Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/6 s. 3—6
  • Yehovanın borcunu necə qaytara bilərəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın borcunu necə qaytara bilərəm?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Başımızın üstünü qara buludlar alır
  • Sürgün
  • Məqsədlərimə nail oluram
  • Gilead Məktəbi və sonrakı illər
Gözətçi qülləsi 2009
w09 15/6 s. 3—6

Yehovanın borcunu necə qaytara bilərəm?

Nəql etdi Rut Dane

Anam zarafatla deyərdi ki, 1933-cü il fəlakətli il oldu: Hitler hakimiyyətə gəldi, Roma papası bu ili «müqəddəs» elan etdi və mən dünyaya gəldim.

VALİDEYNLƏRİM Fransanın Almaniya sərhədinə yaxın ərazisində yerləşən, tarixi vilayət olan Lotaringiyanın Yuts şəhərində yaşayırdılar. Onlar 1921-ci ildə evləniblər. Anam mömin katolik, atam isə protestant olub. 1922-ci ildə böyük bacım Helen dünyaya gəlib, o hələ körpə ikən valideynlərim onu katolik kilsəsində vəftiz ediblər.

1925-ci ildə bir gün atama alman dilində «Allahın arfası» kitabını veriblər. Onu oxuyandan sonra atam həqiqəti tapdığına əmin olub. Atam bu kitabın naşirlərinə yazıb, onlar da ona Almaniyada o vaxt Bibelforşerlər kimi tanınan Yehovanın Şahidləri ilə əlaqə yaratmağa kömək ediblər. Atam dərhal öyrəndiklərini başqalarına danışmağa başlayıb. Bu heç də anamın ürəyincə olmayıb. «Nə edirsən et, bircə o Bibelforşerlərə baş qoşma!» — deyə anam öz şirin alman dilində söyləyərmiş. Ancaq atamın qərarı qəti olub və o, 1927-ci ildə vəftiz olunub onların sırasına qoşulub.

Bundan sonra ana nənəm anamı təhrik etməyə başlayıb ki, atamdan boşansın. Bir gün nənəm messada olanda keşiş: «Yalançı peyğəmbər Danedən uzaq gəzin»,— deyə dinləyiciləri xəbərdar edib. Nənəm evə qayıdan kimi, gül dibçəyini yuxarı mərtəbədən atamın başına atıb. Ağır dibçək atamın başından yan keçib, çiynini zədələyib. Bu hadisə anamı düşünməyə vadar edib: «Əgər bir din insanı başqalarını öldürməyə təhrik edirsə, bu din yaxşı ola bilməz». O, Yehovanın Şahidlərinin nəşrlərini oxumağa başlayır. Tezliklə anam da həqiqəti tapdığına əmin olur və 1929-cu ildə vəftiz olunur.

Yehova bacımla mənim üçün real şəxsiyyət olsun deyə valideynlərimiz əllərindən gələni edirdilər. Onlar bizə Müqəddəs Kitab hekayələrini oxuyur, sonra da personajların nəyə görə bu və ya digər tərzdə davrandıqlarını soruşurdular. Elə həmin vaxtlarda, ailə büdcəmizə ciddi zərər dəyməsinə baxmayaraq, atam gecə və axşam növbələrində işləməkdən imtina etdi. O, məsihçi görüşlərində və xidmətdə iştirak etmək və uşaqları ilə öyrənmə keçirmək üçün vaxt ayırmaq istəyirdi.

Başımızın üstünü qara buludlar alır

Valideynlərim müntəzəm olaraq İsveçrədən və Fransadan olan səyyar nəzarətçiləri və bet-elliləri qonaq dəvət edirdilər. Onlar bizə evimizdən cəmi bir neçə kilometr aralıda yerləşən Almaniyada bacı-qardaşlarımızın qarşılaşdıqları çətinliklərdən danışırdılar. Nasist hökuməti Yehovanın Şahidlərini həbs düşərgələrinə göndərir və uşaqlarını əllərindən alırdı.

Atamla anam Helenlə məni qarşılaşa biləcəyimiz sınaqlara hazırlamışdılar. Valideynlərimiz bizə rəhbərlik verəcək Müqəddəs Kitab ayələrini əzbərləməyə kömək edirdilər. Onlar deyirdilər: «Nə edəcəyinizi bilməyəndə Süleymanın məsəlləri 3:5, 6 ayələrinin üzərində düşünün. Məktəbdə sınaqlar sizi qorxudanda 1 Korinflilərə 10:13 ayəsini yadınıza salın. İşdir, bizdən ayrı düşsəniz, Süleymanın məsəlləri 18:10 ayəsini öz-özünüzə təkrarlayın». Mən 23 və 91-ci məzmurları əzbərləmişdim və Yehovanın daim məni müdafiə edəcəyinə əmin idim.

1940-cı ildə nasist Almaniyası Elzas-Lotaringiyanı öz ərazisinə birləşdirdi və yeni rejim hamıdan nasist partiyasına daxil olmağı tələb edirdi. Atam imtina etdiyinə görə gestapo onu həbs etməklə hədələdi. Anam isə hərbi geyim tikməkdən imtina edəndə gestapo onu da hədələməyə başladı.

Məktəb mənim üçün kabusa çevrilmişdi. Hər gün dərs başlamazdan öncə Hitlerin şərəfinə dualar oxunur, hamı «Hayl Hitler!» deyə təzim edir və sağ əllərini qabağa uzadaraq dövlət himni ifa edirdi. Valideynlərim: «Sən “Hayl Hitler!” deməməlisən»,— demək əvəzinə, mənə vicdanımı tərbiyə etməyə kömək edirdilər. Buna görə də şəxsən özüm qərara gəldim ki, heç kimi «Hayl Hitler!» deyə salamlamayacağam. Müəllimlər məni döyür və məktəbdən qovmaqla hədələyirdilər. Yeddi yaşım olanda məktəbdə işləyən 12 müəllimin hamısının qarşısında durmalı oldum. Onlar çalışırdılar ki, məni «Hayl Hitler!» deməyə məcbur etsinlər. Buna baxmayaraq, Yehovanın köməyi ilə imanda möhkəm qaldım.

Müəllimlərdən biri məni dilə tutmağa başladı. O, mənim yaxşı şagird olduğumu və məni çox istədiyini, məktəbdən qovulsam, çox kədərlənəcəyini söylədi. O dedi: «Əlini qabağa uzatmasan da olar, bir azca qaldırsan, kifayətdir. “Hayl Hitler!” deməyin məcburi deyil. Yalandan da olsa, ağzını tərpət».

Müəlliməmin dediklərini anama danışanda o, mənə Babil padşahının qoyduğu heykəlin qarşısında duran üç ibrani gəncin əhvalatını xatırlatdı və soruşdu: «Onlardan nə gözlənilirdi?» «Baş əymək»,— deyə cavab verdim. «Əgər həmin an onlar əyilib ayaqqabılarının bağının bağlasaydılar, səncə, bu, düzgün olardımı? Özün qərar ver; düzgün hesab etdiyin kimi davran». Şadrak, Meşak və Aved-Neqo kimi, mən də Yehova qarşısında sadiqliyimi qorumaq qərarına gəldim (Dan. 3:1, 13-18).

Müəllimlər məni bir neçə dəfə məktəbdən qovmuş və valideynlərimdən ayırmaqla təhdid etmişdilər. Mən çox qorxurdum, lakin valideynlərim həmişə mənə ürək-dirək verirdilər. Məktəbə gedəndə anam mənimlə birgə dua edib məni Yehovaya əmanət edərdi. Həqiqətdə möhkəm olmağım üçün Yehovanın mənə güc verəcəyini bilirdim (2 Kor. 4:7). Atam mənə dedi ki, məktəbdə təzyiq həddindən artıq güclü olarsa, evə gəlməkdən çəkinməməliyəm. «Biz səni sevirik. Sən həmişə bizim qızımız olacaqsan. Bu, səninlə Yehova arasında olan məsələdir»,— deyə o söylədi. Atamın sözləri ‘nöqsansızlığımı’ qorumaq qətiyyətimi daha da möhkəmləndirdi (Əyy. 27:5, YD).

Gestapoçular Yehovanın Şahidlərinin nəşrlərini tapmaq üçün tez-tez evimizdə axtarış edir və valideynlərimi sorğu-suala çəkirdilər. Onlar anamı aparıb saatlarla saxlayır, atamla bacımı isə iş yerlərindən götürüb aparırdılar. Məktəbdən qayıdanda heç vaxt bilmirdim, anam evdə olacaq, ya yox. Bəzən qonşumuz mənə deyirdi: «Onlar sənin ananı apardılar». Onda evdə gizlənib öz-özümdən soruşurdum: «Görəsən, onu incitmirlər ki? Anamı bir daha görəcəyəmmi?»

