«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
4—10 YANVAR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 18, 19
«Əxlaqi təmizliyi qoruyun»
Şeytanın tələsinə qarşı etibarlı müdafiə
Yehova ətraf xalqların əxlaqsız davranışlarını sadaladıqdan sonra israillilərə demişdi: «Sizi apardığım Kənan diyarındakı əməlləri təkrarlamayın... Onların torpağı da murdardır. Mən o torpağın sakinlərini günahlarına görə cəzalandıracağam». Doğrudan da, kənanilərin həyat tərzi İsrailin müqəddəs Allahının gözündə o qədər mənfur idi ki, O, onların yaşadığı torpağı da natəmiz, murdar hesab edirdi (Lav. 18:3, 25).
Yehova xalqına bələdçilik edir
13 Allaha sədaqət göstərən bu padşahlar digər xalqların insan hikmətinə arxalanan və bəsirətsiz padşahlarından necə də fərqlənirdilər! Kənan padşahlarının tabeliyində olan xalqlar murdar işlərlə məşğul olurdular: yaxın qohumları ilə yaxınlıq edir, homoseksualizmlə məşğul olur, heyvanla əlaqəyə girir, uşaqlarını qurban gətirir və bütlərə sitayiş edirdilər (Lav. 18:6, 21—25). Yehova Allah Öz xalqına gigiyena ilə bağlı qaydalar vermişdi, amma Babil və Misir padşahları bu cür qaydalardan bixəbər idilər (Say. 19:13). Onlardan fərqli olaraq, israillilərin rəhbərləri xalqa ibadətlərini pak saxlamağa, əxlaqi və fiziki cəhətdən təmiz qalmağa kömək edirdi. Bundan aydın görünürdü ki, bu padşahları Yehova Allah hidayət edir.
Allah bəlalara necə çarə qılacaq?
Həyat tərzlərini dəyişmək istəməyən və pis işlərindən əl çəkməyən tərs insanların axırı necə olacaq? Allahın bu vədi üzərində düşünün: «Əməlisalehlər yer üzündə sakin olacaq, kamillər burada qalacaq. Pis adamlar bu torpaqdan atılacaq, xainlərin kökü buradan qoparılacaq» (Süleymanın məsəlləri 2:21, 22). Pislərin bəşəriyyətə təsiri arxada qalacaq. Bu cür sülh şəraitində itaətkar insanlar miras aldıqları qeyri-kamillikdən yavaş-yavaş azad olacaqlar (Romalılara 6:17, 18; 8:21).
Hikmət xəzinəsindən incilər
«Qanununu nə qədər sevirəm!»
11 Musanın qanunundan müzakirə edəcəyimiz növbəti məqam başaq yığımı qanunudur. Bu qanun Allahın Öz xalqının qeydinə qaldığını gözəl bir şəkildə ifadə edir. Yehovanın əmrinə görə israilli əkinçilər məhsul yığımı zamanı biçinçilərin arxasınca düşüb qalmış məhsulu kasıbların yığmasına icazə verməli idilər. Əkinçilər tarlalarının qıraq-bucağını büsbütün biçməməli, meynələrdə və zeytun ağaclarında qalmış meyvələri yığmamalı idilər. Tarlada unudulmuş taxıl dərzlərinin dalınca da qayıtmaq olmazdı. Allah bu yolla kasıblara, gəlmələrə, yetim və dullara Öz məhəbbətini göstərirdi. Düzdür, başaq yığmaq ağır zəhmət tələb etsə də, onları əl açıb sədəqə diləməkdən azad edirdi (Levililər 19:9, 10; Qanunun təkrarı 24:19-22; Məzmur 37:25).
11—17 YANVAR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 20, 21
«Yehova xalqını ayırır»
Cənnətə olan ümidin möhkəmdirmi?
12 Lakin elə bir şey var ki, biz onu heç zaman unutmalı deyilik. Allah israillilərə dedi: «Bu gün sizə buyurduğum əmrlərin hamısına əməl edin ki, qüvvətli olasınız və... torpağa girib oranı zəbt edəsiniz» (Qanunun təkrarı 11:8). Həmin diyar haqda Levililər 20:22, 24 ayələrində də xatırlanır: «Siz Mənim qaydalarıma və hökmlərimə səylə əməl edin ki, yaşamaq üçün aparacağım torpaq sizi rədd etməsin. Mən sizə dedim ki, onların torpağına siz sahib olacaqsınız; Mən o süd və bal axan torpağı sizə irs olaraq verəcəyəm». Beləliklə, Və’d edilmiş diyarı mülk olaraq almaq Yehova Allahla yaxşı münasibətlərdən asılı idi. İsraillilər Allaha qulaq asmadıqları üçün, O, babillilərə onları istila etməyə və yaşadıqları torpaqdan aparmağa imkan verdi.
it-1-E s. 1199
Miras
Sahibinin ölümündən sonra varisə, yaxud vərəsəlik hüququna sahib olan şəxsə qalan mülk; əcdadlardan və ya sələflərdən irs olaraq alınan hər bir şey. İbrani dilində əsas etibarilə «naxal» feili (isim formasında «naxalah») işlədilir. Bu söz nəsildən-nəslə irs, yaxud miras vermək və ya almaq mənasını daşıyır (Sy 26:55; Hz 46:18). «Yaraş» feili bəzən «varis kimi miras almaq» mənasını versə də, çox vaxt irsən almadan «sahib olmaq» mənasını daşıyır (Yr 15:3; Lv 20:24). Bu sözün həm də hərbi yürüş nəticəsində «ələ keçirmək», «qovmaq» mənası da var (Qn 2:12; 11:23). Yunanca miras mənasında işlənən sözlər «kleros» sözü ilə eyniköklüdür. Bu söz əvvəllər «püşk» mənasını verib, amma sonralar «pay», axırda isə «miras» mənasını vermişdir (Mt 27:35; Hv 1:17; 26:18).
it-1-E s. 317, abz. 2
Quşlar
Ümumdünya Daşqından sonra Nuh heyvanlarla yanaşı, «qanadlı pak məxluqlardan» qurban gətirdi (Yr 8:18—20). Ondan sonra Allah insana, qanını yeməmək şərtilə, quşların ətini yeməyə icazə verdi (Yr 9:1—4; əlaqələndir Lv 7:26; 17:13). Deməli, Allah müəyyən quşların qurban gətirmək üçün məqbul olduğunu necəsə bildirmişdi və quşların pak olduğunu da, görünür, buna əsasən müəyyən edirdilər. Quşların qida kimi istifadə olunmasına gəldikdə isə, Müqəddəs Kitabdan məlum olur ki, Musanın qanunu verilənədək heç bir quş napak hesab olunmamışdı (Lv 11:13—19, 46, 47; 20:25; Qn 14:11—20). Quşların hansı amillər əsasında napak hesab olunduğu Müqəddəs Kitabda yazılmayıb. Napak quşların əksəriyyəti yırtıcı quşlar olsa da, hamısı yırtıcı deyildi. Yeni əhd təsis ediləndən sonra bu qadağa aradan qaldırıldı. Allah görüntüdə bunu Butrusa əyan etmişdi (Hv 10:9—15).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 563
Yara
Tövratda ölüyə görə bədəndə yara açmaq ciddi qadağan olunurdu (Lv 19:28; 21:5; Qn 14:1). Bunun səbəbi o idi ki, israillilər Yehovaya məxsus müqəddəs xalq idi, Onun xüsusi mülkü idi (Qn 14:2). Buna görə də israillilər bütpərəstlərin bütün ayinlərindən uzaq durmalı idilər. Ölülərin vəziyyətindən tam agah olan, dirilmə ümidinə malik olan insanlar üçün bədənini yaralayaraq kədəri ifrat şəkildə ifadə etmək qətiyyən yolverilməz idi (Dn 12:13; İb 11:19). Həmçinin özünə xətər yetirməyin qadağan olunması israillilərə aşılayırdı ki, onlar Allahın yaratdığı bədənə hörmət etməli idilər.
18—24 YANVAR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 22, 23
«Qədimdəki bayramların bizim üçün mənası»
it-1-E s. 826—827
Mayasız çörək bayramı
Mayasız çörək bayramının birinci günü təntənəli məclis idi, həm də şənbə sayılırdı. İkinci gün, yəni nisanın 16-sı Fələstində ilk yetişən məhsul olan arpanın nübarından dərz bağlayıb kahinə gətirirdilər. Bu bayrama qədər yeni biçilmiş məhsuldan nə tər sünbül, nə çörək, nə də qovurğa yemək olmazdı. Kahin taxılı yellədərək rəmzi mənada nübarları Yehovaya təqdim edirdi, həmçinin birillik sağlam erkək toğlunu yandırma qurbanı olaraq təqdim edirdi, o cümlədən yağla yoğrulmuş taxıl təqdiməsi və şərab təqdiməsi gətirirdi (Lv 23:6—14). Taxılı, yaxud ondan hazırlanmış unu qurbangahda yandırmağa dair əmr verilməmişdi (sonralar kahinlər bunu etmişdi). Nübarı təkcə ümumi xalqın adından təqdim etmirdilər, İsraildə mülkü olan hər ailə, hər kəs bu bayramda şükran qurbanı gətirə bilirdi (Çx 23:19; Qn 26:1, 2).
Mənası. Bu müddətdə mayasız çörək yemək Yehovanın Musaya verdiyi göstərişlərə uyğun idi. Bu, Çıxış 12:14—20 ayələrində yazılıb. 19-cu ayədə həmçinin belə bir ciddi göstəriş var: «Yeddi gün evinizdə mayalıq xəmir olmasın». Qanunun təkrarı 16:3 ayəsində mayasız çörək «əziyyət çörəyi» adlanır. Bu çörək hər il yəhudilərə Misirdən tez-tələsik çıxmalarını xatırlatmalı idi (həmin vaxt onların xəmirə maya qatmağa vaxtları olmamışdı [Çx 12:34]). Beləliklə, onlar qurtulduqları zülmü və köləliyi yadlarına salırdılar. Yehova da elə bunu demişdi: «Misirdən çıxdığınız gün bütün ömrünüz boyu yadınızda olsun». Çox yerində idi ki, üç böyük bayramdan birincisində onlar bir xalq kimi azad olduqları və Yehovanın onları xilas etdiyi barədə düşünsünlər (Qn 16:16).
it-2-E s. 598, abz. 2
Əllinci gün bayramı
Əllinci gün bayramında Yehovaya buğdanın nübarı təqdim olunurdu. Buğdanın nübarı arpa nübarından fərqli təqdim olunurdu. Efanın onda ikisi qədər narın buğda ununa maya qatılıb iki çörək bişirilməli idi. Bu çörəklər israillilərin evindən olmalı idi, yəni onlar evdə gündəlik bişirilən çörəklər kimi olmalı idi, müqəddəs məqsədlər üçün istifadə olunan xüsusi bir şey olmalı deyildi (Lv 23:17). Onunla birlikdə yandırma qurbanları və günah qurbanı, o cümlədən ünsiyyət qurbanı kimi iki erkək toğlu gətirilirdi. Kahin çörəkləri və toğluların hissələrini əlinə alıb, onları Yehovanın önündə yellədirdi. Bununla da onları sanki Yehovaya təqdim edirdi. Təqdim olunandan sonra çörəklər və toğlular kahinə məxsus olurdu. Kahin onları ünsiyyət qurbanı olaraq yeyirdi (Lv 23:18—20).
Yehovanın təşkilatı ilə irəlilə
11 Yehovanın təşkilatı həmçinin bizi Pavelin məsləhətini tətbiq etməyə təşviq edir: «Gəlin bir-birimizə qarşı diqqətcil olub bir-birimizi məhəbbətə və xeyirxah işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, əksinə, o günün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq» (İbr. 10:24, 25). İbadət üçün hər il keçirilən bayramlar və digər tədbirlər israilliləri ruhən möhkəmləndirirdi. Bundan əlavə, Nehemyanın günlərində keçirilən xüsusi Çardaqlar bayramı kimi tədbirlər sevindirici hadisə idi (Çıx. 23:15, 16; Neh. 8:9—18). Biz yığıncaq görüşlərindən, rayon və vilayət konqreslərindən eyni faydanı əldə edirik. Gəlin ruhani sağlamlığımız və xoşbəxtliyimiz üçün təqdim olunan bu tədbirlərdən tam faydalanaq (Tit. 2:2).
Hikmət xəzinəsindən incilər
Kamilliyinizi qoruyun!
3 Yehovanın xidmətçiləri üçün kamil olmaq Yehovanı bütün ürəklə sevmək, Ona sarsılmaz sədaqət göstərmək mənasını verir. Belə insan verdiyi bütün qərarlarda ilk növbədə Yehovanın istəyini nəzərə alır. Gəlin Müqəddəs Kitabda bu sözün necə işləndiyinə diqqət yetirək. Orada «kamil» sözü tam, qüsursuz, yaxud bütöv mənalarında işlənir. Misal üçün, israillilərin Yehovaya qurban gətirdikləri heyvanlar Qanuna əsasən, sağlam, qüsursuz olmalı idi (Lav. 22:21, 22). Allahın xalqı ayağı, qulağı, gözü olmayan, yaxud xəstə heyvanı qurban gətirə bilməzdi. Yehova üçün gətirilən qurbanın tam, qüsursuz və bütöv olması vacib idi (Məl. 1:6—9). Bu, təəccüblü deyil. Elə biz özümüz də çürük mer-meyvə, cırıq dəftər-kitab, yaxud bəzi hissələri olmayan əşyanı almaq istəmərik. Əksinə istəyirik ki, aldığımız şey qüsursuz, bütöv olsun. Yehova da istəyir ki, bizim Ona bəslədiyimiz məhəbbət və sədaqət tam, qüsursuz və bütöv olsun.
25—31 YANVAR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 24, 25
«Azadlıq ili və gələcək azadlıq»
it-1-E s. 871
Azadlıq
Azadlıq bəxş edən Allah. Yehova azadlıq bəxş edən Allahdır. O, İsrail xalqını Misir əsarətindən xilas etdi. Onlara bildirdi ki, Onun əmrlərinə itaət etdikləri müddətdə yoxsulluqdan azad olacaqlar (Qn 15:4, 5). Lakin Tövratda deyilirdi ki, əgər kimsə yoxsullaşsaydı, özünü və ailəsini dolandırmaq üçün özünü qul kimi sata bilərdi. Amma Qanuna əsasən, bu ibrani qul xidmətinin yeddinci ilində azad olunmalı idi (Çx 21:2). Azadlıq ilində (hər əllinci il) ölkənin bütün sakinlərinə azadlıq elan olunurdu. Hər bir ibrani qul azad edilirdi, hər kəs öz irs torpağına qayıdırdı (Lv 25:10—19).
it-1-E s. 1200, abz. 2
Miras
Torpaq nəsildən-nəslə eyni ailənin mülkü olaraq qalırdı, onu həmişəlik satmaq olmazdı. Torpağı satmaq deyəndə, onu gətirəcəyi məhsulun dəyəri əsasında icarəyə vermək nəzərdə tutulurdu. Torpağın qiyməti növbəti Azadlıq ilinə qədər olan illərin sayına görə müəyyənləşdirilirdi. Torpağın əsl sahibi Azadlıq ilinə qədər onu almırdısa, Azadlıq ilində torpaq bütünlüklə özünə qayıdırdı (Lv 25:13, 15, 23, 24). Bu qanun divarla əhatəyə alınmamış kəndlərdəki evlərə də aid idi. Bu evlər torpağın bir parçası sayılırdı. Qala şəhərdə olan evə gəldikdə isə, sahibinin onu satdığı vaxtdan etibarən bir il ərzində geri satın almaq hüququ var idi. Bir ildən sonra ev onu alan adamın mülkiyyəti olurdu. Lavililərin şəhərlərindəki evlərə gəlincə, onların evi geri satın almaq hüququ daim qüvvədə qalırdı, çünki lavililərə irs torpaq verilməmişdi (Lv 25:29—34).
it-2-E s. 122—123
Azadlıq ili
Azadlıq ili barədə qanun xalqı bu gün bir çox ölkələrdə müşahidə olunan acınacaqlı vəziyyətə düşməkdən qoruyurdu. Belə ki, bu ölkələrdə demək olar ki, iki təbəqə mövcuddur, son dərəcə varlı təbəqə və son dərəcə yoxsul təbəqə. Bu qanundan hər bir insanın faydalanması bütün xalqın xeyrinə idi. Çünki heç kəs hüquqsuz, məzlum, iqtisadi çətinlik ucbatından əmək fəaliyyəti üçün yararsız vəziyyətə düşmürdü. Hamı öz qabiliyyət və bacarığından xalqın rifahı üçün istifadə edə bilirdi. Xalq itaətkar olsaydı, Yehovanı öz Hökmdarı kimi qəbul etsəydi, Yehovanın onlara verdiyi təlim və torpağın məhsuluna verdiyi bərəkət sayəsində firavan yaşayacaqdı (Əş 33:22).
Hikmət xəzinəsindən incilər
İntiqam almaq düzgündürmü?
Əgər bir israilli soydaşının üstünə hücum çəkib gözünü çıxarsaydı, Qanun həmin adamı ədalətlə cəzalandırmağa yol verirdi. Lakin günahkarı və ya onun ailə üzvlərindən kimisə cəzalandırmaq zərər çəkmiş adamın ixtiyarına verilmirdi. Qanuna əsasən, düzgün həll edilməsi üçün o, bu işi səlahiyyəti olan şəxslərə — təyin olunmuş hakimlərə təqdim etməli idi. Başqasına qarşı qəsdən cinayət törətmiş və ya zorakılıq etmiş adamın eyni cür cəzalandırıla biləcəyini bilmək insanları intiqam almaqdan saxlamaq üçün güclü vasitə idi. Lakin hər şey təkcə bununla bitmir.
1—7 FEVRAL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 26, 27
«Yehovadan nemət almaq üçün nə etməliyik?»
‘Boş şeyləri’ rədd edin
8 ‘Mammon’, başqa sözlə var-dövlət allaha necə çevrilə bilər? Belə bir nümunəyə baxaq. Qədim israillilər daşdan evin və ya hasarın tikilməsində istifadə edə bilərdilər. Digər tərəfdən isə, həmin daşı səcdə etmək üçün «sütun» və ya «yonulmuş daş» kimi qoyanda, o, xalqı Yehovadan uzaqlaşdırırdı (Lev. 26:1). Pul haqqında da eyni şeyi demək olar. Pul bizə lazımdır ki, yaşaya bilək, onu həm də Yehovaya xidmət etmək üçün istifadə edə bilərik (Vaiz 7:12; Luka 16:9). Lakin pul qazanmağı Allaha xidmət etməkdən üstün tuturuqsa, o, mahiyyət etibarilə, bizim allahımıza çevrilir. (1 Timoteyə 6:9, 10 ayələrini oxu.) Bu gün var-dövlətin insanlar üçün son dərəcə böyük əhəmiyyət kəsb etdiyi dünyada pula düzgün münasibəti qoruyub saxlamaq vacibdir (1 Tim. 6:17-19).
it-1-E s. 223, abz. 3
Ehtiram
Yehovanın Musa vasitəsilə etdiyi işlərə görə, onunla rəftarına görə Musa Allahın xalqının gözündə hörmət (ibr. «mohra») qazanmışdı (Qn 34:10, 12; Çx 19:9). İmanlı insanlar Musanın səlahiyyətinə ehtiramla yanaşırdı. Onlar başa düşürdülər ki, Allah onun vasitəsilə danışır. İsraillilər Allahın müqəddəs məkanına da ehtiramla yanaşmalı idilər (Lv 19:30; 26:2). Bu o demək idi ki, onlar Yehovanın buyurduğu tərzdə ibadət etməli və Onun bütün əmrlərinə uyğun davranmalı idilər.
w91-E 1/3 s. 17, abz. 10
Qoy Allahın sülhü ürəyinizi qorusun
10 Yehova xalqa demişdi: «Əgər qanunlarımla oturub-dursanız, əmrlərimə riayət edib onlara uyğun yaşasanız, sizin üçün mövsümündə yağışlar yağdıracağam, torpağınız məhsul verəcək, ağaclarınız bar gətirəcək. Ölkənizə əmin-amanlıq verəcəyəm, gecəni rahat yatacaqsınız, sizi qorxudan olmayacaq. Torpağınızdan yırtıcı heyvanları qovacağam, müharibə nədir bilməyəcəksiniz. Mən sizinlə olacağam. Mən sizin Allahınız, siz isə Mənim xalqım olacaqsınız» (Lavililər 26:3, 4, 6, 12). İsraildə o mənada əmin-amanlıq olacaqdı ki, düşmənlərindən müdafiə olunacaqdılar, maddi firavanlıq içində yaşayacaqdılar və Yehova ilə yaxın münasibətləri olacaqdı. Amma bu onların Yehovanın qanununa riayət etməyindən asılı idi (Zəbur 119:165).
Hikmət xəzinəsindən incilər
it-2-E s. 617
Xəstəlik
Allahın qanunundan çıxmağın nəticəsi. Allah İsrail xalqına xəbərdarlıq etmişdi ki, onlarla bağladığı əhdə sadiq qalmasalar, onların içinə azar salacaq (Lv 26:14—16, 23—25; Qn 28:15, 21, 22). Müqəddəs Kitabda istər ruhani, istərsə də fiziki sağlamlıq haqda Allahdan olan nemət kimi danışılır (Qn 7:12, 15; Zb 103:1—3; Ms 3:1, 2, 7, 8; 4:21, 22; Vh 21:1—4), xəstəlik isə günah və qeyri-kamilliklə əlaqələndirilir (Çx 15:26; Qn 28:58—61; Əş 53:4, 5; Mt 9:2—6, 12; Yh 5:14). Düzdür, müəyyən hallarda Yehova Allah bilavasitə Özü və yerindəcə kimlərisə xəstəliyə düçar etmişdi, məsələn, Məryəmi, Üziyyəni və Qihazini cüzama mübtəla etmişdi (Sy 12:10; 2Sm 26:16—21; 2Pd 5:25—27). Amma çox vaxt xalqın içinə düşən xəstəliklər insanların və ya xalqın günahlarının qaçılmaz nəticəsi olurdu. Onlar sadəcə olaraq, əkdiklərini biçirdilər, bədənləri yanlış yollarının bəhrəsini biçirdi (Qt 6:7, 8). Biabırçı şəkildə cinsi əxlaqsızlıqla məşğul olan adamlar haqqında həvari demişdi ki, Allah «bədənlərini rüsvay etsinlər deyə, onları natəmizliyə təslim etdi... və günahlarına görə tamamilə layiqli cəza aldılar» (Rm 1:24—27).
8—14 FEVRAL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 1, 2
«Yehova xalqını təşkil edir»
w94-E 1/12 s. 9, abz. 4
İbadət həyatımızda layiqli yeri tutmalıdır
4 İsraillilərin səhrada qurduğu düşərgəyə yuxarıdan baxsaydınız, nə görərdiniz? Böyük bir ərazini əhatə edən, şimalda, cənubda, şərqdə və qərbdə üç qəbiləli bölüklər halında nizamla qurulmuş çadırlar. Bu çadırlarda üç milyon, yaxud, ola bilsin, daha çox insan yaşayırdı. Diqqətlə baxanda görərdiniz ki, düşərgənin mərkəzinə yaxın yerdə başqa bir qrup da var idi. Bu, Lavi qəbiləsinin çadırları idi. Onlar dörd kiçik qrup halında idilər. Düşərgənin mərkəzində parça ilə çəpərə alınmış ərazi var idi. Burada qeyri-adi bir tikili yerləşirdi. Bu, Hüzur çadırı, yaxud Müqəddəs çadır idi. Bu çadırı bacarıqlı israillilər Yehovanın verdiyi layihə əsasında düzəltmişdilər (Saylar 1:52, 53; 2:3, 10, 17, 18, 25; Çıxış 35:10).
it-1-E s. 397, abz. 4
Düşərgə
İsraillilərin düşərgəsi çox böyük idi. Siyahıya alınan döyüşə yararlı kişilərin sayı 603 550 nəfər idi. Onlardan başqa qadınlar, uşaqlar, yaşlılar, əlillər, 22 000 lavili, həmçinin «əcnəbilərdən ibarət izdiham» var idi. Ehtimal ki, ümumilikdə onların sayı 3 000 000 nəfər və ya daha artıq idi (Çx 12:38, 44; Sy 3:21—34, 39). Belə bir düşərgənin nə böyüklükdə sahəni əhatə etdiyi məlum deyil. Fikirlər müxtəlifdir. Muab çöllüyündə Əriha ilə üzbəüz düşərgə salınanda düşərgənin «Beyt-Yəşimutdan tutmuş Abil-Şittimədək» uzandığı deyilir (Sy 33:49).
Hikmət xəzinəsindən incilər
it-2-E s. 764
Siyahıyaalma
Əhali adətən qəbilə və ailə şəklində adbaad siyahıya alınırdı. Məqsəd sadəcə əhalinin sayını bilmək deyildi. Müqəddəs Kitabda yazılan siyahıyaalmalar müxtəlif məqsədlərə xidmət edirdi, məsələn, vergilərin yığılmasına, hərbi xidmətə çağırılmağa, yaxud da (lavililərin siyahıya alınması) müqəddəs məkandakı işlərə təyin olunmağa.
15—21 FEVRAL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 3, 4
«Lavililərin xidməti»
it-2-E s. 683, abz. 3
Kahin
Qanun əhdi altında. Yehova Misirə onuncu bəlanı göndərib misirlilərin ilk oğullarını öldürəndə israillilərin ilk oğullarını Özü üçün müqəddəs olaraq ayırdı (Çx 12:29; Sy 3:13). Ona görə də ilk doğulan oğullar Yehovaya məxsus idi, onlar həyatlarını Allaha xüsusi şəkildə xidmət etməklə keçirməli idilər. Allah İsraildə ilk doğulan bütün oğulları müqəddəs məkanda kahin və xidmətçi kimi təyin edə bilərdi. Amma O məsləhət bildi ki, Lavi qəbiləsinin kişilərini bu xidmət üçün ayırsın. Bu səbəbdən O, xalqa izin verdi ki, digər 12 qəbilənin (Yusifin oğulları Əfraim və Mənəssə iki qəbilə hesab olunurdu) ilk oğullarının yerinə lavili kişiləri versinlər. Siyahıyaalma zamanı digər qəbilələrə aid, bir aylıq və ondan yuxarı yaşda olan ilkinlər lavili kişilərdən 273 nəfər çox oldu. Buna görə də Allah buyurdu ki, 273 nəfərin hər biri üçün beş şekel (11 dollar) dəyərində fidyə alınsın. Pulu Haruna və onun oğullarına verdilər (Sy 3:11—16, 40—51). Bundan əvvəl Yehova Lavi qəbiləsindən olan Harunun nəslindəki kişiləri İsraildə kahin təyin etmişdi (Sy 1:1; 3:6—10).
it-2-E s. 241
Lavililər
Vəzifələri. Lavililər Lavinin oğulları Hirsən (Hirsəm), Kəhat və Merardan törəyən üç nəsildən ibarət idi (Yr 46:11; 1Sm 6:1, 16). Səhrada bu nəsillərin hər birinə Müqəddəs çadırın yanında yer ayrılmışdı. Kəhat nəslindən olan Harunun ailəsi çadırın şərqə baxan qabaq tərəfində düşərgə salırdı. Digər kəhatlılar çadırın cənub tərəfində, hirsənlilər qərb tərəfdə, merarlılar isə şimal tərəfdə düşərgə salırdılar (Sy 3:23, 29, 35, 38). Çadırı qurmaq, sökmək və daşımaq lavililərin işi idi. Yola düşmək vaxtı gələndə Harunla oğulları Müqəddəs yerlə Ən müqəddəs yeri ayıran pərdəni götürüb şəhadət sandığının, qurbangahların və digər müqəddəs əşyaların və avadanlığın üstünü örtürdülər. Sonra kəhatlılar onları daşıyırdılar. Hirsənlilər Müqəddəs çadırın alt örtüyünü, Hüzur çadırının örtüyünü, həyətin və çadırın giriş pərdəsini, həyətin parça çəpərini, ipləri (görünür, çadırın iplərini) daşıyırdılar. Merarlılar Müqəddəs çadırın çərçivələrinə, sütunlara, dirəklərə, oyuqlu altlıqlara, mıxlara və iplərə (çadırı dövrələyən həyətin iplərinə) cavabdeh idilər (Sy 1:50, 51; 3:25, 26, 30, 31, 36, 37; 4:4—33; 7:5—9).
it-2-E s. 241
Lavililər
Musanın dövründə lavililər 30 yaşında tam xidmətə başlayırdılar, məsələn, köç zamanı Hüzur çadırını və onun əşyalarını daşıyırdılar (Sy 4:46—49). Bəzi işləri isə 25 yaşından icra edə bilərdilər, amma, görünür, bu, çadırı daşımaq kimi ağır işlər olmurdu (Sy 8:24). Davud padşahın dövründə isə yaş həddi 20-yə endirildi. Buna səbəb o idi ki, çadırı daha daşımaq lazım gəlməyəcəkdi (çadır məbədlə əvəz olunacaqdı). Lavililər 50 yaşında icbari xidmətdən azad olunurdular (Sy 8:25, 26; 1Sm 23:24—26). Lavililər Tövratı yaxşı bilməli idilər. Onları tez-tez xalq arasında Tövratdan oxumağa və sadə xalqa təlim verməyə çağırırdılar (1Sm 15:27; 2Sm 5:12; 17:7—9; Nə 8:7—9).
Hikmət xəzinəsindən incilər
Müdrik ol — Allahdan qorx!
13 Çətinliklər zamanı Yehovanın Davuda dayaq olması sayəsində o, Allahdan daha çox qorxmağa başladı və e’tibarı möhkəmləndi (Məzmur 31:22-24). Lakin üç halda o, Allah qorxusunu itirmiş, bu isə ciddi nəticələrə gətirib çıxarmışdı. Birinci dəfə, Yehovanın əhd sandığını Yerusəlimə gətirmək üçün gördüyü hazırlıq Davudun Allah qorxusunu itirdiyini göstərirdi. Sandığı, Allahın qanununda göstərildiyi kimi, levililərin çiynində aparmaq əvəzinə, onu arabaya qoydu. Arabanı sürən Uzza sandığın aşmaması üçün onu tutanda, «hörmətsizlik etdiyinə» görə, dərhal öldü. Bəli, Uzza ciddi günah işlətmişdi, lakin bu faciənin baş verməsinə səbəb məhz Davudun Allahın qanununa layiqincə hörmət göstərməməsi idi. Allahdan qorxmaq hər şeyi Onun müəyyən etdiyi kimi icra etmək deməkdir (2 Şamuel 6:2-9; Saylar 4:15; 7:9).
22—28 FEVRAL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 5, 6
«Nəzirilərdən necə nümunə götürə bilərik?»
it-2-E s. 477
Nəziri
Nəziri kimi yaşamağı əhd edənlərə üç əsas qadağa var idi: 1) Onlara kefləndirici içki içmək, meynənin nə kal, nə yetişmiş, nə də qurudulmuş məhsulundan yemək, üzümün təzə sıxılmış şirəsi, üzümdən hazırlanan şərab, yaxud sirkə olmazdı. 2) Onlara saçlarını kəsmək olmazdı. 3) Meyitə toxunmaq olmazdı, bu hətta ən yaxın qohumu — atası, anası, qardaşı, yaxud bacısı olsaydı belə (Sy 6:1—7).
Xüsusi əhdlər. Bu cür xüsusi əhd edən adam «Yehova üçün nəziri [ayrılmış, həsr olunmuş] kimi» yaşamalı idi. O, özünü tamamilə dünyadan təcrid edərək zahid kimi yaşayıb, insanlardan alqış almaq məqsədi güdmürdü. Əksinə, «bütün nəzirilik günləri ərzində o, Yehova üçün müqəddəs» olurdu (Sy 6:2, 8).
Buna görə də nəzirilər üçün olan tələblər ibadətdə xüsusi əhəmiyyət və məna daşıyırdı. Necə ki baş kahin daşıdığı vəzifəyə görə meyitə, hətta ən yaxın doğmasının da meyitinə toxuna bilməzdi, nəziri də belə idi. Baş kahinə və digər kahinlərə vəzifələrinin ciddiliyinə görə Yehovanın önündə xidmətlərini icra edərkən şərab və ya başqa kefləndirici içki içmək qadağan idi (Lv 10:8—11; 21:10, 11).
Bundan başqa, nəziri (ibr. «nazir») saçını uzadaraq Yehovaya xidmət etməyə həsr olunduğunu göstərməli idi. Saçının uzun olmasından hamı onun nəziri olduğunu dərhal başa düşəcəkdi (Sy 6:5). Müqəddəs Şənbə və Azadlıq ilində «budanmamış» tənəklərdən danışanda ibrani dilində eyni «nazir» sözü işlədilib (Lv 25:5, 11). Maraqlıdır ki, baş kahinin əmmaməsinin qabağına bərkidilən, üstünə «Müqəddəslik Yehovaya məxsusdur» sözləri həkk olunmuş qızıl lövhəcik də ibrani dilində «nezer» adlanırdı. Bu söz «nazir» sözü ilə eyniköklü sözdür (Çx 39:30, 31). Eynilə, İsrailin məsh olunmuş padşahlarının qoyduğu tac da «nezer» adlanırdı (2İş 1:10; 2Pd 11:12). Həvari Bulus yazmışdı ki, məsihi yığıncağında qadının uzun saçları ona baş örtüyü kimi verilib. Bu, qadına xatırladır ki, onun mövqeyi kişinin mövqeyindən fərqlənir. Qadın Allahın qoyduğu qayda-qanuna əsasən, kişiyə tabe olmalı olduğunu yadda saxlamalıdır. Beləliklə, bu cür tələblər, yəni saçın kəsilməməsi (kişi üçün qeyri-təbii bir şeydir), şərabdan tamamilə uzaq durmaq, təmiz, ləkəsiz qalmaq nəziriyə özünü inkar etməyin və Yehovanın iradəsinə büsbütün itaət etməyin vacibliyini aşılayırdı (1Kr 11:2—16).
Hikmət xəzinəsindən incilər
w05-E 15/1 s. 30, abz. 2
Oxucuların sualları
Şimşon isə başqa mənada nəziri idi. O, dünyaya gəlməzdən əvvəl Yehovanın mələyi onun anasına demişdi: «Sən hamilə qalıb bir oğul doğacaqsan. Onun başına ülgüc dəyməməlidir. Çünki uşaq dünyaya gələndən Allahın nəzirisi olacaq və İsraili filiştlilərdən qurtaracaq» (Hakimlər 13:5). Şimşon nəzirilik əhdi verməmişdi. Onu Allah nəziri təyin etmişdi və onun nəziriliyi ömürlük idi. Ona görə də meyitə toxunmamaq əmri ona aid deyildi. Əgər bu əmr ona aid olsaydı və o, təsadüfən meyitə toxunsaydı, onda ömürlük nəziriliyə yenidən necə başlaya bilərdi, axı onun nəziriliyi dünyaya gələndən başlayırdı? Görünür, ömürlük nəzirilər üçün olan tələblər könüllü nəzirilərinkindən fərqlənirdi.