-
Peyğəmbər sınaqlardan başıuca çıxırİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 13
Peyğəmbər sınaqlardan başıuca çıxır
MƏTTA 4:1—11 MARK 1:12, 13 LUKA 4:1—13
ŞEYTAN PEYĞƏMBƏRİ SINAĞA ÇƏKİR
Bildiyimiz kimi, İsa peyğəmbər vəftiz olunanda göylər açılmışdı (Mətta 3:16). Bununla da o, göydəki həyatını və öyrəndiklərini yada sala bilmişdi. Vəftizdən dərhal sonra Allahın ruhu peyğəmbəri Yəhudiyyədəki çöllüyə aparır. Çünki o, çox şey haqda düşünməlidir.
İsa 40 gün 40 gecə çöllükdə qalır. Bütün bu vaxt ərzində o, ağzına bir loğma çörək də olsun almır. O, lap ac olanda birdən Şeytan İblis peyda olur. O, İsaya yaxınlaşıb deyir: «Əgər sən Allahın oğlusansa, əmr et ki, bu daşlar çörəyə dönsün» (Mətta 4:3). İsa peyğəmbər bu təklifi rədd edir. Çünki bilir ki, fövqəlbəşəri gücünü özü üçün sərf etməsi düzgün deyil.
İblis yenə də əl çəkmir. O, başqa fənd işlədir. Bu dəfə İsanı sövq edir ki, özünü məbədin hasarının üstündən atsın. Peyğəmbər isə özünü nümayiş etdirmək fikrində deyil. O, Yazılardan sitat gətirərək deyir ki, Allahı bu cür sınamaq olmaz!
Üçüncü dəfə İblis İsa Məsihə «dünyanın bütün səltənətlərini və onların calalını» göstərib deyir: «Əgər diz çöküb mənə səcdə qılsan, bütün bunları sənə verərəm». İsa bu dəfə də Şeytanın təklifini qətiyyətlə rədd edir. O deyir: «Rədd ol, Şeytan!» (Mətta 4:8—10). Peyğəmbər bilir ki, yalnız Yehovaya ibadət etmək lazımdır, buna görə də Allaha qarşı günah etmək istəmir. Bəli, o, Allaha sadiq qalmaq əzmindədir.
İsa peyğəmbərin üzləşdiyi sınaqlardan və bu sınaqlardan necə başıuca çıxdığından çox şey öyrənə bilərik. Peyğəmbərin qarşılaşdığı sınaqlar, həqiqətən də, baş verirdi. Bu da o deməkdir ki, İblis, bəzilərinin düşündüyü kimi, insanın ürəyindəki pislik deyil. O, gözəgörünməz varlıqdır və doğrudan da, mövcuddur. Həmçinin bu hadisədən görünür ki, dünyadakı bütün hökumətlər İblisin əlindədir, yəni onları idarə edən odur. Əks halda, bu, İsa peyğəmbər üçün sınaq olmazdı.
Bundan əlavə, Şeytan bildirmişdi ki, İsa Məsih bircə dəfə ona səcdə etsə, dünyanın bütün səltənətlərini ona verəcək. Bu gün Şeytan bizi də sınağa çəkmək üçün bu üsula əl atır. Misal üçün, o, var-dövlət, ad-san və ya vəzifə sahibi olmaq imkanı yaradır. Bəs biz necə davranacağıq? Hansı sınaq olursa olsun, biz İsa peyğəmbər kimi Allaha sadiq qalsaq, ağıllı davranmış olarıq! Amma həmin hadisəyə yenə qayıtsaq, görəcəyik ki, İblis «başqa bir fürsət tapana qədər» peyğəmbərdən ayrıldı (Luka 4:13). Şeytan bu gün də belə edir, buna görə də sükanı buraxmamalıyıq!
-
-
Peyğəmbər özünə şagird toplayırİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 14
Peyğəmbər özünə şagird toplayır
PEYĞƏMBƏRİN İLK ŞAGİRDLƏRİ
Qırx gün çöllükdə qalandan sonra İsa peyğəmbər onu vəftiz edən Yəhyanın yanına qayıdır. Yəhya İsanın gəldiyini görüb ona işarə edərək nida edir: «Budur bəşəriyyətin günahını yuyan Allahın Quzusu! “Məndən sonra gələn məni ötüb keçdi, çünki o, məndən əvvəl var olub”, — deyə haqqında danışdığım adam budur» (Yəhya 1:29, 30). Düzdür, Yəhya İsadan yaşca bir az böyükdür, amma o bilir ki, o, dünyaya gəlməzdən öncə İsa artıq göydə ruhani varlıq kimi mövcud idi.
Bir neçə həftə əvvəl İsa vəftiz olmağa gələndə, görünür, Yəhya hələ dəqiq bilmirdi ki, İsa vəd edilmiş Məsih olacaq. O özü də etiraf edir: «Mən özüm də onu tanımırdım, lakin mən suda vəftiz edirəm ki, İsrail onu tanısın» (Yəhya 1:31).
Yəhya İsanı vəftiz edən zaman baş verənləri yanındakı adamlara danışır: «Müqəddəs ruhun göydən göyərçin kimi enib onun üzərində qaldığını gördüm. Mən özüm də onu tanımırdım. Ancaq məni suda vəftiz etməyə göndərən Allah dedi: “Müqəddəs ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, müqəddəs ruhla vəftiz edən odur”. Mən də bunu gördüm və təsdiq etdim ki, o, Allahın Oğludur» (Yəhya 1:32—34).
Ertəsi gün Yəhya iki şagirdi ilə bir yerdə olanda İsanın onlara tərəf gəldiyini görüb şagirdlərinə deyir: «Budur Allahın Quzusu!» (Yəhya 1:36). Bu sözləri eşidən həmin iki şagird İsanın ardınca gedirlər. Onlardan birinin adı Andreas, digərininki isə Yəhyadır. Bu hadisəni Müqəddəs Kitabda qələmə alan məhz bu Yəhyadır. O, Məryəmin bacısı Səlimənin və Zəbədinin oğlu olduğu üçün İsanın xalası oğlu sayılır.
İsa geriyə baxıb Andreasla Yəhyanın arxadan gəldiyini görür. Onlardan soruşur:
— Nə istəyirsiniz?
— Rabbi, sən harada qalırsan? — onlar soruşurlar.
— Gəlin özünüz görün (Yəhya 1:37—39).
Həmin vaxt günorta saat dörd olardı. Andreasla Yəhya günün axırına kimi İsa ilə qalırlar. Hər şey Andreasa elə təsir bağışlayır ki, o, qardaşı Şimon Butrusun yanına gedib deyir: «Biz Məsihi tapmışıq» (Yəhya 1:41). Sonra Butrusu İsanın yanına aparır. Növbəti hadisələrdən məlum olur ki, Yəhya da qardaşı Yaqubu tapıb İsanın yanına gətirir. Amma Yəhya özünün yazdığı «Xoş xəbər»də şəxsən ona aid olan bu məlumatı daxil etməyib.
Sabahısı gün İsa beytsəydalı Filipi tapıb deyir: «Ardımca gəl» (Yəhya 1:43). Beytsəyda Cəlilə dənizinin şimal sahilində yerləşir. Bura Andreasla Butrusun məmləkətidir.
Filip də gedib Natanaili (o, Bartolmay adı ilə də tanınır) tapıb deyir: «Biz Tövratda Musanın yazdığı və Peyğəmbərlərin kitabında bəhs edilən adamı, Yusifin oğlu nəsrani İsanı tapmışıq». Natanailin heç inanmağı gəlmir. Ona görə də Filipə deyir: «Heç Nasirədən də fərli bir şey çıxar?»
