Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/11 s. 3—7
  • Ey gənclər, Allahın Kəlamını əldə rəhbər tutun!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ey gənclər, Allahın Kəlamını əldə rəhbər tutun!
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Ailədə
  • Pul xərcləməkdə
  • Tək olanda
  • Yehovanın ürəyini sevindir
  • Valideynlərimlə qoyduqları qaydalar haqda necə söhbət edə bilərəm?
    Gənclərin sualları
  • Valideynlər, uşaqlarınızı məhəbbətlə tərbiyə edin
    Gözətçi qülləsi 2007
  • Valideynlər və uşaqlar, məhəbbətlə ünsiyyət edin
    Gözətçi qülləsi 2013
  • Evdə qaydaların qoyulması şərtdir?
    Gənclərin sualları
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/11 s. 3—7

Ey gənclər, Allahın Kəlamını əldə rəhbər tutun!

«Hikmət qazan, idrak qazan» (SÜL. MƏS. 4:5).

1, 2. a) Həvari Pavelə daxilində gedən mübarizədə qələbə çalmağa nə kömək etmişdi? b) Müdrikliyə və anlayışa necə yiyələnə bilərik?

«DÜZGÜN iş görmək istəyəndə pislik başımın üstünü kəsdirir». Bildiyimiz kimi, bu sözləri həvari Pavel deyib. Yehovanı nə qədər sevsə də, bəzən düzgün olanı etmək Pavel üçün əsil mübarizə idi. Daxilində gedən bu mübarizə ona necə təsir edirdi? «Necə də yazıq adamam!» — deyə o yazır (Rom. 7:21—24). Pavelin hisslərini başa düşürsənmi? Bəzən sənə də düzgün olanı etmək çətin gəlirmi? Sən də Pavel kimi məyus olursanmı? Əgər belədirsə, ruhdan düşmə. Pavel daxilində gedən mübarizədə qələbə çaldı; sən də qələbə çala bilərsən!

2 Pavel «sağlam sözlər»in ona rəhbər olmasına yol verdiyi üçün uğur qazandı (2 Tim. 1:13, 14). Nəticədə, o, düzgün qərarlar verməyə və çətinliklərin öhdəsindən gəlməyə kömək edən müdrikliyə və anlayışa yiyələndi. Yehova Allah müdriklik və anlayış qazanmaqda sənə də kömək edə bilər (Sül. məs. 4:5). O, Kəlamı olan Müqəddəs Kitab vasitəsilə ən yaxşı məsləhətlər verir. (2 Timoteyə 3:16, 17 ayələrini oxu.) Gəl Müqəddəs Kitab prinsiplərinin valideynlərinlə münasibətdə, pul xərcləməkdə və tək olanda sənə necə fayda gətirəcəyini nəzərdən keçirək.

Ailədə

3, 4. a) Nəyə görə valideynlərinin qoyduğu qayda-qanunlara tabe olmaq sənə çətin gələ bilər? b) Valideynlər nə üçün qayda-qanunlar qoyurlar?

3 Valideynlərinin qoyduğu qayda-qanunlara tabe olmaq sənə çətin gəlir? Nəyə görə? Yəqin, sən daha sərbəst olmaq istəyirsən. Bu istək təbiidir, çünki sən böyüyürsən. Amma valideynlərinlə yaşadığın müddətdə onlara qulaq asmaq sənin borcundur (Efes. 6:1—3).

4 Valideynlərinin nəyə görə qayda-qanunlar və tələblər qoyduğunu başa düşsən, onlara riayət etmək sənə daha asan olacaq. Hərdən sən də 18 yaşlı Brielina keçirdiyi hissləri keçirə bilərsən. O, valideynləri haqda belə deyir: «Elə bil, heç özləri mənim yaşımda olmayıblar. Onlar mənə ağzımı açmağa, qərar verməyə imkan vermirlər. Qoymurlar ki, böyüyəsən». Yəqin, Briel kimi, sən də fikirləşirsən ki, valideynlərin sənə daha çox sərbəstlik verməlidirlər. Lakin valideynlərin, ilk növbədə, sənin yaxşılığını fikirləşdikləri üçün qayda-qanunlar qoyurlar. Bundan əlavə, məsihçi valideynlər bilirlər ki, sənin tərbiyənə görə Yehovanın qarşısında məsuliyyət daşıyırlar (1 Tim. 5:8).

5. Valideynlərinə itaət etməyin sənə hansı xeyri olacaq?

5 Valideynlərə itaət etmək banka olan borcunu ödəməyə bənzəyir. Borcunu vaxtında ödəməklə bank qarşısında nə qədər çox etibar qazansan, bir o qədər çox kredit alacaqsan. Buna bənzər tərzdə, sən də valideynlərinə hörmət və itaət etməyə borclusan. (Süleymanın məsəlləri 1:8 ayəsini oxu.) Valideynlərinin sözünə nə qədər çox baxsan, onlar sənə bir o qədər çox sərbəstlik verəcəklər (Luka 16:10). Amma onların qoyduğu qayda-qanunları həmişə pozsan və bu zaman valideynlərin sənin azadlığını məhdudlaşdırsa, yaxud «kredit» verməyi dayandırsa, buna təəccüblənmə.

6. Valideynlər övladlarına itaətkar olmağa necə kömək edə bilərlər?

6 Valideynlər öz nümunələri ilə övladlarına qayda-qanunlara tabe olmağa kömək edə bilərlər. Onlar Yehovanın tələblərini canla-başla yerinə yetirməklə onların ədalətli olduğunu göstərə bilərlər. Bunun sayəsində gənclər valideynlərinin qoyduğu tələblərə tabe olmağın vacibliyini başa düşəcəklər (1 Yəh. 5:3). Üstəlik, Müqəddəs Kitabda Yehovanın xidmətçilərinə müəyyən məsələlərə dair öz fikirlərini ifadə etməyə izin verdiyi hadisələrdən söz açılır (Yar. 18:22—32; 1 Pad. 22:19—22). Hərdən valideynlər də uşaqlarına müxtəlif məsələlərə dair öz fikirlərini bildirməyə imkan verə bilərlərmi?

7, 8. a) Bəzi gənclər hansı çətinliklə üzləşirlər? b) Verilən cəzadan fayda əldə etmək üçün sən nəyi başa düşməlisən?

7 Gənclər həmçinin hesab edə bilərlər ki, valideynlərinin tənqidləri əsassızdır. Hərdən sən özünü gənc Kreq kimi hiss edə bilərsən. O demişdi: «Anam, elə bil, casusdur. Həmişə məni güdür ki, görəsən, harada səhv edəcəyəm».

8 Valideynlərin verdiyi düzəliş və ya cəza çox vaxt tənqidi qəbul olunur. Müqəddəs Kitab göstərir ki, hətta tamamilə ədalətli olan cəzanı belə qəbul etmək çətindir (İbr. 12:11). Aldığın cəzadan fayda əldə etməyə sənə nə kömək edə bilər? Yadda saxla ki, valideynlərinin verdiyi məsləhət məhəbbətdən irəli gəlir (Sül. məs. 3:12). Onlar pis vərdişlərdən azad olub yaxşı vərdişlərə yiyələnməkdə sənə kömək etmək istəyirlər. Yəqin, valideynlərin başa düşürlər ki, sənin səhvlərinə düzəliş etməsələr, sanki, sənə nifrət etmiş olacaqlar. (Süleymanın məsəlləri 13:24 ayəsini oxu.) Bir şeyi də unutma ki, həyatda yeni şeylər öyrəndiyimiz müddətdə səhvlərə yol verməyimiz qaçılmazdır. Bu səbəbdən nəyə görə sənə edilən düzəlişlərdə, zərrə qədər də olsa, hikmət görməyə çalışmayasan? «[Hikmət] qazanmaq gümüş qazanmaqdan yaxşıdır, bu qazanc saf qızıldan dəyərlidir» (Sül. məs. 3:13, 14).

9. Gənclər valideynlərinin hərəkətini ədalətsizlik kimi qəbul etmək əvəzinə, nə edə bilərlər?

9 Valideynlər də bəzən səhv edirlər (Yaq. 3:2). Onlar cəza verərkən sənə düşünülməmiş sözlər deyə bilərlər (Sül. məs. 12:18). Bu, nədən irəli gəlir? Onlar stress keçirə ya da sənin hərəkətinə görə özlərini qınaya bilərlər. Valideynlərinin ədalətsiz davrandıqlarını düşünmək əvəzinə, onların sənə ürəkdən kömək etmək istədiklərini qiymətləndirmək daha düzgün olmazdımı? Cəzanı düzgün qəbul etməyi öyrənsən, bunun faydasını yetkin yaşa çatanda da görəcəksən.

10. Valideynlərinin qoyduğu qayda-qanunları və etdikləri düzəlişləri qəbul etmək və onlardan faydalanmaq asan olsun deyə nə etməlisən?

10 İstəyərdinmi ki, valideynlərinin qoyduğu qayda-qanunları və etdikləri düzəlişləri qəbul etmək və onlardan faydalanmaq sənin üçün asan olsun? Onda sən ünsiyyət etmək bacarığını yaxşılaşdırmalısan. Bunu necə edə bilərsən? İlk növbədə, valideynlərini diqqətlə dinlə. «Qoy hər bir insan eşitməyə hazır olsun, danışmağa və qəzəblənməyə tələsməsin», — deyə Müqəddəs Kitab məsləhət verir (Yaq. 1:19). Dərhal özünə bəraət qazandırmaqdansa, hisslərini cilovlamağa çalış və valideynlərinin dediklərinə diqqətlə qulaq as. Onların sözü hansı tərzdə dediyinə yox, nə dediyinə fikir ver. Sonra isə səhvini hörmətcil şəkildə boynuna alaraq onları başa düşdüyünü göstər. Bəs əgər öz hərəkətinə və ya dediyin sözlərə aydınlıq gətirmək istəyirsənsə, onda necə? Bir çox hallarda yaxşı olardı ki, valideynlərinin istəklərini yerinə yetirənədək ‘dilini saxlayasan’ (Sül. məs. 10:19). Əgər sən valideynlərini dinləsən, onlar da səni dinləyəcəklər. Yetkin insana xas olan şəkildə davranaraq Allahın Kəlamını əldə rəhbər tutduğunu göstərəcəksən.

Pul xərcləməkdə

11, 12. a) Pula gəldikdə, Allahın Kəlamı bizi nəyə təşviq edir və nə üçün? b) Valideynlərin pulu xərcləməkdə sənə necə kömək edə bilərlər?

11 Müqəddəs Kitabda deyilir: ‘Pul insanın sipəridir’. Elə həmin ayədə qeyd olunur ki, hikmət puldan daha dəyərlidir (Vaiz 7:12). Allahın Kəlamı bizi pulu sevməyə deyil, ona düzgün yanaşmağa təşviq edir. Nəyə görə sən pulu sevməməlisən? Bir nümunəyə baxaq: iti bıçaq aşpazın əlində faydalı alətdir. Ancaq həmin bıçaq ehtiyatsız insanın əlindədirsə, o, özünə və ya başqasına ciddi xəsarət yetirə bilər. Pul da belədir. Ondan müdrikliklə istifadə olunsa, fayda gətirə bilər. Lakin «varlanmaq istəyənlər» çox vaxt dostları və ailə üzvləri ilə, hətta Allahla münasibətlərini qurban verirlər. Nəticədə, onlar ‘çoxlu əzab çəkirlər’. (1 Timoteyə 6:9, 10 ayələrini oxu.)

