Sən addımbaaddım Məsihin izləri ilə gedirsənmi?
«Bu yolda getdikcə daha çox tərəqqi edin» (1 SALON. 4:1).
1, 2. a) İsanın günlərində yaşayan insanların bir çoxu onun hansı möhtəşəm işlərinin şahidi olmuşdular? b) Nəyə görə demək olar ki, biz də vacib dövrdə yaşayırıq?
HEÇ İsa yer üzündə olan dövrdə yaşamağın necə də gözəl olduğu barədə düşünmüsənmi? Ola bilsin, sən İsanın şəfa verib üzücü bir xəstəlikdən azad etdiyi insanların arasında olduğunu təsəvvürünə gətirirsən. Yaxud İsanı görüb-eşitməyin — ondan öyrənməyin və möcüzələrinin şahidi olmağın böyük sevinc olduğunu düşünürsən (Mark 4:1, 2; Luka 5:3—9; 9:11). Həqiqətən də, İsa bütün bu möhtəşəm işləri həyata keçirən zaman yaşamaq necə də heyrətamiz olardı! (Luka 19:37). Ondan sonra yaşayan heç bir nəsil bu kimi hadisələrin şahidi olmayıb və bəşəriyyəti günah və ölümdən azad etmək üçün o artıq heç vaxt özünü ‘qurban verməyəcək’ (İbr. 9:26; Yəh. 14:19).
2 Ancaq indi yaşadığımız dövr də çox vacib dövrdür. Nəyə görə? Müqəddəs Yazılarda peyğəmbərlik edildiyi kimi, biz ‘axır zamanda’, yəni «axır günlərdə» yaşayırıq (Dan. 12:1—4, 9; 2 Tim. 3:1). Bu dövrdə Şeytan göylərdən qovulub. Tezliklə isə zəncirlənib «dibsiz dərinliklərə» atılacaq (Vəhy 12:7—9, 12; 20:1—3). Məhz bu dövrdə biz ‘Səmavi Səltənət haqqında olan Müjdəni’ bütün dünyada bəyan edərək gələcək Cənnətə olan ümidimiz barədə danışmaq kimi şərəfli işi həyata keçiririk və bu iş artıq heç vaxt təkrarlanmayacaq (Mat. 24:14).
3. İsa göyə qalxmazdan öncə davamçılarına hansı tapşırığı verdi və buna nə daxil idi?
3 Göyə qalxmazdan əvvəl İsa davamçılarına demişdi: «Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (Həv. iş. 1:8). Bu tapşırığa ümumdünya təlim işi də daxil idi. Bu işi həyata keçirməkdə məqsəd son gəlməzdən öncə şagird, yəni Məsih üçün yeni davamçılar hazırlamaq idi (Mat. 28:19, 20). Məsihin tapşırığını yerinə yetirə bilmək üçün biz nə etməliyik?
4. a) 2 Peter 3:11, 12 ayələrində nəyin vacibliyi vurğulanır? b) Biz özümüzü nədən gözləməliyik?
4 Həvari Peterin sözlərinə diqqət yetirək: «Siz necə insanlar olmalısınız? Allahın Gününün zühurunu gözləyib, onu sürətləndirərək müqəddəs və Allaha ixlaskar bir həyat yaşamalısınız» (2 Pet. 3:11, 12). Bu sözlərdən göründüyü kimi, həyatımızın həmişə Allaha məqbul işlər ətrafında dövr etməsi üçün biz bu son günlərdə ayıq-sayıq qalmalıyıq. Bu işlərdən biri də xoş xəbərin təbliğidir. Buna görə də bütün dünyada qardaşlarımızın Məsihin təbliğ etmək tapşırığını canla-başla yerinə yetirdiklərini görmək necə də fərəhləndiricidir! Eyni zamanda biz başa düşürük ki, ehtiyatı əldən versək, Şeytan dünyasının hər gün göstərdiyi təzyiqlər, o cümlədən miras aldığımız cismani zəifliklər Allaha xidmətdə səyimizi zəiflədə bilər. Buna görə də gəlin görək, Məsihin ardınca gedib-getmədiyimizə necə əmin ola bilərik.
Allahın həvalə etdiyi məsuliyyəti sevinclə qəbul et
5, 6. a) Pavel Yerusəlimdəki həmimanlılarını nəyə görə təriflədi və onları nə haqda xəbərdar etdi? b) Nəyə görə Allahın bizə həvalə etdiyi məsuliyyətə başdansovdu yanaşmamalıyıq?
5 Həvari Pavel Yerusəlimdə yaşayan məsihçilərə yazdığı məktubunda, təqiblərə baxmayaraq, keçmişdə sadiq və mətanətli qaldıqlarına görə onları təriflədi. O dedi: «Əvvəlki günləri yada salın; o zaman siz aydınlaşdıqdan sonra ələm dolu böyük mübarizəyə tab gətirdiniz». Bəli, Yehova onların sadiqliyini unutmamışdı (İbr. 6:10; 10:32—34). Görünür, Pavelin səmimi tərif sözləri ibrani məsihçilərini çox ruhlandırmışdı. Həmçinin Pavel həmin məktubunda kontrol altında saxlanılmadığı təqdirdə Allaha xidmətdə insanın səyini zəiflədəcək bir meyil haqda da xəbərdarlıq etdi. O dedi ki, məsihçilər Allahın əmrlərinə riayət etməyi ‘rədd etməməli’, yəni bəhanələr axtarmamalıdırlar (İbr. 12:25).
6 Pavelin bu xəbərdarlığı müasir məsihçilərə də aiddir. Biz anlayırıq ki, məsihçi məsuliyyətlərimizə heç vaxt başdansovdu yanaşmamalı və xidmətdə səyimizin zəifləməsinə yol verməməliyik (İbr. 10:39). Axı müqəddəs xidməti icra etmək ölüm-dirim məsələsidir (1 Tim. 4:16).
7, 8. a) Yehovaya xidmətdə səyimizi qorumaqda bizə nə kömək edəcək? b) Xidmətdə əvvəlki kimi fəal olmadığımızı aşkar edəndə Yehova və İsa haqda nəyi yadda saxlamalıyıq?
7 Allah qarşısında borcumuzu yerinə yetirməmək üçün bəhanələr axtarmaq meyilinin öhdəsindən necə gələ bilərik? Bu meyil ilə mübarizə aparmağın vacib üsullarından biri həsr olunarkən verdiyimiz andın üzərində müntəzəm düşünməkdir. Mahiyyət etibarilə, biz Yehovaya Onun iradəsini həyatımızda birinci yerə qoyacağımızı vəd etmişdik və biz sözümüzün üstündə durmaq istəyirik. (Matta 16:24 ayəsini oxu.) Buna görə də bəzən ayaq saxlayıb özümüzdən soruşmalıyıq: «Allaha həsr olunmağıma uyğun yaşamaq əzmim vəftiz olunduğum zaman olduğu kimi möhkəmdirmi? Yoxsa illər ötdükdən sonra əvvəlki səyim zəifləyib?»
8 Özümüzü vicdanla yoxladıqdan sonra Yehovaya xidmətdə əvvəlki kimi fəal olmadığımızı görsək, yaxşı olardı ki, Sefanya peyğəmbərin ürəkləndirici sözlərini yadımıza salaq: «Qoy əllərin taqətdən düşməsin! Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq!» (Sef. 3:16, 17). Bu ruhlandırıcı sözlər, ilk öncə, Babil əsarətindən Yerusəlimə dönən qədim israillilərə aid idi. Amma onları Allahın müasir xalqına da tətbiq etmək olar. Həyata keçirdiyimiz iş Yehovanın işidir, buna görə də yadda saxlamalıyıq ki, bizə həvalə olunan bu işi yerinə yetirməkdə bizə Yehova və Onun Oğlu dayaq olur və bizi möhkəmləndirir (Mat. 28:20; Filip. 4:13, İ—93). Əgər Allahın işini canla-başla yerinə yetirməyə davam etsək, O, bizi xeyir-dualandıracaq və ruhani firavanlığımızın qayğısına qalacaq.
Səylə «əvvəlcə Allahın Səltənətini... axtarın»
9, 10. İsanın böyük axşam ziyafəti haqdakı məsəlinin məğzi nədən ibarətdir və biz ondan özümüzə hansı ibrət dərsini götürə bilərik?
9 Fəriseylərin rəisinin evində yemək yeyəndə İsa böyük axşam ziyafəti haqda bir məsəl söylədi. Həmin məsəldə o, səmavi Padşahlıqla əlaqədar müxtəlif insanlar qarşısında açılan imkan barədə danışdı. O həmçinin bəhanə axtarmağın nə demək olduğunu əyani şəkildə göstərdi. (Luka 14:16—21 ayələrini oxu.) İsanın məsəlindəki dəvət olunmuş qonaqlar ziyafətə gəlməmək üçün bəhanələr gətirdilər. Onlardan biri dedi ki, təzəcə aldığı torpaq sahəsinə baxmalıdır. Digəri beş cüt öküz aldığını və onları sınaqdan çıxarmaq istədiyini söylədi. Üçüncüsü isə: «Mən evlənmişəm, buna görə də gələ bilmərəm»,— deyə dəvəti rədd etdi. Bunların hamısı bəhanə idi. Adətən, torpaq sahəsi və ya mal-qara alanda onları qabaqcadan yoxlayırlar, buna görə də bunu sonra etmək bir o qədər təcili deyil. Məgər insanın yenicə ailə qurması onu bu qədər vacib dəvəti qəbul etməkdən çəkindirməlidir? Buna görə də məsəldəki ev sahibinin qəzəblənməsi heç də təəccüblü deyil!
10 İsanın çəkdiyi məsəldən Allahın xalqının hər bir üzvü özünə dərs götürə bilər. Hansı dərsi? Biz heç vaxt yol verməməliyik ki, bu kimi şəxsi məsələlər bizim üçün o qədər vacib olsun ki, Allaha xidmət arxa plana keçsin. Əgər məsihçi həyatında şəxsi məsələlərə düzgün yer ayırmasa, onda xidmətdə tədricən zəifləyəcək. (Luka 8:14 ayəsini oxu.) Bunun baş verməməsi üçün biz İsanın «əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın» nəsihətinə uyğun yaşayırıq (Mat. 6:33). Allahın həm gənc, həm də yaşlı xidmətçilərinin bu vacib məsləhətə riayət etdiklərini görmək necə də ruhlandırıcıdır! Xidmətə daha çox vaxt ayırmaq üçün çoxları həyat tərzlərini sadələşdirmişlər. Onlar səylə əvvəlcə Allahın Səltənətini axtarmağın əsil xoşbəxtlik və böyük məmnunluq gətirdiyini şəxsi təcrübələrindən öyrənmişlər.
11. Hansı Müqəddəs Kitab hadisəsi Allaha səylə və ürəkdən xidmət etməyin vacibliyini göstərir?
11 Allaha xidmətdə səyli olmağın vacibliyini görmək üçün gəlin İsrail padşahı Yoaşın həyatında baş verən bir hadisəyə nəzər salaq. İsrailin suriyalılar tərəfindən zəbt ediləcəyindən narahat olan Yoaş ağlaya-ağlaya Elişanın yanına gəldi. Peyğəmbər ona pəncərədən Suriyaya tərəf ox atmasını dedi; bu, Yehovanın həmin xalq üzərində israillilərə qələbə qazandıracağının rəmzi idi. Bu, padşahı mütləq ürəkləndirməli idi. Sonra Elişa Yoaşa əlindəki oxları yerə vurmağı tapşırdı. Yoaş bunu cəmi üç dəfə etdi. Bu, Elişanın qəzəbinə səbəb oldu, çünki oxları beş-altı dəfə yerə vursaydı, ‘Aramlıları [suriyalıları] axıra qədər qıracaqdı’. Amma indi Yoaş cəmi üç dəfə, qismən qələbə çalacaqdı. O, səy göstərmədiyi üçün tam müvəffəqiyyət qazanmayacaqdı (2 Pad. 13:14—19). Biz bu hadisədən nə öyrənirik? Yehova yalnız Ona ürəkdən və səylə xidmət etdiyimiz təqdirdə bizə bol xeyir-dua verir.
12. a) Həyatda çətinliklərlə qarşılaşmağımıza baxmayaraq, Allaha xidmətdə səyimizi qorumağa nə kömək edəcək? b) Xidmətdə fəal iştirak etmək sənə hansı xeyir-duaları gətirib?
12 Həyatda qarşılaşdığımız çətinliklər Allaha xidmətdəki səyimizi və sədaqətimizi sınağa çəkir. Bir çox bacı və qardaşlar maddi çətinliklərlə üzləşirlər. Digərləri isə ciddi xəstəlikləri ucbatından Yehovaya istədikləri qədər xidmət edə bilmədiklərindən məyusluğa qapılırlar. Ancaq xidmətdə səyimizi qorumaq və tam mənada Məsihin ardınca getmək öz əlimizdədir. «Məsihin ardınca getməkdə sənə nə kömək edəcək?» adlı çərçivədə gətirilən ayə və məsləhətlərə diqqət yetir. Onları tam şəkildə necə tətbiq edə biləcəyinin üzərində düşün. Əgər belə etsən, həqiqətən də xeyir-dualar qazanacaqsan. Xidmətdə fəal iştirak etmək bizi möhkəmləndirə, həyatımızı zənginləşdirə və əsil qəlb rahatlığı və xoşbəxtlik gətirə bilər (1 Kor. 15:58). Üstəlik, Allaha ürəkdən xidmət etmək bizə ‘Allahın Gününün zühurunu sürətləndirməyə’, yəni onu möhkəm yadda saxlamağa kömək edəcək (2 Pet. 3:11).
Öz şəraitini vicdanla yoxla
13. Ürəkdən xidmət etməyin şəxsən bizim üçün nə demək olduğunu necə müəyyən edə bilərik?
13 Lakin yadda saxlamalıyıq ki, ürəkdən xidmət etmək xidmətə az və ya çox vaxt sərf etmək demək deyil. Şəraitlər müxtəlifdir. Səhhəti xidmətdə daha çox etməyə yol vermədiyi üçün ayda bir-iki saat təbliğ edən insan Yehovanı razı sala bilər. (Mark 12:41—44 ayələri ilə müqayisə et.) Allaha ürəkdən xidmət etməyin şəxsən bizim üçün nə demək olduğunu müəyyən etmək üçün isə biz qabiliyyət və şəraitimizi vicdanla nəzərdən keçirməliyik. Məsihin davamçıları kimi, biz həm də düşüncə tərzimizi onun düşüncə tərzi ilə uyğunlaşdırmaq istəyirik. (Romalılara 15:5 ayəsini oxu; 1 Kor. 2:16.) İsa həyatında birinci yerə nəyi qoyurdu? O, Kefernahumdan olan izdiham qarşısında demişdi: «Allah Səltənətinin müjdəsini Mən digər şəhərlərə də yaymalıyam; çünki Mən bunun üçün göndərilmişəm» (Luka 4:43; Yəh. 18:37). İsanın xidmətdə necə səy göstərdiyini yadda saxlayaraq, xidmətini genişləndirə bilib-bilməyəcəyini müəyyən etmək üçün öz vəziyyətini götür-qoy et (1 Kor. 11:1).
14. Xidmətimizi genişləndirməyin üsullarından bəziləri hansılardır?
14 İmkanlarımızı götür-qoy etdikdən sonra belə qənaətə gələ bilərik ki, şəraitimiz xidmətə daha çox vaxt sərf etməyə imkan verir (Mat. 9:37, 38). Məsələn, bu yaxınlarda məktəbi bitirən minlərlə gənclər xidmətlərini genişləndirib pioner xidmətinə başlamışlar və bundan böyük sevinc duyurlar. Sən də bu sevinci dadmaq istərdinmi? Bəzi bacı-qardaşlar şəraitlərini nəzərdən keçirmiş və qərara gəlmişlər ki, Padşahlığın təbliğçilərinə daha çox tələbat olan başqa əraziyə, yaxud ölkəyə köçmək imkanları var. Digərləri əcnəbilərə kömək etmək üçün xarici dil öyrənmişlər. Çətin olmasına baxmayaraq, xidməti genişləndirmək bol xeyir-dualar gətirir və bir çox insana ‘həqiqəti dərk etməyə’ kömək edir (1 Tim. 2:3, 4; 2 Kor. 9:6).
İzləməli olduğumuz Müqəddəs Kitab nümunələri
15, 16. Məsihin səyli davamçıları olmaq üçün kimlərin nümunəsini təqlid edə bilərik?
15 Sonradan Məsihin həvariləri olan bəziləri onun ardınca getmək dəvətinə necə hay verdilər? Matta haqqında Müqəddəs Kitabda deyilir: «O da hər şeyi atdı, ayağa qalxıb Onun ardınca getdi» (Luka 5:27, 28). Balıqçılıqla məşğul olan Peter və Andrey barədə oxuyuruq: «Onlar da həmin anda torları atıb Onun ardınca getdilər». Sonra İsa ataları ilə birgə torlarını təmir edən Yaqubla Yəhyaya rast gəldi. Bəs onlar İsanın dəvətinə necə hay verdilər? «Onlar dərhal qayığı və atalarını qoyub İsanın dalınca getdilər» (Mat. 4:18—22).
16 Digər gözəl nümunə isə sonradan həvari Pavel kimi tanınan Şauldur. Başlanğıcda o, Məsihin davamçılarını fanatikcəsinə təqib etsə də, sonradan dəyişib Məsihin adını bəyan edən Allahın ‘seçdiyi alət’ oldu. «Şaul dərhal sinaqoqlarda İsa haqqında təbliğ etməyə başladı. “O, Allahın Oğludur”,— deyirdi» (Həv. iş. 9:3—22). Çoxlu çətinliklərlə və təqiblərlə qarşılaşmasına baxmayaraq, Pavelin xidmətdə göstərdiyi səy heç vaxt zəifləmirdi (2 Kor. 11:23—29; 12:15).
17. a) Sən Məsihi necə izləmək istəyirsən? b) Bütün ürəkdən və var gücümüzlə Yehovanın iradəsini yerinə yetirsək, hansı xeyir-duaları əldə edəcəyik?
17 Əlbəttə, biz həmin şagirdlərin yaxşı nümunəsini təqlid etmək və Məsihin davamçısı olmaq dəvətinə canla-başla və qeyd-şərtsiz hay vermək istəyirik (İbr. 6:11, 12). Məsihi tam şəkildə və səylə izləməyə çalışmaqla biz hansı xeyir-duaları alırıq? Yehovanın iradəsini yerinə yetirməkdən, eləcə də xidmətdə və yığıncaqda üzərimizə əlavə məsuliyyətlər götürməkdən böyük sevinc və məmnunluq duyuruq. (Məz. 40:8; 1 Saloniklilərə 4:1 ayəsini oxu.) Bəli, var gücümüzlə Məsihi izləmək bizə tükənməyən bol xeyir-dualar gətirir: biz qəlb rahatlığı və məmnunluq duyur, əbədi yaşamaq ümidi əldə edir və Allahın rəğbətini qazanırıq (1 Tim. 4:10).
Yadınızdadırmı?
• Bizə hansı məsuliyyətli iş həvalə edilib və biz ona necə yanaşmalıyıq?
• Özümüzü hansı meyildən gözləməliyik və nəyə görə?
• Bizə nəyi vicdanla nəzərdən keçirmək lazımdır?
• Məsihi daim izləməkdə bizə nə kömək edəcək?
[27-ci səhifədəki çərçivə]
Məsihin ardınca getməkdə sənə nə kömək edəcək?
▪ Allahın Kəlamını hər gün oxu və oxuduğunun üzərində düşün (Məz. 1:1—3; 1 Tim. 4:15).
▪ Duada tez-tez Allahın ruhunun köməyini və rəhbərliyini dilə (Zək. 4:6; Luka 11:9, 13).
▪ Xidmətdə ürəkdən və səylə iştirak edənlərlə ünsiyyətdə ol (Sül. məs. 13:20; İbr. 10:24, 25).
▪ Hansı zəmanədə yaşadığımızı unutma (Efes. 5:15, 16).
▪ Bəhanələr gətirməyin acı nəticələri barədə düşün (Luka 9:59—62).
▪ Allaha həsr olunarkən verdiyin and, o cümlədən Yehovaya xidmət etməyin və səmimi-qəlbdən Məsihin ardınca getməyin gətirdiyi bol xeyir-duaların üzərində daima düşün (Məz. 116:12—14; 133:3; Sül. məs. 10:22).