Onda Filip təklif edir: «Gəl özün bax». Onlar İsaya yaxınlaşanda İsa Natanaili göstərib deyir: «Budur, zərrə qədər də bicliyi olmayan əsil israilli!»
Natanail təəccüblə soruşur:
— Sən məni haradan tanıyırsan?
— Filip səni çağırmazdan əvvəl mən səni görmüşdüm. Sən əncir ağacının altında idin, — deyə İsa cavab verir.
Natanail heyrətini gizlədə bilməyib deyir:
— Rabbi, sən Allahın Oğlusan, sən İsrailin Padşahısan.
— Səni əncir ağacının altında gördüyümü dediyim üçün mənə inandın? Sən bunlardan da böyük işlər görəcəksən. Sizi əmin edirəm ki, siz səmanın açıldığını və Allahın mələklərinin insan Oğlunun [İsa Məsihin] yanına enib-qalxdığını görəcəksiniz (Yəhya 1:45—51).
Bundan bir qədər sonra İsa Məsih bu yeni şagirdləri ilə birgə İordan vadisindən Cəliləyə yollanır.
-
-
Peyğəmbərin ilk möcüzəsiİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 15
Peyğəmbərin ilk möcüzəsi
QANƏDƏKİ TOY
SUYUN ŞƏRABA ÇEVRİLMƏSİ
Natanail üç gündür ki, İsanın şagirdi olub. İndi İsa peyğəmbər və bəzi şagirdləri doğma Cəlilə bölgəsinin şimalına, Qanə şəhərinə gedirlər. Qanə Natanailin yurdudur. Bu şəhər dağlıq yerdə, İsanın boya-başa çatdığı Nasirə şəhərinin şimalında yerləşir. İsagili Qanəyə toy məclisinə dəvət ediblər.
İsanın anası Məryəm də toydadır. O, təzəbəylə gəlinin ailəsinə yaxındır və deyəsən, məclisdəki qonaqlara o da qulluq edir. Məryəm bir də görür ki, şərab qurtarıb. Tez gedib İsaya xəbər verir: «Şərabları yoxdur» (Yəhya 2:3).
Əslində, Məryəm İsaya bunu deməklə ona bir növ göstəriş verir ki, bir şey etsin. İsa etiraz edir: «Bu, bizim işimiz deyil» (Yəhya 2:4). İsa artıq Allahın təyin etdiyi Padşah olduğu üçün o, ailə üzvlərinin və ya dostlarının yox, yalnız Allahın göstərişlərinə əməl etməlidir. Məryəm etirazdan sonra daha heç nə demir və sadəcə, məclisdə xidmət edənlərə: «Sizə nə desə, onu da edin», — deyib işi oğlunun öhdəsinə buraxır (Yəhya 2:5).
Orada hərəsi qırx litrdən çox su tutan altı ədəd daş küp var. İsa həmin adamlara tapşırır: «Küpləri su ilə doldurun». Onlar küpləri ağzına qədər doldururlar. Sonra İsa deyir ki, bir az götürüb sərpayı üçün aparsınlar (Yəhya 2:7, 8).
Məclisin sərpayısı şərabın dadına məəttəl qalır. Onun xəbəri yoxdur ki, şərab möcüzə ilə əmələ gəlib. Buna görə də bəyi çağırıb deyir: «Başqaları əvvəlcə süfrəyə yaxşı şərab qoyur, qonaqlar keflənəndən sonra isə adi şərabı verir. Ancaq sən bu cür əla şərabı indiyə saxlamısan» (Yəhya 2:10).
Bu, İsanın göstərdiyi ilk möcüzədir. Bu möcüzə onun yeni şagirdlərinin imanını qüvvətləndirir. İndi isə İsa Məsih anası və qardaşları ilə birgə Cəlilə gölünün şimal-qərbində olan Kəfərnahum şəhərinə yollanırlar.
-