-
Cəlilədə təlim və təbliğ işiİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 49
Cəlilədə təlim və təbliğ işi
MƏTTA 9:35—10:15 MARK 6:6—11 LUKA 9:1—5
İSA PEYĞƏMBƏR YENİDƏN CƏLİLƏNİ ZİYARƏT EDİR
PEYĞƏMBƏR HƏVARİLƏRİ TƏBLİĞ ETMƏYƏ GÖNDƏRİR
İsa peyğəmbər təxminən iki ildir ki, yorulmadan təbliğ edir. Yəqin o, indən belə öz xidmətini azaldıb dincələr. Amma yox, o, fəaliyyətini daha da genişləndirir. Peyğəmbər Cəlilənin şəhərlərini və kəndlərini qarış-qarış gəzməyə başlayır, sinaqoqlarda vəz edir, Padşahlıq haqqında müjdəni təbliğ edir, hər cür xəstəliyi və naxoşluğu sağaldır (Mətta 9:35). Bu səyahət zamanı gördüyü şeylər onu əmin edir ki, daha çox təbliğ etmək lazımdır. Bəs o, bunu necə edəcək?
İsa peyğəmbər hansı yerə gedirsə, ruhani cəhətdən yoxsul, təsəlliyə möhtac kütlələri görür. Çünki bu adamlar çobansız qoyunlar kimi yazıq və dağınıqdırlar. O, onların halına acıyır. Buna görə də şagirdlərinə deyir: «Bəli, məhsul bol, biçinçi isə azdır. Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmağa biçinçi göndərsin» (Mətta 9:37, 38).
İsa peyğəmbər bunu həll etməyin yolunu bilir. O, on iki həvarisini çağırır, onları iki-iki bölür və beləcə altı cüt müjdəçi alınır. Peyğəmbər onlara tapşırır: «Başqa xalqların yanına aparan yola çıxmayın və Səməriyyə şəhərlərinə girməyin. Yalnız İsrail evinin itmiş qoyunlarının yanına gedin. Getdiyiniz yerlərdə: “Səmavi Padşahlıq yaxınlaşıb”, — deyərək təbliğ edin» (Mətta 10:5—7).
Onlar səmavi Padşahlıq haqqında təbliğ etməlidirlər. Nümunə üçün verdiyi duada İsa şagirdlərinə bu Padşahlıq haqqında danışmışdı. Bu Padşahlıq yaxınlaşıb, yəni Allahın təyin etdiyi Padşah, İsa Məsih onlarladır. Şagirdlər səmavi hökumətin nümayəndələri olduqlarını təsdiq edə bilsinlər deyə, Məsih onlara şəfa vermək və diriltmək qabiliyyəti verir. Həmçinin onlara tapşırır ki, bunu havayı etsinlər. Bəs şagirdlər öz ehtiyaclarını necə ödəyəcəklər, məsələn, yemək pulu haradan tapacaqlar?
İsa peyğəmbər şagirdlərinə deyir ki, təbliğə gedərkən maddi ehtiyacları üçün tədarük görməsinlər. Onlar özləri ilə qızıl, gümüş və ya mis pul, hətta heybə, dəyişək köynək, səndəl götürməməlidirlər. Görəsən niyə? Peyğəmbər onları əmin edir: «Zəhmətkeş yemək yeməyə layiqdir» (Mətta 10:10). Xoş xəbərə minnətdarlıqla hay verənlər onların əsas tələbatlarını ödəyəcəklər. O deyir: «Hansı evə girsəniz, o yerdən gedənə kimi həmin evdə qalın» (Mark 6:10).
Bunun ardınca İsa Məsih şagirdlərinə ev sakinləri ilə Padşahlıq haqqında söhbətə başlamağı öyrədir: «Bir evə girəndə ev sakinlərini salamlayın. Əgər o evdəkilər layiqli adamdırlarsa, qoy dilədiyiniz sülh onların üzərinə gəlsin, yox əgər layiqli deyillərsə, qoy sülhünüz özünüzə qayıtsın. Hansı yerdə sizi qəbul etməsələr və ya sözünüzü dinləməsələr, o evdən, yaxud o şəhərdən çıxanda ayağınızın tozunu çırpın» (Mətta 10:12—14).
Bəlkə də, elə olacaq ki, şagirdlərin gətirdiyi xəbəri bütün şəhər və ya kənd qəbul etməyəcək. Bəs belə əraziləri nə gözləyir? İsa peyğəmbər deyir ki, onlar məhkum ediləcək. O, belə izah edir: «Əmin olun ki, Hökm günündə Sədum və Əmurə torpağının cəzası o şəhərinkindən yüngül olacaq» (Mətta 10:15).
-
-
Təbliğdəki təqiblərə hazırlıqİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 50
Təbliğdəki təqiblərə hazırlıq
MƏTTA 10:16—11:1 MARK 6:12, 13 LUKA 9:6
İSA PEYĞƏMBƏR HƏVARİLƏRİNƏ TƏLİM VERİB YOLLAYIR
İsa peyğəmbər həvarilərini təbliğ etməyin ən yaxşı üsullarını öyrədib onları cüt-cüt yollayır. Amma o, bununla kifayətlənməyib onları xəbərdar edir: «Mən sizi canavarlar arasına quzu kimi göndərirəm... İnsanlardan ehtiyat edin, çünki onlar sizi məhkəmələrə verəcək, sinaqoqlarında qamçılayacaqlar. Məndən ötrü sizi hökmdarların və padşahların önünə gətirəcəklər» (Mətta 10:16—18).
Hərçənd İsa peyğəmbərin davamçıları şiddətli təqiblərə məruz qalacaq, bununla belə, o, onları arxayın edir: «Sizi məhkəməyə verəndə nədən və ya necə danışacağınız barədə narahat olmayın, çünki həmin an nə demək lazım olduğunu biləcəksiniz. Danışanda tək olmayacaqsınız, Atanızın müqəddəs ruhu sizin vasitənizlə danışacaq. Qardaş qardaşı, ata övladını ölümə verəcək. Uşaqlar valideynlərinə qarşı qalxacaq və onları ölümə verəcəklər. Mənim adıma görə hamı sizə nifrət edəcək. Ancaq axıra kimi dözən xilas olacaq» (Mətta 10:19—22).
Müjdəçilik işi çox mühüm işdir. Buna görə də İsa peyğəmbər qeyd edir ki, azadlıqda qalıb təbliğ edə bilmək üçün ehtiyatlı olmaq gərəkdir. O deyir: «Sizi bir şəhərdə təqib edəndə o biri şəhərə qaçın. Bunu bilin ki, siz İsrail şəhərlərinin hamısını gəzib qurtarmamış insan Oğlu gələcək» (Mətta 10:23).
İsa Məsihin 12 həvarisini ruhlandırması, onlara göstərişlər və xəbərdarlıqlar verməsi çox dəyərlidir! Lakin bu sözlər yalnız həvarilərə yox, o ölüb-diriləndən sonra müjdəçilik işində çalışacaq bütün şəxslərə də aiddir. Bunu nəyin əsasında demək olar? İsa Məsihin «hamı sizə nifrət edəcək» sözləri bunu təsdiq edir. Həvarilərə nifrət edənlərin sayı məhdud idi, çünki onlara yalnız təbliğ etdikləri insanlar nifrət edirdi. Həm də heç yerdə yazılmayıb ki, Cəlilədə təbliğ etdikləri bu qısa vaxt ərzində həvarilər hakimlərin və ya padşahların yanına aparılsın, yaxud bu vaxt iman gətirənlər yaxınları tərəfindən ölümə verilsin.
Bundan aydın görünür ki, İsa peyğəmbər həvarilərinə bunları deyərkən gələcəyi nəzərdə tutur. Gəlin peyğəmbərin digər sözlərinə nəzər salaq. O, şagirdlərinə demişdi ki, onlar bütün ərazilərdə xoş xəbəri bəyan edib qurtarmamış insan Oğlu gələcək. Bu, o deməkdir ki, şagirdlər Padşahlıq haqqında xəbərlə dünyanı dolanıb qurtarmamış, şanlı padşah İsa Məsih Yehova Allahın hökmlərini icra etmək üçün gələcək.
İsa peyğəmbər deyir: «Şagird ustadından, nökər ağasından üstün deyil». Buna görə də onlar təbliğdə təqiblərlə üzləşərdilərsə, buna təəccüblənməməlidirlər. Çünki peyğəmbərin davamçıları bilməlidirlər ki, səmavi Padşahlığı müjdələdiyinə görə ağaları pislik görüb, təqib olunub, onlar da belə şeylərlə qarşılaşacaqlar. Bununla belə, o təşviq edir: «Bədəni öldürən, amma sizi gələcək həyatdan məhrum edə bilməyənlərdən qorxmayın, əksinə, sizi Hinnom vadisində məhv etməyə qadir olandan qorxun» (Mətta 10:24, 28).
Bu sahədə İsa peyğəmbər gözəl nümunə qoyub. O, Külli-İxtiyar Yehova Allaha sədaqətini itirməmək üçün ölümün gözünə dik baxdı! Bəli, həyatı məhv edən də (insanı gələcəkdə əbədi yaşamaqdan məhrum edən də), ölmüş insanı dirildib ona əbədi həyat bəxş edən də Qadir Allah Yehovadır. Yəqin bu, həvariləri çox ürəkləndirir.
Daha sonra İsa peyğəmbər Yehova Allahın qayğı və məhəbbətini vurğulayan bir məsəl çəkir: «Məgər iki sərçəni bir qara qəpiyə satmırlar? Hərçənd onlardan heç biri Atanızın xəbəri olmadan yerə düşmür... Buna görə də qorxmayın. Siz sərçələrdən qat-qat qiymətlisiniz» (Mətta 10:29, 31).
Şagirdlərin çatdırdığı ilahi müjdə birinin qəbul edib, digərinin qəbul etmədiyi ailələrdə fikir ayrılığı yaradacaq. Məsih aydınlıq gətirir: «Elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm». Doğrudan da, ailənin hər hansı üzvünə həqiqəti qəbul etmək üçün cəsarət lazımdır. O deyir: «Atasını ya anasını məndən çox istəyən mənə layiq deyil, oğlunu ya qızını məndən çox istəyən mənə layiq deyil» (Mətta 10:34, 37).
Amma şagirdləri yaxşı qarşılayanlar da olacaq. İsa peyğəmbər deyir: «Kim bu kiçiklərdən birinə şagirdim olduğu üçün bir parç sərin su verirsə, inanın ki, mükafatsız qalmayacaq» (Mətta 10:42).
İsa Məsihdən çoxlu göstərişlər, xəbərdarlıqlar, ürək-dirək alandan sonra həvarilər kəndbəkənd gəzib müjdəni təbliğ edir və xəstələrə şəfa veririrlər (Luka 9:6).
-
-
Ad günündə qətlİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
FƏSİL 51
Ad günündə qətl
MƏTTA 14:1—12 MARK 6:14—29 LUKA 9:7—9
HİROD VƏFTİZÇİ YƏHYANIN BAŞININ KƏSİLMƏSİNİ ƏMR EDİR
Həvarilər Cəlilədə müjdəni bəyan edirlər. Amma bir nəfər bu imkandan məhrumdur. Bu adam İsa peyğəmbəri hamıya təqdim edən Vəftizçi Yəhyadır. O artıq iki ildir ki, həbsdədir.
Yəhya Hirod Antipanı öz ögey qardaşı Filipin arvadı Hirodiadanı aldığına görə onu açıq-aşkar ittiham edirdi. Hirod Hirodiadanı almaq üçün öz arvadını boşamışdı. O, Musanın qanununa əməl etdiyini iddia edirdi. Qanuna əsasən isə, onun nikahı qanunsuz idi və o zina edirdi. Yəhya onu mühakimə etdiyi üçün Hirod, çox güman ki, arvadı Hirodiadanın təkidi ilə onu zindana atmışdı.
Hirod Yəhya ilə nə edəcəyini bilmir, çünki hamı onu peyğəmbər sayır (Mətta 14:5). Hirodiada isə ondan fərqli olaraq, tərəddüd eləmir. «Hirodiada ürəyində Yəhyaya kin bəsləyir» və onu öldürmək üçün fürsət axtarır (Mark 6:19). Nəhayət, o, məqam yetişir.
Otuz ikinci ilin Pasxa bayramından bir az əvvəl Hirod öz ad günü şərəfinə təmtəraqlı ziyafət qurur. Hirodun bütün əyanları, sərkərdələri və Cəlilənin nüfuzlu adamları bu ziyafətə təşrif buyurub. Ziyafət vaxtı gənc Səlimə (Hirodiadanın əvvəlki əri Filipdən doğulmuş qızı) qonaqlar üçün rəqs edir. Kişilər onun oynamağına məftun olurlar.
Qızın rəqsi Hirodun o qədər xoşuna gəlir ki, o deyir: «Ürəyin nə istəyir söylə, sənə verəcəyəm». O, hətta and içir: «Məndən nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». Qız cavab verməzsən öncə çıxıb anasından soruşur: «Nə istəyim?» (Mark 6:22—24).
Budur, nəhayət Hirodiadanın əlinə fürsət düşür. O, çox fikirləşmədən cavab verir: «Vəftizçi Yəhyanın başını». Səlimə cəld Hirodun yanına qayıdıb istəyini ona bildirir: «Vəftizçi Yəhyanın başını bu saat sinidə mənə ver» (Mark 6:24, 25).
Bunu eşidəndə Hirod yaman dilxor olur. Bəs indi nə etsin? Axı o, qonaqların qarşısında söz verib. Günahsız insanın qanı bahasına olsa belə, sözünü geri götürməyə utanır. Bu dəhşətli tapşırığı yerinə yetirmək üçün Hirod mühafizəçini zindana göndərir. Çox keçməmiş mühafizəçi Yəhyanın başını bir sinidə qıza gətirir, qız isə onu anasına aparır.
Bu xəbər Yəhyanın şagirdlərinə çatanda onlar gəlib onun cəsədini aparır və dəfn edirlər. Sonra hadisəni gedib İsa peyğəmbərə danışırlar.
Bir müddət keçəndən sonra Hirod İsa Məsihin adamlara şəfa verdiyini və cinləri qovduğunu eşidəndə bərk qorxur. O, elə bilir ki, İsa dirilmiş Yəhyadır (Luka 9:7). Buna görə də o, İsa peyğəmbər görmək istəyir. Hirodu onun təlimləri yox, şübhəsinin əsaslı olub-olmadığı maraqlandırır.
-