Sürgün

1943-cü ilin yanvarın 28-də gestapoçular səhər saat dördün yarısında bizi yuxudan oyatdılar. Onlar dedilər ki, əgər valideynlərim, bacım və mən nasist partiyasına qoşulsaq, sürgün edilməyəcəyik. Hazır olmaq üçün bizə üç saat vaxt verdilər. Anam belə hallar üçün həmişə içində dəyişək paltar və Müqəddəs Kitab olan çantalarımızı hazır saxlayırdı. Buna görə də bizim dua etməyə və bir-birimizi ruhlandırmağa fürsətimiz oldu. Atam bizə xatırlatdı ki, bizi heç nə ‘Allahın məhəbbətindən məhrum etməyə qadir deyil’ (Rom. 8:35-39).

Gestapoçular geri döndülər. Mən Anqled adlı yaşlı bacımızın bizi göz yaşları ilə yola saldığını heç vaxt unutmayacağam. Gestapoçular bizi Mets şəhərindəki dəmiryol stansiyasına gətirdilər. Qatarla üç gün yol getdikdən sonra biz Polşadakı Osventsim həbs düşərgəsinin nəzdində olan Koxlovitse düşərgəsinə gəlib çatdıq. İki aydan sonra bizi vaxtilə monastır olmuş Qlivitse əmək düşərgəsinə keçirdilər. Nasistlər bizə dedilər ki, əgər imandan imtina etmə haqqında sənədə hamımız qol çəksək, azad olunacağıq və əmlakımız geri qaytarılacaq. Atamla anam imtina edəndə əsgərlər dedilər: «Siz ev üzünə həsrət qalacaqsınız!»

İyunda bizi Sventoxlovitseyə köçürdülər, orada mənim indiyədək əzab çəkdiyim başağrılarım başladı. Burada barmaqlarıma infeksiya düşdü və həkim keyidici vurmadan bir neçə dırnağımı çıxartdı. Yaxşı ki, mühafizəçilərin müxtəlif tapşırıqlarını yerinə yetirməklə bağlı tez-tez çörəkxanaya getməli olurdum. Orada işləyən qadın həmişə mənə yeməyə bir şey verərdi.

1943-cü ilin oktyabr ayında Zombkovitsedəki düşərgəyə göndərilənədək biz bir ailə kimi digər məhbuslardan ayrı qalırdıq. Biz 60 nəfər kişi, qadın və uşaqlarla birgə çardaqda yatırdıq. Esesçilər əllərindən gələni edirdilər ki, yeməyimiz iyrənc və yararsız olsun.

Çətinliklərə baxmayaraq, heç vaxt ümidimizi itirmirdik. Vaxtilə biz «Gözətçi Qülləsi»ndə oxuyurduq ki, müharibədən sonra böyük miqyasda təbliğ işi keçiriləcək. Buna görə də biz nə üçün iztirab çəkdiyimizi və çətinliklərimizin tezliklə sona çatacağını bilirdik.

Müttəfiq qoşunların yaxınlaşdığını biləndə nasistlərin müharibəni uduzmaq üzrə olduğunu anladıq. 1945-ci ilin əvvəlində esesçilər düşərgəmizi tərk etmək qərarına gəldilər. Onlar bizi piyada təxminən 240 kilometr yol getməyə məcbur etdilər. Biz fevralın 19-da yola çıxdıq və dörd həftədən sonra Almaniyanın Ştaynfels şəhərinə gəlib çatdıq, burada mühafizəçilər məhbusları şaxtaya saldılar. Çoxları elə düşünürdü ki, bizi öldürəcəklər. Lakin həmin gün müttəfiq qoşunlar gəldi və esesçilər bizi qoyub qaçdı. Bununla da ağır sınaqlarımıza son qoyuldu.

Məqsədlərimə nail oluram

1945-ci il may ayının 5-də, təxminən iki il yarım keçəndən sonra biz Yutsdakı evimizə qayıtdıq, üst-başımız çirk içində idi və bizi bit basmışdı. Fevraldan bəri əyin-başımızı dəyişmirdik, buna görə də köhnə pal-paltarlarımızın hamısını yandırmaq qərarına gəldik. Anamın o zaman dediyi sözlər indiyədək yadımdadır: «Qoy bu, həyatımızın ən gözəl günü olsun. Bizim heç nəyimiz yoxdur. Hətta üstümüzdə olan paltar belə özümüzün deyil. Amma dördümüz də evə sadiq qayıtdıq. Güzəştə getmədik».

İsveçrədə üç ay müalicə aldıqdan sonra məktəbə qayıtdım və artıq qovulacağımdan qorxmurdum. İndi biz ruhani bacı-qardaşlarımızla görüşür və açıq şəkildə təbliğ edə bilirdik. 1947-ci il avqustun 28-i Yehovaya illər öncə verdiyim vədi hamının qarşısında simvolizə etdim: atam məni Mozel çayında vəftiz etdi. Onda mənim 13 yaşım vardı. Mən dərhal pioner xidmətinə başlamaq istədim, amma atam israr etdi ki, əvvəlcə bir sənətə yiyələnim. Buna görə də mən dərziliyi öyrəndim. 1951-ci ildə, 17 yaşım olanda yaxınlıqda yerləşən Tyonvil şəhərində xidmət etmək üçün pioner təyin olundum.

Həmin il mən Parisdə keçirilən konqresdə iştirak etdim və missioner xidməti üçün ərizə doldurdum. Yaşım çatmadığı üçün Neytan Norr qardaş dedi ki, ərizəmə sonra baxılacaq. 1952-ci ilin iyununda Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gileadın (ABŞ, Nyu-York, Saut-Lansinq) 21-ci sinfinə dəvət aldım.

Gilead Məktəbi və sonrakı illər

Gilead Məktəbi həyatımda xüsusi bir hadisə oldu! Mən çox vaxt camaat qarşısında doğma dilimdə danışmaqda çətinlik çəkirdim. İndi isə mən ingilis dilində danışmalı idim. Lakin müəllimlər qayğıkeşliklə mənə kömək edirdilər. Qardaşlardan biri adımı «Padşahlıq təbəssümü» qoymuşdu, çünki utananda həmişə gülümsəyirdim.

Buraxılışımız 1953-cü il iyulun 19-da Nyu-Yorkdakı «Yanki» stadionunda keçdi və mən İda Kandüsso (sonradan Saniobos) bacı ilə birgə Parisə təyin olundum. Varlı-karlı parislilərə təbliğ etməyə qorxsam da, bir çox həlim insanlarla Müqəddəs Kitab öyrənməsi keçirirdim. İda ailə həyatı qurdu və 1956-cı ildə Afrikaya köçdü, mən isə Parisdə qaldım.

Mən 1960-cı ildə Bet-Eldə xidmət edən bir qardaşla ailə qurdum, sonra biz Şomon və Vişidə xüsusi pioner kimi xidmət etdik. Beş il sonra vərəm xəstəliyinə tutuldum və pioner xidmətini dayandırmalı oldum. Özümü çox pis hiss edirdim, çünki uşaqlıqdan məqsədim tammüddətli xidmət etmək və bu xidmətdə qalmaq idi. Bir qədər sonra ərim başqa qadına görə məni atıb getdi. Bu ağır illərdə bacı-qardaşlar mənə dayaq oldular və Yehova daima qayğı yükümü çəkirdi (Məz. 68:19).

Hal-hazırda mən Normandiyanın Luvye şəhərində, Fransa filialının yaxınlığında yaşayıram. Səhhətimlə bağlı problemlərə baxmayaraq, həyatımda Yehovanın əlini görmək mənə xoşbəxtlik gətirir. Aldığım tərbiyə bu gün də düzgün əhval-ruhiyyəni qorumaqda mənə kömək edir. Valideynlərim mənə Yehovanı sevib, Onunla söhbət edə biləcəyimi, eyni zamanda Onun dualarıma cavab verən real Şəxsiyyət olduğunu öyrətmişdilər. Həqiqətən də, «mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm?» (Məz. 116:12).

[5-ci səhifədəki şəkil]

Altı yaşım olanda (çiynimdə əleyhqaz)

[5-ci səhifədəki şəkil]

16 yaşım olanda missioner və pionerlərlə birgə Lüksemburqda xüsusi təbliğ kampaniyası zamanı

[5-ci səhifədəki şəkil]

Valideynlərimlə birgə konqresdə, 1953-cü il

[6-cı səhifədəki şəkil]

«Həyatımda Yehovanın əlini görmək mənə xoşbəxtlik gətirir»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş