«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
7—13 YANVAR
HİKMƏT XƏZİNƏSİNDƏN İNCİLƏR
nwtsty-E Hv 22:16 ayəsi üçün şərh
Onun adını çağır ki, günahların bağışlansın: İnsanın günahları vəftiz olunmaqla yox, İsanın adını çağırmaqla bağışlanır. Bu isə o deməkdir ki, insan İsaya iman gətirir və imanını məsihiyə yaraşan əməllərlə göstərir (Hv 10:43; Yq 2:14, 18).
SƏRİTƏLİ MÜJDƏİ OLUN
w10-E 2/1 s. 13
Məsihilər üçün tələbdirmi?
Məsih Qanunu tamlığı ilə yerinə yetirdi. Belə olan halda, məsihilər həftəlik şənbə qanununa riayət etməlidirlər? Həvari Bulus Allahın ruhunun təsirilə bu suala belə cavab vermişdi: «Bu səbəbdən, qoy heç kəs sizi yeməyə, içməyə görə, yaxud bir bayrama, təzə ay mərasiminə ya da şənbəyə görə mühakimə etməsin. Bütün bunlar gələcəkdəkilərin kölgəsidir, gerçəklik isə Məsihdədir» (Koloslulara 2:16, 17).
Bu sözlər göstərir ki, Allahın Öz xidmətçiləri üçün olan tələbləri dəyişilib. Səbəb ondadır ki, məsihilər yeni qanuna, «Məsihin qanununa» tabedirlər (Qalatiyalılara 6:2). Allahın Musa vasitəsilə İsrailə verdiyi əvvəlki Qanun İsa Məsihin ölümü ilə icra olundu və sona yetdi (Romalılara 10:4; Efeslilərə 2:15). Bəs şənbəyə riayət etmək əmri də sona yetdi? Bəli. Bulus: «Biz Qanunun tabeliyindən azad edilmişik» deyəndən sonra On əmrdən birini sitat gətirdi (Romalılara 7:6, 7). Beləliklə, şənbə ilə bağlı qanun da daxil olmaqla, On əmr sona yetən Qanunun bir hissəsi idi. Buna görə də daha Allahın xidmətçilərindən hər həftə şənbəyə riayət etmək tələb olunmur.
İsraillilərin ibadətinin ləğv olunub məsihi ibadətinin qüvvəyə minməsini belə bir nümunə əsasında izah etmək olar. Tutaq ki, hansısa ölkənin konstitusiyası dəyişdirilir. Yeni konstitusiya qüvvəyə minəndən sonra əvvəlki konstitusiyaya riayət etmək tələb olunmur. Yeni konstitusiyadakı bəzi qanunlar əvvəlkindəki kimi olsa da, digərləri fərqli ola bilər. Buna görə də indi hansı qanunlara riayət edilməli olduğunu bilmək üçün yeni konstitusiyanı diqqətlə öyrənmək lazımdır. Bundan başqa, nümunəvi vətəndaş yeni konstitusiyanın nə zaman qüvvəyə mindiyini bilməlidir.
Buna bənzər tərzdə, Yehova Allah İsrail xalqına, 10 əsas əmr daxil olmaqla, 600-dən çox qanun vermişdi. Bu qanunlar əxlaq, qurbanlar, sağlamlıq, şənbə və sairə sahələri əhatə edirdi. Lakin İsa demişdi ki, onun məsh olunmuş davamçıları yeni xalqı təşkil edəcəklər (Mətta 21:43). Eramızın 33-cü ilindən bu xalqın yeni «konstitusiyası» var. Bu konstitusiya iki əsas qanuna dayanır. Bu, Allaha və insanlara məhəbbətdir (Mətta 22:36—40). Düzdür, «Məsihin qanunundakı göstərişlərdən bəziləri İsrailə verilən göstərişlərə bənzəyir. Lakin bəziləri tamamilə fərqlənir, Qanundakı bəzi göstərişlər isə Məsihin qanununda ümumiyyətlə yoxdur. Şənbə günü ilə bağlı qanun da qüvvədən düşmüş qanunların sırasındadır.
14—20 YANVAR
Hikmət xəzinəsindən incilər
nwtsty-E Hv 23:6 ayəsi üçün şərh
Mən fərisiyəm: Orada olanlardan bəziləri Bulusu tanıyırdı (Hv 22:5). Onlar başa düşdülər ki, Bulus özünü fərisi oğlu adlandırmaqla əvvəllər onlardan biri olduğunu söyləyir. Sinedriondakı fərisilərə məlum idi ki, Bulus məsihiliyi qəbul edib şövqlü bir məsihi olub, buna görə də başa düşürdülər ki, o, özünü yalandan başqa cür təqdim etməyə çalışmır. Amma bu kontekstdə Bulusun «mən fərisiyəm» sözləri nisbi mənada başa düşülə bilər. Bulusun özünü sadduki yox, fərisi adlandırmasına səbəb o idi ki, o da fərisilər kimi dirilməyə inanırdı. Belə deməklə o, orada olan fərisilərlə ümumi dil tapdı. Görünür, o ümid edirdi ki, mübahisə doğuran bu mövzunun sayəsində Sinedrionun bəzi üzvləri onun gətirdiyi dəlillərlə razılaşacaq. Onun fəndi, doğrudan da, işə yaradı (Hv 23:7—9). Bulusun Hv 23:6 ayəsində yazılmış sözləri həm də sonradan Aqrippa padşahın hüzurunda özünü müdafiə edərkən özü haqda dediyi sözlərə uyğun gəlir (Hv 26:5). Romadan Filippidəki məsihilərə yazarkən Bulus yenə də əvvəllər fərisi olduğunu qeyd etmişdi (Fp 3:5). Maraqlıdır ki, Hv 15:5 ayəsinə əsasən, bəzi dindaşlara, hətta məsihi olandan sonra da, bir zamanlar fərisi təriqətinin üzvü olanlar kimi baxırdılar.
nwtsty-E Hv 24:24 ayəsi üçün şərh
Drusilla: Hv 12:1 ayəsində adı çəkilən Hirodun, yəni I Hirod Aqrippanın üçüncü və ən kiçik qızı. O, eramızın təxminən 38-ci ilində anadan olmuşdu və II Aqrippa ilə Bernikinin bacısı idi. (Lüğətdə «Hirod» yarımbaşlığına bax.) Vali Feliks onun ikinci əri idi. O, birinci dəfə Suriyanın Emesa şəhərinin padşahı Azizusa ərə getmişdi, amma təxminən 54-cü ildə, yəni haradasa 16 yaşında ondan boşanıb Feliksə getmişdi. Bulus Feliksin qarşısında «salehlik, təmkin və gələcəkdəki hökm haqqında» danışanda, ola bilsin, Drusilla da orada idi (Hv 24:25). Feliks vali vəzifəsini Festə verəndə «yəhudilərin gözündən düşməmək üçün» Bulusu dustaq saxladı. Bəzilərinin fikrincə, o, yəhudi olan gənc arvadını razı salmaq üçün belə etmişdi (Hv 24:27).
21—27 YANVAR
Hikmət xəzinəsindən incilər
nwtsty-E Hv 26:14 ayəsi üçün şərh
Çomağa qarşı təpik atmaqla: Çomaq heyvanı qovmaq üçün işlədilən ucubiz çubuq idi (Hk 3:31). «Çomağa qarşı təpik atmaq» ifadəsi yunan ədəbiyyatında rast gəlinən məsəldir. Bu onu bizləyən çomağa təpik atıb müqavimət göstərən və nəticədə zədələnən tərs öküz obrazına əsaslanır. Şaulun da məsihi olmazdan əvvəlki davranışı buna bənzəyirdi. Yehova Allahın dayaq olduğu məsihilərə qarşı çıxmaqla o özünə xətər yetirə bilərdi. (Hv 5:38, 39; 1Tm 1:13, 14 ayələri ilə müqayisə et.) Vz 12:11 ayəsində çomaq sözü məcazi mənada işlənir və insanı məsləhətə əməl etməyə təşviq edən müdriklərin sözlərini bildirir.
Çomaq. Çomaq heyvanı qovmaq üçün işlədilən uzun, metal ucluqlu, ucubiz çubuq idi. Çomaq insanı ağıllı məsləhətə əməl etməyə təşviq edən müdrik adamın sözlərilə müqayisə olunur. «Çomağa qarşı təpik atmaq» ifadəsi tərs öküzün onu bizləyən çomağa təpik atıb müqavimət göstərməsindən əmələ gəlib. Belə öküz nəticədə özünə xətər yetirir (Hv 26:14; Hk 3:31).
28 YANVAR — 3 FEVRAL
Hikmət xəzinəsindən incilər
nwtsty-E Hv 27:9 ayəsi üçün şərh
Kəffarə günü orucu: Yaxud: «payız orucu». Hərfən «oruc». «Oruc» sözünün yunan dilində olan bu ekvivalenti Tövratda tələb olunan yalnız bir oruca, yəni hər il qeyd olunan Kəffarə günündəki (həmçinin «Yum Küpür» ibr. yom hakkippurim, «örtmələr günü») oruca aid işlənir. (Lv 16:29—31; 23:26—32; Sy 29:7. Lüğətdə «Kəffarə günü» yarımbaşlığına bax.) Kəffarə günü ilə bağlı işlənən «canına cəfa vermək» ifadəsinin, oruc da daxil olmaqla, müxtəlif məhrumiyyətləri ehtiva etdiyi hesab olunur (Lv 16:29, haş.). Hv 27:9 ayəsində «oruc» sözünün işlənməsi Kəffarə günü məhrumiyyətlərinin ən əsasının oruc olduğu fikrini təsdiq edir. Kəffarə günü orucu sentyabrın axırına, ya da oktyabrın əvvəlinə düşürdü.
nwtsty-E Hv 28:11 ayəsi üçün şərh
Zevs oğulları: Yunan və Roma mifologiyasına əsasən, «Zevs oğulları» (yunanca, Dioskovroy) Kastor və Polluks idi. Onlar Zevslə (Yupiter) Sparta məlikəsi Ledanın əkiz oğulları idi. Digər şeylərlə yanaşı, onlara gəmiçilərin hamisi kimi baxır, onların dənizdə təhlükə ilə üzləşən gəmiçiləri xilas etməyə qadir olduğu hesab olunurdu. Gəminin burnunda bu bəzəyin olduğunun deyilməsi bu hadisəni gözü ilə görmüş adamın qələm aldığına digər bir sübutdur.