-
Rəvan nitqTeokratik Xidmət Məktəbində təlim alırıq
-
-
DƏRS 4
Rəvan nitq
UCADAN oxuyarkən müəyyən ifadələrdə dilin dolaşırmı? Yaxud auditoriya qarşısında çıxış edərkən adətən düzgün sözləri tapmağa çətinlik çəkirsənmi? Əgər belədirsə, deməli, nitqində rəvanlıq çatışmır. Rəvan danışan və oxuyan adam sözləri və fikirləri asanlıqla, bir-birinin ardınca səlis deyir. Bu, onun dayanmadan, çox tez, yaxud düşünmədən danışdığını bildirmir. Onun nitqi xoşagələn olur və gözəl səslənir. Teokratik Xidmət Məktəbində nitqin rəvanlığına xüsusi diqqət yetirilir.
Nitqdə rəvanlığın çatışmamasına müxtəlif amillər səbəb ola bilər. Aşağıda sadalanan səbəblərdən hər hansı birinə xüsusi diqqət yetirməyinə ehtiyac varmı? 1) Başqaları üçün oxuyarkən tanış olmayan sözlər adamı duruxdura bilər. 2) Çox yerdə qısa fasilələr edəndə nitq qırıq-qırıq səslənir. 3) Yaxşı hazırlaşmamaq çətinlik yarada bilər. 4) Dinləyicilər qarşısında çıxış edərkən adətən rəvanlığın olmamasına səbəb materialı məntiqi ardıcıllıqla qruplaşdırmamaqdır. 5) Söz ehtiyatının məhdud olması natiqin düzgün sözlər tapmaq üçün dayanmasına səbəb olur. 6) Həddindən artıq çox sözü vurğulayanda rəvanlıq itir. 7) Qrammatikanı yaxşı bilməmək çətinlik yaradır.
Düzdür, nitqin rəvan olmayanda dinləyicilər Padşahlıq Zalını tərk etməyəcəklər, ancaq onların fikri başqa yerdə olacaq. Nəticədə, dediklərinin çoxunu sanki havaya demiş olacaqsan.
Digər tərəfdən, diqqət yetirmək lazımdır ki, təsirli və rəvan nitq hökmlü olmasın və dinləyiciləri pərt etməsin. Mədəniyyətlərin müxtəlifliyindən irəli gələrək, dinləyicilər nitqini nəzakətsiz və qeyri-səmimi hesab etsələr, istədiyin məqsədə nail ola bilməyəcəksən. Diqqətəlayiqdir ki, təcrübəli natiq olmasına baxmayaraq, həvari Pavel özünə lazımsız yerə diqqəti cəlb etməmək üçün korinflilərə «zəiflik, qorxu və böyük lərzə içində» müraciət etmişdi (1 Kor. 2:3).
Qaçınmalı olduğumuz vərdişlər. Bir çoxları danışanda «hm...» kimi səslər çıxarmağa vərdiş ediblər. Bəziləri yeni fikrə keçərkən tez-tez «deməli», «yəni», yaxud yeri gəldi-gəlmədi «məsələn», «şey», «məhz» kimi sözlər işlədirlər. Bu cür ifadələri nə qədər tez-tez işlətdiyindən, ola bilsin ki, heç özünün də xəbərin yoxdur. Kimdənsə xahiş edə bilərsən ki, sənə qulaq assın və hər dəfə belə ifadələri işlədəndə təkrar etsin. Nəticə səni təəccübləndirə bilər.
Bəziləri oxuyanda və danışanda eyni şeyi dəfələrlə təkrar edirlər. Onlar cümləni yarıda kəsir və əvvəl söylədiklərinin ən azı bir qismini yenidən deyirlər.
Başqaları isə kifayət qədər sürətlə danışırlar, ancaq onlar bir fikri başlayır, cümləni tamamlamamış başqa fikrə keçirlər. Sözlər sərbəst deyilsə də, fikirlərin gözlənilmədən dəyişilməsi rəvanlığı pozur.
Nitqi rəvan etməyin üsulları. Əgər lazımi sözləri tapmaqda tez-tez çətinlik çəkirsənsə, söz ehtiyatını artırmaq üçün cidd-cəhdlə çalış. «Gözətçi Qülləsi» jurnalını və başqa nəşrləri oxuyanda rastına çıxan yeni sözlərə xüsusilə diqqət yetir. Lüğətdə həmin sözlərin mənasına bax və söz ehtiyatını artırmaq üçün bəzilərini əzbərlə. Əgər lüğətin yoxdursa, dili yaxşı biləndən kömək istə.
Müntəzəm olaraq ucadan oxumaq nitqi rəvan etməyə kömək edəcək. Çətin sözləri qeyd et və bir neçə dəfə ucadan söylə.
Rəvan oxumaq üçün sözlərin cümlədə bir-birilə necə bağlı olduğunu başa düşmək vacibdir. Müəllifin çatdırmaq istədiyi fikri ifadə etmək üçün adətən sözləri qrup şəklində oxumaq lazımdır. Belə söz qruplarına xüsusi diqqət yetir. Ehtiyac varsa, onları nişanla. Sənin məqsədin yalnız sözləri düzgün oxumaq yox, həmçinin fikirləri aydın şəkildə çatdırmaqdır. Bütün abzası öyrənənə kimi cümlələri bir-bir təhlil et. Fikrin gedişatını tut. Sonra ucadan oxumağı məşq et. Çaşmayana və lazım olmayan yerlərdə fasilə etməyənə qədər abzası dönə-dönə oxu. Sonra digər abzasa keç.
Növbəti addım tempi artırmaqdır. Əgər sözlərin cümlədə bir-biri ilə necə bağlı olduğunu başa düşsən, bir dəfəyə təkcə bir sözü görməyəcək, ondan sonra hansı sözün gəldiyini də təxmin edəcəksən. Bunun yaxşı oxumağına böyük köməyi dəyəcək.
Müntəzəm olaraq hazırlıqsız oxumaq yaxşı üsuldur. Məsələn, gündəlik ayəni və şərhi qabaqcadan hazırlaşmadan ucadan oxu; bunu mütəmadi olaraq et. Bir dəfəyə bir sözü deyil, bitmiş fikri ifadə edən söz qrupunu görməyə adət et.
Söhbət zamanı rəvan danışmaq üçün sözə başlamazdan əvvəl fikirləşmək lazımdır. Gündəlik söhbətlərində buna vərdiş et. Hansı fikirləri çatdırmaq istədiyini və onları hansı ardıcıllıqla ifadə edəcəyini fikirləş, sonra söhbətə başla. Tələsmə. Bitmiş fikri dayanmadan və ya yarıda kəsib başqasına keçmədən ifadə etməyə çalış. Qısa, sadə cümlələr işlətməyin sənə köməyi dəyə bilər.
Nə demək istədiyini dəqiq biləndə sözlər adətən adamın ağlına öz-özünə gəlir. Adətən, demək istədiyin sözləri seçmək lazım gəlmir. Ancaq məşq edərkən yaxşı olar ki, əvvəlcə deyəcəyin fikri beynində hazırlayasan, sözlər haqda isə danışanda düşünəsən. Belə etsən, eyni zamanda sözlər yox, fikir haqda düşünsən, sözlər öz-özünə gələcək və ürəkdən danışacaqsan. Ancaq fikirləri yox, sözləri fikirləşməyə başlayan kimi hıqqanacaqsan. Məşq etməyin sayəsində ifadəli danışmaq və oxumaqda vacib amil olan rəvanlığa yiyələnəcəksən.
Musaya Yehovanı İsrail xalqı və Misir fironunun qarşısında təmsil etmək tapşırılanda o, özünü bu iş üçün yararsız hesab etmişdi. Nə üçün? O, rəvan danışa bilmirdi; ola bilsin, onun nitqində qüsur var idi (Çıx. 4:10; 6:12). Musa bəhanələr gətirsə də, Allah heç birini qəbul etmədi. Yehova Harunu natiq kimi onunla göndərdi, lakin Özü də Musaya danışmağa kömək etdi. Musa dəfələrlə təkcə ayrı-ayrı adamlar və kiçik qrup yox, həm də bütün xalq qarşısında təsirli nitqlə çıxış etmişdi (Qanun. t. 1:1-3; 5:1; 29:2; 31:1, 2, 30; 33:1). Həm Yehovaya güvənir, həm də əlindən gələni edirsənsə, sən də nitqinlə Allahı izzətləndirə biləcəksən.
-
-
Düzgün fasiləTeokratik Xidmət Məktəbində təlim alırıq
-
-
DƏRS 5
Düzgün fasilə
NİTQDƏ lazımi yerdə fasilələr etmək vacibdir. Bu, həm məruzəyə, həm də adi söhbətlərə aiddir. Fasilələr edilməsə, fikir aydın başa düşülməyəcək, əksinə, nitq söz axınına bənzəyəcək. Düzgün fasilələr nitqin aydın olmasına kömək edir. Ondan, həmçinin elə istifadə etmək olar ki, əsas məqamlar uzun müddət yadda qalsın.
Nə zaman fasilə edəcəyini necə müəyyən edə bilərsən? Fasilələrin uzunluğu nə qədər olmalıdır?
Durğu işarələrinə görə fasilələr. Durğu işarələri yazılı dilin vacib tərkib hissəsidir. Bu işarələr fikrin və ya sualın bitdiyini bildirir. Bəzi dillərdə onlardan sitatları göstərmək üçün istifadə edirlər. Bəzi durğu işarələri cümlənin bir üzvü ilə digərinin əlaqəsini göstərir. Adam özü-özünə oxuyanda durğu işarələrini görür. Ancaq başqaları üçün oxuyanda yazılı materialdakı durğu işarələri onun intonasiyasında əks olunmalıdır. (Ətraflı məlumat üçün «Düzgün oxumaq» adlı 1-ci dərsə bax.) Durğu işarələrinin tələb etdiyi yerdə fasilə etmədikdə, oxuduğun çətin başa düşülər və hətta mətnin mənası təhrif oluna bilər.
Durğu işarələrindən başqa, cümlədə fikrin ifadə olunma tərzi də harada fasilə edəcəyini müəyyən edir. Bir dəfə tanınmış musiqiçi demişdi: «Mən bir çox başqa pianoçulardan heç də yaxşı çalmıram. Ancaq notlar arasındakı fasilələr ki var, bax əsil sənət burada başlayır». Eyni şeyi danışmağa da aid etmək olar. Lazım gələn yerdə edilən fasilələr yaxşı hazırladığın nitqə gözəllik və məna qatacaq.
Üzündən oxuyacağın çap olunmuş materialda işarələr qoymaq auditoriya qarşısında oxumağa hazırlaşarkən sənə kömək edə bilər. Qısa fasilə tələb olunan yerdə kiçik şaquli xətt, nisbətən uzun fasilə tələb olunan yerdə isə bir-birinə yaxın iki şaquli xətt çək. Əgər bəzi ifadələri düzgün oxumaqda çətinlik çəkirsənsə və hər dəfə lazım olmayan yerdə fasilə edirsənsə, çətin ifadəni təşkil edən sözləri karandaşla bir-birinə bitişdir. Sonra ifadəni əvvəldən axıra kimi oxu. Bir çox təcrübəli natiqlər belə edirlər.
Adətən adi danışıqda fasilələr etmək çətin olmur, çünki adam çatdırmaq istədiyi fikri yaxşı bilir. Ancaq yeri gəldi-gəlmədi eyni intervalla fasilə etmək vərdişin varsa, nitqin zəif və anlaşılmaz olacaq. Bununla bağlı məsləhətlər «Rəvan nitq» adlı 4-cü dərsdə verilir.
Yeni fikrə keçmək üçün edilən fasilə. Bir əsas fikirdən digərinə keçərkən fasilə etsən, dinləyicilərin düşünməyə, yeni fikri gözləməyə, fikrin gedişatının dəyişdiyini anlamağa və növbəti fikri daha aydın başa düşməyə imkanı olacaq. Bir fikirdən digərinə keçərkən fasilə etmək, bir küçədən digərinə dönəndə sürəti yavaşıtmaq qədər vacibdir.
Bəzi natiqlərin fasilə etmədən bir fikirdən digərinə keçmələrinin səbəblərindən biri onların həddən artıq çox materialı əhatə etməyə çalışmalarıdır. Bəzilərinin adi danışıq tərzi belədir. Ola bilsin, onları əhatə edən insanlar bu cür danışır. Ancaq bununla yaxşı öyrətməyə nail olmaq qeyri-mümkündür. Əgər dinləyicilərin eşitmələrini və yadda saxlamalarını istədiyin vacib bir fikri söyləmək istəyirsənsə, onu aydın nəzərə çarpdırmaq üçün kifayət qədər vaxt ayır. Unutma ki, fikri aydın çatdırmaq üçün fasilələr son dərəcə vacibdir.
Əgər plana əsaslanaraq çıxış etməyə hazırlaşırsansa, materialı elə qruplaşdırmaq lazımdır ki, əsas bəndlər arasındakı fasilə aydın görünsün. Əgər hazır mətni üzündən oxuyacaqsansa, əsas bəndlər arasındakı keçidi işarələ.
Fikirlər dəyişərkən edilən fasilələr adətən durğu işarələrinə görə edilən fasilələrdən uzun olur. Ancaq bu fasilələr nitqi cansıxıcı edəcək qədər uzun olmamalıdır. Əgər fasilələr həddən artıq uzun olsa, elə təəssürat oyanacaq ki, pis hazırlaşmısan və nə deyəcəyini fikirləşirsən.
Vurğulamaq üçün edilən fasilə. Vurğulamaq üçün edilən fasilə çox vaxt dinləyicilərin diqqətini cəlb edir və coşğunluqla səsləndirilən sual və ya nəqli cümlədən sonra, yaxud əvvəl gəlir. Belə fasilə dinləyicilərə deyilən sözlər üzərində düşünməyə imkan verəcək, ya da onlarda növbəti fikrə maraq oyadacaq. Bunlar fərqli şeylər olduğundan, onlardan hansına nail olmaq istədiyini müəyyən et. Lakin yadda saxla ki, bu fasilələrdən sözün əsil mənasında əhəmiyyət kəsb edən ifadələri vurğulamaq üçün istifadə etmək lazımdır. Əks təqdirdə həmin ifadələrin dəyəri itəcək.
İsa Nazaret şəhərindəki sinaqoqda Müqəddəs Yazıları ucadan oxuyanda fasilələrdən məharətlə istifadə etmişdi. Əvvəlcə o aldığı tapşırıq haqqında Yeşaya peyğəmbərin tumarından oxudu. Lakin onu izah etməzdən öncə, tumarı bükdü və xidmətçiyə qaytarıb oturdu. Sonra sinaqoqda olanların hamısının gözü onda ikən dedi: «Eşitdiyiniz bu ayələr bu gün yerinə yetdi» (Luka 4:16-21).
Şəraitin tələb etdiyi fasilələr. Hərdən şəraitdən irəli gələrək sözümüzə ara verməli oluruq. Yoldan nəqliyyat keçəndə, yaxud uşaq ağlayanda xidmətdə rastlaşdığın adamla söhbəti dayandırmaq məcburiyyətində qala bilərsən. Çıxış edərkən elə də çox səs-küy olmasa, çıxışı davam etdirmək olar. Ancaq səs-küy güclü olsa və uzun çəksə, fasilə etmək lazım gələcək, çünki dinləyicilər onsuz da qulaq asmayacaq. Buna görə də söyləmək istədiyin dəyərli fikirlərdən dinləyicilərinin tam fayda əldə etməsi üçün fasilələrdən düzgün istifadə et.
Cavab verməyə imkan verən fasilələr. Ola bilər, çıxışın zamanı dinləyicilərin iştirakı nəzərdə tutulmayıb, ancaq onlara sualı ürəklərində cavablandırmağa imkan vermək vacibdir. Əgər dinləyiciləri düşündürən sual qaldırır, amma kifayət qədər fasilə etmirsənsə, həmin sualların dəyəri itəcək.
Sözsüz ki, fasilə etmək təkcə səhnədən çıxış edərkən yox, həmçinin şahidlik edərkən də vacibdir. Bəziləri sanki birnəfəsə danışırlar. Əgər sən də belə danışırsansa, fasilə etməyi öyrənmək üçün cidd-cəhdlə çalış. Bu, sənə başqaları ilə yaxşı ünsiyyət qurmağa kömək etməklə yanaşı, təbliğ xidmətinin də keyfiyyətini artıracaq. Fasilə bir anlıq sükutdur və haqlı olaraq deyilmişdir ki, o, fikri nəzərə çarpdırır, vurğulayır, diqqəti cəlb edir və qulağa dinclik verir.
Gündəlik söhbətlər adətən qarşılıqlı fikir mübadiləsi şəklində olur. İnsanları dinləyib dediklərinə maraq göstərsən, onlar da sənə daha həvəslə qulaq asacaqlar. Buna görə də onlara fikirlərini ifadə etməyə imkan vermək üçün kifayət qədər fasilə etmək lazımdır.
Xidmətdə söhbət şəklində edilən şahidlik daha effektiv alınır. Bir çox Şahidlər fikir vermişlər ki, salamlaşdıqdan sonra danışmaq istədikləri mövzunu bildirib sual vermək daha səmərəli olur. Onlar həmsöhbətlərinin cavab vermələri üçün fasilə edir, sonra onun dediklərini nəzərə alırlar. Müzakirə zamanı həmsöhbətlərinə öz fikrini bildirməyə dəfələrlə imkan yaradırlar. Onlar bilirlər ki, müzakirə olunan məsələyə dair insanın fikrini bilsələr, ona kömək etmək daha asan olacaq (Sül. məs. 20:5).
Əlbəttə, verdiyin suallar heç də hamı tərəfindən müsbət qarşılanmayacaq. İsa da belə vəziyyətlə qarşılaşmışdı, ancaq bu, ona mane olmamışdı ki, hətta təqibçilərinin də danışması üçün kifayət qədər fasilə etsin (Mark 3:1-5). Danışmağa imkan vermək insanı düşünməyə təşviq edir, bunun da nəticəsində onun ürəyindəkilər aşkara çıxa bilər. Xidmətdə nail olmaq istədiyimiz məqsədlərdən biri insanları Allahın Kəlamındakı vacib məsələlərə ürəkdən hay verməyə təşviq etməkdir. Çünki bu məsələlərlə bağlı hər kəs öz qərarını verməlidir (İbr. 4:12).
Xidmətdə fasilələrdən düzgün istifadə etmək əsil ustalıqdır. Fasilələrdən yaxşı istifadə edəndə fikirlər daha aydın çatdırılır və adətən uzun müddət yadda qalır.
-
-
Düzgün məntiqi vurğuTeokratik Xidmət Məktəbində təlim alırıq
-
-
DƏRS 6
Düzgün məntiqi vurğu
DANIŞANDA və ya ucadan oxuyanda ayrı-ayrı sözləri düzgün deməklə yanaşı, həmçinin fikirləri aydın şəkildə çatdırmaq üçün əsas sözləri və ifadələri vurğulamaq da vacibdir.
Düzgün məntiqi vurğu sadəcə bəzi sözləri vurğu ilə demək mənasını daşımır. Lazımi sözlər vurğulanmalıdır. Lazım olmayan sözlər vurğu ilə deyiləndə söylədiklərin dinləyicilər üçün anlaşılmaz olacaq və onların fikri yayınacaq. Material maraqlı olsa belə, məntiqi vurğu düzgün vurulmayanda çıxış dinləyiciləri hərəkətə təşviq etməyəcək.
Fikri müxtəlif üsullarla vurğulamaq olar: səsi artırmaqla, daha coşqun danışmaqla, fikri yavaş, tələsmədən ifadə etməklə, fikirdən əvvəl və ya sonra (ya da hər iki halda) fasilə etməklə, jestlər və üz ifadələri vasitəsilə. Çox vaxt bu üsulların bir neçəsindən eyni zamanda istifadə edilir. Bəzi dillərdə səs tonunu qaldırıb-endirməklə də fikri vurğulamaq olar. Hansı üsulun daha münasib olacağını müəyyən etmək üçün materialı və şəraiti nəzərə almaq lazımdır.
Nəyi məntiqi vurğu ilə söyləyəcəyini qərara alarkən növbəti məqamları nəzərə al. 1) Cümlədə vurğunun hansı sözlərə düşməsi təkcə cümlədən yox, həm də kontekstdən asılıdır. 2) Məntiqi vurğudan yeni fikrin başlandığını, ya əsas fikrə keçildiyini, ya da sadəcə mülahizənin yeni səmtdə yürüdülməsini nəzərə çarpdırmaq üçün istifadə etmək olar. Bu həm də diqqəti yürüdülən mülahizənin yekununa yönəldə bilər. 3) Natiq məntiqi vurğudan məsələyə şəxsi münasibətini bildirmək üçün istifadə edə bilər. 4) Həmçinin məruzənin əsas bəndlərini vurğulamaq üçün də düzgün məntiqi vurğudan istifadə etmək olar.
