-
«Günahların bağışlandı»İsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 26
«Günahların bağışlandı»
MƏTTA 9:1—8 MARK 2:1—12 LUKA 5:17—26
İSA PEYĞƏMBƏR İFLİC OLMUŞ ADAMIN GÜNAHLARINI BAĞIŞLAYIB ONA ŞƏFA VERİR
Artıq hər yanda insanlar İsa peyğəmbər barədə eşidib. Onun təlimlərinə qulaq asmaq və qüdrətli işlərini öz gözləri ilə görmək üçün çoxları hətta ucqar yerlərdən axışıb gəlir. Ancaq bir neçə gündən sonra o, Kəfərnahuma, fəaliyyətinin mərkəzinə qayıdır. Onun qayıtması haqqında xəbər Cəlilə yaxınlığında yerləşən bu şəhərdə tez yayılır və şəhər əhli onun qaldığı evə yığışır. Cəlilə və Yəhudiyyənin, eləcə də Yerusəlimin hər yerindən fərisilər və Qanun müəllimləri də onun yanına gəlir.
Oraya o qədər adam toplaşır ki, hətta qapının ağzında da yer qalmır. İsa onlara Allahın sözünü danışmağa başlayır (Mark 2:2). Burada qeyri-adi bir hadisə baş verir. Bu hadisə sayəsində bir daha əmin olacağıq ki, İsa Məsih insanların əzab-əziyyətlərinin kökünü yox etməyə və istədiyi adamları sağaltmağa qadirdir!
İsa peyğəmbər ağzınacan dolu otaqda təlim verən zaman dörd kişi bir iflic adamı xərəkdə onun yanına gətirir. Onlar istəyirlər ki, peyğəmbər onların dostunu sağaltsın. Lakin basabas olduğundan onu İsanın yanına keçirə bilmirlər (Mark 2:4). Təsəvvür etmək olar, onlar necə dilxor olurlar. Buna baxmayaraq, onlar evin yastı damına çıxır, kirəmitləri qaldırıb orada yekə deşik açırlar. Onlar xəstəni xərəyin üstündəcə aşağı sallayıb evin içinə qoyurlar.
Bəs İsa onların bu hərəkətinə acıqlanır? Qətiyyən! Əksinə, onların böyük imanı ona güclü təsir bağışlayır və o, iflic adama deyir: «Günahların bağışlandı» (Mətta 9:2). Bəs İsa Məsih günahları bağışlamağa qadirdir? Oradakı din xadimləri bununla razılaşmayıb ürəklərində: «Bu adam nə deyir? O küfr danışır. Məgər Allahdan başqa kimsə günahları bağışlaya bilər?» — deyə düşünürlər (Mark 2:7).
Onların nə düşündüklərini bilən İsa soruşur: «Niyə ürəyinizdə belə fikirləşirsiniz? İflic olmuş bu adama “günahların bağışlandı” demək asandır, yoxsa “ayağa qalx, xərəyini də götür, get”?» (Mark 2:8, 9). Bəli, İsa gələcəkdə təqdim edəcəyi qurban əsasında insanların günahlarını bağışlaya bilir.
Sonra İsa peyğəmbər əleyhdarlarına və orada yığışan bütün camaata göstərir ki, insanların günahını bağışlamağa ixtiyarı çatır. O, üzünü iflic olmuş adama tutaraq deyir: «Dur, xərəyini götür, evinə get». Kişi dərhal ayağa qalxır və hamının gözü qabağında xərəyini götürüb çölə çıxır. Camaat heyrət içindədir. Onlar Allahı mədh edərək deyirlər: «Biz hələ belə şey görməmişik» (Mark 2:11, 12).
Fikir verdinizsə, İsa Məsih günah və xəstəliklərin bir-biri ilə əlaqəli olduğunu göstərir və insanın sağalması üçün günahlarının bağışlanmasının gərək olduğunu vurğulayır. Müqəddəs Kitab öyrədir ki, ulu əcdadımız olan Adəm günah işləyib və biz hamımız günahın aqibəti olan xəstəlik və ölümü miras almışıq. Lakin İsa Məsih Allahın Padşahlığının hakimiyyəti altında Allahı sevib Ona ibadət edənlərin günahlarını bağışlayacaq. Onda bütün xəstəliklər əbədilik yox olacaq (Romalılara 5:12, 18, 19).
-
-
Mətta şagird olmağa dəvət olunurİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 27
Mətta şagird olmağa dəvət olunur
MƏTTA 9:9—13 MARK 2:13—17 LUKA 5:27—32
İSA PEYĞƏMBƏR VERGİYIĞAN MƏTTANI ŞAGİRDİ OLMAĞA DƏVƏT EDİR
MƏSİH GÜNAHLI ADAMLARA KÖMƏK ETMƏK ÜÇÜN ONLARLA OTURUB-DURUR
İflic adamı sağaltdıqdan bir az sonra İsa peyğəmbər Cəlilə gölünün yaxınlığında yerləşən Kəfərnahum şəhərinin ərazisində qalır. Camaat yenə də onun başına toplaşır və o təlim verməyə başlayır. Sonra peyğəmbər yoluna davam edəndə vergi idarəsində oturmuş Mətta adlı bir nəfəri görür. Məttanın digər adı Lavidir. İsa Məsih ona möhtəşəm bir təklif edir: «Ardımca gəl» (Mətta 9:9).
Görünür, Butrus, Andreas, Yaqub və Yəhya kimi, Mətta da artıq İsanın təlimləri və gördüyü işləri ilə müəyyən dərəcədə tanışdır. O da onlar kimi dəvəti həmin andaca qəbul edir. Mətta bu hadisəni öz Müjdəsində belə təsvir edir: «O [Mətta] durub İsanın ardınca getdi» (Mətta 9:9). Beləcə, Mətta işini atıb onun şagirdi olur.
Görünür, bir qədər sonra Mətta minnətdarlıq əlaməti olaraq evində böyük qonaqlıq təşkil edir. İsa Məsihlə şagirdlərindən savayı bu məclisə Məttanın keçmiş iş yoldaşları olan vergiyığanlar da dəvət olunublar. Onlar Roma hökuməti üçün vergi toplayırlar. Həmçinin limana yaxınlaşan gəmilərdən, əsas yollardakı karvanlardan və idxal edilən mallardan da vergi yığırlar. Yəhudilərin vergiyığanları görməyə gözü yoxdur, çünki onlar tez-tez xalqı aldadıb vergini haqqından artıq götürürlər. Ziyafətdə günahkarlar da, yəni pis ad qazanmış adamlar da var (Luka 7:37—39).
Özündənrazı fərisilər İsa Məsihi bu adamlarla bir süfrədə görəndə onun şagirdlərindən soruşurlar: «Niyə sizin ustadınız vergiyığanlar və günahlılarla çörək kəsir?» (Mətta 9:11). İsa onların sualını eşidir və belə cavab verir: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır. Gedin, “Mən qurban yox, mərhəmət istəyirəm” sözlərinin mənasını öyrənin. Çünki mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm» (Mətta 9:12, 13; Huşə 6:6). Fərisilər İsaya «ustad» deyə müraciət edəndə heç də səmimi deyillər, ancaq onlar ondan nəsə öyrənə bilərdilər.
Ola bilsin, Mətta bu vergiyığanları və günahlı insanları evinə çağırıb ki, onlar İsa Məsihi dinləyib ruhani şəfa tapsınlar. Çünki «onların arasında İsanın ardınca gedən çox adam var idi» (Mark 2:15). Məsih onlara Allahla yaxşı münasibət qurmaq üçün kömək etmək istəyir. Özlərini saleh sayan fərisilərdən fərqli olaraq, o, bu adamlara həqarətlə baxmır. Əksinə, onların halına acıyır və bir ruhani təbib kimi onlara yardım göstərir.
İsa Məsihin vergiyığanlara və günahlı adamlara qarşı mərhəmət göstərməsi o demək deyil ki, o, günaha göz yumur. İsa peyğəmbər fiziki xəstələrə qarşı şəfqət duyduğu kimi, günahlı adamlara da acıyır. Yadınızdadırsa, İsa Məsih cüzamlı adama şəfqətlə toxunub: «İstəyirəm. Təmizlən», — demişdi (Mətta 8:3). Məgər biz də ehtiyacı olanlara mərhəmət göstərib kömək etməli, xüsusilə də onları ruhani cəhətdən möhkəmləndirməli deyilik?
-
-
Nəyə görə İsa peyğəmbərin şagirdləri oruc tutmurlar?İsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 28
Nəyə görə İsa peyğəmbərin şagirdləri oruc tutmurlar?
MƏTTA 9:14—17 MARK 2:18—22 LUKA 5:33—39
YƏHYANIN ŞAGİRDLƏRİ İSA PEYĞƏMBƏRDƏN ORUC BARƏDƏ SORUŞUR
Eramızın 30-cu ilində İsa peyğəmbərin iştirak etdiyi Pasxa bayramından bir müddət sonra Vəftizçi Yəhya həbsxanaya düşür. Yəhya şagirdlərinin İsanın davamçısı olmasını istəyirdi, amma o, həbsxanaya düşəndən sonra heç də onların hamısı İsa Məsihin ardınca getmir.
Eramızın 31-ci ilinin Pasxası yaxınlaşır. Yəhyanın şagirdlərindən bir neçəsi İsanın yanına gəlib soruşurlar: «Nə üçün biz də, fərisilər də oruc tuturuq, amma sənin şagirdlərin tutmur?» (Mətta 9:14). Fərisilər üçün oruc sadəcə dini ayindir. Hətta İsa sonralar bunu göstərən məsəl də çəkir. Bu məsəldə özündənrazı bir fərisi dua edir: «Şükür Sənə, İlahi! Mən başqaları kimi... deyiləm... Həftədə iki dəfə orucumu tuturam» (Luka 18:11, 12). Ola bilsin, Yəhyanın şagirdlərinin də oruc tutmaq adəti var idi. Yaxud da bunu müəllimlərinin həbsdə olmasına kədərləndikləri üçün edirlər. Ola bilsin, Yəhyanın şagirdlərinə maraqlıdır ki, nəyə görə İsa peyğəmbərin şagirdləri Yəhyanın başına gələnlərə görə onların dərdinə şərik olub oruc tutmurlar.
İsa peyğəmbər nümunə əsasında izah edir: «Bəy dostları ilə olanda heç dostlar yas tutar? Lakin gün gələcək, bəyi aralarından götürəcəklər, bax onda onlar oruc tutacaqlar» (Mətta 9:15).
Yəhya özü də İsanı bəy adlandırmışdı (Yəhya 3:28, 29). Deməli, hələ ki bəy buradadır, İsa peyğəmbərin şagirdləri oruc tutmurlar. O öləndə isə şagirdləri yas saxlayıb iştahadan kəsiləcəklər. Amma o dirilib göyə qalxanda hər şey başqa cür olacaq. Artıq onların kədərlənib oruc tutmalarına ehtiyac qalmayacaq.
Sonra İsa onlara iki misal çəkir: «Heç kəs köhnə paltara təzə parçadan yamaq tikməz, çünki yamaq yığılanda yırtılmış yer daha da korlanar. Həmçinin təzə şərabı köhnə tuluqlara tökməzlər, yoxsa tuluq yırtılar, şərab da axıb tökülər və tuluq yararsız hala düşər. Təzə şərabı təzə tuluqlara tökərlər» (Mətta 9:16, 17). Burada İsa nə demək istəyir?
İsa Məsih Vəftizçi Yəhyanın şagirdlərinə bir şeyi başa salmaq istəyir: heç kim onun davamçılarından yəhudilərin köhnə adətlərinə riayət etməyi, o cümlədən oruc tutmağı gözləməməlidir. Məsih yer üzünə artıq köhnəlmiş və məhv edilmək üzrə olan dini sistemi «yamayıb» onun ömrünü uzatmaq üçün gəlməyib. İsa Məsihin təsis etdiyi ibadət insan ənənələri ilə korlanmış yəhudi dininin qəlibinə salınmış ibadət deyil. O, «köhnə paltara təzə yamaq» vurmaq, yaxud «təzə şərabı köhnə tuluqlara» tökmək istəmir.
-