«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
*** nwtsty-E Mr 15:24, 29 ayələri üçün şərh ***
Paltarlarını öz aralarında bölüşdürdülər: Yh 19:23, 24 ayələrində Mətta, Mark və Lukanın qeyd etmədiyi əlavə təfərrüatlar yazılıb: görünür, Roma əsgərləri həm üst, həm də alt paltarı üçün püşk atdılar. Əsgərlər onun üst paltarlarını «dörd yerə böldülər, hər əsgərə bir pay düşdü». Altdan geyilən köynəyi isə cırmaq istəmədilər, ona görə də onun üçün püşk atdılar. Məsihin paltarı üçün püşk atmaqla Zb 22:18 ayəsindəki peyğəmbərlik yerinə yetdi. Görünür, edam edən əsgərlər, adətən, edam olunan adamın paltarlarını saxlayırdılar. Cinayətkarların edamdan qabaq paltarlarını çıxarır, nələri vardısa, hər şeylərini alırdılar. Bununla da insanı daha da alçaldırdılar.
Başlarını bulayıb: Adətən, sözlərlə müşayiət olunan bu hərəkət ikrah, rişxənd, istehza bildirirdi. Oradan ötənlər özləri də bilmədən Zb 22:7 ayəsini yerinə yetirmişdilər.
*** nwtsty-E Mr 15:43 ayəsi üçün şərh ***
Yusif: Müjdəni yazanların hər birinin öz dəst-xətti var idi. Bu, onların hər birinin Yusif haqqında müxtəlif təfərrüatları yazdığından aydın görünür. Vergiyığan Mətta onun «varlı» adam olduğunu qeyd edir. İlk növbədə romalılar üçün yazan Mark onun «Şuranın hörmətli üzvü» olduğunu və Allahın Padşahlığını gözlədiyini yazır. Şəfqətli həkim Luka deyir ki, o, «saleh və xeyirxah» adam idi, Şuranın İsa əleyhinə gördüyü işlərə qol qoymamışdı. Təkcə Yəhya onun yəhudilərin qorxusundan şagird olduğunu gizli saxladığını deyir (Mt 27:57—60; Mr 15:43—46; Lk 23:50—53; Yh 19:38—42).
*** nwtsty-E Mr 15:25 ayəsi üçün şərh ***
Səhər saat doqquz radələrində: Bəziləri bu məlumatla Yh 19:14—16 ayələri arasında ziddiyyət olduğunu deyir. Yh 19:14—16 ayələrində deyilir ki, Pilat İsanın edamına əmr verəndə «günorta saat on iki olardı». Müqəddəs Kitabda bu fərqin səbəbi tam izah olunmasa da, bəzi amillər bu məsələyə müəyyən qədər aydınlıq gətirə bilər. İsanın yer üzündə yaşadığı son gün ərzində baş verən hadisələrin vaxtına gəldikdə müjdələrdə yazılanlar ümumilikdə bir-birilə uzlaşır. Məsələn, müjdələrin dördündə də deyilir ki, kahinlər və ağsaqqallar səhər açılanda yığışdılar, sonra İsanı Roma valisi Ponti Pilata təhvil verdilər (Mt 27:1, 2; Mr 15:1; Lk 22:66—23:1; Yh 18:28). Mətta da, Mark da, Luka da deyir ki, günorta saat on iki radələrində yerə qaranlıq çökəndə İsa artıq dirəkdə idi və bu qaranlıq təxminən saat üçə kimi davam etmişdi (Mt 27:45, 46; Mr 15:33, 34; Lk 23:44). İsanın edamının vaxtı ilə bağlı bir amil də var: bəzilərinin nəzərincə qamçılanma da edamın bir hissəsi idi. Bəzən qamçılanma elə dəhşətli olurdu ki, insan davam gətirə bilməyib ölürdü. İsanın da qamçılanması şiddətli olmuşdu. Çünki o, işgəncə dirəyini təkbaşına daşıya bilməmişdi, dirəyi başqa adama daşıtmalı olmuşdular (Lk 23:26; Yh 19:17). Maraqlıdır ki, Mt 27:26 və Mr 15:15 ayələrinə əsasən, İsa qamçılanandan dərhal sonra Pilat onu dirəkdə edam etmək əmrini vermişdi. Əgər qamçı ilə döyülmək edamın başlanğıcı hesab olunsa, İsanın dirəyə mıxlanmasına qədər vaxt keçməli idi. Beləliklə, ola bilsin ki, müjdələri yazanların edam prosesinin nə ilə başladığına baxışı müxtəlif olduğundan onların yazılarında edamın vaxtı fərqli göstərilib. Görünür, Pilatın da nəzərincə edam dirəyə mıxlanmaqla başlayırdı ki, o, İsanın dirəyə mıxlanandan sonra belə tez öldüyünə təəccüblənmişdi (Mr 15:44). Üstəlik, yəhudilər gecə kimi, gündüzü də üç saatdan ibarət dörd hissəyə bölürdülər. Müqəddəs Kitabı yazanlar da tez-tez bu üslubdan istifadə edirdilər. Bu səbəbdən orada tez-tez səhər saat 9, günorta saat 12 və 3 kimi ifadələr işlənir. Gün təxminən səhər saat 6-dan, günəş çıxan vaxtdan hesablanır. Həmçinin ümumilikdə insanlarda vaxtı müəyyən etmək üçün dəqiq saat yox idi, odur ki, Yh 19:14 ayəsindən göründüyü kimi, vaxt təxmini müəyyən edilirdi (Mt 27:46; Lk 23:44; Yh 4:6; Hv 10:3, 9). Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, ola bilsin, Mark edam deyəndə təkcə dirəyə mıxlanmanı yox, həm də qamçılanmanı nəzərdə tuturdu, Yəhya isə təkcə dirəyə mıxlanmanı nəzərdə tuturdu. Onların hər ikisi, ola bilsin, vaxtı yuvarlaqlaşdıraraq deyiblər. Mark birinci hissənin son saatını (təxminən səhər saat 9), Yəhya isə ikinci hissənin son saatını (təxminən günorta 12) qeyd edir. Həmçinin Yəhya vaxtın təxmini olduğunu vurğulamışdı. Müjdələrdə İsanın edam vaxtilə bağlı fərqi bu amillər əsasında izah etmək olar. Və nəhayət, Yəhyanın müjdəni onilliklər sonra qələmə alması, o cümlədən vaxtı Markdan fərqli yazması göstərir ki, o, Markın yazdıqlarını köçürməmişdi.
*** nwtsty-E Mr 16:8 ayəsi üçün şərh ***
Çünki bərk qorxmuşdular: Markın yazdığı müjdənin son hissəsinin ən qədim əlyazmaları 8-ci ayə ilə bitir. Bəzilərinin fikrincə, burada fikir qırılır, ola bilməz ki, kitab qəfildən belə qurtarsın. Lakin Markın üslubunun yığcam olduğunu nəzərə alsaq, bu fərziyyə ağlabatan görünmür. Həmçinin dördüncü əsrdə yaşamış alimlər Yeronim və Yevsevinin yazılarında qeyd olunur ki, müjdə «çünki bərk qorxmuşdular» sözləri ilə bitir.
Bir sıra yunanca əlyazmalarda, o cümlədən başqa dillərə tərcümə olunan bir sıra müjdələrdə 8-ci ayədən sonra ya qısa, ya da uzun yekun var. Uzun yekuna (12 ayədən ibarətdir) İsgəndəriyyə, Efrem, Beza kodekslərində rast gəlinir. Bu kodekslərin hamısı beşinci əsrə aiddir. Uzun yekuna həmçinin latın Vulqatasında, Kürton Suriya, Suriya Peşittası əlyazmalarında rast gəlinir. Lakin bu yekun daha qədim, yəni dördüncü əsrə aid olan iki əlyazmada, Sinay kodeksində, Vatikan kodeksində, həmçinin dördüncü-beşinci əsrə aid olan Sinay Suriya kodeksində və beşinci əsrə aid olan Markın yazdığı müjdənin Kopt Said əlyazmasının ən qədim nüsxəsində yoxdur. Həmçinin Markın yazdığı müjdənin ən qədim əlyazması olan erməni və gürcü əlyazmasında müjdə 8-ci ayə ilə bitir.
Bəzi sonrakı yunan əlyazmalarında, həmçinin başqa tərcümələrdə bir neçə cümlədən ibarət qısa yekuna rast gəlinir. Səkkizinci əsrə aid olan Reqi kodeksində əvvəlcə qısa, sonra isə uzun yekun yer alıb. Hər yekundan əvvəl həmin parçanın bəzi mütəxəssislər tərəfindən təsdiqləndiyi və istifadə olunduğu qeyd edilib. Görünür, bununla Reqi kodeksi həmin yekunları mötəbər hesab etmədiyini göstərib.
QISA YEKUN
Mr 16:8 ayəsindən sonra gələn qısa yekun Müqəddəs Yazıların bir hissəsi deyil.
Onlar aldıqları əmrləri Peterin yanındakılara qısaca nəql etdilər. Bundan sonra İsanın özü əbədi xilas haqqında müqəddəs və ölməz xəbəri onların vasitəsilə şərqdən qərbədək göndərdi.
UZUN YEKUN
Mr 16:8 ayəsindən sonra gələn uzun yekun Müqəddəs Yazıların bir hissəsi deyil.
9 İsa həftənin ilk günü səhər tezdən dirilib əvvəlcə içindən yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü. 10 Qadın gedib bunu şagirdlərə danışdı. Onlar yas tutub ağlaşırdılar. 11 Şagirdlər İsanın dirildiyini və Məryəmin onu gördüyünü eşidəndə ona inanmadılar. 12 Bundan sonra İsa iki şagirdinə başqa cilddə göründü. Şagirdlər yolda idilər və kəndə gedirdilər. 13 Onlar qayıdıb digər şagirdlərə hər şeyi danışdılar. Amma onlara da inanmadılar. 14 Sonra on bir həvari süfrə arxasında oturarkən İsa onlara göründü və onları inanmadıqlarına və daş ürəkli olduqlarına görə tənbeh etdi. Çünki onlar İsa diriləndən sonra onu görən şagirdlərə inanmamışdılar. 15 İsa onlara dedi: «Bütün dünyanı gəzin və xoş xəbəri aləmə təbliğ edin. 16 İnanıb vəftiz edilən xilas olacaq, inanmayan isə məhkum ediləcək. 17 Bundan əlavə, inananları bu əlamətlər müşayiət edəcək: onlar mənim adımla cinləri qovacaq, əcnəbi dillərdə danışacaq, 18 ilanları əllərinə götürəcək, hətta zəhər içsələr belə, onlara bir şey olmayacaq. Onlar əllərini xəstələrin üzərinə qoyacaq və xəstələr sağalacaq».
19 Ağamız İsa bunları deyəndən sonra göyə aparıldı və Allahın sağında əyləşdi. 20 Şagirdlər isə gedib hər yerdə təbliğ etdilər. Ağa bu işdə onlara kömək edir, bəyan etdikləri xəbəri müxtəlif əlamətlərlə dəstəkləyirdi.
*** nwtsty-E Lk 1:76 ayəsi üçün şərh ***
Yehovanın qarşısında gedib: Vəftizçi Yəhya o mənada Yehovanın qarşısında gedəcəkdi ki, o, Atasını təmsil edən və Atasının adı ilə gələn İsadan əvvəl gələcəkdi (Yh 5:43; 8:29; bu ayədə Yehovanın sözü üçün olan şərhə baxın).
Yehovanın: Zəkəriyyənin peyğəmbərlik sözləri Əş 40:3 və Ml 3:1 ayəsindəki fikri əks etdirir. Orijinal ibrani mətnində bu ayələrdə Allahın adını bildirən dörd ibrani samiti (YHVH) yazılıb. İncildəki sitat və ifadələrin Tövratda necə işləndiyi nəzərə alınsa, bu ayədə əsas mətndə Allahın adı yazıldığı qənaətinə gəlmək olar, baxmayaraq ki, mövcud yunan əlyazmalarında Kirios (Rəbb) sözü yazılıb. Üstəlik, yunan dilində bu ayədə, eləcə də Luka birinci fəslin digər ayələrində Kirios sözü qarşısında müəyyənlik artikli qoyulmayıb. Amma dilin qrammatikasına əsasən, Kirios sözünü xüsusi ad kimi işlətmək üçün onun qarşısında müəyyənlik artikli qoyulmalıydı. Həmçinin bir sıra tərcümələrdə söhbətin Yehova Allahdan getdiyini göstərmək üçün əsas mətndə, yaxud haşiyədə və ya çarpaz istinadlarda Yehova, Yahve, YHVH, RƏBB, ADONAY yazılıb. Bir sıra elmi əsərlər də bu cür tərcümənin lehinə çıxış edir (C əlavəsinə baxın).
*** nwtsty-E Lk 2:41 ayəsi üçün şərh ***
Valideynləri: Tövrata əsasən, qadınların Pasxa bayramına getməsi tələb olunmurdu. Lakin Məryəm hər il Yusiflə birlikdə Yerusəlimə bayrama gedirdi (Çx 23:17; 34:23). Onlar get-gedə böyüyən ailələri ilə birgə hər il o baş-bu başa 300 km yol qət edirdilər.
*** nwtsty-E Lk 2:46, 47 ayələri üçün şərh ***
Sual verirdi: İsaya qulaq asanların münasibətindən görünür ki, onun sualları uşaq sualları deyildi (Lk 2:47). «Sual verirdi» kimi tərcümə olunan yunan sözü bəzi kontekstlərdə istintaq zamanı sorğu-suala tutmaq mənasını verə bilər (Mt 27:11; Mr 14:60, 61; 15:2, 4; Hv 5:27). Tarixçilərin sözlərinə görə, ən görkəmli din xadimlərindən bəziləri, adətən, bayramlardan sonra məbəddə qalıb geniş eyvanların birində təlim verirdi. Camaat onların ayağı yanında oturub qulaq asır və suallar verirdilər.
Valeh olurdu: «valeh olmaq» kimi tərcümə olunan fel yunan dilində elə formada işlənib ki, davam edən və ya təkrarlanan heyrəti bildirir.
