Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr20 yanvar s. 1—10
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2020
  • Başlıqlar
  • 6—12 YANVAR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 1, 2
  • «Yehova yer üzündə həyat yaradır»
  • it-1-E s. 527—528
  • Yaradılış
  • it-1-E s. 528, abz. 5—8
  • Yaradılış
  • Hikmət xəzinəsindən incilər
  • w15-E 1/6, s. 5
  • Elmin həyatınızda rolu
  • Yerin və kainatın yaşı
  • it-2-E s. 52
  • İsa Məsih
  • Müqəddəs Kitab qiraəti
  • 13—19 YANVAR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 3—5
  • w17.02 s. 5, abz. 9
  • Yehovanın niyyəti mütləq çin olacaq!
  • w00-E 15/11 s. 25—26
  • İlk cütlükdən ibrət alaq
  • Adəm arvadına qulaq asır
  • w12-E 1/9 s. 4, abz. 2
  • Allah qadınların qayğısına qalırmı?
  • Allah qadınları lənətləyib?
  • w04 1/1 s. 30, abz. 2
  • “Təkvin” kitabından diqqətəlayiq fikirlər — I hissə
  • it-2-E s. 186
  • Doğuş sancıları
  • Hikmət xəzinəsindən incilər
  • it-2-E s. 192, abz. 5
  • Ləmek
  • it-1-E s. 338, abz. 2
  • Küfr
  • Müqəddəs Kitab qiraəti
  • 20—26 YANVAR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 6—8
  • «O elə də etdi»
  • w18.02 s. 4, abz. 4
  • Nuh, Dənyal və Əyyubun iman və itaətkarlığını örnək alaq
  • w13-E 1/4 s. 14, abz. 1
  • O, Allahın yolu ilə gedirdi
  • w11 15/9 s. 18, abz. 13
  • Yarışda dözümlə qaç
  • Hikmət xəzinəsindən incilər
  • w04 1/1 s. 30, abz. 7
  • “Təkvin” kitabından diqqətəlayiq fikirlər — I hissə
  • w04 1/1 s. 31, abz. 1
  • “Təkvin” kitabından diqqətəlayiq fikirlər — I hissə
  • Müqəddəs Kitab qiraəti
  • 27 YANVAR — 2 FEVRAL
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 9—11
  • it-1-E s. 239
  • Böyük Babil
  • it-2-E s. 202, abz. 2
  • Dil
  • it-2-E s. 202, abz. 3
  • Dil
  • it-2-E s. 472
  • Xalqlar
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 1023, abz. 4
  • Ham
  • it-2-E 503
  • Nəmrud
  • Müqəddəs Kitab qiraəti
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2020
mwbr20 yanvar s. 1—10

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

6—12 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 1, 2

«Yehova yer üzündə həyat yaradır»

(Yaradılış 1:3, 4) Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. 4 Allah gördü ki, işıq yaxşıdır. O, işıqla qaranlığı bir-birindən ayırdı.

(Yaradılış 1:6) Allah dedi: «Qoy suların arasında fəza olsun və onları iki yerə ayırsın».

(Yaradılış 1:9) Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın və quru görünsün». Belə də oldu.

(Yaradılış 1:11) Sonra Allah dedi: «Qoy yerdə ot-ələf, toxum verən bitkilər və növünə görə tumlu meyvə gətirən ağaclar bitsin». Belə də oldu.

it-1-E s. 527—528

Yaradılış

Görünür, Allah birinci gün «qoy işıq olsun» deyəndə səpələnmiş işıq bulud laylarına nüfuz etməyə başladı, ancaq işığın mənbəyi olan cisimlər hələ yerdən görünmürdü. Görünür, bu proses tədricən gedirdi. Bir tərcümədə Yaradılış 1:3 ayəsi məhz belə tərcümə edilib: «Tədricən işıq mövcud oldu» («A Distinctive Translation of Genesis»). Allah işıqla qaranlığı bir-birindən ayırdı, işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Bu göstərir ki, Yer Günəş ətrafında dövr edə-edə həm də öz oxu ətrafında fırlanır və beləcə, onun şərq və qərb yarımkürəsində həm işıq, həm də qaranlıq olur (Yr 1:3, 4).

İkinci gün Allah suları iki yerə ayırıb, fəza yaratdı. Suların bir qismi yerdə qaldı, amma xeyli hissəsi yerin səthindən yuxarı qalxdı, onların arasında isə fəza əmələ gəldi. Allah fəzanı «göy» adlandırdı, amma bu, yerə nəzərən göy idi, çünki fəzadan yuxarıda olan suların kosmosda olan ulduzları və digər cisimləri əhatə etdiyi deyilmir (Yr 1:6—8).

Üçüncü gün Allahın möcüzəvi qüdrətilə yerdəki sular bir yerə yığıldı, quru torpaq peyda oldu. Allah qurunu «yer» adlandırdı. Həmçinin həmin gün Allah materiyadakı atomlara həyat verdi, beləcə, ot-ələf, bitkilər və meyvələr yarandı. Bütün bunlarda nə təsadüfün rolu oldu, nə də Allah təkamüldən istifadə etmədi. Bu üç ümumi bölgüyə daxil olan hər bir şey «növünə görə» artmağa qabil idi (Yr 1:9—13).

(Yaradılış 1:14) Sonra Allah dedi: «Qoy gündüzü gecədən ayırmaq üçün göydə işıq saçan cisimlər peyda olsun. Onlar bir əlamət olub fəsilləri, günləri, illəri göstərsinlər.

(Yaradılış 1:20) Sonra Allah dedi: «Qoy sular canlılarla dolsun və göy üzündə qanadlı məxluqlar uçsun».

(Yaradılış 1:24) Sonra Allah dedi: «Qoy yer cinsinə görə canlılar — ev heyvanları, vəhşi heyvanlar və sürünən heyvanlar əmələ gətirsin». Belə də oldu.

(Yaradılış 1:27) Beləliklə, Allah insanı Öz bənzərində, Özünə oxşar yaratdı, onları kişi və qadın olaraq yaratdı.

it-1-E s. 528, abz. 5—8

Yaradılış

Onu da qeyd etmək lazımdır ki, Yaradılış 1:16 ayəsində «yaratmaq» mənasını verən ibrani sözü «bara» yox, «düzəltmək» mənasını verən ibrani sözü «asaha» işlənib. Günəş, ay və ulduzlar Yaradılış 1:1 ayəsində deyilən «göy»ə daxil olduğundan, onlar dördüncü gündən çox-çox əvvəl yaradılmışdılar. Dördüncü gün Allah bu səmavi cisimləri o mənada düzəltdi ki, onlar yerin səthinə və onun üstündə olan fəzaya nəzərən yeni rolu icra itməyə başladılar. «Allah onları göydə yerləşdirdi ki, yerə işıq saçsınlar» deyiləndə isə o nəzərdə tutulur ki, indi onlar həmin fəzada yerləşirmiş kimi yerin səthindən görünürdülər. Həmçinin onlar bir əlamət olub, fəsilləri, günləri, illəri göstərəcəkdilər, beləcə, müxtəlif yollarla insana bələdçilik edəcəkdilər (Yr 1:14).

Beşinci gün yerdə ilk canlıların yaradılması ilə əlamətdar idi. Allah sadəcə olaraq bir məxluqun təkamül edib digər canlılara çevrilməsini niyyət etmədi, həmin vaxt Allahın qüdrətilə sürülərlə canlı peyda oldu. Müqəddəs Kitabda deyilir: «Allah nəhəng dəniz heyvanlarını, cinsinə görə sularda qaynaşan canlıları və cinsinə görə hər cür qanadlı məxluqu yaratdı». Yaratdıqlarından məmnun olan Allah onlara xeyir-dua verdi və onlara «çoxalın» dedi. Bu, mümkün idi, çünki müxtəlif cinslərə aid olan bu məxluqlara Allah öz cinsinə uyğun törəmək qabiliyyəti vermişdi (Yr 1:20—23).

Altıncı gün «Allah cinsinə görə vəhşi heyvanları, cinsinə görə ev heyvanlarını və cinsinə görə sürünən heyvanları yaratdı». Bu iş də Allahın əvvəlki yaradıcılıq işləri kimi, yaxşı idi (Yr 1:24, 25).

Yaradıcılıq fəaliyyətinin altıncı gününün sonuna yaxın Allah tamamilə yeni bir məxluq yaratdı. Bu məxluq mələklərdən aşağı olsa da, heyvanlardan üstün idi. Bu, Allahın Öz bənzərində, Özünə oxşar yaratdığı insan idi. Yaradılış 1:27 ayəsində insanlar barədə qısaca deyilir ki, Allah «onları kişi və qadın olaraq yaratdı». Yaradılış 2:7—9 ayələrində isə açıqlanır ki, Yehova Allah insanı torpaqdan yaratdı, onun burnuna həyat nəfəsi üfürdü, beləcə, insan canlı varlıq oldu və cənnət evi ilə, cürbəcür qidalarla təmin edildi. Bu halda Yehova yaradıcılıq işində yerin elementlərindən istifadə edib, kişini yaratdı, sonra isə onun qabırğasından birinin əsasında qadını yaratdı (Yr 2:18—25). Qadının yaranmasıyla ayrıca bir «növ» insan meydana gəldi (Yr 5:1, 2).

Hikmət xəzinəsindən incilər

(Yaradılış 1:1) Başlanğıcda Allah göyü və yeri yaratdı.

w15-E 1/6, s. 5

Elmin həyatınızda rolu

Yerin və kainatın yaşı

Alimlərin hesablamalarına görə, Yerin təxminən 4 milyard yaşı var, kainat isə təxminən 13—14 milyard il bundan əvvəl yaranıb. Müqəddəs Kitabda kainatın yaradılmasının tarixi yazılmayıb. Heç bir ayədə Yer kürəsinin bir neçə min il yaşı olduğu deyilmir. Müqəddəs Kitabın ilk ayəsində yazılıb: «Başlanğıcda Allah göyü və yeri yaratdı» (Yr 1:1). Bu ümumi sözlər alimlərə elmi faktlara uyğun olaraq kainatın yaşını müəyyən etməyə imkan verir.

(Yaradılış 1:26) Sonra Allah dedi: «Bizə bənzəyən insan yaradaq, qoy o, dənizdəki balıqlara, göydəki qanadlı məxluqlara, ev heyvanlarına, bütün yer üzünə və yer üzündə sürünən heyvanların hamısına hökmranlıq etsin».

it-2-E s. 52

İsa Məsih

Yaradan deyil. Oğulun yaradılış işlərində iştirak etməsi o demək deyil ki, o da Atası kimi, Yaradandır. Allah müqəddəs ruhu, yəni qüvvəsi ilə yaratmaq üçün güc verirdi (Yr 1:2; Zb 33:6). Yehova həyatın Mənbəyi olduğu üçün görünən və görünməyən bütün canlılar həyatını Ona borcludur (Zb 36:9). Deməli, Oğul yaradan yox, vasitə, yaxud alət rolunu oynayıb. Yaradan olan Yehova onun vasitəsilə işləyib. Müqəddəs Kitabda deyildiyi kimi, İsa özü də Yehovanın Yaradan olduğunu demişdi (Mt 19:4—6).

Müqəddəs Kitab qiraəti

(Yaradılış 1:1—19) Başlanğıcda Allah göyü və yeri yaratdı. 2 Yer quruluşsuz və boş idi, dərin suların üzərində qaranlıq hökm sürürdü; Allahın ruhu suların üzərində hərəkət edirdi. 3 Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. 4 Allah gördü ki, işıq yaxşıdır. O, işıqla qaranlığı bir-birindən ayırdı. 5 Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər oldu. Bu, birinci gün idi. 6 Allah dedi: «Qoy suların arasında fəza olsun və onları iki yerə ayırsın». 7 Allah fəzanı yaratdı və onun altındakı suları üstündəki sulardan ayırdı. Belə də oldu. 8 Allah fəzanı «göy» adlandırdı. Axşam oldu, səhər oldu. Bu, ikinci gün idi. 9 Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın və quru görünsün». Belə də oldu. 10 Allah qurunu «yer», bir yerə yığılmış suları isə «dəniz» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır. 11 Sonra Allah dedi: «Qoy yerdə ot-ələf, toxum verən bitkilər və növünə görə tumlu meyvə gətirən ağaclar bitsin». Belə də oldu. 12 Yerdə ot-ələf, növünə görə toxum verən bitkilər və növünə görə tumlu meyvə gətirən ağaclar bitdi. Allah gördü ki, bu, yaxşıdır. 13 Axşam oldu, səhər oldu. Bu, üçüncü gün idi. 14 Sonra Allah dedi: «Qoy gündüzü gecədən ayırmaq üçün göydə işıq saçan cisimlər peyda olsun. Onlar bir əlamət olub fəsilləri, günləri, illəri göstərsinlər. 15 Qoy onlar göydən yerə işıq saçsınlar». Belə də oldu. 16 Allah işıq saçan iki iri göy cismi düzəltdi, böyüyünü gündüzə hökm etmək üçün, kiçiyini isə gecəyə hökm etmək üçün; O həmçinin ulduzları düzəltdi. 17 Allah onları göydə yerləşdirdi ki, yerə işıq saçsınlar, 18 gündüzlə gecəyə hökm etsinlər və işığı qaranlıqdan ayırsınlar. Allah gördü ki, bu, yaxşıdır. 19 Axşam oldu, səhər oldu. Bu, dördüncü gün idi.

13—19 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 3—5

«İlk yalanın acı nəticələri» (Yaradılış 3:1—5) İlan Yehova Allahın yaratdığı bütün vəhşi heyvanlardan ən ehtiyatlısı idi. O, qadından soruşdu: «Doğrudanmı, Allah sizə deyib ki, bağdakı hər ağacın meyvəsindən yeməyəsiniz?» 2 Qadın ilana cavab verib dedi: «Bağdakı ağacların meyvəsindən yeyə bilərik. 3 Ancaq bağın ortasındakı ağac haqqında Allah deyib: “Ondan yeməyin, ona toxunmayın, yoxsa ölərsiniz!”». 4 İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. 5 Sadəcə Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».

w17.02 s. 5, abz. 9

Yehovanın niyyəti mütləq çin olacaq!

9 Şeytan ilan vasitəsilə Həvvanı aldadıb Atası Yehova Allahın sözündən çıxmağa təhrik etdi. (Yaradılış 3:1—5 ayələrini oxuyun; Vəhy 12:9.) Şeytan belə bir sual qaldırdı: necə ola bilər ki, Allahın övladı olan insan «bağdakı hər ağacın meyvəsindən» yeyə bilməsin. Sanki, Şeytan demək istəyirdi: «İndi elə çıxır ki, siz istədiyinizi edə bilməzsiniz?!» Sonra o, yalan bir iddia irəli sürdü: «Yox, əsla ölməzsiniz». Bu sözlərin ardınca Şeytan Həvvaya dedi: «Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq». Bununla Şeytan Həvvanı inandırmaq istəyirdi ki, o, Allaha qulaq asmağa borclu deyil. Şeytanın sözündən belə çıxırdı ki, guya Allah Adəmlə Həvvanın gözlərinin açılmasını istəmir, ona görə onları ağacın meyvəsindən yeməyə qoymur. Sonra Şeytan onlara yalandan söz verdi: «Siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».

(Yaradılış 3:6) Qadın gördü ki, ağacın meyvəsi yaxşıdır və gözə xoş görünür, ağaca baxdıqca baxmaq istəyirsən. Beləcə, onun meyvəsindən götürüb yedi. Sonra əri yanında olanda ona da verdi və o da yedi.

w00-E 15/11 s. 25—26

İlk cütlükdən ibrət alaq

Həvva günah etməyə məhkum idi? Əsla! Özünüzü bir anlıq onun yerinə qoyun. İlan ona Allahın və Adəmin sözlərinin tam əksini deyirdi. Yad bir adam sevdiyiniz, inandığınız kəsi nadürüstlükdə ittiham etsəydi, nə hiss edərdiniz? Həvva ilanın sözlərinə başqa cür münasibət göstərməli idi. Bu sözlər onda ikrah, qəzəb doğurmalıydı. O, ümumiyyətlə, ilanın sözünü ağzında qoymalıydı. Axı ilan kim idi ki, Allahın ədalətini və ərinin sözlərini şübhə altına alsın? Başçılığa hörmətdən irəli gələrək, Həvva qərar verməzdən əvvəl məsləhət almalı idi. Əgər bizə də Allahın öyüd-nəsihətinə zidd məlumat təqdim olunarsa, biz də belə davranmalıyıq. Ancaq Həvva ilanın sözlərə uydu, xeyrin, şərin nə olduğuna özü qərara vermək istədi. Düşündükcə, bu arzu ürəyində daha da alovlandı. Yanlış arzunu ağlından çıxarmaq, yaxud ailəsinin başçısı ilə müzakirə etmək əvəzinə, onu alovlandırmaqla Həvva çox böyük səhvə yol verdi (1 Korinflilərə 11:3; Yaqub 1:14, 15).

Adəm arvadına qulaq asır

Həvva çox keçməmiş Adəmi də öz günahına qoşdu. Adəmin səssiz-səmirsiz arvadına boyun əyməsini necə izah etmək olar? (Yaradılış 3:6, 17). Adəm kimə sadiq qalacağına qərar verməli idi. Görəsən, Adəm ona hər şeyi, o cümlədən sevdiyi arvadı Həvvanı verən Yaradanına itaət edəcəkdi? Ondan necə davranmağı ilə bağlı məsləhət alacaqdı? Yoxsa arvadının tərəfinə keçəcəkdi? Adəm çox gözəl bilirdi ki, arvadının qadağan olunmuş meyvəni yeyərək nail olmaq istədiyi şeylər boş xülyadır. Həvari Bulus Allahın ilhamıyla yazmışdı: «Aldanan da Adəm deyildi, qadın tamamilə aldanaraq Allahın əmrini pozdu» (1 Timutiyə 2:14). Beləliklə, Adəm bilərəkdən Yehovaya qarşı çıxdı. Onun arvadından ayrı düşmək qorxusu Allahın vəziyyəti düzəltməyə qadir olduğuna imanından güclü idi.

(Yaradılış 3:15—19) Səninlə qadın arasına, sənin övladınla onun övladı arasına düşmənçilik qoyacağam. O, sənin başını əzəcək, sən isə onu dabanından çalacaqsan». 16 Qadına dedi: «Hamiləlik ağrılarını artırdıqca artıracağam, ağrı içində uşaq doğacaqsan. Ərinə böyük ehtiyacın olacaq, o da sənə ağalıq edəcək». 17 Adəmə isə dedi: «Arvadının sözünə qulaq asdığın, meyvəsindən yeməməyi tapşırdığım ağacdan yediyin üçün sənə görə torpaq lənətlənir. Bütün ömrün boyu əzab-əziyyətlə ondan məhsul götürəcəksən. 18 Torpaq sənə tikan və qanqal bitirəcək, çöldəki bitkilərlə qidalanacaqsan. 19 Alın tərinlə çörək yeyib axırda torpağa qayıdacaqsan, çünki ondan yaradılmısan. Torpaqsan, torpağa da qayıdacaqsan».

w12-E 1/9 s. 4, abz. 2

Allah qadınların qayğısına qalırmı?

Allah qadınları lənətləyib?

Xeyr. Allahın lənətinə gələn İblis adlanan qədim ilan oldu (Vəhy 12:9; Yaradılış 3:14). Allah Adəmin öz arvadına ağalıq edəcəyini deyəndə qadınların kişilərə kölə olmasına razı olduğunu bildirmədi (Yaradılış 3:16). O sadəcə günahın ilk cütlükdə özünü büruzə verəcək acı nəticələrini qabaqcadan dedi.

w04 1/1 s. 30, abz. 2

“Təkvin” kitabından diqqətəlayiq fikirlər — I hissə

3:17 — Torpaq hansı mə’nada lə’nətlənmişdi və bu lə’nət nə qədər davam etdi? Torpağın lə’nətlənməsi o demək idi ki, indi tikan və qanqal basmış torpağı becərmək olduqca çətin olacaqdı. Adəmin nəsli bu lə’nətin nəticələrini o qədər kəskin şəkildə hiss etmişlər ki, Nuhun atası Lamek ‘Rəbbin lə’nətlədiyi torpağı becərərkən çəkilən əziyyətlərdən’ danışırdı (Yaradılış 5:29, MKŞ). Tufandan sonra Yehova Nuha və onun oğullarına yer üzünü doldurmaq tapşırığını verməklə, onlara xeyir-dua verdi (Təkvin 9:1). Görünür, Allahın torpağa etdiyi lə’nət götürülmüşdü (Təkvin 13:10).

it-2-E s. 186

Doğuş sancıları

Doğuşla əlaqədar qadının çəkdiyi əziyyət. Allah ilk qadına, Həvvaya günah edəndən sonra bildirmişdi ki, etdiyi günah onun uşaq dünyaya gətirməsinə necə təsir edəcək. Əgər o, itaətkar olsaydı, Allah həmişə ona yar olacaqdı və uşaq dünyaya gətirmək yalnız sevincli hadisə olacaqdı. Çünki «Yehovanın verdiyi bərəkətdir insana sərvət gətirən. O, bu bərəkətə kədər qatmaz» (Məsəllər 10:22). Ancaq indi, bir qayda olaraq, orqanizmin qeyri-kamil fəaliyyəti ağrılı olacaqdı. Buna görə də Allah dedi (çox vaxt Allahın iznilə baş verən hadisələr Allah Özünün etdiyi kimi təsvir olunur): «Hamiləlik ağrılarını artırdıqca artıracağam, ağrı içində uşaq doğacaqsan» (Yr 3:16).

Hikmət xəzinəsindən incilər

(Yaradılış 4:23, 24) Ləmek arvadları Adah və Zillah üçün belə bir şeir qoşdu: «Ey Ləmekin arvadları, eşidin səsimi, Sözümə qulaq verin: Məni yaraladığı üçün bir adam öldürdüm, Məni vurduğu üçün bir cavan öldürdüm. 24 Əgər Qabil üçün yeddi qat qisas alınacaqsa, Ləmek üçün yetmiş yeddi qat alınacaq».

it-2-E s. 192, abz. 5

Ləmek

Ləmekin arvadları üçün qoşduğu şeir (Yr 4:23, 24) o dövrün zorakı ruhunu əks etdirir. Ləmek belə bir şeir qoşmuşdu: «Ey Ləmekin arvadları, eşidin səsimi, sözümə qulaq verin: Məni yaraladığı üçün bir adam öldürdüm, məni vurduğu üçün bir cavan öldürdüm. Əgər Qabil üçün yeddi qat qisas alınacaqsa, Ləmek üçün yetmiş yeddi qat alınacaq». Görünür, Ləmek özünü müdafiə edərək bildirirdi ki, o, Qabildən fərqli olaraq, qərəzlə qətlə yetirməyib. Deyirdi ki, onu vurub yaralayan adamı özünü müdafiə etmək məqsədilə öldürüb. Buna görə də Ləmek bu şeirlə xahiş edirdi ki, ona hücum edən kəsi qətlə yetirdiyinə görə heç kim ondan intiqam almasın.

(Yaradılış 4:26) Şeysin də oğlu oldu, adını Ənuş qoydu. Həmin vaxt insanlar Yehovanın adını çəkməyə başladılar.

it-1-E s. 338, abz. 2

Küfr

Daşqından qabaq, Ənuşun dövründə insanlar çox güman ki, Yehovanın adını düzgün, pak şəkildə çəkməyə başlamadılar, çünki çox-çox əvvəl Habil, şübhəsiz ki, Allaha adı ilə müraciət edirdi (Yr 4:26; İb 11:4). Bəzi alimlərin fikrincə, həmin vaxt insanlar Allahın adını necə gəldi çəkir və ya Yehova adını yanlış olaraq insanlara və ya bütlərə qoyurdular. Əgər, doğrudan da, belədirsə, bu küfr idi.

Müqəddəs Kitab qiraəti

(Yaradılış 4:17—5:8) Qabil arvadı ilə yaxınlıq etdi. O da hamilə qalıb Hənuqu doğdu. Sonra Qabil bir şəhər salıb ona oğlu Hənuqun adını verdi. 18 Bir müddət sonra Hənuqun İrad adında bir oğlu oldu. İradın Məhuyail, Məhuyailin Mətuşail, Mətuşailin isə Ləmek adında oğlu oldu. 19 Ləmek iki arvad aldı: birinin adı Adah, o birinin adı Zillah idi. 20 Adahdan Yabal oldu. O, çadırda yaşayıb maldarlıqla məşğul olan ilk adam oldu. 21 Onun qardaşının adı Yubal idi. O, çəng və tütək çalan ilk adam oldu. 22 Zillahdan isə Tubal-Qayin oldu. O, mis və dəmirdən hər cür alət düzəldirdi. Tubal-Qayinin bacısının adı Nəama idi. 23 Ləmek arvadları Adah və Zillah üçün belə bir şeir qoşdu: «Ey Ləmekin arvadları, eşidin səsimi, Sözümə qulaq verin: Məni yaraladığı üçün bir adam öldürdüm, Məni vurduğu üçün bir cavan öldürdüm. 24 Əgər Qabil üçün yeddi qat qisas alınacaqsa, Ləmek üçün yetmiş yeddi qat alınacaq». 25 Adəm yenə arvadı ilə yaxınlıq etdi, o da bir oğlan doğdu və «Qabil Habili öldürdü, Allah da onun yerinə mənə başqa bir övlad verdi» deyərək adını Şeys qoydu. 26 Şeysin də oğlu oldu, adını Ənuş qoydu.

5 Həmin vaxt insanlar Yehovanın adını çəkməyə başladılar. Adəmin tarixçəsi belədir. Allah Adəmi yaradanda onu Özünə bənzər yaratdı. 2 Onları kişi və qadın olaraq yaratdı. Yaratdığı gün onlara xeyir-dua verdi və onları «insan» adlandırdı. 3 Adəm 130 yaşında olanda özünə bənzər oğlu oldu və adını Şeys qoydu. 4 Şeys doğulandan sonra Adəm 800 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 5 Adəm 930 il ömür sürüb öldü. 6 Şeys 105 yaşında olanda Ənuş adlı oğlu oldu. 7 Ənuş doğulandan sonra Şeys 807 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 8 Şeys 912 il ömür sürüb öldü.

20—26 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 6—8

«O elə də etdi»

(Yaradılış 6:9) Nuhun tarixçəsi belədir. Nuh saleh insan idi. Zəmanəsinin adamlarından fərqli olaraq, o, eyibsiz adam idi. Nuh Allahın yolu ilə gedirdi.

(Yaradılış 6:13) Allah Nuha dedi: «Artıq bütün insanların sonu çatıb, çünki onların ucbatından yer zorakılıqla dolub; onları da, yer üzünü də məhv edəcəyəm.

w18.02 s. 4, abz. 4

Nuh, Dənyal və Əyyubun iman və itaətkarlığını örnək alaq

4 Nuhun üzləşdiyi çətinliklər. Nuh peyğəmbərin ulu babası Hənuqun dövründən insanlar Allahdan uzaqlaşıb yollarını tamam azmışdılar. İş hətta o yerə çatmışdı ki, onlar Allaha qarşı «biabırçı sözlər» söyləyirdilər (Yhd. 14, 15). Zorakılıq getdikcə artırdı. Nuhun dövründə yer üzü artıq «zorakılıqla dolmuşdu». Allahın iradəsindən çıxmış mələklər insan cildinə girərək qadınlarla yaxınlıq edirdilər. Nəticədə, anormal boy-buxunu və zalımlığı ilə seçilən (hibrid) övladlar dünyaya gəlir, zorakılığa zorakılıq qatırdılar (Yar. 6:2—4, 11, 12). «Nuh isə Yehovanın gözündə rəğbət qazanmışdı... Zəmanəsinin adamlarından fərqli olaraq, o, eyibsiz adam idi. Nuh Allahın yolu ilə gedirdi» (Yar. 6:8, 9).

(Yaradılış 6:14—16) Qatran ağacından özünə gəmi düzəlt. Gəmidə otaqlar düzəlt. Ona içəridən və bayırdan qatran çək. 15 Gəmini belə düzəltməlisən: onun uzunluğu üç yüz qulac, eni əlli qulac, hündürlüyü otuz qulac olmalıdır. 16 Gəminin yuxarısından bir qulac aşağıda pəncərə qoyarsan, qapısı isə yan tərəfdən olsun. Gəminin birinci, ikinci və üçüncü mərtəbəsi olmalıdır.

w13-E 1/4 s. 14, abz. 1

O, Allahın yolu ilə gedirdi

İş onilliklərlə, ehtimal ki, 40—50 il davam etdi. Onlar ağac kəsməli, daşımalı, yonmalı, forma verməli və onları birləşdirməliydilər. Gəmi üç mərtəbəli olmalı, çoxlu otaqları və yan tərəfində qapısı olmalıydı. Görünür, gəminin tavana yaxın yerdə pəncərələri var idi, o cümlədən suyun axması üçün damı ortadan üzüyuxarı maillənirdi (Yaradılış 6:14—16).

(Yaradılış 6:22) Nuh Allahın bütün tapşırıqlarını yerinə yetirdi. Ona necə deyilmişdisə, elə də etdi.

w11 15/9 s. 18, abz. 13

Yarışda dözümlə qaç

13 Yehovanın bu sadiq xidmətçilərinə yarışda dözümlə qaçmağa və onu müvəffəqiyyətlə başa vurmağa nə kömək etmişdi? Pavelin Nuh haqqında dediklərinə nəzər salaq. (İbranilərə 11:7 ayəsini oxu.) Nuh «hələ görünməyən şeylərlə» bağlı Allah tərəfindən xəbərdar edilmişdi. Bütün canlıları məhv edən daşqının nə olduğunu Nuh hələ bilmirdi (Yar. 6:17). Bəşər tarixində belə hadisə hələ olmamışdı. Bununla belə, Nuh bunun mümkünsüz olduğunu düşünmədi. Nəyə görə? Çünki o, Yehovanın Öz dediyinə əməl edəcəyinə iman edirdi. Nuh fikirləşmirdi ki, Allahın ona verdiyi tapşırıq həddən artıq çətindir. Əksinə, «Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi» (Yar. 6:22). Təsəvvür edirsiniz, Nuh nə etməli idi? O, gəmi tikməli, heyvanları onun içərisinə yığmalı, həm özləri, həm də heyvanlar üçün azuqə toplamalı, təbliğ edərək insanları xəbərdar etməli və ailəsinin ruhaniliyinin qeydinə qalmalı idi. Nuh üçün Yehovanın tapşırıqlarını yerinə yetirmək heç də asan olmayıb. Buna baxmayaraq, Nuhun imanı və dözümlüyü sayəsində o, ailəsi ilə birgə böyük xeyir-dualar aldı və sağ qaldı.

Hikmət xəzinəsindən incilər

(Yaradılış 7:2) Özünlə hər pak heyvandan erkəkli-dişili yeddi baş, napak heyvandan isə iki baş, bir erkək, bir dişi götür.

w04 1/1 s. 30, abz. 7

“Təkvin” kitabından diqqətəlayiq fikirlər — I hissə

7:2 — Təmiz və natəmiz heyvanlar arasındakı fərq nəyin əsasında müəyyən edilirdi? Heyvanların təmiz və natəmizliyi onların qida üçün yararlı olub-olmamaları ilə deyil, onlardan hansıların Allaha qurban gətirilmək üçün münasib olmaları ilə müəyyən edilirdi. Tufana qədər insanlar heyvan əti yemirdilər. Qida üçün “təmiz” və “natəmiz” heyvanlar təsəvvürü yalnız Musanın qanunu ilə yaranmış və onun ləğv olunması ilə də aradan götürülmüşdü (Həvarilərin işləri 10:9-16; Efeslilərə 2:15). Göründüyü kimi, Nuh Yehovaya nəyi qurban gətirmək lazım gəldiyini bilirdi. O, gəmidən çıxan kimi “Rəbbə bir qurbangah düzəltdi və hər təmiz heyvandan və hər təmiz quşdan aldı və qurbangah üzərində yandırılan təqdimələr ərz etdi” (Təkvin 8:20).

(Yaradılış 7:11) Həmin gün — Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günündə göydəki əngin suların bütün qaynaqları püskürdü və göyün bəndləri açıldı.

w04 1/1 s. 31, abz. 1

“Təkvin” kitabından diqqətəlayiq fikirlər — I hissə

7:11 — Ümumdünya Tufanının suları haradan peyda oldu? İkinci yaradıcılıq dövründə və ya “günündə” “qübbə”, yə’ni Yerin atmosferi təşkil ediləndə sular “qübbə altında” və “qübbə üzərində” idi (Təkvin 1:6, 7). “Qübbə altında” olan sular artıq yerdə olan sular idi. “Qübbə üzərində” olan sular isə, “dərinlikdə olan bütün su qaynaqları”nı təşkil edən, yer üzündən yüksəklərdə yerləşən nəhəng rütubət yığımı — Nuhun günlərində yerə töküldü.

Müqəddəs Kitab qiraəti

(Yaradılış 6:1—16) İnsanlar yer üzündə çoxalmağa başladı. Onların qızları oldu. 2 Həmin vaxt Allah oğulları insan qızlarına fikir verməyə başladılar və gördülər ki, çox gözəldirlər. Onlar bəyəndikləri qızları özlərinə arvad etməyə başladılar. 3 Onda Yehova dedi: «Mən ətdən-qandan olan insana sonsuzadək dözməyəcəyəm. Onun ömrünə yüz iyirmi il qalıb». 4 O günlərdə və sonralar yerdə nəhəng adamlar yaşayırdı. Həmin vaxt Allah oğulları insan qızları ilə yaxınlıq edirdi və onlar oğullar dünyaya gətirirdilər. Bunlar qədim dövrün güclü, məşhur adamları idi. 5 Yehova gördü ki, yer üzündə insanlar tamam pozulub, ürəklərindəki fikirlər və niyyətlər ancaq pisliyə meyillidir. 6 Yehova yer üzündə insanları yaratdığına təəssüf etdi və kədərləndi. 7 Buna görə də Yehova dedi: «Yaratdığım insanları yer üzündən yox edəcəyəm; insanları da, ev heyvanlarını da, göydəki qanadlı məxluqları da, sürünən heyvanları da məhv edəcəyəm, çünki onları yaratdığıma peşman olmuşam». 8 Nuh isə Yehovanın gözündə rəğbət qazanmışdı. 9 Nuhun tarixçəsi belədir. Nuh saleh insan idi. Zəmanəsinin adamlarından fərqli olaraq, o, eyibsiz adam idi. Nuh Allahın yolu ilə gedirdi. 10 Sonralar Nuhun Sam, Ham və Yafəs adında üç oğlu oldu. 11 Dünya Allahın gözündə dağılıb gedirdi. Yer üzü zorakılıqla dolmuşdu. 12 Allah yerə baxıb gördü ki, dünya dağılıb gedir, çünki bütün insanlar yolunu azmışdı. 13 Allah Nuha dedi: «Artıq bütün insanların sonu çatıb, çünki onların ucbatından yer zorakılıqla dolub; onları da, yer üzünü də məhv edəcəyəm. 14 Qatran ağacından özünə gəmi düzəlt. Gəmidə otaqlar düzəlt. Ona içəridən və bayırdan qatran çək. 15 Gəmini belə düzəltməlisən: onun uzunluğu üç yüz qulac, eni əlli qulac, hündürlüyü otuz qulac olmalıdır. 16 Gəminin yuxarısından bir qulac aşağıda pəncərə qoyarsan, qapısı isə yan tərəfdən olsun. Gəminin birinci, ikinci və üçüncü mərtəbəsi olmalıdır.

27 YANVAR — 2 FEVRAL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 9—11

«Bütün yer üzündə bir dildə danışırdılar» (Yaradılış 11:1—4) Bütün yer üzündə bir dildə danışır, eyni sözlər işlədirdilər. 2 İnsanlar Şərqə tərəf köç edəndə gəlib Şinar diyarında bir ovalıq tapdılar və orada məskən saldılar. 3 Onlar bir-birlərinə dedilər: «Gəlin kərpic kəsib bişirək». Beləliklə, kərpic onlar üçün daşı, qatran isə palçığı əvəz edirdi. 4 Sonra dedilər: «Gəlin şəhər salaq və başı göylərə çatan qüllə tikib özümüzə ad qazanaq, daha yer üzünə yayılmayaq».

it-1-E s. 239

Böyük Babil

Qədim Babilin səciyyəvi cəhətləri. Şinar ovalığında Babil şəhərinin salınması Babil qülləsinin tikilməsi ilə eyni vaxta düşür (Yr 11:2—9). Qüllənin tikilməsinin və şəhərin salınmasının məqsədi Allahın adını ucaltmaq deyildi, inşaatçılar özlərinə ad qazanmaq istəyirdilər. Təkcə qədim Babilin xarabalıqlarında yox, bütün Mesopotamiyada aşkara çıxarılan ziqquratlar ilk qüllənin, formasından asılı olmayaraq, əsas etibarilə, dini məqsədli tikili olduğunu təsdiq edir. Yehova Allahın bu məbədi dağıtmaq üçün qəti addım atması onun yalan dinə aid olduğunu aydın şəkildə göstərir. İbranicə şəhərə verilən Babil adı «qarışdırma» mənasını verir, lakin şumer adı (Kadinqirra) və akkad adı (Babilu) «Allahın qapısı» mənasını verir. Ad Allahın kəsdiyi hökmü bildirməsin deyə şəhərdə qalan əhali adın formasını dəyişmişdi. Lakin əvəz etdikləri yeni ad da şəhəri dinlə bağladı.

it-2-E s. 202, abz. 2

Dil

«Yaradılış» kitabında təsvir olunur ki, Daşqından sonra bəşər ailəsinin bir qismi bir layihəni icra etmək üçün birləşdi. Onların bu hərəkəti Allahın Nuha və oğullarına bildirdiyi iradəsinə zidd gedirdi (Yr 9:1). Yayılıb bütün yer üzünü doldurmaq əvəzinə, onlar insan cəmiyyətini təmərküzləşdirmək istədilər, hamısı Mesopotamiyada Şinar ovalığı kimi tanınan yerdə məskunlaşdılar. Görünür, bura həm də dini xarakterli qülləsi olan dini mərkəz olmalı idi (Yr 11:2—4).

(Yaradılış 11:6—8) Onda Yehova dedi: «Bir xalqdırlar, dilləri də eynidir deyə, gör nə etməyə başlayıblar. Artıq onlar üçün ağıllarına gələni etməyə heç bir əngəl yoxdur; istədiklərini edəcəklər. 7 Gəl onların dilini qarışdıraq ki, biri o birinin nə dediyini başa düşməsin». 8 Yehova onları oradan bütün yer üzünə səpələdi və onlar yavaş-yavaş şəhərin inşasını dayandırdılar.

it-2-E s. 202, abz. 3

Dil

Qadir Allah onların dilini qarışdıraraq birgə fəaliyyətlərini pozdu və beləcə, təkəbürlü planlarını dayandırdı. Buna görə də onlar layihə üzrə mütəşəkkil iş görə bilmədilər, nəticədə, dünyanın müxtəlif yerlərinə səpələndilər. Dillərin qarışdırılması gələcəkdə də insanların yanlış yolla getməsini, yəni Allahın iradəsinin ziddinə hər hansı bir işin görülməsini ləngidəcəkdi, buna əngəl törədəcəkdi. Çünki dillərin qarışdırılması nəticəsində insanlar öz xudbin məqsədlərini həyata keçirmək üçün intellektual və fiziki güclərini birləşdirməyə çətinlik çəkəcəkdi və müxtəlif dil qruplarının təcrübə və araşdırma nəticəsində əldə etdikləri, Allahdan gəlməyən bilikdən yararlanmaqda çətinlik törədəcəkdi (Vz 7:29 ayəsi ilə əlaqələndir; Qn 32:5). Beləliklə, dillərin qarışması insan cəmiyyətində böyük parçalanma yaratsa da, insanların təhlükəli, zərərli məqsədlərinə əngəl olmaqla, əslində, bəşəriyyətə fayda verdi (Yr 11:5—9; əlaqələndir: Əş 8:9, 10). Bizim dövrümüzdə dünyəvi biliyin inkişafı, həmçinin insanın bu bilikdən sui-istifadə etməsi nəticəsində cərəyan edən hadisələrə diqqət yetirəndə adam başa düşür ki, Allah qabaqcadan görmüşdü, qədim Babildə insanların qarşısını almasa, nəticə necə olacaq.

(Yaradılış 11:9) Buna görə də o yerin adı Babil qaldı, çünki Yehova orada bütün dünyanın dilini qarışdırdı və Yehova oradan insanları bütün yer üzünə səpələdi.

it-2-E s. 472

Xalqlar

Artıq bir-birini başa düşməyən dil qruplarının öz mədəniyyəti, incəsənəti, adətləri, səciyyəvi cəhətləri, dini yarandı, hər birinin davranışı bir-birindən fərqlənirdi (Lv 18:3). Allahdan uzaq düşmüş müxtəlif xalqlar öz mifik ilahları üçün çoxlu bütlər düzəldirdilər (Qn 12:30; 2Pd 17:29, 33).

Hikmət xəzinəsindən incilər

(Yaradılış 9:20—22) Nuh əkinçilik etməyə başladı və üzüm bağı saldı. 21 Bir gün o, şərab içib sərxoş oldu və çadırında paltarlarını soyundu. 22 Kənanın atası Ham atasını çılpaq gördü və gedib bunu bayırdakı iki qardaşına söylədi.

(Yaradılış 9:24, 25) Şərabın təsiri keçəndən sonra Nuh ayıldı və kiçik oğlunun ona nə etdiyini bildi. 25 Onda o dedi: «Kənana lənət olsun. Qoy o, qardaşlarının qulu, köləsi olsun».

it-1-E s. 1023, abz. 4

Ham

Ola bilsin, bu hadisədə Kənanın özünün bilavasitə əli var idi, atası Ham isə onu məzəmmət etməmişdi. Yaxud Nuh Allahın ilhamıyla danışmış, qabaqcadan görmüşdü ki, Hamdakı pis meyil irsən Kənanın nəslinə keçəcək, bəlkə də, ola bilsin, bu meyil artıq özünü Kənanda büruzə verirdi. Samın nəslindən olan israillilər kənanilər üzərində qələbə çalanda bu lənət qismən yerinə yetdi. Məhv edilməyənlər isə (məsələn, gibyonlular [Yş 9]) israillilərə qul oldular. Əsrlər sonra Hamın oğlu Kənanın törəmələri Yafəsin nəslindən olan Mada-fars, yunan və Roma dünya imperiyasının əsarəti altında yaşayanda lənət bir daha yerinə yetdi.

(Yaradılış 10:9, 10) O, Yehovaya qarşı çıxan güclü ovçu idi. Buna görə də xalq arasında «Yehovaya qarşı çıxan güclü ovçu Nəmrudun tayı» deyimi yarandı. 10 Əvvəlcə onun səltənətinə Şinar diyarında olan Babil, Ərək, Akkad və Qəlnə daxil idi.

it-2-E 503

Nəmrud

Başlanğıcda Nəmrudun səltənətinə Babil, Ərək, Akkad, Qəlnə və bütün Şinar diyarı daxil idi (Yr 10:10). Buna görə də, çox güman ki, Babilin və oradakı qüllənin tikintisi onun rəhbərliyi altında başlamışdı. Yəhudilər də ənənəvi olaraq bunu belə hesab edirlər. İosif Flavi yazmışdı: «Nəmrud yavaş-yavaş idarəçiliyi zülmə çevirdi, o, insanları Allah qorxusundan uzaqlaşdırmağın yeganə yolunu onları daima öz hakimiyyətindən asılı vəziyyətə salmaqda görürdü. O hədə qorxu gəlirdi ki, əgər Allah yenidən yeri suya qərq etmək istəsə, Ondan intiqam alacaq. Elə hündür qüllə tikəcək ki, su ona çatmasın və ata-babalarının intiqamını alsın. İnsanlar Allaha tabe olmağı köləlik hesab edərək Nəmrudun bu təklifinə can-dildən əməl edirdilər. Odur ki, qülləni tikməyə başladılar... Qüllənin tikintisi heç kimin gözləmədiyi qədər sürətlə gedirdi» («Yəhudi arxeologiyası» I, 114, 115 (iv, 2, 3)).

Müqəddəs Kitab qiraəti

(Yaradılış 10:6—32) Hamın oğulları bunlar idi: Kuş, Misraim, Put və Kənan. 7 Kuşun oğulları bunlar idi: Siba, Həvilə, Səbtə, Rəhma və Səbtəkə. Rəhmanın oğulları Səba və Didan idi. 8 Kuşun Nəmrud adında oğlu oldu. O, yer üzündə ilk qüdrətli adam oldu. 9 O, Yehovaya qarşı çıxan güclü ovçu idi. Buna görə də xalq arasında «Yehovaya qarşı çıxan güclü ovçu Nəmrudun tayı» deyimi yarandı. 10 Əvvəlcə onun səltənətinə Şinar diyarında olan Babil, Ərək, Akkad və Qəlnə daxil idi. 11 Nəmrud bu diyardan çıxıb Aşşura getdi və orada Neynəvanı, Rəhbut-İri, Kəlahı və 12 Neynəva ilə Kəlah arasında Rəsəni saldı; böyük şəhər budur. 13 Misraimin Ludim, Ənamim, Ləhabim, Nəftuhim, 14 Patrusim, Kəsluhim (filiştlilər ondan törəyib) və Kəfturim adında oğulları oldu. 15 Kənanın oğulları bunlar idi: ilki Sidon, Het, 16 həmçinin yəbusilər, amorilər, girqaşilər, 17 hivilər, arqilər, sinilər, 18 arvadilər, səmarilər, həməsilər. Sonralar Kənan qəbilələri səpələnib yayıldılar. 19 Beləliklə, kənanilərin sərhədi Sidondan Qəzzə yaxınlığındakı Qərara, Səduma, Əmurəyə, Admaya və Leşa yaxınlığındakı Səbuyimə qədər uzanırdı. 20 Bunlar öz qəbiləsinə, dilinə, ölkəsinə və xalqına görə bölünən Ham oğulları idi. 21 Böyük oğul olan Yafəsin qardaşı Samın da övladları oldu. O, bütün Abir oğullarının əcdadıdır. 22 Samın oğulları bunlar idi: Elam, Aşşur, Ərfəhsad, Lud və Aram. 23 Aramın oğulları bunlar idi: Uz, Hul, Qətar və Maş. 24 Ərfəhsadın Saleh, Salehin Abir adında oğlu oldu. 25 Abirin iki oğlu oldu. Birinin adı Faliq idi, çünki onun yaşadığı vaxtda yer bölünmüşdü; qardaşının adı Qəhtan idi. 26 Qəhtanın Əlmudad, Səlif, Hazarmavəd, Yarəh, 27 Həduram, Uzal, Diqla, 28 Obal, Abimail, Səba, 29 Ofir, Həvilə və Yubab adında oğulları oldu; bunların hamısı Qəhtanın oğulları idi. 30 Onların yaşadığı torpaqlar Misadan tutmuş Şərqdəki dağlıq bölgə olan Səfara qədər uzanırdı. 31 Bunlar öz qəbiləsinə, dilinə, ölkəsinə və xalqına görə bölünən Sam oğulları idi. 32 Nəslinə və xalqına görə bölünən Nuh oğullarının qəbilələri bunlar idi. Daşqından sonra yaranan və yer üzünə yayılan xalqlar onlardan törəyib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş