«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
*** jr-E s. 88, abz. 14, 15 ***
Yorğun adama təravət verəcəyəm
14 Gəlin görək Ərəmyanı nə ruhlandırmışdı və onun özü «yorğun adam»lara necə təravət verirdi (Ərm. 31:25). Ərəmya peyğəmbərə Yehova dayaq olurdu. Təsəvvür edin, Yehovadan belə sözlər eşitmək onun üçün necə xoş idi: «Bu gündən səni qala-şəhər... edirəm... Onlar səninlə vuruşacaqlar, amma üstün gələ bilməyəcəklər. Çünki Mən səninləyəm, səni xilas edəcəyəm» (Ərm. 1:18, 19). İndi aydındır, nəyə görə peyğəmbər Yehovanı qüdrətim, qalam, dar gündə sığındığım pənahgahım adlandırmışdı (Ərm. 16:19).
15 Yehovanın Ərəmyaya «səninləyəm» deməsi diqqətəlayiqdir. Buradan özümüzə nə nümunə götürə bilərik? Dindaşımızın və ya qohumumuzun köməyə ehtiyacı olduğunu görməklə yanaşı, yardım əlimizi uzatmaq olduqca vacibdir. Çox vaxt bunu etməyin ən yaxşı yolu kədərli insanın yanında olmaqdır. Yehova da Ərəmya peyğəmbərə bu üsulla dayaq olmuşdu. Hansısa məqamda, ola bilsin, təsəlli üçün nəsə demək lazım gələcək, amma çox söz deyərək həmin insanı yükləməyin. Bir necə xoş söz ona məlhəm ola bilər. Təsəlli vermək üçün xüsusi natiqlik qabiliyyətinə ehtiyac yoxdur. Sadə sözlərdən istifadə edərək məhəbbətinizi və qayğınızı göstərə bilərsiniz. Belə sözlər çox təsirli ola bilər. (Məsəllər 25:11 ayəsini oxuyun.)
*** w88-E 1/4 s. 11, 12, abz. 7, 8 ***
Ərəmya — xalqın qəbul etmədiyi peyğəmbər
7 Yehova Ərəmya peyğəmbərə deyir: «Onlar səninlə vuruşacaqlar, amma üstün gələ bilməyəcəklər» (Ərəmya 1:19). Nəyə görə yəhudilər və onların başçıları Ərəmyaya qarşı çıxmaq istəsinlər? Çünki peyğəmbər onları təkəbbürlü, həm də dindarlıqları zahiri olduğuna görə ifşa etmişdi. Ərəmya çəkinmədən belə sözlər deyir: «Yehovanın sözünü saymırlar, Onu bəyənmirlər... Rəiyyətdən əsilzadəyə kimi hər kəs haram qazanc dalınca düşür, peyğəmbərdən kahinə [halbuki məhz onlar əxlaqi və ruhani dəyərləri qorumalı idilər] kimi hər kəs fırıldaqçılıq edir» (Ərəmya 6:10, 13).
8 Yəhudi din xadimləri xalqın qurban təqdim etməsinə rəhbərlik etsələr də, həqiqi ibadətin rəsmi məqamlarına əməl etsələr də, bunu ürəkdən etmirdilər. Onlar üçün ayinlərin icra olunması Yehovanın istədiyi kimi həyat sürməkdən daha vacib idi. Bundan əlavə, onlar sülh olmaya-olmaya «Sülh! Sülh!» deyərək lay-lay çalıb xalqı yuxuya verirdilər (Ərəmya 6:14; 8:11). Bəli, yəhudi din xadimləri xalqı arxayın edirdilər ki, Allahla münasibətləri yaxşı vəziyyətdədir. Onlar əmin idilər ki, narahat olmaq üçün heç bir səbəb yoxdur, çünki onlar Allahın seçilmiş xalqıdır, müqəddəs şəhərə və məbədə sahibdirlər. Görəsən, Yehova da belə düşünürdü?
*** w88-E 1/4 s. 12, abz. 9, 10 ***
Ərəmya — xalqın qəbul etmədiyi peyğəmbər
9 Yehova Ərəmya peyğəmbərə buyurur ki, məbədin darvazasında, hər kəsin görə biləcəyi bir yerdə durub Onun xəbərini oradan keçənlərə çatdırsın. Ərəmya belə deməli idi: «Yalan sözlərə aldanmayın. “Bu, Yehovanın məbədidir, Yehovanın məbədidir, Yehovanın məbədidir!” deməyin... Bu sizə ziyandan başqa heç nə gətirməyəcək». Məbədləri ilə öyünən yəhudilər imana əsasən yox, görünən şeylərə əsasən yaşayırdılar. Yehovanın bu xəbərdarlığını unutmuşdular: «Göylər Mənim taxtımdır, yer ayağım altındakı kətildir. Belə isə, Mənim üçün nə cür ev tikərdiniz?» Onların məbədi nə qədər möhtəşəm olsa da, ucsuz-bucaqsız Kainatın sahibi Yehova Allah ora sığmazd! (Ərəmya 7:1—8; Əşiya 66:1).
10 Ərəmya onları tənbeh etməyə davam edir: «Siz oğurluq edir, qətl törədir, zina edirsiniz, yalandan and içirsiniz, Baala qurban gətirirsiniz, tanımadığınız allahların ardınca gedirsiniz. Bütün bu mənfur əməllərdən sonra da gəlib adımı daşıyan bu evdə, önümdə durub deyirsiniz: “Biz xilas olacağıq!”» Yəhudilər elə fikirləşirdilər ki, Allahın məxsusi xalqı olduqları üçün məbədə gedib qurbanlar gətirirlərsə, Yehova onların bütün hərəkətlərinə göz yumacaq. Əgər onlar Yehovanı evin tək uşağını ərköyün böyüdən bir ata kimi hesab edirdilərsə də, tezliklə nə qədər yanıldıqlarının şahidi olacaqdılar (Ərəmya 7:9, 10; Çıxış 19:5, 6).
*** jr-E s. 21, abz. 12 ***
«Zamanın sonunda» xidmət etmək
12 Yəhyakim padşahın hakimiyyətinin başlanğıcında Yehova Ərəmya peyğəmbərə buyurdu ki, məbədə gedib yəhudiləri pis əməllərinə görə açıqca məzəmmət etsin. Yəhudilər elə fikirləşirdilər ki, hələ ki məbəd var, onlara heç nə olan deyil. Ancaq əgər onlar pis əməllərindən əl çəkməsəydilər, yəni oğurluq, qətl, zina etməyə, yalandan and içməyə, Baala qurban gətirib tanımadıqları allahların ardınca getməyə davam etsəydilər, Yehova məbədi tərk edəcəkdi. Baş kahin Əlinin dövründə belə bir şey baş vermişdi — Yehova Şilodakı çadırı tərk eləmişdi. Həmçinin Yehova məbədə gələn, ancaq ikiüzlülük edən yəhudiləri də tərk edəcəkdi. Yəhuda ölkəsi xaraba qalacaqdı (Ərm. 7:1—15, 34; 26:1—6). Təsəvvür edin, bu xəbəri çatdırmaq üçün Ərəmyaya nə qədər cəsarət lazım idi. Ehtimal ki, o, bu xəbəri görkəmli və nüfuzlu şəxslərin qarşısında bəyan etməli idi. Bu gün də bəzi bacı-qardaşlara küçədə şahidlik etmək, yaxud da varlı-hallı insanlarla danışmaq üçün cəsarət tələb oluna bilər. Ancaq biz əmin ola bilərik ki, Yehova Ərəmyaya dayaq olduğu kimi, bizə də dayaq olacaq (İbr. 10:39; 13:6).
*** w88-E 1/4 s. 13, abz. 15 ***
Ərəmya — xalqın qəbul etmədiyi peyğəmbər
15 B. e. ə. təxminən 632-ci ildə Aşşur kəldanilər və mədyənilər tərəfindən məğlub olur, Misir isə öz qüdrətini itirərək Yəhudanın cənubunda zəif bir dövlətə çevrilir. Yəhuda üçün əsl təhlükə şimaldan gələ bilərdi. Buna görə də Ərəmya soydaşlarına kədərli xəbəri vermək məcburiyyətində idi. Yehova belə deyir: «Budur, şimal torpağından bir xalq gəlir... Qəddardırlar, rəhmsizdirlər... Ey Sion qızı, bir nəfər kimi qarşında səf qurublar». Həmin dövrdə öz qüdrəti ilə Babil dövləti seçilirdi. Yehova Allah Yəhudanı cəzalandırmaq üçün ondan alət kimi istifadə edəcəkdi (Ərəmya 6:22, 23; 25:8, 9).
*** it-1-E s. 555 ***
Xiyar
Heyvanları qorxutmaq məqsədilə bostana dirək, şalban və buna bənzər şeylər qoyurdular. Beləcə, Ərəmya peyğəmbər bütpərəst xalqların düzəltdiyi bütləri xiyar bostanındakı bu cür səssiz və cansız müqəvvalara bənzədir (Ər 10:5).
*** w15-E 1/9 s. 15, abz. 1 ***
Allaha imanınız sarsılıbmı?
Dünyanın acınacaqlı vəziyyəti aydın şəkildə göstərir ki, insan hakimiyyətləri tamamilə uğursuzluğa düçar olub. İnsan hakimiyyətləri sülhü, təhlükəsizliyi və firavan həyatı nəinki yarada bilməyib, hətta dünyanın tələf olmasına səbəb olub. Bu vəziyyət Müqəddəs Kitabdakı bu sözlərin doğruluğunu isbat edir: «Addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23). Yalnız Allahın rəhbərliyi bəşəriyyətə sülh, xoşbəxtlik və firavanlıq gətirə bilər, çünki Allahın niyyəti budur (Əşiya 45:18).
*** jr-E s. 51, abz. 17 ***
Xain ürəyinə aldanma
17 Ərəmyanın aldığı tapşırıq Yehovanın göstərişlərinə tabe olmağı tələb edirdi. Bəs siz Ərəmyanın yerində olsaydınız, verilən göstərişləri yerinə yetirərdinizmi? Bir gün Yehova Ərəmyaya deyir ki, kətan qurşaq alsın və belinə dolasın. Daha sonra peyğəmbərdən Fərat çayına getmək tələb olunurdu. Xəritəyə baxsanız, onun təxminən 500 kilometrlik yol getməli olduğunu görəcəksiniz. Orada Ərəmya qurşağı qaya oyuğunda gizlədib Yerusəlimə geri qayıtmalı idi. Daha sonra Yehova deyir ki, qurşağı gedib götürsün. (Ərəmya 13:1—9 ayələrini oxuyun.) Ümumilikdə o, təxminən 2000 kilometr yol qət edir. Müqəddəs Kitab tənqidçiləri peyğəmbərin aylarla bu qədər uzun yol qət etməsinə şübhə edirlər (Üzr. 7:9). Amma bu Yehovanın buyruğu idi və peyğəmbər bu buyruğa əməl etdi.
*** jr-E s. 52, abz. 18 ***
Xain ürəyinə aldanma
18 Təsəvvür edin, peyğəmbər Fərata çatmaq üçün Yəhuda dağlarını aşmalı və seçdiyi yoldan asılı olaraq, səhralıqdan keçməli idi. Bu qədər zəhmət yalnız kətan qurşağı gizlətmək üçün idi. Onun uzun müddət gözə görünməməsi qonşuların marağına səbəb olmuşdu. Ərəmya qayıdarkən özü ilə qurşağı gətirməmişdi. Allah yenidən ona uzun məsafəni qət edib qurşağı gətirməsini buyurur. O vaxta qurşaq çürümüş, yararsız hala düşmüşdü. Belə vəziyyətdə o: «Bu qədər də yox! Bütün bunların nə mənası var idi?» — deyə düşünə bilərdi. Lakin Ərəmya belə düşünmədi, çünki o, Yehovanın onu formalaşdırmasına izin vermişdi. O şikayətlənmədi, əksinə, Yehovanın dediyi hər şeyə dəqiqliklə əməl etdi.
*** jr-E s. 52, abz. 19, 20 ***
Xain ürəyinə aldanma
19 Yehova bu tapşırığın mənasını Ərəmya ikinci dəfə gedib gələndən sonra izah edir. Ərəmyanın elədikləri vacib xəbəri çatdırmaq üçün zəmin yaratdı. O, bu xəbəri çatdırmalı idi: «Sözlərimə qulaq asmayan, inad edib ürəkləri istəyəni edən, başqa allahlara ibadət edən, səcdə qılıb qulluq edən bu mənfur xalq da tamamilə yararsız olan bu qurşaq kimi olacaq» (Ərm. 13:10). Yehovanın xalqını öyrətmək üçün istifadə etdiyi üsul çox təsirli idi. Ərəmyanın əhəmiyyətsiz bir şey kimi görünən bu tapşırığa ürəkdən əməl etməsi sayəsində Yehova xalqına vacib dərs verdi (Ərm. 13:11).
20 Bu gün Allahın xidmətçisinə hər hansısa bir vacib dərsi vermək üçün yüzlərlə kilometr yol qət etmək tələb olunmur. Amma ola bilsin, məsihi olduğunuz üçün yaxınlarınız və ya qonşularınız sizin etiqadınızı başa düşmür və sizi tənqid atəşinə tutur. Buna səbəb geyiminiz, xarici görkəminiz, təhsilə və ya hər hansısa bir sənətə yiyələnməyə olan baxışınız, yaxud da spirtli içkilərə olan münasibətiniz ola bilər. Belə vəziyyətdə Ərəmya kimi, Yehovanın rəhbərliyinə boyun əyməyə qəti qərarlı olacaqsınızmı? Qoy Yehova sizi formalaşdırsın, onda verdiyiniz qərarlar başqaları üçün gözəl şahidlik olacaq. İstənilən vəziyyətdə Yehovanın Kəlamında yerləşən göstərişlərinə boyun əysəniz, sadiq ağıllı nökərin verdiyi rəhbərliyə tabe olsanız, bol-bol nemətlər əldə edəcəksiniz. Xain ürəyinizin sizə ağalıq etməsinə imkan verməyin, Ərəmya peyğəmbərdən nümunə götürün. Yehovanın əlində yumşaq gil olun ki, sizi formalaşdırsın, onda O, sizi daima şərəfli məqsədlər üçün istifadə olunan bir qab edəcək.
*** it-1-E s. 1121, abz. 2 ***
Bel
Yehova İsrail və Yəhuda əhlini sanki belinə bağladığı qurşağa bənzətmişdi. Yəni Yehova onları özünə elə yaxın etmişdi ki, Onun şərəfi-şanı, iftixarı olsunlar. (Ər 13:11). Peyğəmbərlikdə taxta çıxan İsa Məsih haqda deyilir ki, o, belini salehliklə qurşayacaq, sədaqət onun kəməri olacaq. Bu, İsa Məsihin salehliklə və sədaqətlə rəhbərlik edəcəyini göstərir. Qurşaq insanın belini qoruduğu kimi, İsa da Yehova tərəfindən təyin olunmuş hakim kimi fəaliyyət göstərəndə salehliyi ona kömək edir (Əş 11:1, 5).
*** jr-E s. 118, abz. 11 ***
Hər gün «hanı Yehova» deyə soruşursan?
11 Ərəmya pislərin nəyə görə uğur qazandığını heç cür anlaya bilmirdi. (Ərəmya 12:1, 3 ayələrini oxuyun.) Peyğəmbər Yehovanın yollarının adil olduğuna əmin olsa da, yenə də istəyirdi ki, Yehova onun şikayətinə baxsın. Ərəmyanın Yehovaya çəkinmədən fikrini deməsi göstərirdi ki, o, Yehovanı özünə ata kimi yaxın bilirdi. Ərəmya bir çox yəhudilərin pislik etmələrinə rəğmən çicəklənməsini başa düşmürdü. Ərəmya Allahdan qaneedici cavab aldı? Yehova Ərəmyanı əmin etdi ki, pisləri kökündən qoparacaq (Ərm. 12:14). Yehovanın Öz vədlərini həyata keçirdiyini gördükcə Ərəmya Onun ədalətli olduğuna daha da əmin olurdu. Nəticədə, bu, ona ürəyini həmişə səmavi Atasına açmağa təşviq etdi.