«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
3—9 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 27—29
«Yehova kimi qərəzsiz olun»
Yehovanın xüsusiyyətlərini tam şəkildə qiymətləndirin
14 Bu beş bacı Musanın yanına gəlib ondan soruşdular: «Oğlu olmadığına görə onun [atamızın] adı öz nəsli arasından nə üçün silinməlidir?» Onlar xahiş edib dedilər: «Atamızın qardaşları arasında bizə bir mülk verin». Bəs Musa buna necə reaksiya göstərdi, Qanundan kənara çıxa bilməyəcəyini dedi? Əksinə, o, «onların işini Rəbbin önünə qoydu» (Say. 27:2—5). Yehova buna cavab olaraq Musaya dedi: «Selofxadın qızları doğru deyirlər: mütləq onlara atalarının qardaşları arasında mülk ver və atalarının mirasını onlara keçir». Yehova bununla kifayətlənmədi, Musaya bu göstərişi Qanuna daxil etməyi tapşırdı: «İsrail övladlarına de ki, əgər bir adam ölərsə və onun oğlu yoxdursa, o zaman mirası onun qızına keçir» (Say. 27:6—8; Yeşua 17:1—6). Həmin andan etibarən, bu qanun belə vəziyyətlə üzləşən bütün israilli qadınları müdafiə edəcəkdi.
Yehovanın xüsusiyyətlərini tam şəkildə qiymətləndirin
15 Həqiqətən də, xeyirxah və qərəzsiz bir qərar idi! Yehova, bütün israillilərlə olduğu kimi, bu müdafiəsiz qadınlarla da hörmətcil tərzdə rəftar etdi (Məz. 68:5). Bu hadisə Müqəddəs Kitabda qələmə alınan və Yehovanın bütün xidmətçiləri ilə qərəzsiz davrandığını göstərən çoxsaylı nümunələrdən yalnız biridir (1 Şam. 16:1—13; Həv. iş. 10:30—35, 44—48).
Yehovanın xüsusiyyətlərini tam şəkildə qiymətləndirin
16 Ayrı-seçkilik etməməkdə Yehovanın nümunəsini necə təqlid edə bilərik? Yuxarıda deyildiyi kimi, ayrı-seçkilik etməmək özünə iki amili daxil edir. Biz yalnız qərəzsiz olduğumuz təqdirdə, başqaları ilə qərəzsiz rəftar edəcəyik. Sözsüz, hər birimiz özümüzün obyektiv və qərəzsiz olduğumuzu düşünməyi xoşlayırıq. Ancaq yəqin, razılaşacaqsınız ki, insanın öz hisslərinə obyektiv şəkildə qiymət verməsi heç də həmişə asan olmur. Bəs ayrı-seçkilik etməyən insan olduğumuzu necə müəyyən edə bilərik? İsa insanların onun barəsində nə fikirləşdiyini öyrənmək üçün yaxın dostlarından soruşmuşdu: «Camaatın dediyinə görə insan Oğlu kimdir?» (Mat. 16:13, 14). Nəyə görə İsanın bu nümunəsini izləməyəsiniz? Səmimiyyətinə inandığınız dostlarınızdan insanlar arasında ayrı-seçkilik etməyən biri kimi tanınıb-tanınmadığınızı soruşa bilərsiniz. Əgər o, sizin hərdən insanlar arasında irqi, sosial və ya ekonomik cəhətdən ayrı-seçkilik etdiyinizi söyləyərsə, bu zaman nə edəcəksiniz? Yehovaya ürəkdən dua edərək öz hisslərinizi Onunla bölüşün. Xahiş edin ki, düşüncə tərzinizi dəyişməyinizə və hər kəsə Onun kimi qərəzsiz yanaşmağınıza kömək etsin (Mat. 7:7; Kolos. 3:10, 11).
Hikmət xəzinəsindən incilər
it-2-E s. 528, abz. 5
Qurban və təqdimələr
Şərab təqdiməsi. Şərab təqdiməsi digər qurban və təqdimələrin əksəriyyətinin yanında gətirilirdi, xüsusən də israillilər Vəd edilmiş diyarda məskunlaşandan sonra (Sy 15:2, 5, 8—10). Şərab təqdiməsini qurbangahın üstünə tökürdülər (Sy 28:7, 14; əlaqələndir: Çx 30:9; Sy 15:10). Həvari Bulus Filippidəki məsihilərə yazmışdı: «İmandan irəli gələrək təqdim etdiyiniz qurbanın və müqəddəs xidmətin üzərinə şərab təqdiməsi kimi tökülməyimə baxmayaraq, mən çox şadam». Burada o, şərab təqdiməsi timsalında göstərirdi ki, özünü məsihi dindaşları uğrunda fəda etməyə hazırdır (Fp 2:17). Ölümündən bir qədər əvvəl o, Timutiyə yazmışdı: «Mən artıq şərab təqdiməsi kimi qurbangahın üzərinə tökülürəm, qurtuluşumun vaxtı yaxındır» (2Tm 4:6).
10—16 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 30, 31
«Nəzirinizi yerinə yetirin»
it-2-E s. 1162
Nəzir
Könüllü idi, amma nəzir edəndən sonra yerinə yetirmək mütləq idi. Nəzirlər könüllü olaraq edilirdi. Ancaq nəzir ediləndən sonra Allahın qanununa əsasən, yerinə yetirilməsi icbari idi. Nəzir deyən adam sözünü tutacağına canı ilə zəmanət verirdi (Sy 30:2; həmçinin bax: Rm 1:31, 32). Deməli, söhbət insanın həyatından getdiyi üçün başa düşmək olar ki, nəyə görə Müqəddəs Kitab insanı nəzir deyərkən son dərəcə ehtiyatlı olmağa, üzərinə hansı öhdəçiliklərin düşəcəyini əvvəlcədən götür-qoy etməyə səsləyir. Tövratda deyilir: «Allahınız Yehovaya nəzir edəndə... Allahınız Yehova bunu sizdən tələb edəcək. Yerinə yetirməsəniz, günah sahibi olacaqsınız. Amma nəzir deməkdən qaçınırsınızsa, bu, günah deyil» (Qn 23:21, 22).
it-2-E s. 1162
Nəzir
Nəyisə yerinə yetirəcəyinə, qurban gətirəcəyinə, bəxşiş verəcəyinə, hansısa xidməti icra edəcəyinə, hansısa şərti qəbul edəcəyinə, qadağan olmayan şeyi özünə haram hesab edəcəyinə Allaha təntənəli surətdə söz vermək. Nəziri hər kəs könüllü, öz xoşu ilə edirdi. Nəzir təntənəli surətdə edilmiş vəd olduğu üçün andla eyni qüvvədə idi. Müqəddəs Kitabda bəzən nəzir və and sözləri yanaşı işlədilir (Sy 30:2; Mt 5:33). Nəzir daha çox niyyəti bəyan etməkdir, and isə yüksək səlahiyyət sahibindən edilən xahişdir ki, hansısa bəyanatın həqiqiliyini və mütləq olduğunu təsdiq etsin. Çox vaxt and içərək əhdi təsdiq edirdilər (Yr 26:28; 31:44, 53).
“Saylar” kitabından diqqətəlayiq fikirlər
30:6-8 — Məsihçi öz arvadının əhdlərini ləğv edə bilərmi? Bizim günlərdə Yehova öz xidmətçilərinin əhdlərinə ayrı-ayrılıqda baxır. Misal üçün, Yehovaya həsr olunma — hər kəsin şəxsən verdiyi əhddir (Qalatiyalılara 6:5). Ərin belə bir əhdi ləğv etməyə haqqı yoxdur. Digər tərəfdən, qadın, əlbəttə ki, Allahın Kəlamına və ərinə dair vəzifələrinə zidd gedən əhdlər verməli deyil.
Hikmət xəzinəsindən incilər
it-2-E s. 28, abz. 1
İftah
İnsanları müqəddəs məkanda bütünlüklə Yehovaya xidmət etməyə həsr etmək mümkün idi. Valideynlərin buna ixtiyarı var idi. Məsələn, Hənnə oğlu İşmuil dünyaya gəlməzdən əvvəl nəzir etmişdi ki, onu Müqəddəs çadırda xidmət etməyə verəcək. Əri Əlqəna da onun nəzirini təsdiqləmişdi. İşmuil süddən ayrılan kimi, Hənnə onu müqəddəs məkana təqdim etmişdi. Onunla birgə heyvan da qurban gətirmişdi (1İş 1:11, 22—28; 2:11). Şimşon da uşaqlıqdan nəziri kimi Allaha xidmətə həsr edilmişdi (Hk 13:2—5, 11—14; atanın qızı üzərindəki səlahiyyətindən danışan Sy 30:3—5, 16 ayələri ilə əlaqələndir).
17—23 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 32, 33
«Ölkənin bütün sakinlərini qarşınızdan qovun»
Bilirsinizmi?
İbranicə Müqəddəs Yazılarda haqqında danışılan «səcdəgahlar» nə idi?
İsraillilər Vəd olunmuş diyara daxil olmazdan əvvəl, Yehova onlara orada yaşayan kənanlıların bütün səcdəgahlarını dağıtmağı tapşırmışdı. «Oyma daşlarının, tökmə bütlərinin hamısını yox edin. Onların səcdəgah yerlərini dağıdın»,— deyə Allah əmr etmişdi (Saylar 33:52). Yalançı allahlara ibadət olunan bu səcdəgahlar, adətən, təpələrin başında meydançalar, yaxud da başqa yerlərdə, məsələn, ağaclar altında və ya şəhərlərdə qurulan ibadətgahlar idi (1 Padşahlar 14:23; 2 Padşahlar 17:29; Yezekel 6:3). Orada, ola bilsin, qurbangahlar, müqəddəs sütun və ya dirəklər, surətlər, buxurdanlar və ibadətdə istifadə olunan digər əşyalar var idi.
İsraillilərin səhvlərindən ibrət alaq
Bu gün bizim qarşılaşdığımız bir çox çətinliklər israillilərinkinə oxşayır. Müasir cəmiyyətdə bir çox «bütlər» var. Məsələn, pul, şou-biznes və idman ulduzları, siyasi sistemlər, bəzi dini rəhbərlər və hətta ailə üzvləri. Bunlardan hansınınsa həyatımızda vacib yer tuta bilməsi ehtimalı var. Yehovanı sevməyən insanlarla dostluq etsək, nəticədə ruhani tənəzzülə uğraya bilərik.
Baala ibadətin ayrılmaz hissəsi olan əxlaqsızlıq bir çox israilliləri özünə cəlb edib tələyə salmışdı. Bizim günlərdə də Allahın bəzi xidmətçiləri belə tələlərə düşmüşlər. Məsələn, təklikdə olanda kompüterin siçanının düyməsinə bir dəfə basmaq kifayətdir ki, hər şeyi bilmək istəyən və ya ehtiyatsız insanın təmiz vicdanı ləkələnsin. Məsihçinin İnternetdə pornoqrafiyaya aludə olması necə də kədərli olardı!
it-1-E s. 404, abz. 2
Kənan
Yuşə hikmətlə davranaraq kənanilərin məhv edilməsi ilə bağlı «Yehovanın Musaya buyurduğu şeylərin hamısını icra etdi» (Yş 11:15). Amma İsrail xalqı onun nümunəsi ilə getmədi, ölkəni murdarlayanların kökünü kəsmədi. Kənanilərin onların arasında qalması İsrailin başına bəla oldu. Vaxt keçdikcə onların ucbatından o qədər israilli öldü ki, (hələ cinayətin, əxlaqsızlığın, bütpərəstliyin baş alıb getməsindən danışmırıq) vaxtında kənanilərin hamısını qırsaydılar, ölən kənanilərin sayı o qədər olmazdı (Sy 33:55, 56; Hk 2:1—3, 11—23; Zb 106:34—43). Yehova israillilərə xəbərdarlıq etmişdi ki, onlara görə haqqı tapdalamayacaq və hökmünü dəyişməyəcək. Həmçinin qabaqcadan bildirmişdi ki, israillilər kənanilərlə münasibət yaratsa, qohum olsa, onların etiqadlarını qəbul etsə, dini ayinlərini, pozğun əməllərini təkrarlasa, kənanilərə çıxarılan məhv hökmü onlara da oxunacaq, onlar da dərbədər olacaqlar (Çx 23:32, 33; 34:12—17; Lv 18:26—30; Qn 7:2—5, 25, 26).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 359, abz. 2
Sərhəd
Püşklə qəbilənin coğrafi mövqeyini təyin edəndən sonra ikinci amil, yəni qəbilənin böyüklüyü əsasında torpaq payının ölçüsünü müəyyən etmək lazım idi. «Püşk atıb torpağı ailələriniz arasında bölüşdürün. Sayı çox olanların torpaq payı böyük, sayı az olanlarınkı kiçik olmalıdır. Hər kəs püşklə ona düşən yerdə torpaq payı alacaq» (Sy 33:54). Payın coğrafi mövqeyi ilə bağlı püşklə verilən qərar qüvvədə qalırdı, amma payın ölçüsü ilə bağlı dəyişiklik edilə bilərdi. Beləliklə, Yəhudanın ərazisinin çox böyük olduğu məlum olanda onun torpağından Şəmun qəbiləsinə pay verildi və beləcə, onun ərazisi azaldıldı (Yş 19:9).
24—30 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 34—36
«Yehovaya sığının»
Yehovaya pənah gətirin!
4 Bəs əgər qətl təsadüfən baş verərdisə, onda necə? Qətl törədən yenə də günahkar bilinirdi, çünki günahsız qan tökmüşdü (Yar. 9:5). Ancaq belə adama rəhm göstərilirdi. O, intiqamçının əlindən qurtulmaq üçün sığınacaq kimi ayrılmış altı şəhərdən birinə qaçıb ora sığına bilərdi. O, baş kahinin ölümünə qədər bu şəhərdə qalmalı idi (Say. 35:15, 28).
Yehovaya pənah gətirin!
6 Təsadüfən baş verən qətl hadisəsindən sonra əlindən xəta çıxan adam sığınacaq şəhərə qaçıb hal-qəziyyəni şəhər darvazasında oturan ağsaqqallara danışmalı idi. Ağsaqqallar onu şəhərə qəbul etməli idilər (Yuş. 20:4). Bir müddət sonra onlar həmin adamı hadisə baş verən şəhərin ağsaqqallarının yanına göndərməli idi ki, işi araşdırsınlar. (Saylar 35:24, 25 ayələrini oxuyun.) Əgər sübuta yetirilsəydi ki, hadisə doğrudan da, təsadüfən baş verib, hadisəni törədən şəxs sığınacaq şəhərə qaytarılırdı.
Yehovaya pənah gətirin!
