«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
3—9 SENTYABR
Hikmət xəzinəsindən incilər
nwtsty-E Yh 1:1 ayəsi üçün şərh
Söz: Yunanca ho loqos. Burada titul kimi işlənir. Həmçinin Yh 1:14 və Vh 19:13 ayələrində də işlənir. Yəhya bu titulu daşıyan kəsin İsa olduğunu bildirmişdi. İsa bu titulu insan olmazdan əvvəl ruhani varlıq kimi yaşadığı dövrdə, yer üzündə kamil insan kimi xidmət etdiyi vaxt və göyə qalxandan sonra daşıyıb. İsa Allahın Sözü, yəni nümayəndəsi idi. Yaradanın digər ruhani oğullarına və insanlara məlumat və göstərişlər çatdırırdı. Beləliklə, nəticə çıxarmaq olar ki, İsa yer üzünə gəlməzdən əvvəl Yehova insanlarla Söz, yəni mələk nümayəndəsi vasitəsilə danışırdı (Yr 16:7—11; 22:11; 31:11; Çx 3:2—5; Hk 2:1—4; 6:11, 12; 13:3).
Allahla: Hərfən «Allaha tərəf». Bu kontekstdə yunan sözönü pros məsafə baxımından çox yaxın olmaq və sıx ünsiyyət mənasını verir. Həmçinin ayrı-ayrı kəsləri, bu halda, Sözü və tək olan Allahı bildirir.
Söz ilahi varlıq idi: Yəhya bu ifadə ilə «Söz»ün, yəni İsa Məsihin (yunanca ho loqos; bu ayədə Söz üçün olan şərhə baxın) keyfiyyətini, yaxud səciyyəvi xüsusiyyətini təsvir edir. «Söz»ün Allahın ilk Oğlu kimi sahib olduğu yüksək mövqe, Allahın hər şeyi onun vasitəsilə yaratması onu «ilahi varlıq» kimi təsvir etməyə əsas verir. Bir çox tərcüməçilər bu fikri «Söz Allah idi» kimi tərcümə edib onu Qadir Allaha bərabər tuturlar. Lakin tutarlı səbəblərdən irəli gələrək demək olar ki, Yəhya «Söz»ün Qadir Allah olduğunu nəzərdə tutmurdu. Birincisi, əvvəlki və sonrakı budaq cümlələrin hər ikisi aydın göstərir ki, «Söz» «Allahla» idi. Həmçinin yunan dilində teos sözü birinci və ikinci ayədə üç dəfə işlənib. Birinci və üçüncü dəfə yunan dilində teos sözündən əvvəl müəyyənlik artikli işlənib, ikinci dəfədə isə artikl yoxdur. Bir çox alimlər razılaşırlar ki, ikinci teos sözünün qarşısında müəyyənlik artiklinin işlənməməsi əhəmiyyət kəsb edir. Bu kontekstdə artikllə işlənəndə teos Qadir Allahı bildirir. Digər tərəfdən burada artiklsiz işlənən teos sözü keyfiyyəti bildirir və «Söz»ün səciyyəvi xüsusiyyətini təsvir edir. Buna görə də Müqəddəs Kitabın ingilis, fransız və alman dilində bir sıra tərcümələri bu ayəni «Yeni Dünya tərcüməsi»ndə olduğu kimi tərcümə edirlər, yəni «Söz»ün «ilahi varlıq» olduğu fikrini çatdırırlar. Bu fikri bir sıra qədim tərcümələr də dəstəkləyir. Yəhyanın İncili Kopt dilinin Said və Bohair dialektlərinə, ehtimal ki, III və IV əsrlərdə tərcümə olunmuşdur. Bu tərcümələrdə Yh 1:1 ayəsində birinci işlənən teos sözü ikincidən fərqli tərcümə olunub. Bu tərcümələrdə «Söz»ün keyfiyyəti, Allahın təbiətinə xas təbiətə sahib olduğu vurğulanır, amma o, Ataya, Qadir Allaha bərabər tutulmur. Bu ayəyə uyğun olaraq Kl 2:9 ayəsində Məsih haqqında deyilir ki, «ilahi keyfiyyətlər tam dolğunluğu ilə» onda yaşayır. Həmçinin 2Bt 1:4 ayəsinə əsasən, Məsihin həmvarisləri də ilahi təbiətə qovuşacaqlar. Bundan başqa, Septuagintada yunan sözü teos «Allah» kimi tərcümə olunan el və elohim sözlərinin ekvivalenti kimi işlənir. Bu ibrani sözlərinin əsas mənasının «Qüdrətli, Güclü» olduğu hesab edilir və Qadir Allaha, başqa allahlara və insanlara aid işlənir. Sözü ilahi varlıq, yaxud qüdrətli adlandırmaq Əş 9:6 ayəsindəki peyğəmbərliyə uyğundur. Həmin peyğəmbərlikdə deyilir ki, Məsih «Qüdrətli ilah» («Qadir Allah» yox) adlanacaq və öz təbəələri üçün «Əbədiyyət Atası» olacaq. Onun Atasının, «ordular Allahı Yehovanın qeyrəti» bunu edəcək (Əş 9:7).
nwtsty-E Yh 1:29 ayəsi üçün şərh
Allahın Quzusu: İsa vəftiz olunandan, İblis tərəfindən imtahana çəkilib qayıdandan sonra Vəftizçi Yəhya onu «Allahın Quzusu» kimi təqdim etdi. Bu ifadəyə yalnız burada və Yh 1:36 ayəsində rast gəlinir. (A7 əlavəsinə baxın.) İsanı Quzu ilə müqayisə etmək çox münasibdir. Müqəddəs Kitaba əsasən, günahı etiraf etmək və Allahla münasibəti bərpa etmək üçün qoyun qurbanı təqdim olunurdu. Bu, İsanın bəşəriyyət uğrunda kamil insan həyatından keçərək verəcəyi qurbanı təmsil edirdi. «Allahın Quzusu» ifadəsi Müqəddəs Kitabdakı bir sıra parçaları əks etdirə bilər. Vəftizçi Yəhyanın Tövratla tanışlığını nəzərə alsaq, bəlkə də o, bu ifadəni işlədərkən növbəti məqamlardan bir və ya bir neçəsinə istinad etmişdi: İbrahimin öz oğlu İshaqın yerinə qurban gətirdiyi qoç (Yr 22:13), köləlikdə olan israillilərin xilası üçün Misirdə kəsilən Pasxa quzusu (Çx 12:1—13), Yerusəlimdə hər gün səhər-axşam Allahın qurbangahında təqdim olunan erkək toğlu (Çx 29:38—42). Yəhya həm də, ola bilsin, Əşiyanın peyğəmbərliyi barədə də düşünmüşdü. Orada Yehovanın «Mənim qulum» adlandırdığı kəs barədə deyilir ki, «onu kəsməyə aparılan qoyun kimi apardılar» (Əş 52:13; 53:5, 7, 11). Həvari Bulus korinflilərə birinci məktubunu yazanda İsanı «Pasxa quzumuz» adlandırmışdı (1Kr 5:7). Həvari Butrus «Məsihin qüsursuz və ləkəsiz quzunun qanına bənzər qiymətli qanı»ndan danışmışdı (1Bt 1:19). «Vəhy» kitabında şərəfli mövqeyə ucalmış İsa 25 dəfədən çox məcazi mənada «Quzu» adlanır. Bəzi nümunələr bunlardır: Vh 5:8; 6:1; 7:9; 12:11; 13:8; 14:1; 15:3; 17:14; 19:7; 21:9; 22:1.
10—16 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 3, 4
«İsa səməriyyəli qadına şahidlik edir»
nwtsty-E Yh 4:6 ayəsi üçün şərh
Yorulmuş: Müqəddəs Kitabda İsanın yorulduğu təkcə bu ayədə yazılıb. Təxminən günorta saat on iki olardı. Həmin səhər İsa uzun yol qət etmişdi. Ehtimal ki, o, Yəhudiyyədəki İordan vadisindən Səməriyyədəki Sixar şəhərinə gəlmişdi. Bu yol uzunluğu 900 metr və ya daha çox olan bir yoxuş idi. (Yh 4:3—5; A7 əlavəsinə baxın.)
cf-E s. 77, abz. 3
İsa söhbətə qadının gündəlik həyatından götürdüyü, əlindəki işlə bağlı nümunədən başladı. Qadın ora su çəkməyə gəlmişdi. İsa da onun ruhani susuzluğunu təmin edəcək həyat verən sudan danışdı. Qadın bir neçə dəfə mübahisəli məqamlara toxundu. Lakin İsa bu məqamlardan yan keçdi və mövzudan yayınmadı. O, ruhani məsələlərə — pak ibadətə və Yehova Allaha diqqəti cəmlədi. İsanın sözləri böyük əks-səda doğurdu. Qadın gedib onun dediklərini camaata danışdı. Onlar da İsanın sözlərini dinləmək istədilər (Yəhya 4:3—42).
Hikmət xəzinəsindən incilər
nwtsty-E Yh 3:29 ayəsi üçün şərh
Bəyin dostu: Qədim dövrdə bəyin yaxın tanışı onun nümayəndəsi kimi çıxış edir və toyun təşkilində əsas rolu oynayırdı. O, bəylə gəlini birləşdirən adam hesab olunurdu. Toy günü camaat ya bəyin, ya da atasının evinə gəlirdi. Orada toy ziyafəti qurulurdu. Bu ziyafət vaxtı bəyin dostu gəlinlə danışan bəyin səsini eşidəndə sevinirdi, çünki öhdəsinə düşən işi uğurla yerinə yetirdiyini başa düşürdü. Vəftizçi Yəhya özünü «bəyin dostu»na bənzətmişdi. Bu halda İsa bəy, şagirdləri isə bir qrup kimi onun simvolik gəlini idi. Vəftizçi Yəhya Məsih üçün yol hazırlayaraq «gəlin» qrupunun ilk üzvlərini İsa Məsihə təqdim etdi (Yh 1:29, 35; 2Kr 11:2; Ef 5:22—27; Vh 21:2, 9). «Bəyin dostu» olan Yəhya öz işini bitirdi. Bundan sonra o, artıq İsa və davamçıları kimi vacib rol oynamırdı. Buna görə də Yəhya özünün İsaya nəzərən tutduğu mövqe haqda demişdi: «O böyüməli, mən isə kiçilməliyəm» (Yh 3:30).
nwtsty-E Yh 4:10 ayəsi üçün şərh
Dirilik suyu: Hərfən «diri su». Yunanca bu ifadə axar suya, bulaq suyuna, yaxud bulaq suyu ilə dolan quyu suyuna aiddir, hovuzda yığılıb qalan suyun əksidir. Lv 14:5 ayəsində «bulaq suyu» ifadəsi ibrani dilində hərfən «diri su»dur. Ər 2:13 və 17:13 ayələrində Yehova «dirilik suyu mənbəyi» kimi təsvir olunur. Səməriyyəli qadınla danışarkən İsa «dirilik suyu» sözünü məcazi mənada işlətmişdi, lakin, görünür, qadın onun sözlərini əvvəlcə hərfi mənada başa düşmüşdü (Yh 4:11).
17—23 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 5, 6
«İsanın ardınca təmiz niyyətlə gedin»
nwtsty-E Yh 6:10 ayəsi üçün şərh
Kişilərin sayı təxminən beş min nəfər olardı: Yalnız Məttanın yazdığı müjdədə bu möcüzədən danışılarkən «qadınları və uşaqları çıxmaqla» sözləri əlavə olunub (Mt 14:21). İsanın möcüzəvi şəkildə yedirdiyi adamların sayı ümumilikdə, ehtimal ki, 15 000 nəfərdən çox idi.
nwtsty-E Yh 6:14 ayəsi üçün şərh
Peyğəmbərdir: Eramızın birinci əsrində bir çox yəhudilər düşünürdü ki, Qn 18:15, 18 ayələrində bəhs olunan Musa kimi peyğəmbər Məsih olacaq. Bu kontekstdə dünyaya gəlməli olan sözləri, görünür, Məsihin intizarla gözlənilən zühuruna aiddir. Bu ayədəki hadisələri yalnız Yəhya qeydə alıb.
nwtsty-E Yh 6:27, 54 ayələri üçün şərh
Xarab olub gedən qida,.. daim qalan qidadan: İsa başa düşürdü ki, bəzi adamlar onunla və şagirdləri ilə sırf maddi mənfəətə görə ünsiyyət edirdi. Fiziki qida insanı hər gün sağ saxlasa da, Allahın Kəlamından olan «qida» insanın əbədi sağ qalmasını mümkün edir. İsa insanları təşviq edirdi ki, «əbədi həyat gətirən və daim qalan qidadan ötrü» çalışsınlar, yəni ruhani tələbatlarını ödəmək üçün zəhmət çəksinlər və öyrəndiklərinə iman gətirsinlər (Mt 4:4; 5:3; Yh 6:28—39).
Mənim bədənimdən yeyib qanımdan içənin: Kontekst göstərir ki, burada yemək, içmək sözü simvolik məna daşıyır, yəni söhbət İsa Məsihə iman etməkdən gedir (Yh 6:35, 40). İsa bu sözləri eramızın 32-ci ilində söyləmişdi. Deməli, o, Ağanın şam yeməyindən danışmırdı. Çünki bu mərasimi bir il sonra təsis edəcəkdi. İsa bu sözləri yəhudilərin Pasxa bayramından əvvəl söyləmişdi (Yh 6:4), deməli, onu dinləyənlərə yaxınlaşan bayramı, israillilər Misirdən çıxan gecə insanların xilasında quzunun qanının oynadığı rolu xatırlatmışdı (Çx 12:24—27). İsa vurğulayırdı ki, onun qanı da şagirdlərinin əbədi həyat almasında həlledici rol oynayacaq.
Hikmət xəzinəsindən incilər
nwtsty-E Yh 6:44 ayəsi üçün şərh
Cəlb etməsə: «Cəlb etmək» kimi tərcümə olunan yunan sözü balıq torunu dartmaq mənasında işlənsə də (Yh 21:6, 11), bu o demək deyil ki, Allah insanları iradələrinə zidd olaraq özünə çəkir. İsa bu sözləri Ər 31:3 ayəsinə istinadən də deyə bilərdi. O ayədə Yehova xalqına demişdi: «Məhəbbətlə səni Özümə tərəf çəkdim». (Septuagintada bu ayədə eyni yunan feili işlənib). Yh 12:32 ayəsi göstərir ki, İsa da buna bənzər tərzdə hər cür insanı özünə cəlb edir. Müqəddəs Yazılar göstərir ki, Yehova insanlara azad iradə verib. Ona xidmət etməyə gəldikdə hər kəs istədiyi kimi seçim edə bilər (Qn 30:19, 20). Allah əbədi həyata aparan yolda yeriməyə meyli olanları nəvazişlə özünə cəlb edir (Zb 11:5; Ms 21:2; Hv 13:48). Yehova bunu Müqəddəs Kitabdakı xəbərin və müqəddəs ruhun vasitəsilə edir. Yh 6:45 ayəsində sitat gətirilən Əş 54:13 ayəsindəki peyğəmbərlikdə bildirilirdi ki, Ata insanları özünə bu cür cəlb edəcək. (Yh 6:65 ayəsi ilə müqayisə edin.)
nwtsty-E Yh 6:64 ayəsi üçün şərh
İsa... kimin onu satacağını... bilirdi: İsa Yəhuda İskəryuta işarə edirdi. İsa 12 həvarini seçməzdən əvvəl bütün gecəni Atasına dua etmişdi (Lk 6:12—16). Deməli, Yəhuda əvvəlcə Allaha sadiq idi. Lakin İsa Tövratdakı peyğəmbərliklərdən bilirdi ki, yaxın dostu ona xəyanət edəcək (Zb 41:9; 109:8; Yh 13:18, 19). Yəhudada pisliyə meyil yarananda ürəkləri və fikirləri oxuyan İsa onda bu dəyişikliyi duymuşdu (Mt 9:4). Allah gələcəyi görmək qabiliyyətindən istifadə edərək bilmişdi ki, İsanın etibar etdiyi yoldaşı satqın çıxacaq. Lakin Yəhudanın satqın çıxmaqdan başqa yolunun olmadığını, bunun qabaqcadan müəyyən olunduğunu düşünmək Allahın sifətlərinə, o cümlədən işlərinə uyğun gəlmir.
Qabaqcadan: Yunanca arxe. Hərfən «başlanğıcdan». Bu söz Yəhudanın doğulduğu, yaxud həvari kimi seçildiyi vaxtı bildirmir. O da daxil olmaqla, həvariləri seçməzdən əvvəl İsa bütün gecəni dua etmişdi (Lk 6:12—16). Əksinə, bu, Yəhudanın xəyanət yoluna qədəm basdığı vaxtı bildirir. İsa bunu dərhal duymuşdu (Yh 2:24, 25; Vh 1:1; 2:23; növbəti ayələr üçün şərhə baxın: Yh 6:70; 13:11). Buradan həm də görünür ki, Yəhudanın hərəkətləri düşünülmüş, planlaşdırılmış hərəkətlər idi, qəfildən ürəyində baş verən dəyişikliklərdən doğan hərəkətlər deyildi. İncildə yunan sözü arxe kontekstdən asılı olaraq, müxtəlif mənalar kəsb edir. Məsələn, 2Bt 3:4 ayəsində bu söz «yaradılış» kimi tərcümə edilib. Lakin əksər hallarda bu söz daha dar mənada işlənir. Məsələn, Butrus demişdi ki, «lap başlanğıcda» onlara verildiyi kimi, başqa xalqlardan olanlara müqəddəs ruh verildi (Hv 11:15). Butrus doğulduğu vaxtdan, yaxud həvari olmağa çağırıldığı vaxtdan danışmırdı. O, eramızın 33-cü ilinin Əllinci gün bayramından, müqəddəs ruhun müəyyən məqsədlə verilməyə başladığı vaxtdan danışırdı (Hv 2:1—4). Lk 1:2; Yh 15:27; və 1Yh 2:7 ayələri bu yunan sözünün kontekstdən asılı olaraq, müxtəlif məna daşımasına dair bir neçə nümunədir.
24—30 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 7, 8
«İsa Atasını şərəfləndirirdi»
cf-E s. 100, 101, abz. 5, 6
«Yazılıb»
5 İsa istəyirdi ki, insanlar onun söylədiyi xəbərin kimdən olduğunu bilsinlər. O demişdi: «Verdiyim təlim mənim deyil, məni göndərənindir» (Yəhya 7:16). Başqa bir halda isə bildirmişdi ki, o, özündən heç bir şey etmir. Ata ona nə öyrədibsə, onu danışır (Yəhya 8:28). Bundan başqa demişdi: «Sizə dediyim sözləri özümdən demirəm, mənimlə daima vəhdətdə olan Atam mənim vasitəmlə Öz işini görür» (Yəhya 14:10). İsa bu sözlərin həqiqiliyini çox şeylə sübut etmişdi. Bunlardan biri o idi ki, o, dönə-dönə Allahın Kəlamından sitatlar gətirirdi.
6 İsanın sözlərini dərindən araşdıranda məlum olur ki, o, birbaşa və ya dolayısıyla Tövratdakı kitabların yarısından sitatlar gətirmişdi. Bəlkə də, bu, ilk baxışdan böyük bir şey kimi görünmür. Düşünə bilərsiniz ki, üç il yarım vəz edən, təbliğ edən İsa nəyə görə o zaman mövcud olan Müqəddəs Yazıların hamısından sitat gətirməyib. Amma, əslində, bəlkə də, hamısından sitat gətirmişdi. Unutmayın ki, Müqəddəs Kitabda İsanın sözlərinin və işlərinin yalnız bir qismi qələmə alınıb (Yəhya 21:25). İsanın Müqəddəs Kitabda yazılmış sözlərini cəmi bir neçə saata ucadan oxuyub qurtarmaq olar. İndi təsəvvür edin, Allah və Onun Padşahlığı haqqında cəmi bir neçə saat danışırsınız və bu vaxt ərzində Tövratdakı kitabların yarısından sitat gətirirsiniz. Üstəlik, əksər hallarda İsanın əlində tumar da olmurdu. O, dağda vəz edərkən Tövratdan birbaşa və ya dolayısıyla onlarla sitat gətirmişdi, hamısını da əzbərdən.
Hikmət xəzinəsindən incilər
w07-E 2/1 s. 6, abz. 4
Dürüstlük vacibdir
İsa Məsih bu sahədə hansı nümunəni qoyub? Bir dəfə ona iman gətirməyən qardaşları ilə söhbət edəndə onlar onun səfəri ilə maraqlandılar. Ona belə bir məsləhət verdilər: «Burada qalma, Yəhudiyyəyə get». İsa onlara cavab verərək dedi: «Siz bayrama [Yerusəlimə] gedin. Mən isə getmirəm, çünki mənim vaxtım hələ gəlməyib». Ancaq üstündən çox keçməmiş İsa Yerusəlimə bayrama getdi. Bəs nəyə görə İsa belə cavab vermişdi? Çünki İsanın yeri barədə hər şeyi bilməyə qardaşlarının ixtiyarı yox idi. Buna görə də İsa onlara yalan deməsə də, dəqiq cavab da vermədi ki, onlar ona, yaxud davamçılarına zərər vura bilməsinlər. İsanın cavabı yalan deyildi, çünki həvari Butrus Məsih haqqında yazmışdı: «O, heç bir günah işləməmişdi, ağzından yalan söz çıxmamışdı» (Yəhya 7:1—13; 1 Butrus 2:22).
nwtsty-E Yh 8:58 ayəsi üçün şərh
Mən var idim: İsa İbrahimi gördüyünü deyəndə yəhudilər onu daşlamaq istədilər. Onlar fikirləşirdilər ki, İsanın heç əlli yaşı da yoxdur, o, İbrahimi necə görə bilər (Yh 8:57). İsa İbrahim doğulmazdan əvvəl özünün göydə qüdrətli ruhani varlıq kimi yaşamasını nəzərdə tuturdu. Bəzilərinin fikrincə, bu ayə İsanı Allahla eyniləşdirir. Onlar deyirlər ki, burada işlənən yunan ifadəsi eqo eymi (Müqəddəs Kitabın bəzi tərcümələrində «mən varam» kimi tərcümə olunub) Çx 3:14 ayəsinin Septuagintadakı tərcüməsinə istinadən işlənib. Həmin ayədə Allah Özünü təqdim edir. Onların fikrincə, hər iki ayə eyni cür tərcümə olunmalıdır, yəni ikisində də feil indiki zamanda işlənməlidir. Lakin bu kontekstdə eymi feli ilə ifadə olunan hərəkət «İbrahim doğulmazdan əvvəl» başlamışdı və İsanın danışdığı vaxt da davam edirdi. Buna görə də feil düzgün olaraq «var idim» kimi tərcümə olunub. Bir sıra qədim və müasir tərcümələrdə də bu feil «var idim» kimi tərcümə olunub. Həmçinin İsanın Yh 8:54, 55 ayələrindəki sözləri göstərir ki, o, insanlara özünün Atası ilə eyni varlıq olduğunu aşılamağa çalışmırdı.