«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
6—12 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 13, 14
«“İnsan ölsə, bir də yaşarmı?”»
Bəşəriyyətin ölümlə «əlbəyaxa» mübarizəsi
Çin imperatorları da ölməzlik arzusunda idilər. Fironlardan fərqli olaraq, onlar buna dirilik suyu vasitəsilə nail olmaq istəyirdilər. İmperator Sin Şi Xuandi əbədi yaşamaq üçün öz əlkimyagərlərinə sehirli içki hazırlamağı əmr etmişdi. İş ondadır ki, onların hazırladığı məhlulların tərkibində zəhərli civə var idi. Elə bu sehirli içkilərdən biri də imperatorun həyatına son qoydu.
Deyilənə görə, eramızın 16-cı əsrin ispan tədqiqatçısı Xuan Pons de Leon cavanlıq çeşməsini tapmaq üçün Karib dənizini ələk-vələk etmişdi. Bunun sayəsində o, Floridanı (ABŞ) kəşf etdi. Ancaq bir neçə il sonra hindularla toqquşma zamanı öldürüldü. Beləcə, onun cavanlıq çeşməsi axtarışı boşa çıxdı.
Ağac kəsilsə, yenə cücərər?
LİVANDA bitən möhtəşəm sidr ağacı hara, əyri-üyrü zeytun ağacı hara. Onları bir-birinə tay tutmaq olmaz. Amma zeytun ağacının qeyri-adi bir özəlliyi var: o, çox dözümlüdür. Bəzi zeytun ağaclarının 1000 yaşı var. Zeytun ağacı gövdəsi məhv olsa da, şaxələnən kökü sayəsində yenidən əmələ gələ bilər. Nə qədər ki kökü sağdır, ağac yenidən cücərəcək.
Əyyub peyğəmbər inanırdı ki, ölsə də, yenidən yaşayacaq (Əyy. 14:13—15). O, bir ağacı nümunə çəkərək Allahın onu yenidən həyata qaytarmağa qadir olduğuna əminliyini bildirmişdi. Çox ehtimal ki, o, zeytun ağacından danışırdı. Peyğəmbər demişdi: «Hətta ağac üçün ümid var, kəsilsə, yenə cücərər». Güclü yağış sərt quraqlığa son qoyanda zeytun ağacının qurumuş kötüyündə yenidən fidanlar baş qaldıra bilər və ağac «cavan bitki kimi qol-budaq atar» (Əyy. 14:7—9).
«Qardaşın diriləcək»!
6 Gəlin Əyyub peyğəmbərin sözlərinə nəzərə salaq. O əmin idi ki, ölsə belə Yehova onu dirildəcəyi günün həsrətini çəkəcək (Əyy. 14:14, 15). Yehova bütün ölən xidmətçilərinə eyni hissləri bəsləyir. Yehova onları xoşbəxt, sağlam həyata qaytarmağı arzulayır. Bəs Onu tanımadan ölən milyardlarla insan barədə nə demək olar? Allahımızın onlarla bağlı niyyəti nədir? Məhəbbətli Yaradanımız onları da həyata qaytaracaq (Həv. 24:15). Yehova istəyir ki, həmin insanların da onunla dost olmaq, yer üzündə əbədi yaşamaq fürsəti olsun (Yəh. 3:16). Gördüyümüz kimi, Yehova ölüləri diriltməyi çox istəyir.
Hikmət xəzinəsindən incilər
it-1-E s. 191
Kül
Kül həmçinin əhəmiyyətsiz, heç bir dəyəri olmayan şeyləri ifadə etmək üçün istifadə olunurdu. Məsələn, İbrahim peyğəmbər Allah qarşısında acizliyini ifadə etmək üçün özünü «toz,.. kül» adlandırmışdı (Yr 18:27; həmçinin bax: Əş 44:20; Əy 30:19). Əyyub isə saxta dostlarının dediklərini kül adlandırmışdı (Əy 13:12).
13—19 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 15—17
«Əlifəzin sözləri təsəlli yox, əzab verirdi»
Ümidinizi möhkəm saxlayın
10 Ümid dəbilqəmiz bizi mənfi düşüncədən də qoruya bilər. Bəziləri elə düşünür ki, Yehovanı heç vaxt razı sala bilməyəcəklər. Onlar belə deyir: «Mən heç vaxt əbədi həyatı alanların sırasında olmayacağam. Çünki buna layiq deyiləm. Heç vaxt Yehovanın istədiyi kimi insan ola bilməyəcəyəm». Əyyub peyğəmbərin saxta dostu Əlifəz Əyyubun ağlına buna bəzər fikirlər yeritməyə çalışırdı. Əlifəz demişdi: «Fani insan nədir ki, təmiz olsun?» Sonra isə Allah haqda belə demişdi: «Bax, O, mələklərinə belə, güvənmir, hətta göylər Onun gözündə pak deyil» (Əyy. 15:14, 15). Yalana bir bax! Unutmayın ki, sizin bu cür düşünməyinizi Şeytan istəyir. O bilir ki, siz bu cür fikirləşsəniz, getdikcə ümidinizi itirəcəksiniz. Buna görə də bu cür yanlış fikirləri ağlınıza yaxın buraxmayın, əksinə, fikrinizi Yehovanın vədlərinə cəmləyin. Yehova istəyir ki, siz əbədi yaşayasınız və bu məqsədinizə çatmaq üçün sizə kömək edəcək. Qətiyyən buna şübhə etməyin! (1 Tim. 2:3, 4).
İsa Məsih kimi təvazökar və şəfqətli olun
16 Sözlərimizlə. Şəfqət bizi qəmginlərə təskinlik verməyə təşviq edir (1 Salon. 5:14). Biz sözlərimizlə bu cür insanları necə ruhlandıra bilərik? Onların qeydinə qaldığımızı, onlara görə narahat olduğumuzu əks etdirən sözlər deyib ovqatlarını qaldıra bilərik. Səmimi tərif sözlərimizlə onlara öz yaxşı cəhətlərini və bacarıqlarını görməyə kömək edə bilərik. Deyə bilərik ki, əgər Yehova onları İsa Məsihin davamçısı olmaq şərəfinə layiq görübsə, deməli onlar Yehovanın gözündə çox dəyərlidirlər (Yəh. 6:44). Biz onları əmin edə bilərik ki, Yehova qəlbisınıq, pərişan xidmətçilərini bir an belə unutmur (Zəb. 34:18). Xoş sözlər təsəlliyə ehtiyacı olan kəslər üçün əsl məlhəmdir (Məs. 16:24).
Hikmət xəzinəsindən incilər
«Əyyub» kitabından diqqətəlayiq fikirlər
7:9, 10; 10:21; 16:22 — Əyyubun bu sözləri onun dirilməyə inanmadığınımı göstərir? Bu sözlər Əyyubun yaxın gələcəyinə aid idi. Bəs belə olduqda o, nəyi nəzərdə tuturdu? Mümkün olan variantlardan biri odur ki, əgər o ölsə idi, müasirlərindən heç biri onu görməyəcəkdi. Onların nöqteyi-nəzərincə o, Allahın tə’yin etdiyi vaxt çatınca nə öz evinə qayıdacaqdı, nə də onu tanıyacaqdılar. Əyyub həm də ola bilsin nəzərdə tuturdu ki, kömək olmadan heç kim Şeoldan qayıda bilməz. Əyyubun gələcəkdə olacaq dirilməyə ümid etməsi 14:13-15 ayələrindən aydındır.
20—26 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 18, 19
«Dindaşlarınızı heç vaxt tərk etməyin»
İsanın ağlamasından nə öyrənirik?
9 Siz qəm-qüssə içində olanlara dayaq ola bilərsiniz. İsa Marta və Məryəmlə birlikdə ağlamaqla yanaşı, onları dinləyib sakitləşdirmişdi. Biz də belə edə bilərik. Avstraliyada yaşayan Dan adlı ağsaqqal deyir: «Həyat yoldaşım vəfat edəndə dəstəyə ehtiyacım var idi. Bir neçə ər-arvad günün istənilən saatı məni dinləməyə hazır idilər. Onların yanında rahat ağlayıb, ürəyimi boşalda bilirdim, özlərini narahat hiss etmirdilər. Mən bəzi işləri görəcək vəziyyətdə olmayanda onlar mənə kömək edirdilər, məsələn, alış-veriş edirdilər, yemək bişirirdilər, maşınımı yuyurdular. Həmçinin tez-tez mənimlə bir yerdə dua edirdilər. Onlar “dar gün üçün doğulmuş” əsl dost və qardaş idilər» (Məs. 17:17).
Doğmamız Yehovanı tərk edəndə
16 Ailənin sadiq üzvlərinə dayaq olmağa davam edin. Onların sizin məhəbbətinizə, ruhlandırıcı sözlərinizə indi daha çox ehtiyacları var (İbr. 10:24, 25). Bəzən yığıncaqdan kənar edilmiş insanın ailə üzvləri özlərinə qarşı elə münasibət görür ki, sanki onlar da yığıncaqdan kənar ediliblər. Qoymayın onlar özlərini belə hiss etsin! Valideynləri həqiqətdən getmiş gənclərin tərifə və ruhlandırıcı sözlərə xüsusilə ehtiyacı var. Mariya bacının yoldaşı yığıncaqdan kənar edilmişdi və ailəsini atıb getmişdi. Bacı deyir: «Bəzi dostlarımız bizə gəlib, yemək bişirməyə, ailəvi ibadət keçirməyə kömək edirdilər. Onlar mənim dərdimi öz dərdləri bildilər, mənimlə ağladılar. Mənim haqda şayiələr danışılanda məni müdafiə edirdilər. Onlar məni sözün əsl mənasında dirçəltdilər!» (Rom. 12:13, 15).
w90-E 1/9 s. 22, abz. 20
Məsuliyyətlər almağa can atırsınız?
20 Ağsaqqallar şurası nəzərə almalıdır ki, ağsaqqal və ya yığıncaq xidmətçisinin təyinatından azad edilməsi və ya özünün könüllü surətdə təyinatından imtina etməsi həmin qardaşda stres yarada bilər. Əgər qardaş yığıncaqdan kənar edilməyibsə, ağsaqqallar onun depressiyada olduğunu görürsə, onda məhəbbətlə ona ruhani yardım göstərməlidirlər (1 Salonikililərə 5:14). Onlar qardaşa yığıncaqda dəyərli yerinin olduğunu görməyə kömək etməlidirlər. Ola bilsin, ona hətta məsləhət verilib. Bununla belə, həmin qardaş təvazökardırsa və məsləhəti minnətdarlıqla qəbul edirsə, onun yığıncaqdakı məsuliyyətlərini bərpa etmək üçün uzun müddət gözləməyə ehtiyac yoxdur.
Hikmət xəzinəsindən incilər
w94-E 1/10 s. 32
Xoş söz böyük gücə malikdir
Əyyubun özünün ruhlanmağa ehtiyacı olsa da, Əlifəz və dostları ona xoş, ruhlandırıcı sözlər demədilər. Başına gələnlərdə onu günahlandırdılar və gizli günah işlədiyinə eyham vurdular (Əyyub 4:8). Bir kitabda deyilir: «Əyyubun ehtiyacı olan tək şey şəfqət idi. Lakin bunun əvəzində o, “doğru” və tamamilə bəlağətli dini və əxlaqi mülahizələr eşidirdi» («The Interpreter’s Bible»). Əlifəz və dostlarının dedikləri Əyyubu o qədər üzmüşdü ki, o fəryad edərək demişdi: «Nə vaxtadək məni təngə gətirəcəksiniz, sözlərinizlə məni əzəcəksiniz?» (Əyyub 19:2).
Heç vaxt yol verməməliyik ki, düşünmədən və sərt danışıb dindaşımızın fəryad etməsinə səbəb olaq. (Qanunun təkrarı 24:15 ayəsi ilə müqayisə et.) Bir Müqəddəs Kitab ayəsində deyilir: «Ölüm və həyat dilin əlindədir, onu sevənlər bəhrəsini biçər» (Məsəllər 18:21).
27 NOYABR — 3 DEKABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 20, 21
«Salehlik var-dövlətlə ölçülmür»
Allah qarşısında zənginsənmi?
12 İsanın məsəlində Allah qarşısında zəngin olmaqla insanın özü üçün mal-mülk yığması qarşı-qarşıya qoyulur. İsa bununla deyirdi ki, həyatımızda ən vacib şey var-dövlət toplamaq və ya olanımızdan həzz almaq olmamalıdır. Əksinə, vəsaitlərimizdən elə istifadə etməliyik ki, Yehova ilə münasibətlərimizi yaxşılaşdıraq, başqa sözlə, möhkəmləndirək. Belə etməklə biz Allah qarşısında zəngin olacağıq. Çünki Allahımız üzərimizə xeyir-dualar yağdıracaq. Müqəddəs Kitabda deyilir: «Rəbbin xeyir-duası insana sərvət gətirər, daha ona qüssə verməz» (Süleymanın məsəlləri 10:22).
Hikmət xəzinəsindən incilər
w95-E 1/1 s. 9, abz. 19
Şeytan və onun işləri üzərində qələbə çal
19 Maraqlıdır ki, Allahın sadiq bəndəsi Əyyub Şeytanın Əlifəz və Söfər vasitəsilə təlqin etdiyi «narahat düşüncələr»lə mübarizə aparmalı olmuşdu (Əyyub 4:13—18; 20:2, 3). Nəticədə, bu fikirlər ona ağrı verirdi, düşüncəsinə təsir edən «dəhşətlər» ucbatından ağlına gələni danışırdı (Əyyub 6:2—4; 30:15, 16). Əlihu sakitcə Əyyubu dinlədi və məsələyə hikmət sahibi Yehovanın nəzəri ilə baxmağa səmimi şəkildə kömək etdi. Eynilə bu gün ağsaqqallar da çalışırlar ki, dərdi olanların qayğısına qalsınlar, onların dərdlərini daha da ağırlaşdırmasınlar. Əlihu kimi onlar da səbirlə dərdlilərə qulaq asır və sonra Allahın Kəlamı vasitəsilə sanki onların «başına yağ sürtüb» sakitləşdirirlər (Əyyub 33:1—3, 7; Yaqub 5:13—15). Beləliklə, istər olmuş, istərsə də xəyalında canlandırdığı hadisələrə görə qəlb ağrısı çəkən, yaxud Əyyub kimi «yuxularla,.. röyalarla vahiməyə» düşən insan yığıncaqda Müqəddəs Kitabdan təsəlli tapa bilər (Əyyub 7:14; Yaqub 4:7).
g-E 9/15 s. 6
Maddiyyata tarazlı münasibət
Pula tarazlı yanaşmaq istəyirsinizsə, özünüzü təhlil etməkdə fayda var. Məsələn, özünüzə aşağıdakı sualları verin:
◻ Tez bir zamanda varlanmaq vədi verən maliyyə piramidaları məni cəlb edir?
◻ Pul məsələsində səxavətli olmaq mənə çətin gəlir?
◻ Həmişə puldan və sahib olduqları şeylərdən danışan insanlarla dostluq etməyə meyilliyəm?
◻ Pul qazanmaq üçün yalana və ya kələyə əl atıram?
◻ Pul özümü önəmli biri kimi hiss etməyimə səbəb olur?
◻ Gecə-gündüz pul haqqında düşünürəm?
◻ Pula münasibətim sağlamlığıma və ailə həyatıma mənfi təsir edir?
Əgər bu suallardan hansısa birinə «bəli» cavabını verdinizsə, maddi düşüncələri və meyilləri rədd etməyə çalışın. Pula və mal-dövlətə çox önəm verən insanlarla dostluqdan çəkinin. Bunun əksinə, var-dövlətə deyil, yüksək əxlaqi dəyərlərə önəm verən insanlarla oturub-durun.
Pul sevdasının ürəyinizdə kök salmasına qətiyyən yol verməyin. Pul dostlarınızdan, ailənizdən, emosional və fiziki sağlamlığınızdan öndə gəlməməlidir. Belə etsəniz, pula tarazlı yanaşdığınızı göstərmiş olacaqsınız.
g-E 5/09 s. 12—13
Allah varlı olmağımızı istəyir?
BU ifadələr maddi sərvəti Tanrının razılığının ifadəsi kimi görən bəzi dini qrupların düşüncəsini əks etdirir. Onlar təbliğat aparırlar ki, əgər Allahın gözündə doğru olanı edirsinizsə, O sizə bu həyatın naz-nemətlərini əldə etmək imkanı verəcək, həm də gələcəkdə sizə bol nemətlər bəxş edəcək. Bu cür nəzəriyyə geniş yayılıb və onu təbliğ edən kitablar ən çox satılan kitablar siyahısındadır. Bəs bu «firavanlıq nəzəriyyəsi» Müqəddəs Kitaba uyğun gəlir?
Müqəddəs Kitabda «xoşbəxt Allah» adlanan Yaradanımız, sözsüz ki, bizim xoşbəxt, mənalı həyat sürməyimizi istəyir (1 Timutiyə 1:11; Zəbur 1:1—3). Üstəlik, O Onu razı salanlara nemətlər bəxş edir (Məsəllər 10:22). Bəs hal-hazırda həmin nemətlər sadəcə maddi firavanlığı özünə daxil edir? Allahın iradəsinə müvafiq olaraq hansı dövrdə yaşadığımızı başa düşəndə cavab aydın olur.
Varlanmaq vaxtıdır?
Qədimdə Yehova Allah bəzi xidmətçilərinə zənginlik, var-dövlət nəsib etmişdi. Məsələn, götürək qəbilə başçısı Əyyubu, Süleyman padşahı (1 Padşahlar 10:23; Əyyub 42:12). Bununla belə, Allahdan qorxan bir çox mömin insanlar, o cümlədən, vəftizçi Yəhya və İsa Məsih sadə həyat yaşamışdılar (Mark 1:6; Luka 9:58). Bundan nə qənaətə gəlirik? Müqəddəs Kitaba əsasən Allah Öz xidmətçiləri ilə həmin dövrdəki niyyətinə müvafiq şəkildə davranırdı (Vaiz 3:1). Eyni prinsipi bu gün özümüzə necə tətbiq edə bilərik?
Müqəddəs Kitabda peyğəmbərlik olunur ki, biz axırzamanın «son dərəcə çətin bir vaxt»ında yaşayırıq. Bu dövrün əlamətdar göstəriciləri bunlardır: müharibə, xəstəlik, qıtlıq, zəlzələ, iğtişaş. 1914-cü ildən bəri bu bəlalar misli görünməmiş dərəcədə bəşəriyyəti ağuşuna alıb (Mətta 24:3; 2 Timutiyə 3:1—5; Luka 21:10, 11; Vəhy 6:3—8). Bir sözlə, bu dünya batmaq üzrə olan gəmi kimidir! Bu faktlara əsaslansaq, Allah üçün önəmli olan hər bir xidmətçisinə maddi firavanlıq bəxş etməkdir, yoxsa Onun bizimlə bağlı daha önəmli planları var?
İsa Məsih bizim dövrü Nuhun günləri ilə müqayisə etmişdi. O demişdi: «Nuhun vaxtında necə idisə, insan Oğlunun hüzuru zamanı da elə olacaq. O vaxt, daşqından əvvəl, Nuh gəmiyə minənə qədər camaat yeyir, içir, evlənir, ərə gedirdi. Daşqın gəlib onların hamısını aparmayınca heç nəyə məhəl qoymurdular. İnsan Oğlunun hüzuru zamanı da belə olacaq» (Mətta 24:37—39). İsa həmçinin bizim dövrü Lutun günlərinə bənzətmişdi. Lutun çevrəsindəki insanlar, Sədum və Əmurənin sakinləri «yeyir-içir, alır-satır, əkir-tikirdilər. Amma Lut Sədumdan çıxdığı gün göydən atəş və kükürd yağıb hamını məhv etdi». İsa həmçinin əlavə etdi: «İnsan Oğlunun zühur edəcəyi gündə də belə olacaq» (Luka 17:28—30).
Sözsüz, yeyib-içməkdə, alıb-satmaqda, ailə qurmaqda pis heç nə yoxdur. Təhlükə bu şeylərə həddindən artıq aludə olub hansı dövrdə yaşadığını unutmaqdır. Ona görə də özünüzdən soruşun: «Məgər Allah bizə diqqətimizi yayındırıb bizi ruhani işlərdən soyudan nemətlər bəxş edər? Belə etsə idi, bizə yaxşılıq etmiş olardı?» Xeyr. Əksinə, O bizə böyük pislik etmiş olardı. Bu, məhəbbətli Allaha xas deyil! (1 Timutiyə 6:17; 1 Yəhya 4:8).
4—10 DEKABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 22—24
«İnsandan Allaha nə fayda?»
Yanlış düşüncə tərzinə müqavimət göstərin!
Allahın qəddar və fikrindən dönməz olduğunu düşünmək insanların Onun gözündə heç bir dəyərə malik olmaması fikrindən irəli gəlir. Üçüncü dəfə nitq söyləyən zaman Elifaz soruşur: «İnsan Allaha fayda verə bilərmi? Müdrik adam Ona fayda verərmi?» (Əyyub 22:2). Elifaz, insanın Allahın gözündə lazımsız olduğunu düşünürdü. Bildad da buna bənzər fikir söyləyir: «Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər?» (Əyyub 25:4). Belə sözlərlə onlar Əyyubun, adi bir insan olduğuna baxmayaraq, özünün Allahın qarşısında saleh olduğunu düşünməsini mühakimə edirdilər.
Bu gün bə’ziləri özlərini lazımsız və heç nəyə yaramayan hesab edərək mə’yusluğa qapılırlar. Ehtimal ki, buna səbəb onların aldıqları tərbiyə, həyatın gərginliyi, yaxud da milli-etnik nifrət hissləri olmuşdur. Ancaq Şeytan və onun cinləri insanın alçaldığını və ruhdan düşdüyünü görəndə həzz alırlar. Hər şeyə Qadir olan Allahı razı salmaq cəhdinin əbəs olduğuna insanı inandıra bildikdən sonra, onu büdrətmək asandır. Vaxt keçdikcə, həmin insanı ‘axın ayıra’, hətta ‘yaşayan Allahdan uzaqlaşadıra’ bilər (İbranilərə 2:1; 3:12).
Yaş və sağlamlıqla əlaqədar problemlər ortaya çıxdıqda insana elə gələ bilər ki, onların indi Allahın Padşahlığı naminə etdikləri gənc, sağlam və qüvvətli olduğu zaman etdikləri ilə müqayisədə dəyərsizdir. Allahın lütfünü qazanmaq üçün göstərdiyimiz sə’yin əbəs olduğuna bizi kimin inandırmaq istədiyini yadda saxlamaq vacibdir. Bunu edən Şeytan və onun cinləridir. Bu kimi fikirlərə müqavimət göstərməliyik.
ijwia məqalə 4, abz. 16
«Son nəfəsimədək sadiq qalacağam!»
Bu yanlış düşüncəli kişilər daha betər iş tutur. Onlar təkcə Əyyubun sədaqətini yox, ümumiyyətlə sədaqət məsələsini şübhə altına qoyur! Əlifəz sözünə başlayanda bir ruhla qarşılaşdığını söyləyir. Onun cinlə rastlaşmasından gəldiyi nəticə zəhərləyici təsirə malik idi: «Allah qulluqçularına etibar etmirsə, Öz mələklərində səhv tutursa», deməli, fani insan heç vaxt Allahı razı sala bilməz. Daha sonra Bildad insanın Allahın gözündə torpaq qurdundan fərqlənmədiyini, Əyyubun sədaqətinin Allah üçün önəmi olmadığını söyləyir (Əyyub 4:12—18; 15:15; 22:2, 3; 25:4—6)
Yehovanın ürəyini sevindirən gənclər
10 Müqəddəs Kitabda göstərildiyi kimi, Şeytan yalnız Eyubun deyil, səni də daxil etməklə, Allahın bütün xidmətçilərinin sədaqətini şübhə altına qoymuşdur. Şeytan ümumiyyətlə bütün insanları nəzərdə tutaraq, Yehovaya dedi: “İnsan [yalnız Eyub yox, hər bir kəs] canı üçün nəyi varsa verər” (Eyub 2:4). Bu həyati məsələdə sən öz rolunun nədən ibarət olduğunu görürsənmi? Süleymanın məsəlləri 27:11 ayəsinə əsasən Yehova sənin Ona nə isə verə biləcəyini söyləyir. Burada, Allahı pisləyən Şeytana cavab vermək üçün əsas nəzərdə tutulur. Yalnız düşün, Kainatın Hökmdarı səni bütün dövrlərin ən vacib məsələsinin həllində iştirak etməyə də’vət edir! Bu necə də böyük məs’uliyyət və şərəfdir! Yehovanın xahişini yerinə yetirə bilərsənmi? Eyub bunu yerinə yetirə bildi (Eyub 2:9, 10). Bunu İsa və həmçinin tarix boyu yaşamış saysız-hesabsız insanlar da, o cümlədən çoxlu gənclər də yerinə yetirə bilmişlər (Filipililərə 2:8; Vəhy 6:9). Buna sənin də gücün çatar. Heç zaman unutma ki, bu məsələdə sadəcə kənarda durub müşahidə etmək olmaz. Öz davranış tərzinlə sən ya Şeytanın yalanının, ya da Yehovanın cavabının tərəfdarı olduğunu göstərirsən. Sən nəyi seçəcəksən?
Yehova sənin qayğına qalır
11 Sənin edəcəyin seçim Yehova üçün əhəmiyyət kəsb edirmi? Məgər Şeytana cavab vermək üçün Allaha sədaqətlərini qorumuş insanlar kifayət deyilmi? Doğrudur, İblis iddia edirdi ki, heç bir insan Yehovaya məhəbbətdən xidmət etmir və bu iddianın yalan olduğu artıq sübut edilmişdir. Lakin buna baxmayaraq, Yehova hökmranlıq məsələsində Onun tərəfini tutmanı istəyir, çünki O, şəxsən sənin qayğına qalır. İsa demişdi: “Göylərdəki Atanızın elə bir muradı yoxdur ki, bu kiçiklərdən biri həlak olsun” (Matta 18:14).
12 Bəli, Yehova sənin seçəcəyin yola e’tinasız yanaşmır. Bundan əlavə, seçdiyin yolun Ona şəxsən aidiyyatı var. Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, insanların həm yaxşı, həm də pis hərəkətləri Yehovada güclü hisslərə səbəb olur. Məsələn, israillilər təkrar-təkrar Yehovaya qarşı üsyan etdikləri üçün Onu ‘incidirdilər’ (Məzmur 78:40, 41). Nuhun günlərində Tufandan əvvəl “insanların şər əməlləri” çoxalan zaman, Yehova “ürəyində kədərləndi” (Yaradılış 6:5, 6, MKŞ). Bu sözlərin mə’nasına var. Əgər sən pis yolu seçsən, öz Yaradanını kədərləndirə bilərsən. Bu heç də o demək deyil ki, Allah həddindən artıq həssas və tez tə’sirlənəndir. Əksinə O, səni sevir və sənin rifahın üçün qayğı göstərir. Sən düzgün davrandıqda isə Yehovanın ürəyini sevindirirsən. O, yalnız Şeytana cavab verə biləcəyi üçün deyil, həmçinin sənə mükafat verə biləcəyi üçün də sevinir. Və O, bunu çox istəyir (İbranilərə 11:6). Bəli, sənin Yehova Allah kimi sevən Atan var!
Hikmət xəzinəsindən incilər
brw040715 abz. 7, 8
Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun
Gəlin Yehova Allahın kainat yaratmasından danışaq. «Axşam oldu, səhər oldu» sözləri ilə Yehova hər növbəti yaradılış dövrünün sərhədlərini müəyyənləşdirirdi (Yaradılış 1:5, 8, 13, 19, 23, 31). Hər yaradılış dövrünün əvvəlində O aydın bilirdi ki, həmin dövr üçün qarşısına hansı məqsədi qoyub. Sonra isə həmin məqsədinə çatırdı, yəni niyyət etdiyi şeyləri yaradırdı (Vəhy 4:11). Əyyub Yehova Allah barədə demişdi: «Könlü nə istəsə, onu da edər» (Əyyub 23:13). Yəqin Yehova yaratdıqlarına baxıb, hər şeyin çox yaxşı olduğunu deyəndə böyük məmnunluq duymuşdu! (Yaradılış 1:31).
Məqsədlərimizin gerçəkləşməsi üçün bizdə də güclü istək olmalıdır. Bəs bu istəyi ürəyimizdə necə oyada bilərik? Yenə də Yehova Allahın nümunəsinə baxaq. Hətta yer kürəsi quruluşsuz, boş olanda da Yehova onun gələcəkdəki halını görürdü. Onun fəzada gözəl bir inci kimi parlayacağını, Ona şərəf gətirəcəyini düşünürdü. Biz də məqsədlərimizə çatmaq arzusunu alovlandırmaq üçün onların gətirəcəyi bəhrələr barədə düşünməliyik. 19 yaşlı Toni məhz belə davranmışdı. Bir dəfə o, Yehovanın Şahidlərinin qərbi Avropadakı filialını ziyarət etmişdi. Gördükləri onu çox gözəl təsir bağışlamışdı. O vaxtdan orada yaşamaq, xidmət etmək arzusu Tonini rahat buraxmırdı. Tonu bu arzudan əl çəkmədi və ona çatmaq üçün əlindən gələni etdi. Bir neçə ildən sonra onu filialda xidmət etməyə dəvət etdilər. Toninin sevinci yerə-göyə sığmırdı!
11—17 DEKABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 25—27
«Kamillik mükəmməllik demək deyil»
Kamilliyinizi qoruyun!
9 Bəs Əyyub peyğəmbər bu əzablar qarşısında necə davrandı? O, səhvsiz deyildi. Əyyub qəzəblənib saxta dostlarını məzəmmət elədi, sonradan peşman olacağı sözlər dedi. Üstəlik, Allahı yox, özünü haqlı çıxarmağa çalışdı (Əyy. 6:3; 13:4, 5; 32:2; 34:5). Bununla belə, o hətta həyatının ən çətin anlarında Allahdan üz döndərməyi ağlına da gətirmədi. Saxta dostlarının yalanlarına inanmadı. O dedi: «Əsla sizə haqq qazandırmaram! Mən son nəfəsimədək sadiq qalacağam!» (Əyy. 27:5). Əyyubun bu sözlərindən görmək olar ki, o, kamil qalmağa qətiyyətli idi. O, təslim olmadı. Bu bizdə də alınar.
10 Şeytanın Əyyubla bağlı qaldırdığı ittihamlar hamımıza aiddir. Hansı mənada? Mahiyyət etibarilə Şeytan deyir ki, əslində siz Allahı sevmirsiniz, həyatınızı qorumaqdan ötrü Allaha ibadət etməyə son qoyarsınız və kamilliyinizi sonadək qorumayacaqsınız (Əyy. 2:4, 5; Vəhy 12:10). Yəqin ki, bu ittihamları eşitmək sizə qəlb ağrısı verir. Amma gəlin düşünək: Yehova sizə o qədər etibar edir ki, Şeytana sizi sınağa çəkməyə izin verir. Bununla qarşınızda möhtəşəm bir imkan açır: siz kamilliyinizi qoruyaraq Şeytanın yalançı olduğunu sübut edə bilərsiniz. Yehova sizin sadiq qala biləcəyinizə əmindir. Üstəlik, O, bu sahədə sizə kömək edəcəyinə söz verir (İbr. 13:6). Kainatın Hökmdarının bizə etibar etdiyini bilmək necə də gözəl hissdir! Kamil olmağın nə qədər vacib olduğunu yəqin indi daha yaxşı başa düşürsünüz. Çünki bunun sayəsində biz Şeytanın yalanlarını təkzib edirik, Yehovanın adını ucaldırıq və Onun hakimiyyətini dəstəkləyirik. Bəs kamilliyimizi necə qoruya bilərik?
Kamilliyinizi qoruyun!
3 Yehovanın xidmətçiləri üçün kamil olmaq Yehovanı bütün ürəklə sevmək, Ona sarsılmaz sədaqət göstərmək mənasını verir. Belə insan verdiyi bütün qərarlarda ilk növbədə Yehovanın istəyini nəzərə alır. Gəlin Müqəddəs Kitabda bu sözün necə işləndiyinə diqqət yetirək. Orada «kamil» sözü tam, qüsursuz, yaxud bütöv mənalarında işlənir. Misal üçün, israillilərin Yehovaya qurban gətirdikləri heyvanlar Qanuna əsasən, sağlam, qüsursuz olmalı idi (Lav. 22:21, 22). Allahın xalqı ayağı, qulağı, gözü olmayan, yaxud xəstə heyvanı qurban gətirə bilməzdi. Yehova üçün gətirilən qurbanın tam, qüsursuz və bütöv olması vacib idi (Məl. 1:6—9). Bu, təəccüblü deyil. Elə biz özümüz də çürük mer-meyvə, cırıq dəftər-kitab, yaxud bəzi hissələri olmayan əşyanı almaq istəmərik. Əksinə istəyirik ki, aldığımız şey qüsursuz, bütöv olsun. Yehova da istəyir ki, bizim Ona bəslədiyimiz məhəbbət və sədaqət tam, qüsursuz və bütöv olsun.
4 Bəs kamil olmaq o deməkdirmi ki, günahsız olmalıyıq? Ola bilsin, günahlı olduğumuz və çoxlu səhvlərə yol verdiyimiz üçün düşünürük ki, kamil olmaq mümkün deyil. Ancaq Allah bu gün bizdən mütləq, yəni tam mənada kamillik gözləmir. Bunu haradan bilirik? Gəlin iki səbəbə nəzər salaq. Birincisi, Yehova diqqətini bizim nöqsanlarımıza cəmləmir. Onun Kəlamında deyilir: «Ey Yah, ancaq səhvlərimizi görsəydin, kim dayana bilərdi, ey Yehova?» (Zəb. 130:3). Yehova bizim günahlı olduğumuzu bilir və bizi səxavətlə bağışlayır (Zəb. 86:5). İkincisi, Yehova məhdudiyyətlərimizdən agahdır və bacarığımızdan artığını tələb etmir. (Zəbur 103:12—14 ayələrini oxuyun.) Bəs biz Yehovanın gözündə hansı mənada tam, qüsursuz və bütöv ola bilərik?
5 Yehovanın xidmətçiləri üçün kamilliyə aparan yol məhəbbətdən keçir. Allaha məhəbbətimiz, sədaqətimiz tam, qüsursuz və bütöv olmalıdır. Əgər məhəbbətimiz sınaqlar zamanı belə, bu cür qalırsa, bu bizim kamilliyimizdən xəbər verir (1 Saln. 28:9; Mət. 22:37). Yuxarıda bəhs etdiyimiz üç dindaşımızı bir də xatırlayaq. Onlar nə üçün belə davranmışdılar? Məgər gənc bacımız məktəbdə əylənməyi sevmir? Yaxud ev-ev təbliğ edən qardaşımızın ələ salınmaqdan xoşu gəlir? Bəlkə, ailə başçısı olan qardaşımız işini itirmək istəyir? Əlbəttə, yox. Onlar Yehovanın salehlik normalarından agahdır və diqqətlərini Onu razı salmağa cəmləyiblər. Yehovaya məhəbbət bu bacı-qardaşları təşviq edir ki, qərar verərkən hər zaman Onun fikrini nəzərə alsınlar. Bununla da onlar kamillik yolu ilə getdiklərini əməldə göstərirlər.
Hikmət xəzinəsindən incilər
Allahın Kəlamına uyğun təşkil olunmuş xalq
3 Xilqət Yehovanın nizam-intizamı sevdiyini, hər şeyi mükəmməl şəkildə təşkil etdiyini sübut edir. Müqəddəs Kitabda deyilir: «Yehova yerin təməlini hikmətlə qurub, göyləri zəkası ilə bərqərar edib» (Məs. 3:19). Hazırda Allah haqqında bildiyimiz şeylər «Onun işlərinin bir zərrəsidir, Onun haqqında eşitdiyimiz zəif bir pıçıltıdır» (Əyy. 26:14). Planetlər, ulduzlar, qalaktikalar haqqında məlumatımız çox az olsa da, bu biliklərin sayəsində Allahın bu göy cisimlərini heyrətamiz şəkildə təşkil etdiyini görürük (Zəb. 8:3, 4). Qalaktikalar milyonlarla ulduzlardan ibarətdir və bu ulduzların hər biri fəzada nizamla hərəkət edir. Günəş sistemindəki planetlərin hərəkətinə fikir verəndə insan heyran qalır. Onlar günəş ətrafında elə qayda-qanunla dövr edirlər ki, sanki, kimsə onlar üçün yol hərəkəti qaydaları təsis edib. Sözsüz ki, Kainatdakı bu nizam-intizam göyləri və yeri hikmətlə yaradan Yehova Allahın həmd-sənaya, sədaqətə və ibadətə layiq olduğunu sübut edir (Zəb. 136:1, 5—9).
18—24 DEKABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 28, 29
Əyyub kimi yaxşı ad qazanmısınız?
Əyyub peyğəmbərin həyatı
Uz diyarında Yehovanın mömin bir bəndəsi yaşayır. Onun adı Əyyubdur. Əyyub çox varlıdır. Onun böyük ailəsi var. O, xeyirxah insandır. Kasıblara, dul qadınlara və yetim uşaqlara əl tutur. Bəs mömin həyat sürən Əyyubun heç bir problemi yoxdur?
it-1-E s. 655, abz. 10
Geyim
Müqəddəs Kitabda geyim bir çox simvolik mənalar kəsb edir. Necə ki uniforma və ya xüsusi geyim insanın hər hansı bir təşkilata mənsubiyyətini, yaxud hansısa hərəkatı dəstəklədiyini göstərir, eləcə də Müqəddəs Kitabda geyim simvolik olaraq, insanın şəxsiyyətini, tutduğu mövqe və ona uyğun olaraq icra etdiyi fəaliyyətləri göstərir. Məsələn, İsanın toy libası ilə bağlı məsəlində olduğu kimi (Mt 22:11, 12). Vəhy 16:14, 15 ayələrində Ağamız İsa Məsih xəbərdarlıq edir ki, məsihi ruhani yuxuya qərq ola və onu Allahın sadiq xidmətçisi kimi qələmə verən paltarından məhrum ola bilər. Bu isə «Qadir Allahın böyük günündə olacaq müharibə»də onun üçün faciə ilə nəticələnə bilər.
w09-E 1/2 s. 15, abz. 3, 4
Adın arxasında duran məna
Dünyaya gələndə özümüzə ad seçmək ixtiyarımız olmur. Ancaq necə insan olacağımız bizdən asılıdır (Məsəllər 20:11). Yaxşı olardı ki, özümüzdən soruşaq: «İsa və həvariləri mənə ad versəydilər, hansı adı qoyardılar? Hansı ad mənim əsas xüsusiyyətimi və qazandığım reputasiyanı ifadə edərdi?»
Bu sual üzərində ciddi düşünmək lazımdır. Nə üçün? Süleyman padşah demişdi: «Təmiz ad böyük sərvətdən üstündür» (Məsəllər 22:1). Həqiqətən də, cəmiyyətdə qazandığımız yaxşı, təmiz ad əsl sərvətdir. Ən vacibi isə Allah qarşısında yaxşı ada sahib olmaqdır. Bu, əbədi sərvətə bərabərdir. Hansı mənada? Allah vəd edir ki, Ondan qorxanların adını «xatirə kitabı»na yazacaq və onlara əbədi yaşamaq ümidi bəxş edəcək (Məlaki 3:16; Vəhy 3:5; 20:12—15).
Hikmət xəzinəsindən incilər
g00-E 8/7 s. 11, abz. 3
Təbəssüm cana faydalıdır
Təbəssüm nəyi isə dəyişə bilər? Heç elə olub ki, kiminsə təbəssümü sizə rahatlıq bəxş edib, özünüzü rahat hiss etməyinizə səbəb olub? Yaxud kiminsə qaşqabaqlı olmasına görə gərginlik keçirmisiniz, narahat olmusunuz? Təbəssüm, həqiqətən də, böyük təsirə malikdir. İstər kiməsə gülümsəyəndə, istərsə də kimsə sizə gülümsəyəndə bu hər iki tərəfə xoş təsir bağışlayır. Müqəddəs Kitabda adı çəkilən Əyyub «məsləhətçilərinə» belə demişdi: «Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar, üzümün nuru onlara arxayınlıq verərdi» (Əyyub 29:24). Əyyubun üzünün nuru onun mehriban və şən insan olduğundan xəbər verirdi.
25—31 DEKABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 30, 31
«Əyyub əxlaqi cəhətdən necə təmiz qaldı?»
Gözlərinizi fani şeylərdən çəkin!
8 Həqiqi məsihçilər gözlərin ehtirasına və cismani arzulara qarşı sığortalanmayıb. Buna görə də Allahın Kəlamı bizi gözlərimizə, eləcə də arzu və istəklərimizə nəzarət etməyə təşviq edir. (1 Kor. 9:25, 27; 1 Yəhya 2:15—17 ayələrini oxu.) Saleh Əyyub da başa düşürdü ki, gözlərin gördüyü ilə arzular arasında birbaşa əlaqə var. O demişdi: «Gözlərim üçün əhd etmişəm, gözüm bir qıza baxarmı?» (Əyy. 31:1). Əyyub nəinki qadına toxunmaqdan imtina edirdi, hətta beynində şəhvani fikirlərin yaranmasına belə yol vermirdi. İsa beyinin əxlaqsız fikirlərdən təmiz olmasının vacibliyini «bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur» deməklə vurğuladı (Mat. 5:28).
«Aqibətinizi» düşünün
Belə yola qədəm qoymazdan əvvəl özünüzdən soruşun: «Bu yol məni hara aparır?» Bir anlıq ayaq saxlayıb onun ‘aqibəti’ üzərində düşünmək insanı uçuruma aparan yoldan saxlamaq üçün kifayət edə bilər. QİÇS və cinsi yolla ötürülən başqa xəstəliklər, arzuolunmaz hamiləlik, abort, korlanan münasibətlər, vicdan əzabı belə xəbərdarlıqlara məhəl qoymayanların yolunu korlayır. Həvari Pavel əxlaqsızlıq edənlərin yolunun sonunu açıq-aydın göstərmişdir: onlar «Allahın Səltənətini miras almayacaqlar» (1 Korinflilərə 6:9, 10).
Ey gənclər, Allahın Kəlamını əldə rəhbər tutun!
15 Necə fikirləşirsən, Allaha sədaqətimiz ən çox nə vaxt sınağa çəkilir — yanımızda kimsə olanda, yoxsa tək olanda? Məktəbdə və ya işdə olarkən Yehova ilə münasibətlərimizə xətər dəyməsin deyə daha ehtiyatlı oluruq. Tək olanda isə özümüzü bir qədər sərbəst hiss etdiyimizdən əxlaqi cəhətdən ehtiyatı asanlıqla əldən verə bilərik.
16 Yadda saxla: sən Yehovanı ya kədərləndirə, ya da sevindirə bilərsən (Yar. 6:5, 6; Sül. məs. 27:11). Yehova bizim ‘qeydimizə’ qaldığı üçün hərəkətlərimiz ona təsir edir (1 Pet. 5:7). O istəyir ki, biz Ona qulaq asıb firavan yaşayaq (Yeşaya 48:17, 18). Qədim İsraildə Yehovanın bəzi xidmətçiləri Onun verdiyi məsləhətləri rədd edəndə O kədərlənirdi (Məz. 78:40, 41). Digər tərəfdən, Yehova Daniel peyğəmbəri çox sevdiyi üçün mələk onu ‘Allahın sevimlisi’ adlandırmışdı (Dan. 10:11). Nəyə görə? Daniel nəinki camaat qarşısında, təklikdə olanda da Allaha sadiqliyini qoruyurdu. (Daniel 6:10 ayəsini oxu.)
Hikmət xəzinəsindən incilər
Məhəbbət ruhən möhkəmləndirir
13 Yaxşı dinləyici olun (Yaq. 1:19). Qarşı tərəfi canıyananlıqla dinləmək məhəbbətin təcəssümüdür. İnsanın keçirdiyi hissləri başa düşmək üçün nəzakətlə suallar vermək olar. Onda dindaşınız onun dərdinə şərik olduğunuzu görəcək. Qoy bu həmçinin sizin simanızdan görünsün. Ola bilsin, kimsə danışarkən ən xırda detallarına qədər izah edir. Bu zaman səbirli olun və insanın sözünü kəsməməyə çalışın. Diqqətlə qulaq asaraq onun hansı hissləri keçirdiyini daha yaxşı anlaya biləcəksiniz. Onda dindaşınızın etibarını qazanacaqsınız və çox güman ki, o, dediklərinizə qulaq asacaq. Hisslərinə biganə olmadığınızı görmək ona sözün əsl mənasında təsəlli verə bilər.