Təsadüfən adam öldürən şəxs sığınacaq şəhərdə təhlükəsizlikdə idi. Yehova demişdi ki, «bu şəhərlər... sığınacaq yeri olacaq» (Yuş. 20:2, 3). Orada təqsirkar törətdiyi işə görə yenidən mühakimə olunmur, intiqamçının şəhərə girib onu qətlə yetirməsinə icazə verilmirdi. Beləcə, təqsirkar qisas qorxusu ilə yaşamırdı. Şəhərdə qaldığı müddətdə o, Yehovanın müdafiəsi altında olurdu. Sığınacaq şəhərlər həbs düşərgəsi deyildi. İntiqamçıdan qaçanlar orada hamı kimi işləyir, ibadət edir, camaatın xeyrinə-şərinə yarayırdılar. Bir sözlə, normal, mənalı həyat sürürdülər.
Hikmət xəzinəsindən incilər
w91-E 15/2 s. 13, abz. 13
Müvafiq fidyə
Ancaq fidyə nə Adəmə, nə də Həvvaya aid deyil. Musanın qanununda belə bir əmr var idi: «Ölümə layiq qatil üçün fidyə almamalısınız, o, hökmən öldürülməlidir» (Saylar 35:31). Adəm aldanmamışdı, öz xoşu ilə, bilərəkdən günah etmişdi (1 Timutiyə 2:14). Bununla da övladlarını qətlə yetirmişdi, çünki onlar qeyri-kamilliyi miras alacaqdılar, beləcə, ölümə məhkum olacaqdılar. Adəm birmənalı şəkildə ölümə layiq idi. O, kamil ola-ola, öz xoşu ilə Allahın qanununu pozmağı seçdi. Fidyəni Adəmə aid etsəydi, Yehova Öz adil qanunlarına zidd davranardı. Amma Adəmin günahı üçün haqq ödəməklə onun övladlarının üstündən ölüm hökmü götürüldü (Romalılara 5:16). Hüquqi mənada günah öz öldürücü qüvvəsini itirib. Fidyəni verən hər kəsin əvəzinə ölümü dadıb, Adəmin bütün övladlarının əvəzinə günahın nəticələrini öz bədənində daşıyıb (İbranilərə 2:9; 2 Korinflilərə 5:21; 1 Butrus 2:24).
31 MAY — 6 İYUN
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 1, 2
«Hökm Allahındır»
w96-E 15/3 s. 23, abz. 1
Yehova haqq-ədaləti sevir
Yığıncaq ağsaqqalları ciddi günahları mühakimə etməlidirlər (1 Korinflilərə 5:12, 13). Bu zaman onlar unutmurlar ki, Allahın ədaləti mümkün olan yerdə mərhəmət göstərmək deməkdir. Əgər heç bir əsas yoxdursa, məsələn, günahkar tövbə etmirsə, mərhəmət göstərilə bilməz. Amma ağsaqqallar günahkarı acıqla yığıncaqdan qovmurlar. Onlar ümid edirlər ki, yığıncaqdan kənar olunmaq həmin adamın ağlını başına gətirəcək. (Hizqiyal 18:23 ayəsi ilə əlaqələndir.) Ağsaqqallar Məsihin başçılığı altında haqqın, ədalətin keşiyində dururlar, bu o deməkdir ki, onlar həm də küləkdən daldalanacaq olmalıdırlar (Əşiya 32:1, 2). Buna görə də onlar qərəzsiz və mülayim olmalıdırlar (Qanunun təkrarı 1:16, 17).
Allahın tə’yin etdiyi hakimiyyətə sədaqətlə tabe olun
4 Lakin hakimlərdən, Qanunu bilməkdən daha artıq şey tələb olunurdu. Qeyri-kamil olan bu ağsaqqallar, onlara xas olan və ədalət məhkəməsini icra etməyə maneə törədən pis meylləri, məsələn, xudbinliyə, üzgörənliyə və tamahkarlığa olan meyllərini yüyənləməyi bacarmalı idilər. Musa onlara dedi: “Hökmdə şəxslərə e’tibar etməyəcəksiniz; kiçiyi də böyüyü kimi dinləyəcəksiniz; insan üzündən qorxmayacaqsınız; çünki hökm Allahındır”. Bəli, İsrailin hakimləri Allahın adından hökm verirdilər. Bu cür tapşırıq necə də ehtiram hissi doğurur! (Təsniyə 1:16, 17).
Hikmət xəzinəsindən incilər
Yehovanın öyüdləri etibarlıdır
9 İsraillilər «qorxunc səhranı» 40 il gəzib-dolaşmağa başlayanda Yehova onlara necə yol göstərəcəyinə, qoruyacağına və qayğılarına qalacağına dair konkret məlumat verməmişdi. Bununla belə, dəfələrlə sübut etmişdi ki, onlar Ona və verdiyi göstərişlərə etibar edə bilərlər. Yehova gündüz bulud dirəyi, gecə isə alov dirəyi vasitəsilə xatırladırdı ki, bu cansıxıcı səhra boyunca onların keşiyini çəkəcək (Qanun. t. 1:19; Çıx. 40:36—38). Yehova həmçinin xalqın zəruri ehtiyaclarını da ödəyirdi. Onların «nə paltarları köhnəldi, nə ayaqları şişdi». Bəli, «onlar heç nədən korluq çəkmədi»lər (Neh. 9:19—21).
Axırzamanın axırında hazırlıqlı olun
Mətta 24:8 ayəsi üçün olan şərh
bəlaların: Yunan dilindəki söz hərfi mənada doğuş vaxtı olan güclü sancıları bildirir. Ayədə bu söz ümumilikdə ağrı-acı, bəla, əzab-əziyyət mənası versə də, ola bilsin, həm də onu bildirir ki, Mt 24:21 ayəsində adı çəkilən böyük müsibətdən əvvəl bəlalar və əzablar doğuş sancıları kimi, daha tez-tez təkrarlanacaq, daha güclü və uzunmüddətli olacaq.
7—13 İYUN
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 3, 4
«Yehovanın qanunu müdrik və ədalətlidir»
it-2-E s. 1140, abz. 5
Dərrakə
Allahın Kəlamını və oradakı qanunları cidd-cəhdlə öyrənib, əməl etmək sayəsində insan müəllimlərindən də zəkalı, ahıl adamlardan da hikmətli ola bilər (Zb 119:99, 100, 130; əlaqələndir Lk 2:46, 47). Çünki hikmət, dərrakə Allahın pak qanunlarının və hökmlərinin ayrılmaz hissəsidir. Beləliklə, israillilər bu qanun və hökmlərə sədaqətlə əməl etsəydilər, ətraf xalqlar onlara müdrik, aqil xalq kimi baxacaqdı (Qn 4:5—8; Zb 111:7, 8, 10; əlaqələndir 1Pd 2:3). Ağıllı adam başa düşür ki, Allahın Kəlamı dəyişilməzdir. O öz yolunu Allahın Kəlamına uyğunlaşdırmağa çalışır və Allahdan bunun üçün kömək istəyir (Zb 119:169). Allahın Kəlamındakı xəbərin ürəyində kök atmasına yol verir (Mt 13:19—23), ürəyinin lövhəsinə yazır (Ms 3:3—6; 7:1—4) və hər cür əyri yola nifrət edir (Zb 119:104). Allahın Oğlu yer üzündə olanda bu cür dərrakə ilə davranırdı. O hətta işgəncə dirəyində ölməkdən də boyun qaçırmadı. Çünki Müqəddəs Kitabdakı peyğəmbərliklərin yerinə yetməsi üçün onun bu cür ölməyi labüd idi (Mt 26:51—54).
w99-E 1/11 s. 20, abz. 6, 7
Səxavətin bolluğu
Gördükləri, eşitdikləri məlikəni elə heyran qoymuşdu ki, o dedi: «Bəxtəvər sənin hüzurunda durub hikmətini dinləyən adamların, əyanlarının başına!» (1 Padşahlar 10:4—8). O, Süleymanın xidmətçilərinə cah-cəlalla əhatə olunduqlarına görə bəxtəvərlik oxumadı. Əslində, onlar, həqiqətən də, cah-calal içində yaşayırdılar. Ancaq Süleymanın xidmətçiləri ona görə bəxtəvər idilər ki, Süleymanın Allahdan aldığı hikməti daim dinləyə bilirdilər. Səba məlikəsi Yehovanın müasir xalqı üçün çox gözəl nümunədir. Biz bu gün Yaradanın və Oğlu İsa Məsihin hikməti ilə əhatə olunmuşuq!
Məlikənin Süleymana dediyi növbəti sözlər də diqqətə layiqdir: «Allahın Yehovaya alqış olsun!» (1 Padşahlar 10:9). Görünür, o başa düşürdü ki, Süleymanın belə hikmətli olması, firavan yaşaması Yehovanın sayəsindədir. Bu, Yehovanın İsrail xalqına dediyi sözlərə uyğundur. O demişdi: «Onlara [qanunlarıma] diqqətlə əməl edin. Belə davranmağınız başqa xalqlara sizin müdrik, aqil olduğunuzu göstərəcək və bu qayda-qanunlar haqqında eşidən o xalqlar deyəcək: “Bu böyük xalq, doğrudan da, müdrik və aqil bir xalqdır”» (Qanunun təkrarı 4:5—7).
‘Allah qarşısında zənginsənmi?’
Yehova xalqına xeyir-dualar verəndə həmişə ən yaxşısını verir (Yaqub 1:17). Məsələn, Yehovanın israillilərə yaşamaq üçün verdiyi diyar ‘südlə bal axan torpaq’ idi. Baxmayaraq ki, Misir diyarı da belə təsvir olunurdu, Yehovanın israillilərə verdiyi torpaq ən azı bir vacib şeylə fərqlənirdi. Musa israillilərə demişdi ki, ‘ora Allahınız Rəbbin lütf göstərdiyi torpaqdır’. Başqa sözlə desək, Yehova onların qayğısına qaldığı üçün onlar firavan yaşayacaqdılar. İsraillilər nə qədər ki, Yehovaya sadiq qalırdılar, Ondan bol-bol xeyir-dua alırdılar, həm də onların həyatının ətraf xalqlardan üstün olduğu göz qabağında idi. Bəli, insana ‘sərvət gətirən’ Yehovanın xeyir-dualarıdır! (Saylar 16:13; Qanunun təkrarı 4:5-8; 11:8-15).
Hikmət xəzinəsindən incilər
“Təsniyə” kitabından diqqətəlayiq fikirlər
4:15-20, 23, 24 — “Bir şey surətində oyma büt” düzəltməyin qadağan edilməsi o deməkdirmi ki, incəsənət məqsədlərində kiminsə, yaxud nəyinsə surətini təsvir etmək düzgün deyil? Xeyr. Qoyulan bu qadağa ibadət məqsədilə edilən surətlərə, yə’ni təsvirlərə aid idi və insanları bütlərə ibadətdən çəkindirirdi. Müqəddəs Yazılar heykəltəraşlıq əsərlərini yaratmağı və incəsənət məqsədlərində kimisə, yaxud nəyisə təsvir etməyi qadağan etmir (1 Krallar 7:18, 25).
14—20 İYUN
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 5, 6
«Övladlarınıza Yehovanı sevməyi öyrədin»
Valideynlər, ailənizin tələbatlarının qeydinə qalın
11 Bu haqda söz düşəndə, yəqin Qanunun təkrarı 6:5-7 ayələri qədər tez-tez sitat gətirilən ayə yoxdur. Zəhmət olmasa, Müqəddəs Kitabınızı açıb bu ayələri oxuyun. Fikir verdinizsə, ilk növbədə valideyn özü Yehova ilə münasibətlərini inkişaf etdirməli, Ona məhəbbət bəsləməli və Onun sözlərini bütün ürəyi ilə qəbul etməlidir. Bəli, siz Müqəddəs Kitabı dərindən araşdırmalı, onu müntəzəm surətdə oxumalı və üzərində düşünməlisiniz. Yalnız belə olduqda Yehovanın yollarını, prinsiplərini və qanunlarını başa düşəcək və onları sevəcəksiniz. Nəticədə ürəyiniz füsünkar Müqəddəs Kitab həqiqətləri ilə dolacaq, sevinciniz və Yehovaya olan məhəbbətiniz daha da artacaq. Beləliklə, uşaqlarınıza yalnız xeyirli olan şeylər öyrədəcəksiniz (Luka 6:45).
w07-E 5/15 s. 15—16
Övladlarıma əsl təhsili necə verə bilərəm?
Arzularınız, amalınız, dəyərləriniz və maraqlarınız təkcə sözlərinizdə deyil, həmçinin əməllərinizdə də özünü büruzə verir (Romalılara 2:21, 22). Uşaqlar körpəlikdən valideynlərinin hərəkətlərinə fikir verirlər. Valideynləri üçün nəyin vacib olduğunu hiss edirlər və çox vaxt həmin şeylər onlar üçün də vacib olur. Əgər siz Yehovanı, həqiqətən də, sevirsinizsə, övladlarınız bunu hiss edəcək. Məsələn, onlar görəcəklər ki, Müqəddəs Kitabı oxumaq, araşdırmaq sizin üçün vacibdir. Başa düşəcəklər ki, siz Padşahlığın maraqlarını həyatda hər şeydən üstün tutursunuz (Mətta 6:33). İbadət görüşlərinə müntəzəm gəlməklə, təbliğ işində müntəzəm iştirak etməklə onlara göstərəcəksiniz ki, Yehova xidmət etmək sizin üçün hər şeydən vacibdir (Mətta 28:19, 20; İbranilərə 10:24, 25).
Valideynlər, ailənizin tələbatlarının qeydinə qalın
14 Qanunun təkrarı 6:7 ayəsindən gördüyümüz kimi, uşaqlarla ruhani söhbətlər aparmaq üçün çoxlu imkanlar var. Məsələn, birlikdə harasa gedərkən, ev işlərilə məşğul olarkən və ya birgə dincələrkən uşaqlarınızın ruhani tələbatlarını tə’min etməyə gözəl imkan yaranır. Əlbəttə, uşaqlarınıza durmadan Müqəddəs Kitab həqiqətləri haqqında «mə’ruzə oxumağa» gərək yoxdur. Əksinə, ruhani şeylər barəsində söhbət edərək onları ruhlandırmağa çalışın. Məsələn, «Oyanın!» jurnalında müxtəlif mövzularda məqalələr dərc olunur. Bu cür məqalələrin köməyilə siz Yehovanın yaratdığı heyvanlar, gözəl təbiət, müxtəlif xalqların adət və ən’ənələri haqqında söhbətlər apara bilərsiniz. Belə söhbətlərin sayəsində uşaqlarınız «sadiq və ağıllı qul»un verdiyi ədəbiyyatları daha da maraqla oxuyacaq (Matta 24:45-47).
Hikmət xəzinəsindən incilər
Qədim İsraildə məhəbbət və ədalət
11 Dərs. Yehova insana xarici faktorlar əsasında dəyər vermir. O, daxilən necə insan olduğumuzu, ürəyimizdən keçənləri görür (1 İşm. 16:7). Düşüncələrimizi, hisslərimizi və hərəkətlərimizi Ondan gizlədə bilmərik. Yehova ürəyimizdə yaxşı şeylər axtarır və istəyir ki, bu yaxşı şeylər artdıqca-artsın. Eyni zamanda, O istəyir ki, yanlış fikirlər bizi yanlış hərəkətlərə sürükləməzdən öncə onları müəyyən edib qarşısını alaq (2 Saln. 16:9; Mət. 5:27—30).
21—27 İYUN
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 7, 8
«O xalqlarla qohum olmayın»
Nə üçün Allah Öz xalqına yalnız dindaşları ilə ailə qurmağı buyurmuşdu?
Birincisi, bu, bütün xalqın gələcəyi üçün idi. Yehova Allah bilirdi ki, Şeytan Onun xalqını yoldan çıxarıb yalançı tanrılara üz tutmağa sövq edəcək. Odur ki, Allah sözünə davam edir: «Çünki onlar övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər». Bu, çox ciddi məsələ idi. Əgər israillilər başqa tanrılara tapınsaydılar, Allahın rəğbətini itirəcəkdilər. Bu da öz növbəsində onları düşmən qarşısında əliyalın edəcəkdi. Onda Allahın vəd etdiyi Məsih heç vəchlə bu xalqdan törəyə bilməzdi. Aydın məsələdir ki, Şeytan israilliləri bütpərəstlərlə qohum olmağa təhrik etmək üçün dəridən-qabıqdan çıxacaqdı.
«Ağanın yolunda» olanla ailə qurmaq mümkündürmü?
Bununla belə, Yehova Öz Kəlamında Ağanın yolunda olanla ailə qurmağı buyurur. Çünki xalqı üçün nəyin yaxşı, nəyin pis olduğunu O bilir. Allah sadəcə olaraq, xidmətçilərini ağılsız hərəkətin gətirdiyi ağrı-acıdan qorumaq istəmir, O, onların xoşbəxt olmasını istəyir. Nəhəmyanın dövründə bir çox yəhudilər Yehovaya ibadət etməyən yadellilərlə evlənmişdi. Nəhəmya onlara Süleyman padşahın pis nümunəsini misal çəkmişdi. «Süleyman... Allahın sevimli bəndəsi» olsa da, «yadelli arvadlar hətta onu da günaha batırdılar» (Nəh. 13:23—26). Deməli, Allah öz rifahımız naminə bizə tapşırır ki, yalnız Ona həqiqətən ibadət edənlərlə ailə quraq (Zəb. 19:7—10; Əşy. 48:17, 18). Həqiqi məsihilər məhəbbətinə, qayğısına görə Allaha minnətdardırlar və Onun məsləhətinə tam etibar edirlər. Belə etməklə Allaha tabe olur və Onu Kainatın Hökmranı kimi qəbul etdiklərini göstərirlər (Məs. 1:5).
Axırzamanda özünüzü pis dostluqdan gözləyin
12 Ailə qurmaq istəyən subay məsihilər kiminlə oturub-durduqlarına xüsusilə diqqət yetirməlidirlər. Allahın Kəlamında deyilir: «İmansızlarla eyni boyunduruğa girməyin. Axı salehliklə qanunsuzluq arasında nə əlaqə ola bilər? Yaxud nurla zülmət arasında nə ortaqlıq ola bilər?» (2 Kor. 6:14). Ailə qurmaq istəyən məsihilərə Müqəddəs Kitabda məsləhət görülür ki, onlar yalnız «Ağanın yolunda» olan, yəni özünü Yehovaya həsr edib vəftiz olunan və Müqəddəs Kitab tələblərinə uyğun yaşayan insanla ailə qursunlar (1 Kor. 7:39). Həmimanlısı ilə ailə quran məsihi Yehovaya həsr olunmuş və iman yolunda ona dayaq olacaq həmdəm qazanır.
Hikmət xəzinəsindən incilər
Yehova bizim gündəlik ehtiyaclarımızın qayğısına qalır
4 Gündəlik çörək haqqındakı duamız bizə həm də gündəlik olaraq ruhani qidanı qəbul etməyin zərurəti barədə xatırlatmalıdır. İsa uzunmüddətli orucdan sonra çox ac olsa da, Şeytanın daşları çörəyə çevirmək kələyini növbəti sözlərlə inkar etdi: “İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar” (Matta 4:4). Burada İsa, Musanın israillilərə söylədiyi sözləri sitat gətirir: “[Yehova] səni alçaltdı və səni ac buraxdı və insanın yalnız çörəklə yaşamadığını, fəqət Rəbbin ağzından çıxan hər şeylə insanın yaşadığını sənə bildirsin deyə, sənin bilmədiyin və atalarının bilmədikləri mannanı sənə yedirtdi” (Təsniyə 8:3). İsraillilərə manna verməklə Yehova onları yalnız fiziki qida ilə tə’min etmirdi, həm də onlara ruhani cəhətdən ibrət dərsi verirdi. Məsələn, onlar “hər gün çıxıb bir günlük” azuqə toplamalı idilər. Əgər onlar bir günə lazım olandan artıq azuqə toplayırdılarsa, qalanı qoxumağa və qurdlamağa başlayırdı (Çıxış 16:4, 20). Lakin onlar şənbə gününə də yetsin deyə iki dəfə artıq toplayanda bu hal baş vermirdi (Çıxış 16:5, 23, 24). Beləliklə, mannanın sayəsində onların ağıllarında belə bir fikir aydın surətdə həkk olmuşdu ki, onlar itaətkar olmalıdırlar və onların həyatı yalnız çörəkdən deyil, həm də ‘Allahın ağzından çıxan hər bir sözdən’ asılıdır.
28 İYUN — 4 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 9, 10
«Allahın Yehova səndən başqa nə istəyir ki?!»
w09-E 1/10 s. 10, abz. 3, 4
Yehova sizdən nə istəyir ki?!
Bizi Allaha ürəkdən itaət etməyə nə təşviq edə bilər? Musa bir amilin Allahdan qorxmaq olduğunu qeyd etmişdi (12-ci ayə). Bu qorxu cəza almaq xofu, qorxusu deyil, Allaha, Onun əmrlərinə qarşı hörmət, ehtiramdır. Əgər biz Allahdan bu cür qorxuruqsa, yəni Onun ali mövqeyinə dərin ehtiram bəsləyiriksə, onda Ona ağır gedən heç bir hərəkətə yol verməyəcəyik.
Bəs Allaha itaət etməkdə ən əsas niyyətimiz nə olmalıdır? Bunu növbəti sözlərdən görmək olar. Allah «istəyir ki,.. Onu sevəsən, Allahın Yehovaya bütün qəlbinlə, bütün varlığınla xidmət edəsən» (12-ci ayə). Allahı sevmək təkcə hissləri özünə daxil etmir. Bir elmi əsərdə deyilir: «Hissləri ifadə edən ibrani feilləri bəzən bu hisslərdən doğan hərəkətləri də bildirir». Eyni əsərdə deyilir ki, Allahı sevmək Ona qarşı «məhəbbətlə davranmaq» deməkdir. Başqa sözlə, əgər biz Allahı həqiqətən seviriksə, hər addımımızı elə atacağıq ki, Ona xoş olsun (Məsəllər 27:11).
w09-E 1/10 s. 10, abz. 6
Yehova sizdən nə istəyir ki?!
Ürəkdən itaət etsək, Yehova bizə nemət verəcək. Musa demişdi ki, «Yehovanın sənin yaxşılığın üçün verdiyi, bu gün sənə çatdırdığım bütün əmr və qanunları» yerinə yetir (13-cü ayə). Bəli, Yehovanın hər əmri, Onun buyurduğu hər bir şey bizim xeyrimizədir. Başqa cür ola da bilməz. Axı Müqəddəs Kitabda deyilir ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Deməli, Allah bizə nə buyurursa, əbədi rifahımız üçün buyurur (Əşiya 48:17). Yehovanın buyurduğu hər şeyi etsək, indi özümüzü bir çox problemlərdən qoruyarıq, gələcəkdə isə Onun hakimiyyəti altında əbədiyyən sonsuz nemətlər alarıq.
cl-E s. 16, abz. 2
Allaha yaxınlaşmaq mümkündür?
2 Qədimdə yaşamış İbrahim Allaha yaxın insan idi. Yehova onu dostu adlandırmışdı (Əşiya 41:8). Bəli, Yehova İbrahimi Özünə dost hesab edirdi. İbrahim Yehovaya iman gətirdiyi üçün bu münasibətə layiq görülmüşdü (Yaqub 2:23). Bu gün də Yehova Ona məhəbbətdən irəli gələrək xidmət edən insanlara mehrini salır (Qanunun təkrarı 10:15). Onun Kəlamında deyilir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Bu sözlərdə həm dəvət var, həm də vəd.
Hikmət xəzinəsindən incilər
it-1-E s. 103
Anaqlar
Kənanın dağlıq bölgəsində, eləcə də sahilyanı ərazilərdə, xüsusən də cənubunda yaşamış, qeyri-adi hündür insanlar. Bir vaxtlar Anaq oğullarından üç nüfuzlu şəxs — Əximan, Şişay və Talmay Həbrunda yaşayırdı (Sy 13:22). On iki ibrani kəşfiyyatçı birinci dəfə Anaq oğullarını burada görmüşdü. Kəşfiyyatçılardan onu gördükləri barədə xalqa qorxu içində xəbər çatdırdılar, bu adamların Daşqından əvvəl yaşayan nəhənglərdən törədiklərini, ibranilərin onların yanında çəyirtkə boyda olduğunu dedilər (Sy 13:28—33; Qn 1:28). Bu adamları pəzəvəng olduqlarına görə hündürlük meyarı olaraq götürmüşdülər, hətta hündürboy adamlar olan emləri və rəfaları da onlara bənzətmişdilər. Güclü olduqlarına görə, görünür, dildə belə deyim yaranmışdı: «Kimin Anaq oğullarının qarşısına çıxmağa hünəri çatar?» (Qn 2:10, 11, 20, 21; 9:1—3).