Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/7 s. 10—14
  • Yehovanın qoyduğu yolla gedəcəksənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın qoyduğu yolla gedəcəksənmi?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Çoxluğun ardınca getmə
  • «Öz ürəyinizin və gözlərinizin istəklərinə» qapılmayın
  • Qeyri-real şeylərin arxasınca getmə
  • Budur, böyük bir izdiham!
    Gözətçi qülləsi 2019
  • Yehovanın taxtı qarşısındakı böyük izdiham
    Vahid həqiqi Allaha ibadət edin
  • Müdrik qərarlar ver
    Gözətçi qülləsi 2013
  • Heç nəyin səni Yehovadan uzaqlaşdırmasına yol vermə
    Gözətçi qülləsi 2013
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/7 s. 10—14

Yehovanın qoyduğu yolla gedəcəksənmi?

«Bütün səhv [yollara] nifrət edirəm» (MƏZ. 119:128).

1, 2. a) Müəyyən yerə getməyi planlaşdırarkən sənə nə lazım ola bilər və nəyə görə? b) Yehova xidmətçilərini nə barədə xəbərdar edir və Onu bunu etməyə nə təşviq edir?

TƏSƏVVÜR ET Kİ, sən müəyyən bir yerə getməlisən, amma yolu tanımadığın üçün köməyə ehtiyacın var. Buna görə də o yolu yaxşı bilən etibarlı dostuna müraciət edirsən. O, sənə gedəcəyin yolu ətraflı başa salır və yolda qarşına çıxa biləcək təhlükələrdən xəbərdar edir. Məsələn, o deyir: «Bu döngədə ehtiyatlı ol, çünki yol işarəsi etibarsızdır. Çoxları bu yolla gedib azmışlar». Yəqin, dostun səni təhlükələr barədə xəbərdar etdiyi üçün sevinəcəksən və onun məsləhətlərini qulaqardına vurmayacaqsan. Yehovanı belə bir dostla müqayisə etmək olar. Biz əbədi həyata aparan yolla gedirik və bu həyata nail olmağımız üçün Yehova bizə konkret göstərişlər verir. Həmçinin yolumuzu azmayaq deyə Allah qarşımıza çıxacaq təhlükələr barədə də bizi xəbərdar edir (Qanun. t. 5:32; Yeşaya 30:21).

2 Bu və növbəti məqalədə həmin təhlükələr barədə danışacağıq. Gəlin unutmayaq ki, Dostumuz olan Yehova Allah bizi sevdiyi və bizə görə narahat olduğu üçün bu təhlükələr barədə bizi xəbərdar edir. O istəyir ki, hər birimiz yolumuzu uğurla başa vuraq. İnsanların xəbərdarlıqlara məhəl qoymayıb yollarını azdıqlarını görmək Ona ürəkağrısı verir (Yez. 33:11). Bu məqalədə üç təhlükədən — insanlardan, daxilimizdən və qeyri-real şeylərdən gələn təhlükələrdən söhbət gedəcək. Biz bunların nə olduğunu və onlardan qaçınmaq üçün səmavi Atamızın bizə necə kömək etdiyini bilməliyik. Bir məzmurçu Yehovaya demişdi: «Bütün səhv [yollara] nifrət edirəm» (Məz. 119:128). Sən onun hisslərinə şəriksən? Gəl görək, düz yoldan dönməmək qətiyyətimizi necə möhkəmləndirə bilərik.

Çoxluğun ardınca getmə

3. a) Hara gedəcəyimizi bilməyəndə başqa səyyahların ardınca getmək nəyə görə təhlükəli ola bilər? b) Çıxış 23:2 ayəsində hansı vacib prinsip yer alıb?

3 Artıq yolda olarkən bir də görürsən ki, hansı yolla getməli olduğunu bilmirsən. Bu zaman bir çox səyyahın müəyyən istiqamətdə getdiyini görürsən. Sən nə edəcəksən? Onların ardınca gedəcəksən? Axı bu təhlükəlidir. Əvvəla, ola bilsin, onlar sənin getmək istədiyin yerə getmirlər, yaxud da sənin kimi azıblar. Bu nümunə bizə Yehovanın israillilərə verdiyi bir qanunun əsasını təşkil edən prinsipi başa düşməyə kömək edir. Yehova hakimlərə və məhkəmədə şahid qismində çıxış edənlərə xəbərdarlıq etmişdi ki, çoxluğun ardınca getməsinlər, çünki bu təhlükəlidir. (Çıxış 23:2 ayəsini oxu.) Əlbəttə, qeyri-kamil insan asanlıqla ətrafdakıların təzyiqinə uyaraq həqiqəti təhrif edə bilər. Bəs çoxluğun ardınca getməmək prinsipi yalnız məhkəmə işlərinə aiddir? Xeyr.

4, 5. Yeşua ilə Kalev hansı təhlükə ilə üzləşmişdilər? Bu zaman onlara cəsarət verən nə idi?

4 Biz, demək olar ki, hər an başqalarının ardınca getmək təhlükəsi ilə üzləşirik. Belə vəziyyət qəflətən yarana bilər və bu zaman hamıdan fərqli şəkildə davranmaq çətin ola bilər. Nümunə üçün Yeşua və Kalevin başına gələnləri yadımıza salaq. Onlar Vəd edilmiş diyarı nəzərdən keçirmək üçün göndərilən 12 kəşfiyyatçının arasında idi. Kəşfiyyatçılar qayıdanda onlardan on nəfəri Vəd edilmiş diyar barədə çox pis danışdı və xalq ruhdan düşdü. Bu azmış kimi, onlar orada üsyankar mələklərlə qadınların övladlarının nəslindən olan nəhəng adamların, başqa sözlə, Nefilimlərin yaşadığını söylədilər (Yar. 6:4). Bu, cəfəngiyat idi, çünki nəhəng insanlar əsrlər öncə baş vermiş Daşqında məhv olmuşdular və onların nəslindən heç kim qalmamışdı. Hətta bu cür əsassız fikirlər belə imanları zəif olan insanlara güclü təsir göstərə bilər. On nəfərin gətirdiyi bəd xəbər xalq arasında təlaş və çaxnaşma saldı. Tezliklə çoxları elə qənaətə gəldi ki, Yehovanın göstərişinə əməl edərək Vəd edilmiş diyara daxil olmaq səhv olardı. Belə bir çətin vəziyyətdə Yeşua ilə Kalev necə davrandı? (Say. 13:25—33).

5 Onlar izdihama qoşulmadı. İsraillilər həqiqəti eşitmək istəməsələr də, bu iki nəfər cəsarətlə onlara həqiqəti söylədi və hətta soydaşları onları daşqalaq etmək istəyəndə belə öz sözlərindən dönmədilər. Yeşuanı və Kalevi cəsarətli və qorxmaz edən nə idi? Yehovaya olan imanları. Yehovaya iman edən şəxs insanların əsassız fikirləri ilə Onun müqəddəs vədləri arasında fərqi aydın görür. Həm Yeşua, həm də Kalev sonralar imanları barədə danışarkən Yehovanın Öz vədlərini həmişə yerinə yetirdiyini qeyd etdi. (Yeşua 14:6, 8; 23:2, 14 ayələrini oxu.) Onlar sadiq Allah olan Yehovaya bağlı idilər və imansız izdihamın ardınca getməklə Onun xətrinə dəyməyi heç ağıllarından belə keçirmirdilər. Buna görə onlar sarsılmaz qaldılar. Onlar bizim üçün necə də gözəl nümunə qoydular! (Say. 14:1—10).

6. Biz hansı sahələrdə çoxluğun ardınca getmək təhlükəsi ilə üzləşə bilərik?

6 Ürəyindən nə vaxtsa hamı kimi davranmaq istəyi keçib? Yehovaya hörmət etməyən və Onun əxlaq normalarını ağılsızlıq hesab edən insanlar bu gün çoxluq təşkil edir. Əyləncə və istirahətə dair onların öz səhv fikirləri var. Belə insanlar iddia edə bilərlər ki, bugünkü verilişlərdə, filmlərdə və videooyunlarda yer alan əxlaqsızlıq, zorakılıq və spiritizm zərərsizdir (2 Tim. 3:1—5). Özün və ya ailən üçün əyləncə seçərkən nəyi əldə rəhbər tutursan? Qərarına vicdanları pozulmuş insanların təsir etməsinə və ya onların sənin vicdanını formalaşdırmasına yol verirsənmi? Əgər yol verirsənsə, məgər bu, izdihama qoşulmaq demək deyil?

7, 8. a) Qavrama qabiliyyətimizi yaxşını pisdən ayırmağa necə öyrədə bilərik və nəyə görə bu, konkret qaydalar və qadağalar siyahısından daha yaxşıdır? b) Bir çox gənc məsihçilərin gözəl nümunəsi səndə hansı hisslər doğurur?

7 Düzgün qərarlar verməyimiz üçün Yehova bizə çox qiymətli ənam bəxş edib. Bu, qavrama qabiliyyətidir. Amma biz onu daima işlətməliyik ki, onu yaxşını pisdən ayırmağa öyrədək (İbr. 5:14). Sadəcə olaraq çoxluğun ardınca getməklə biz onu öyrədə bilmərik; vicdan məsələsinə dair konkret qaydalar toplusu da bizə bu sahədə kömək edə bilməz. Elə buna görə də Yehovanın xalqı üçün qadağan olunmuş filmlər, kitablar və İnternet səhifələri siyahısı tərtib olunmur. Bu cür siyahının yazılması ilə köhnəlməsi bir olardı, çünki dünya durmadan dəyişir (1 Kor. 7:31). Ancaq belə bir siyahıya ehtiyac olmadığının ən vacib səbəbi odur ki, Yehova bizə bəxş etdiyi qavrama qabiliyyətindən istifadə edəcəyimizi gözləyir. O istəyir ki, biz Müqəddəs Kitab prinsipləri üzərində düşünək, Ondan duada rəhbərlik diləyək və sonra Ona məqbul olan qərarlar verək (Efes. 5:10).

8 Etiraf etmək lazımdır ki, Müqəddəs Kitaba əsaslanan qərarlarımız heç də hamının xoşuna gəlməyəcək. Məktəbdə oxuyan gənc Şahidlər hamı kimi davranmaq və ya hamının baxdığı şeylərə baxmaq təzyiqinə məruz qala bilərlər (1 Pet. 4:4). Lakin bir çox gənc məsihçilər çoxluğun ardınca getmir. Allahın həm gənc, həm də yaşlı xidmətçilərinin Yeşua və Kalevin iman nümunəsini izlədiyini görmək bizə fərəh gətirir.

«Öz ürəyinizin və gözlərinizin istəklərinə» qapılmayın

9. a) Nəyə görə səyahət edərkən istədiyimiz hər yolla getməyimiz təhlükəli ola bilər? b) Nəyə görə Saylar 15:37—39 ayələrində yazılan qanun Allahın qədim xalqı üçün vacib idi?

9 Müzakirə edəcəyimiz ikinci təhlükə isə bizim daxilimizdən gəlir. Təsəvvür et ki, sən harasa gedirsən və əlində xəritə var. Bəs əgər xəritəni kənara atıb gözünə xoş gələn hər yolla getsən, nə baş verər? Əlbəttə ki, istədiyin yerə heç vaxt çatmayacaqsan. Bununla əlaqədar Yehovanın İsrail xalqına verdiyi digər qanuna nəzər salaq. Bildiyimiz kimi, Yehova israillilərə geyimlərinin ətəyinə qotaz tikməyi və qotazın üzərinə bənövşəyi qaytan salmağı tapşırmışdı. Bir çox insanlar bunun səbəbini başa düşmürlər. (Saylar 15:37—39 ayələrini oxu.) Bəs sən bu qanunun vacibliyini dərk edirsən? İsraillilər bu qanuna riayət etməklə özlərini ətrafdakı bütpərəst xalqlardan uzaq saxlaya və onlardan fərqlənə bilərdilər. Yehovanın rəğbətini qazanmaq və onu qoruyub saxlamaq üçün bu, son dərəcədə vacib idi (Lev. 18:24, 25). Bununla yanaşı, bu qanun bizi əbədi həyata aparan yoldan azdıra biləcək daxili təhlükədən xəbər verir. Bu, hansı təhlükədir?

10. Yehovanın insan təbiətinə bələd olduğu nədən görünür?

10 Yehova xalqına bu qanunu nəyə görə verdiyini izah etdi: «Öz ürəyinizin və gözlərinizin istəklərinə qapılıb Mənə xəyanət etməyin». Yehova insan təbiətinə yaxşı bələddir. O, çox gözəl bilir ki, ürəyimiz asanlıqla gözlərimizin gördüyü şeyləri arzulaya bilər. Müqəddəs Kitab bizi xəbərdar edir: «İnsan ürəyi hər şeydən hiyləgərdir, çarəsi yoxdur. Onu kim başa düşə bilər?» (Yer. 17:9). Yehovanın israillilərə verdiyi bu xəbərdarlığın yerində olduğunu görmək çətin deyil. O, çox yaxşı bilirdi ki, israillilər ətraflarındakı bütpərəst xalqlara baxanda ürəklərində onlar kimi olmaq arzusu yaranacaq. Sonra onlar zahirən bu imansızlar kimi görünmək istəyəcəklər. Axırda isə onlar kimi düşünməyə və davranmağa başlayacaqlar (Sül. məs. 13:20).

11. Gözlərimizin gördükləri bizi necə yoldan çıxara bilər?

11 Bu gün isə hiyləgər ürəyimiz çox asanlıqla gözlərimizin gördüyünü arzulaya bilər. Çünki yaşadığımız dövrdə cismani arzularımızın təmin olunması üçün hər cür şərait yaradılıb. Belə isə, Saylar 15:39 ayəsindəki prinsipi necə tətbiq etmək olar? Götürək geyim məsələsini. Ola bilsin, məktəbdə, işdə və ya yaşadığımız ərazidə insanlar getdikcə açıq-saçıq geyinirlər. Bu kimi şeyləri hər gün gördüyümüz üçün ürəyimizdə yavaş-yavaş onlar kimi görünmək arzusu baş qaldıra bilər və biz məsihçilər kimi yox, bu dünyanın insanları kimi geyinməyə başlayacağıq (Rom. 12:1, 2).

12, 13. a) Gözlərimiz lazım olmayan yerlərdə gəzirsə, nə etməliyik? b) Başqaları üçün sınaq olmayaq deyə nədən qaçmalıyıq?

12Nəfsimizə hakim olmağı öyrənmək olduqca vacibdir. Əgər gözlərimiz lazım olmayan yerlərdə gəzirsə, gəlin sadiq Əyyubun nümunəsini yadımıza salaq. O, gözləri ilə əhd bağlamışdı və qadınlara şəhvətlə baxmamaq qərarında qəti idi (Əyy. 31:1). Padşah Davud da buna bənzər qərar vermişdi. O demişdi: «İyrənc şeylərdən gözümü çəkəcəyəm» (Məz. 101:3). «İyrənc şey» deyildikdə təmiz vicdanımızı ləkələyən və ya Yehova ilə münasibətlərimizə zərər vuran hər şey nəzərdə tutulur. Bu, ürəyimizdə pis arzu yaradan, sonra da bizi pis yola çəkən gözümüzün gördüyü istənilən hər şey ola bilər.

13 Əgər başqalarında əxlaqsız arzular və ya fikirlər oyadan bir hərəkət ediriksə, onda biz də müəyyən mənada onlar üçün «iyrənc şey» ola bilərik. Amma əlbəttə ki, biz bunu istəməzdik. Buna görə də Allahın Müqəddəs Kitab vasitəsilə verdiyi həya və ədəb-ərkanla geyinmək məsləhətinə ciddi yanaşmalıyıq (1 Tim. 2:9). Ədəb-ərkan sözünü hər kəs özü istədiyi kimi başa düşməməlidir. Biz ətrafdakı insanların vicdanını və hisslərini nəzərə almalıyıq, eləcə də onların qəlb rahatlığını və rifahını öz istəklərimizdən üstün tutmalıyıq (Rom. 15:1, 2). Məsihçi yığıncağında bu sahədə nümunəvi olan minlərlə gənc bacı-qardaşlar var. Onların öz ürəklərinin və gözlərinin istəklərinə görə hərəkət etmədiyini, eləcə də hər sahədə, hətta geyim məsələsində Yehovanı razı salmağı üstün tutduğunu görəndə qürur duyuruq!

Qeyri-real şeylərin arxasınca getmə

14. Şamuel qeyri-real şeylərin arxasınca getmək barədə hansı xəbərdarlığı söylədi?

14 İndi isə təsəvvür et ki, böyük bir səhradan keçirsən. Birdən xəyalən gözünə nə isə görünür. Əgər o tərəfə getsən, nə baş verə bilər? Xəyalın və ya illüziyanın ardınca getmək sənin həyatın bahasına başa gələ bilər. Eynilə, Yehova da qeyri-real şeylərə etibar etməyin nə dərəcədə təhlükəli olduğunu bilir. Bir nümunəyə nəzər salaq. İsraillilər istəyirdilər ki, ətraf xalqlarda olduğu kimi, onların da insan padşahı olsun. Əslinə qalsa, onların bu arzusu ciddi günah idi. Çünki bu, Yehovanı bir padşah kimi rədd etmək demək idi. Yehova yol verdi ki, onların insan padşahı olsun, lakin eyni zamanda Şamuel peyğəmbərin vasitəsilə xalqa xəbərdarlıq edərək «boş», yəni qeyri-real şeylərin arxasınca getməyin təhlükəli olduğunu da bildirdi. (1 Şamuel 12:21 ayəsini oxu.)

15. İsraillilər hansı mənada boş, yəni qeyri-real şeylərin arxasınca gedirdilər?

15 Yəqin, israillilər düşünürdülər ki, insan padşahı Yehovadan daha real və daha etibarlı olacaq. Əgər belədirsə, demək olar ki, onlar «boş», yəni qeyri-real şeylərin arxasınca gedirdilər. Onların bircə dəfə qeyri-real şeyin arxasınca getmələri sonradan Şeytanın yaratdığı bir çox başqa illüziyaların arxasınca getmələrinə gətirib çıxara bilərdi. Məsələn, insan padşahları İsrail xalqını asanlıqla bütpərəstliyə sürükləyə bilərdilər. Bütpərəstlər səhv olaraq düşünürlər ki, ağacdan və daşdan düzəldilən allahlar hər şeyi yaradan gözəgörünməz Allah olan Yehovadan daha etibarlı və daha realdır, çünki onlar bu allahları görə və onlara toxuna bilirlər. Ancaq Pavelin qeyd etdiyi kimi, bütlər «heç nədir» (1 Kor. 8:4). Onlar nə görə, nə eşidə, nə danışa, nə də ki hərəkət edə bilirlər. Düzdür, sən onları görür və onlara toxunursan, amma onlara ibadət etmək qeyri-real şeylərin, yəni boş illüziyanın arxasınca getməkdən başqa bir şey deyil. Üstəlik, bu cür ibadətin sonu fəlakətdir (Məz. 115:4—8).

16. a) Bu gün Şeytan bir çox insanları qeyri-real şeylərin arxasınca getməyə necə təhrik edir? b) Nəyə görə demək olar ki, Yehova ilə müqayisədə maddi şeylər boş və qeyri-realdır?

16 Şeytan indi də məharətlə insanları qeyri-real şeylərin ardınca getməyə təhrik edir. Məsələn, o, insanları inandırır ki, maddi şeylər, yəni pul, var-dövlət və yüksəkməvacibli iş onları müdafiə və xoşbəxt edə bilər. Bəs xəstələnəndə, iqtisadi böhran və ya təbii fəlakət baş verəndə maddi şeylər onları qoruyacaq? Əgər insan daxilində boşluq hiss edirsə, həyatının mənasız olduğunu düşünürsə, rəhbərliyə ehtiyac duyursa və həyati vacib sualların cavabını axtarırsa, onda necə, maddi şeylər ona kömək edəcək? Bəs olüm ayağında olan insana var-dövlətin bir xeyri var? Əgər pul və əşyaların ruhani tələbatlarımızı ödəyəcəyini düşünürüksə, məyus olacağıq. Maddi şeylər nə ehtiyac duyduğumuz xoşbəxtliyi verə, nə də bizi xəstəliklərdən və ölümdən müdafiə edə bilər. Onlar boş, qeyri-real şeylərdir (Sül. məs. 23:4, 5). Yehova Allahımız isə realdır. Yalnız Onunla sıx münasibətimiz olduğu təqdirdə O, bizi müdafiə edəcək. Bu necə də böyük xeyir-duadır! Gəlin heç vaxt qeyri-real şeylərin arxasınca gedərək Yehovanı tərk etməyək!

17. Bu məqalədə araşdırdığımız təhlükələri nəzərə alsaq, sən nə etmək əzmindəsən?

17 Məgər Yehovanın bizim Dostumuz olması və əbədi həyata aparan yolda bizə rəhbərlik verməsi xeyir-dua deyil? Əgər Yehovanın məhəbbətlə verdiyi xəbərdarlıqlara qulaq assaq, əbədi yaşayacağıq. Bu məqalədə biz üç təhlükə — çoxluğun ardınca getmək, öz ürəyimizin istəklərinə qapılmaq və qeyri-real şeylərin arxasınca getmək haqqında danışdıq. Əksər insanların getdiyi səhv yolla getməməyimiz və bu yola nifrət etməyimiz üçün Yehova daha üç təhlükə barədə bizi xəbərdar edir (Məz. 119:128). Növbəti məqalədə söhbət həmin təhlükələrdən gedəcək.

Necə düşünürsən?

Növbəti ayələrdəki prinsipləri şəxsən sən necə tətbiq edə bilərsən?

• Çıxış 23:2

• Saylar 15:37—39

• 1 Şamuel 12:21

• Məzmur 119:128

[11 səhifədəki şəkil]

Nə vaxtsa ürəyində çoxluğun ardınca getmək istəyi yaranıb?

[13 səhifədəki şəkil]

Nəyə görə ürəyimizin və gözlərimizin istəklərinə qapılmaq təhlükəlidir?

[14 səhifədəki şəkil]

Sən qeyri-real şeylərin arxasınca gedirsən?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş