Subaylıq və evliliklə bağlı müdrik məsləhətlər
«Sizi ədəblə davranmağa və Ağamıza daima yayınmadan xidmət etməyə təşviq etmək istəyirəm» (1 KOR. 7:35).
1, 2. Nəyə görə məsihçi subaylıq və evliliklə əlaqədar Müqəddəs Kitabın nöqteyi-nəzərini araşdırmalıdır?
ƏKS CİNSLƏ münasibətlər bizə ən çox xoşbəxtlik gətirən, eyni zamanda da narahatçılıq və məyusluq doğuran sahələrdən biridir. Bu hisslərlə bacarmaq üçün Allahın rəhbərliyinə ehtiyacımız var, ancaq bu, Onun rəhbərliyini axtarmağımız üçün yeganə səbəb deyil. Subay, lakin öz vəziyyətləri ilə qane olan məsihçilər ailə üzvləri, eləcə də dostları tərəfindən evlənmək üçün təzyiqlərə məruz qala bilərlər. Digər məsihçilər evlənmək istəsələr də, münasib həyat yoldaşı tapa bilmirlər. Bəzilərinə isə ər və ya arvad məsuliyyətlərinə hazırlaşmaq üçün rəhbərlik lazımdır. Üstəlik, həm subay, həm də evli məsihçilər özlərini cinsi əxlaqsızlıqdan qorumalıdırlar.
2 Bu məsələlər nəinki xoşbəxtliyimizə, ən əsası Allahla münasibətlərimizə təsir göstərir. Pavel «Korinflilərə birinci məktub»unun yeddinci fəslində subaylıq və nikahla əlaqədar bəzi məsləhətlər verir. Onun məqsədi oxucularını «ədəblə davranmağa və Ağamıza daima yayınmadan xidmət etməyə təşviq etmək» idi (1 Kor. 7:35). Bu vacib məsələ ilə bağlı Onun verdiyi məsləhətləri araşdırdıqca, subay və ya evli olmağından asılı olmayaraq, öz vəziyyətinə Yehovaya daha yaxşı xidmət etmək imkanı kimi baxmağa çalış.
Vacib şəxsi qərar
3, 4. a) Dost və ya qohumlar subay insanı hansı çətin vəziyyətə sala bilərlər? b) Pavelin məsləhəti məsihçiyə evlilik məsələsinə tarazlı yanaşmağa necə kömək edir?
3 Birinci əsrdə yaşayan yəhudi xalqında adət olduğu kimi, bu gün də bir çox mədəniyyətlərdə ailə qurmaq ən vacib məsələ sayılır. Əgər oğlan və ya qız müəyyən yaş həddini keçibsə və hələ də ailə qurmayıbsa, dostları və qohumları ona görə narahatçılıq keçirir və nikaha daxil olması üçün müxtəlif məsləhətlər verməyə başlayırlar. Söhbət əsnasında onlar oğlan və ya qıza deyə bilərlər ki, həyat yoldaşı axtarmaqda daha fəal olsun və yaxud da özləri kimisə məsləhət görürlər. Bəziləri hətta hiyləyə əl ataraq iki nəfərin görüşməsini düzüb-qoşurlar. Bəzən belə hərəkətlər kiminsə xəcalətli olmasına, dostluq münasibətlərinin pozulmasına və qəlblərin qırılmasına gətirib çıxarır.
4 Pavel heç vaxt heç kimi evlənmək və ya subay qalmaq üçün dilə tutmurdu (1 Kor. 7:7). O, həyat yoldaşı olmadan Yehovaya xidmətdən sevinc duysa da, başqalarının evlənmək hüququna hörmətlə yanaşırdı. Bu gün də hər bir məsihçinin evlənmək və ya subay qalmaq hüququ var. Başqaları onları bu və ya digər qərarı verməyə məcbur etməməlidirlər.
Subaylıqdan səmərəli istifadə et
5, 6. Nəyə görə Pavel məsihçilərə subay qalmağı məsləhət görürdü?
5 Pavelin korinflilərə yazdığı məktubun səciyyəvi cəhətlərindən biri orada subaylığa dair müsbət nöqteyi-nəzərinin əks olunmasıdır. (1 Korinflilərə 7:8 ayəsini oxu.) Pavel evli olmasa da, subaylıq andını içən Xristian dünyasının ruhanilərindən fərqli olaraq, özünü evli insanlardan üstün tutmurdu. Əksinə, o, Allahın bir çox subay xidmətçilərinin malik olduğu üstünlükdən bəhs etdi. Bu, hansı üstünlükdür?
6 Evli insanlardan fərqli olaraq, subay məsihçilər üçün Yehovaya xidmətlə bağlı təyinatlar almaq çox vaxt daha asan olur. Pavel «digər xalqlara göndərilmiş bir həvari» kimi xüsusi şərəfə layiq görülmüşdü (Rom. 11:13). «Həvarilərin işləri» kitabının 13—20 fəsillərini oxu və Pavelin digər missionerlərlə birgə əraziləri qarış-qarış gəzib yeni yığıncaqlar təsis etməsinə diqqət yetir. Xidməti zamanı Pavel bu gün çox az məsihçinin üzləşdiyi sınaqlarla üzləşmişdi (2 Kor. 11:23—27, 32, 33). Lakin bir çox insanlara Məsihin davamçısı olmağa kömək etməkdən duyduğu sevinc buna dəyərdi (1 Salon. 1:2—7, 9; 2:19). Əgər onun arvadı və uşaqları olsaydı, məgər o, bütün bunları edə bilərdi? Yəqin ki, yox.
7. Öz vəziyyətlərindən Padşahlığın maraqlarının irəliləməsi üçün istifadə edən subay bacı-qardaşlardan nümunə çək.
7 Bir çox subay məsihçilər indiki şəraitlərdən yararlanaraq Padşahlıq işinin irəliləməsi üçün çox şey edirlər. Boliviyada yaşayan Sara və Limbania adlı subay pionerlər uzun illərdir ki, təbliğçilərin ayağı dəymədiyi bir kəndə köçmüşdülər. Kənddə elektrikin olmaması onlar üçün problem oldumu? Bacılar deyirlər: «Orada radio və televizor olmadığından camaatı əsas məşğuliyyətləri olan kitab oxumaqdan heç nə yayındırmır». Bəzi sakinlər pionerlərə artıq çap olunmayan, lakin onların təkrarən oxuduqları nəşrlərimizi göstərdilər. Hər qapıda xoş xəbərə maraq böyük olduğundan bacılar həmin kəndin bütün sakinlərinə baş çəkməkdə çətinlik çəkirdilər. Bir yaşlı qadın onlara dedi: «Əgər Yehovanın Şahidləri bizə gəlib çatıblarsa, yəqin ki, son çox yaxındır». Tezliklə kəndin sakinlərindən bəziləri yığıncaq görüşlərində iştirak etməyə başladılar.
8, 9. a) Nəyə görə Pavel Yehovaya subay qalaraq xidmət etmək barədə müsbət nöqteyi-nəzərdən danışdı? b) Evli olmayan məsihçilərin hansı üstünlüyü var?
8 Bu da danılmaz faktdır ki, evli məsihçilər də çətin ərazilərdə xoş xəbəri bəyan edərək yaxşı nəticələr əldə edirlər. Lakin evli və ya uşaqları olanlardan fərqli olaraq, subay pionerlərə qarşılarında açılan imkanlardan istifadə etmək daha asan ola bilər. Pavel yığıncaqlara məktub yazanda bilirdi ki, xoş xəbərin təbliği ilə əlaqədar görüləsi hələ çox iş var. O istəyirdi ki, hamı onun kimi, bu işdən sevinc duysun. Məhz bu səbəbdən o, subay qalaraq Yehovaya xidmət etmək barədə müsbət nöqteyi-nəzərdən danışırdı.
9 Birləşmiş Ştatlarda yaşayan bir subay pioner bacı yazır: «Bəzilərinin fikrincə, xoşbəxtlik subay insanlar üçün əlçatmazdır. Ancaq mən əmin oldum ki, əsil xoşbəxtlik Yehova ilə dostluqdan asılıdır. Subaylıq qurban olsa da, əgər insan ondan yararlansa, bu, gözəl bir ənama çevrilə bilər». Xoşbəxtlik barədə isə o dedi: «Subaylıq xoşbəxtliyin qarşısını alan maneə yox, ona aparan yol ola bilər. Mən bilirəm ki, Yehova nə subay, nə də ki evli xidmətçilərindən Öz zərif məhəbbətini əsirgəmir». İndi bu bacı təbliğçilərə tələbat olan ərazidə xidmət edir və çox xoşbəxtdir. Əgər subaysansa, öz azadlığından xidmətini genişləndirmək və başqalarına həqiqəti öyrətmək üçün istifadə edə bilərsənmi? Belə etsən, onda subaylıq Yehovanın sənin üçün ənamı ola bilər.
Evlənmək arzusunda olan subaylar
10, 11. Yehova evlənmək arzusunda olan, lakin hələ münasib həyat yoldaşı tapmayan xidmətçilərinə necə dayaq olur?
10 Bir müddət subay qaldıqdan sonra Yehovanın bir çox sadiq xidmətçiləri qarşılarına ailə qurmaq məqsədini qoyurlar. Bu məsələdə rəhbərliyə ehtiyaclarını dərk edərək Yehovadan xahiş edirlər ki, onlara münasib həyat yoldaşı tapmaqda kömək etsin. (1 Korinflilərə 7:36 ayəsini oxu.)
11 Əgər sən Yehovaya ürəkdən xidmət etmək istəyinə şərik olan bir insanla ailə qurmaq istəyirsənsə, bu barədə daima Yehovaya dua et (Filip. 4:6, 7). Nə qədər gözləməli olsan da, ruhdan düşmə. Əmin ol ki, məhəbbətli Yaradanımız Yehova sənin ehtiyaclarını bilir və əgər Ona güvənsən, O, sənə kömək edəcək (İbr. 13:6).
12. Nəyə görə evlənmək təklifi alan məsihçi yüz ölçüb bir biçməlidir?
12 Subay məsihçiyə ruhani cəhətdən elə də möhkəm olmayan və ya Yehovaya xidmət etməyən insandan evlənmək təklifi gələ bilər. Ola bilsin, sən də belə təklif almısan və ailə qurmaq istəyin çox güclüdür. Lakin yadda saxla ki, nikahla bağlı verdiyin səhv qərarın acı nəticələri subay olanda keçirdiyin tənhalıq hissindən daha ağır olacaq. Seçimin yaxşı və ya pis olmasından asılı olmayaraq, sən ömrün boyu həmin insanla yaşamalı olacaqsan (1 Kor. 7:27). Gözünü yumub kimlə gəldi ailə qurma, sonra peşman olacaqsan. (1 Korinflilərə 7:39 ayəsini oxu.)
Ailə həyatının gerçəkliklərinə hazır olmaq
13-15. Evlənməmişdən qabaq cütlüklər gələcəkdə yarana biləcək hansı çətinlikləri müzakirə etməlidirlər?
13 Pavel ailə qurmadan Yehovaya xidmət etməyi tövsiyə etsə də, evlənmək qərarını verənlərə yuxarıdan aşağı baxmırdı. Əksinə, onun verdiyi məsləhətlər evlənmək istəyən məsihçilərə ailə həyatının reallıqlarına hazırlaşmağa, eləcə də evliliyin ömürlük olması üçün nə etmək lazım olduğunu öyrənməyə kömək edirdi.
14 Bəzi cütlüklərə gələcək ailə həyatları ilə bağlı təsəvvürlərini dəyişmək lazımdır. Görüşdükləri müddətdə onlara elə gələ bilər ki, aralarındakı sevgi qeyri-adi, nadir və gələcək xoşbəxtliklərinin zəmanətidir. Onlar bu xülyalarla nikaha daxil olurlar və inanırlar ki, heç nə onların səadətini poza bilməz. Bu cür düşüncə tərzinin reallıqla heç bir əlaqəsi yoxdur. Ailə həyatının romantik tərəfi nə qədər sevindirici olsa da, lakin bu, hər bir nikahın ayrılmaz hissəsi olan çətinliklərin öhdəsindən gəlmək üçün kifayət deyila. (1 Korinflilərə 7:28 ayəsini oxu.)
15 Təzəcə toyları olmuş bir çox oğlan və qızlar vacib məsələlərə dair baxışlarının fərqli olduğunu görəndə təəccüblənirlər və hətta məyus olurlar. Pullarını necə xərcləməyə, asudə vaxtlarını necə keçirməyə, harada yaşamağa və valideynlərinə nə qədər vaxtdan bir baş çəkməyə dair məsələlərdə fikirləri üst-üstə düşməyə bilər. Üstəlik, hər birinin xasiyyətində çatışmayan cəhətlərin olması qarşı tərəfi qıcıqlandıra bilər. Ola bilsin, görüşdükləri müddətdə onlar fikirləşirlər ki, bu məsələlər barədə danışmaq elə də vacib deyil. Lakin bu, ailə qurduqdan sonra münasibətlərində problemlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də cütlüklər belə məsələləri evlənməmişdən qabaq müzakirə etməlidirlər.
16. Nəyə görə cütlüklər ailə həyatlarında yaranacaq problemləri necə həll edəcəklərinə dair ortaq məxrəcə gəlməlidirlər?
16 Ailə həyatlarının xoşbəxt və uğurlu olması üçün cütlüklər çətinliklərə birgə sinə gərməlidirlər. Onlar uşaqların tərbiyəsi və qoca valideynlərinin qayğısına qalmaq məsələlərində ortaq məxrəcə gəlməlidirlər. Onlar yol verməməlidirlər ki, ailədəki çətinliklər hərəsini bir tərəfə çəksin. Müqəddəs Kitab prinsiplərini tətbiq edərək onlar bir çox problemləri həll edə, həll olunmayanlara isə tab gətirə və birgə həyatlarını sevinclə davam etdirə bilərlər (1 Kor. 7:10, 11).
17. «Dünyaya məxsus şeylər»lə bağlı cütlüklərin hansı narahatçılıqları olacaq?
17 Pavel 1 Korinflilərə 7:32—34 ayələrində ailə həyatının digər reallığını da qeyd edir. (Ayələri oxu.) Evli insanlar istər-istəməz həyatımızın ruhani sahəsinə aid olmayan qida, geyim, ev və «dünyaya məxsus» olan bu kimi digər şeylər barədə düşünürlər. Məsələn, qardaş subay olanda, ola bilsin, bütün gününü xidmətdə keçirirdi. Ancaq evləndikdən sonra o, vaxtının və gücünün müəyyən qismini arvadının qeydinə qalmaq və onu məmnun etmək üçün sərf etməlidir. Eyni şeyi qadın barədə də demək olar. Bizim müdrik Allahımız Yehova bunu başa düşür. O bilir ki, ailə həyatında xoşbəxt olmaq üçün ərlə arvad subay olanda Ona xidmətə sərf etdikləri vaxt və güclərinin müəyyən hissəsini indi bir-birlərinə ayırmalıdırlar.
18. İstirahət və digər məşğuliyyətlərlə əlaqədar evli insanlar hansı dəyişiklikləri etməlidirlər?
18 Lakin məsələ bununla bitmir. Əgər cütlük bir-birlərinin qeydinə qalmaq üçün evləndikdən sonra Yehovaya xidmətə sərf etdikləri vaxtı və gücü azaltmalı olublarsa, məgər bunu əyləncə və digər məşğuliyyətlərə də aid etməməlidirlər? Əgər kişi əvvəlki qədər dostları ilə idmanla məşğul olursa, onun arvadı özünü necə hiss edəcək? Yaxud da qadın vaxtının böyük qismini sevimli məşğuliyyətlərinə və rəfiqələrinə sərf edirsə, bu, onun ərinə necə təsir göstərəcək? Həyat yoldaşının diqqətindən məhrum olan tərəf özünü tənha, bədbəxt və sevilmədiyini hiss edir. Əgər ər və arvad münasibətlərini möhkəmləndirmək üçün əllərindən gələni etsələr, bu baş verməyəcək (Efes. 5:31).
Yehovanın tələbi: əxlaqi təmizlik
19, 20. a) Nəyə görə evli insanlar belə əxlaqsızlıqdan sığortalanmayıblar? b) Ərlə arvad uzun müddət bir-birlərindən ayrı qalarsa, bu, onların nikahlarında hansı fəsadları törədə bilər?
19 Yehovanın xidmətçiləri əxlaqi cəhətdən təmiz qalmağa qəti qərarlıdırlar. Bəziləri bu sahədə problemlərdən qaçmaq üçün evlənirlər. Lakin evlilik insanı avtomatik olaraq cinsi natəmizlikdən qorumur. Nümunə üçün qədim zamanlarda mövcud olan istehkamlı şəhərləri götürək. İnsanlar yalnız onun içərisində qaldıqları zaman müxtəlif təhlükələrdən qoruna bilərdilər. Lakin şəhərin ətrafında quldur və soyğunçuların dolaşdıqları vaxt şəhərdən çıxardılarsa, onları soya, hətta öldürə bilərdilər. Eynilə evli insanlar yalnız Yaradanımızın ailə həyatı ilə əlaqədar təsis etdiyi qanunlar çərçivəsindən çıxmadıqları təqdirdə cinsi əxlaqsızlıqdan müdafiə oluna bilərlər.
20 Pavel bu çərçivə barədə 1 Korinflilərə 7:2—5 ayələrində yazıb. Əri ilə cinsi münasibətdə olmaq ixtiyarı yalnız onun arvadına məxsusdur. Eynilə arvadı ilə cinsi münasibətdə olmaq ixtiyarı yalnız onun ərinə məxsusdur. Onların hər birindən bir-birlərinin cinsi münasibətlərə dair «ehtiyacını» ödəməsi gözlənilir, çünki evli insanın bu ehtiyaca haqqı var. Lakin bəzi ər və arvadlar bir-birlərindən ayrı çox vaxt keçirirlər. Məsələn, bu, işlərilə əlaqədar və ya məzuniyyətə ayrı-ayrılıqda çıxdıqları üçün ola bilər və bununla da onlar bir-birlərini ər-arvadlıq haqqından məhrum edirlər. İnsanın Şeytanın təzyiqinə tab gətirməyib nəfsinə hakim ola bilməməsi ucbatından həyat yoldaşına xəyanət etməsinin nə qədər böyük faciə olduğunu bir təsəvvür et. Yehova nikahları üçün təhlükə yaratmadan ailələrinin maddi tələbatlarının qayğısına qalan ailə başçılarını xeyir-dualandırır (Məz. 37:25).
Müqəddəs Kitab məsləhətlərinə əməl et
21. a) Nəyə görə subaylıq və ya evliliklə bağlı qərarlar vermək çox çətindir? b) «Korinflilərə birinci məktub»un 7-ci fəslindəki məsləhətlər nəyə görə faydalıdır?
21 Subaylıq və evliliklə bağlı verilən qərarlar ən çətin qərarlardan biridir. İnsanların münasibətlərindəki əksər problemlərin kökü qeyri-kamillikdir, bu da bütün insanlarda var. Buna görə də hətta Yehovanın rəğbətini qazanmış insanlar üçün, subay və ya evli olmalarından asılı olmayaraq, məyusluqdan tamamilə qaçınmaq qeyri-mümkündür. «Korinflilərə birinci məktub»un 7-ci fəslindəki müdrik məsləhətlərə əməl etməyin sayəsində bu problemləri xeyli azaldacaqsan. Evli və ya subay olmağından asılı olmayaraq, Yehovanı razı sala bilərsən. (1 Korinflilərə 7:37, 38 ayələrini oxu.) Allahın rəğbətini qazanmaq sənin çata biləcəyin ən ali məqsəddir. Onun lütfü sayəsində sən gələcək yeni dünyada yaşaya biləcəksən. Orada kişi və qadın arasındakı münasibətlər indiki həyatın problemlərindən azad olacaq.
[Haşiyə]
a «Ailə xoşbəxtliyinin sirri» kitabının 2-ci fəslinin 16—19 abzaslarına bax.
Cavab verə bilərsiniz?
• Nəyə görə heç kəs subayları evlənməyə məcbur etməməlidir?
• Subay məsihçilər öz vaxtlarından ən yaxşı şəkildə Yehovaya xidmətdə necə istifadə edə bilərlər?
• Evlənməyə hazırlaşan cütlük nikahda yaranan çətinliklərə necə hazırlaşa bilər?
• Nəyə görə evlilik insanı avtomatik olaraq cinsi əxlaqsızlıqdan qorumur?
[14–cü səhifədəki şəkil]
Vaxtlarını xidmətlərini genişləndirmək üçün sərf edən subay məsihçilər sevinc tapırlar
[16–cı səhifədəki şəkil]
Bəziləri evləndikdən sonra hansı dəyişiklikləri etməlidirlər?