«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
© 2022 Watch Tower Bible and Tract Society of Pennsylvania
6—12 MART
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 SALNAMƏLƏR 23—26
«İbadətdə nizam-intizam»
it-2-E s. 241
Lavililər
Davud lavililərin işini nizama salmışdı. Onları nəzarətçi, məmur, hakim, darvaza keşikçisi, xəzinədar, məbəddə, həyətlərdə, yemək otaqlarında təqdimə, qurban gətirmə, paklama, ölçmə, çəkmə və digər gözətçi işlərində kahinlərə kömək etmək üçün təyin etmişdi. Lavili musiqiçilər, kahinlər kimi, 24 dəstəyə bölünmüşdülər və növbə ilə xidmət edirdilər. İşlər püşklə müəyyən edilirdi. Darvaza keşikçilərinə gəldikdə hansı darvazada olacaqları eyni cür müəyyən edilirdi (1Sm 23; 25; 26; 2Sm 35:3—5, 10).
it-2-E s. 686
Kahin
Kahinlər məbəddə müxtəlif işlərə görə bölünmüşdülər. Müəyyən xidmətlər üçün püşk atılırdı. 24 bölüyün hər biri ildə iki dəfə bir həftə xidmət edirdi. Görünür, bayramlarda xalq minlərlə qurban təqdim edəndə kahinlərin hamısı xidmət edirdi. Məsələn, məbədin həsr olunması zamanı olduğu kimi (1Sm 24:1—18, 31; 2Sm 5:11; əlaqələndir: 2Sm 29:31—35; 30:23—25; 35:10—19). Kahin növbəsi olan kahinlərin xidmətinə mane olmadığı təqdirdə xidmət edə bilərdi. Ravvin rəvayətlərinə görə İsa yerdə yaşayanda kahinlər çox idi, buna görə də həftəlik xidmət bölükdəki ailələr arasında bölünmüşdü, hər ailə sayına görə bir və ya iki gün xidmət edirdi.
it-2-E s. 451—452
Musiqi
Yehovanın məbədi ilə bağlı hazırlıqlar görərkən Davud 4000 lavilini musiqiçi kimi xidmət etmək üçün ayırdı (1Sm 23:4, 5). Onlardan 288 nəfəri «Yehovaya məzmur oxumaq üçün təlim almış», «peşəkar» musiqiçilər idi (1Sm 25:7). Onların hamısının başında üç təcrübəli musiqiçi, Asəf, Himan və Yaditun (görünür, digər adı İtan idi) dururdu. Onların hərəsi Lavinin üç oğlundan birinin — Hirsəm, Kəhat və Merarın nəslindən idi. Deməli, üç əsas lavili övladları məbəddə ifa olunan musiqidə təmsil olunurdu (1Sm 6:16, 31—33, 39—44; 25:1—6). Bu üç nəfərin oğulları cəmi 24 nəfər idi. Onların hamısı yuxarıda qeyd olunan 288 peşəkar musiqiçinin arasında idi. Hər oğul musiqiçilərin bir bölüyünə başçı təyin olunmuşdu. Onun rəhbərliyi altında öz oğullarından və başqa lavililərdən seçilmiş 11 peşəkar musiqiçi var idi. Beləliklə, 288 ([1 + 11] × 24 = 288) peşəkar lavili musiqiçi kahinlər kimi 24 hissəyə bölünmüşdü. Əgər yerdə qalan 3712 «şagird» də belə bölünmüşdüsə, deməli, 24 bölüyün hər birində təxminən daha 155 nəfər var idi. Bu o deməkdir ki, hər peşəkar təxminən 13 laviliyə musiqi təhsili verirdi. Və onların hamısının musiqi savadı bir-birindən fərqli idi (1Sm 25:1—31). Kərənayçılar kahin idilər. Odur ki, onlar lavili musiqiçilərdən əlavə idilər (2Sm 5:12; əlaqələndir: Sy 10:8).
it-1-E s. 898
Darvaza keşikçisi
Məbəddə. Ölümündən bir az əvvəl Davud padşah lavililəri və məbəd işçilərinin işini nizama saldı. Onların arasında darvaza keşikçiləri də var idi. Sayları 4000 nəfər idi. Onlar öz bölüklərində yeddi günlük növbə çəkirdilər. Yehovanın evinin keşiyini çəkir və qapıların vaxtlı-vaxtında açılıb-bağlanması işinə baxırdılar (1Sm 9:23—27; 23:1—6). Keşikçilikdən başqa bəziləri xalqın məbəddə istifadə etmək üçün gətirdiyi ianələrə baxırdı (2Pd 12:9; 22:4). Sonralar baş kahin Yəhyaday Yuəsi məsh edəndə onu qəsbkar məlikə Ətəlyadan qorumaq üçün darvazalara xüsusi keşikçilər təyin olunmuşdu (2Pd 11:4—8). Yuşiyyə padşah bütpərəstliyin kökünü kəsəndə darvaza keşikçiləri Baala ibadətdə istifadə olunan əşyaları məbəddən çıxarmağa kömək etmişdilər. Sonra onları şəhərdən kənarda yandırmışdılar (2Pd 23:4).
Hikmət xəzinəsindən incilər
Yehovaya ibadət bizi xoşbəxt edir
10 Biz nəğmə oxuyarkən Yehovaya ibadət edirik (Zəb. 28:7). İsraillilər üçün həmd nəğməsi ifa etmək ibadətdə önəmli yer tuturdu. Davud padşah məbəddə məzmur oxumaq üçün 288 lavili təyin etmişdi (1 Saln. 25:1, 6—8). Bu gün də biz həmd nəğmələri oxuyarkən Yehovaya məhəbbətimizi ifadə edirik. Səsimizin gözəl olub-olmaması vacib deyil. Bir məqam üzərində düşünün: danışarkən hər birimiz «dəfələrlə səhv edirik», amma bu bizim yığıncaqda və xidmətdə danışmağımıza maneə deyil (Yaq. 3:2). Eynilə səsimizin gözəl olmadığını düşündüyümüzə görə Yehovanı nəğmələrdə tərənnüm etməkdən çəkinməməliyik.
13—19 MART
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 SALNAMƏLƏR 27—29
«Atanın oğluna öyüd-nəsihəti»
Məsihçi olduğunu heç zaman unutma
9 Müqəddəs Kitab həqiqətlərini tədqiq et. Özümüzü tam əsasla Yehovanın xidmətçisi hesab etmək üçün, Allahın Kəlamını yaxşı bilməliyik (Filipililərə 1:9, 10). Yaşından asılı olmayaraq, hər bir məsihçi inandığı şeylərin həqiqətən də Müqəddəs Kitaba əsaslandığına dair özü sübutlar tapmalıdır. Pavel həmimanlılarını təşviq edirdi: «Hər şeyi tədqiq edin; yaxşılığa bağlı olun» (1 Saloniklilərə 5:21). Məsihçi ailələrində tərbiyə alan uşaqlar dərk etməlidirlər ki, sadəcə valideynlərinin imanına bel bağlaya bilməzlər. Davud oğlu Süleymana nəsihət verirdi: «Atanın Allahını tanı, səmimi qəlbdən... Ona qulluq et» (1 Salnamələr 28:9). Gənc Süleymana sadəcə atasının Yehovaya necə xidmət etdiyini müşahidə etmək kifayət deyildi. O, özü şəxsən Yehovanı yaxından tanımalı idi. Və o, belə də davranırdı. Süleyman Allaha yalvarırdı: «Mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim» (2 Salnamələr 1:10).
Yehovaya bütöv ürəklə xidmət edin
13 Bu nümunədən alacağımız dərs aydındır. Bizə sevinc və məmnunluq gətirən yığıncaq görüşlərində və xidmətdə müntəzəm iştirak etməyimiz tərifəlayiqdir. Lakin Yehovaya bütöv ürəklə xidmət etmək özünə daha çox şeyi daxil edir (2 Saln. 25:1, 2, 27). Əgər məsihçi ürəyinin dərinliklərində arxadakı şeyləri, yəni bu dünyada olan müəyyən şeyləri sevməyə davam edirsə, o, Allah qarşısında malik olduğu yaxşı adı itirmək təhlükəsindədir (Luka 17:32). Biz yalnız sözün əsil mənasında pislikdən ikrah etdiyimiz və yaxşılıqdan bərk yapışdığımız təqdirdə Allahın Padşahlığı üçün yararlı ola bilərik (Rom. 12:9; Luka 9:62). Buna görə də hər birimiz əmin olmalıyıq ki, Şeytan dünyasında olan heç bir şey, nə qədər faydalı və cəlbedici olmasından asılı olmayaraq, bizə bütün ürəklə Padşahlığın işini görməyə mane olmur (2 Kor. 11:14; Filipililərə 3:13, 14 ayələrini oxu).
«Cəsur ol,.. işə başla!»
20 Padşah Davud Süleymanı əmin etdi ki, məbədin inşasını başa çatdırana qədər Yehova ona dayaq olacaq (1 Saln. 28:20). Atasının bu sözləri Süleymanı ürəkləndirdi. Beləcə, o, gənc və səriştəsiz olmasının onun yolunda çəpər olmağına yol vermədi. Süleyman böyük şücaət göstərərək işə girişdi və Yehovanın köməyi ilə yeddi il yarıma bu həşəmətli məbədin inşasını tamamladı.
21 Yehova Süleymana dayaq olduğu kimi, bizə də cəsarətli olub ailəmizdə və yığıncaqda öhdəmizə düşən işləri tamamlamağa dəstək olacaq (Əşy. 41:10, 13). Yehovaya ibadətimizin bütün sahələrində cəsarətli olsaq, onda həm bu gün, həm də gələcəkdə Allahın lütflərinə sahib olacağıq. Odur ki, gəlin, cəsur olub işə başlayaq!
Hikmət xəzinəsindən incilər
Dost dosta tən gərək...
Davudun çətin anlarında ona dayaq olan başqa dostları da var idi. Onlardan biri Xuşay idi. Müqəddəs Kitabda o, «Davudun dostu» adlanır (2 İşm. 16:16; 1 Saln. 27:33). Ola bilsin, Xuşay padşahın məxfi tapşırıqlarını yerinə yetirən ən yaxın əyanlarından, dostlarından biri idi.
Davudun oğlu Absalam atasının taxtını ələ keçirəndə israillilərin çoxu Absalamın tərəfinə keçmişdi, Xuşay isə padşahına sadiq qalmışdı. Davud canını götürüb şəhərdən qaçanda Xuşay onun yanına getdi. Davud çox pərişan idi, öz belindən gələn oğlu və etibar etdiyi insanlar ona xəyanət etmişdi. Xuşay isə Davuda qarşı qurulan sui-qəsd planını pozmaq üçün həyatını təhlükəyə atmaqla dostuna sadiq olduğunu sübut etdi. O, padşahın əyanı olduğu üçün yox, əsl dost olduğu üçün belə davrandı (2 İşm. 15:13—17, 32—37; 16:15—17:16).
20—26 MART
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 1—4
«Süleyman padşahın ağılsız qərarı»
it-1-E s. 174, abz. 5
Ordu
Süleymanın hakimiyyəti dövründə İsrail ordusunun tarixində yeni səhifə açıldı. Onun hakimiyyəti dövründə nisbətən dinclik hökm sürürdü. Ancaq Süleyman atların və cəng arabalarının sayını artırdı. Atları əsasən Misirdən alıb gətirdi. Bu yeni ordu bölüklərini yerləşdirmək üçün ölkənin hər yerində şəhərlər salmaq lazım gəlmişdi (1Pd 4:26; 9:19; 10:26, 29; 2Sm 1:14—17). Ancaq Yehova Süleymanın bu yeniliyini uğurlu etmədi. O, öləndən sonra ölkə iki yerə bölündü. Bununla da İsrail ordusu tənəzzülə uğradı. Sonralar Əşiya peyğəmbər yazmışdı: «Kömək üçün Misirə gedən, atlara güvənən, cəng arabalarının sayına arxalanan, güclü döyüş atlarına bel bağlayan kəslərin vay halına! Onlar İsrailin Müqəddəsinə tərəf baxmır, Yehovanı axtarmırlar» (Əş 31:1).
it-1-E s. 427
Araba
İsraildə Süleymana qədər cəng arabalarından ibarət ordu hissəsi yox idi. Bunun əsas səbəbi Allahın qoyduğu qadağa idi. Xalq ölkənin təhlükəsizliyinin atlardan asılı olduğunu düşünüb atların sayını çoxaltmamalı idi. Bu qadağa səbəbindən cəng arabaları da məhdud sayda idi. Axı arabaya at qoşmaq lazım idi (Qn 17:16). İşmuil peyğəmbər padşahın xalqın üzərinə qoyacağı yük barədə xəbərdarlıq edəndə demişdi: «O, oğullarınızı aparıb cəng arabalarına mindirəcək» (1İş 8:11). Absalam və Əduniyyə hakimiyyəti ələ keçirmək istəyəndə özləri üçün cəng arabası düzəldib qabağında qaçmağa 50 adam qoymuşdular (2İş 15:1; 1Pd 1:5). Davud Sobah padşahını məğlub edəndə qoşqu atlarından yüzünü saxlamışdı (2İş 8:3, 4; 10:18).
Süleyman padşah İsrail ordusunu möhkəmləndirərkən cəng arabalarının sayını 1400-ə çatdırmışdı (1Pd 10:26, 29; 2Sm 1:14, 17). Yerusəlimlə yanaşı, arabalar üçün ayrılan şəhərlərdə bu döyüş avadanlığına qulluq etmək üçün xüsusi yerlər var idi (1Pd 9:19, 22; 2Sm 8:6, 9; 9:25).
Hikmət xəzinəsindən incilər
«İkinci Salnamələr» kitabından diqqətəlayiq fikirlər
1:11, 12. Süleymanın xahişindən Yehova gördü ki, bilik və hikməti qazanmaq onun ürəyinin arzusu idi. Bizim dualarımız da ürəyimizdə nəyin olduğunu aşkar edir. Nə haqda dua etməyimizə fikir veririksə, müdrik davranırıq.
27 MART — 2 APREL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 5—7
«Qəlbim... həmişə orada olacaq»
w02-E 15/11 s. 5, abz. 1
Dindaşlarla birgə yığışmaqdan vaz keçməyin
Sonralar Davud Yerusəlimdə padşah olanda Yehovanın adına ev tikmək arzusunu dilə gətirdi. Ancaq Davud çoxlu müharibələr etdiyi üçün Yehova ona dedi: «Sən Mənim adıma ev tikməyəcəksən». O, məbədi tikməyi Davudun oğlu Süleymana tapşırdı (1 Salnamələr 22:6—10). Süleyman məbədi yeddi il yarıma tikdi və b. e. ə. 1026-cı ildə məbədin açılışını etdi. Yehova bu tikilidən razı qaldığını bildirərək dedi: «Adımı həmişəlik sənin tikdiyin bu evə verib onu müqəddəs etdim. Qəlbim, nəzərim həmişə orada olacaq» (1 Padşahlar 9:3). İsraillilər sadiq qaldığı müddətdə Yehovanın nəzəri bu evin üstündə olacaqdı. Ancaq əyri yola qədəm qoysaydılar, Yehova bu yeri lütfündən məhrum edəcəkdi və ev xarabazara dönəcəkdi (1 Padşahlar 9:4—9; 2 Salnamələr 7:16, 19, 20).
it-2-E s. 1077—1078
Məbəd
Tarixi. Bu məbəd b. e. ə. 607-ci ilə qədər qaldı. Həmin il Navuxodonosorun başçılığı altında Babil ordusu məbədi dağıtdı (2Pd 25:9; 2Sm 36:19; Ər 52:13). İsrail yalan dinlərə üz tutduğu üçün Allah izin verirdi ki, başqa xalqlar Yəhuda və Yerusəlimi sıxışdırsınlar, bəzən isə məbədin xəzinəsini talan etsinlər. Bundan başqa, bəzən məbəd baxımsız qalırdı. Misir padşahı Şişaq (b. e. ə. 993-cü il) Süleymanın oğlu Rəhabamın dövründə, məbədin açılışından təxminən 33 il sonra oradakı xəzinəni talan etdi (1Pd 14:25, 26; 2Sm 12:9). Asa padşah (b. e. ə. 977—937) Yehovanın evinə ehtiram bəsləyirdi. Amma Yerusəlimi müdafiə etmək üçün o, axmaqlıq edib, Aram padşahı I Bənhədada məbədin xəzinəsindən gümüş və qızıl xərac verdi ki, İsrail padşahı Başa ilə sazişi pozsun (1Pd 15:18, 19; 2Sm 15:17, 18; 16:2, 3).
Hikmət xəzinəsindən incilər
w10-E 1/12 s. 11, abz. 7
O, insanın ürəyindəkilərdən agahdır
Süleymanın duası bizim də qəlbimizə təsəlli verir. İnsanlar hisslərimizi, dərdimizi, qəmimizi tam başa düşə bilməz (Məsəllər 14:10). Amma Yehova bizim ürəyimizdəkilərdən agahdır. O, həqiqətən də, bizim qayğımıza qalır. Duada ürəyimizi ona açıb-boşaltsaq, dərd yükünü daşımaq bir az asanlaşacaq. Müqəddəs Kitabda deyilir: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7).
10—16 APREL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 8, 9
«O, hikmətə dəyər verirdi»
w99-E 1/11 s. 20, abz. 4
Səxavətin bolluğu
Sözsüz ki, Səba məlikəsi Süleymanın yanına gəlmək üçün çoxlu vaxt və güc sərf etmişdi. Çox yəqin ki, Səba müasir Yəmən Respublikasının ərazisində yerləşirdi. Deməli, Yerusəlimə gəlmək üçün məlikə və onun karvanı 1600 kilometrdən çox məsafə qət etmişdi. İsanın dediyi kimi, məlikə «dünyanın o başından durub gəlmişdi». Bəs nəyə görə o özünə bu qədər əziyyət vermişdi. Çünki Süleymanın hikmətini dinləmək istəyirdi (Luka 11:31).
w99-E 1/7 s. 30, abz. 4, 5
Mükafatı böyük olan görüş
Məlikə Yerusəlimə böyük bir məiyyətlə, balzam, çoxlu qızıl, daş-qaş yüklənmiş dəvələrlə gəldi (1 Padşahlar 10:2a). Bəzi alimlərin fikrincə, böyük məiyyətə silahlı dəstə də daxil idi. Bu ola bilər. Çünki məlikə qüdrətli şəxsiyyət idi, üstəlik, yanında on milyonlarla dollar dəyərində qiymətli əşyalar var idi.
Ancaq diqqət yetirin ki, məlikə Süleymanın Yehovanın adı sayəsində qazandığı şöhrət barədə eşitmişdi. Bu, sadəcə işgüzar səfər deyildi. Görünür, məlikə, əsasən, Süleymanın hikmətini dinləmək, çox yəqin ki, Allahı Yehova barədə öyrənmək üçün gəlmişdi. Məlikə ya Samın, ya da Hamın nəslindən törəmişdi. Buna görə də əcdadlarının dini ona maraqlı gəlirdi.
w99-E 1/7 s. 30—31
Mükafatı böyük olan görüş
Səba məlikəsi Süleymanın hikmətini, səltənətində hökm sürən firavanlığı görəndə mat qaldı (1 Padşahlar 10:4, 5). Bəzi alimlər «mat qaldı» ifadəsini «nəfəsi kəsildi» kimi tərcümə edir. Bir alim isə hətta deyir ki, məlikə huşunu itirmişdi. Hər necə olsa da, gördükləri, eşitdikləri məlikəni heyran qoymuşdu. O, Süleymanın xidmətçilərinə padşahın hikmətini dinlədikləri üçün bəxtəvərlik oxudu və Süleymanı taxta çıxaran Yehovaya alqış etdi. Sonra padşaha bahalı hədiyyələr verdi. Elə təkcə qızılın dəyəri müasir pulla təxminən 40 000 000 dollar idi. Süleyman da məlikəyə hədiyyələr verdi, onun arzuladığı, istədiyi hər şeyi ona verdi (1 Padşahlar 10:6—13).
it-2-E s. 990—991
Süleyman
Məlikə məbədin, Süleymanın evinin əzəmətini, onun süfrəsini, içkilərini, xörək paylayanların geyimini, məbəddə həmişə təqdim olunan yandırma qurbanlarını görəndə mat qaldı. O dedi: «Sən demə, mənə gördüklərimin heç yarısını da danışmayıblar. Sən eşitdiyimdən qat-qat hikmətli, zəngin imişsən!» Sonra belə bir padşaha xidmət edən kəslərə bəxtəvərlik oxudu. Bütün bunları görəndə Yehovaya həmd etdi, İsrailə olan sevgisindən irəli gələrək Süleymanı ədaləti, salehliyi bərqərar etmək üçün padşah qoyan Yehova Allaha mədhlər ucaltdı (1Pd 10:4—9; 2Sm 9:3—8).
Hikmət xəzinəsindən incilər
it-2-E s. 1097
Taxt
İsrail padşahlarından yalnız Süleymanın düzəltdiyi taxt barədə təfərrüatlar yazılıb (1Pd 10:18—20; 2Sm 9:17—19). Bu taxt eyvan-divanxanasında — Yerusəlimdə Muriyyə dağında yerləşən binaların birində yerləşirdi (1Pd 7:7). Taxt fil dişindən düzəldilmişdi. Taxt, arxasındakı dairəvi çıxıntı və hər iki tərəfindəki qolları xalis qızılla örtülmüşdü. Hərçənd taxtın əsasən fil dişindən düzəldildiyi deyilir, amma məbədin tikinti texnikasını əsas götürsək, böyük ehtimal ki, taxt ağacdan düzəldilmişdi, xalis qızılla örtülmüşdü və fil dişi ilə gözəl şəkildə bəzədilmişdi. Kənardan baxanda elə görünürdü ki, o, bütünlüklə fil dişindən düzəldilib və qızılla örtülüdür. Taxtın altı pilləsindən danışılandan sonra həmin ayədə belə yazılıb: «Oturacağın hər iki tərəfində qolları var idi və qolların yanında iki şir heykəli dururdu. Altı pillədə 12 şir dururdu» (2Sm 9:17—19). Bu, çox münasib idi, çünki şir qüdrətli hakimiyyəti təmsil edir (Yr 49:9, 10; Vh 5:5). 12 şir İsrailin 12 qəbiləsini təmsil edirdi, ehtimal ki, bu, taxta oturan hökmdara tabe olduqlarını və onu dəstəkləməyə hazır olduqlarını göstərirdi. Taxta qızıl kətil bərkidilmişdi. Arxasında çıxıntıları, qarşısında əzəmətli şirlər olan, fil dişindən və qızıldan hazırlanmış bu taxtın təsvirinə nəzər salsaq, görmək olar ki, o, bütün səltənətlərin ən əzəmətlisi idi. Bunu arxeoloqların araşdırmalarına, qədim abidələrin təsvirinə və kitabələrdə yazılanlara əsasən demək olar. Salnaməçi növbəti sözlərində haqlı idi: «Heç bir səltənətdə buna bənzər şey yox idi» (2Sm 9:19).
17—23 APREL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 10—12
«Hikmətli məsləhətə qulaq asın»
O, Allahın rəğbətini qazana bilərdi
Rəhabam iki daş arasında qalır. Əgər xalqın istəyini yerinə yetirsə, özü də, ailəsi də, ətrafındakı insanlar da öyrəşdikləri dəmdəsgahlı yaşayışlarını müəyyən dərəcədə itirəcək. Yox əgər xalqın xahişini rədd etsə, xalq ona qarşı qalxa bilər. Bəs o, nə edir? Yeni padşah ilk növbədə bir vaxtlar atası Süleymana xidmət etmiş ağsaqqallarla məsləhətləşir. Lakin sonra gedib həmyaşıdlarından məsləhət alır. Rəhabam həmyaşıdlarının dediklərinə qulaq asıb xalqla sərt rəftar etmək qərarına gəlir. O, xalqa deyir: «Mən boyunduruğunuzu daha da ağırlaşdıracağam. Atam sizi qamçı ilə cəzalandırırdı, mən isə sizi bizli qamçı ilə cəzalandıracağam» (2 Saln. 10:6—14).
w01-E 1/9 s. 28—29
Düzgün qərarlar verin
Həmçinin yığıncaqda yetkin məsihilər var. Onlarla da qərar verməli olduğumuz məsələlər barədə danışa bilərik (Efeslilərə 4:11, 12). Ancaq başqaları ilə məsləhətləşmək o demək deyil ki, bir-bir hamı ilə məsləhətləşəcəyik, ta o vaxta qədər ki, istədiyimizi deyən adamı tapaq. Sonra onun məsləhətinə əməl edək. Rəhabam bizim üçün ibrətdir. Çətin qərar qarşısında qalanda atasına qulluq etmiş ağsaqqallar ona gözəl məsləhət verdilər. Ancaq ağsaqqalların məsləhətinə əməl etmək əvəzinə Rəhabam özü ilə böyümüş cavanlarla məsləhətləşdi. Onların məsləhətinə qulaq asıb çox pis qərar verdi, nəticədə, səltənətinin böyük hissəsi əlindən çıxdı (1 Padşahlar 12:1—17).
Məsləhət lazım olanda həyat təcrübəsi olan, Müqəddəs Yazıları yaxşı bilən və düzgün prinsipləri rəhbər tutan kəslərlə məsləhətləşin (Məsəllər 1:5; 11:14; 13:20). Vaxt ayırıb məsələyə aid olan prinsipləri götür-qoy edin, o cümlədən topladığınız bütün məlumat barədə düşünün. Vəziyyətə Yehovanın Kəlamının işığında baxanda hansı qərarın düzgün olduğu aydın görünəcək (Filippililərə 4:6, 7).
it-2-E s. 768, abz. 1
Rəhabam
Rəhabamın təkəbbürü, dikbaşlığı xalqı ondan uzaqlaşdırdı. Təkcə Yəhuda və Binyamin qəbiləsi Davud evinin tərəfində qaldı, eləcə də hər iki padşahlıqda yaşayan kahin və lavililər, o cümlədən digər on qəbilədən olan ayrı-ayrı adamlar Davud evini dəstəklədi (1Pd 12:16, 17; 2Sm 10:16, 17; 11:13, 14, 16).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 966—967
Keçiyəbənzər cinlər
Yuşə 24:14 ayəsindəki sözlər göstərir ki, israillilər Misirdə yaşadıqları vaxt ərzində müəyyən dərəcədə oradakı bütpərəstliyin təsiri altına düşmüşdülər. Hizqiyalın sözlərindən görünür ki, həmin dövrdən uzun illər sonra da onlar bu təsirdən çıxa bilməmişdilər (Hz 23:8, 21). Bu səbəbdən, bəzi alimlərin fikrincə, səhrada israillilərə keçiyəbənzər cinlərə qurban gətirməyi qadağan edən qanun (Lv 17:1—7) və Ərubamın səcdəgahlarda keçiyəbənzər cinlərə və düzəltdiyi danalara xidmət etmək üçün kahinlər təyin etməsi (2Sm 11:15) onu göstərir ki, israillilərin arasında keçiyə ibadətin hansısa forması, məsələn, xüsusən də Aşağı Misirdə geniş yayılmış forması mövcud idi. Herodot iddia edir ki, yunanların Pan ilahına, həmçinin şəhvətli meşə tanrıları olan satirlərə etiqadı məhz Misirdəki bu ibadət formasından doğub. Sonralar onlar buynuzlu, keçi quyruğu olan, ayaqları keçi ayaqlarına bənzəyən varlıqlar kimi təsvir olunurdular. Bəzi alimlərin fikrincə, bədəninin yarısı heyvan bədəni olan bu allahlara görə Erkən Orta əsrlərdə xristianlıqda Şeytanı quyruqlu, buynuzlu, haça dırnaqlı təsvir edirdilər.
Ancaq bu «tüklülərin» («seirim») əslində nə olduğu qeyd olunmayıb. Bəzi alimlər onların keçi və ya keçi formasında büt olduğunu hesab edir. Ancaq nə bu ayə, nə də başqa ayə bunun belə olduğunu göstərmir. Bu söz, ola bilsin, sadəcə onu göstərir ki, bütpərəstlərin təsəvvüründə bu cür yalan allahlar keçiyəbənzər və ya tüklü idi. Yaxud da bu ayələrdə «keçi» sözünün işlənməsi bütün bütlərə qarşı ikrah ifadə edir, necə ki digər ayələrdə büt sözünü bildirən sözün ilkin mənası «yumru nəcis kütlələri» deməkdir. Ancaq bu o demək deyil ki, bütləri hərfən nəcisdən düzəldirdilər (Lv 26:30; Qn 29:17).
24—30 APREL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALNAMƏLƏR 13—16
«Yehovaya həmişə güvənin»
Gənc qardaşlar, siz başqalarının etibarını qazana bilərsiz
12 Gənc padşah olan Asa təvazökar və cəsarətli idi. O, atası Əbiyyadan sonra taxta çıxdı və bütpərəstliyin kökünü kəsmək üçün tədbirlər gördü. Asa «yəhudalılara ata-babalarının Allahı Yehovaya ibadət etməyi, Onun Qanununa, əmrlərinə əməl etməyi buyurdu» (2 Saln. 14:1—7). Həbəş Zarah 1 000 000 nəfərlik ordu ilə Yəhudaya yürüş edəndə Asa hikmətli davranaraq Yehovaya üz tutdu. Ona belə dedi: «Yehova, Sənin üçün fərq etməz, Sən güclünün də, gücsüzün də dadına çatırsan. Yetiş dadımıza, ey Allahımız Yehova! Biz Sənə arxalanırıq». Asanın dediyi bu gözəl sözlər göstərir ki, Asada Yehovanın həm onu, həm də xalqı xilas edəcəyinə necə böyük əminlik var idi. Asa Yehovaya güvənirdi, Yehova da həbəşləri məğlub etdi (2 Saln. 14:8—12).
Gənc qardaşlar, siz başqalarının etibarını qazana bilərsiz
13 Razı olarsınız ki, bir milyonluq orduya qarşı çıxmaq hələm-hələm asan iş deyildi, amma Asa bunun öhdəsindən müvəffəqiyyətlə gəldi. Başqa vaxt isə o, bunun qədər qorxulu olmayan hücuma — İsrailin mənfur padşahı olan Başanın hücumuna məruz qalanda, əfsuslar olsun ki, Yehovaya üz tutmadı, Aram padşahından kömək istədi. Bu yanlış qərarının aqibəti pis oldu! Yehova Hənani peyğəmbər vasitəsilə Asaya dedi: «Sən Allahın Yehovaya yox, Aram padşahına arxalandığın üçün Aram padşahının ordusu sənin əlindən qurtuldu». O vaxtdan sonra Asanın başı müharibədən açılmadı (2 Saln. 16:7, 9; 1 Pad. 15:32). Buradan hansı nəticəni çıxarırıq?
Gənc qardaşlar, siz başqalarının etibarını qazana bilərsiz
14 Təvazökar qalın və Yehovaya həmişə etibar edin. Vəftiz olunmaqla siz Yehovaya iman etdiyinizi və güvəndiyinizi göstərmişdiniz. Yehova da böyük məmnuniyyətlə sizə xalqının arasında olmaq şərəfi nəsib etdi. İndi gərək bundan sonra da Yehovaya bel bağlayasınız. Ola bilsin, həyati vacib qərarlar verəndə Yehovaya etibar etmək sizin üçün asan olsun. Bəs digər qərarlar haqda nə demək olar? Çox vacibdir ki, əyləncə, iş və gələcək məqsədlər də daxil olmaqla, hər bir qərarınızda Yehovaya etibar edəsiniz. Öz ağlınıza güvənməyin. Müqəddəs Kitabdan sizin vəziyyətinizə uyğun olan prinsipləri tapın və bu prinsiplərə əməl edin (Məs. 3:5, 6). Onda Yehovanın qəlbini sevindirəcəksiniz və yığıncaqdakı bacı-qardaşların hörmətini qazanacaqsınız. (1 Timutiyə 4:12 ayəsini oxuyun.)
Hikmət xəzinəsindən incilər
Yehovaya sidqi-ürəkdən ibadət edin!
7 Hər birimiz ürəyimizi təhlil etməliyik, görək, biz də Allaha tam sadiqik? Özünüzdən soruşun: «Mən Yehovanı razı salmaq, pak ibadəti dəstəkləmək və Allahın xalqını pis təsirdən müdafiə etmək üçün qəti addımlar atmağa hazıram?» Təsəvvür edirsiniz, nənəsi Məkaha, məlikə anaya qarşı çıxmaq üçün Asaya nə qədər cəsarət lazım idi?! Çətin ki siz həyatda Məkah kimi bir insanla rastlaşasınız, amma Asa kimi cəsarətli olmağı tələb edən vəziyyətlərlə üzləşə bilərsiniz. Məsələn, ailə üzvlərinizdən biri və ya yaxın dostunuz günah edib tövbə etmədiyi üçün yığıncaqdan kənar olunarsa, necə davranacaqsınız? Onunla ünsiyyəti kəsəcəksiniz? Ürəyiniz sizi nəyə təşviq edəcək?