«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
*** nwtsty-E Mt 20:3 ayəsi üçün media ***
Bazar meydanı
İş dəftərində təsvir olunduğu kimi, bəzi bazarlar yol kənarında yerləşirdi. Satıcılar satışa o qədər mal çıxarırdılar ki, küçədən keçib getmək olmurdu. Burada ev əşyaları, saxsı qablar, bahalı şüşə qablar, o cümlədən təzə meyvə-tərəvəz almaq olardı. O dövrdə soyuducu olmadığından ərzaq almaq üçün camaat hər gün bazara gəlirdi. Bazarlığa gələnlər tacirlərdən, bir-birindən təzə xəbərlər eşidirdilər, uşaqlar bir-birilə oynayırdı, işsiz adamlar da orada durub muzdlu iş gözləyirdilər. Bazar meydanlarında İsa xəstələrə şəfa vermiş, Bulus təbliğ etmişdi (Hv 17:17). Təkəbbürlü mirzələr və fərisilər isə belə yerlərdə diqqət mərkəzində olmağı, gedib-gələnlərin onlarla salamlaşmasını xoşlayırdılar.
*** nwtsty-E Mt 20:20, 21 ayələri üçün əlavə izahat ***
Zəbədinin oğlanlarının anası: Yəni həvari Yaqubla Yəhyanın anası. Markın müjdəsinə əsasən, İsaya Yaqubla Yəhya yaxınlaşmışdı. Görünür, bu, əslində onların istəyi idi, sadəcə İsanın yanına anaları Səliməni göndərmişdilər. Səlimə, ola bilsin, İsanın xalası idi (Mt 27:55, 56; Mr 15:40, 41; Yh 19:25).
Bir oğlum sənin sağında, o birisi solunda: Burada hər iki mövqe şərəf və səlahiyyət bildirir, ancaq sağ tərəf daha şərəfli mövqedir (Zb 110:1; Hv 7:55, 56; Rm 8:34).
*** nwtsty-E Mt 20:26, 28 ayələri üçün əlavə izahat ***
Qulluq: Yaxud «xidmət». Bu feildən yaranmış ismin, yəni qulluqçu, yaxud xidmətçi sözünün yunan ekvivalenti diakonos usanmadan başqalarının rifahı üçün xidmət edən kəsə aid işlənir. Bu söz Məsihə (Rm 15:8), Məsihin xidmətçilərinə (1Kr 3:5—7; Kl 1:23), yığıncaq xidmətçilərinə (Fp 1:1; 1Tm 3:8), o cümlədən ev qulluqçularına (Yh 2:5, 9) və dövlət işçilərinə aid işlənir (Rm 13:4).
*** nwtsty-E Mt 21:9 ayəsi üçün əlavə izahat ***
Yalvarırıq,.. qurtar: Hərfən «Hosanna». Bu yunan sözü «yalvarırıq, qurtar», yaxud «xahiş edirik, qurtar» mənasını verən ibrani ifadəsindən yaranıb. Burada bu söz xilas və ya qələbə üçün Allaha edilən yalvarış kimi işlənib və «nə olar, xilas et» kimi tərcümə edilə bilər. Əvvəl-əvvəl bu söz yalnız dua kimi işlənirdi, sonralar isə həm də mədh sözü kimi işlənməyə başladı. Zb 118:25 ayəsində bu sözə rast gəlinir. Maraqlıdır ki, 113-dən 118-dək olan məzmurları Pasxa bayramı günlərində nəğmə kimi oxuyurdular. Buna görə də İsa Yerusəlimə girəndə bu sözlər bədahətən insanların ağlına gəlmişdi. Allahın «Davud Oğlunu qurtar» duasına verdiyi bir cavab onu diriltməsi idi. Mt 21:42 ayəsinə əsasən, İsa özü Zb 118:22, 23 ayələrini sitat gətirmiş və Məsihə aid etmişdi.
Davud Oğlunu: Bu ifadə ilə insanlar İsanın Davudun nəslindən gəldiyini və onun vəd olunmuş Məsih kimi oynadığı rolu qəbul etdiklərini göstərirdilər.
*** nwtsty-E Mt 22:37 ayəsi üçün əlavə izahat ***
Qəlb: Məcazi mənada işləndikdə bu söz ümumilikdə insanın daxili varlığını bildirir. «Varlıq», «ağıl» sözlərilə birgə işləndikdə isə nisbətən dar məna daşıyır və əsasən insanın emosiyalarını, arzu və hisslərini bildirir. Burada işlənən üç söz (qəlb, varlıq və ağıl) bir-birini istisna edən məfhumları bildirmir, onların məna sferası üst-üstə düşür və beləliklə, Allahı tam, sidqi-ürəkdən sevməyin vacibliyini ən yüksək dərəcədə vurğulayır.
Ağıl: İnsanın zehni qabiliyyəti. İnsan Allahı tanımaq və sevmək üçün bu qabiliyyətini işə salmalıdır (Yh 17:3, haş.; Rm 12:1). Bu sitatın götürüldüyü Qn 6:5 ayəsində ibrani dilində «qəlbinlə, varlığınla, var gücünlə» yazılıb. Lakin Məttanın yazdığı müjdədə yunan dilində «güc» əvəzinə «ağıl» yazılıb. Bu iki ayədə müxtəlif sözlərin işlənməsinə bir neçə səbəb ola bilər. Əvvəla, qədim ibrani dilində «ağıl» məfhumunu bildirmək üçün konkret söz olmasa da, çox vaxt «ürək», «qəlb» sözü artıq bu məfhumu özünə daxil edirdi. Məcazi mənada işləndikdə «ürək» sözü insanın düşüncəsi, fikirləri, əhval ruhiyyəsi, niyyətləri də daxil olmaqla, bütün daxili varlığını bildirirdi (Zb 26:2; 64:6; bu ayədə qəlb sözünə verilən əlavə izahata baxın.) Bu səbəbdən, ibrani mətnində ürək sözü işlənəndə yunanca «Septuaginta»da çox vaxt «ağıl» sözü işlənirdi (Yr 17:17; Ms 2:10; Əş 14:13). Məttanın Qn 6:5 ayəsindən sitat gətirərkən yunan dilində «güc» əvəzinə «ağıl» sözü işlətməsinin digər səbəbi o ola bilər ki, ibrani dilindən «güc» kimi tərcümə olunan söz həm fiziki gücü, həm də zehni qabiliyyəti özünə daxil edirdi. Deməli, İncili qələmə alanların «Qanunun təkrarı»ndan sitat gətirərkən eyni sözləri işlətməməsinin səbəbi ibrani və yunan dilində olan sözlərin məna çalarlarının üst-üstə düşməsi ola bilər.
*** nwtsty-E Mt 22:39 ayəsi üçün əlavə izahat ***
İkincisi: Mt 22:37 ayəsində İsa fərisinin sualına cavab verir. Lakin təkcə sualın birbaşa cavabı ilə kifayətlənməyib ikinci əmrdən də sitat gətirir (Lv 19:18), beləliklə, başa salır ki, bu iki əmr bir-birilə zəncirvari bağlıdır, həmçinin Tövrat və Peyğəmbərlərin kitabını həmin bu iki əmrlə xülasə etmək olar (Mt 22:40).
Başqasını: Burada işlənən yunan sözünü həm də «qonşu» kimi tərcümə etmək olar. Hərfi mənada bu söz «yaxında olan» deməkdir. Ancaq bu, sadəcə, yaxınlıqda yaşayan adamları yox, insanın rastlaşdığı hər kəsi bildirir (Lk 10:29—37; Rm 13:8—10).
*** nwtsty-E Mt 22:40 ayəsi üçün əlavə izahat ***
Tövrat və Peyğəmbərlərin kitabı: Burada «Tövrat» sözü dar mənada işlənərək «Yaradılış»dan «Qanunun təkrarı»na kimi olan bölmələri özünə daxil edir. «Peyğəmbərlərin kitabı» isə İbrani Müqəddəs Yazılarındakı peyğəmbərlik kitablarıdır. Lakin bu iki ifadə bir yerdə işlənəndə bütöv İbrani Müqəddəs Yazıları nəzərdə tutulur (Mt 7:12; 22:40; Lk 16:16).
Üzərində durur: Hərfən «asılıb». İsa Məsih bununla göstərirdi ki, təkcə on əmr yox, bütün Tövrat məhəbbətə əsaslanır (Rm 13:9).
*** nwtsty-E Mt 22:21 ayəsi üçün əlavə izahat ***
Padşaha məxsus şeyləri padşaha: Hərfən: «sezara». Təkcə bu və paralel ayələrdə (Mr 12:17; Lk 20:25) İsanın Roma imperatoru haqda danışdığı qeyd olunub. Padşaha məxsus şeylərə hökumətin göstərdiyi xidmətlərə görə ödənilməli olan vergilər, həmçinin səlahiyyətli məmurlara göstərilən hörmət və nisbi itaətkarlıq daxildir (Rm 13:1—7).
Allaha məxsus şeyləri Allaha: Bura insanın sidqi-ürəkdən ibadəti, məhəbbəti və tam, can-dildən itaətkarlığı daxildir (Mt 4:10; 22:37, 38; Hv 5:29; Rm 14:8).
*** nwtsty-E Mt 23:24 ayəsi üçün əlavə izahat ***
Ağcaqanadı süzgəclə ayırıb, dəvəni diri-diri udan: Ağcaqanad və dəvə israillilərə tanış olan ən kiçik və ən böyük natəmiz heyvanlardan idilər (Lv 11:4, 21—24). İsa istehza qarışıq mübaliğəylə danışaraq demişdi ki, din xadimləri ağcaqanadla murdarlanmamaq üçün içkiləri süzgəcdən keçirirdilər, lakin Tövratdakı daha vacib məsələlərə qətiyyən əhəmiyyət vermirdilər, bu isə dəvəni udmağa bərabər idi.
*** it-2-E s. 279, abz. 6 ***
Məhəbbət
Məhəbbət soyuya bilər. İsa Məsih gələcəkdə baş verəcək hadisələr barədə şagirdlərinə danışanda demişdi ki, Allaha inandığını deyən çox adamda məhəbbət (aqapi) soyuyacaq (Mt 24:3, 12). Həvari Bulus demişdi ki, son dərəcə çətin vaxtın səciyyəvi xüsusiyyətlərindən biri insanların pulpərəstliyi olacaq (2Tm 3:1, 2). Buna görə də insan düzgün prinsipləri nəzərindən qaçıra bilər və bir zamanlar sahib olduğu düzgün məhəbbəti itirə bilər. Bu, Allahın Kəlamı üzərində düşünərək, həyatı Allahın prinsipləri əsasında quraraq ürəkdə məhəbbət yaratmağın və bunu daima əməldə göstərməyin vacibliyini vurğulayır (Ef 4:15, 22—24).
*** w99-E 11/15 s. 19, abz. 5 ***
Allah qarşısında borcunuzu yerinə yetirirsinizmi?
5 İsa Məsih bizim zəmanəmiz haqda demişdi: «Nuhun vaxtında necə idisə, insan Oğlunun hüzuru zamanı da elə olacaq. O vaxt, daşqından əvvəl, Nuh gəmiyə minənə qədər camaat yeyir, içir, evlənir, ərə gedirdi. Daşqın gəlib onların hamısını aparmayınca heç nəyə məhəl qoymurdular. İnsan Oğlunun hüzuru zamanı da belə olacaq» (Mətta 24:37—39). Qədərində yeməkdə, içməkdə pis heç nə yoxdur. Nikah da Allahın Özü tərəfindən təsis edilmiş ittifaqdır (Yaradılış 2:20—24). Ancaq görsək ki, diqqətimiz bütünlüklə adi həyat qayğılarına cəmlənir, o zaman bu barədə dua etmək lazımdır. Yehova Padşahlıq işini hər şeydən üstün tutmağa, düzgün davranmağa və Onun qarşısında borcumuzu yerinə yetirməyə kömək edə bilər (Mətta 6:33; Romalılara 12:12; 2 Korinflilərə 13:7).
*** nwtsty-E Mt 24:8 ayəsi üçün əlavə izahat ***
Bəlaların: Yunan sözü hərfən doğuş zamanı hiss edilən kəskin sancıları bildirir. Bu ayədə ümumilikdə sıxıntıları, əzab-əziyyəti bildirir. Lakin eyni zamanda o mənanı da verə bilər ki, Mt 24:21 ayəsində haqqında danışılan böyük müsibətdən əvvəlki dövrdə həmin əzablar doğuş sancıları kimi getdikcə artacaq, kəskinləşəcək və davamlı olacaq.
*** nwtsty-E Mt 24:20 ayəsi üçün əlavə izahat ***
Qışa: Bu mövsüm üçün güclü yağışlar, sel və soyuq hava xarakterik idi. Belə havada səfərə çıxmaq, yemək və sığınacaq tapmaq çətin olardı (Üz 10:9, 13).
Şənbə gününə: Yəhudiyyə ərazisində şənbə günü ilə bağlı qadağalar uzaq yerlərə getməyi və yük daşımağı çətinləşdirirdi. Həmçinin şənbə günü şəhər darvazaları da bağlı olurdu (Hv 1:12, haş., həmçinin B12 əlavəsinə baxın).