Onlar Allahın Kəlamını cəsarətlə bəyan edirdilər!
Təqiblər qarşısında cəsarət, hətta şücaət! «Allahın Padşahlığı haqqında ‘ətraflı şəhadət verin’» və «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» (rus.) kitablarına baxsaq, görəcəyik ki, bu xüsusiyyətləri həqiqi məsihçilər təzahür etdirirlər. Birinci əsrdəki həmimanlılarımız kimi, biz də Yehovanın sözlərini cəsarətlə danışmaq üçün Ondan duada müqəddəs ruh və kömək diləyirik (Həv. iş. 4:23—31).
Bir qardaş Birinci Dünya müharibəsi zamanı təbliğ işi haqda yazmışdı: «Allahın xidmətçiləri “Müqəddəs Yazıların tədqiqi” kitabının “Açılmış sirr” adlı yeddinci cildinin paylanmasında fəal surətdə iştirak edirdilər. Bu iş misli görünməmiş dərəcəyə gəlib çatıb. 1918-ci ildə “Padşahlıq haqqında xəbər” adlı traktatın birinci nömrəsi dərc olunmuşdu. Sonradan bu traktatın ikinci nömrəsi nəşr olundu və orada “Açılmış sirr” kitabının hakim dairələri tərəfindən nəyə görə qadağan olunduğu izah edilmişdi. Daha sonra isə bu silsilədən olan traktatın üçüncü nömrəsi işıq üzü gördü. Bu nəşrlər sadiq məsh olunmuşlar sinfi tərəfindən geniş miqyasda paylanılmışdı. “Padşahlıq haqqında xəbər” adlı traktatı paylamaq üçün böyük iman və cəsarət lazım idi».
Bu gün yeni təbliğçilər, adətən, təlim keçirlər, ancaq bu, həmişə belə olmayıb. Birləşmiş Ştatlarda yaşayan bir polyak qardaş 1922-ci ildə ilk dəfə sahə xidmətinə çıxdığı zaman başına gələn hadisəni xatırlayaraq yazmışdı: «Mən ədəbiyyatı necə paylamağı bilmirdim. Üstəlik, ingilis dilində də güc-bəla ilə danışırdım. Tək-tənha bir həkim otağının qapısının qarşısında dayanıb qapını döydüm. Qapını tibb bacısı açdı. Həmin hadisəni heç vaxt unutmaram, çünki mən həyəcan və qorxu içində idim. Çantamı açanda bütün kitablar tibb bacısının ayaqları altına töküldü. Ona nə dediyim heç yadımda deyil, lakin ona bir nəşr verdim. Oranı tərk edəndən sonra cəsarətləndim və Yehovanın xeyir-duasını üzərimdə hiss etdim. Həmin gün o işgüzar ərazidə çoxlu traktat payladım».
Bir bacı deyir: «Təxminən 1933-cü ildə bir çox qardaşlar Padşahlıq haqda xoş xəbəri yaymaq üçün səsgücləndirici aparaturanın quraşdırıldığı maşınlardan istifadə edirdilər». Bir dəfə bu bacı məsihçi ər-arvadla birgə ABŞ-ın Kaliforniya ştatının dağlıq ərazisində təbliğ edirdi. Bacı xatırlayır: «Qardaş maşını dağın başına sürdü. Biz isə dağın ətəyində yerləşən şəhərdə qalmışdıq. O, xoş xəbərin yazıldığı plastinkanı oxutmağa başlayanda səs, sanki, göydən gəlirdi. Şəhərin sakinləri onu nə qədər tapmağa çalışsalar da, cəhdləri boşa çıxmışdı. Yayım bitəndə biz insanlara baş çəkib təbliğ etdik. Mən səsgücləndirici aparatura ilə təchiz olunmuş başqa iki maşınla da xidmət etmişəm. İnanın ki, insanların əksəriyyəti bu xəbəri eşitmək belə istəmirdi. Lakin onların başqa seçimi yox idi, çünki bu cihazların vasitəsilə səslənən xoş xəbər onların evlərində də eşidilirdi. Biz görürdük ki, Yehova həmişə münasib üsulun münasib vaxtda istifadə edilməsinin qayğısına qalırdı. Bu üsul hamımızdan böyük cəsarət tələb etsə də, həmişə öz məqsədinə çatırdı və Yehovanın adı izzətlənirdi».
1930-cu illərdən başlayaraq ta 1940-cı illərin əvvəlinə qədər xidmətdə fonoqraflardan və plastinkalara yazılmış Müqəddəs Kitaba əsaslanan məruzələrdən istifadə edilirdi. Bir məsihçi qadın xatırlayır: «Gənc bir bacı fonoqrafla evdən-evə təbliğ edirdi. O, bir qapı ağzında plastinkanı oxutmağa başlayanda evin sahibi olan kişi o dərəcədə qəzəblənmişdi ki, ayağı ilə fonoqrafı vuraraq eyvandan aşağı saldı. Xoşbəxtlikdən, plastinkaların heç biri sınmadı. Yaxınlıqda duran yük maşınında nahar edən üç kişi baş verənləri görüb bacıdan xahiş etdi ki, plastinkaları onlara oxutsun və sonra ondan ədəbiyyat aldılar. Bu, pis rəftarın əvəzini tamamilə ödədi». Belə sınaqlara tab gətirmək üçün cəsarət tələb olunurdu.
Həmin bacı əlavə edir: «Yadıma gəlir, 1940-cı illərdə küçələrdə jurnal paylamaq işi başladı. Bundan bir az əvvəl isə informasiya yürüşləri keçirilirdi. Bir cərgədə düzülmüş bacı-qardaşlar üzərlərində “Din tələ və yalandır”, eləcə də “Allaha və Padşah Məsihə xidmət edin” şüarları yazılan plakatlarla səki ilə hərəkət edirdilər. Eyni zamanda onlar insanlara pulsuz traktatlar paylayırdılar. Xidmətin bu növlərində iştirak etmək üçün bizdən cəsarət tələb olunsa da, bu üsulların sayəsində Yehovanın adı və xalqı daima insanların gözü qarşısında idi».
Başqa bir bacı isə xatırlayır: «Balaca şəhərlərdə jurnal paylamaq olduqca çətin idi. Xidmətin bu növü Yehovanın Şahidlərinə qarşı müqavimətlərin güclü olduğu vaxta təsadüf etmişdi... Əlində jurnal küçələrin tinində durub və nəzərdə tutulan şüarları uca səslə demək üçün, həqiqətən də, cəsarət tələb olunurdu. Bununla belə, biz nadir hallarda şənbə günlərində xidmətdən qalırdıq. Bəzən sakinlər bizimlə mülayim davranırdılar. Bəzən də elə olurdu ki, qəzəbli insanlar bizi dairəyə alırdılar və onların hiddətinə tuş gəlməmək üçün tez aradan çıxmağa çalışırdıq».
Yehovanın Şahidləri İkinci Dünya müharibəsi dövründə təqiblərə baxmayaraq, öz xidmətlərini cəsarətlə davam etdirirdilər. 1940-cı ilin dekabrın 1-dən 1941-ci ilin yanvarın 12-dək «Şahidlik vaxtı: cəsarət» adlı 43 günlük kampaniya zamanı Birləşmiş Ştatlarda təxminən 50 000 təbliğçi səkkiz milyona yaxın traktat paylamışdı.
Allahın təşkilatında bir çox yaşlı həmimanlılarımız onlardan cəsarət tələb edən çətinlikləri indiyədək unutmayıblar. Bəziləri xatırlayırlar ki, illər boyu onların təzahür etdirdiyi cəsarət ruhu tez-tez təkrar etdikləri «sonadək vuruş» şüarında əks olunurdu. Allahın bizə həvalə etdiyi xoş xəbəri bu pis sistem məhv olmazdan əvvəl necə təbliğ edəcəyimizi zaman göstərəcək. Nə qədər ki bu vaxt gəlməyib, Yehovanın köməyinə arxalanaraq Onun sözlərini iman və cəsarətlə bəyan etməyə qəti qərarlıyıq!
[9-cu səhifədəki yazı]
Padşahlıq haqqında təbliğ etmək üçün həmişə cəsarət tələb olunurdu