Məntiqi vurğudan belə istifadə etmək üçün natiq və ya auditoriya qarşısında oxuyan şəxs materialı yaxşı başa düşməli və dinləyicilərin onu yaxşı dərk etməsini ürəkdən arzulamalıdır. Ezranın günlərində verilən təlimə dair Nehemya 8:8 ayəsində deyilir: «Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün». Aydındır ki, həmin vaxt Allahın Qanununu oxuyub izah edənlər dinləyicilərə oxunan ayələrin mənasını başa düşməyə, onları yadda saxlayıb, həyatlarına tətbiq etməyə kömək etməyin vacibliyini anlayırdılar.
Problemə səbəb nə ola bilər? Əksəriyyətimiz gündəlik söhbətlərdə öz fikirlərimizi aydın ifadə edə bilirik. Ancaq başqasının yazdığı materialı oxuyanda hansı sözləri və ifadələri vurğulamağın lazım olduğunu müəyyənləşdirmək çətin gələ bilər. Əsas məsələ materialı aydın başa düşməkdir. Bunun üçün yazılanı diqqətlə araşdırmaq lazımdır. Beləliklə, əgər sənə yığıncaq görüşündə oxumaq tapşırılıbsa, gərək yaxşı hazırlaşasan.
Bəziləri məntiqi vurğu əvəzinə, «dövri vurğu» adlandıra biləcəyimiz vurğudan istifadə edirlər. Onlar mənadan asılı olmayaraq, müəyyən intervallarla sözləri vurğulayırlar. Digərləri köməkçi nitq hissələrini, məsələn, bağlayıcıları, ədatları vurğulayırlar. Fikrə aydınlıq gətirməyəndə vurğu asanlıqla diqqəti yayındıran vərdişə çevrilir.
Bəzi natiqlər məntiqi vurğudan istifadə etməyə çalışarkən səslərini elə qaldırırlar ki, dinləyicilər özlərini danlanmış hiss edirlər. Sözsüz ki, bu, nadir hallarda yaxşı nəticələr gətirir. Əgər məntiqi vurğu təbii deyilsə, elə təəssürat oyana bilər ki, natiq dinləyicilərlə təkəbbürlə danışır. Dinləyicilərə məhəbbətlə müraciət etmək və deyilənlərin həm Müqəddəs Yazılara əsaslandığını, həm də məntiqi olduğunu görmələrinə kömək etmək daha yaxşı olardı.
Necə təkmilləşmək olar? Məntiqi vurğunu yerində istifadə etməyi bacarmayanların çoxunun bundan xəbəri olmur. Ona görə də başqası onun diqqətini bu problemə yönəltməlidir. Əgər sənin də bu sahədə təkmilləşməyinə ehtiyac varsa, məktəbin nəzarətçisi öz köməyini göstərəcək. Həmçinin başqa yaxşı natiqdən də məsləhət istəməyə çəkinmə. Ondan xahiş et ki, necə oxuduğuna və danışdığına diqqətlə qulaq assın, sonra isə məsləhət versin.
Məsləhət istədiyin qardaş ilk öncə «Gözətçi Qülləsi»nin bir məqaləsi üzərində məşq etməyi təklif edə bilər. Şübhəsiz, o, sənə məna asanlıqla başa düşülsün deyə, vurğunun hansı sözlərə və ya ifadələrə vurulacağını müəyyən etmək üçün cümlələri tək-tək təhlil etməyi tapşıracaq. Kursivlə yazılmış sözlərə də xüsusi diqqət yetirməyi xatırlada bilər. Yadda saxla ki, cümlədəki sözlər bir-biri ilə əlaqəlidir. Çox vaxt sadəcə ayrı-ayrı sözləri yox, söz qrupunu vurğulamaq lazımdır. Bəzi dillərdə məntiqi vurğunun hara düşəcəyi diakritik işarələrdən asılıdır və şagirdə onlara xüsusi diqqət yetirmək məsləhət görülə bilər.
Hansı sözləri vurğulayacağını öyrənərkən məsləhət verən qardaş sənə növbəti addım kimi təkcə cümləni yox, bütöv konteksti nəzərə almağı tövsiyə edə bilər. Abzasda əsas fikir nədən ibarətdir? Ayrı-ayrı cümlələrdə hansı sözləri vurğulayacağına bu, necə təsir etməlidir? Məqalənin adına və oxuduğun materialın aid olduğu qalın hərflərlə yazılmış yarımsərlövhəyə bax. Hansı sözləri vurğulayacağına onlar necə təsir edir? Bütün bunlar nəzərə alınmalı amillərdir. Lakin diqqətli ol ki, güclü vurğunu həddən artıq çox sözə vurmayasan.
Nitqlə çıxış etməyindən və ya oxumağından asılı olmayaraq, məsləhət verən qardaş, ola bilsin, məntiqi vurğunu yürütdüyün mülahizəyə uyğun olaraq vurmağı məsləhət görəcək. Mülahizənin harada sona yetdiyini, yaxud bir vacib fikirdən digərinə harada keçildiyini bilmək lazımdır. Çıxış zamanı bunların aydın hiss olunması dinləyicilərin nəzərindən qaçmayacaq. Hər şeydən əvvəl, nəhayət, beləliklə, deməli kimi sözləri vurğulamaqla buna nail olmaq olar.
Məsləhət verən qardaş diqqətini həm də xüsusi hisslərlə səsləndirməli olduğun fikirlərə yönəldəcək. Bunun üçün çox, mütləq, heç bir vəchlə, həmişə, heç vaxt kimi sözləri vurğulamaq olar. Belə etməklə, dinləyicilərin sənin dediklərinə münasibətinə təsir edə bilərsən. Bu haqda «Mülayimlik və hisslərin ifadə edilməsi» adlanan 11-ci dərsdə daha ətraflı danışılacaq.
Məntiqi vurğudan daha düzgün istifadə etmək üçün digər məsləhət dinləyicilərin yadda saxlamalı olduğu əsas fikirləri nəzərində saxlamaqdır. Bu haqda auditoriya qarşısında oxumaq baxımından «Əsas fikirlərin vurğulanması» adlı 7-ci, çıxış etmək baxımından isə «Əsas bəndlərin nəzərə çarpdırılması» adlı 37-ci dərsdə daha geniş bəhs olunacaq.
Əgər təbliğ xidmətində təkmilləşmək istəyirsənsə, ayələri necə oxuduğuna xüsusi diqqət yetir. Həmişə özünə sual ver: «Bu ayəni nəyə görə oxuyuram?» Müəllimin sadəcə sözləri düzgün söyləməsi kifayət etmir. Hətta mətni ifadəli oxumaqla da hər şey bitmir. Əgər kiminsə suallarına cavab verirsənsə, yaxud əsas təlimləri öyrədirsənsə, ayənin müzakirə edilən fikri təsdiqləyən sözlərini və ya ifadələrini vurğulamaq yaxşı olardı. Əks halda, səni dinləyən adam fikri tutmaya bilər.
Məntiqi vurğu sözləri və ya ifadələri bir qədər vurğu ilə deməyi özünə daxil etdiyindən təcrübəsiz natiq həmin sözləri və ifadələri həddən artıq hündürdən deyə bilər. Bu, musiqi alətində çalmağı təzə öyrənməyə başlayan adamın səsləndirdiyi notlara bənzəyir. Ancaq təcrübə artdıqca ayrı-ayrı «notlar» gözəl ifa olunan «musiqinin» bir hissəsinə çevriləcək.
Bəzi əsas məqamları öyrəndikdən sonra təcrübəli natiqlərdən çox şey öyrənə biləcəksən. Tezliklə başa düşəcəksən ki, vurğunu müxtəlifləşdirməklə nəyə nail olmaq olar. Deyilənlərin aydın başa düşülməsində vurğudan müxtəlif cür istifadə etməyin nə qədər dəyərli olduğunu anlayacaqsan. Məntiqi vurğudan düzgün istifadə etməyi öyrəndikcə daha yaxşı oxuyacaq və danışacaqsan.
Məntiqi vurğu haqqında səthi öyrənməklə kifayətlənmə. Yaxşı çıxış etmək üçün məntiqi vurğudan məharətlə istifadə edənə və təbii səslənənədək onun üzərində çalış.
-
-
Əsas fikirlərin vurğulanmasıTeokratik Xidmət Məktəbində təlim alırıq
-
-
DƏRS 7
Əsas fikirlərin vurğulanması
YAXŞI oxuyan təkcə ayrı-ayrı cümlələri və ya cümlələrin yerləşdiyi abzası görmür. Oxuyarkən bütün materialdakı əsas fikirlər onun yadında olur. Bu, oxuyanın vurğunu hara vuracağına təsir edir.
Əgər belə edilməsə, çıxış yeknəsəq olacaq, heç bir fikir xüsusi olaraq seçilməyəcək. Çıxışın sonunda dinləyicilər diqqətəlayiq fikir kimi heç nəyi xatırlaya bilməyəcəklər.
Müqəddəs Kitabdan bir parça oxuyarkən əsas fikirləri vurğulamağa kifayət qədər diqqət yetirsək, həmin hissə daha canlı səslənəcək. Bu cür vurğudan istifadə etməyin sayəsində Müqəddəs Kitab öyrənməsi və ya yığıncaq görüşlərində abzasların oxunması daha ifadəli alınacaq. Bundan başqa, bəzən konqreslərdə olduğu kimi, hazır mətnlə çıxış edəndə də buna diqqət yetirmək xüsusilə vacibdir.
Necə nail olmaq olar? Ola bilər, sənə Teokratik Xidmət Məktəbində Müqəddəs Kitabdan bir parça oxumaq tapşırılsın. Hansı fikirləri vurğulayacağını necə müəyyən edə bilərsən? Oxuyacağın material hər hansı başlıca ideya və ya mühüm hadisə ətrafında cərəyan edirsə, onu qabarıq şəkildə nəzərə çarpdırmaq yaxşı olardı.
Oxuduğun parça, nəsr və ya nəzm, məsəl, yaxud hekayə şəklində yazılmasından asılı olmayaraq, yalnız yaxşı oxuduğun təqdirdə, dinləyicilərə fayda gətirəcək (2 Tim. 3:16, 17). Bunun üçün həm oxumağa hazırlaşdığın hissəni, həm də dinləyiciləri nəzərə almaq gərəkdir.
Əgər Müqəddəs Kitab öyrənməsində, yaxud yığıncaq görüşündə ucadan oxuyacaqsansa, hansı fikirləri vurğulayacağını necə müəyyən edə bilərsən? Çap olunmuş sualların cavabları əsas fikirlərdir. Həmçinin materialın aid olduğu qalın şriftlə yazılmış yarımbaşlıqla bağlı fikirləri də vurğula.
Yığıncaqda çıxış edənlərə nitqi sözbəsöz yazıb üzündən oxumağı vərdişə çevirmək məsləhət görülmür. Ancaq hərdən konqres üçün bəzi məruzələr hazır mətn şəklində verilir; bunu etməkdə məqsəd eyni fikrin bütün konqreslərdə eyni cür təqdim olunmasıdır. Belə hazır mətndə əsas fikirləri vurğulamaq üçün natiq əvvəlcə materialı diqqətlə təhlil etməlidir. Əsas bəndlər hansılardır? Natiq onları ayırd etməyi bacarmalıdır. Əsas bəndlər sadəcə natiqin maraqlı hesab etdiyi fikirlər deyil. Bunlar materialın ətrafında cərəyan etdiyi əsas fikirlərdir. Hərdən hazır mətndə qısa ifadə olunan əsas fikirdən sonra nə isə nəql edilir və ya dəlillər gətirilir. Çox vaxt təsdiqləyici dəlil gətirildikdən sonra qəti fikir irəli sürülür. Natiq əsas bəndləri müəyyənləşdirdikdə onları mətndə işarələməlidir. Adətən həmin bəndlərin sayı dörd-beşdən çox olmur. Sonra dinləyicilər onları asanlıqla tuta bilsinlər deyə, natiq oxumağı məşq etməlidir. Bunlar çıxışın zirvə nöqtələridir. Çıxış zamanı vurğudan düzgün istifadə edilərsə, əsas fikirlər, çox ehtimal ki, yadda qalacaq. Natiqin də məqsədi məhz elə bu olmalıdır.
Əsas bəndləri seçməkdə dinləyicilərə kömək etmək üçün natiq müxtəlif üsullarla onları vurğulaya bilər. Bunun üçün daha çox şövqlə və hisslərlə danışmaq, tempi dəyişmək, yaxud münasib jestlərdən istifadə etmək olar.
-