Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bt fəs. 11 s. 85—92
  • «Şagirdlərin sevinci aşıb-daşır, onlar müqəddəs ruhla dolurdular»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Şagirdlərin sevinci aşıb-daşır, onlar müqəddəs ruhla dolurdular»
  • Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Başlıqlar
  • Oxşar material
  • «Bir iş üçün» seçilənlər (Həvarilərin işləri 13:1—12)
  • «Xalqı ruhlandırmağa sözünüz varsa, buyurun» (Həvarilərin işləri 13:13—43)
  • «Biz digər xalqlara üz tuturuq» (Həvarilərin işləri 13:44—52)
  • «Yehovadan səlahiyyət alaraq cəsarətlə danışırdılar»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Barnəba və Bulus uzaq yerlərdə şagird hazırlayırdı
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Məsihilik bir çox xalqlara yayılır
    Müqəddəs Kitab dünyasına səyahət
  • Yığıncaqlar imanda möhkəmlənir
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Əlavə
Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
bt fəs. 11 s. 85—92

FƏSİL 11

«Şagirdlərin sevinci aşıb-daşır, onlar müqəddəs ruhla dolurdular»

Bulus ədavətli münasibət göstərən və xoş xəbərə hay verməyən insanlarla rəftara dair nümunə qoyur

Həvarilərin işləri 13:1—52

1, 2. Barnəba və Şaulu qarşıda gözləyən səyahət başqalarından nə ilə fərqlənir və onların işi Həvarilərin işləri 1:8 ayəsinin yerinə yetməsində hansı rolu oynayacaq?

BU GÜN Antakyadakı yığıncaq həyəcan dolu anlar yaşayır. Xoş xəbərin ucqar ərazilərə çatdırılması üçün müqəddəs ruh buradakı bütün peyğəmbərlərin və müəllimlərin arasından Barnəba və Şaulu seçiba (Həv. 13:1, 2). Düzdür, bundan əvvəl də təcrübəli kişiləri təbliğ etmək üçün başqa yerlərə göndərmişdilər. Amma həmin vaxt təbliğ səyahətlərində olan müjdəçilər məsihiliyin artıq kök saldığı ərazilərə getmişdilər (Həv. 8:14; 11:22). Bu dəfə isə Barnəba və Şaul, eləcə də onlara xidmət edəcək Mark ləqəbli Yəhya əhalisinin əksəriyyətinin xoş xəbərlə tanış olmadığı ərazilərə yollanacaqlar.

2 Təxminən 14 il bundan əvvəl İsa davamçılarına demişdi: «Siz... Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). Barnəba və Şaulun təbliğ səyahətlərində olmaları İsa Məsihin söylədiyi peyğəmbərliyin yerinə yetməsində irəliyə doğru bir addım olacaq!b

«Bir iş üçün» seçilənlər (Həvarilərin işləri 13:1—12)

3. Nə üçün birinci əsrdə səyahət etmək çətin iş idi?

3 Bu gün avtomobil və təyyarə kimi ixtiraların sayəsində insanlar kifayət qədər böyük məsafələri cəmi bir və ya iki saata qət edə bilirlər. Lakin eramızın birinci əsrində vəziyyət tamam başqa cür idi. O dövrdə quru yolla, əsas etibarilə piyada, üstəlik, çox vaxt kələ-kötür yollarla səyahət edirdilər. Bir günə olsa-olsa 30 kilometr yol getmək olurdu, bu isə adamı tamamilə əldən salırdıc. Beləliklə, Barnəba və Şaul aldıqları tapşırığı icra etməyi səbirsizliklə gözləsələr də, başa düşürdülər ki, bu səyahət onlardan çoxlu güc və fədakarlıq tələb edəcək (Mət. 16:24).

YOLDA

Qədimdə quru yolla səyahət su yoluna nisbətən daha uzun sürür, yorucu olur və ehtimal ki, baha başa gəlirdi. Lakin bir çox yerlərə yalnız piyada getmək olurdu.

Yolçu gün ərzində 30 kilometrə kimi məsafəni qət edirdi. Günün istisi, yağışlı və soyuq hava yolu daha da çətinləşdirirdi. Bir tərəfdən də o, yolda oğrular tərəfindən qarət olunmaq təhlükəsi ilə üz-üzə olurdu. Həvari Bulus tez-tez səfərə çıxdığını, çaylarda və quldurların əlindən təhlükə ilə üzləşdiyini yazırdı (2 Kor. 11:26).

Roma imperiyasının hər yerində daş döşənmiş çoxlu yollar salınmışdı. Əsas yollarda bir-birindən bir günlük məsafədə yerləşən mehmanxanalar olurdu. Bu mehmanxanaların arasında yeməkxanalar yerləşirdi ki, yolçular da orada əsas ehtiyaclarını ödəyə bilirdilər. Həmin dövrdə yaşayan yazıçılar mehmanxanaları və yeməkxanaları çirkli, rütubətli, bit-birə basmış və adamlarla dolu olan yer kimi təsvir edirdilər. Bu yerlərin adı pisə çıxmışdı, belə ki, ən çirkin işlərlə məşğul olan adamlar oranın daimi sakinləri idilər. Mehmanxana sahibləri çox vaxt müştəriləri soyur və başqa xidmətlərlə yanaşı onlara fahişə də təklif edirdi.

Məsihilər belə yerlərdən mümkün qədər uzaq qaçırdılar. Lakin ailə üzvlərinin və dostlarının olmadığı yerlərə səyahət etdikdə onların bu kimi yerlərdə qalmaqdan başqa əlacı olmurdu.

4. a) Barnəba ilə Şaul necə seçildilər və dindaşları onların bu təyinatına necə yanaşdılar? b) Yığıncaqda təyinat alan dindaşlarımızı necə dəstəkləyə bilərik?

4 Bəs nəyə görə müqəddəs ruh «bir iş üçün» məhz Barnəba və Şaulu ayırmağı buyurdu? (Həv. 13:2). Müqəddəs Kitabda bununla bağlı heç nə deyilmir. Təkcə onu bilirik ki, bu kişilər müqəddəs ruhun rəhbərliyi altında seçildilər. Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, Antakyadakı peyğəmbərlər və müəllimlər bu qərarla razılaşmadılar. Əksinə, onlar bu təyinatı ürəkdən dəstəklədilər. Ruhani qardaşları paxıllıq etmədən «oruc tutub dua» edəndə və «əllərini Barnəba ilə Şaulun üzərinə qoyub» yola salanda hansı hissləri keçirdiklərini bir təsəvvür et (Həv. 13:3). Biz də yığıncaqda təyinat alan dindaşlarımızı, eləcə də ağsaqqal təyin olunmuş qardaşları dəstəkləməliyik. Bu cür məsuliyyətləri alanların paxıllığını çəkməməliyik, əksinə, «çəkdikləri zəhmətə görə onlara böyük ehtiram və məhəbbət» bəsləməliyik (1 Salon. 5:13).

5. Kipr adasında şahidlik etmək üçün Barnəba və Şaula nə etmək lazım gəldi?

5 Antakya yaxınlığında yerləşən liman şəhəri Selevkiyaya çatandan sonra Barnəba və Şaul oradan təxminən 200 kilometr aralıda yerləşən Kiprə üzdülərd. Əslən kiprli olan Barnəba, yəqin ki, xoş xəbəri həmvətənlərinə çatdırmağı çox arzulayırdı. Adanın şərq sahilində yerləşən Salamis şəhərinə çatanda bu kişilər boş yerə vaxt itirmədilər. Onlar dərhal «yəhudi sinaqoqlarında Allahın sözünü təbliğ etməyə başladılar»e (Həv. 13:5). Barnəba və Şaul, ehtimal ki, yolüstü əsas şəhərlərdə təbliğ edərək Kiprin bir ucundan o biri ucuna səyahət etdilər. Tutduqları istiqamətdən asılı olaraq, xüsusi təyinatlı müjdəçilər, ehtimal ki, təxminən 160 kilometr yol getmişdilər.

YƏHUDİ SİNAQOQLARI

«Sinaqoq» sözü hərfi tərcümədə «toplantı» mənasını verir. Bu söz ilk vaxtlar yəhudilərin yığıncağına aid edilirdi, sonralar isə həmin yığıncağın keçirildiyi yer və ya bina belə adlanmağa başladı.