12 Puldan düzgün istifadə etməyi necə öyrənə bilərsən? Nəyə görə valideynlərindən pulu necə xərcləməyə dair məsləhət almayasan? «Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın, dərrakəli adam sağlam məsləhət alsın», — deyə Süleyman peyğəmbər yazır (Sül. məs. 1:5). Anna adlı gənc qız məsləhət üçün valideynlərinə müraciət etmişdi. O deyir: «Atam mənə pulu xərcləməyi öyrətməklə yanaşı, pulun hesabını tutmağı və ondan necə istifadə etməyin yolunu da göstərmişdi». Annanın anası da ona faydalı öyüdlər vermişdi. Anna deyir: «Anam mənə nə isə almazdan əvvəl qiymətləri müqayisə etməyi öyrətmişdi». Bunun Annaya faydası oldumu? Bu suala o, belə cavab verir: «İndi mən öz pulumdan düzgün istifadə etməyi bacarıram. Pulu necə gəldi xərcləmirəm və lazımsız yerə borca girmədiyim üçün ürəyim rahatdır».

13. Pul xərcləyərkən özünə necə hakim ola bilərsən?

13 Əgər sən gözün görən hər şeyi alırsansa və ya sadəcə özünü dostlarına göstərmək üçün pul xərcləyirsənsə, tezliklə borc içində batdığını görəcəksən. Bu tələlərə düşməməyə sənə nə kömək edə bilər? Pul xərcləmək lazım gələndə sən özünə hakim olmağı bacarmalısan. 20 yaşlarında olan Yelena görün nə deyir: «Mən rəfiqələrimlə gəzməyə çıxanda nə qədər pul xərcləyəcəyimi qabaqcadan müəyyən edirəm... Həmçinin mən alış-veriş zamanı pulu düzgün xərcləyən, eləcə də məni qiymətləri müqayisə etməyə və ilk gördüyüm şeyi almamağa təşviq edən rəfiqələrimlə getməyə üstünlük verirəm».

14. Nəyə görə sən «var-dövlətin aldadıcı qüvvəsi»ndən özünü gözləməlisən?

14 Pul qazanmaq və xərcləmək yaşamaq üçün zəruridir. Bununla belə, İsa ‘ruhani nemətlərə susayanların’ əsil xoşbəxtlik tapacağını demişdi (Mat. 5:3). O xəbərdarlıq etmişdi ki, «var-dövlətin aldadıcı qüvvəsi» insanın ruhani tələbatlarını boğa bilər (Mark 4:19). Buna görə də Allahın Kəlamını əldə rəhbər tutmaq və pula düzgün yanaşmaq olduqca vacibdir!

Tək olanda

15. Allaha sədaqətimiz xüsusilə nə vaxt sınağa çəkilə bilər?

15 Necə fikirləşirsən, Allaha sədaqətimiz ən çox nə vaxt sınağa çəkilir — yanımızda kimsə olanda, yoxsa tək olanda? Məktəbdə və ya işdə olarkən Yehova ilə münasibətlərimizə xətər dəyməsin deyə daha ehtiyatlı oluruq. Tək olanda isə özümüzü bir qədər sərbəst hiss etdiyimizdən əxlaqi cəhətdən ehtiyatı asanlıqla əldən verə bilərik.

16. Nəyə görə tək olanda belə səndə Yehovanın qanunlarına tabe olmaq istəyi olmalıdır?

16 Yadda saxla: sən Yehovanı ya kədərləndirə, ya da sevindirə bilərsən (Yar. 6:5, 6; Sül. məs. 27:11). Yehova bizim ‘qeydimizə’ qaldığı üçün hərəkətlərimiz ona təsir edir (1 Pet. 5:7). O istəyir ki, biz Ona qulaq asıb firavan yaşayaq (Yeşaya 48:17, 18). Qədim İsraildə Yehovanın bəzi xidmətçiləri Onun verdiyi məsləhətləri rədd edəndə O kədərlənirdi (Məz. 78:40, 41). Digər tərəfdən, Yehova Daniel peyğəmbəri çox sevdiyi üçün mələk onu ‘Allahın sevimlisi’ adlandırmışdı (Dan. 10:11). Nəyə görə? Daniel nəinki camaat qarşısında, təklikdə olanda da Allaha sadiqliyini qoruyurdu. (Daniel 6:10 ayəsini oxu.)

17. Əyləncə seçərkən özünə hansı sualları verə bilərsən?

17 Tək olanda Allaha sadiqliyini qoruya biləsən deyə ‘qavrayışını yaxşını pisdən ayırmaq’ üçün inkişaf etdirməli, sonra isə düzgün bildiyin şeylərə riayət etməklə onu ‘daima işlətməyi’ öyrənməlisən (İbr. 5:14). Məsələn, musiqi və film seçərkən, yaxud İnternetə girərkən növbəti sualların üzərində düşünmək sənə yaxşını pisdən ayırmaqda kömək edəcək. Özündən soruş: «Bu məlumat məni insanlara qarşı şəfqətli olmağa, yoxsa ‘başqasının bəlasına sevinməyə’ təşviq edəcək?» (Sül. məs. 17:5). «Bu, mənə ‘yaxşılığı sevməyə’ kömək edəcək, yoxsa ‘pisliyə nifrət etməyimə mane olacaq?» (Amos 5:15). Təklikdə olanda etdiyimiz hərəkətlər əslində nəyi qiymətləndirdiyimizi üzə çıxarır (Luka 6:45).

18. Əgər xəlvətdə səhv olduğunu bildiyin hərəkətə yol vermisənsə, onda nə etməlisən?

18 Əgər xəlvətdə səhv olduğunu bildiyin hərəkətə yol vermisənsə, onda nə etməlisən? Unutma: «günahlarını ört-basdır edən uğur qazanmaz, onu etiraf edərək tərk edən mərhəmət tapar» (Sül. məs. 28:13). Günah işlətməyə davam etmək və ‘Allahın müqəddəs ruhunu kədərləndirmək’ necə də ağılsızlıq olardı! (Efes. 4:30). Etdiyin hər bir səhvi Allaha, valideynlərinə və özünə etiraf etməyə borclusan. Bu məsələdə ‘yığıncaq ağsaqqallarının’ sənə böyük köməyi dəyə bilər. Şagird Yaqub yazır: «Onlar Yehovanın adı ilə onun [günah işlədənin] başına yağ sürtüb onun üçün dua edərlər. İmanla edilən dua xəstəni sağaldacaq və Yehova onu ayağa qaldıracaq. Əgər günah işləyibsə, təqsiri bağışlanacaq» (Yaq. 5:14, 15). Bəli, bu, bəzi çətinliklərlə və xoşagəlməz hallarla nəticələnə bilər. Lakin kömək diləməyə cəsarətin olsa, özünü hər hansı bir zərərdən qoruyacaq və təmiz vicdan əldə edərək rahatlıq tapacaqsan (Məz. 32:1—5).

Yehovanın ürəyini sevindir

19, 20. Yehova sənin üçün nə istəyir, bəs sən nə etməlisən?

19 Yehova «xoşbəxt Allah» olduğu üçün sənin də xoşbəxt olmağını istəyir (1 Tim. 1:11). O, səninlə yaxından maraqlanır. Başqaları düzgün olanı etmək üçün göstərdiyin səyi görməsələr də O görür. Onun gözündən heç nə yayınmır. Yehova səhv tapmaq üçün yox, düz olanı etməyimizə kömək etmək üçün bizə baxır. «Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin» (2 Saln. 16:9).

20 Buna görə də qoy sənə Allahın Kəlamı rəhbərlik etsin; oradakı məsləhətləri tətbiq et. Bunun sayəsində problemlərin öhdəsindən gəlməkdə və çətin qərarlar verməkdə sənə kömək edəcək müdrikliyə və anlayışa yiyələnəcəksən. Sən valideynlərini və Yehovanı sevindirməklə yanaşı, həyatda əsil xoşbəxtliyə nail olacaqsan!

[Haşiyə]

a Bəzi adlar dəyişdirilib.

Necə cavab verərdiniz?

• Gənclər valideynlərinin qoyduğu qayda-qanunları və etdiyi düzəlişləri qəbul etdiklərini necə göstərə bilərlər və bunun onlara hansı xeyri olacaq?

• Pula tarazlı yanaşmaq nəyə görə vacibdir?

• Tək olanda belə Yehovaya sadiqliyimizi necə qoruya bilərik?

[6-cı səhifədəki şəkil]

Tək olanda Allaha sədaqətini qoruyacaqsanmı?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş