«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
5—11 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 9, 10
«Yehovaya hikmətinə görə alqış edin»
w99-E 1/7 s. 30, abz. 6
Mükafatı böyük olan görüş
Məlikə Süleymanın hüzuruna gələndə onu «çətin suallarla» sınamağa başladı (1 Padşahlar 10:1). «Çətin suallar» kimi tərcümə olunan ibrani sözünün «tapmaca» mənası da var. Amma bu o demək deyil ki, məlikə Süleymanla adi oyun oynayırdı. Maraqlıdır ki, Zəbur 49:4 ayəsində də günah, ölüm və fidyə barədə ciddi məsələlərdən söhbət gedəndə eyni ibrani sözü işlənib. Buna görə də belə ehtimal etmək olar ki, Səba məlikəsi Süleymanla dərin mövzuları müzakirə edir, onun hikmətinin dərinliyini sınayırdı. Müqəddəs Kitabda deyilir ki, o, «ürəyindən keçən şeylər barədə Süleymanla söhbət etdi». Süleyman da «onun bütün suallarına cavab verdi. Elə şey olmadı ki, onu izah edə bilməsin» (1 Padşahlar 10:2b, 3).
w99-E 1/11 s. 20, abz. 6
Səxavətin bolluğu
Gördükləri, eşitdikləri məlikəni elə heyran qoymuşdu ki, o dedi: «Bəxtəvər sənin hüzurunda durub hikmətini dinləyən adamların, əyanlarının başına!» (1 Padşahlar 10:4—8). O, Süleymanın xidmətçilərinə cah-calalla əhatə olunduqlarına görə bəxtəvərlik oxumadı. Əslində, onlar, həqiqətən də, cah-calal içində yaşayırdılar. Ancaq Süleymanın xidmətçiləri ona görə bəxtəvər idilər ki, Süleymanın Allahdan aldığı hikməti daim dinləyə bilirdilər. Səba məlikəsi Yehovanın müasir xalqı üçün çox gözəl nümunədir. Biz bu gün Yaradanın və Oğlu İsa Məsihin hikməti ilə əhatə olunmuşuq!
w99-E 1/7 s. 30—31
Mükafatı böyük olan görüş
Səba məlikəsi Süleymanın hikmətini, səltənətində hökm sürən firavanlığı görəndə mat qaldı (1 Padşahlar 10:4, 5). Bəzi alimlər «mat qaldı» ifadəsini «nəfəsi kəsildi» kimi tərcümə edir. Bir alim isə hətta deyir ki, məlikə huşunu itirmişdi. Hər necə olsa da, gördükləri, eşitdikləri məlikəni heyran qoymuşdu. O, Süleymanın xidmətçilərinə padşahın hikmətini dinlədikləri üçün bəxtəvərlik oxudu və Süleymanı taxta çıxaran Yehovaya alqış etdi. Sonra padşaha bahalı hədiyyələr verdi. Elə təkcə qızılın dəyəri müasir pulla təxminən 40 000 000 dollar idi. Süleyman da məlikəyə hədiyyələr verdi, onun arzuladığı, istədiyi hər şeyi ona verdi (1 Padşahlar 10:6—13).
Hikmət xəzinəsindən incilər
w08-E 1/11 s. 22, abz. 4—6
Bilirsiniz?
Süleymanın nə qədər qızılı var idi?
Müqəddəs Kitabda deyilir ki, Sur padşahı Hiram Süleymana dörd ton qızıl göndərmişdi. Səba məlikəsi də o qədər qızıl vermişdi. Üstəlik, Süleymanın gəmiləri Ofirdən 15 tondan çox qızıl gətirmişdi. Müqəddəs Kitaba əsasən, «Süleymana il ərzində 666 talant ağırlığında», yəni 25 tondan çox qızıl gəlirdi (1 Padşahlar 9:14, 28; 10:10, 14). Belə şey mümkündür? Qədimdə padşahların nə qədər qızıl ehtiyatı olurdu?
Alimlərin mötəbər hesab etdikləri qədim yazılarda deyilir ki, Misir fironu III Tutmos (b. e. ə. ikinci minillik) Karnakda Amun-Ra məbədinə təxminən 13,5 ton ağırlığında qızıl bəxş etmişdi. Eramızdan əvvəl səkkizinci əsrdə Aşşur padşahı III Tiqlatpalasar Surdan 4 tondan çox qızıl xərac almışdı. II Sarqon Babil allahlarına bu qədər qızıl hədiyyə etmişdi. Deyilənə görə, Makedoniya padşahı II Filip (b. e. ə. 359—336) Frakiyadakı Panqey mədənlərindən hər il 28 ton qızıl çıxartdırırdı.
Məlumata görə, Filipin oğlu Makedoniyalı İsgəndər (b. e. ə. 336—323) farsların Suz şəhərini tutanda oradan təxminən 1180 ton qızıl, bütün Fars məmləkətindən isə haradasa 7000 ton qızıl götürmüşdü. Beləliklə, bu məlumatlarla müqayisə edəndə aydın olur ki, Müqəddəs Kitabda Süleyman padşahın qızılları barədə deyilənlər heç də şişirtmə deyil.
12—18 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 11, 12
«Həyat yoldaşını hikmətlə seçin»
Kim Yehovanın tərəfindədir?
7 Süleyman peyğəmbərin hadisəsindən də çox şey öyrənirik. Cavanlığında o, məsləhət üçün Yehovaya üz tutardı. Yehova ona böyük hikmət verdi, üstəlik, Yerusəlimdə möhtəşəm bir məbəd tikməyi ona həvalə etdi. Bununla belə, Süleyman Yehova ilə dostluq münasibətlərini itirdi (1 Pad. 3:12; 11:1, 2). Allahın Qanununda aydın yazılmışdı: «Padşah çoxlu arvad almamalıdır, yoxsa ürəyi haqq yolundan dönər» (Qan. 17:17). Süleyman bu qanuna əməl etmədi və özünə 700 arvad aldı. Üstəlik, evinə 300 cariyə gətirdi (1 Pad. 11:3). Arvadlarının çoxu israilli deyildi və onlar saxta allahlara ibadət edirdilər. Beləliklə, Süleyman həmçinin Allahın başqa millətdən arvad almamaqla bağlı verdiyi qanunu da pozdu (Qan. 7:3, 4).
Ürəyinizi necə qoruya bilərsiniz?
6 Şeytan istəyir ki, biz də onun kimi üsyankar olub Allahın qanunlarını heçə sayaq, xudbinliklə davranaq. Lakin o bizi özü kimi düşünməyə və davranmağa məcbur edə bilmədiyindən məqsədinə nail olmaq üçün başqa üsullara əl atır. Misal üçün, Şeytan bizi artıq yoldan çıxartdığı insanlarla əhatə edir (1 Yəh. 5:19). Və gözləyir ki, biz pis dostların düşüncə və hərəkətlərimizi pozduğunu bilsək də, onlarla vaxt keçirməyə başlayaq (1 Kor. 15:33, haş.). O bu üsulla Süleyman padşahı yoldan çıxara bilmişdi. Süleyman çoxlu bütpərəst qadınla evlənmişdi, nəticədə arvadları ona güclü təsir göstərmiş və yavaş-yavaş onu Yehovadan uzaqlaşdırmışdı (1 Pad. 11:3).
Kim Yehovanın tərəfindədir?
9 Lakin Yehova heç vaxt günaha göz yummur. Müqəddəs Kitabda deyilir: «Yehova Süleymana qəzəbləndi, çünki onun ürəyi... Yehovadan uzaqlaşmışdı. O Allahdan ki, iki dəfə ona görünüb, başqa allahların dalınca getməməyi əmr etmişdi. Ancaq Süleyman Yehovanın əmrinə tabe olmadı». Buna görə də o, Yehovanın lütfünü və dəstəyini itirdi. Nəticədə, bir də heç vaxt Süleymanın xələflərinə bütün İsrail üzərində padşahlıq etmək nəsib olmadı və sonrakı nəsillərinin başına böyük bəlalar gəldi (1 Pad. 11:9—13).
Hikmət xəzinəsindən incilər
O, Allahın rəğbətini qazana bilərdi
Rəhabam üsyana qalxan xalqa cavab olaraq öz ordusunu toplayır. Amma Yehova Şəmay peyğəmbər vasitəsilə məsələyə müdaxilə edərək deyir: «Qardaşlarınız israillilərlə müharibə etməyin. Qoy hər kəs öz evinə qayıtsın, çünki bu iş Məndən olub» (1 Pad. 12:21—24).
Rəhabama Yehovanın sözünə qulaq asmaq asan oldu? Camaat yeni padşah barədə nə düşünərdi? Axı o, xalqa demişdi ki, onları «qamçı ilə» cəzalandıracaq, amma indi o, bu üsyankar xalqa heç bir cəza verməməli idi. (2 Salnamələr 13:7 ayəsi ilə müqayisə edin.) Buna baxmayaraq, padşah və ordusu Yehovanın sözünə qulaq asıb, Onun buyurduğu kimi öz evlərinə qayıdır.
Bu hadisədən biz hansı dərsi götürürük? Allahın dediyinə itaət etmək ən müdrik hərəkətdir, hətta bəziləri buna görə bizi ələ salsalar da. Allaha itaət etməklə Onun razılığını qazana və bəxş etdiyi nemətləri dada bilərik (Qan. 28:2).
Bəs Rəhabamın aqibəti necə oldu? Hücum etmək planından daşınan Rəhabam diqqətini padşahlıq etdiyi Yəhuda və Binyamin ərazisində yeni şəhərlər salmağa yönəldir. Müqəddəs Kitabda yazılıb ki, o, «şəhərlərin mühafizəsini əməlli-başlı gücləndirdi» (2 Saln. 11:5—12). Ən əsası isə müəyyən müddət ərzində Yehovanın qanunlarına riayət etdi. Ərubamın hakimiyyəti altında olan İsrailin onqəbiləli padşahlığı bütpərəstliklə məşğul olduğu bir vaxtda çoxları həqiqi ibadəti dəstəkləmək üçün Yerusəlimə gəlib «Rəhabamın tərəfində oldular» (2 Saln. 11:16, 17). Beləcə, Rəhabam itaətkarlığı sayəsində padşahlığını möhkəmləndirdi.
19—25 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 13, 14
«Nəyə görə gözütox və təvazökar olmaq lazımdır?»
Səmimi-qəlbdən sadiq qal
4 Sonra Yarovam həqiqi Allahın göndərdiyi adama deyir: «Mənimlə birgə evə gedib nahar edək. Mən sənə hədiyyə verərəm» (1 Pad. 13:7). Bəs peyğəmbər nə etməlidir? Padşaha hökm xəbərini çatdırandan sonra onun qonaqpərvərliyini qəbul etməlidirmi? (Məz. 119:113). Yoxsa padşahın peşman olmuş kimi görünməsinə baxmayaraq, onun dəvətini rədd etməlidir? Yarovamın dostlarına çoxlu qiymətli hədiyyələr verməyə sözsüz ki, imkanı var idi. Əgər Allahın peyğəmbərinin ürəyində mala-pula istək olsaydı, padşahın təklifi onun üçün çox şirnikdirici görünərdi. Ancaq Yehova peyğəmbərə tapşırmışdı: «Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma». Buna görə də peyğəmbər tam qətiyyətlə cavab verir: «Sən mənə malının yarısını da versən, səninlə getmərəm, bu yerdə çörək yeyib su içmərəm». Bu minvalla, peyğəmbər Bet-Eldən başqa yolla geri qayıdır (1 Pad. 13:8-10). Peyğəmbərin qərarından ürəkdən gələn sadiqlik haqqında nə öyrənirik? (Rom. 15:4).
Səmimi-qəlbdən sadiq qal
15 Yəhudadan olan peyğəmbərin səhvindən özümüzə başqa hansı dərsi götürə bilərik? Süleymanın məsəlləri 3:5 ayəsində deyilir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə». Yəhudadan olan peyğəmbər əvvəlki kimi Yehovaya güvənmək əvəzinə, bu dəfə öz ağlına etibar etdi. Səhvi ona həyatı və Allahın yanında yaxşı adı bahasına başa gəldi. Onun əhvalatı Yehovaya təvazökarlıqla və sədaqətlə xidmət etməyin vacib olduğuna necə də inandırıcı sübutdur!
Səmimi-qəlbdən sadiq qal
10 Yəhudadan olan peyğəmbər qoca peyğəmbərin kələk gəldiyini anlamalı idi. O özündən soruşa bilərdi: «Nəyə görə Yehova mənə yeni göstəriş vermək üçün başqasının yanına mələk göndərsin?» O, Yehovadan göstərişinə aydınlıq gətirməyi xahiş edə bilərdi, ancaq Müqəddəs Yazılarda onun belə etdiyi deyilmir. Əksinə, «Allah adamı onunla [qoca ilə] qayıtdı, onun evində çörək yeyib su içdi». Bu, Yehovanın xoşuna gəlmədi. Aldanmış peyğəmbər Yəhudaya qayıdanda qarşısına bir şir çıxıb onu parçaladı. Onun peyğəmbərlik fəaliyyəti necə də faciəli şəkildə sona çatdı! (1 Pad. 13:19-25).
Hikmət xəzinəsindən incilər
O, insanlarda yaxşı şey axtarır
Ən vacibi isə odur ki, 1 Padşahlar 14:13 ayəsi Yehova Allahın şəxsiyyətinin gözəl bir yönünü açıqlayır və Onun bizdə nə axtardığını göstərir. Fikir verdinizsə, Allah Aviyada yaxşı bir şey ‘tapmışdı’. Bu göstərir ki, Yehova yaxşı şey tapana qədər Aviyanın ürəyini araşdırmışdı. Qohum-əqrəbalarından fərqli olaraq, Aviya, bir alimin dili ilə desək, «çaydaşları arasında» bir mirvariyə bənzəyirdi. Yehova onun yaxşılığını qiymətləndirərək mükafatlandırdı və pis ailənin üzvü olan bu insana müəyyən mənada mərhəmət göstərdi
«İqtisadi çətinliklər vaxtı qorxuya qapılmayın»
g-E 1/10 s. 8—9, çər.
Evdən kənarda iş tapa bilərsiniz?
İşsizlik geniş yayılanda növbəti məsləhətlərin sizə köməyi dəyə bilər:
• Ezamiyyətə, yaxud məzuniyyətə gedən adamların evinə baxmaq;
• Təmizlik işi: mağazaları, ofisləri, tikintidən, yanğından, sakinləri köçəndən sonra evləri və mənzilləri təmizləmək, kimlərinsə evini yığışdırmaq, iş yerlərində və yaşayış yerlərində pəncərələri silmək
• Təmir işi: velosiped, müxtəlif cihazlar (kitabxanalarda təmir işini izah edən çoxlu nəşrlər var)
• Usta işləri: evlərin divarlarına üz çəkmək; şkaf, qapı, məhəccər düzəltmək; rəngləmək; çəpərləmək; dam vurmaq
• Əkin əkmək, məhsul yığmaq
• Ofislərdə, banklarda, ticarət mərkəzlərində, həyətlərdə və foyelərdə bitkilərə qulluq
• Gözətçi işi: qapıçı, komendant (bəzən pulsuz yaşayış yeri də verilir)
• Xalça və laminat döşəmək və təmizləmək
• Qəzet və digər şeylərin çatdırılması (uşaqlar və böyüklər), reklam və qəbzlərin paylanması
• Daşınma və saxlama xidməti
• Bağbanlıq, ağac budama, kəsmə, qazona qulluq
• Məktəb avtobusu sürücüsü
• Fotoqraf (portret və tədbirlərdə)
• Balıqçılara yem satmaq
• Əmək mübadiləsi: avtomobil təmirinin qarşılığında elektrik işi görmək, tikiş tikməyin qarşılığında santexnik işi görmək
Evdən işləmək üçün imkanlar
Araşdırın görün ərazinizdə nəyə tələbat var. Qonşulardan maraqlanın. Özünüz təşəbbüs göstərin.
• Uşağa baxmaq
• Əkdiyiniz tərəvəzləri, gülləri satmaq, şirə düzəltmək
• Tikiş tikmək, paltar təmir etmək
• İstehsalçılar üçün evdə sayla nəsə hazırlamaq
• Bişirmək, yemək hazırlamaq
• Yorğan-döşək sırımaq, toxumaq, makrame hörmək, dulusçuluq və digər əl işləri
• Yumşaq mebelləri üzləmək
• Mühasibat işi, çap işi, evdə kompüter xidmətləri
• Telefon zənglərinə cavab xidməti
• Bərbər
• Evə kirayənişin götürmək
• Reklamçılar üçün zərf doldurmaq
• Avtomobillərin yuyulması və cilalanması (müştəri avtomobili evinizə gətirə bilər)
• Ev heyvanlarına baxmaq və təlim vermək
• Qıfılları təmir etmək və açar düzəltmək (evdə emalatxana qurmaq)
Qeyd: Yuxarıda sadalanan işlərin çoxu üçün ya pulsuz, ya da ucuz qiymətə qəzetdə və ya marketlərdə elanınızı yerləşdirə bilərsiniz.
26 SENTYABR — 2 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 15, 16
«Asa kimi cəsarətli olun»
«İşiniz üçün mükafat alacaqsınız»
İsrail iki padşahlığa bölünəndən 20 il sonra bütpərəst ayin və adət-ənənələrə qapılan Yəhuda artıq tamamilə pozulmuşdu. Asa eramızdan əvvəl 977-ci ildə taxta çıxanda hətta saray əyanları belə kənanlıların məhsuldarlıq allahlarına ibadət etməkdən çəkinmirdilər. Lakin Asanın hökmranlığı barədə Allah tərəfindən ilhamlandırılan salnamələrdə deyilir ki, o, «Allahı... [Yehovanın] gözündə yaxşı və doğru olan işlər etdi». Asa «özgə allahların qurbangahlarını və səcdəgahları aradan qaldırdı və sütunları qırdı, Aşera bütlərini kəsdi» (2 Saln. 14:2, 3). Üstəlik, o, din naminə «məbəd fahişəliyi ilə məşğul olan kişiləri» Yəhudadan qovdu. Asa bu kimi təmizlik işləri aparmaqla kifayətlənmədi. O həm də xalqı atalarının Allahı Yehovanı axtarmağa, eləcə də qanun və əmrlərinə əməl etməyə təşviq etdi (1 Pad. 15:12, 13; 2 Saln. 14:4).
Yehovaya sidqi-ürəkdən ibadət edin!
7 Hər birimiz ürəyimizi təhlil etməliyik, görək, biz də Allaha tam sadiqik? Özünüzdən soruşun: «Mən Yehovanı razı salmaq, pak ibadəti dəstəkləmək və Allahın xalqını pis təsirdən müdafiə etmək üçün qəti addımlar atmağa hazıram?» Təsəvvür edirsiniz, nənəsi Məkaha, məlikə anaya qarşı çıxmaq üçün Asaya nə qədər cəsarət lazım idi?! Çətin ki siz həyatda Məkah kimi bir insanla rastlaşasınız, amma Asa kimi cəsarətli olmağı tələb edən vəziyyətlərlə üzləşə bilərsiniz. Məsələn, ailə üzvlərinizdən biri və ya yaxın dostunuz günah edib tövbə etmədiyi üçün yığıncaqdan kənar olunarsa, necə davranacaqsınız? Onunla ünsiyyəti kəsəcəksiniz? Ürəyiniz sizi nəyə təşviq edəcək?
it-1-E s. 184—185
Asa
Arada Allahı nəzərə almadan, ağılsızcasına davransa da, gözəl keyfiyyətlərinə, dönüklükdən uzaq olduğuna görə Asa Yehovanın gözündə sadiq insan idi. O, Yəhudanın sadiq padşahlarından hesab olunurdu (2Sm 15:17). Asanın 41 illik hakimiyyəti dövründə İsraildə səkkiz padşah taxta çıxıb-düşmüşdü: Ərubam, Nadab, Başa, İlah, Zümri, Omri, Tibni (Omrinin rəqibi olaraq İsrailin bir parçası üzərində hakimiyyət sürmüşdü) və Əhəb (1Pd 15:9, 25, 33; 16:8, 15, 16, 21, 23, 29). Asanın ölümündən sonra oğlu Yəhuşafat taxta çıxdı (1Pd 15:24).
Hikmət xəzinəsindən incilər
w98-E 15/9 s. 21—22
Allah sizin üçün gerçək Varlıqdır?
Məsələn, gəlin oxuyaq görək peyğəmbərliyə görə Ərihanı yenidən tikən necə cəzalanacaqdı, sonra isə görək bu peyğəmbərlik necə yerinə yetdi. Yuşə 6:26 ayəsində deyilir: «Həmin vaxt Yuşə bu lənəti söylədi: “Kim Əriha şəhərini yenidən inşa etməyə qalxsa, Yehova ona lənət eləsin. Qoy o, şəhərin təməlini ilkininin, darvazalarını isə sonbeşiyinin canı bahasına qoysun”». Bu peyğəmbərlik təxminən 500 ildən sonra yerinə yetdi. 1 Padşahlar 16:34 ayəsində yazılıb: «O günlərdə [Əhəb padşahın dövründə] beytelli Xail Ərihanı yenidən tikdi. Yehovanın Nun oğlu Yuşə vasitəsilə dediyi kimi, şəhərin təməlini ilki Abiramın, darvazalarını isə sonbeşiyi Səqubun canı bahasına qoydu». Yalnız yeri-göyü yaradan Allah bu cür hadisələri qabaqcadan deyə və onları yerinə yetirə bilər.
3—9 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 17, 18
«Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz?»
Yehova Allaha güvənərək düzgün qərarlar verin
6 İsraillilər vəd olunmuş diyarda məskunlaşanda vacib seçim etməli idilər: Yehovaya ibadət etsinlər, yoxsa digər allahlara. (Yuşə 24:15 ayəsini oxuyun.) Ola bilsin, bizim nəzərimizcə burada çətin heç nə yoxdur. Amma bu, çox ciddi məsələ idi, çünki verdikləri qərardan onların həyatı asılı idi. İsrailliləri hakimlərin idarə etdiyi dövrdə xalq dönə-dönə yanlış qərar vermiş, Yehovadan üz döndərib saxta allahlara səcdə etmişdi (Hak. 2:3, 11—23). İsraillilərin seçim qarşısında olduğu başqa bir vəziyyət İlyas peyğəmbərin dövründə yaranmışdı. Peyğəmbər xalqı bir qərar verməyə səsləyirdi: ya Yehovaya ibadət etsinlər, ya da saxta allah olan Baala (1 Pad. 18:21). İlyas peyğəmbər xalqı qətiyyətsizliyinə görə məzəmmət etdi. Yenə də biz düşünə bilərik, burada çətin nə var ki, axı Yehovaya ibadəti seçmək ən doğru qərardır, insan heç vaxt bundan ziyan çəkməz. Birdə ki, ağlı başında olan adam saxta allaha ibadət etməz. Amma israillilər bir qərara gələ bilmirdilər, onlar iki tərəfə əyilirdilər. İlyas onları ən ali ibadəti, Yehovaya ibadəti seçməyə təşviq etdi.
O, pak ibadətin keşiyində dururdu
15 Baal peyğəmbərləri coşub dəlilik edirlər, adətləri üzrə bədənlərini xəncərlə, nizə ilə yaralayır, özlərini qana boyayırlar. Amma nə fayda?! Nə bir səs-səmir gəlir, nə də hay verən olur (1 Pad. 18:28, 29). Bəli, Baal adlı allah yoxdur. Baal xalqı Yehova Allahdan uzaqlaşdırmaq üçün Şeytanın uydurduğu yalandır. Həqiqət budur: Yehova Allahı qoyub başqa «ağalara» qulluq edənlər əvvəl-axır məyus olurlar, hətta rüsvay olurlar. (Zəbur 25:3; 115:4—8 ayələrini oxu.)
O, pak ibadətin keşiyində dururdu
18 İlyas peyğəmbər dua etməzdən əvvəl, bəlkə də, camaatda sual yaranmışdı: «Görəsən, Yehova Allah da Baal kimi saxta çıxacaq?» Duadan dərhal sonra onlar suallarına cavab aldılar. Müqəddəs Kitabda yazılıb: «Onda Yehova göydən od göndərdi. Od yandırma qurbanını, odunları, daşları, torpağı yandırdı, xəndəkdəki suyu uddu» (1 Pad. 18:38). Bu, inanılmaz idi, əsil möcüzə idi! Bunu görən xalq nə etdi?
Hikmət xəzinəsindən incilər
ia s. 86, çər.
O, pak ibadətin keşiyində dururdu
Quraqlıq nə qədər davam etmişdi?
İlyas peyğəmbər Əhəb padşaha tezliklə quraqlığın qurtaracağını xəbər vermişdi. Peyğəmbər bu xəbəri «üçüncü ildə» çatdırmışdı. Çox yəqin ki, bu müddət peyğəmbərin ilk dəfə quraqlıq barədə xəbər verdiyi vaxtdan etibarən hesablanmışdı (1 Pad. 18:1). İlyas peyğəmbər bu xəbəri çatdırandan qısa müddət sonra Yehova Allah yağış yağdırdı. Bəziləri düşünə bilər ki, quraqlıq üçüncü il ərzində bitib və buna görə də üç ildən az davam edib. Lakin İsa Məsih və həvari Yaqub quraqlığın «üç il altı ay» sürdüyünü söyləmişdilər (Luka 4:25; Yaq. 5:17). Demək olarmı ki, bu iki fikir bir-birinə ziddir?
Xeyr! O vaxt İsraildə quraqlıq mövsümü çox uzun, altı ay sürürdü. Şübhəsiz, İlyas peyğəmbər Əhəb padşaha quraqlıq olacağını xəbər verəndə quraqlıq mövsümü altı aydan artıq idi ki, davam edirdi və həmişəkindən daha şiddətli idi. Beləliklə, İlyas peyğəmbər quraqlığın bitəcəyini xəbər verəndə quraqlıq artıq haradasa üç il yarım idi ki, davam edirdi. İlyas peyğəmbər camaatı Karmel dağına toplayanda «üç il altı ay» tamam olmuşdu.
İlyas peyğəmbərin Əhəbin yanına birinci dəfə getdiyi vaxtı da nəzərə almalıyıq. Camaat inanırdı ki, «buludların süvarisi» Baal quraqlığa son qoyacaq. Quraqlıq çox çəkdiyi üçün yəqin camaat: «Baal haradadır? Nə vaxt yağış yağdıracaq?» — deyirdi. İlyas peyğəmbər demişdi ki, o deməyincə nə şeh olacaq, nə yağış yağacaq. Ehtimal ki, bu sözlər Baala qulluq edən insanlara böyük zərbə vurmuşdu (1 Pad. 17:1).
10—16 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 19, 20
«Təsəlli üçün Yehovaya üz tutun»
Stressli anlarınızda Yehovaya güvənin
5 1 Padşahlar 19:1—4 ayələrini oxuyun. Bununla belə, İzəbil İlyası ölümlə hədələyəndə o, bərk qorxmuşdu və canını qurtarmaq üçün Biir-Səbaya qaçmışdı. Peyğəmbər o qədər pərişan idi ki, özünə ölüm diləmişdi. Nəyə görə İlyas belə hisslər keçirirdi? Çünki o da qeyri-kamil, «bizim kimi adi bir insan idi» (Yaq. 5:17, haş.). Ola bilsin, peyğəmbər güclü stress keçirirdi, üstəlik, taqəti qalmamışdı. Bəlkə də, o fikirləşirdi ki, pak ibadəti dəstəkləmək üçün çəkdiyi bütün zəhmət hədərdir, İsraildə heç nə yaxşılığa doğru dəyişməyib və Yehovaya ibadəti davam etdirən təkcə o qalıb (1 Pad. 18:3, 4, 13; 19:10, 14). Belə bir sədaqətli peyğəmbərin bu cür hisslər keçirməsi bizə qəribə gələ bilər. Amma Yehova onun hisslərini başa düşürdü.
Allah ona ürək-dirək verdi
13 Sevimli peyğəmbərinin çöllükdə bir ağac altda uzandığını və özünə ölüm arzuladığını görəndə, sizcə, Yehova Allah hansı hissləri keçirirdi? İlyas peyğəmbər yuxuya dalanda Yehova Allah mələyini onun yanına göndərdi. Mələk ehmalca toxunub onu yuxudan oyatdı və dedi: «Dur yemək ye». İlyas peyğəmbər qalxıb yemək yedi. Mələk onun qabağına isti çörək və su qoymuşdu. Bəs peyğəmbər mələyə təşəkkür etdi? Müqəddəs Kitabda sadəcə yazılıb ki, peyğəmbər yeyib-içib təzədən yatdı. Bəlkə də, özünü o qədər pis hiss edirdi ki, danışmaq belə, istəmirdi. Mələk onu ikinci dəfə oyadanda yəqin səhər təzə açılırdı. Bu dəfə də ona: «Dur yemək ye»,— dedi və əlavə etdi: «Çünki səfərin ağır olacaq» (1 Pad. 19:5—7).
Allah ona ürək-dirək verdi
21 Müqəddəs Kitabda deyilir ki, Yehova Allah bu təbiət qüvvələrinin heç birində deyildi. İlyas peyğəmbər bilirdi ki, Yehova Allah bütpərəstlərin «buludlara süvar olan», yəni yağış yağdıran allah saydığı Baal kimi əfsanəvi təbiət allahı deyil. Yehova Allah möhtəşəm təbiət qüvvələrini yaradandır və yaratdığı şeylərdən qat-qat ucadır. O, hətta göylərə belə, sığmaz! (1 Pad. 8:27). Bütün bunlar İlyas peyğəmbərə necə kömək etdi? Yadınızdadır, o, Əhəbdən və İzəbildən necə qorxmuşdu? Yehova kimi qüdrətli Allah onunla idi, onun kimdənsə qorxmasına səbəb yox idi. (Zəbur 118:6 ayəsini oxu.)
Allah ona ürək-dirək verdi
22 Alov yox olandan sonra ətrafa sükut çökür və İlyas peyğəmbər «sakit, həzin səs» eşidir. Bu səs onu yenə də ürəyini boşaltmağa təşviq edir, peyğəmbər yenə də ürəyindən keçənləri dilə gətirir. Yəqin bu, ona bir az da toxtaqlıq verir. Sözsüz ki, bu səsin sonra dediyi sözlər ona daha çox toxtaqlıq verir. Yehova Allah İlyas peyğəmbəri əmin edir ki, o, Onun gözündə dəyərlidir. Allah onu buna necə əmin edir? Yehova Allah peyğəmbərinə Baal dininə qarşı mübarizənin gələcək gedişatını açır. İlyas peyğəmbərin gördüyü iş hədər deyil, çünki Allah Öz niyyətini yavaş-yavaş həyata keçirir və heç kim buna mane ola bilməz. Üstəlik, Yehova Allah İlyas peyğəmbərə yeni tapşırıq verib göstərir ki, bu niyyətin həyata keçməsində onun da payı var (1 Pad. 19:12—17).
Hikmət xəzinəsindən incilər
Elişa odlu arabaları gördü. Bəs sən?
Yehova peyğəmbər «İlyası qasırğa ilə göyə qaldırmazdan əvvəl» Qilqaldan Bet-Elə göndərdi. İlyas Elişanın onunla getməsini istəmirdi, ancaq Elişa israr edərək dedi: «Səndən əl çəkmərəm». Yol boyunca İlyas daha iki dəfə Elişaya onunla getməməsini dedi, ancaq bunun heç bir xeyri olmadı (2 Pad. 2:1—6). Rut Naomidən ayrılmadığı kimi, Elişa da İlyasdan ayrılmadı (Rut 1:8, 16, 17). Nəyə görə? Görünür, Elişa Allahın verdiyi üstünlüyü — İlyasın yanında xidmət etməyi qiymətləndirirdi.
17—23 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 21, 22
«Səlahiyyət sahibləri, Yehovadan örnək götürün»
it-2-E s. 21
Ordular Allahı Yehova
Yuşə Ərihanın yaxınlığında mələyi görüb ondan İsrailin, yoxsa düşmən ordusunun tərəfindən olduğunu soruşanda mələk cavab vermişdi: «Xeyr, mən Yehovanın ordusunun əmiri kimi gəlmişəm» (Yş 5:13—15). Mikay peyğəmbər də Əhəb padşahla Yəhuşafat padşaha demişdi: «Mən Yehovanı taxtında oturan gördüm. Göylərin ordusu Onun sağında-solunda durmuşdu» (1Pd 22:19—21). Aydındır ki, peyğəmbər burada Yehovanın ruhani oğullarını nəzərdə tuturdu (1Pd 22:19—21). Yehovanın ordu yox, ordular Allahı adlanması yerindədir, çünki mələklər təkcə kərrublara, seraflara və adi mələklərə bölünmürlər (Əş 6:2, 3; Yr 3:24; Vh 5:11), həm də dəstələr şəklində təşkil olunublar. Buna görə də İsa Məsih demişdi ki, çağırsa, «on iki legiondan çox» mələk gələr (Mt 26:53, haşiyə). Hizqiyyə Yehovadan imdad diləyəndə Onu «kərrublar üzərində oturan ordular Allahı, İsrailin Allahı Yehova» adlandırmışdı. Çox güman ki, Hizqiyyə Yehovanın səmavi taxtının rəmzi olan əhd sandığına və onun qapağının üstündəki kərrub heykəllərinə istinad edirdi (Əş 37:16; əlaqələndir: 1İş 4:4; 2İş 6:2). Əlyəsənin nökəri qorxuya düşəndə arxayın olsun deyə ona görüntü göstərildi. O gördü ki, Əlyəsənin yaşadığı, mühasirəyə alınmış şəhərin ətrafındakı dağlar «alovdan olan atlar və cəng arabaları ilə doludur». Bu, Yehovanın mələklərdən ibarət qoşunlarının bir hissəsi idi (2Pd 6:15—17).
Hər kişinin başı Məsihdir
9 Təvazökarlıq. Yehova kimi hikmətə sahib ikinci varlıq yoxdur. Bununla belə, O lütf göstərib xidmətçilərinin fikrini dinləyir (Yar. 18:23, 24, 32). Yehova səlahiyyəti altında olan kəslərin təkliflər irəli sürməsinə izin verir (1 Pad. 22:19—22). Yehova mükəmməldir, amma hal-hazırda O bizdən mükəmməllik gözləmir. Əksinə, Ona ibadət edən qeyri-kamil insanların işini avand edir, xoşbəxt olmalarına kömək edir (Zəb. 27:9; 113:6, 7; İbr. 13:6). Padşah Davud bilirdi ki, gördüyü böyük işləri Yehovanın lütfü sayəsində bacarıb (2 İşm. 22:36).
it-2-E s. 245
Yalan
Yehova Allah yol verir ki, «aldadıcı təsir» yalanı həqiqətdən üstün tutan insanları azdırsın və onlar İsa Məsih haqqındakı müjdəyə yox, yalana inansınlar (2Sk 2:9—12). Əsrlər əvvəl İsrail padşahı Əhəbin başına gələn əhvalatda bu aydın görünür. Peyğəmbərlər yalan danışaraq Əhəbi arxayın etdilər ki, Ramut-Gilada qarşı müharibədə qələbə qazanacaq. Yehovanın peyğəmbəri Mikay isə dedi ki, onu orada fəlakət haqlayacaq. Mikaya görüntüdə əyan olmuşdu ki, Yehova bir mələyə Əhəbin peyğəmbərlərinin ağzına yalan sözlər qoymağa icazə verib. Başqa sözlə, bu mələk onları öz təsiri altına salmışdı, buna görə də onlar həqiqəti yox, özlərinin və Əhəbin ürəyindən keçənləri deyirdilər. Yehovanın peyğəmbəri Əhəbi xəbərdar etsə də, Əhəb yalanlara inanmağa üstünlük verdi və bu ona canı bahasına başa gəldi (1Pd 22:1—38; 2Sm 18).
Hikmət xəzinəsindən incilər
Əsl tövbə nədir?
4 Axırda Yehovanın səbri sona çatdı. Yehova İlyas peyğəmbər vasitəsilə bildirdi ki, Əhəblə İzəbili cəzalandıracaq, onların nəslinin kökünü kəsəcək. İlyasın sözləri Əhəbi qəm-qüssəyə qərq etdi! Maraqlıdır ki, belə təkəbbürlü insan qürurunu sındırdı (1 Pad. 21:19—29).
5 Əhəb qürurunu sındırsa da, sonrakı hərəkətlərindən aydın göründü ki, tövbəsi həqiqi deyil. O, ölkədə Baala ibadətə son qoymağa cəhd etmədi. Heç xalqı Yehovaya ibadətə də təşviq etmədi. Əhəbin tövbə etmədiyi başqa şeylərdən də göründü.
6 Sonralar Əhəb Yəhuda padşahı Yəhuşafata təklif etdi ki, onunla birgə aramilərə qarşı vuruşmağa getsin. Amma yaxşı padşah olan Yəhuşafat ona təklif etdi ki, əvvəlcə Yehovanın peyğəmbəri ilə məsləhətləşsinlər. Əhəb razılaşmayıb belə dedi: «Yehovaya müraciət etmək üçün bir nəfər də var... Amma ondan zəhləm gedir. O, heç vaxt mənim xeyrimə peyğəmbərlik etmir, ancaq pisliyimə edir». Buna rəğmən, onlar Mikay peyğəmbərlə məsləhətləşirlər. Aydındır ki, o, Əhəbin xeyrinə peyğəmbərlik etmir! Əhəb tövbə edib, Yehovadan əfv diləmək əvəzinə, peyğəmbəri zindana atdırır (1 Pad. 22:7—9, 23, 27). Düzdür, o, peyğəmbəri həbsə atmağa müvəffəq oldu, amma peyğəmbərliyin icrasının qarşısını almaq mümkün deyildi. Növbəti döyüşdə Əhəb öldü (1 Pad. 22:34—38).
24—30 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 1, 2
«Təlim verməkdə gözəl nümunə»
Ağsaqqallar qardaşlara necə təlim verirlər?
15 İlyasın davamçısı olan Əlyəsənin nümunəsi həmçinin göstərir ki, qardaşların təcrübəli ağsaqqallara hörmət göstərməsi çox vacibdir. İlyasla Əlyəsə Ərihada bir dəstə peyğəmbərə baş çəkib İordan çayına tərəf getdilər. Çaya çatanda «İlyas paltarını çıxarıb bürmələdi və suya vurdu, sular ortadan ayrıldı». Onlar quru yerdən çayı keçəndən sonra «söhbət edə-edə» yollarına davam etdilər. Aydındır ki, Əlyəsə artıq hər şeyi bildiyini düşünmürdü. İlyasın yanında olduğu son dəqiqəyə kimi o, ustadının ağzından çıxan hər sözü ürəyinə həkk edirdi. Sonra İlyas qasırğanın içində göyə qalxdı. Bundan sonra Əlyəsə İordan çayına qayıtdı və İlyasın paltarını suya vurub dedi: «İlyasın Allahı Yehova haradadır?» Sular bu dəfə də ayrıldı (2 Pad. 2:8—14).
Ağsaqqallar qardaşlara necə təlim verirlər?
16 Diqqət yetirdinizsə, Əlyəsənin göstərdiyi ilk möcüzə İlyasın göstərdiyi sonuncu möcüzə ilə eyni idi. Bu, nədən xəbər verir? Əlyəsə düşünmürdü ki, artıq sükan onun əlindədir və o, dərhal dəyişiklik etməlidir. Əksinə, İlyasın qoyduğu yolla gedərək Əlyəsə müəlliminə hörmət etdiyini göstərdi. Elə buna görə də digər peyğəmbərlər ona etibar etdilər (2 Pad. 2:15). Əlyəsə peyğəmbər kimi xidmət etdiyi 60 il ərzində Yehovanın köməyi ilə İlyasdan daha çox möcüzə göstərdi. Bəs bu gün təlim alan qardaşlar bundan nə öyrənə bilərlər?
Hikmət xəzinəsindən incilər
«İkinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər
2:11 — «İlyas qasırğa ilə» hansı «göyə qaldırıldı»? Bu göy nə fiziki kainatın bir hissəsi, nə də Allahın və mələklərin olduğu ruhani yerdir (Qanunun təkrarı 4:19; Məzmur 11:4; Matta 6:9; 18:10). İlyasın qaldırıldığı «göy» atmosfer idi (Məzmur 78:26; Matta 6:26). Ehtimal ki, odlu araba Yeri əhatə edən atmosferdən keçib İlyası Yer kürəsinin başqa hissəsinə aparmış, o da bir neçə müddət orada yaşamışdır. Bu ondan bəllidir ki, illər keçdikdən sonra İlyas Yəhudanın padşahı Yehorama məktub yazmışdır (2 Salnamələr 21:1, 12-15).
31 OKTYABR — 6 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 3, 4
«Oğlunu al»
«Bilirəm, o... diriləcək»
7 Müqəddəs Kitabda təsvir olunan növbəti dirilmə hadisəsi İlyas peyğəmbərin xələfi Əlyəsənin əli ilə baş vermişdi. Şunam şəhərində yaşayan bir israilli qadın Əlyəsə peyğəmbərə müstəsna qonaqpərvərlik göstərmişdi. Yehova Allah əvəzində bu qadına və onun artıq yaşa dolmuş ərinə illərlə həsrətini çəkdikləri övlad payı bəxş etmişdi. Lakin bir neçə ildən sonra uşaq ölür. Dərddən yerində qərar tuta bilməyən ana ərinin izni ilə 30 kilometr yol qət edərək Karmel dağına, Əlyəsə peyğəmbərin yanına gedir. Əvvəlcə peyğəmbər nökəri Qihazini Şunama göndərir. Amma o, uşağı dirildə bilmir. Qihazidən sonra peyğəmbərlə uşağın anası da Şunama gəlib çıxır (2 Pad. 4:8—31).
«Bilirəm, o... diriləcək»
8 Əlyəsə uşağın cəsədinin qoyulduğu otağa girir və cəsədin üstündə dua edir. Bu dəm möcüzə baş verir, uşaq həyata qayıdır. Beləcə, ana əziz balasına qovuşur. (2 Padşahlar 4:32—37 ayələrini oxuyun.) Yəqin ki, bu anda o, Hənnənin nəzir-niyazla tapdığı oğlu İşmuili müqəddəs çadıra gətirəndə söylədiyi duanı xatırlayır: «Məzara endirən də [Yehovadır], oradan qaldıran da» (1 İşm. 2:6). Yehova şunamlı qadının övladını, sözün əsl mənasında, Məzardan qaldırdı. Bu hadisə bir daha təsdiqlədi ki, Yehova ölüləri diriltməyə qadir Allahdır.
Hikmət xəzinəsindən incilər
it-2-E s. 697, abz. 2
Peyğəmbər
«Peyğəmbər oğulları». Bir kitabda izah olunur ki, ibrani dilində «ben» (oğlu), yaxud «beneh» (oğulları) gildiyanın, yəni ittifaqın (yaxud qəbilənin, hansısa sinfin) üzvlərini də bildirə bilər («Gesenius’ Hebrew Grammar»). (Nə 3:8 ayəsi ilə əlaqələndir. Burada «ətriyyatçı» sözü hərfən «ətriyyatçıların oğlu» ifadəsinin tərcüməsidir.) Buna görə də «peyğəmbər oğulları» dedikdə peyğəmbərlərin təlim aldığı məktəb və ya peyğəmbərlər birliyi nəzərdə tutulur. Beyteldə, Ərihada və Gilqalda bu cür peyğəmbər qrupları var idi. (2Pd 2:3, 5; 4:38; əlaqələndir: 1İş 10:5, 10.) İşmuil Ramadakı qrupun başında dururdu (1İş 19:19, 20). Görünür, Əlyəsə də eyni mövqeyə sahib idi. (2Pd 4:38; 6:1—3; əlaqələndir: 1Pd 18:13.) Müqəddəs Kitabda deyilir ki, onlar özlərinə qalmağa yer düzəldirdilər, borca götürdükləri aləti işlədirdilər. Bundan görünür ki, onlar sadə həyat sürürdülər. Çox vaxt peyğəmbərlər birgə qalsalar da, bir yerdə yemək yesələr də, bəzən onlara ayrı-ayrılıqda iş tapşırılırdı və təkbaşına bu işi görməyə gedirdilər (1Pd 20:35—42; 2Pd 4:1, 2, 39; 6:1—7; 9:1, 2).