«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
*** nwtsty-E Mt 12:20 ayəsi üçün əlavə izahat ***
Közərən piltəni: Evdə işlənən çıraq balaca gil qab olurdu, içinə zeytun yağı doldururdular. Kətandan hazırlanan piltə yağı özünə çəkirdi və bunun sayəsində yanırdı. Ehtimal ki, yunanca «közərən piltə» ifadəsi alovu azalsa da və ya sönsə də, közü qaldığı üçün tüstülənən piltəni bildirir. Əş 42:3 ayəsindəki peyğəmbərlikdə İsanın mərhəmətli olacağı deyilmişdi. O, məzlum, zavallı insanların son ümid qığılcımını heç vaxt söndürməyəcəkdi.
«Çox sayda insan bir neçə nəfərin vasitəsilə bəslənir»
*** nwtsty-E Mt 14:21 ayəsi üçün əlavə izahat ***
Qadınları və uşaqları çıxmaqla: Bu möcüzədən danışarkən təkcə Mətta qadınları və uşaqları qeyd edir. Ehtimal ki, İsanın möcüzə ilə yedizdirdiyi adamların ümumi sayı 15 000 nəfəri aşmışdı.
*** nwtsty-E Mt 15:7 ayəsi üçün əlavə izahat ***
İkiüzlülər: Yunan sözü hipokrites əvvəl-əvvəl yunan, (sonra Roma) aktyorlarına aid işlənirdi. Onlar səsi gücləndirmək üçün düzəldilən böyük maskalar taxırdılar. Sonralar bu söz əsil məqsədini və kimliyini gizlədərək yalan danışan, yaxud cildə girən adamlar haqqında işlənməyə başladı. İsa burada yəhudi din rəhbərlərini ikiüzlü adlandırmışdı (Mt 6:5, 16).
*** nwtsty-E Mt 15:26 ayəsi üçün əlavə izahat ***
Uşaqların,.. küçüklərin: Musanın Qanununa əsasən, it napak heyvan olduğuna görə Müqəddəs Yazılarda tez-tez bu söz alçaldıcı mənada işlənir (Lv 11:27; Mt 7:6; Fp 3:2 haş.; Vh 22:15 haş.). Lakin həm Markın (7:27), həm də Məttanın yazdığı müjdədə İsa söhbət vaxtı it sözünü kiçiltmə şəklində, «küçük», yaxud «ev iti» mənasında işlətmişdi, bununla da müqayisə kobud səslənməmişdi. Bu onu göstərir ki, İsa qeyri-yəhudilərin evdə saxladığı heyvanları nəzərdə tutaraq nəvazişli söz işlətmişdi. İsrailliləri uşaqlara, qeyri-yəhudiləri isə küçüklərə bənzətməklə, görünür, İsa kimin daha vacib olduğunu anlatmaq istəmişdi. Ailədə, adətən, əvvəlcə uşaqları, sonra itləri yedizdirirlər.
*** nwtsty-E Mt 16:18 ayəsi üçün əlavə izahat ***
Sən Butrussan... bu qayanın üzərində: Yunan dilində kişi cinsində olan petros sözü «qaya parçası», «daş» mənasını verir. Burada bu söz şəxs adıdır (Butrus). İsanın Şimona verdiyi adın yunan formasıdır (Yh 1:42). Qadın cinsində olan petra sözü isə «qaya» mənasını verir və «sıldırım qaya», «yarğan» mənasını verə bilər. Mt 7:24, 25; 27:60; Lk 6:48; 8:6; Rm 9:33; 1Kr 10:4; 1Bt 2:8 ayələrində də bu yunan sözü işlənir. Butrus, çox yəqin, İsanın: «Mən yığıncağımı bu qayanın üzərində tikəcəyəm» sözlərini özünə aid etmirdi. Çünki 1Bt 2:4—8 ayələrində yazmışdı ki, İsa Allahın Özü tərəfindən seçilmiş «guşə daşı»dır. Həvari Bulus da İsanı «bünövrə» və «ruhani qaya» adlandırmışdı (1Kr 3:11; 10:4). Beləliklə, İsa ehtimal ki, söz oyunu işlətmiş və mahiyyət etibarilə demişdi: «Butrus, yəni Daş adlandırdığım sən Məsihi, yəni məsihi yığıncağının bünövrəsi olacaq bu “qayanı” tanıdın».
Yığıncağımı: Burada ilk dəfə yunanca ekklesia sözü işlənir. Bu söz ek «bayır» və kaleo «çağırmaq» mənasını verən iki yunan sözünün birləşməsindən əmələ gəlib və müəyyən məqsəd, yaxud fəaliyyət üçün bir yerə çağırılmış bir qrup insana aid işlədilir. Bu kontekstdə İsa məsh olunmuş məsihilərdən ibarət məsihi yığıncağının yaranacağını xəbər verir. «Canlı daşlar» olan bu məsihilərdən «ruhani ev tikilir» (1Bt 2:4, 5). Bu yunan sözünə Septuagintada tez-tez rast gəlinir və Allahın seçdiyi İsrail xalqına aid işlənən ibrani sözünün ekvivalenti kimi işlənir (Qn 23:3; 31:30). Qaranlıqdan seçilən məsihilər də Allahın yığıncağını təşkil edir (1Bt 2:9; Yh 15:19; 1Kr 1:2).
*** nwtsty-E Mt 16:19 ayəsi üçün əlavə izahat ***
Səmavi Padşahlığın açarlarını: Müqəddəs Kitabda kiməsə istər məcazi, istərsə də hərfi mənada açar verilməsi ona müəyyən dərəcədə səlahiyyət verildiyini göstərir (1Sm 9:26, 27; Əş 22:20—22). Beləliklə, «açar» sözü səlahiyyət və məsuliyyətin simvoludur. Butrus ona etibar olunan «açarlarla» yəhudilər (Hv 2:22—41), səməriyyəlilər (Hv 8:14—17) və başqa xalqlardan olanlar (Hv 10:34—38) üçün Allahın ruhunu alıb səmavi Padşahlığa girmək imkanını açdı.
*** nwtsty-E Mt 18:6, 7 ayələri üçün əlavə izahat ***
Dəyirman daşı: Yaxud böyük dəyirman daşı. Hərfən eşşəyin fırlatdığı dəyirman daşı. Diametri 1,2— 1,5 metr olan bu cür dəyirman daşı çox ağır olduğundan onu eşşəyə qoşurdular ki, fırlatsın.
Maneələrə: hərfən «büdrədən daş». Yunanca skandalon. Ən birinci mənasının tələ olduğu ehtimal olunur. Bəzilərinin fikrincə, tələdə yemin bərkidildiyi taxta belə adlanırdı. Sonralar geniş mənada kimisə büdrədən, yaxud yıxan hər bir maneəyə aid işlənməyə başlamışdı. Məcazi mənada, insanı yanlış yola sürükləyən, onun əxlaqi cəhətdən büdrəməsinə, yaxud yıxılmasına, yəni günaha yol verməsinə səbəb olan hərəkətə və ya vəziyyətə aiddir. Mt 18:8, 9 ayələrində «günaha sürükləmək» kimi tərcümə olunmuş eyniköklü fel skandalizo «büdrətmək», yaxud «tələ olmaq» mənalarını verir.
*** nwtsty media ***
Dəyirman daşı
Dəyirman daşı ilə taxıl üyüdür və zeytunun yağını çıxarırdılar. Dəyirman daşı balaca olanda onu əllə fırladırdılar. Bəziləri isə elə böyük olurdu ki, onu heyvana qoşurdular. Ola bilsin, Şimşonun filiştlilər üçün hərlətdiyi dəyirman daşı buna bənzər iri dəyirman daşı idi (Hk 16:21). Heyvan gücü ilə işləyən dəyirman təkcə İsraildə deyil, ümumiyyətlə Roma imperiyasının çox yerində geniş yayılmışdı.
Üst və alt dəyirman daşı
Burada təsvir olunan dəyirman daşı kimi böyük dəyirman daşını ev heyvanı, məsələn, eşşək fırladırdı. Onunla taxıl üyüdür və ya zeytun əzirdilər. Üst dəyirman daşının diametri 1,5 metrə qədər ola bilərdi və onu özündən də böyük daşın üstündə fırladırdılar.
*** nwtsty-E Mt 18:9 ayəsi üçün əlavə izahat ***
Hinnom vadisinə: İbranicə geh-hinnom. Bu vadi qədim Yerusəlim şəhərindən qərbdə və cənubda yerləşirdi. (B12 əlavəsinə, «Yerusəlim və ətrafı» adlı xəritəyə bax). İsanın günlərində vadidə zibil yandırırlar. Buna görə də «Hinnom vadisi» müvafiq olaraq əbədi məhvin rəmzidir.
*** nwtsty-E Mt 18:10 ayəsi üçün əlavə izahat
Atamın hüzurunda dururlar: Yalnız mələklər Allahın üzünü görə bilərlər, çünki onlar Allahın dərgahında xidmət edirlər (Çx 33:20).
*** w10-E 1/11 s. 16 ***
Ruhani varlıqların həyatımızda rolu
İsa bildirmişdi ki, mələklərə Allahın xidmətçilərinin ruhani rifahının qayğısına qalmaq həvalə olunub. Buna görə də İsa şagirdlərinə başqalarına iman yolunda maneə olmamağı tapşırarkən demişdi: «Baxın ha, bu kiçiklərdən birinə saymazyana yanaşmayın. Bunu bilin ki, onların mələkləri göydə daima səmavi Atamın hüzurunda dururlar» (Mətta 18:10). Bununla İsa demirdi ki, onun hər bir davamçısını qorumaq üçün bir mələk təyin olunub. İsa bildirmişdi ki, Allahla yaxından əməkdaşlıq edən mələklər məsihi yığıncağının üzvləri ilə yaxından maraqlanırlar.
*** nwtsty-E Mt 18:22 ayəsi üçün əlavə izahat ***
Yetmiş yeddi dəfə: Hərfən «yetmiş dəfə yeddi». Bu yunan ifadəsini ya «70 və 7» (77 dəfə) kimi, ya da «70 vurulsun 7» (490 dəfə) kimi başa düşmək olar. Septuagintada Yr 4:24 ayəsində eyni ifadə «77 qat» kimi tərcümə olunub və bu həmin ifadəni burada 77 kimi tərcümə etməyə əsas verir. Hər necə olsa da, yeddi rəqəminin təkrarlanması «həmişə», «sonsuz sayda» mənasını verir. Butrusun 7 sözünün müqabilində 77 deməklə İsa davamçılarına başa salmaq istəyirdi ki, bağışlamaq üçün hədd təyin etməməlidirlər. Lakin Babil Talmudunda bunun əksinə olaraq deyilir: «Kimsə birinci dəfə, ikinci dəfə və üçüncü dəfə səhv edirsə bağışlanır, dördüncü dəfədə isə artıq bağışlanmır».
*** nwtsty-E Mt 19:7 ayəsi üçün əlavə izahat ***
Talaq kağızı: Yaxud boşanma kağızı. Tövrata əsasən, boşanmaq istəyən kişidən hüquqi sənəd hazırlamaq və ehtimal ki, ağsaqqallarla məsləhətləşmək tələb olunurdu. Bununla ona bu cür ciddi addımı atmazdan əvvəl bir də düşünüb-daşınmağa vaxt verilirdi. Aydındır ki, məqsəd tələsik boşanmanın qarşısını almaq və qadının hüquqlarını müdafiə etmək idi (Qn 24:1). Lakin İsanın dövründə din xadimləri boşanmağı asan işə çevirmişdilər. Birinci əsrdə yaşayan tarixçi İosif Flavi (yeri gəlmişkən, özü də boşanmış fərisi idi) deyirdi ki, hər səbəbə görə boşanmaq caiz idi (və çox vaxt boşanma iddiasını qaldıran kişilər olurdu).
*** nwtsty media ***
Talaq kağızı
Eramızın 71—72-ci illərinə aid olan bu talaq kağızı arami dilində yazılıb. Vadi Murabbaatın şimalında, Yəhuda səhrasında qurumuş çay yatağında tapılıb. Orada yazılıb ki, yəhudi üsyanının altıncı ilində Naqsan oğlu Yusif Masada şəhərində yaşayan Yonatanın qızı Məryəmi boşayır.