Fəsil 23
Müqəddəs Kitabın homoseksualizmə dair nöqteyi-nəzərini necə izah edim?
Mükafat təqdimetmə mərasimində iki aktrisanın bir-birini ehtiraslı öpüşlə salamlaması zalı lərzəyə gətirir! Bir anlıq sükutun ardından gurultulu alqış sədaları qopur. Homoseksualistlər üçün bu, əsil zəfər, skeptiklər üçün isə sadəcə reklamdır. Bu səhnə uzun müddət xəbərlərdə təkrar-təkrar nümayiş etdiriləcək və İnternetdə milyonlarla insan tərəfindən baxılacaq.
YUXARIDA təsvir olunan hadisədən göründüyü kimi, məşhurların homoseksual və ya biseksual olduqlarını açıqlamaları qədər medianın diqqətini cəlb edən çox az şey tapılar. Bəziləri bu cür insanları cəsarətlərinə görə alqışlayır, digərləri isə pozğunluqlarına görə onları tənqid atəşinə tutur. Bu iki nöqteyi-nəzərlə razılaşmayan çoxları isə homoseksualizmi qeyri-ənənəvi həyat tərzi hesab edir. 21 yaşlı Daniel deyir: «Mən məktəbdə oxuyanda hətta normal oriyentasiyalı uşaqlar belə homoseksualizmi mühakimə edənləri köhnə fikirli və qərəzli hesab edirdilər».
Nəsildən və ya ölkədən asılı olaraq, homoseksualizmə münasibət dəyişə bilər. Lakin Allahın xidmətçiləri yol vermirlər ki, hər cür təlim küləyi onları ora-bura aparsın (Efeslilərə 4:14). Onlar Müqəddəs Kitabın təlimlərinə bağlı qalırlar.
Müqəddəs Kitabın homoseksualizmə dair nöqteyi-nəzəri necədir? Müqəddəs Kitab prinsiplərinə uyğun yaşadığın üçün səni geridə qalmış, qərəzli və ya homofob (homoseksualistlərə nifrət edən) adlandıranlara necə cavab verə bilərsən? Gəl aşağıdakı suallara nəzər salaq, görək onlara necə cavab vermək olar.
«Müqəddəs Kitabda homoseksualizm barədə nə deyilir?»
«Müqəddəs Kitabda aydın deyilir ki, Allah cinsi əlaqəni yalnız bir kişi və bir qadın arasında, üstəlik, yalnız nikah daxilində nəzərdə tutmuşdur (Yaradılış 1:27, 28; Levililər 18:22; Süleymanın məsəlləri 5:18, 19). Müqəddəs Kitabda cinsi əxlaqsızlıq mühakimə edilir. Cinsi əxlaqsızlıq dedikdə homoseksual və yolverilməz heteroseksual (kişi ilə qadın arasında) əlaqə nəzərdə tutulur» (Qalatiyalılara 5:19—21)a.
«Homoseksualizmə sən necə baxırsan?»
«Mən homoseksualistlərə nifrət etmirəm, bununla belə, onların əməllərini də dəstəkləmirəm».
Unutma: əgər sən Müqəddəs Kitabın əxlaq normalarını əldə rəhbər tutursansa, bu, sənin seçdiyin həyat tərzidir və belə bir seçim etməyə haqqın çatır (Yeşua 24:15). Buna görə heç vaxt utanma (Məzmur 119:46).
«Məgər Allahın xidmətçiləri, seksual oriyentasiyasından asılı olmayaraq, hamıya hörmət etməli deyillər?»
«Əlbəttə, etməlidirlər. Müqəddəs Kitabda deyilir: “Hər cür insana hörmət edin” (1 Peter 2:17). Buna görə də məsihçilər homofob deyillər, yəni homoseksualistlərə nifrət etmirlər. Onlar bütün insanlara, o cümlədən homoseksualistlərə qarşı xeyirxahdırlar» (Matta 7:12).
«Məgər sənin homoseksualizmə olan münasibətin homoseksualistlərə qarşı qərəzli yanaşmağına səbəb olmur?»
«Əsla. Mən onların əməllərini rədd edirəm, özlərini yox».
Sonra əlavə etmək olar: «Məsələn, mən siqaret də çəkmirəm. Hətta bu haqda fikirləşəndə belə ürəyim bulanır. Amma tutaq ki, sən çəkirsən və bu, sənin üçün normaldır. Fərqli düşündüyün üçün mən sənə qarşı pis münasibət göstərməyəcəyəm, əminəm ki, sən də düşüncə tərzimə görə məndən yan gəzməyəcəksən, elə deyil? Eyni prinsip homoseksualizmə də aiddir».
«Məgər İsa peyğəmbər hamıya qarşı dözümlü olmağa səsləmirdi? Bəs onda siz homoseksualistlərə dözümlülük göstərməli deyilsiniz?»
«İsa peyğəmbər öz şagirdlərini ürəkləri istədikləri kimi yaşamağa təşviq etmirdi. O öyrədirdi ki, xilas yolu yalnız ona iman edənlər üçün açıqdır (Yəhya 3:16). İsa Məsihə iman etmək Allahın bütün əxlaq normalarına, həmçinin homoseksualizmi mühakimə edən normalara uyğun yaşamaq deməkdir (Romalılara 1:26, 27)».
«Homoseksualistlər dəyişə bilməzlər, onlar belə doğulublar».
«Müqəddəs Kitabda homoseksualistlərin xarakteri ilə bağlı heç nə müzakirə olunmasa da, bəzi xüsusiyyətlərin ürəkdə dərin kök saldığı deyilir (2 Korinflilərə 10:4, 5). Ancaq bəziləri eyni cinsdən olan insanlara meyilli olsalar belə, Müqəddəs Kitab onlara homoseksual hərəkətlərdən qaçmağı buyurur».
Məsləhət: homoseksual arzulara nəyin səbəb olduğuna dair mübahisə etməkdənsə, ən yaxşısı həmsöhbətinin diqqətini Müqəddəs Kitabda homoseksualistlərin hərəkətlərinin mühakimə edildiyinə yönəlt. Müqayisə üçün belə deyə bilərsən: «Çoxları iddia edir ki, aqressivlik insanın genində olduğundan bəziləri buna meyillidir (Süleymanın məsəlləri 29:22). Deyək ki, bu, doğrudan da, belədir. Amma bildiyin kimi, Müqəddəs Kitab qəzəb və hiddəti mühakimə edir (Məzmur 37:8; Efeslilərə 4:31). Səncə, kimsə zorakılığa meyillidir deyə bu tələbi haqsızlıq adlandırmaq olarmı?»
«Allah homoseksualistlərdən öz arzularını öldürməyi necə tələb edə bilər? Axı bu qəddarlıqdır».
«Onda elə çıxır, insanlar cinsi istəklərinin qulu olmalıdırlar. Müqəddəs Kitab hər bir kəsi düzgün olmayan cinsi arzularını boğa biləcəyinə əmin edərək insan ləyaqətini ucaldır. Əsas odur, istək olsun» (Koloslulara 3:5).
«Homoseksualizmə qarşı münasibətini dəyişməlisən».
«Misal üçün, mən qumar oynamağın düzgün olmadığını düşünürəm, sən isə mənimlə eyni fikirdə deyilsən. Bəs səncə, milyonlarla insan qumar oynayır deyə mövqeyimi dəyişməyimi tələb etməyin düzgün olardı?»
Yadda saxla: bir çox insanlar kimi, homoseksualistlərin də öz etika qaydaları var, məsələn, onlar yalanı, ədalətsizliyi və müharibələri dəstəkləmirlər. Bu kimi şeylər Müqəddəs Kitabda da mühakimə olunur, ancaq eyni zamanda orada, homoseksualizm də daxil olmaqla, hər cür əxlaqsızlıq mühakimə olunur (1 Korinflilərə 6:9, 10).
Müqəddəs Kitab tələbləri həddən artıq sərt deyil və insanda qərəzli fikirlər yaratmır. Allahın Kəlamı hamıdan nə tələb edirsə, homoseksualistlərdən də eyni şeyi — «cinsi əxlaqsızlıqdan» qaçmağı tələb edir (1 Korinflilərə 6:18).
Əslində, homoseksual olmayan milyonlarla insanlar Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamaq istədikləri üçün özlərinə hakim olmağı bacarır və şirnikdirici təsirlərə uymurlar. Onların arasında evlənmək şansı az olan subaylar və həyat yoldaşlarının travma və ya xəstəliyi ucbatından intim əlaqədə ola bilməyən bir çox evli insanlar da var. Onlar cinsi istəklərini təmin edə bilməsələr də, xoşbəxt ömür sürürlər. Əgər homoseksualistlər ürəkdən Allahı razı salmaq istəyirlərsə, onlar buna nail ola bilərlər (Qanunun təkrarı 30:19).
ƏLAVƏ MƏLUMAT ÜÇÜN 2-Cİ CİLDİN 28-Cİ FƏSLİNƏ BAX
Bəzi qızlar inanırlar ki, sevdikləri oğlanla cinsi əlaqədə olmaq onların münasibətini daha da möhkəmləndirəcək. Bu cür yanlış düşüncə tərzindən necə qaçına biləcəyini öyrən.
[Haşiyə]
a Müqəddəs Kitabda istifadə olunan «cinsi əxlaqsızlıq» ifadəsi altında təkcə cinsi əlaqə yox, həm də başqasının cinsiyyət orqanlarının qıcıqlandırılması, həmçinin oral və anal seks nəzərdə tutulur.
AÇAR AYƏ
“Torpaqdan yaradılmış bədəninizin üzvlərindəki meyilləri — cinsi əxlaqsızlığa, natəmizliyə, şəhvətə, ehtirasa və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün” Koloslulara 3:5
MƏSLƏHƏT
Ola bilsin, başqalarının hərəkətləri səni narahat edir, buna baxmayaraq mühakiməedici tondan qaçın. Unutma ki, hamı, sənin kimi, istədiyi şeyə inanmaqda sərbəstdir.
BİLİRSƏN... ?
Birinci əsrdə homoseksualist olan bəziləri öz natəmiz əməllərindən əl çəkdilər, Allahın gözündə yuyulub təmizləndilər və məsihçi oldular (1 Korinflilərə 6:9—11).
HƏRƏKƏT PLANI!
Əgər kimsə deyərsə ki, Müqəddəs Kitabın homoseksualizmə dair nöqteyi-nəzəri müasirlikdən uzaqdır, onda mən belə deyəcəyəm: ․․․․․
Homoseksualistlərin özlərini yox, əməllərini mühakimə etdiyimi belə izah edə bilərəm: ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nəyə görə Allahın əxlaq qanunları qoymağa haqqı var?
● Müqəddəs Kitabın əxlaq normalarına əməl etməyin sənə hansı faydası var?
[170–ci səhifədəki yazı]
“Məktəbimizdə bir oğlanın həyat tərzini qəbul etməməyim yaman xətrinə dəyirdi. Ancaq ona izah etdim ki, mən təkcə homoseksualizmə deyil, hər cür əxlaqsızlığa nifrət edirəm. Şəxsən onun özünə nifrət etmədiyimi başa düşəndə mənə hörmət etməyə başladı, hətta başqaları nə isə deyəndə mənim tərəfimi tuturdu” Ofelya
[168–ci səhifədəki çərçivə]
Biseksuallıq haqda nə demək olar?
Biseksuallığa (hər iki cinsə maraq) həm qızlarda, həm də oğlanlarda rast gəlinsə də, görünür, bu, daha çox qızlar arasında geniş vüsət alır. Bəzilərində bu, sadəcə maraqdan irəli gəlir. 26 yaşlı Liza deyir: «Filmlər, verilişlər, mahnı və kliplər qızları qızlarla öpüşməyə təşviq edir. Yeniyetmələr də buna şirnikirlər, xüsusilə də əgər bunda səhv bir şey görmürlərsə».
Başqalarında isə, həqiqətən də, belə bir meyil olur. 13 yaşlı Viki deyir: «Əyləncə gecəsində mən iki biseksual qızla tanış oldum, sonra isə rəfiqəm dedi ki, mən onların xoşuna gəlmişəm. Nəticədə, onlardan biri ilə SMS-ləşməyə başladım və ona qarşı hisslərim yarandı».
Vikinin hissləri sənə də tanışdırmı? Çoxları səni hisslərini gizlətməməyə və biseksual olduğunu açıq deməyə təşviq edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, öz cinsindən olan insanlara meyil çox vaxt ötəri bir hiss olur. Viki buna əmin oldu. 16 yaşlı Lizet də bunu başa düşdü. O deyir: «Hisslərim barədə valideynlərimə danışanda özümü daha yaxşı hiss etdim. Həmçinin biologiya dərsində öyrəndim ki, keçid dövründə hormonların miqdarında güclü dəyişikliklər baş verə bilər. Əminəm ki, yeniyetmələr öz orqanizmləri barədə nə qədər çox bilsələr, bir o qədər də öz cinslərindən olan kəslərə meyilin müvəqqəti olduğunu daha yaxşı başa düşər və homoseksuallığa məhkum olunmadıqlarını anlaya bilərlər».
Hətta hisslərin sadəcə yeniyetməlik dövrünə xas ötəri bir şey olmasa da, yadda saxla ki, Müqəddəs Kitabın qarşına qoyduğu məqsəd əlçatandır: sən istənilən yanlış arzuları boğa bilərsən.
[169–cu səhifədəki şəkil]
Allahın xidmətçiləri axına qarşı getməkdən qorxmurlar