*** nwtsty-E Lk 2:51, 52 ayələri üçün şərh ***
Sözündən çıxmadı: Yaxud «itaətində qaldı». Yunan felinin davamedici formada işlənməsi göstərir ki, məbəddə Allahın Kəlamından olan biliyi ilə müəllimləri heyran qoyandan sonra İsa evə gedib valideynlərinin itaətində qaldı. Bu, onun sadəcə sözəbaxan uşaq olması demək deyildi. Bununla İsa Tövratı xırdalığına kimi yerinə yetirirdi (Çx 20:12; Qt 4:4).
*** nwtsty-E Lk 2:14 ayəsi üçün şərh ***
Yerdə Onun bəyəndiyi insanlara sülh nəsib olsun: Bəzi əlyazmalara əsasən, «yer üzünə sülh, insanlara razılıq olsun» kimi tərcümə oluna bilər və bəzi Müqəddəs Kitab tərcümələrində belə də yazılıb. Lakin «Yeni Dünya Tərcüməsi» daha qədim və daha mötəbər əlyazmalara əsaslanır. Mələklərin sözləri Allahın hər cür əməl sahibi olan insanları bəyəndiyindən xəbər vermirdi. Əksinə, Ona sidqi-ürəkdən iman edib Oğlunun davamçısı olduqları üçün Allahın razılığını qazanacaq insanlardan söz gedir. (Bu ayədə bəyəndiyi insanlara sözü üçün olan şərhə baxın.)
Bəyəndiyi insanlara: Yunanca evdokia. İsa vəftiz olunandan dərhal sonra Allahın ona müraciət etdiyi yazılan Mt 3:17; Mr 1:11 və Lk 3:22 ayələrində eyniköklü fel evdokeo işlənir. Buna uyğun olaraq, bu ayədəki yunan ifadəsi (antropois evdokias) Allahın rəğbətini qazanan insanları bildirir.
*** nwtsty media ***
Məbədin ən hündür yeri
Şeytan, ehtimal ki, İsanı hərfi mənada məbədin ən hündür yerinə qoymuş və ona özünü aşağı atmağı demişdi. Amma İsanın dəqiq harada dayandığı məlum deyil. Burada işlənən məbəd sözü, görünür, bütün məbəd kompleksini nəzərdə tuturdu. Buna görə də İsa, ola bilsin, məbəd ərazisinin cənub-şərq küncündə (1), yaxud məbəd kompleksinin başqa küncündə durmuşdu. O, bu yerlərin birindən özünü atsaydı, yalnız Yehovanın müdaxilə etdiyi təqdirdə sağ qala bilərdi. Əks halda ölüm qaçılmaz idi.
*** nwtsty-E Lk 4:17 ayəsi üçün şərh ***
Əşiya peyğəmbərin tumarını: «Əşiya» kitabının yazıldığı Ölü dəniz əlyazması bir-birinə bərkidilmiş 17 perqament səhifəsindən ibarətdir. Tumarın uzunluğu 7,3 metrdir və 54 sütundan ibarətdir. Nasirədə sinaqoqda oxunan tumar da yəqin ki, haradasa bu uzunluqda olmuşdu. İsa oxumaq istədiyi parçanı fəsillərə və ayələrə bölünməmiş bir tumarda (birinci əsrdə belə bir bölgü yox idi) tapmalı idi. Amma onun peyğəmbərlik sözləri yazılmış yeri tapması göstərir ki, o, Allahın Kəlamı ilə yaxından tanış idi.
*** nwtsty-E Lk 4:25 ayəsi üçün şərh ***
Üç il altı ay: 1Pd 18:1 ayəsinə əsasən, İlyas quraqlığın bitəcəyini üçüncü ildə elan etdi. Buna görə də bəzilərinin fikrincə, İsa 1 Padşahlar kitabında yazılan məlumata zidd danışmışdı. Lakin Tövratda quraqlığın üç ildən az davam etdiyi deyilmir. Üçüncü il ifadəsi, görünür, İlyas Əhəbə quraqlığı ilk dəfə elan etdiyi vaxt başlayan dövrə aid idi (1Pd 17:1). Ehtimal ki, İlyas bu xəbəri quraqlıq mövsümündə demişdi. Bu mövsüm adətən altı ay davam edirdi, amma uzun da çəkə bilərdi. Üstəlik, İlyas üçüncü ildə Əhəbə görünən kimi quraqlıq bitmədi. Karmel dağında odla bağlı sınaqdan sonra quraqlığa son qoyuldu (1Pd 18:18—45). Beləliklə, İsanın burada yazılmış sözləri, o cümlədən qardaşının Yq 5:17 ayəsində yazdığı sözlər 1Pd 18:1 ayəsindəki vaxtla uzlaşır.