gəlmişdi ki, sadiq qalıb-qalmaması Allahın vecinə deyil (Əyyub 9:20—22). Əyyub öz salehliyinə həddindən artıq əmin idi. Kənardakılarda elə təəssürat yaranırdı ki, o, özünü Allahdan haqlı sayır (Əyyub 32:1, 2; 35:1, 2).
*** w15-E 1/3, s. 3 ***
Biz nədən xilas olmalıyıq?
«İnsanın, qadından doğulanın ömrü gödəkdir, əzab-əziyyətlə doludur. Çiçək kimi açır, sonra solur, kölgə kimi qaçır və gözdən itir» (Əyyub 14:1, 2).
Ta qədim zamanlardan insanlar əbədi yaşamağı, həmişə cavan və sağlam olmağı arzulayıblar. Lakin acı gerçəklik bundan ibarətdir ki, bir gün doğulan bir gün bu dünyadan gedir. Əyyub peyğəmbər yuxarıda yazılan sözləri üç min il bundan əvvəl demişdi, ancaq bu sözlər hələ də həqiqət olaraq qalır.
Həyat eşqi çox güclü hissdir. Və bu, bütün insanlara xasdır. Müqəddəs Kitabda deyilir ki, Allah insanların ürəyinə əbədi yaşamaq arzusu, həmçinin əbədi həyatı dərk etmək istəyi qoyub (Vaiz 3:11). Bəs sizcə, insanları sevən Allah onların ürəyinə əlçatmaz arzu qoyardı? Bu, heç bir məntiqə sığmır. Allahın Kəlamında ölüm düşmən adlanır. Orada vəd edilir ki, ölüm məhv ediləcək (1 Korinflilərə 15:26).
Ölümün düşmən olduğuna heç bir şübhə yoxdur. Ağlı başında olan heç kim ölmək istəmir. Adətən, insan təhlükə ilə üzləşəndə gizlənir, qaçır. Xəstələnəndə şəfa tapmaq üçün çarə axtarır. Biz həyatımız üçün təhlükə yaradan hər şeydən özümüzü gözləyirik.
Bəs bu qədim düşmənin məhv ediləcəyinə necə inana bilərik? Bunun üçün bir əsas varmı? Əlbəttə, var. Yaradanımız Yehova Allah insanları ona görə yaratmayıb ki, cəmi bir neçə il ömür sürüb ölsünlər. İnsanların ölümü Onun əzəli niyyətinə daxil deyildi. Allah istəyirdi ki, insanlar yer üzündə əbədi yaşasınlar. Niyyət etdiyi şeyi isə O, mütləq həyata keçirir (Əşiya 55:11).
Bəs ölüm necə yox ediləcək? Bəşər tarixinə nəzər salsaq, görərik ki, insanlar ölümə çarə tapmaq üçün cürbəcür üsullara əl atıblar, amma buna müvəffəq olmayıblar. Bu cəhdlər indiyənədək davam edir. Alimlər xəstəlikləri müalicə edən vaksinlər, dərmanlar icad edirlər. Onlar canlıların genetikasına qədər gedib çıxıblar. Bir çox ölkələrdə insanların ömrü ötən əsrə nisbətən orta hesabla xeyli uzanıb. Bununla belə, ölüm hələ də meydan sulayır. Müqəddəs Kitabda deyildiyi kimi, hamı torpağa qayıdır (Vaiz 3:20).
Ancaq ümidsizliyə qapılmayın. İnsanların ölümə çarə tapacağını oturub gözləmək lazım deyil. Yehova Allah bizim xilas olmağımız, ölümdən qurtulmağımız üçün artıq tədbir görüb. Bu tədbirdə əsas rolu isə İsa Məsih oynayır.
*** w08-E 1/3 s. 3, abz. 3 ***
Xilasa möhtacıq!
Düzdür, bu o demək deyil ki, hamı həmin o doqquz şaxtaçı kimi yerin altında qalacaq, ya da fəlakətə düşüb həyatını itirəcək. Bununla belə, hamımız xilasa möhtacıq. Heç kim xəstəlikdən, qocalıqdan və ölümdən yaxa qurtara bilməz. Əyyub peyğəmbər demişdi: «İnsanın, qadından doğulanın ömrü gödəkdir, əzab-əziyyətlə doludur. Çiçək kimi açır, sonra solur, kölgə kimi qaçır və gözdən itir» (Əyyub 14:1, 2). Bu sözlərin deyildiyi vaxtdan təxminən 3500 il keçsə də, onlar hələ də həqiqət olaraq qalır. Axı kim bu dünyanı tutub durub? Harada yaşasaq da, səhhətimizə nə qədər fikir versək də, hamımız əvvəl-axır xəstələnirik, qocalıb ölürük. Bəli, biz bunlardan xilas olmağa möhtacıq.
*** w15-E 1/8 s. 5 ***
Ölənlər üçün ümid var? Ölülər həyata qayıda bilərlər?
MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Elə bir vaxt gələcək ki, qəbirlərdə olanların hamısı onun [İsanın] səsini eşidəcək... [və] diriləcəklər» (Yəhya 5:28, 29).
Bu sözlərlə İsa Məsih peyğəmbərlik etmişdi ki, gələcəkdə onun padşahlığı altında Məzarda olanların hamısı həyata qayıdacaq. Ötən məqalədə adı çəkilən Fernando deyir: «Birinci dəfə Yəhya 5:28, 29 ayələrini oxuyanda məni heyrət bürümüşdü. Bu ayələr mənə ümid verdi, ömrümdə birinci dəfə idi ki, gələcəyə nikbin baxmağa başladım».
Qədimdə yaşamış Əyyub peyğəmbər inanırdı ki, ölsə, Allah onu nə vaxtsa yenidən həyata qaytaracaq. Əyyub: «İnsan ölsə, bir də yaşarmı?» — deyə soruşmuşdu. Sonra isə əminliklə cavab vermişdi: «Köləlik [yəni Məzardakı] günlərim boyunca gözlərəm, ta azadlığa çıxanadək. Sən çağıracaqsan, mən hay verəcəyəm» (Əyyub 14:14, 15).
Dirilmə İlazərin bacısı Marta üçün yeni bir şey deyildi. İlazər öləndə İsa ona demişdi: «Qardaşın diriləcək». Marta da ona belə cavab vermişdi: «Bilirəm, o, axırıncı gündə, dirilmə zamanı diriləcək». Onda İsa ona demişdi: «Dirilmə və həyat mənəm. Mənə iman edən ölsə də, həyata qayıdacaq» (Yəhya 11:23—25). Bundan dərhal sonra İsa İlazəri həyata qaytarmışdı. Bu əhvalat bizə gələcəkdə necə möhtəşəm hadisələrin olacağını göstərir. Təsəvvür edin, bütün dünyada insanlar diriləcək!
Dirilib göydə yaşayan olacaqmı?
MÜQƏDDƏS KİTABDA DEYİLİR: Allahın Kəlamından öyrənirik ki, İsanın dirilməsi Müqəddəs Kitabda yazılan digər səkkiz nəfərin dirilməsindən fərqlənirdi. Həmin səkkiz nəfər dirilib yer üzündə yaşamışdılar. Ancaq İsanın dirilməsi haqqında belə yazılıb: «İsa Məsih... göyə qalxandan sonra Allahın sağında əyləşdi» (1 Butrus 3:21, 22). Bəs dirilib göyə gedən təkcə İsa olub? İsa ölümündən əvvəl həvarilərinə demişdi: «Əgər mən gedib sizin üçün yer hazırlasam, qayıdıb sizi evə, öz yanıma aparacağam ki, siz də mən olan yerdə olasınız» (Yəhya 14:3).
Məsih göyə gedib şagirdlərinin bəziləri üçün yer hazırladı. Dirilib göyə gedənlərin sayı 144 000 nəfər olacaq (Vəhy 14:1, 3). Bəs İsanın bu davamçıları orada nə edəcəklər?
*** w11-E 1/3 s. 22, abz. 2—4 ***
Allaha yaxınlaşın. «Əllərinin işinin həsrətini çəkəcəksən»
Sizə bir əhvalat danışaq. Böyük iman sahibi olan Əyyubun başına dalbadal müsibət gəlir: var-dövləti əlindən çıxır, övladlarının hamısı ölür, özü isə ağır xəstəliyə mübtəla olur. Dərddən başını itirən Əyyub Allaha ah-nalə edir: «Kaş məni Məzarda [ümumbəşər məzarı] gizlədəydin» (13-cü ayə). Əyyub Məzara dinclik yeri kimi baxırdı. Orada o, sanki, Allahın gizlətdiyi xəzinə kimi, əzab-əziyyətlərdən, dərd-qəmdən azad olacaqdı*.
[Haşiyə]
Bir lüğətə əsasən, Əyyubun «məni gizlədəydin» sözləri «qiymətli xəzinə kimi etibarlı yerə qoyub saxlayaydın» mənasını daşıyır. Digər mənbədə isə deyilir ki, bu sözlər «məni xəzinə kimi gizlədəydin» mənasını verir.
Bəs Əyyub həmişəlik Məzarda qalacaqdı? O, belə düşünmürdü. Duasında demişdi: «Vaxt təyin edəydin, sonra məni yada salaydın». Əyyub əmin idi ki, Məzarda müvəqqəti qalacaq, Yehova Onu unutmayacaq. Əyyub Məzarda keçirdiyi vaxtı köləliyə bənzədirdi, yəni məcburi şəkildə orada qalıb gözləməli idi. Bəs nə vaxta qədər? O deyir: «Ta azadlığa çıxanadək» (14-cü ayə). Bu azadlıq Məzardan qurtulmaq, başqa sözlə, dirilmək demək idi!
Nəyə görə Əyyub azadlığa çıxacağına əmin idi? O bilirdi, sadiq bəndələrinin həyatdan köçməsi Yaradana necə təsir edir. Əyyub demişdi: «Sən çağıracaqsan, mən hay verəcəyəm, əllərinin işinin həsrətini çəkəcəksən» (15-ci ayə). Əyyub özünün Allahın əlinin işi olduğunu deyirdi. Ana bətnində Əyyuba quruluş verən Yaradan o, öləndən sonra da onu həyata qaytara bilər (Əyyub 10:8, 9; 31:15).
*** w15-E 1/8 s. 7, abz. 3 ***
Ölülər üçün ümid var! Necə əmin ola bilərsiniz?
Nəyə görə Yehova ölülərin dirilməsi üçün tədbir görüb? Çünki O, insanları sevir. Əyyub: «İnsan ölsə, bir də yaşarmı?» — deyə soruşmuşdu. Sonra isə cavab vermişdi: «Sən çağıracaqsan, mən hay verəcəyəm, əllərinin işinin həsrətini çəkəcəksən» (Əyyub 14:14, 15). Əyyub əmin idi ki, Yaradan onu sevir və onu dirildəcəyi vaxtı həsrətlə gözləyəcək. Allah dəyişməyib. O, peyğəmbərinə demişdi: «Mən Yehovayam. Mən dəyişmirəm» (Məlaki 3:6). Allah indi də ölülərin həyata qayıdıb sağlam, xoşbəxt yaşamasını arzulayır. Onun hisslərini övladını itirən valideynin hissləri ilə müqayisə etmək olar. Fərq bircə ondadır ki, Allah Öz istəklərini həyata keçirməyə qadirdir (Zəbur 135:6).
*** w11-E 1/3 s. 22, abz. 3—6 ***
Allaha yaxınlaşın. «Əllərinin işinin həsrətini çəkəcəksən»
Bəs Əyyub həmişəlik Məzarda qalacaqdı? O, belə düşünmürdü. Duasında o demişdi: «Vaxt təyin edəydin, sonra məni yada salaydın». Əyyub əmin idi ki, Məzarda müvəqqəti qalacaq, Yehova Onu unutmayacaq. Əyyub Məzarda keçirdiyi vaxtı köləliyə bənzədirdi, yəni məcburi şəkildə orada qalıb gözləməli idi. Bəs nə vaxta qədər? O deyir: «Ta azadlığa çıxanadək» (14-cü ayə). Bu azadlıq Məzardan qurtulmaq, başqa sözlə, dirilmək demək idi!
Nəyə görə Əyyub azadlığa çıxacağına əmin idi? O bilirdi ki, sadiq bəndələrinin həyatdan köçməsi Yaradana necə təsir edir. Əyyub demişdi: «Sən çağıracaqsan, mən hay verəcəyəm, əllərinin işinin həsrətini çəkəcəksən» (15-ci ayə). Əyyub özünün Allahın əlinin işi olduğunu deyirdi. Ana bətnində Əyyuba quruluş verən Yaradan o, öləndən sonra da onu həyata qaytara bilər (Əyyub 10:8, 9; 31:15).
Əyyubun sözlərindən Yehova haqqında bir şey öyrənirik: O, Əyyub kimi özünü Onun əllərinə təslim edən, əlində yumşaq gil olub, Onun istədiyi şəkli alan insanlara xüsusi məhəbbət bəsləyir (Əşiya 64:8). Yehova sadiq xidmətçilərini əziz tutur. O, həyatdan köçən mömin bəndələrinin həsrətini çəkir. «Həsrətini çəkmək» kimi tərcümə olunan ibrani sözü «güclü istəyi ifadə edən ən güclü sözdür». Bəli, Yehova Öz xidmətçilərini nəinki unutmur, onları həyata qaytarmağı ürəkdən arzulayır.
Nə yaxşı ki, Müqəddəs Yazıların ilk qələmə alınan kitablarından biri olan Əyyub kitabında Yehova ölüləri diriltmək niyyətində olduğunu açıqlayıb. O, istəyir ki, biz ölən əzizlərimizə yenidən qovuşaq. Bu fikri yadda saxlasaq, itkiyə dözmək nisbətən asan olacaq. Yaxşı olardı ki, bu cür qayğıkeş Yaradan haqqında öyrənəsiniz, Onun istədiyi kimi insan olasınız. Onda Allahın bu niyyətinin gerçəkləşəcəyi vaxtı mütləq görəcəksiniz.
*** g99-E 22/7 s. 11, çər. ***
Ağıl yaşdadır?
Əyyub demişdi: «Məgər hikmət ahıllarda deyil? Dərrakə uzun ömürlə gəlmir?» (Əyyub 12:12). Bu, belədir? Tədqiqatçılar araşdırma aparmışlar ki, görsünlər yaşlı insanlarda «bəsirət, uzaqgörənlik, düzgün mühakimə yürütmək, bir-birinə zidd gedən fikirləri ölçüb-biçmək və problemlərin həllini tapmaq» kimi xüsusiyyətlər nə dərəcədədir. Bir hesabata əsasən, araşdırmalar göstərmişdir ki, «yaşlı insanlar hər cəhətdən cavanlardan qat-qat hikmətlidir və daha düşünülmüş, təcrübəyə söykənən məsləhətlər verirlər». Araşdırmalar həmçinin göstərmişdir ki, «çox vaxt yaşlı adamlar cavanlara nisbətən gec qərar versələr də, adətən, onların qərarları daha yaxşı olur» («U.S.News & World Report»). Beləliklə, Əyyub kitabında düz deyilir, ağıl yaşdadır ki yaşdadır.
*** it-1-E s. 924, abz. 4 ***
Yumşaq tonda danışmaq hələ əsil mülayimlik deyil. Əsil mülayimlik ürəkdən gəlməlidir. Şeytan mömin bəndə olan Əyyubun kamilliyini sınayan vaxt, Əyyubun çəkdiyi iztirablar azmış kimi Əyyubun üç dostu da onun üstünə düşdü. Onlar Əyyubu xəlvətdə günah etməkdə, şər işlər görməkdə, dikbaşlıqda ittiham etdilər, onun dönük olduğuna, oğullarının isə pis əməllərinə görə Allah tərəfindən öldürüldüyünə eyham vurdular. Bununla belə həmin üç nəfərdən biri olan Əlifəz Əyyuba dedi: «Məgər Allahın təsəllisi, yumşaq deyilən sözlər sənə bəs eləmir?» (Əy 15:11). Ola bilsin ki, onlar bəzən yumşaq tonda danışmışdılar, ancaq acı, kobud sözlər demişdilər. Buna görə də onların sözləri əslində yumşaq sözlər deyildi.