‘Rəbdə qüvvətlənin’
“Rəbdə və Onun üstün qüdrətində qüvvətlənin” (EFESLİLƏRƏ 6:10).
1. a) Təxminən 3 000 il bundan əvvəl hansı qeyri-adi döyüş baş vermişdi? b) Nə üçün qələbə çalan Davud olmuşdu?
TƏXMİNƏN 3 000 il bundan əvvəl düşmən ordunun iki nümayəndəsi bir-birləri ilə vuruşmaq üçün döyüş meydanına çıxdılar. Onlardan biri Davud adlı gənc çoban idi. Onunla döyüşə çıxan isə qeyri-adi qüvvəyə malik olan nəhəng Qolyat idi. O, təxminən 57 kiloqram ağırlığında zireh geyinmişdi. Onun əlində ağır nizəsi və böyük qılıncı vardı. Davudun isə heç bir zirehi yox idi, onun yeganə silahı sapand idi. Döyüş meydanına yeniyetmə gəncin çıxması filistimli pəhləvanı təhqir etmişdi (1 Samuel 17:42-44). Ehtimal ki, baş verənləri müşahidə edənlər üçün elə gəlirdi ki, döyüşün nəticəsi artıq bəllidir. Lakin döyüşün nəticəsini həmişə fiziki qüvvə müəyyən etmir (Vaiz 9:11). Qələbə çalan Davud oldu, çünki o, Yehovanın qüvvəsi ilə döyüşürdü. “Cəng Rəbbindir” — demişdi Davud. Beləliklə, Müqəddəs Kitabda deyildiyi kimi, “Davud Filistimlini sapandla və daşla yendi” (1 Samuel 17:47, 50).
2. Məsihçilər hansı döyüşdə iştirak edirlər?
2 Məsihçilər müharibələrdə iştirak etmirlər. Onlar bütün insanlarla sülhdə olmağa çalışırlar, lakin eyni zamanda da olduqca güclü düşmənlə ruhani mübarizə aparırlar (Romalılara 12:18). Hər bir məsihçinin iştirak etdiyi bu döyüş haqqında Pavel Efeslilərə yazdığı məktubun sonuncu fəslində xatırladır: “Mübarizəmiz qan və ətə qarşı deyildir, ancaq rəyasətlərə, hakimiyyətlərə, bu qaranlıq dünyanın hökmranlarına, yə’ni səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır” (Efeslilərə 6:12).
3. Efeslilərə 6:10 ayəsinə əsasən qələbə çalmaq üçün bizə nə gərəkdir?
3 Bu “pis ruhi qüvvələr”, bizim Yehova Allahla münasibətlərimizi pozmaq istəyən Şeytan və onun cinləridir. Onlar bizdən olduqca güclü olduqları üçün vəziyyətimiz Davudun vəziyyətinə bənzəyir: Allahın qüvvəsinə bel bağlamadan qələbə çala bilmərik. Pavel bizi “Rəbbdə və Onun üstün qüdrətində” qüvvətlənməyə əbəs yerə təşviq etmirdi (Efeslilərə 6:10). Həvari bu nəsihətdən sonra sayəsində qələbə çala biləcəyimiz ruhani zirehləri təsvir edir və məsihçi keyfiyyətlərini sadalayır (Efeslilərə 6:11-17).
4. Bu məqalədə hansı iki vacib fikri nəzərdən keçirəcəyik?
4 Gəlin Müqəddəs Yazılarda düşmənimizin gücü və taktikası haqqında nə deyildiyini nəzərdən keçirək. Sonra isə özümüzü qorumaq üçün hansı addımları ata biləcəyimizi müzakirə edəcəyik. Əgər Yehovanın rəhbərliyinə riayət etsək, əmin ola bilərik ki, düşmənlərimiz bizə qalib gələ bilməyəcəklər.
Pis ruhi qüvvələrə qarşı mübarizə
5. Efeslilərə 6:12 ayəsində istifadə olunan “mübarizə” sözü bizə Şeytanın əl atdığı üsulları barədə nə deyir?
5 Pavel deyir ki, “mübarizəmiz... səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır”. Bu qüvvələrin başında duran “cinlərin rəisi” olan Şeytan İblisdir (Matta 12:24-26). Müqəddəs Kitabda pis ruhi qüvvələrə qarşı mübarizəmiz savaşla — əlbəyaxa döyüşlə müqayisə olunur. Qədim Yunanıstanda güləş üzrə yarışda hər bir güləşçi öz rəqibini müvazinətdən çıxarmağa və onu yerə vurmağa çalışırdı. Eləcə də İblis istəyir ki, biz ruhani müvazinətimizi itirək. O, öz məqsədinə necə çata bilər?
6. Şeytanın bizim imanımızı hansı üsullarla qırmağa çalışdığını Müqəddəs Kitabın vasitəsilə göstərin.
6 İblis “ilan” kimi, “nə’rə çəkən... aslan” kimi hərəkət edə, hətta “nur mələyi” cildinə girə bilər (2 Korinflilərə 11:3, 14; 1 Peter 5:8). Bə’zən bizi tə’qib etmək üçün, yaxud bizi ruhdan salmaq üçün insanlardan da istifadə edə bilər (Vəhy 2:10). Öz istək və arzuları ilə olan dünya bütünlüklə Şeytanın ixtiyarındadır və onların köməyi ilə o bizi öz tələsinə salmağa çalışır (2 Timoteyə 2:26; 1 Yəhya 2:16; 5:19). O, Həvvanı necə aldatmışdısa, eləcə də bizi bu dünyanın düşüncə tərzindən və ruhundan, həmçinin dönük ideyalarından istifadə edərək azdırmağa çalışır (1 Timoteyə 2:14).
7. Cinlər nəyi edə bilməzlər və biz hansı üstünlüyə malikik?
7 Kənardan Şeytanın və onun cinlərinin güclü silaha və böyük qüvvəyə malik olduqları görünsə də, onların imkanı məhduddur. Bu ruhlar bizi səmavi Atamıza məqbul olmayan pis əməllər törətməyə məcbur edə bilməzlər. Biz iradə azadlığına malikik və öz fikirlərimizi və hərəkətlərimizi idarə etmək iqtidarındayıq. Bundan savayı, biz təkbaşına mübarizə aparmırıq. Elişanın günlərində olduğu kimi, bizim günlərdə də “bizimlə olanlar, onlarla olanlardan çoxdur” (2 Krallar 6:16). Müqəddəs Kitab bizi əmin edir ki, əgər biz Allaha tabe olub, İblisə qarşı dursaq, o bizdən qaçacaqdır (Yaqub 4:7).
Şeytanın fitnələrindən bixəbər deyilik
8, 9. Şeytan Eyubun imanını zəiflətməyə çalışaraq onu hansı sınaqlara çəkdi və biz bu gün hansı ruhani təhlükələrlə üzləşirik?
8 Şeytanın əməlləri bizə mə’lumdur, çünki Müqəddəs Yazılar onun əsas tələlərini bizə açıqlayır (2 Korinflilərə 2:11). Məsələn, İblis saleh Eyubun başına çox bəlalar gətirdi. Eyub böyük maddi ziyana düşdü, yaxınlarını itirdi, ailəsi tərəfindən müqavimətlərə mə’ruz qaldı, ağır xəstəliyə düçar oldu, habelə ikiüzlü dostlarının əsassız ittihamlarını da dinləməli oldu. O, çox mə’yus olmuşdu və ona elə gəlirdi ki, Allah onu tərk edib (Eyub 10:1, 2). Hərçənd demək olmaz ki, bu gün belə problemlər birbaşa İblis tərəfindən törədilir, lakin məsihçilər bu kimi problemlərlə qarşılaşırlar, İblis isə bundan istifadə edir.
9 Bu son günlərdə hər yerdə ruhani təhlükə ilə üzləşirik. Biz elə bir dünyada yaşayırıq ki, insanların maddi şeylərin qayğısını çəkməkdən ruhani işlərə vaxtları qalmır. Televiziya və jurnallarda cinsi əxlaqsızlıq mə’yusluq və qəlb ağrıdan bir şey kimi deyil, xoşbəxtlik gətirən bir şey kimi təsvir edilir. Və insanların əksəriyyəti ‘zövqü Allahdan çox sevirlər’ (2 Timoteyə 3:1-5). Bu cür əhval-ruhiyyənin bizi ruhani müvazinətdən çıxarmaması üçün iman uğrunda güclü mübarizə aparmağımız gərəkdir (Yəhuda 3).
10-12. a) Əkinçi haqqındakı məsəli çəkməklə İsa hansı xəbərdarlığı etmişdir? b) Bir nümunənin əsasında bu dünyanın bizim ruhani cəhdlərimizi necə boğa bildiyini göstərin.
10 Şeytanın ən tə’sirli tələlərindən biri bu dünyanın işlərinin və qayğılarının bizi tamamilə özünə cəlb etməsidir. Əkinçi barədə məsəli danışdıqdan sonra İsa xəbərdarlıq etdi ki, bu “dünyanın qayğısı və zənginliyin aldadıcılığı [Padşahlıq haqqındakı] kəlamı boğur” (Matta 13:18, 22). Burada “boğmaq” kimi tərcümə edilmiş yunan sözü “tam boğmaq” mə’nasını verir.
11 Tropik meşələrdə boğan fikus bitkisini görmək olar. O başqa ağacın gövdəsinə sarmaşaraq yavaş-yavaş böyüyür. Fikusun kökləri ağacı hər tərəfdən sıxışdıraraq, tədricən qüvvətlənir və uzanır. Vaxtilə boğan fikusun kökləri torpaqdan qidalandırıcı maddələrin çoxunu özünə çəkir, onun çətiri isə işığın qarşısını tamamilə alır. Nəticədə ağac məhv olur.
12 Bunun kimi, bu sistemin narahatçılıqları, var-dövlətə hərislik və rahat həyat tərzinə can atmaq bizim vaxtımızı və qüvvəmizi get-gedə daha çox ala bilər. Əgər diqqətimizi bu dünyanın işlərinə yönəltsək, onda Müqəddəs Kitabı şəxsən öyrənməyimiz və məsihçi görüşlərində iştirakımız asanlıqla ikinci plana keçər, biz isə ruhani qidadan məhrum ola bilərik. Maddi məqsədlər ruhani fəaliyyəti sıxışdırır və nəticədə biz Şeytan üçün asan qənimət ola bilərik.
İblisə qarşı durun
13, 14. Şeytan bizə hücum edən zaman nə etməliyik?
13 Pavel həmimanlılarını “İblisin hiylələrinə qarşı” durmağa təşviq edirdi (Efeslilərə 6:11). Sözsüz ki, biz İblisi və onun cinlərini məhv etmək iqtidarında deyilik. Bu tapşırığı Allah İsa Məsihə həvalə edib (Vəhy 20:1, 2). Amma nə qədər ki, Şeytan hakimiyyət başındadır biz onun hücumlarına qarşı durmalıyıq.
14 Həvari Peter də Şeytana qarşı durmağın vacibliyini vurğulamışdı. O yazırdı: “Ayıq durun, sayıq olun. Çünki düşməniniz olan şeytan, nə’rə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi gəzir. Möhkəm imanla ona qarşı durun və bilin ki, dünyadakı qardaşlarınız da eyni əzabları çəkirlər” (1 Peter 5:8, 9). Qeyd etmək lazımdır ki, İblis nə’rə çəkən aslan kimi hücum edən zaman ruhani bacı-qardaşlarımızın köməyi olmasa, tab gətirmək mümkün olmaz.
15, 16. Həmimanlıların dayaq olmasının İblisə qarşı durmaqda bizə necə kömək etdiyini Müqəddəs Kitabın nümunəsi əsasında göstərin.
15 Afrika savannalarının yaxınlığında aslanın nəriltisi gələn kimi, antiloplar adətən dərhal təhlükədən uzaqlaşana qədər böyük sür’ətlə qaçırlar. Fillər isə bir-birlərinə dayaq olmaqda yaxşı nümunə verirlər. Bir kitabda deyilir: “Bir qayda olaraq fil sürüsü müdafiə məqsədilə dövrə qurur. Böyüklər düşməni qarşılaya biləcək dairə yaradır, kiçiklər isə dairənin içində təhlükəsizlikdə qalırlar” (“Elephants—Gentle Giants of Africa and Asia”). Bu cür qüvvəni və birliyi görən aslanlar fillərə, hətta balaca fillərə də çox az hallarda hücum edirlər.
16 Bizi Şeytan və onun cinləri qorxudan zaman, bizə də imanda möhkəm duraraq bir yerdə olmaq və qardaşlarımızla çiyin-çiyinə qalmaq gərəkdir. Pavel Romada zindana atıldığı zaman onun üçün “dayaq” (YD) olan həmimanlılarının adlarını bir-bir sadalamışdı (Koloslulara 4:10, 11). Burada “dayaq” kimi tərcümə edilən yunan sözünə Yunanca Müqəddəs Yazılarda bir dəfə rast gəlinir. Vaynın lüğətində izah edilir: “Bu sözün fe’li forması əsəbiləşməni yüngülləşdirən dərman mə’nasını daşıyır” (“Expository Dictionary of New Testament Words”). Yehovanın yetkin xidmətçilərinin bizə dayaq olması, yumşaldıcı maz kimi, emosional və fiziki əzablarımızı yüngülləşdirə bilər.
17. Allaha sadiq qalmaqda bizə nə kömək edə bilər?
17 Həmimanlılarımızın bizi ruhlandırması Allaha sədaqətlə xidmət etmək qərarında bizi möhkəmləndirir. Xüsusilə məsihçi ağsaqqallar ruhani köməyi göstərməkdə təşəbbüsü öz üzərlərinə götürürlər (Yaqub 5:13-15). Allaha sadiqliyimizi qorumaq üçün Müqəddəs Kitabı müntəzəm olaraq öyrənmək, yığıncaq görüşlərində və konqreslərdə iştirak etmək lazımdır. Bundan əlavə Allahla sıx münasibətlərdə olmaq vacibdir. Yesək də, içsək də, yaxud başqa bir şey etsək də gərək hər şeyi Allahın izzəti üçün edək (1 Korinflilərə 10:31). Və təbii ki, həqiqət yolundan çıxmamaq üçün, biz dua edərək Yehovaya güvənməliyik (Məzmur 37:5).
18. Çətinliklər ucbatından gücümüz qalmasa da, Allaha məqbul olan şeyləri etməyə nəyə görə davam etməliyik?
18 Hərdən Şeytan ruhən zəif olduğumuz zaman bizə hücum edir. Aslan da zəif heyvana hücum edir. Ailədəki problemlər, iqtisadi çətinliklər və ya xəstəlik ruhani cəhətdən bizi gücdən sala bilər. Lakin gəlin Allaha məqbul olan şeyləri etməyə davam edək, necə ki, Pavel demişdir: “Mən zəif olduğum zaman qüvvətliyəm” (2 Korinflilərə 12:10; Qalatiyalılara 6:9; 2 Saloniklilərə 3:13). O, bununla nə demək istəyirdi? Onu demək istəyirdi ki, kömək üçün Yehovaya müraciət etsək, zəifliklərimizə baxmayaraq, güclü ola bilərik. Davudun Qolyatın üzərində çaldığı qələbə onu göstərir ki, Allah həqiqətən də Öz xidmətçilərini möhkəmləndirməyə qadirdir. Yehovanın müasir dövrdə yaşayan Şahidləri ən çətin anlarda öz üzərlərində Allahın qüvvətli əlini necə hiss etdiklərini danışa bilərlər (Daniel 10:19).
19. Yehovanın Öz xidmətçilərini möhkəmləndirdiyinə dair bir nümunə çəkin.
19 Bir ər-arvad Allahın köməyi haqqında yazmışdır: “Yehovaya birgə xidmət etdiyimiz illər ərzində biz Ondan bol-bol xeyir-dualar alıb, çoxlu gözəl insanlarla tanış olmuşuq. Çətinliklərlə qarşılaşdığımız zaman Yehova onların öhdəsindən müvəffəqiyyətlə gəlməyi öyrədir və bizi möhkəmləndirirdi. Eyub kimi biz də bu və ya digər hadisənin nəyə görə baş verdiyini həmişə başa düşə bilmirdik, amma onu bilirdik ki, Yehova kömək etməyə həmişə hazır idi”.
20. Yehovanın həmişə Öz xalqına dayaq olması Müqəddəs Kitabda necə göstərilir?
20 Yehovanın əli o qədər qısa deyil ki, sadiq xidmətçilərinə dayaq olub, onları möhkəmləndirə bilməsin (İşaya 59:1). Məzmurçu Davud oxuyurdu: “Rəbb yıxılanların hamısına dayaqdır, qəddi əyilənlərin hamısını qaldırır” (Məzmur 145:14, MKŞ). Bizim səmavi Atamız ‘hər gün yükümüzü daşıyır’ və bizi bütün lazımi şeylərlə tə’min edir (Məzmur 68:19).
“Allahın bütün zirehləri” gərəkdir
21. Pavel ruhani zirehlərin vacibliyini necə vurğuladı?
21 Biz Şeytanın bə’zi tələlərini nəzərdən keçirdik və gördük ki, onun hücumlarına qarşı durmaq vacibdir. İndi isə imanımızı müvəffəqiyyətlə müdafiə etməyə, Şeytanın fitnələrinə qarşı durmağa və pis ruhi qüvvələrə qarşı mübarizədə qələbə çalmağa kömək edən daha bir vacib üsula diqqət yetirməyə dəyər. Onun haqqında Pavel efeslilərə olan məktubunda iki dəfə xatırladır. O yazırdı: “İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın bütün zirehlərini geyinin... Allahın bütün zirehlərini götürün ki, siz pis gündə müqavimət göstərib, əlinizdən gələn hər şeyi etdikdən sonra yerinizdə dura biləsiniz” (Efeslilərə 6:11, 13).
22, 23. a) Bizim ruhani zirehlərimizə nə daxildir? b) Növbəti məqalədə biz nəyi nəzərdən keçirəcəyik?
22 Bəli, bizə “Allahın bütün zirehlərini” geyinmək lazımdır. Pavel Efeslilərə məktubu yazdığı zaman onu romalı əsgər qoruyurdu və olsun ki, bu əsgər hərdən bütün zirehlərini geyinirdi. Lakin məhz Allah həvari Pavelə ilham vermişdi ki, Yehovanın hər bir xidmətçisi üçün həyati vacib olan ruhani zirehləri təsvir etsin.
23 Allahdan olan zirehlər məsihçidə olmalı keyfiyyətləri, həmçinin Allahın verdiyi ruhani zirehləri özünə daxil edir. Növbəti məqalədə ruhani zirehlərin hər bir elementini nəzərdən keçirəcəyik. Bu, ruhani müharibəyə yaxşı hazır olub-olmadığımızı müəyyən etməyə kömək edəcəkdir. Həmçinin görəcəyik ki, İsa Məsihin gözəl nümunəsi Şeytan İblisə müvəffəqiyyətlə qarşı durmaqda bizə necə kömək edir.
Siz necə cavab verərdiniz?
• Məsihçilərin hamısı hansı döyüşdə iştirak edir?
• Şeytanın bə’zi tələlərini təsvir edin.
• Həmimanlıların dayaq olması bizi necə möhkəmləndirə bilər?
• Kimin qüvvəsinə bel bağlaya bilərik və nəyə görə?
[9-cu səhifədəki şəkillər]
Məsihçilər “pis ruhi qüvvələrə” qarşı mübarizə aparırlar.
[10-cu səhifədəki şəkil]
İndiki sistemin narahatçılıqları Padşahlıq haqqındakı kəlamı boğmağa qadirdir.
[11-ci səhifədəki şəkil]
Həmimanlılar bir-birlərinə dayaq ola bilərlər.
[12-ci səhifədəki şəkil]
Allahdan güc istəyirsənmi?