-
I Hissə. Məsihi etiqadlarıAllahın iradəsini yerinə yetirən təşkilat!
-
-
VƏFTİZ OLUNMAQ İSTƏYƏNLƏR ÜÇÜN SUALLAR
I Hissə. Məsihi etiqadları
Sən Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyin sayəsində həqiqətlə tanış olmusan. Şübhəsiz, öyrəndiklərin sənə Allahla sıx münasibət qurmağa kömək edib və gələcəkdə Allahın Padşahlığının rəhbərliyi altında cənnətdə nemətlər alacağına ümid bəxş edib. Sənin Allahın Kəlamına olan imanın möhkəmlənib və məsihi yığıncağı ilə sıx ünsiyyət etməyin sayəsində artıq sən bir çox nemətlər dadmısan. Və Yehovanın Öz xalqı ilə bu gün necə rəftar etdiyini daha aydın başa düşürsən (Zək. 8:23).
İndi vəftizə hazırlaşdığın bir vaxtda ağsaqqalların səninlə əsas məsihi etiqadlarını müzakirə etməsi sənə böyük fayda gətirəcək (İbr. 6:1—3). Qoy Yehova bundan sonra da Onu daha yaxından tanımaq üçün göstərdiyin bütün cəhdlərə xeyir-dua versin və qoy Onun vəd etdiyi mükafat sənə nəsib olsun (Yəh. 17:3).
1. Nəyə görə vəftiz olunmaq istəyirsən?
2. Yehova kimdir?
• «Yuxarıda — göydə və aşağıda — yerdə tək bir Allah var, o da Yehovadır. Ondan başqası yoxdur» (Qan. 4:39).
• «Adı Yehova olan Sən, dünyada tək Sən ucasan» (Zəb. 83:18).
3. Nəyə görə Allahın adını istifadə etmək mütləqdir?
• «Buna görə də bu cür dua edin: “Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun”» (Mət. 6:9).
• «Yehovanın adını çağıran hər kəs qurtulacaq» (Rom. 10:13).
4. Müqəddəs Kitabda Yehovaya ünvanlanan bəzi sifətlər hansılardır?
• «Yerin hüdudlarını yaradan Yehova əbədiyyən Allahdır» (Əşy. 40:28).
• «Göylərdə olan Atamız» (Mət. 6:9).
• «Allah məhəbbətdir» (1 Yəh. 4:8).
5. Yehova Allaha nə verə bilərik?
• «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev» (Mark 12:30).
• «Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et» (Luka 4:8).
6. Nə üçün Yehovaya sadiq qalmaq istəyirsən?
• «Oğlum, hikmətli ol, qəlbim sevinsin, Mənə meydan oxuyana cavab verə bilim» (Məs. 27:11).
7. Kimə dua edirsən? Bəs kimin adı ilə dua edirsən?
• «Yadınızda qalsın, Atadan mənim [İsanın] adımla nəsə istəsəniz, sizə verəcək» (Yəh. 16:23).
8. Nələr barədə dua edə bilərsən?
• «Buna görə də bu cür dua edin: “Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun. Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin. Bu gün bizə bugünlük ruzimizi ver və günahlarımızı bağışla, necə ki özümüz də bizə qarşı günah işləyənləri bağışlamışıq. Qoyma yolumuzu azaq, bizi Şərirdən xilas et”» (Mət. 6:9—13).
• «Allahın önündə əminliyimiz budur: Onun iradəsinə müvafiq nə diləyiriksə, O eşidir» (1 Yəh. 5:14).
9. Hansı səbəblərə görə Yehova insanın duasını eşitməyə bilər?
• «Onlar Yehovadan imdad diləyəcəklər, fəqət O cavab verməyəcək... Çünki onların əməlləri şərdir» (Mik. 3:4).
• «Yehovanın gözü salehlərin üstündədir və qulağı onların yalvarışlarını eşidir. Ancaq Yehova üzünü şər iş görənlərdən döndərir» (1 But. 3:12).
10. İsa Məsih kimdir?
• «Şimon Butrus cavab verdi: “Sən Məsihsən, var olan Allahın Oğlusan”» (Mət. 16:16).
11. İsanın yer üzünə gəlişinin məqsədi nə idi?
• «İnsan Oğlu da ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün gəlib» (Mət. 20:28).
• «Mən [İsa] Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:43).
12. İsa Məsihin fidyə qurbanlığına görə minnətdarlığımızı necə göstərə bilərik?
• «O, hamıdan ötrü öldü ki, yaşayanlar artıq özləri üçün deyil, onların uğrunda ölüb dirilmiş kəs üçün yaşasınlar» (2 Kor. 5:15).
13. İsa Məsih hansı səlahiyyətə sahibdir?
• «Göydə və yerdə bütün hakimiyyət mənə verilib» (Mət. 28:18).
• «Allah onu daha yüksək mövqeyə ucaltdı və ona bütün adlardan üstün bir ad bəxş etdi» (Filip. 2:9).
14. Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının İsa Məsihin təyin etdiyi «sadiq və ağıllı nökər» olduğuna inanırsan?
• «Evindəki qulluqçulara vaxtlı-vaxtında yemək vermək üçün ağanın onların üzərinə qoyduğu sadiq və ağıllı nökər, görəsən, kimdir?» (Mət. 24:45).
15. Müqəddəs ruh şəxsdir?
• «Mələk cavabında ona dedi: “Müqəddəs ruh üzərinə gələcək, Haqq-Taalanın gücü sənin üstünə kölgə salacaq. Buna görə də bətnindən çıxana müqəddəs deyiləcək, o, Allahın Oğlu adlanacaq”» (Luka 1:35).
• «Beləliklə, əgər siz pis olduğunuz halda, uşaqlarınıza yaxşı şeylər verə bilirsinizsə, məgər göydəki Ata Ondan istəyənlərə müqəddəs ruh verməyəcək?» (Luka 11:13).
16. Yehova müqəddəs ruhu ilə hansı işləri görüb?
• «Göylər Yehovanın sözü ilə, orada olanlar ağzının nəfəsi ilə yarandı» (Zəb. 33:6).
• «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və... yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8).
• «Müqəddəs Yazılardakı heç bir peyğəmbərlik kiminsə şəxsi fikirlərindən doğmayıb. Çünki peyğəmbərlik heç vaxt insan istəyi ilə meydana gəlməyib, insanlar müqəddəs ruh tərəfindən yönəldilərək Allahdan gələn sözləri danışıblar» (2 But. 1:20, 21).
17. Allahın Padşahlığı nədir?
• «Göylərin Allahı heç vaxt dağılmayacaq bir padşahlıq quracaq. Bu padşahlıq başqa xalqa keçməyəcək. O, bütün bu padşahlıqları əzib yox edəcək, özü isə əbədi duracaq» (Dən. 2:44).
18. Allahın Padşahlığı sənin rifahın üçün hansı işləri görəcək?
• «O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).
19. Padşahlığın bizə nemətlər bəxş edəcəyi vaxtın yaxın olduğunu haradan bilirsən?
• «Şagirdləri təklikdə onun yanına gəlib soruşdular: “Bizə de, bunlar nə vaxt baş verəcək? Sənin hüzuruna və o dövrün yekununa əlamət nə olacaq?” İsa onlara cavab verdi: “Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq. Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək”» (Mət. 24:3, 4, 7, 14).
• «Axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar xudbin, pulpərəst, lovğa, özündən razı, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni, xain, tərs, təkəbbürlü olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər. Onlar üzdən özlərini mömin göstərəcək, əslində isə Allahın yolu ilə getməyəcəklər» (2 Tim. 3:1—5).
20. Padşahlığın sənin üçün önəm kəsb etdiyini necə göstərə bilərsən?
• «Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun» (Mət. 6:33).
• «İsa şagirdlərinə dedi: “Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini götürüb daima ardımca gəlsin”» (Mət. 16:24).
21. Şeytan və cinlər kimlərdir?
• «Sizin atanız İblisdir... O, əzəldən qatildir» (Yəh. 8:44).
• «İblis və Şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yerə atıldı, mələkləri də onunla birlikdə atıldı» (Vəhy 12:9).
22. Şeytan Yehovaya və Ona ibadət edənlərə qarşı hansı ittihamları irəli sürdü?
• «Qadın ilana cavab verib dedi: “Bağdakı ağacların meyvəsindən yeyə bilərik. Ancaq bağın ortasındakı ağac haqqında Allah deyib: “Ondan yeməyin, ona toxunmayın, yoxsa ölərsiniz!” İlan qadına dedi: “Yox, əsla ölməzsiniz. Sadəcə Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız”» (Yar. 3:2—5).
• «Şeytan Yehovaya cavab verdi: “Dəri əvəzinə dəri! İnsan canından ötrü hər şeyini verər”» (Əyy. 2:4).
23. Şeytanın ittihamlarının əsassız olduğunu necə sübut edə bilərsən?
• «Ona [Allaha] sidqi-ürəkdən... xidmət et» (1 Saln. 28:9).
• «Mən son nəfəsimədək sadiq qalacağam!» (Əyy. 27:5).
24. İnsanlar niyə ölür?
• «Beləliklə, günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Rom. 5:12).
25. Ölülər hansı vəziyyətdədir?
• «Dirilər öləcəklərini bilir, lakin ölülər heç nə bilmir» (Vaiz 9:5).
26. Ölülərlə bağlı hansı ümid var?
• «Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm» (Həv. 24:15).
27. Göydə İsa Məsihlə birgə nə qədər insan hakimiyyət sürəcək?
• «Budur: Quzu və onun yanında 144 000 nəfər Sion dağında durublar. Onların alınlarında Quzunun və onun Atasının adı yazılmışdı» (Vəhy 14:1).
-
-
II Hissə. Məsihi həyatıAllahın iradəsini yerinə yetirən təşkilat!
-
-
VƏFTİZ OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN SUALLAR
II Hissə. Məsihi həyatı
Müqəddəs Kitabdan Yehovanın səndən nə tələb etdiyini və bu tələblərə cavab vermək üçün nə etməli olduğunu öyrəndin. Aldığın biliklərə uyğun olaraq, ola bilsin, davranışında və həyata baxışında dəyişikliklər etməli olmusan. İndi sən Yehovanın salehlik normalarına uyğun yaşamaq qətiyyətindəsən, buna görə də xoş xəbərin müjdəçisi olmağa hazırsan.
Aşağıdakı sualları nəzərdən keçirməyin sayəsində Yehovanın salehlik normaları yaddaşına həkk olunacaq və Onun bəyəndiyi xidmətçi olmaq üçün etməli olduğun bəzi şeylər yadına düşəcək. Bu material sənə hər şeyi təmiz vicdanla və Yehovanı şərəfləndirmək üçün etməyin vacibliyini aydın şəkildə göstərəcək (2 Kor. 1:12; 1 Tim. 1:19; 1 But. 3:16, 21).
Bunu biləndən sonra, şübhəsiz, səndə Yehovanın hakimiyyətinə tabe olmaq və Onun təşkilatının sırasına qoşulmaq istəyi yaranıb. Növbəti sualların və Müqəddəs Kitab ayələrinin köməyilə sən Yehovanın yığıncaqla, ailə ilə və bu dünyanın siyasi sistemləri ilə bağlı quruluşuna tabeçilik məsələsini nə dərəcədə başa düşdüyünü yoxlaya biləcəksən. Yehovanın Öz xalqını ruhani cəhətdən maarifləndirdiyinə və möhkəmləndirdiyinə görə minnətdarlığın artacaq. İmkan daxilində yığıncaqlara gedib oradakı müzakirələrdə iştirak etdikcə minnətdarlığın birə-beş artacaq.
Bundan əlavə, bu hissədə diqqət Padşahlıq haqda müjdəni müntəzəm olaraq təbliğ etməyin, başqalarına Yehovanı tanımağa və Onun bəşəriyyət üçün gördüyü işlər barədə öyrənməyə kömək etməyin vacibliyinə yönəldilib (Mət. 24:14; 28:19, 20). Nəhayət, sən həyatını Yehovaya həsr etməyin və vəftiz olmağın nə dərəcədə ciddi bir addım olduğunu dərk edəcəksən. Əmin ola bilərsən ki, Yehova Onun sənə göstərdiyi lütfə səmimi-qəlbdən hay verməyini çox qiymətləndirir.
1. Allahın nikahla bağlı tələbi nədir? Müqəddəs Kitaba əsasən, boşanmaq üçün yeganə səbəb nədir?
• «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb və belə deyib: “Buna görə də insan öz ata-anasını tərk edib arvadına bağlanacaq və ikisi bir bədən olacaq”? Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın ...Kim arvadını əxlaqsızlıq etdiyinə görə deyil, başqa səbəbə görə boşayıb özgəsi ilə evlənirsə, zina edir» (Mət. 19:4—6, 9).
2. Nəyə görə ər-arvad kimi yaşayan iki nəfər dövlətin qanunlarına əsasən nikahda olmalıdır? Əgər evlisənsə, nikahın rəsmi qeydiyyata alınıb və dövlət tərəfindən tanınır?
• «Daima onlara xatırlat ki, hakimiyyətə və hökumətə tabe olsunlar, itaət etsinlər» (Tit. 3:1).
• «Qoy hər kəs nikaha hörmət etsin və nikah yatağı ləkəsiz olsun, çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək» (İbr. 13:4).
3. Ailədə hansı vəzifəni daşıyırsan?
• «Oğlum, atanın tərbiyəsinə qulaq as, ananın öyüd-nəsihətini rədd etmə» (Məs. 1:8).
• «Məsih yığıncağın başı... olduğu kimi, ər də arvadının başıdır. Ərlər, arvadlarınızı həmişə sevin, necə ki Məsih də yığıncağı sevdi» (Efes. 5:23, 25).
• «Atalar, uşaqlarınızı qəzəbləndirməyin, onları Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə böyüdün» (Efes. 6:4).
• «Ey uşaqlar, hər şeydə valideynlərinizin sözünə qulaq asın, çünki bu, Ağaya xoş gedir» (Kol. 3:20).
• «Ey qadınlar, ərlərinizə tabe olun» (1 But. 3:1).
4. Nəyə görə həyat ənamına hörmət etmək lazımdır?
• «[Allah] hamıya həyat, nəfəs — hər şey verir. Biz Onun sayəsində yaşayırıq, hərəkət edirik və mövcuduq» (Həv. 17:25, 28).
5. Nəyə görə ana bətnindəki körpə də daxil olmaqla, heç kimi öldürməməliyik?
• «Kişilər dalaşanda hamilə qadına zərbə dəyərsə və... ölüm olarsa, onda can əvəzinə can verilməlidir» (Çıx. 21:22, 23).
• «Gözlərin rüşeymimi görmüşdü. Hələ heç biri yox ikən bədənimin bütün hissələri, onların əmələ gələcəyi günlər Sənin kitabında yazılmışdı» (Zəb. 139:16).
• «[Yehova]... ikrah edir: ...günahsız qan tökən əllər» (Məs. 6:16, 17).
6. Allah qanla bağlı nə əmr edib?
• «Qandan, boğulmuş heyvan ətindən... uzaq durun» (Həv. 15:29).
7. İman bacı-qardaşlarımızı niyə sevməliyik?
• «Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Bir-birinizi mən sizi sevdiyim kimi sevin. Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:34, 35).
8. Nəyə görə yoluxucu və ya ölümcül xəstəliyə tutulmuş insan başqalarını yoluxdurmamaq üçün a) görüşərkən qucaqlaşıb-öpüşməyəcək, b) kimsə onu qonaq dəvət etməyəndə inciməyəcək? c) Nəyə görə əvvəllər yoluxucu xəstəliyə tutulmaq riski olan şəxsin ailə qurmaq məqsədilə görüşməyə başlamazdan qabaq qan analizi verməsi yaxşı olardı? ç) Nə üçün yoluxucu xəstəliyi olan adam vəftiz olunmamışdan öncə, bu barədə ağsaqqallar şurasının koordinatoruna xəbər verməlidir?
• «Bir-birinizə məhəbbətdən başqa borcunuz olmasın... “Başqasını özünü sevdiyin kimi sev”. Sevən adam başqasına pislik etməz» (Rom. 13:8—10).
• «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filip. 2:4).
9. Nəyə görə Yehova başqalarını bağışlamağımızı istəyir?
• «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız» (Kol. 3:13).
10. Dindaşın sənə böhtan atanda və fırıldaq gələndə nə etməlisən?
• «Əgər kimsə sənə qarşı bir günah iş tutsa, get onunla təklikdə danış, günahını üzünə de. Əgər sənə qulaq assa, onu qazandın. İşdir, qulaq asmasa, özünlə bir və ya iki nəfər götür ki, məsələ iki və ya üç şahidin dili ilə təsdiq olunsun. Əgər onlara qulaq asmasa, məsələni yığıncağa danış. Əgər yığıncağa da qulaq asmasa, qoy o adam sənin üçün bir bütpərəst və ya vergiyığan kimi olsun» (Mət. 18:15—17).
11. Aşağıdakı günahlara Yehova necə baxır?
▪ Əxlaqsızlıq
▪ İbadətdə surət və rəmzlərdən istifadə
▪ Homoseksualizm
▪ Oğurluq
▪ Qumar
▪ İçki düşkünlüyü
• «Aldanmayın. Nə əxlaqsızlar, nə bütpərəstlər, nə zinakarlar, nə kişi fahişələr, nə kişibazlar, nə oğrular, nə tamahkarlar, nə içki düşkünləri, nə təhqiramiz danışanlar, nə də soyğunçular Allahın Padşahlığına girməyəcəklər» (1 Kor. 6:9, 10).
12. Nikahdankənar cinsi əlaqə də daxil olmaqla, əxlaqsızlığın müxtəlif növlərinə qarşı nə etmək əzmindəsən?
• «Əxlaqsızlıqdan qaçın» (1 Kor. 6:18).
13. Nə üçün məsihilər asılılıq yaradan və ya beyinə təsir edən preparatlardan qeyri-tibbi məqsədlərlə istifadə etməməlidirlər?
• «Buna görə də qardaşlar, Allahın mərhəməti naminə sizə yalvarıram: bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin. Bu yolla siz ağılla ibadət etmiş olacaqsınız. Bundan sonra bu zəmanəyə uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin ki, Allahın yaxşı, xoş və kamil iradəsini dərk edəsiniz» (Rom. 12:1, 2).
14. Allah hansı cin-şeytan əməllərini qadağan edir?
• «Aranızda... rəmmal, sehrbaz, fala baxan, cadugər, ovsunçu, cindar yanına gedən, gələcəyi deyən, ölüləri çağıran olmamalıdır» (Qan. 18:10, 11).
15. Ciddi günah etmiş insan yenidən Yehovanın lütfünü qazanmaq istəyirsə, yubanmadan nə etməlidir?
• «Günahımı Sənə etiraf etdim, təqsirimi gizlətmədim. Dedim: “Yehovaya günahlarımı açım”» (Zəb. 32:5).
• «Aranızda naxoş olan varmı? Qoy yığıncağın ağsaqqallarını çağırsın. Onlar Yehovanın adı ilə onun başına yağ sürtüb onun üçün dua edərlər. İmanla edilən dua naxoş olanı sağaldacaq və Yehova onu ayağa qaldıracaq. Əgər günah işləyibsə, təqsiri bağışlanacaq» (Yaq. 5:14, 15).
16. Dindaşının ciddi günaha yol verdiyini bilirsənsə, nə etməlisən?
• «Əgər kimsə hansısa günahın şahidi olar, bununla bağlı nə isə bilər və ya görərsə, amma şəhadət vermək üçün çağırış olanda bildiyini açıb deməzsə, günahına görə cavab verməli olacaq» (Lav. 5:1).
17. Bir nəfərin artıq Yehovanın Şahidi olmadığı elan olunarsa, onunla necə rəftar etməlisən?
• «İndi isə sizə yazıram ki, özünü qardaş adlandırıb əxlaqsızlıq edən, acgöz, bütpərəst, içki düşkünü olan, təhqiramiz danışan və ya soyğunçuluq edənlə daha oturub-durmayasınız, beləsi ilə hətta bir süfrəyə də əyləşməyəsiniz» (1 Kor. 5:11).
• «Əgər kimsə sizə bu təlimlə gəlmirsə, onu evinizə buraxmayın və salamlamayın» (2 Yəh. 10).
18. Nəyə görə Yehovanı sevənlərlə yaxın dost olmalısan?
• «Hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Məs. 13:20).
• «Aldanmayın! Pis dostlar yaxşı əxlaqı pozur» (1 Kor. 15:33).
19. Nəyə görə Yehovanın Şahidləri siyasətə qarışmır?
• «Onlar da mənim [İsa] kimi dünyaya məxsus deyillər» (Yəh. 17:16).
20. Nəyə görə hökumətə tabe olmalısan?
• «Qoy hər kəs hökumətə tabe olsun, çünki Allahın izni olmadan heç bir hökumət mövcud ola bilməz. Bu hökumətlər Allahın onlara ayırdığı yeri tuturlar» (Rom. 13:1).
21. Dövlətin qanunu Allahın qanununa zidd gedəndə nə etməlisən?
• «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həv. 5:29).
22. İş axtararkən hansı ayələr sənə dünyadan ayrı durmağa kömək edə bilər?
• «Xalq xalqın üstünə qılınc qaldırmayacaq, artıq müharibə etməyi öyrənməyəcəklər» (Mik. 4:3).
• «Ey xalqım, ondan [Böyük Babildən] çıxın ki, onun günahlarına şərik olmayasınız və onun başına gələcək bəlalar sizin başınıza gəlməsin» (Vəhy 18:4).
23. Hansı istirahət və əyləncə növlərini seçirsən, hansıları rədd edirsən?
• «Yehova... zorakılığı sevənlərə nifrət edir» (Zəb. 11:5).
• «Pislikdən ikrah edin, yaxşılığa sarılın» (Rom. 12:9).
• «Doğru, vacib, saleh, pak, sevilməli, şərəfli, nəcib, tərifəlayiq nə varsa, bunlar haqda düşünün» (Filip. 4:8).
24. Nəyə görə Yehovanın Şahidləri başqa dini qrupların ibadətinə qoşulmur?
• «Siz həm “Yehovanın süfrəsindən”, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz» (1 Kor. 10:21).
• «Yehova belə deyir: “...Onların arasından çıxın, ayrılın və bir də murdar şeylərə toxunmayın”, “və Mən sizi qəbul edəcəyəm”» (2 Kor. 6:17).
25. Hansı prinsiplər əsasında bayram və mərasimlərdə iştirak edib-etməməyə qərar verə bilərsən?
• «Başqa xalqlarla qaynayıb-qarışdılar, onların adətlərini götürdülər. Onların bütlərinə sitayiş etdilər, bu, onlara tələ oldu» (Zəb. 106:35, 36).
• «Ölülər heç nə bilmir» (Vaiz 9:5).
• «Onlar da mənim kimi dünyaya məxsus deyillər» (Yəh. 17:16).
• «Siz keçmişdə xalqların istəyi ilə oturub-durur, azğın hərəkətlərə, əyyaşlığa, kef məclislərinə, sərxoşluğa və mənfur bütpərəstliyə qurşanırdınız» (1 But. 4:3).
26. Müqəddəs Kitabdakı nümunələr ad gününü qeyd edib-etməməyə qərar verməkdə sənə necə kömək edir?
• «Bu hadisənin üçüncü günü fironun ad günü idi. O, bütün əyan-əşrəfi üçün ziyafət qurmuşdu. Firon baş saqi ilə baş çörəkçini zindandan çıxartdırıb hamının önünə gətizdirdi. Baş saqini əvvəlki vəzifəsinə qaytardı... Çörəkçini isə asdırdı» (Yar. 40:20—22).
• «Hirodun ad günü qeyd ediləndə Hirodiadanın qızı məclisdə rəqs etdi. Hirod qızın rəqsini elə bəyəndi ki, ona istədiyi hər şeyi verəcəyinə and içdi. Onda qız anasının öyrətdiyi kimi belə dedi: “Vəftizçi Yəhyanın başını sinidə mənə ver”. O, zindana adam göndərib Yəhyanın boynunu vurdurdu» (Mət. 14:6—8, 10).
27. Ağsaqqalların göstərişinə nə üçün riayət etmək istəyirsən?
• «Sizə rəhbərlik edənlərə itaət edin, onlara tabe olun, axı onlar hesabat verəcək adamlar kimi gecə-gündüz sizin qeydinizə qalırlar. Qoyun onlar bunu ah-zarla yox, sevinclə etsinlər ki, sizə zərər dəyməsin» (İbr. 13:17).
28. Nəyə görə Müqəddəs Kitabı oxuyub araşdırmağa müntəzəm vaxt ayırmaq həm sənin, həm də ailən üçün vacibdir?
• «O, Yehovanın qanunundan həzz alır, gecə-gündüz Onun qanununun dərinliyinə varır. O, axar sular kənarında əkilmiş, barını mövsümündə verən ağactək olar, yarpaqları solmaz, hər işində uğur qazanar» (Zəb. 1:2, 3).
29. Nəyə görə ibadət görüşlərinə gəlmək və iştirak etmək sənə xoşdur?
• «Sənin adını qardaşlarıma bildirəcəyəm, toplantı içində Səni mədh edəcəyəm» (Zəb. 22:22).
• «Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, bir-birimizi ruhlandıraq və o günün yaxınlaşdığını gördükcə bunları daha çox edək» (İbr. 10:24, 25).
30. İsa Məsihin bizə tapşırdığı ən vacib iş hansıdır?
• «Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın, onları... vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mət. 28:19, 20).
31. Hansı əvhali-ruhiyyə ilə Padşahlıq işinə ianə edəndə və ya bacı-qardaşlarımıza kömək edəndə Yehova bizdən razı qalır?
• «Sərvətinlə... Yehovanı şərəfləndir» (Məs. 3:9).
• «Qoy hər kəs ürəyində qət etdiyi kimi versin, könülsüz və ya məcburi verməsin, axı Allah gülərüzlə verəni sevir» (2 Kor. 9:7).
32. Məsihilər hansı çətinliklərlə üzləşəcəklərini bilirlər?
• «Salehlik yolunda təqib olunanlar xoşbəxtdir, çünki səmavi Padşahlıq onlarındır. Mənə görə insanlar sizi təhqir və təqib edəndə, sizin haqqınızda hər cür yalan və pis söz danışanda siz necə də xoşbəxtsiniz! Sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir, axı sizdən əvvəl peyğəmbərləri də belə təqib etmişlər» (Mət. 5:10—12).
33. Nə üçün Yehovanın Şahidi kimi vəftiz olunmaq böyük şərəfdir?
• «Sözlərini tapıb yedim. Sözün mənə sevinc verdi, ürəyimə şadlıq gətirdi. Çünki mən Sənin adını daşıyıram, ey ordular Allahı Yehova» (Ərm. 15:16).
-
-
Vəftiz olunmaq istəyənlərlə yekun müzakirəAllahın iradəsini yerinə yetirən təşkilat!
-
-
VƏFTİZ OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN SUALLAR
Vəftiz olunmaq istəyənlərlə yekun müzakirə
Adətən, Yehovanın Şahidləri vəftizi böyük toplantılarında keçirirlər. Vəftiz məruzəsinin sonunda natiq vəftiz olmağa hazırlaşan kəslərdən ayağa qalxıb aşağıdakı iki suala hündürdən və aydın cavab verməyi xahiş edəcək:
1. Günahlarından tövbə edib, özünü Yehovaya həsr etmisən və Onun İsa Məsih vasitəsilə bəxş etdiyi xilas yolunu qəbul etmisən?
2. Vəftiz olunmaqla Yehovanın Şahidi olduğunu, bununla da Yehovanın təşkilatına qoşulduğunu göstərirsən. Bunu dərk edirsən?
Vəftiz olacaq təbliğçilər bu sualları müsbət cavablandırmaqla fidyə qurbanlığına iman etdiklərini hamının qarşısında bəyan edir və özlərini Yehovaya qeyd-şərtsiz həsr etdiklərini göstərirlər (Rom. 10:9, 10). Buna görə də onlar dua edib bu sualların üzərindən qabaqcadan düşünməlidirlər ki, öz əqidələrinə əsasən cavab verə bilsinlər.
Həsr duası etmisən? Yehovaya yalnız Ona ibadət edəcəyinə və Onun iradəsinin həyatında ən vacib yeri tutacağına söz vermisən?
İndi vəftizə hazır olduğuna tam əminsən?
Vəftiz üçün hansı geyim münasibdir? (1 Tim. 2:9, 10; Yəh. 15:19; Filip. 1:10).
Biz «abır-həya ilə, ağıl-kamalla» geyinməklə mömin olduğumuzu göstərməliyik. Bu o deməkdir ki, vəftiz olunanlar açıq-saçıq çimərlik geyimləri, yaxud üzərində deyimlər, şüarlar və ya şəkillər olan paltarlar geyinməyəcəklər. Onlar səliqəli, təmiz, zövqlü və mərasimə münasib geyinməlidirlər.
Vəftiz zamanı davranışımız necə olmalıdır? (Luka 3:21, 22).
İsanın vəftizi məsihilər üçün bir nümunədir. Vəftizin ciddi bir addım olduğunu başa düşdüyü İsanın davranışından bəlli idi. Deməli, vəftiz keçirilən yerdə yersiz zarafat etməklə, oynamaqla, üzməklə və ya hər hansı başqa bir hərəkətlə mərasimi dəyərdən salmamalıyıq. Həmçinin vəftiz olunan insan özünü elə aparmamalıdır ki, elə bil böyük bir qələbəyə imza atıb. Düzdür, vəftiz sevindirici hadisədir, amma gərək sevincimizi layiqli tərzdə göstərək.
İbadət görüşlərinə müntəzəm getmək və yığıncaqla sıx əməkdaşlıq etmək sənə həsr olunmağına uyğun yaşamağa necə kömək edəcək?
Nəyə görə vəftizdən sonra da səmərəli mütaliə etmək və təbliğ işində müntəzəm iştirak etmək vacibdir?
-