Belə hesab edilir ki, sinaqoqlar ya yəhudilərin Babildə 70 il əsarətdə olduğu vaxt, ya da əsirlikdən çıxdıqdan dərhal sonra təsis olunmuşdu. Sinaqoqlarda təlim və ruhani nəsihət verilir, ibadət olunur, Müqəddəs Yazılar oxunurdu. Eramızın birinci əsrində Fələstində hər şəhərin özünün sinaqoqu olurdu. Böyük şəhərlərdə birdən artıq, Yerusəlimdə isə çoxlu sinaqoq var idi.

Babil əsirliyindən qurtulduqdan sonra yəhudilərin hamısı Fələstinə qayıtmadı. Çoxları işləmək üçün başqa ölkələrə getmişdi. Artıq e. ə. V əsrdə Fars imperiyasının 127 vilayətinin hər birində yəhudi icmaları mövcud idi (Əst. 1:1; 3:8). Vaxt keçdikcə Aralıq dənizinin ətrafında olan bütün şəhərlərdə də yəhudi icmaları meydana gəldi. Bu yəhudilər «Diaspora», yaxud «Səpələnmə» adlanmağa başladılar. Onlar da öz növbəsində məskunlaşdıqları hər yerdə sinaqoq təsis edirdilər.

Sinaqoqlarda hər şənbə Qanunu oxuyub izah edirdilər. Müqəddəs Yazıları adətən hündür kürsüdən oxuyurdular, kürsünün üç tərəfində isə oturacaqlar qoyulurdu. Burada hər bir mömin yəhudi kişi oxuya, təbliğ edə və nəsihət verə bilərdi.

6, 7. a) Sergi Paulus kim idi və nə üçün Baryuşə onun xoş xəbərə qulaq asmasına mane olmağa çalışdı? b) Şaul Baryuşənin müqavimətlərinə necə cavab verdi?

6 Birinci əsrdə Kiprdə bütpərəstlik baş alıb gedirdi. Barnəba və Şaul adanın qərb sahilinə, Pafosa çatanda bu, özünü daha qabarıq şəkildə büruzə verdi. Orada onlar Baryuşə adlı bir nəfərlə rastlaşdılar. Baryuşə «yalançı peyğəmbər idi və cadugərlik edirdi. O, prokonsul Sergi Paulusun qulluğunda idi. Sergi Paulus çox ağıllı adam idi»f. Birinci əsrdə bir çox ziyalı romalılar, hətta Sergi Paulus kimi «ağıllı adam»lar belə, vacib qərarlar qəbul edərkən cadugərlərə, yaxud münəccimlərə müraciət edirdilər. Buna baxmayaraq, Sergi Paulus Padşahlıq xəbərinə maraq göstərirdi və «Allahın sözünü dinləməyi ürəkdən arzulayırdı». Bu, peşəsinə uyğun olaraq Elimas (mənası «cadugər») adlanan Baryuşəyə əl vermirdi (Həv. 13:6—8).

7 Baryuşə Padşahlıq xəbərinə qarşı çıxmağa başladı. Onun üçün Sergi Paulusun məsləhətçisi kimi nüfuzlu mövqeyini saxlamağın yeganə yolu valini «imana gəlməyə» qoymamaq idi (Həv. 13:8). Lakin Şaul saray cadugərinin Sergi Paulusun marağını həqiqətdən yayındırmasına sakit baxmaq fikrində deyildi. Bəs o nə etdi? Müqəddəs Kitabda deyilir: «Onda həmçinin Bulus adlanan Şaul müqəddəs ruhla doldu və ona [Baryuşəyə] zənnlə baxıb dedi: “Ey İblisin balası, salehliyin düşməni! Sənin için hər cür yalan və pisliklə doludur! Nə vaxta qədər Yehovanın düz yollarını əyəcəksən? Bax, Yehovanın əli sənə qarşı qalxıb. Sən kor olacaqsan, bir müddət gün işığına həsrət qalacaqsan”. O andaca Elimasın gözünə qatı duman və qaranlıq çökdü. O, ora-bura vurnuxaraq özünə bələdçi axtarmağa başladı»g. Bu möcüzənin sayəsində nə baş verdi? «Prokonsul bunu görəndə iman gətirdi, çünki Yehova haqqında öyrəndikləri onu valeh etmişdi» (Həv. 13:9—12).

Qardaş əlində Müqəddəs Kitabı açıq tutaraq hakim qarşısında həqiqəti müdafiə edir.

Müqavimətlə qarşılaşanda biz də Bulus kimi həqiqəti cəsarətlə müdafiə edirik

8. Biz Bulus kimi necə cəsarət göstərə bilərik?

8 Bulus Baryuşədən qorxmadı. Padşahlıq xəbərinə qarşı duran insanlar ona maraq göstərənlərin imanını məhv etməyə çalışanda biz də qorxmamalıyıq. Əlbəttə, bizim sözlərimiz «həmişə duzlu, ürəkaçan» olmalıdır (Kol. 4:6). Bununla belə, sadəcə münaqişələrdən qaçmaq xatirinə maraqlanan insanın ruhani rifahını təhlükəyə atmaq istəməzdik. Üstəlik, bu gün yalan təlimlər Baryuşə kimi «Yehovanın düz yollarını» əyməyə davam edir. Biz onları ifşa etməkdən qorxub çəkinməməliyik (Həv. 13:10). Gəl Bulus kimi biz də həqiqəti cəsarətlə bəyan edək və səmimi insanların ürəyinə yol tapaq. Hətta Allahın bizi dəstəkləməsi Bulusun vəziyyətində olduğu kimi aydın görünməsə də, əmin ola bilərik ki, Yehova müqəddəs ruhundan istifadə edərək layiqli insanları həqiqətə cəlb edəcək (Yəh. 6:44).

«Xalqı ruhlandırmağa sözünüz varsa, buyurun» (Həvarilərin işləri 13:13—43)

9. Bulusla Barnəba bu gün yığıncaqda məsuliyyət daşıyan qardaşlar üçün hansı sahədə gözəl nümunə qoymuşdur?

9 Görünür, onlar Pafosdan çıxıb Kiçik Asiyanın sahilində yerləşən və dəniz yolu ilə təxminən 250 kilometr aralıda olan Pergiyaya gedəndə müəyyən dəyişikliklər baş verdi. Həvarilərin işləri 13:13 ayəsində bu qrup haqqında «Bulus yoldaşları ilə birlikdə» kimi danışılır. Bu ifadədən belə qənaətə gəlmək olar ki, indi qrupun fəaliyyətinə Bulus rəhbərlik edirdi. Buna baxmayaraq, Müqəddəs Kitabın heç bir yerində Barnəbanın Bulusa həsəd apardığına eyham belə vurulmur. Əksinə, bu iki kişi Allahın iradəsini yerinə yetirmək üçün çiyin-çiyinə çalışmağa davam edirdi. Bulusla Barnəba bu gün yığıncaqda məsuliyyət daşıyan qardaşlar üçün gözəl nümunə qoymuşdur. Məsihilər nüfuz üstündə rəqabət aparmamalı, əksinə, İsanın «siz... bir-birinizə qardaşsınız» sözlərini yadda saxlamalıdırlar. İsa həmçinin demişdi: «Özünü yüksəldən alçaldılacaq, özünü alçaldan yüksəldiləcək» (Mət. 23:8, 12).

10. Pergiyadan Pisidiya Antakyasına gedən yolu təsvir et.

10 Pergiyaya çatanda Mark ləqəbli Yəhya Bulusla Barnəbanı qoyub Yerusəlimə qayıtdı. Müqəddəs Kitabda onun qəfildən çıxıb getməsinin səbəbi izah edilmir. Bulusla Barnəba yollarına davam edərək Pergiyadan Pisidiyadakı Antakyaya, Qalatiya vilayətində yerləşən şəhərə gəldilər. Bu yolu aşmaq asan iş deyildi, çünki Pisidiya Antakyası dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşirdi. Həmçinin təhlükəli dağ yolları, adətən, quldurlarla dolu olurdu. Bu azmış kimi, ehtimal ki, həmin vaxt Bulusun səhhəti də yaxşı deyildih.

11, 12. Pisidiya Antakyasındakı sinaqoqda danışarkən Bulus dinləyicilərində necə maraq oyatdı?

11 Pisidiya Antakyasında Bulusla Barnəba şənbə günü sinaqoqa getdilər. Müqəddəs Kitabda deyilir: «Tövrat və Peyğəmbərlərin kitabı oxunduqdan sonra sinaqoqun rəisləri onların yanına adam göndərib soruşdular: “Qardaşlar, xalqı ruhlandırmağa sözünüz varsa, buyurun, söyləyin”» (Həv. 13:15). Bulus danışmaq üçün ayağa qalxdı.

12 Bulus nitqinin əvvəlində: «Ey israillilər və ürəyində Allah qorxusu olanlar»,— deyərək dinləyicilərə müraciət etdi (Həv. 13:16). Onu dinləyənlər yəhudilərdən və prozelitlərdən ibarət idi. Bulus İsanın Allahın niyyətində oynadığı rolu qəbul etməyən dinləyicilərində maraq oyatmaq üçün nə etdi? Birincisi, o, qısaca olaraq yəhudi xalqının tarixindən danışdı. Yehovanın «qürbətdə, Misir torpağında yaşayarkən» bu xalqı necə ucaltdığını və köləlikdən azad olduqdan sonra Allahın «qırx il ərzində səhrada onlara» necə dözdüyünü təsvir etdi. Bulus həmçinin israillilərin Vəd edilmiş diyara necə sahib olduqları, eləcə də Yehovanın torpağı onların arasında necə bölüşdürdüyü haqda danışdı (Həv. 13:17—19). Bəzilərinin fikrincə, ehtimal ki, Bulus bir neçə dəqiqə əvvəl şənbə ayininin bir hissəsi kimi, ucadan oxunan Müqəddəs Kitab parçasına istinad etmişdi. Əgər belə idisə, onda bu, Bulusun «hər cür adam üçün hər şey» olmağı bacardığına daha bir nümunədir (1 Kor. 9:22).

13. Şahidlik etdiyimiz insanların ürəyinə necə yol tapa bilərik?

13 Biz də təbliğ etdiyimiz insanlarda maraq oyatmağa çalışmalıyıq. Məsələn, insanın hansı dinə mənsub olduğunu bilsək, onun üçün xüsusilə maraqlı olan mövzuları seçmək bizə asan olacaq. Həmçinin biz Müqəddəs Kitabdan həmsöhbətimizə tanış olan hissələri sitat gətirə bilərik. İnsanın ayələri öz Müqəddəs Kitabından oxuması daha effektiv ola bilər. Şahidlik etdiyin insanların ürəyinə yol tapmaq üçün üsullar axtar.

14. a) Bulus İsa haqqında xoş xəbəri çatdırarkən sözünə necə başladı və o, dinləyicilərinə hansı xəbərdarlığı söylədi? b) Camaat Bulusun nitqinə necə hay verdi?

14 Sonra Bulus İsrail padşahlarının nəslindən xilaskar İsanın gəldiyi və Vəftizçi Yəhyanın onun gəlişinə yol hazırladığı haqqında danışdı. Bundan sonra Bulus İsanın necə öldürüldüyünü və dirildiyini təsvir etdi (Həv. 13:20—37). O dedi: «Bunu bilin ki, biz sizə bu adam vasitəsilə günahların əfvini bildiririk... İman gətirən hər kəs bu adamın vasitəsilə günahsız sayılır». Sonra həvari dinləyicilərinə xəbərdarlıq etdi: «Özünüzü gözləyin ki, Peyğəmbərlərin kitabında deyilən bu sözlər sizin başınıza gəlməsin: “Ey rişxəndçilər, baxın və mat qalın, məhv olun, çünki Mən sizin zəmanədə elə bir iş görəcəyəm ki, onun haqqında sizə ətraflı danışsalar da, əsla inanmayacaqsınız”». Bulusun nitqinin dinləyicilərdə oyatdığı təəssürat diqqətəlayiq idi. Müqəddəs Kitabda deyilir: «Camaat yalvar-yaxar edib onlardan xahiş etdi ki, gələn şənbə də bu haqda danışsınlar». Üstəlik, «sinaqoqdakılar dağılışandan sonra yəhudilərin və prozelitlərin arasından xeyli mömin adam Bulusla Barnəbanın dalınca getdi» (Həv. 13:38—43).

«Biz digər xalqlara üz tuturuq» (Həvarilərin işləri 13:44—52)

15. Növbəti şənbə günü nə baş verdi?

15 Növbəti şənbə günü «demək olar ki, bütün şəhər» Bulusa qulaq asmağa yığışdı. Bu, bəzi yəhudilərin xoşuna gəlmədi və onlar «küfr danışa-danışa Bulusun dediklərinə qarşı çıxmağa başladılar». Belə olduqda, Bulusla Barnəba cəsarətlə onlara dedi: «Allahın sözü ilk növbədə sizə çatdırılmalı idi. Madam ki siz bu sözü rədd edirsiniz və özünüzü əbədi həyata layiq hesab etmirsiniz, biz digər xalqlara üz tuturuq. Yehova bizə belə əmr edib: “Mən səni xalqlar üçün nur təyin etdim ki, yerin nəhayətlərinədək nicat aparasan”» (Həv. 13:44—47; Əşy. 49:6).

Həqiqətə qarşı çıxanlar Bulus və Barnəbanı Pisidiya Antakyasından qovur.

«Yəhudilər şəhərin... adamlarını qızışdırıb Bulus ilə Barnəbaya qarşı qaldırdılar... Şagirdlərin sevinci aşıb-daşır, onlar müqəddəs ruhla dolurdular» (Həvarilərin işləri 13:50—52)

16. Yəhudilər xoş xəbərin təbliğçilərinin kəskin sözlərinə necə münasibət göstərdilər və Bulusla Barnəba onların müqavimətlərinin qarşısında nə etdi?

16 Başqa xalqlardan olanlar sevindilər və «əbədi həyat yolunda yeriməyə meyli olanların hamısı iman gətirdi» (Həv. 13:48). Yehovanın sözü tezliklə bütün o əraziyə yayıldı. Yəhudilərin isə xoş xəbərə münasibəti tamamilə başqa cür oldu. Müjdəçilər mahiyyət etibarilə yəhudilərə dedilər ki, Allahın Kəlamı birinci onlara çatdırılsa da, onlar Məsihi rədd etdilər, buna görə də Allahın hökmünə uğrayacaqlar. Yəhudilər şəhərin hörmətli qadınlarını və nüfuzlu kişilərini «qızışdırıb Bulus ilə Barnəbaya qarşı qaldırdılar və onlar həvariləri öz torpaqlarından qovdular». Bəs Bulus və Barnəba nə etdi? Onlar «ayaqlarının tozunu çırpıb Konyaya getdilər». Bununla Pisidiya Antakyasında məsihiliyə son qoyuldumu? Qətiyyən! Orada qalan «şagirdlərin sevinci aşıb-daşır, onlar müqəddəs ruhla dolurdular» (Həv. 13:50—52).

17—19. Bulusla Barnəbanın qoyduğu gözəl nümunəni necə təqlid edə bilərik və bu bizə sevincimizi qorumağa necə kömək edəcək?

17 Bu sadiq insanların müqavimətlər qarşısında özlərini necə aparmasından özümüzə vacib dərs götürə bilərik. Hətta dünyanın nüfuzlu insanları bizə mane olmağa çalışanda belə biz təbliği dayandırmırıq. Əgər fikir verdinsə, Antakyadakı camaat xoş xəbəri rədd edəndə Bulusla Barnəba ayaqlarının tozunu çırpdı. Onlar bunu qəzəbləndikləri üçün yox, həmin insanların gələcəyinə görə məsuliyyət daşımadıqlarını göstərmək üçün etdilər. Bu şövqlü təbliğçilər başa düşürdülər ki, insanların xoş xəbərə necə münasibət göstərəcəyi onlardan asılı deyil. Onlardan asılı olan şey təbliğə davam edib-etməyəcəkləri idi. Buna görə də Konyaya çatana kimi onlar yolboyu təbliğ etdilər!

18 Bəs Antakyada qalan şagirdlər haqda nə demək olar? Düzdür, onları əhatə edən insanlar xoş xəbərə düşmən kəsilmişdi. Lakin onların sevinci başqalarının xəbərə yaxşı hay verməsindən asılı deyildi. İsa demişdi: «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:28). Pisidiya Antakyasındakı şagirdlər məhz bu cür davranmaq əzmində idilər.

19 Gəl Bulusla Barnəba kimi heç vaxt unutmayaq ki, biz xoş xəbəri təbliğ etmək məsuliyyətini daşıyırıq. Xəbəri qəbul edib-etməmək yalnız və yalnız təbliğ etdiyimiz adamın işidir. İnsanlar müjdəyə hay verməyəndə biz birinci əsrdəki şagirdlərin nümunəsini izləyə bilərik. Həqiqəti qiymətləndirsək və müqəddəs ruhun bizə rəhbərlik etməsinə yol versək, hətta təqiblər qarşısında belə sevincimizi qoruya bilərik (Qal. 5:18, 22).

«TƏSƏLLİ OĞLU» BARNƏBA

Yerusəlimdəki ilk məsihi yığıncağının nüfuzlu üzvlərindən biri də əslən kiprli və Lavi nəslindən olan Yusif idi. Həvarilər xasiyyətinə görə ona «təsəlli oğlu» mənasını daşıyan Barnəba adını da vermişdilər (Həv. 4:36). Barnəba dindaşlarından kiminsə ehtiyac içində olduğunu görəndə dərhal yardım əlini uzadırdı.

Barnəba ianə olaraq iki kisə pul verir.

Eramızın 33-cü ilinin Əllinci gün bayramında 3000 nəfər vəftiz olunub şagirdlərin sırasına qoşuldu. Ehtimal ki, onların çoxu Yerusəlimə bayramı qeyd etməyə gəlmişdi və orada uzun müddət qalmağı planlaşdırmamışdı. Bu qədər adamın tələbatını ödəmək üçün yığıncağın maddi yardıma ehtiyacı var idi. Buna görə də Barnəba öz torpaq sahəsini satıb, pulunu ianə olaraq həvarilərə verdi (Həv. 4:32—37).

Yetkin məsihi ağsaqqal kimi Barnəba can-dildən başqalarına əl tuturdu. Əvvəllər məsihiləri təqib etdiyi üçün bütün başqa şagirdlər tarslı Şauldan qorxanda onun köməyinə çatan məhz Barnəba olmuşdu (Həv. 9:26, 27). Bulus ona və Butrusa qeyri-yəhudi məsihilərə necə münasibət göstərməklə bağlı ciddi məsləhət verəndə Barnəba təvazökarlıqla həmin məsləhəti qəbul etmişdi (Qal. 2:9, 11—14). Bu bir neçə nümunə göstərir ki, Barnəba, həqiqətən də, özünün «təsəlli oğlu» adını doğruldurdu.

a «“Təsəlli oğlu” Barnəba» adlı çərçivəyə bax.

b Həmin vaxt Yerusəlimdən təxminən 550 kilometr şimalda yerləşən Suriya Antakyasına qədər uzanan ərazilərdə artıq yığıncaqlar var idi.

c «Yolda» adlı çərçivəyə bax.

d Birinci əsrdə, külək əlverişli istiqamətdə əsərdisə, gəmi bir günə 150 kilometr yol gedə bilərdi. Sərt hava şəraitində belə səyahətlər çox uzun sürərdi.

e «Yəhudi sinaqoqları» adlı çərçivəyə bax.

f Kipr Roma senatının idarəçiliyi altında idi. Adanı prokonsul rütbəli əyalət valisi idarə edirdi.

g Bu vaxtdan etibarən Şaula Bulus kimi müraciət olunur. Bəzilərinin fikrincə, bu Roma adını o, Sergi Paulusun şərəfinə götürmüşdü. Lakin Kiprdən getdikdən sonra da onun Bulus adı ilə çağırılması bunun başqa səbəbini üzə çıxarır — «digər xalqlara göndərilmiş bir həvari» olan Bulus o andan etibarən yalnız özünün Roma adı ilə çağırılmasını qərara aldı. Ehtimal ki, həmçinin onun ibrani adının, yəni Şaulun yunan dilində tələffüzü o dildə pis məna daşıyan sözlə çox oxşar olduğundan o, Bulus adından istifadə etmək qərarına gəldi (Rom. 11:13).

h Bulus «Qalatiyalılara» məktubu bu hadisədən bir neçə il sonra qələmə almışdı. Həmin məktubda o yazmışdı: «İlk dəfə müjdəni sizə çatdırmaq imkanını xəstə olanda tapmışdım» (Qal. 4:13).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş