Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Peyğəmbər minlərlə insanı doyurur
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
    • İsa peyğəmbər beş çörəyi və iki balığı bölüb şagirdlərinə verir ki, onlar da camaata paylasın

      FƏSİL 52

      Peyğəmbər minlərlə insanı doyurur

      MƏTTA 14:13—21 MARK 6:30—44 LUKA 9:10—17 YƏHYA 6:1—13

      • İSA PEYĞƏMBƏR 5000 KİŞİNİ YEDİZDİRİR

      On iki həvari bütün Cəlilə boyu etdikləri təbliğ səyahətindən sevinc duyurlar. Onlar gördükləri işləri və öyrətdikləri hər şeyi gəlib İsa peyğəmbərə danışırlar. Sözsüz ki, onlar yorğundurlar. Üstəlik, gəlib-gedənlərin də ardı-arası kəsilmir. Buna görə onlar heç çörək yeməyə də macal tapmayıblar. İsa peyğəmbər onlara deyir: «Gəlin sakit bir yerə gedək, bir az dincinizi alın» (Mark 6:30, 31).

      Onlar, ehtimal ki, Kəfərnahumun yaxınlığında qayığa minib sakit bir yerə yola düşürlər və İordan çayının şərqində yerləşən Beytsəydanı ötüb o tərəfə gedirlər. Oradakı camaatın bəzisi onların yola düşdüyünü görür, digərləri isə görməsələr də, bundan xəbər tutur. Onlar birgə gölün sahili boyu qaçır və qayıq sahilə yan alanda artıq orada onları gözləyirlər.

      İsa peyğəmbər qayıqdan çıxır. Bu izdihamı görəndə onlara yazığı gəlir, çünki bu adamlar çobansız qoyun kimidirlər. O, insanlara Allahın Padşahlığı haqda çox şey öyrətməyə başlayır (Mark 6:34). Həmçinin şəfaya ehtiyacı olanları sağaldır (Luka 9:11). Bir müddətdən sonra şagirdləri ona deyir: «Bura çöllükdür, hava da artıq qaralıb. Camaatı burax, qoy kəndlərə gedib özlərinə yeməyə bir şey alsınlar» (Mətta 14:15).

      İsa peyğəmbər onlara cavab verir: «Getmələrinə ehtiyac yoxdur. Siz onlara yemək verin» (Mətta 14:16). Düzdür, o, artıq nə edəcəyini bilir, amma buna baxmayaraq, Filipi yoxlamaq üçün ondan soruşur: «Bu adamlar üçün haradan çörək alaq?» Filip Beytsəyda yaxınlığında yaşadığı üçün İsa peyğəmbər ondan soruşur. Ancaq çörək almaqla məsələ həll olunmur. Qadınları və uşaqları çıxmaq şərtilə burada təxminən 5000 kişi var. Bəlkə, onları da saysalar, bu rəqəm iki qat artıq olar. Filip cavab verir: «Bu qədər adama heç iki yüz dinarlıq [bir dinar birgünlük əməkhaqqıdır] çörək də bəs eləməz ki, heç olmasa hərəsi bir tikə yesin» (Yəhya 6:5—7).

      İsa beş çörəyi və iki balaca balığı olan oğlanla söhbət edir

      Yəqin ki, bu qədər adamı yedizdirməyin mümkün olmadığını göstərmək üçün Andreas deyir: «Burada bir oğlan uşağında beş arpa çörəyi və iki balaca balıq var. Amma bu qədər adam üçün bunlar nədir ki?» (Yəhya 6:9).

      Bahar fəsli olduğundan (qeyd edək ki, 32-ci ilin Pasxa bayramına az qalır) ot yerə xalı kimi sərilib. Peyğəmbər şagirdlərinə tapşırır ki, camaatı əlli-əlli, yüz-yüz otun üstündə əyləşdirsinlər. Sonra o, beş çörəyi və iki balığı götürüb Allaha şükür edir. O, çörəkləri və balıqları bölüşdürüb şagirdlərə verir, şagirdlər də camaata paylayırlar. Bu ki möcüzədir: hamı doyunca yeyir!

      Yeyib qurtardıqdan sonra İsa peyğəmbər şagirdlərinə buyurur: «Artıq qalan tikələri yığın ki, heç nə zay olmasın» (Yəhya 6:12). Şagirdlər artıq qalan tikələrdən 12 səbət doldururlar!

      • Nəyə görə İsa Məsih həvariləri üçün sakit bir yer axtarır?

      • İsa peyğəmbər şagirdləri ilə hara gedir və ora çatanda nə baş verir?

      • Şagirdlər peyğəmbərə nə deyirlər və o, camaatın qayğısına necə qalır?

  • Təbiət qüvvələri üzərində ixtiyar sahibi
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
    • Butrus suyun üzərində yeriyərkən batmağa başlayır. İsa Məsih əlini uzadıb onu tutur

      FƏSİL 53

      Təbiət qüvvələri üzərində ixtiyar sahibi

      MƏTTA 14:22—36 MARK 6:45—56 YƏHYA 6:14—25

      • İNSANLAR İSA PEYĞƏMBƏRİ PADŞAH ETMƏK İSTƏYİRLƏR

      • İSA PEYĞƏMBƏR SUYUN ÜSTÜNDƏ GƏZİR, KÜLƏYİ SAKİTLƏŞDİRİR

      İsa peyğəmbərin möcüzə ilə minlərlə insanı yedizdirməsi camaata güclü təsir bağışlayır. Onlar belə qənaətə gəlirlər ki, o, «doğrudan da, dünyaya gəlməli olan Peyğəmbərdir», Məsihdir və ondan çox gözəl rəhbər çıxar (Yəhya 6:14; Qanunun təkrarı 18:18). Buna görə də onu tutub padşah etmək istəyirlər.

      İsa peyğəmbər onların niyyətindən halidir. O, camaatı buraxır və şagirdlərinə buyurur ki, qayığa minib geri qayıtsınlar. Bəs onlar hansı istiqamətdə gedəcəklər? Onlar Beytsəydaya, oradan isə Kəfərnahuma yollanacaqlar. İsa Məsih isə dağa qalxır və bütün gecəni Allaha dua edir.

      Dan yeri söküləndə ayın işığında İsa peyğəmbər uzaqdan qayığı görür. Güclü külək əsdiyi üçün dəniz təlatümlüdür. Qarşıdan əsən külək şagirdləri irəli üzməyə qoymur (Mark 6:48). İsa peyğəmbər dağdan enib suyun üzü ilə onlara tərəf getməyə başlayır. Qayıq artıq sahildən beş-altı kilometr aralanıb (Yəhya 6:19). Peyğəmbər qayığa çatanda özünü elə aparır ki, guya onlardan yan keçib getmək istəyir. Şagirdlər onu görəndə bunun kabus olduğunu düşünürlər və bərkdən qışqırırlar (Mark 6:49).

      İsa peyğəmbər onları sakitləşdirir: «Mənəm, qorxmayın, cəsarətli olun!» Butrus deyir: «Ağa, əgər sənsənsə, mənə əmr et suyun üstü ilə yanına gəlim». Peyğəmbər ona: «Gəl!» — deyir. Butrus dərhal qayıqdan çıxıb suyun üstü ilə ona tərəf gedir. Ancaq fırtınaya baxanda qorxub batmağa başlayır və: «Ağa, məni xilas et!» — deyə qışqırır. İsa peyğəmbər tez əlini uzadıb onu tutur və deyir: «Ey az imanlı, nə üçün şübhə etdin?» (Mətta 14:27—31).

      Onların ikisi də qayığa minir. Külək yatır. Şagirdləri heyrət bürüyüb. Məgər onlar təəccüblənməli idilər? Cəmi bir neçə saat əvvəl İsa peyğəmbər möcüzə göstərərək beş çörək və iki balıqla minlərlə adamı doydurmuşdu. Əgər şagirdlər bu möcüzədən nəticə çıxartsaydılar, onda peyğəmbərin su üzəriylə getməsi və küləyi sakitləşdirməsi onları bir belə heyrətləndirməzdi. İndi şagirdlər İsa Məsihin qarşısında təzim edib deyirlər: «Sən, doğrudan da, Allahın Oğlusan» (Mark 6:52; Mətta 14:33).

      Çox keçməmiş onlar Kəfərnahum şəhərinin cənubunda yerləşən gözəl və bərəkətli Gennesaret vadisinə çatırlar. Onlar lövbər atıb sahilə çıxırlar. Oradakı camaat dərhal İsa peyğəmbəri tanıyır. Onlar, həmçinin ətraf kəndlərdəki adamlar öz xəstələrini onun yanına gətirirlər. Xəstələr hətta İsa peyğəmbərin əbasının saçağına toxunanda sapsağlam olurlar.

      Bu vaxt ərzində İsa Məsihin minlərlə adamı möcüzə ilə yedizdirdiyinin şahidi olanlar onun oradan getdiyindən xəbər tutur. Buna görə də Təbəriyyədən balaca qayıqlar gələndə onlar qayıqlara minib peyğəmbəri axtarmaq üçün Kəfərnahuma üzürlər. Onu tapanda soruşurlar: «Rabbi, sən bura nə vaxt gəldin?» (Yəhya 6:25). Növbəti fəsildə görəcəyimiz kimi, İsa peyğəmbər yerində olaraq onları məzəmmət edir.

      • İsa peyğəmbər möcüzə ilə minlərlə adamı yedizdirəndə camaat hansı qərara gəlir?

      • Şagirdlər nə üçün İsa Məsihin küləyi sakitləşdirməsinə və suyun üstündə gəzməsinə heyrətlənməməli idi?

      • İsa peyğəmbər Kəfərnahum sahilinə çatanda nə baş verir?

  • İsa Məsih həyat çörəyidir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
    • Kişilər manna yığır; qadınlar onu üyüdür, ondan kökə düzəldir və bişirir

      FƏSİL 54

      İsa Məsih həyat çörəyidir

      YƏHYA 6:25—48

      • İSA MƏSİH GÖYDƏN GƏLƏN HƏQİQİ ÇÖRƏKDİR

      Cəlilə dənizinin şərq sahilində İsa Məsih minlərlə adama möcüzə ilə doydurmuş və onu padşah etmək istəyən camaatdan qaçmışdı. Həmin gecə o, fırtınalı Cəlilə dənizi üzəri ilə getmiş, sonra dalğaların üstü ilə ona tərəf gələn, amma tərəddüd etdiyi üçün suda batmağa başlayan Butrusu xilas etmişdi. O həmçinin küləyi yatırdıb şagirdlərini suya qərq olmaqdan qurtarmışdı.

      İndi Məsih dənizin qərb sahilində — Kəfərnahum bölgəsindədir. Möcüzə ilə çörək verdiyi adamlar onun yanına gəlib soruşurlar: «Sən bura nə vaxt gəldin?» Lakin İsa peyğəmbər bu adamları məzəmmət edib deyir ki, onlar havayı çörək yemək istədikləri üçün onu axtarırlar. O, onları xarab olub gedən qida üçün yox, əbədi həyat gətirən və daim qalan qidadan ötrü çalışmağa səsləyir. Buna görə o adamlar soruşurlar: «Nə edək ki, Allaha xoş getsin?» (Yəhya 6:25—28).

      Ola bilsin, onlar Tövratda yazılan işlər barədə soruşurlar, amma İsa peyğəmbər ən ülvi işi nəzərdə tutaraq belə deyir: «Allahın göndərdiyi insana iman etsəniz, Ona xoş gedər». İş orasındadır ki, onun bütün möcüzələrinə baxmayaraq, adamlar ona iman gətirmirlər. Ona iman etmək üçün yenə də əlamət istəyirlər: «Nə göstərə bilərsən? Bizim əcdadlarımız səhrada manna yeyiblər, necə ki yazılıb: “Allah onlara göydən çörək verdi”» (Yəhya 6:29—31; Zəbur 78:24).

      İsa Məsih onların əlamət istəmələrinə cavab olaraq, bütün möcüzələrin əsil Mənbəyini tanıtdırır: «Musa sizə göydən gələn həqiqi çörəyi verməmişdi. Göydən gələn həqiqi çörəyi sizə indi Atam verir. Allahın verdiyi çörək göydən gələn və bəşəriyyətə həyat verən insandır». Onlar Məsihin nə demək istədiyini başa düşmədikləri üçün deyirlər: «Ağa, bizə həmişə bu çörəyi ver» (Yəhya 6:32—34). Bəs peyğəmbər hansı çörəyi nəzərdə tutur?

      O izah edir: «Həyat çörəyi mənəm. Ardımca gələn heç vaxt acmayacaq və mənə iman edən əsla susamayacaq. Amma dediyim kimi, siz məni görsəniz də inanmırsınız... Mən özümün yox, məni göndərənin iradəsini yerinə yetirmək üçün göydən gəlmişəm. Məni göndərənin iradəsi isə budur ki, Onun mənə verdiyi adamlardan heç birini itirməyim, axırıncı gündə onları dirildim. Bəli, Atamın iradəsi budur ki, Oğulu qəbul edib ona iman edən hər kəs əbədi həyata qovuşsun» (Yəhya 6:35—40).

      Onlar bu sözləri eşidəndə qəzəblənib deyinməyə başlayırlar. O, nəyə əsasən «mən göydən gəlmiş çörəyəm» deyir? (Yəhya 6:41). Camaat üçün o, Cəlilənin Nasirə şəhərindən olan adi insan övladıdır. Onlar narazılıqla deyirlər: «Məgər bu, Yusifin oğlu İsa deyil? Biz onun atasını da, anasını da yaxşı tanıyırıq» (Yəhya 6:42).

      İsa peyğəmbər cavab verir: «Bəsdirin deyindiniz. Əgər məni göndərmiş Atam cəlb etməsə, heç kim mənim ardımca gələ bilməz. Mən axırıncı gündə o adamı dirildəcəyəm. Peyğəmbərlərin kitabında da yazılıb: “Onların hamısı Yehovadan elm alacaq”. Atamı dinləyib Ondan elm almış hər bir adam ardımca gəlir. Atanı yalnız Onun yanından gələn görüb, ondan başqa heç kim görməyib. Atanı o görüb. Eşidin və agah olun, iman edən əbədi həyata qovuşacaq» (Yəhya 6:43—47; Əşiya 54:13).

      İsa peyğəmbər Nikodemlə danışanda da əbədi həyatın insan Oğluna iman etməkdən asılı olduğunu demişdi: «Ona [Allahın yeganə Oğluna] iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:15, 16). İndi isə İsa Məsih böyük qrup insanın qarşısında deyir ki, onların əbədi həyatı almalarında onun böyük rolu var. Nə manna, nə də Cəlilədəki adi çörək bunu təmin edə bilməz. Bəs əbədi həyatı necə əldə etmək olar? Məsih sözlərini təkrarlayır: «Mən həyat çörəyiyəm» (Yəhya 6:48).

      Göydən gəlmiş çörək barədə söhbət burada qurtarmır. İsa Məsih Kəfərnahum sinaqoqunda öyrədərkən bu söhbət kulminasiya nöqtəsinə çatır.

      • İsa peyğəmbərin bir az əvvəlki işlərini nəzərə alsaq, nəyə görə camaatın ondan yenə əlamət istəməsi yersizdir?

      • İsa peyğəmbərin göydən gəlmiş çörək olduğunu eşidən yəhudilər necə münasibət göstərirlər?

      • Nəyə görə Məsihin danışdığı çörək mannadan və adi çörəkdən üstündür?

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş