Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Məsihin sözləri camaatı çaş-baş qoyur
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
    • İsa Məsih 12 həvarisi ilə danışarkən Yəhuda şübhəli-şübhəli başqa tərəfə baxır; digər şagirdlər aralarında pıçıldaşaraq gedirlər

      FƏSİL 55

      Məsihin sözləri camaatı çaş-baş qoyur

      YƏHYA 6:48—71

      • İSA MƏSİHİN SÖZLƏRİ CAMAATI TƏƏCCÜBLƏNDİRİR

      • ÇOXLARI BÜDRƏYİR VƏ DAHA ONUN ARDINCA GETMİR

      Kəfərnahum sinaqoqunda İsa Məsih göydən gəlmiş çörək olduğunu izah edir. O, bu sözləri, ola bilsin, Cəlilə dənizinin şərq sahilindən gələn və möcüzəvi yolla yeyib doyan adamlara əlavə olaraq deyir.

      Məsih sözünə belə davam edir: «Sizin əcdadlarınız səhrada manna yedilər, amma axırda öldülər». Sonra o müqayisə edir: «Mən göydən gəlmiş diri çörəyəm. Bu çörəkdən yeyən əbədi yaşayacaq. Bəli, bəşəriyyətin həyatı uğrunda verəcəyim çörək mənim bədənimdir» (Yəhya 6:48—51).

      Eramızın 30-cu ilinin baharında İsa peyğəmbər Nikodemə demişdi ki, Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. İndi isə İsa peyğəmbər onun bədənini yeməyin, yəni verəcəyi qurbana iman gətirməyin vacibliyini vurğulayır. Yalnız bu yolla əbədi həyatı almaq olar.

      Lakin xalq peyğəmbərin sözləri ilə heç cür razılaşa bilmir. Onlara maraqlıdır: «Bu adam bizə öz bədənini verəcək, biz də onu yeyəcəyik?!» (Yəhya 6:52). İsa peyğəmbər istəyir ki, onlar onun sözlərini hərfi yox, məcazi məna daşıdığını başa düşsünlər. Onun əlavə etdiyi sözlər bunun mənasını açıq-aydın göstərir.

      «Əgər insan Oğlunun bədənini yeməsəniz, qanını içməsəniz, həyata qovuşmayacaqsınız. Mənim bədənimdən yeyib qanımdan içənin əbədi həyatı var... Mənim bədənim həqiqi qidadır, qanım həqiqi içkidir. Bədənimdən yeyən və qanımdan içən mənimlə vəhdətdədir» (Yəhya 6:53—56).

      Bu sözlərin yəhudilərin qulağına necə küfr səsləndiyini bir təsəvvür edin. Bəlkə də, onlar İsa peyğəmbərin onları kannibalizmə və ya Allahın qana dair verdiyi qanunu pozmağa çağırdığını düşünürlər (Yaradılış 9:4; Lavililər 17:10, 11). Amma peyğəmbər heç də bədəni yeyib, qanı içməyi hərfi mənada nəzərdə tutmur. O, bununla göstərir ki, əbədi həyatı almaq istəyən kəs onun təqdim edəcəyi qurbana, yəni kamil bədəninə və qanı bahasına veriləcək qurbana iman gətirməlidirlər. Əfsus ki, hətta onun şagirdlərinin çoxu bu təlimi anlamır. Bəziləri bu cür münasibət göstərir: «Bu nə danışır?! Bu sözlərə necə qulaq asmaq olar?!» (Yəhya 6:60).

      İsa peyğəmbər bəzi şagirdlərinin deyindiyini görüb soruşur: «Bu sözlərim sizə xoş gəlmədi? Bəs insan Oğlunun əvvəllər olduğu yerə qayıtdığını görsəniz, nə edəcəksiniz?.. Sizə dediyim sözlər müqəddəs ruhdandır, onlar həyat verir. Amma aranızda elələri var ki, inanmır». Beləcə, bir çox şagird onu tərk edib daha onun ardınca getmir (Yəhya 6:61—64).

      Sonra İsa peyğəmbər 12 həvarisinə sual verir: «Bəlkə, siz də getmək istəyirsiniz?» Butrus cavab verir: «Ağa, kimin yanına gedək? Əbədi həyatın sözləri səndədir. Biz inanırıq, bilirik ki, sən Allahın Müqəddəsisən» (Yəhya 6:67—69). Ola bilsin ki, Butrus və digər həvarilər də İsa Məsihin bu sözlərinin mənasını tam başa düşmürlər. Amma görün onlar necə vəfalıdırlar!

      Peyğəmbər Butrusun cavabından məmnun qalır, ancaq deyir: «Sizin on ikinizi də mən seçmişəm, ancaq sizdən biri iblisdir» (Yəhya 6:70). O, Yəhuda İskəryutu nəzərdə tutur. Ola bilsin, peyğəmbər məhz bu vaxt Yəhudanın əyri yola qədəm qoyduğunu hiss edir.

      Bununla belə, Butrusun və digər həvarilərin bundan sonra da onun ardınca getmək niyyətində olduqlarını və onunla birgə xilasa aparan işdə çalışmaq istədiklərini bilmək İsa peyğəmbərə xoşdur.

      • İsa Məsih öz bədənini insanların uğrunda necə verəcək və onun bədənini yemək nə deməkdir?

      • Nəyə görə insanlar İsa Məsihin «bədənimi yeyib, qanımı içəcəksiniz» sözləri camaatı çaş-baş qoyur, amma onun sözünün canı nədir?

      • Çoxları İsa peyğəmbərdən ayrılanda Butrus nə deyir?

  • Adamı əslində nə murdar edir?
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
    • Fərisi dirsəyinə kimi əllərini yuyur və artıq yeməyə başlayan adama mühakimə edən baxışlarla baxır

      FƏSİL 56

      Adamı əslində nə murdar edir?

      MƏTTA 15:1—20 MARK 7:1—23 YƏHYA 7:1

      • İSA PEYĞƏMBƏR İNSAN ADƏT-ƏNƏNƏLƏRİNİ MÜHAKİMƏ EDİR

      Bizim eranın 32-ci ilidir. Qarşıdan Pasxa bayramı gəlir. İsa peyğəmbər Cəlilədə təlim verməklə məşğuldur. Yəqin, o da Qanunda buyrulduğu kimi, Yerusəlimə Pasxa bayramını qeyd etməyə gedir. Lakin o, ehtiyatı əldən vermir, çünki yəhudilərin onu öldürmək istədiyini bilir (Yəhya 7:1). Bundan sonra o, Cəliləyə qayıdır.

      Ehtimal ki, İsa peyğəmbər indi Kəfərnahumdadır. Fərisilərlə mirzələr onu görmək üçün Yerusəlimdən durub bura gəlirlər. Nəyə görə onlar bu qədər yol qət ediblər? Onlar onu dini qaydaları pozmaqda ittiham etmək üçün bəhanə axtarırlar. «Niyə sənin şagirdlərin dədə-babalarımızın qoyduğu adət-ənənəni pozur? Misal üçün, onlar yeməkdən qabaq əllərini yumurlar», — deyə ondan soruşurlar (Mətta 15:2). Allah dirsəyə qədər yuyunmağı xalqına heç vaxt buyurmayıb, amma fərisilər bu ayinə riayət etməməyi ciddi təqsir sayırlar (Mark 7:3).

      Peyğəmbər onların ittihamına cavab vermir, bunun əvəzində göstərir ki, onlar özləri Allahın qanununu qəsdən pozurlar. O deyir: «Bəs siz niyə öz ənənələrinizə görə Allahın əmrini pozursunuz? Misal üçün, Allah belə deyib: “Atana və anana hörmət et” və “Atasını ya anasını təhqir edən öldürülməlidir”. Siz isə deyirsiniz: “Atasına ya anasına: “Səni saxlamaq üçün nəyim varsa, hamısı Allaha həsr edilmiş bəxşişdir”, — deyən atasına hörmət etməyə bilər”» (Mətta 15:3—6; Çıxış 20:12; 21:17).

      Fərisilər öyrədirlər ki, pul, əmlak və hər hansı bir şey bəxşiş kimi Allaha həsr edilərsə, bunlar artıq məbədə aid olur və onu başqa cür istifadə etmək olmaz. Əslində isə, bəxşiş bundan sonra da onu həsr edən adamın özündə qalır. Misal üçün, oğul deyə bilər ki, onun pulu və ya əmlakı «qurbanlıqdır», yəni Allaha, yaxud Allahın məbədinə həsr edilmiş bəxşişdir; guya bu bəxşişi istifadə etməyə yalnız məbədin ixtiyarı çatır. Beləcə, pul və ya əmlakı hələ də oğlanın istifadə etmək ixtiyarı çatdığı halda, o iddia edir ki, bunu ehtiyac içində olan qoca ata-anasına xərcləyə bilməz. Bununla o, öz məsuliyyətini yerinə yetirməkdən boyun qaçırır (Mark 7:11).

      Fərisilərin Allahın qanununu belə hiyləgərcəsinə təhrif etmələrinə İsa peyğəmbər haqlı olaraq qəzəblənir. O deyir: «Bununla siz öz ənənənizdən ötrü Allahın sözünü heçə endirmisiniz. Ey ikiüzlülər, Əşiya sizin haqqınızda yaxşı peyğəmbərlik edib: “Bu xalq Mənə dildə hörmət edir, ürəkdə isə Məndən çox uzaqdırlar. Onlar Mənə əbəs yerə ibadət edirlər, çünki onların öyrətdikləri adi insan əmrləridir”». Peyğəmbərin bu ciddi ittihamı qarşısında fərisilər söz tapa bilmir. Beləcə, o, camaatı yanına çağırıb deyir: «Qulaq asın və sözlərimi dərk edin. İnsanı yediyi şeylər murdar etmir, onu ağızdan çıxan şeylər murdar edir» (Mətta 15:6—11; Əşiya 29:13).

      Bir qədər sonra İsa peyğəmbər şagirdləri ilə bir evə girəndə onlar soruşurlar: «Xəbərin var ki, fərisilər sənin sözlərindən qəzəbləniblər?» O, belə cavab verir: «Göydəki Atamın əkmədiyi hər bir bitki kökündən qoparılacaq. Qoy qəzəblənsinlər. Onlar kor bələdçidirlər. Əgər kor kora bələdçilik edərsə, ikisi də quyuya düşər» (Mətta 15:12—14).

      Butrus o biri şagirdlərin adından xahiş edir ki, İsa peyğəmbər adamı nəyin murdar etdiyini aydınlaşdırsın. Peyğəmbər buna təəccüblənir: «Məgər bilmirsiniz ki, insanın yediyi hər şey bağırsaqlardan keçib bayıra çıxır? Ağızdan çıxan şeylər isə ürəkdən gəlir. Bax, bunlar adamı murdar edir. Misal üçün, pis fikirlər, qətl, zina, əxlaqsızlıq, oğurluq, yalan şahidlik, küfr ürəkdən çıxır. Adamı belə şeylər murdar edir. Yuyulmamış əllə çörək yemək isə adamı murdar etmir» (Mətta 15:17—20).

      İsa peyğəmbər heç də gigiyenanın əleyhinə deyil. O demir ki, xörək bişirəndə və ya yeməkdən qabaq əlləri yumaq lazım deyil. O, bununla din xadimlərini ifşa edir, çünki onlar insan adət-ənənələrinin üstündə duraraq Allahın saleh qanunlarından hiyləgərcəsinə boyun qaçırırlar. Doğrudan da, insanı murdar edən qəlbindən çıxan pis işlərdir.

      • Fərisilər və mirzələr İsa peyğəmbəri nədə ittiham edirlər?

      • İsa peyğəmbər onların Allahın qanununu qəsdən pozduqlarını necə göstərir?

      • Əslində insanı nə murdar edir?

  • Peyğəmbər qıza və kar bir adama şəfa verir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
    • Finikiyalı qadın İsa peyğəmbərə yalvarır. İsa peyğəmbər barmaqlarını kar adamın qulaqlarına qoyur

      FƏSİL 57

      Peyğəmbər qıza və kar bir adama şəfa verir

      MƏTTA 15:21—31 MARK 7:24—37

      • İSA PEYĞƏMBƏR FİNİKİYALI QADININ QIZINA ŞƏFA VERİR

      • PEYĞƏMBƏR KAR VƏ PƏLTƏK ADAMI SAĞALDIR

      İsa Məsih fərisiləri özlərinə sərf edən adətlərinə görə açıq-aşkar ifşa etdikdən sonra şagirdləri ilə oradan gedir. Bu səfər peyğəmbər neçə-neçə kilometr şimal-qərbdə yerləşən Finikiyanın Sur və Sidon bölgəsinə yol alır.

      İsa peyğəmbər qalmağa bir ev tapır, amma istəmir ki, kimsə onun qaldığı yeri bilsin. Lakin burada da, onu tapırlar. Bu ərazidə doğulmuş bir yunan qadın onu tapır və yalvarmağa başlayır: «Ağa, Davud Oğlu, mənə rəhmin gəlsin. Cinlər qızıma zülm edirlər» (Mətta 15:22; Mark 7:26).

      Sonra şagirdlər peyğəmbərdən xahiş edirlər: «Ona de çıxıb getsin. Bayaqdan dalımızca düşüb qışqırır». Onda o, qadına nə üçün məhəl qoymadığını izah edir: «Mən yalnız İsrail evinin itmiş qoyunlarının yanına göndərilmişəm». Qadın isə əl çəkmir. O yaxınlaşıb İsa peyğəmbərin ayaqlarına düşür və yalvar-yaxar edir: «Ağa, mənə kömək elə!» (Mətta 15:23—25).

      Görünür, İsa peyğəmbər qadının imanını sınamaq məqsədilə yəhudilərin başqa millətlərə yuxarıdan aşağı baxmalarına eyham vuraraq deyir: «Çörəyi uşaqların əlindən alıb küçüklərin qabağına atmaq düzgün deyil» (Mətta 15:26). Peyğəmbər burada «küçük» deməklə qeyri-yəhudilərə rəğbət bəslədiyini təzahür etdirir. Bunu onun üzündən və mərhəmətli səsindən də görmək olar.

      Qadın bundan incimir, o, İsa peyğəmbərin yəhudilərin qərəzli baxışları haqda dediyi söhbətə qayıdaraq təvazökarlıqla deyir: «Düz deyirsən, Ağa, amma axı küçüklər də ağalarının süfrəsindən tökülən qırıntıları yeyirlər». Peyğəmbər onun gözəl ürəyini görüb deyir: «Ey qadın, sən böyük iman sahibisən. Qoy istədiyin kimi olsun» (Mətta 15:27, 28). Onun qızı orada olmasa da, dərhal sağalır! Qadın evə qayıtdıqda görür ki, cin uşaqdan çıxıb və o, sapsağlam yatağında uzanıb (Mark 7:30).

      İsa Məsih şagirdləri ilə Finikiya bölgəsindən keçərək İordan çayının yuxarılarına tərəf gedir. Görünür, onlar haradasa Cəlilə dənizinin şimal tərəfindən İordan çayını keçirlər və Dekapol bölgəsinə gedirlər. Orada onlar bir dağa qalxırlar, amma izdiham onları tapır. Camaat peyğəmbərin yanına topal, şikəst, kor, lal adamları gətirir. Bu xəstələri İsa peyğəmbərin ayaqları yanına qoyurlar və o, onların hamısını sağaldır. Heyrət içində olan camaat İsrailin Allahını mədh edir.

      İsa peyğəmbər kar və pəltək bir adama xüsusi diqqət yetirir. Təsəvvür etmək olar, bu adam o boyda camaatın içində nə hisslər keçirir. Bəlkə də, peyğəmbər bu adamın çəkindiyini hiss edir. Buna görə də onu kənara çəkir. İkisi təklikdə qaldıqda İsa peyğəmbər nə edəcəyini işarələrlə göstərir. O, barmaqlarını həmin adamın qulaqlarına qoyur və tüpürüb onun dilinə toxunur. Sonra göyə baxıb sami dilində «açıl» deyir. Bu zaman kişinin qulaqları açılır və o, normal danışa bilir. İsa peyğəmbər istəmir ki, bu hadisə camaat arasında yayılsın. Əksinə, o, istəyir ki, onlar öz gözləri ilə gördüklərinə və eşitdiklərinə görə ona iman etsinlər (Mark 7:32—36).

      İsa peyğəmbərin göstərdiyi bu möcüzələr heyrətlərini gizlədə bilməyən müşahidəçilərə güclü təsir göstərir. Onlar deyirlər: «Onun hər bir işi mükəmməldir. O, hətta karların qulağını, lalların dilini açır» (Mark 7:37).

      • İsa peyğəmbər yunan qadının uşağını niyə dərhal sağaltmır?

      • Finikiya bölgəsini tərk edəndən sonra İsa Məsih şagirdləri ilə hara gedir?

      • İsa peyğəmbər kar və pəltək adama necə mərhəmət göstərir?

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş